Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə75/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   71   72   73   74   75   76   77   78   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

Ali hisslər. İnsanın hissləri çox və rəngarəngdir. İnsan hisslərinin çoxluğu və rəngarəngliyi onun özünün ətraf varlığa müxtəlif münasibət bəsləməsindən irəli gəlir. Bu baxımdan insanın ali hissləri diqqəti xüsusi olaraq cəlb edir. Ali hisslər insanın yüksək dərəcədə inkişafının məhsulu olub, məzmunca ən zəngin hisslərdir. Buraya aşağıdakılar daxildir:

1.Əxlaqi hisslər

2.Estetik hisslər

3.Zehni hisslər

4.Praksis hisslər

1.Əxlaqi hisslər-mövcud olan əxlaq normalarına bəslənən subyektiv münasibətlə bağlıdır. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, onlar arasındakı münasibətlər, hərəkət və rəftarları ola bilər. Əgər həmin münasibətlər müəyyən davranış normalarına uyğun gəlirsə, o zaman insanda müsbət əxlaqi hisslər yaranır. Xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, kollektivçilik, humanizm, məsuliyyət hissləri belə hisslərdəndir. Bəzən də insan mövcud əxlaq normalarına uyğun hərəkət etmir, öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutur. Bu zaman onda bədxahlıq, düşmənçilik, paxıllıq və s. kimi mənfi hisslər kök salır. Öz yaramaz hərəkət və rəftarının ictimai əxlaqa uyğun gəlmədiyini dərk edən, bunun üçün dərin iztirab keçirən adamda isə təəssüf, peşmançılıq, utancaqlıq, xəcalət çəkmək kimi əxlaqi hisslər nəzərə çarpır. Deməli, əxlaqi hisslər insanın əxlaq normalarına bəslədiyi mənfi və ya müsbət münasibətin əks etdirilməsidir. Odur ki, müxtəlif şəraitdə yaşayan insanların əxlaqi hissləri də məzmun etibarilə bir-birindən fərqlənir. Buna görə də hər bir tarixi dövrdə insan hisslərinin tərbiyə edilməsi yeni forma və məzmun kəsb etmişdir. Bizim cəmiyyətdə tərbiyə alan yeniyetmə və gənclərdə ən nəcib əxlaqi hisslər inkişaf edir.

Əxlaqi hisslər sosial mühitin yüksək əxlaq normaları mövcud olan bir mühitin təsiri altında təşəkkül tapır. Qarabağ müharibəsi dövründə respublikamızın bir çox gəncləri yüksək vətənpərvərlik hissi nümayiş etdirmişlər. Bu ülvi hiss insanlarda öz vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətinı gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində ifadə olunur. Yəni vətənpərvərlik hissi xalqımızın qeyrətli övladlarını Vətən yolunda öz canını əsirgəməməyə təhrik edir.

2.Estetik hisslər-təbiətin, incəsənət əsərlərinin gözəlliyini qavramaq, dərk etməklə əlaqədardır. İnsanın estetik hisslərinin ilk mənbəyi təbiətin gözəlliyidir. Füsunkar təbiət mənzərələri, yaşıl çəmənliklər, güllü, çiçəkli yamaclar, axan bulaqlar, aylı gecələr, quşların nəğməsi və s. insanda estetik hisslər doğurur. Bundan sonra insana gözəllik hissini təlqin edən bədii ədəbiyyat, incəsənət əsərləri və musiqidir. İnsanın özünün hərəkət və rəftarları da bu və ya digər estetik hisslər doğura bilər. Təsadüfi deyildir ki, tarix boyu mütəfəkkirlər insan gözəlliyinə böyük qiymət vermişlər. “İnsan dünyanın əşrəfidir” deyən dahi Nizami, “Yer üzündə ən böyük gözəllik insan gözəlliyidir” deyən Pestalotsi bu fikrə təsadüfən gəlməmişdir. Çünki insanın fiziki və mənəvi gözəlliyi bir sıra estetik hisslər doğurur.

Bəzən insanın estetik hissləri əxlaqi hissləri ilə birləşir. Məsələn, insan Vətənin təbii mənzərələrindən də gözəl mənzərələrə rast gələ bilər, ondan həzz alar, lakin bir az keçən kimi həmin gözəllik Vətən həsrətinin təsiri altında öz cazibədarlığını itirir, adam darıxmağa başlayır, Vətənin boz çölləri belə, insanın nəzərində dəyişir, gözəlləşir və daha cazibədar olur. İnsanın estetik hisslərinə onun əxlaqi hissləri ilə yanaşı həm də dünyagörüşü, yaşadığı ictimai şərait də təsir edir. Bu cəhətdən insanların nəzərində gözəllik meyarı fərqli olur.

3.Zehni hisslər-insanın idrak fəaliyyəti ilə əlaqədar olub, onu ətraf aləmi daha dərindən dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin hisslər təlim prosesində, elmi axtarışlar və yaradıcı fəaliyyət zamanı meydana çıxır. Hər hansı bir məsələni həll etmək üçün insan düşündükdə, onda bir sıra zehni hisslər əmələ gəlir. Əgər insan öz həyatında tamamilə yeni bir obyektlə rastlaşırsa, onda təəccüb hissi özünü göstərir. Həmin məsələnin həllində isə şübhə hissi əmələ gəlir. Əgər məsələnin düzgün həll edilməsinə insan inanırsa, bu zaman şübhə hissi öz yerini inam hissinə verir. Şübhə, təəccüb, inam, yenilik və heyrət hissləri zehni hisslər hesab olunur. Çünki həmin hisslər insanın zehni fəaliyyəti zamanı əmələ gəlməklə onu daha geniş axtarışlar aparmağa təhrik edir. Platon və Aristotelin fikrincə, hər cür fəlsəfənin başlanğıcı təəccübdür. Çünki insan təəccübləndikdə onu heyrətə gətirən, çox ciddi axtarışa, idrak fəaliyyətinə təhrik edən mühüm zehni hiss şübhə hissdir. İ.P.Pavlov haqlı olaraq qeyd edirdi ki, elmi fikirlərin məhsuldar olması üçün insan gərək daim məsələlərə şübhə ilə yanaşsın və özünü yoxlasın. Belə olduqda real varlıq daha dərindən dərk edilmiş olar və xarici aləmin yaradıcı surətdə dəyişməsinə imkan yaranar.

Praksis hisslər-fəaliyyətin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlıdır. Fəaliyyət prosesində, yaranan razılıq və ya narazılıq hissləri praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Fəaliyyət prosesində işin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. Dərs zamanı qarşılıqlı əlaqənin yaranması, izah olunan məsələnin şagirdlər tərəfindən aydın başa düşüldüyünü gördükdə, müəllimin keçirdiyi hisslər də praksis hisslər hesab olunur. Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir. Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Praksis hisslər bəzi hallarda işin gedişi ilə, bəzi hallarda isə işin nəticəsi ilə bağlı olur. Çətin tapşırığın düzgün həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə bağlı uğursuz axtarışlardan yaranan həyəcan, gərginlik, məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.

Beləliklə, insanın şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir-birindən təcrid olunmuş halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyəsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm cəhətlərindəndir.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin