AZONALLIQ.
Azonallıq fiziki-coğrafi differensiasiyanın ən mühüm qanunauyğunluqlarından biridir. Bu qanun dağlıq ərazilərində xüsusilə ən iri dağ massivlərində geoloji strukturlarla diqqəti cəlb edən nəhəng Alp-Himalay, Kordilyer-And və s qırışıqlıqların nəhəng morfostrukturlarında diqqəti cəlb edir.
Azonallıq üfiqi qurşaqlığın pozulduğu dağ massivlərində yaranır. Burada landşaft vahidləri şaquli qurşaqlar üzrə bir-birini əvəz edir, yəni üfiqi differensiasiyasının əksinə olaraq landşaft vahidləri dağın ətəyindən zirvəsinə doğru qanunauyğun şəkildə bir-birini əvəz edir.
Azonallığın yaranmasında və şaquli şəkildə landşaftların differensiasiyasında aşağıdakı amillərin rolu böyükdür.
1) Tektonik proseslər-azonallığı yaradan ən mühüm amildir. Litosfer tavalarının toqquşması nəticəsində müəyyən ərazilərdə baş verən tektonik qalxmalar, qırılmalar, çatlar, müxtəlif strukturlu qırışıq faylı və faylı dağları yaradır. Bunların hər birində azonal differensiasiyanın özünə məxsus şaquli sırası formalaşır.
2) Dağ massivlərinin hündürlüyü. Tektonik proseslərin intensivliyindən asılı olaraq dağ massivləri mütləq hündürlüyünə görə bir-birindən fərqləndiyi kimi onların azonal landşaft sıralarıda kəskin şəkildə bir-birindən fərqlənir. Belə ki, dağın hündürlüyü nə qədər çox olarsa, landşaft qurşaqlarıda bir o qədər çox olar.
3) Dağın yerləşdiyi coğrafi enlik və müvafiq təbii zona azonallığın yaranmasında böyük rola malikdir. Subqütb enliklərində və mülayim qurşağın şimalında yerləşən dağlarda mütləq hündürlüyündən asılı olmayaraq cəmi bir neçə şaquli qurşaq yaranır. Lakin subtropik, tropik və ekvatora yaxın qurşaqlarda şaquli qurşaqların sayı və digər xüsusiyyətləri dağın mütləq hündürlüyündən asılıdır. Mütləq hündürlük artdıqca qurşaqların sayı və differensiasiyası artır.
Şaquli qurşaqların yaranması və differensiasiya xüsusiyyətləri dağın yerləşdiyi təbii zonadan da asılıdır. Dağ massivlərində şaquli qurşaqlıq onun ətəyinin yerləşdiyi təbii zonadan başlayır.
Şaquli struktur tipi-Dağlıq ərazilərdə dağın müxtəlif yamaclarında formalaşan şaquli differensiasiya sırasıdır. Dağ massivlərdə yamaclarının müxtəlif dərəcədə istilik qəbul etməsi və rütubətlənməsinə müvafiq olaraq bir-birindən fərqlənən bir neçə şaquli qurşaqlıq tipi yarana bilər. Hər bir qurşaqlıq tipi dağın ətəyinin yerləşdiyi təbii zonaya müvafiq şəkildə adlanır. Məs: çöl, meşə-çöl, yarımsəhra və s. şaquli struktur tipləri. Hər bir struktur tipində şaquli differensiasiya qeyd edilən zonalardan başlayır.
Adətən, meridian istiqamətində yerləşən dağlarda qərb və şərq əsas struktur tipləri, şimal şərq və cənub şərq, şimal qərb və cənub qərb keçid struktur tipləri ayrılır.
Paralel istiqamətində yerləşən dağlarda isə əsas struktur tipləri şimal və cənub, keçidləri isə müvafiq olaraq şimal-şərq; cənub-şərq; şimal-qərb; cənub- qərb olur.
And, Kordilyer, Böyük suayrıcı, Ural və s. dağlarda əsas struktur tipləri qərb və şərq, Tyanşan, Himalay, Kunlun Atlas və s dağlarda isə şimal və cənubdur.
4) Dağ massivinin meyilliyi yamacların ekspozisiyası (baxarlığı) şaquli qurşaqlığın mürəkkəbləşməsinə təsir göstərir.
Dağın yamacları nə qədər çox meyilli olarsa landşaftların formalaşması və inkişafı üçün bir o qədər əlverişsiz olur. Dik, sıldırımlı yamaclarda torpaq, bitki örtüyü və onlara müvafiq olaraq landşaftlar zəif formalaşır. Dağ massivinin yamaclarının səmti və meyilliyi şaquli struktur tiplərinin yaranmasında böyük rol oynayır. Adətən şimal və cənub struktur tiplərinin landşaftları bir-birindən məhsuldarlığına görə fərqlənir. Kontinental rayonlarda və digər arid ərazilərdə yerləşən dağ massivlərinin şaquli qurşaqlıqda iştirak edən landşaftlarının həm sayı, həm də tərkibi dəniz sahili və rütubətli yamaclardan fərqlənir.
5) Dağ yamaclarının parçalanması, asimmetriyası şaquli qurşaqlığın yaranmasında böyük rol oynayır. Yarğan və qobularla, çay dərələri ilə kəskin parçalanmış səthi deformasiyaya məruz qalmış dağlarda şaquli qurşaqlığın sırası zəif bilinir. Lakin zəif parçalanmış, az meyilli yamaclara malik dağlıq ərazilərdə şaquli qurşaqlığın aydın sırası diqqəti cəlb edir. Monoklinal dağların bir yamacında şaquli qurşaqlıq aydın seçildiyi halda, digər yamacda qurşaqlıq demək olar ki, yaranmır.
Dostları ilə paylaş: |