Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)
Atmosfer havasında yayılan çirkləndiricilərin insanlara təsiri.
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Analiz üçün nümunə götürərkən selektiv impaktordan keçən aerodinamik diametri 10 mkm olan hissəciklər PM10 adlanır (ingiliscə partikulate matter). Selektiv impaktordan keçən 2,5 mkm aerodinamik diametrli hissəciklər (həmin diametrli hissəciklərin 50% ələnməsini təmin edən) PM2,5 adlanır. AH10 (aslıı hissəciklərin) hissəciklərin qısamüddətli–24 saat təsiri hər 10 mkq/m3 PM10 üzrə 0,8% (0,5- dən 1,6%-ə qədər) sutkalıq ölüm dərəcəsinin artmasına səbəb olur. Bu zaman ölüm halları ən çox tənəffüs orqanlarının xəstələnməsi ilə əlaqədar artır, bəzən ürək-damar xəstəliklərindən də ölüm halları çoxalır. PM10-nun konsentrasiyası bir ay ərzində 10 mkq/m3 yüksələrsə, uşaqlarda astma tutmaları 4,2% çoxalır. Asılı hissəciklərin xroniki təsiri zamanı həm uşaqlarda, həm də yaşı 65-i keçmiş şəxslərdə bronxit xəstəliyi hadisəsinin sayı artır. PM10-nun konsentrasiyasının hər 10 mkq/m3 yüksəlməsi ilə əlaqədar bronxit xəstəliyinin və xroniki öskürəyin baş verməsi hadisəsinin 10-25% artması müəyyən edilmişdir. PM10-nun konsentrasiyasının artması ilə əlaqədar ümumi ölüm hadisələri və ürək-damar, tənəffüs sisteminin və ağciyər xərçəng xəstəliyindən ölümün artması müşahilə olunur.