Üçüncü fəsil: Gənc
İman və inanc sahəsi
Məğlubedilməzlik amili
Deməli, hər şey buna qayıdır ki, bir ölkənin gənclərinin və xalqının Allaha imanı, məqsədə inamı, məqsəd yolunda fədakarlığı, özlərini hizbullahçı və Allah ordusundan bilmək hissi güclənsə, bu xalq məğlubedilməz olacaq.96
Arzulara qovuşmağın yolu
Mən deyirəm ki, siz özünüz üçün hansı gələcəyi seçsəniz, arzu etsəniz - mümkündür biri həkim olmaq istəsin, biri müəllim, biri biznesmen, biri siyasətçi, biri ideoloq – ona qovuşmaq üçün gərək ürəyinizdə imanı, özü də ayıq imanı gücləndirəsiniz. İmanın hətta ayıq olmayanı da faydalıdır. Məsələn, adi avam bir insanın imanı var, lakin çox bilgisi yoxdur. Hətta belə iman da möcüzəvi təsirə malikdir. Lakin bu iman bilgi ilə yanaşı olsa, təsiri min qat olar. Siz gənclər bunu bacararsınız.97
İmanın əməllə gücləndirilməsi
İslamın sayəsində bu inqilabın, bu quruluşun, bu ölkənin gələcəyi çox aydın və parlaqdır. Bu gələcəyi təmin edənlər əsasən, siz gənclərsiniz. Əvvəla, İslam inancını özünüzdə dərinləşdirin. Bu, əsas məsələdir. İman kitaba və zehnə aid bir şey deyil, əməllə güclənir. İnsan Allah uğrunda mübarizə zamanı Allahı daha yaxşı görür. Bu mübarizənin müxtəlif sahələri var. Elm və quruculuq da onlardan biridir. Təqva ilə, Allah-Taalaya təzimlə, ibadətlərinizi yerinə yetirməklə və haramlardan çəkinməklə imanı gücləndirin.98
Ayıq iman və saleh əməl
İnsanın həyatında belə hadisələr çox olur. Bu hadisələr bəzən insanın yolunu dəyişdirir, ürəyində şübhə yaradır, qarşısındakı yolları çıxılmaz göstərir. Əgər belə olmasını istəmirsinizsə, heç zaman həvəsinizi, iradənizi, qüdrətinizi itirməyin, daxilinizdəki ayıq imanı gücləndirin; həm iman, həm ayıqlıq. Ayıqlığı kitabla, bilgi sahiblərini dinləməklə əldə edin. İmanı da indi malik olduğunuz iman mənbəyini işlətməklə artırın. Bu iman çox qəribə bir sərvətdir. Allaha şükür olsun ki, sizin hamınız mömin uşaqlarsınız, mömin ailələrdə tərbiyə almısınız. Siz indiki imanınızı işlətsəniz, yəni ona saleh əməl əlavə etsəniz, günah etməsəniz, bacardığınız qədər savab iş görsəniz, insanın xudpəsəndliyi ilə bağlı olan günahlardan, digərinə zülm hesab olunan günahlardan daha çox çəkinsəniz, bəzi qeyri-uyğun sözlərdən çəkinsəniz, zehninizi bəzi məsələlərdən uzaqlaşdırmağı bacarsanız, bu saleh əməllər sözügedən iman mənbəyini artırar. İman belədir; əməllə birgə olsa, günbəgün artar. Ayıqlıq da saleh əməllə birgə olsa, o da artar: “Kim Allahdan çəkinsə, (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”99. Allah onun qəlbini hidayət edər. Nəzərdə tutduğum ayə bu idi. Təqvanın özü insanı hidayət və imanını möhkəm edir.100
Dinşünaslıq və dindarlıq
Peyğəmbərlərin ən yaxşı dinləyicisi
Ümmətlər, peyğəmbərlərin söz və missiyasının dinləyiciləri müxtəlifdirlər. Onların ən yaxşıları gənclərdir.101
Mömin və iffətli gənc
Bəziləri gənc nəslə qarşı səhv və yanlış mühakimələr yürüdürlər. Mənim fikrim budur, araşdırmalar da göstərir ki, iranlı gənc mömin, iffətli, pak, olduqca güclü dini istedadlara malik və mənəviyyata meylli bir gəncdir. Bu gün gənc qız və oğlanlar həm psixoloji, mənəvi və zehni imkanlar, həm də iman baxımından çox yaxşı səviyyədədir. Bu, məmurların üzərinə böyük vəzifə qoyur.102
Həqiqi və mənəvi ucalıq
Gənc ehtiyacsız, başıuca, məqsədi aydın idi, vəzifəsini yerinə yetirdiyini, nə iş gördüyünü və kimin üçün çalışdığını bilirdi. O, Allahın lütfü ilə qalib və Allah-Taalanın ona verdiyi həqiqi və mənəvi ucalığa sahibdir.103
Gəncləri namazla gücləndirmək
Mənim qüsurlu qələmimlə və az bilgimlə deyəcəyim budur ki, bizim xalqımız, cəmiyyətimiz, xüsusən də indi ağır əmanəti çiyinlərinə götürmüş gənclərimiz namazı tükənməz qüdrət mənbəyi bilməli və bu gün bəşəriyyəti təhdid edən fəsad, ədalətsizlik və azğınlıq qarşısında namazdan, Allahı yad etməkdən güc almalıdırlar.104
Tələbələrin namazla tanışlığı
Məktəb və universitetlərin din dərslərində namaz öz yerini tutmalı, namazı yenidən öyrənməkdə biçimli sözlər və uca fikirlər hazırlanıb tələbə və şagirdlərə təqdim olunmalıdır.105
Gənclərin dindarlığının gücləndirilməsi
Bu xalqın taleyi ilə maraqlanan hər bir şəxs onun imanının, gənclərin dindarlığının gücləndirilməsinə, gənclərin İslam ideyalarına daha möhkəm bağlanmasına çalışmalıdırlar.
İslam ölkəmizin başucalığını istəyən şəxslər xalqın və gənclərin dini qeyrətini və dini itaətkarlığını günbəgün artırmalıdırlar.106
Dinsizlik bəlası
Allah eləməmiş, gənc bir oğlanın, yaxud qızın dinsiz, laqeyd və din qanunlarına etinasız olması eyibdir.107
Düzgün təfəkkür və məntiqli dünyagörüş
Bizim inqilabdan qorxmalarının ümdə səbəblərindən biri budur ki, bu inqilabın düzgün dünyagörüşünə və yaradılış aləminə dair məntiqli və möhkəm dərkə əsaslanan, düzgün tərif olunmuş bir təfəkkürü vardır.
Buna əsasən, bizdə hər kəs bilir ki, dünyanın və yolun harasında yerləşir, hansı səmtə hərəkət edir. Həyat da, mübarizə də məqsədyönlüdür. İslam təfəkkürünə görə, insan həyatının məqsədi təkamül zirvələrinə çatmaqdır; maddi gözəlliklə yanaşı olan mənəvi təkamülə, necə deyərlər, dünyadan keçən axirətə; ədalətli bir cəmiyyət, mütərəqqi və mənəvi bir ölkə qurmağa, eyni zamanda yüksək maddi güclərə, mənəvi istiqamətlərə, etikaya və həqiqi bəşəri hisslərə malik olmaq.
Görün nə qədər uca və gözəl bir məqsəddir! Qərblilərdə belə bir şey yoxdur. Bir-birinin belinə mindirdikləri bütün bu sivilizasiya və bu yarış xudpəsəndliyə, şəxsi maraqlara dayanır. Buna görə də, bu yarışda bir yerdə qələbə əldə edirlər, amma başqa bir yerdə problemlə rastlaşırlar. Əxlaqi anormallıqlar, düşüncə boşluqları, cavanların sinir pozğunluğu, iztirabı və məqsədsizliyi sözügedən xudpəsəndlikdən, eqoistlikdən və şəxsi maraqların birinciliyindən qaynaqlanır.
İslam quruluşunda isə belə deyil. İslamın fəlsəfi təfəkkürü və İslam əsaslarının düzgün anlayışı insanın hər an harada, yolun harasında olduğunu və hansı səmtə hərəkət etdiyini bilməsinə kömək edir, hadisələri analiz etmək qabiliyyəti əldə edir və hər bir şəraitdə vəzifəsini müəyyənləşdirir.
Bu gün bizim cavanlarımız belə olmalıdırlar! Düzdür, düşmən bundan xoşlanmır. Düşmən harada belə bir şey müşahidə edirsə, bacardığı qədər ona qarşı mübarizə aparır.108
İkitərəfli əlaqə
Ümumiyyətlə, insanı məhv edən ümidsizlikdir. Bu zaman insan addım ata bilmir. O, insanı məhv edir, bütün qüvvəsini sıradan çıxarır. İnsan daha yola davam edə bilmədiyini duysa, bitmişdir. Bəs bu hissə mane olan nədir? Bir başlanğıca iman.
Bu, Allaha və qeybə iman ola bilər, – bu, ən yaxşısıdır - bəziləri üçün bir ideal insana iman da ola bilər, insani ideyaya iman da. Dünyada bəziləri bir ideya və düşüncəyə iman bəsləyirlər. O ideya tam ilahi olmaya da bilər. Yenə də zehnə və ruha aid mənəvi bir ideya olsa da, Allahla əlaqəsi yoxdur.
Allaha bağlı ideyanın gözəlliyi budur ki, insan güvəndiyi tərəflə alış-veriş edə bilər. O sizin qarşınızda olan bir varlıq və həqiqətdir; sözünüzü eşidir, qarşılığında sizə deyəcək sözü də var. Mənim əzizlərim! Əhəmiyyətli olan budur ki, Allahla mənəvi əlaqə əsla birtərəfli deyil, ikitərəflidir. Bu, ilahi maarifdən və mənəvi əlaqələrdən uzaq olan bəzi şəxslərə çox qəribə görünə bilər: “Allah insanla necə danışa bilər?” Bəli, danışır. Siz bunu hiss edəcəksiniz. Bu, mümkündür. Allah çox yaxındır.109
İman və öhdəliyi gəncdən almaq
Bu gün İranın və İslamın düşmənləri tərəfindən ölkənin müstəqilliyinin, başucalığının və inkişafının səbəbkarını – yəni inqilabın prinsiplərinə inamı və öhdəliyi gənclərdən almaq üçün geniş təbliğat aparılır. Dünyada hamı bilir ki, hegemon cəbhənin İslam inqilabına tarixi məğlubiyyəti ən çox gənclərin sadiq imanından qaynaqlanmışdır. Düşmən min dillə, min vasitə ilə bu möhkəm səngərə hücuma keçmişdir.110
Daha möhkəm əlaqə, daha artıq uğur
Allahın lütfü ilə bu dövrdə saflıq mənbəyi olan gənclərimizin Allah evinə daha çox getməsinə bu qədər təkidlərimiz ondan ötrüdür ki, Allahla mənəvi əlaqəni nə qədər möhkəm etsək, Allahın yardımları və hidayəti daha artıq olar və qəlblərimiz daha aydınlaşacaq.111
İmanın bünövrəsini gücləndirmək
Mən siz əziz xalqa, xüsusən də gənclərə deyirəm ki, dini məsələlərə əməl edin, vacib əməllərə əhəmiyyətli yanaşın, İslam inancınızı İslam əməli ilə birləşdirin, əxlaq və etiqad fəsadına qarşı çıxın, fiziki, psixoloji, düşüncə və iman baxımından özünüzü günbəgün gücləndirin.112
Namazın ürəkdən qılınması
Əziz gənclər namaz dəqiqələrini yalnız namaz üçün ayırsınlar, namaz əsnasında bacardıqları qədər fikirlərini toplasınlar, onu ürəkdən qılsınlar, öz ehtiyaclı qəlbləri üçün həyatverici zikr və münacatdan güc alsınlar.113
Allahla mənəvi əlaqəni ciddi saymaq
Mənim əzizlərim! Allahla mənəvi əlaqəyə ciddi yanaşın. Siz gəncsiniz. Allahla danışın, Allahdan istəyin. Münacat, namaz, diqqətli namaz sizin üçün çox lazımdır. Bunları ikinci dərəcəli hesab etməyin.114
Gənclərin günah və fəsad qarşısında möhkəmlənməsi
Fərdi, ictimai və siyasi ibadətlər var. Xalis ibadətlərimiz gecə yarısına, dua və münacat zamanına, Allahla danışdığımız və Allaha yalvardığımız vaxta aiddir. Bunların hər biri gəncləri möhkəm, toxunulmaz, şeytanın, düşmənin, fəsad amillərinin və mədəni hücumun təsirləri qarşısında toxunulmaz edir.115
Bəndəliyin ağıllı və elmi fəaliyyətlərlə yanaşı olması
Bəndəliyin əqli dəlillərlə, elm, universitet və tələbə fəaliyyəti ilə heç bir ziddiyyəti yoxdur. Bunlar da olmalıdır, bəndəlik də.116
Saflığın artırılması
Əziz gənclər! Bizim silahlı qüvvələrimizdə yaranmış misilsiz paklıq və saflıq halının sıradan çıxmasına imkan verməyin, nəyin bahasına olursa-olsun, onu qoruyun. Xüsusən elmi mərkəzlərdə olan siz gənclər, müəllim və komandirlər ehtiyatlı olun, bu saflığı, nurluluğu və paklığı günbəgün artırın.117
Namaz
Bu gənclərin, qız və oğlanların çıxarlı ruhları var. Onları namazla tanış edin. Namaz insanın boynunda yük deyil, bir lütf və bir bacadır. Əgər Allah mənə və sizə Özü ilə danışmaq icazəsi verməsəydi, biz nə edərdik?! Əgər insanın dua və münacat etməsinə icazə verilməsəydi, nə edərdi?! Özünün ac və susuz ruhunu necə doyura bilərdi?! Allahla mənəvi əlaqədən başqa hansı bir şey insanın bu susuz ruhunu doyura bilər?!
Bəzi hədislərdə göstərildiyinə əsasən, əziz Peyğəmbərimiz azan vaxtı yaxınlaşanda Bilala deyirdi: "Sərinləşdir, ey Bilal!"118 Yaxşı yadımda deyil, Şeyx Bəhaidən, yaxud mərhum Nəraqidən görmüşəm. Bunun izahında deyir ki, bu söz barədə bir neçə ehtimal mövcuddur. Ehtimalların biri budur ki, ey Bilal, ciyərim susuzluqdan yanır, bu gözəl suyu çatdır; yəni namaza giriş icazəsi olan azanı ver.119
İlahi zikrin ləzzəti
Qəlbinin təmizliyinə rəğmən, Allah zikrinin ləzzətini dadmayan, namazdan həzz almayan, duadan, zikrdən, təzimdən, ağlamaqdan, aləmin Rəbbi ilə ünsiyyətdən, varlıq həqiqətlərinin ən gözəli olan Allah-Taalanın müqəddəs vücudu ilə mənəvi əlaqədən uzaq olan bir gənc çox nöqsanlı, yoxsul və qüsurludur. Sizin üzərinizə bu baxımdan da məsuliyyət düşür. Siz insanları maarifləndirməli, Allahla tanış etməli, Allahla ünsiyyətin yolunu öyrətməli və zikrin ləzzətini daddırmalısınız.
İnsan Allah zikrinin və Allahla mənəvi əlaqənin ləzzətini dadsa, başqa heç bir şey ona ləzzətli gəlməz, dünyanın bütün ötəri ləzzətləri uşaq işi kimi görünər.120
Dua və ixlasın möcüzəsi
Sizin duanız, Allaha üz tutmanız və Onu yada salmanız siz əziz gənclərin pak və işıqlı qəlblərində möcüzələr yaradır. Özünüzü indidən hazırlayın. Təkcə bu günlərdə yox, bütün ömrünüz boyu Allahla bu əlaqə sizdə paklığı və ixlası gücləndirəcək. Paklıq və ixlas bütün işlərin açarıdır.121
Dinin gənclərə özəl müraciəti
Din tərəfindən gəncə müraciət həmişə özəl bir müraciətdir. İslam təlimlərində gəncə çox müraciət olunmuşdur. Səbəbi budur ki, gəncdə həvəs, eşq, paklıq və mənəviyyat gövhəri parlayır. Bu insani gövhər hər bir insanda var, lakin gəncdə və gənclik çağında çox aydındır, işıq saçır və parlayır. Ondan istifadə etmək lazımdır.122
İslam - müqavimət dini
İslam gənclərə müqavimət və möhkəmlik verir. Bunu amerikalılar səkkizillik müharibədə və inqilabın özündə sınaqdan keçirdilər. Gördülər ki, İslama eşq gəncləri necə möhkəm saxlayır, xalqı düşmənin zahirən sarsılmaz polad səddi qarşısında müqavimətə sövq edir və o səddi uçurur. Bunu gördülər. Buna görə də, İslamla düşməndirlər, İslama qarşı çıxırlar.123
Əhli-beytin şüarı
Əhli-beytin şüarı canlı, xalis, hamı, hər bir məntiq və düşüncə əsası üçün başadüşülən olan İslamı yaymaqdır. Gənclər bu əsas üzərində öz düşüncə təməllərini möhkəmlətməlidirlər.124
Gənclik ulduzu
Gənclərlə görüşəndə, gənc mühitinə düşəndə səhər havasında nəfəs alan bir şəxsin hisslərini yaşayır, yenilik və təravət duyuram. Gənclərlə görüşəndə adətən, yadıma düşən və dəfələrlə üzərində fikirləşdiyim budur ki, görəsən, onların özləri alınlarında hansı ulduzun parladığını bilirlərmi? Mən bu ulduzu görürəm, görəsən, özləri də görürlərmi? Gənclik ulduzu çox parlaq və uğurlu bir ulduzdur. Əgər gənclər öz vücudlarında bu qiymətli və misilsiz neməti hiss etsələr, düşünürəm ki, ondan yaxşı istifadə edərlər.125
"Gənc hər şeydən həzz alır!"
Gənclər bir yerə toplaşdıqda, təbiətlərində bir növ gümrahlıq və şadlıq olduğundan, hər şeydən ləzzət alırlar. Gənc yeməkdən, söhbətdən, güzgüyə baxmaqdan, istirahətdən ləzzət alır.126
Enerji, ümid və yaradıcılıq
Mən əsasən, gənclərin malik olduğu bu mühüm xüsusiyyətlər arasında üçünün çox bariz olduğunu düşünürəm. Əgər onlar müəyyən olunsa və düzgün istiqamətə yönəldilsə, yəqin ki, sizin sualınıza cavab vermək olar. Həmin üç xüsusiyyət bundan ibarətdir: enerji, ümid, yaradıcılıq. Bunlar gəncdə olan üç mühüm xüsusiyyətdir.127
Örnək qəbul etmək
Məncə, müsəlman gənc, xüsusən imamlarımızın, Peyğəmbər ailəsinin və erkən İslam çağı müsəlmanlarının həyatı ilə tanış olan müsəlman gənc üçün örnək və model tapmaq çətin olmaz. Belə örnəklər az deyil.
Bu, bir gəncə örnək ola bilməzmi: böhran zamanı tez məsuliyyət hiss edib fəaliyyətə başlamaq, vücudunda olan böyük potensialı xərcləmək, yaşı misal üçün, əllini ötmüş və təqribən qocalmış atasının üzündən qəm-kədəri silmək?! Bu, bir cavan üçün nümunə ola bilməzmi?!128
Əbuzərin gəncliyi kimi
Allah yolunda müqavimət göstərən, möhkəm dayanan və mücahidlik edən bugünkü gənclərimizin müsəlmanlığı Əbuzər Qifarinin, Hənzələ Qəsil əl-məlaikənin və Müsəb ibn Ümeyrin gəncliyi kimidir. Bizim keçmişdəkilərimizin müsəlmanlığı kimi deyil ki, bir ömür yaxşı müsəlman olsunlar, namaz qılsınlar, ibadət etsinlər, ticarətlə, öz işləri ilə məşğul olsunlar, amma nə yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək olsun, nə cihad olsun, nə Allah düşmənləri ilə mübarizə. Allah-Taala şübhəsiz ki, onlara əcr verəcək. Lakin bu hara, o hara?!129
Məntiqli və cazibəli din
Dinə qarışdırılan və din adı ilə deyilənlərə baxmayın. Dinin, İslam təlimlərinin əsası çox aydın, xoşagələn, həssas və araşdırmaçı beyinlər üçün tamamən məntiqlidir. Buna görə bu gün İslam dini bütün dünyada araşdırmaçılar üçün cəlbedicidir. Bu, İslamın aydın təlimlərinə görədir. Bu dini uca tutun.130
İslam haqqında saxta düşüncələr təhlükəsi
Xalis, qədim və düzgün düşüncələrin boşluğu yarandıqda saxta və yalançı düşüncələr, qeyri-sağlam və qeyri-düzgün fikirlər bazara çıxır. Bu, təbii haldır. Çünki müştəri həmişə hazırdır. Əgər xalqa təmiz, düzgün və yaxşı məhsul təklif etsələr, xalq tanıdığı təqdirdə pis məhsula tərəf getməz. Lakin bu yandan boşluq yaransa, saxta malların bazarı qızışar. Təəssüf ki, bu gün bizim cəmiyyətimizdə müşahidə olunan budur. Zahiri çox gözəl olan saxta qızıl sikkələr, saxta pullar əslində, etibarsızdır, amma adi camaat bunu seçə bilmir.
İslam düşüncələri bazarında bu gün vəziyyət belədir. Hər tərəfdən bir nəfər qalxıb dərkinin dini qaynaqlar üzərində elmi əsaslara ehtiyacı olan din məfhumları, uca İslam anlayışları haqda uyğun əsaslara malik olmadan fikir yürüdür və özlərindən danışırlar: İslam belə deyir, İslam elə deyir. O söhbət və minbərdə bir kəs də yoxdur ki, ondan “İslam bu sözü harada deyir?” deyə soruşsun. Bütün bəşər məfhumlarını - azadlığı, insanlığı, insan hüquqlarını, ədaləti İslamın baxımından izah edirlər. Haraya və hansı İslama istinad etdikləri isə bəlli deyil.
Bu, çox pis haldır. Bəzi insanlar lazımi səlahiyyətlərə yiyələnmədən elə mövzuda fikir bildirirlər ki, qərəzli olmasa da, ən azı cahilanədir. Əgər onda siyasi qərəzlər, cinah maraqları, maraq güdən və xəyanətkar məqsədlər varsa, daha pisdir. Cəmiyyətimizdə mövcud olan bu hal çox pis haldır. Düzdür, təkcə bu günə məxsus deyil, həmişə olmuşdur. Lakin bu günün keçmişə nisbətən bir özəlliyi var. Keçmişdə cahillər din haqqında fikir bildirirdilər, lakin məhdud avam çevrələrində. Kimsə təbliğatçı, yaxud hər hansı bir adla dinə dair danışırdı və məhdud bir avam çevrə onun sözünü qəbul edirdi. Bu günün həmin zamanla fərqi budur ki, İslamın əsaslarına və dini elmin təməllərinə dair səhv sözlər avamcasına, lakin bəzəkli qəliblərdə, yeni fikir və elm formasında deyilir, halbuki elm deyil, səhvdir. Buna qarşı elmi tədbir görməyə ehtiyac var. Hökumətin tədbiri ayrıdır. Hökumətlər hər yerdə bu sahələrə girə bilməzlər və girmirlər. Düzgün və təsirli də deyil. Lakin elm adamları bu işdə aktiv olmalıdırlar.
Dinin özünə, fəlsəfəsinə, etiqadi əsaslarına, İslam Respublikasının atributları olan İslam təlimlərinə - misal üçün, konstitusiyada və digər yerlərdə göstərilən məsələlərə, İslam fiqhinə, Peyğəmbər və imamların davranışına dair elə söhbətlər edilir ki, nə tarixə əsaslanır, nə hədisə, nə Qurana, nə fiqh metodikasına, nə bəlli dini əsaslara, nə də çox dərin və zərif bir fənn olan fiqh üslubuna. Heç bir şeyə əsaslanmadan alimnüma şəkildə, gözəl və səlis ifadələrlə bəyan olunur. Bu işi görənlər təəssüf ki, cəmiyyətin aparıcı və görkəmli şəxslərinin bir qismidir. Keçmişlə fərqi budur. Onlar elmli insanlara zərbə vurur, onların yolunu kəsirlər. Odur ki, buna qarşı tədbir görülməlidir. Qeyd etdim ki, belə yerlərdə tədbir düşüncə, elm tədbiri, mübahisə sahəsində cəsarətli tədbirdir. Bu işlərin arxasında siyasi maraqların, Allah eləməmiş, xain və azğın məqsədlərin durduğunu qəbul etsək, o zaman siz elmi cavab verərkən qalmaqal yaratmalarını, rüsvayçılıq etmələrini, qara yaxmalarını gözləmək lazımdır.131
Dinin təhrifinə qarşı tədbir növü
Din alimləri dinin təhrifi qarşısında sakit oturmamalıdırlar. Bu məsələlərə qarşı qeyri-elmi tədbir görmək, təkfir etmək səhvdir; fəryad qoparmaq ki, bu, küfr etdi və sair. Bunun faydası yoxdur. Çoxlarının bundan xoşu gəlir; ona görə ki, bu zaman elmi tənqiddən kənar qalırlar. Əgər elmi tənqid olsa, söz diqqətlə araşdırılar, söz və onun sahibi rüsvay olar. Bu iş görülməlidir.
Əlbəttə, kimsə fiqhdə mövcud meyarlarla uyğunlaşan və İslamda cəza nəzərdə tutulan bir söz danışsa, başqa məsələ. Lakin bu, alimlərin, elmi hövzələrin və din təbliğatçılarının görməli olduğu iş deyil. Bu, hökumətin işidir. Onlar öz vəzifələrini yerinə yetirməlidirlər. Onların da vəzifələri var və mütləq yerinə yetirməlidirlər. Elm adamları, din başçıları və dinin bayraqdarları isə bu hadisələrdə elmi işlər görməli, sözü müzakirə etməli, araşdırmalı və eybini aydınlaşdırmalıdırlar ki, ardınca söz sahibinin eybi aşkara çıxsın: “Hidayət yalnız sapqınlığın yayıldığı cəhətdən yayılır”. Bu, mərhum Seyid Şərəfüddinin sözlərindəndir. Onlar sapqınlığı hansı yolla yayırlarsa, hidayəti də həmin yolla yaymaq lazımdır. Həmin cahil, yaxud qərəzli şəxsin - biz indi mühakimə yürütmürük, hər ikisi mümkündür – müxtəlif adlarla insanlara yanlış, zəif, köksüz və qeyri-peşəkar bilgilər verdiyi kimi, elm və din adamları da köklü, xalis bilgilər verib o fikrin səhv olduğunu bəyan etsinlər.
Elm hövzələrində bu işləri görəcək alimlərin olmadığını düşünmək yanlışdır. Allaha şükür ki, bizim gənclərimiz, alimlərimiz arasında belələri çoxdur. Düzdür, ola bilsin birinin tədqiqat bacarığı yüksək olsun, nitq qabiliyyəti zəif. Bir nəfər araşdırma adamı olub o tədqiqatçıya vacib qeydləri götürsün. Bir nəfər dil bilsin, fərz edin, bir sözün kökünü hansısa qərbli hüquqşünasın, yaxud filosofun yazısında tapsın, tədqiqatçı isə o dili bilməsin və bunu bacarmasın. Bunlar bir-birinə birləşdirilməli, bir-birini təkmil etməli, bir-birinə kömək edib düzgün fikri gözəl, güclü və möhkəm şəkildə açıqlaya bilən şəxsin ixtiyarına qoyulmalıdır. Bu gün sizin vəzifələrinizdən, elm hövzələrinin və din alimlərinin vəzifələrindən biri budur. Bunu yaddan çıxarmaq olmaz. Bu, çox əhəmiyyətlidir.132
Şübhələr qarşısında gənclərə yardım
Bu gün bizim gənclərimizin düşüncə baxımından yardıma ehtiyacları var; həm şübhə halında olanların, həm şübhənin təsirinə düşüb düzgün etiqaddan çıxanların, həm də etiqadlı və inanclı olanların. Bunlarda düşüncəni dərinləşdirmək, şübhəni uzaqlaşdırmaq lazımdır. Sağlam olanların da etiqadlarını dərinləşdirmək, onları möhkəmlətmək və qorumaq lazımdır.133
Eklektizmlə mübarizə
Əvvəlcə Avropada hansısa ictimai, yaxud iqtisadi filosof tərəfindən irəli sürülüb müsəlman ölkələrində yayılan bir fikir gəncin, yaxud bu fikirlə tanış olan şəxsin zehnində təbii olaraq eklektizmə şərait yaradır. Odur ki, İslama etiqadlı və dindar gənc özünün etiqad bəslədiyi İslamı bəyəndiyi və bayırdan gəlmiş bir fikirlə uyğunlaşdırmaq istəyir. Bu olur eklektizm. Deməli, güclü və düzgün işləyən bir fəqih gərək dünyada geniş yayılmış düşüncələrlə tanış olsun. Çünki İslam cəmiyyətində eklektik dalğalar bir çox hallarda yeni bir fikrin təbii təsirindən yaranır və bayırdan idarə olunur.134
Ehkamçılıqdan və yalançı aydınlıqdan uzaq durmaq
Bir tərəfdən yanlış anlama, məhdud baxış, mənasız təəssübkeşlik, dini dərk və təqdimatda cahillik, bir tərəfdən də səhlənkarlıq, dini məsələlərdə yalançı aydınlıq, dini əsaslara etinasızlıq və İslam qaydalarına boyun əyməmək Şəhid Mütəhhərinin sözü ilə desək - əlbəttə, o, başqa bir hal üçün deyirdi - bir qayçının iki tiyəsi kimidir; ikisi birgə gəncin dindarlıq ipini kəsir. Heç birinə imkan verməməlisiniz. Gənclərə düzgün və aydın baxış öyrədilməlidir.135
Quranla ünsiyyət
Gənclərin Qurana marağı
Əvvəla, Allaha şükür edirəm ki, Qurana və Quran oxunuşunu öyrənməyə həvəs siz əziz gənclər arasında geniş yayılıb və günəbəgün daha da genişlənməkdədir. İkincisi isə, Quranla çalışan sizin hər birinizə, eləcə də məsul şəxslərə, ustadlara, müəllimlərə və bu yolda sizə kömək edən bütün şəxslərə səmimi təşəkkürümü bildirirəm.
...Bu gün ölkə boyu milyonlarla gənc sizin kimi Quranla əlaqədədirlər, daim özlərini Qurana yaxınlaşdırırlar; bəziləri sürətlə, bəziləri yavaş, bəziləri isə sürünə-sürünə Quranla ünsiyyətə tərəf gedirlər.136
Quran tilavətinin fəlsəfəsi
Quran oxunuşuna diqqətin mühüm bir fəlsəfəsi var. Məsələ təkcə məharət cəhətindən, yaxud baş qarışdırmaqdan ibarət deyil. Əgər Quranın cəmiyyətin zehni arenasında yayılmasını, onun məfhumlarının düşüncələrdə yaşamasını və Quran adətinin cəmiyyətin beyninə hakim olmasını istəyiriksə, - qeyd etməliyəm ki, bu, çox əhəmiyyətli bir məsələdir - cəmiyyətin bütün üzvləri Quranı mütləq düzgün oxuya bilməlidirlər. Onlar bununla Quran ayələri üzərində düşünmək imkanı tapacaq və düşünməklə öz səviyyələri çərçivəsində onun dərinliklərinə yiyələnəcəklər.
Quranı gözəl oxuyan qarilər digərlərini də Quran oxumağa sövq edən bayraqdarlardır. Quranı gözəl və düzgün oxumağın bu xususiyyəti var.137
Düzgün Quran oxunuşunun təsirləri
Siz düzgün və yaxşı şəkildə, tilavətin rəmzləri və zərif məharətləri ilə oxusanız, Quranla tanış olan hər bir adamı ona daha da həvəsləndirər, mənasını bilən şəxsi isə təfəkkürə vadar edərsiniz.138
Dostları ilə paylaş: |