Yeniyetməlik xüsusiyyətləri
Yeniyetməlik - gələcəyin əsası
Yeniyetməlik hər bir fərdin gələcəyinin formalaşmasında həssas və həlledici rola malik bir dövrdür. Bu mərhələdə mənəvi, elmi və düşüncə inkişafı ilə, işgüzarlıq və fiziki fəaliyyətlə məşğul olan şəxslər özlərinin parlaq gələcəklərini təmin etmiş olurlar. Buna əsasən, cəmiyyətin bu təbəqəsinin, xüsusən də hərtərəfli maddi və mənəvi bir amil olan Bəsicin təlim-tərbiyə işi ilə məşğul olmaq çox əhəmiyyətə malikdir.56
İslamda yeniyetmənin əhəmiyyəti
Nurlu İslam şəriətində gənc və yeniyetməyə hətta dünyanın müasir hüquq normalarından da artıq əhəmiyyət və dəyər verilmişdir.57
Böyüklərin yeniyetməliyi
Tarixin böyük şəxsiyyətləri çox zaman gənclik və hətta yeniyetməlik dövründən bəzi xüsusiyyətlərə malik olmuş, yaxud bu xüsusiyyətləri özlərində yaratmışlar.58
Ən xoşbəxt şəxslər
Siz yeniyetmələr təmiz zehnə malik olduğunuzdan cəmiyyətin ən xoşbəxt fərdlərisiniz. Siz fəsad dolu mühitdə təhsil almırsınız, Allaha imanlı bir dövlətdə İslam əxlaqı, bərabərlik, sülh və səmimiyyət içərisində yaşayırsınız.59
Yetkinlik yaşı
Ümumi təsəvvürün əksinə olaraq, həddi-büluğ yaşı nikah yaşı yox, fərdi yetkinlik, hüquqi şəxsiyyət və ictimai məsuliyyətlər yaşıdır. Formalaşmanın ən əsas dövrü olan bu yaşda gənc və yeniyetmə həm müstəqil şəkildə, həm də gələcəyə hazırlıq mərhələlərindən biri kimi xüsusi hökm və vəziyyətlərə malikdir. Bunlar sosioloji və psixoloji baxımdan diqqətlə araşdırılmalıdır.60
Quruluşda yeniyetmələrin rolu
Quruluşun gələcəyi üçün yeniyetmələrin rolu
Ölkəmizin indiki şagird nəsli keçmiş və gələcək tarix boyu ən həssas yeniyetmə nəsildir. Çünki həssas bir dönəmdə üzərinə məsuliyyət götürəcəkdir.
İnqilabdan öncə bizim yeniyetmə nəslimizin vəzifələri bu qədər həssas deyildi. İndiki yeniyetmələrimiz isə elə bir zamanda ölkənin idarəsinə məsuliyyət daşıyacaq ki, inqilab öz başlanğıcından uzaqlaşmış, inqilab etmiş nəslin sayı azalmış olacaq. Belə bir çətin dövrdə heç şübhəsiz, daxili və xarici qüvvələr tərəfindən törədilən təxribatlar bugünkündən daha artıq və güclü olacaq. Odur ki, şagirdlər üçün çox çalışmaq lazımdır.61
Yeniyetmələr və inqilab
İslam inqilabının qələbəsində bizim gənc və yeniyetmələrimizin həlledici rolu olmuşdur. Məktəb uşaqları bizim xalqımızın izdihamı arasında, bir neçə milyonluq yürüşlərdə və inqilabın qanlı hadisələrində öz fəal iştiraklarını sübuta yetirmişlər.
Bizim yeni nəslimiz istər inqilab dövründə, istər ondan sonrakı çətin hadisələrdə öz missiyasını yerinə yetirdi. İnqilab düşmənlərinin və münafiqlərin bütün ölkədə iğtişaş və fitnə törətdiyi zaman, eləcə də böyük qlobal güclərin himayəsi ilə işğalçı düşmənin müharibəsi dövründə gənclərin inqilab amallarını müdafiədə rolu yenə də dəyərli və mühüm rol idi. Gələcək sizə məxsusdur. Gərək bu müqəddəs inqilabın beynəlxalq düşmənləri ilə mübarizə üçün özünüzü düşüncə, ruh, iman və fiziki baxımdan hazırlayasınız, özünüzü, xalqınızı, ölkənizi və İslam inqilabını layiqli yerə ucalda, dünyanın gənc və yeniyetmələrinə örnək olasınız.62
Təhsil mühitini İslama uyğunlaşdırmaq
Bu gün özünüzü islah edin, universitetləri səmərəli, inqilabçı və islamçı mühit edin; orta məktəbləri də həmçinin. Allah və inqilab yolunda birliyə xələl yetirən hər bir şeydən çəkinin ki, ölkənin sabahını təmin edən, İslam Respublikasını düşmən və bədxahları, xalqımızı dostları və dünyanın ümidliləri qarşısında başıuca edən məktəb və universitetlər qura biləsiniz.63
Bütün səhnələrdə ayıq iştirak
İslam inqilabının qələbəsində, onun dəyərli nailiyyətlərini qorumaq məqsədilə ayıq müqavimətdə ölkə gənclərinin, şagirdlərin böyük və inkaredilməz rolu heç kəsə sirr deyil. Bu böyük rol xüsusən İraq rejiminin təcavüzündən və məcburi müharibənin başlanmasından sonra daha da aşkarlandı. Cəsarət və qüdrətlə İslam inqilabını qalib edənlər, vətənin müdafiəsində, düşmənin təcavüzünü dəf etməkdə və İslam inqilabını qorumaqda da qəhrəmanlıqla müqavimət göstərdi və igidliklər yaratdı.
Həm xarici düşmənlə, həm də daxildəki inqilab əleyhdarları ilə mübarizədə İslam inqilabının ümidi olan gənc şagirdlərin iştirakı ayıq şəkildə və könüllü olmuşdur, indi də belədir. Onlar ölkənin sərhədlərində xarici düşmənlə vuruşduqları zaman məktəbdə də inqilab əleyhdarı olan qüvvələrlə vuruşurdular. Haqqı və Allahı axtaran bu gənclərin bütün səhnələrdə ayıqlığı İslam və inqilab düşmənlərinin planını pozmuşdur, Allahın qüdrət və qüvvəsi ilə bundan sonra da pozacaqdır.64
Şəhidlik ruhiyyəsi
Dünyada mahir komandirlər bir planla düşmənin onlarla tankını tələyə salmaları ilə fəxri edirlər. Lakin bizim yeniyetmələrimiz şəhidlik ruhiyyələri ilə belə məharətlərini dəfələrlə nümayiş etdirmişlər.65
İnsani və inqilabi məfhumların dərki
Bu gün uşaq və yeniyetmələrlə danışmaq bizim üçün əsla problem deyil. İnqilab bizim yeniyetmələrimizi inkişaf etdirmişdir. Onlar bütün insani və inqilabi məfhumları yaxşı dərk edirlər.
Ey inqilab şəhidinin əsgərləri! Ey İslam Respublikasının əsas sahibləri! Gələcəkdə bu inqilabın təməllərini möhkəmlətməli və xalqın özünütəminə çatdırmalı olanlar siz şagirdlərsiniz. Gələcəkdə dünya sizə baxacaq, azad, yekdil və qüdrətli bir ölkə siz əzizlərin əli ilə qurulacaq.66
Yeniyetmələrin təhdidləri
Daxili zəiflik
Düzdür, düşmənin hücumuna şərait yaradan amil cəmiyyətin daxili zəifliyidir. Amma düşmən sağlam bir cəmiyyəti öz imkanları ilə zorla həmin zəifliyə sürükləyir. Bu baxımdan, səhvə yol verməməliyik.67
Mənfi nəzəriyyələr
Şəxsiyyətin formalaşması əksər hallarda yeniyetməlik və həddi-büluğ illərində baş verir. Bu səbəbdən din və inqilab cəbhəsinin təhsil mərkəzlərində, o cümlədən 9-11-ci sinif liseylərində iştirakı olduqca vacibdir. Əks təqdirdə, düşmən gənc və yeniyetmə mərkəzlərinə girib bu yaşların xüsusiyyətlərindən, o cümlədən yeni fikirləri qəbul etməyə hazırlıq xarakterindən istifadə edərək öz mənfi nəzəriyyələrini sırıya bilər.68
İmansızlıq ən böyük bəla kimi
Uşaq və yeniyetmələri güclü imanla böyütmək lazımdır. İmansızlıq gənc nəsil üçün ən böyük bəladır.69
Narkotik maddələr və pozğun şəkillər
Düşmənlər bizim məktəb uşaqlarımızı - 9-11, hətta 6-8-ci sinif uşaqlarını belə fəsada çəkir. Bir nəfər tapırlar. O, narkotik maddələri və pozğun şəkilləri məktəbə aparır və uşaqların arasında yayır.70
Çürük mədəni məhsul
Biz ölkə düşməni, xalq düşməni, yaxud ən azı, maraqsız bir əcnəbi tərəfindən yayılan çürük mədəni məhsuldan danışdıqda bəziləri elə bilirlər ki, övladlarımızın imkanlarına narahat oluruq, bundan şikayətimiz var; deyirlər ki, gəncdirlər, qoyun anlasınlar. Sanki biz gəncimizin anlamamasını istəyirik. Biz əcnəbi əlinin övladlarımızın beyninə soxulmasından nigaranıq.71
Müstəmləkəçi məqsədlər
Bu gün bizim nəinki yeniyetməmiz, hətta uşağımız da məlumatlı və sayıqdır. Bu, inqilab şəraitinin qəti nəticəsidir. Keçmişdə bu məsələlər, bu azadlıqlar, bu soruşmaq ruhu və bilmək istəyi yox idi.
Bəzi imkanlar da mövcuddur. Bunlar əslində bizim uşaqlarımızın mədəni bir mənbəyə əlinin çatması imkanı deyil, düzgün baxsaq, müstəmləkəçi məqsədlərin bizim uşağımıza təlqini üçün dünya boyunca mədəniyyəti yönəldən mərkəzlərin imkanıdır.72
İslamdan yayınmaq
Düşmən siz şagirdləri İslamdan yayındırmaq üçün bacardığı hər bir işi görəcək.
Bu inqilabın və İslam cəmiyyətinin sabahı sizin əlinizdədir. Düşmən ictimai və insani məsələlər üzərində dəqiq və dərin araşdırmasına əsasən bilir ki, siz yetişəndən sonra onun xəncəri kütələcək və inqilaba zərər bilməyəcək.73
Bikarlıq
Yayda şagirdlərin asudə vaxtlarından səmərəli istifadə olduqca əhəmiyyətli məsələdir. Əksər fəsadlar bikarlıqdan qaynaqlanır. Bikarlıq insanın inkişafına səbəb olan daxili həvəsi məhv edir və ya zəiflədir.74
Yeniyetmələrin təlim-tərbiyəsi
Şəhidlərin cəsarət və paklıq dərsi
Şəhidlərin nurlu, pak və müqəddəs xatirəsi böyük qəhrəmanların əfsanəvi siması kimi xalqımızın yaddaşında günbəgün daha böyük, daha sevimli və daha uca olmalıdır. Onların adı və xatirəsi hamıya, xüsusən də gənc və yeniyetmələrə əzəmət, cəsarət, təqva, saflıq və paklıq dərsi verməlidir və verəcək. Bu işin mühüm bir hissəsi yazıçıların və sənət adamlarının öhdəsinə düşür.75
Müjdə vermək və qorxutmaq
Gənclərin siyasi fəaliyyətinin, siyasi ayıqlığının və təhlil qabiliyyətinin gücləndirilməsinə diqqətlə yanaşı, yeniyetmə və gənclərdə imanı möhkəmlətmək də birinci dərəcəli əhəmiyyətə malikdir. Bunun üçün səmavi dinlərin üsullarından istifadə etmək, dinləyiciləri ilahi savabla müjdələmək və ilahi əzabdan qorxutmaq lazımdır.76
Əsaslı və sadə etiqadlar
Bu proqramların yanında yeniyetmələr bir qədər etiqadlarını möhkəmləndirməlidirlər. Sizin məktəbinizdə mənim də bir uşağım təhsil aldığından, işlərin keyfiyyətindən bir qədər xəbərdaram. Vaxt az olsa da, evin daxilində övladlarımın vəziyyətinə nəzarətsiz qalmıram, onlarla bir qədər məşğul oluram, hansı mövzuları mütaliə etdiklərinə və nə iş gördüklərinə baxıram. Bəzən etiqad məsələləri haqda mütaliə edirlər, bəzən əlavə tapşırıq hazırlayırlar. Amma daha vacib iş güclü və tamamən sadə, fəlsəfi və irfani dəlillərdən uzaq etiqadlar kursudur; özü də gəncin beyninin qəbul edəcəyi həddə.77
Düşmən qarşısında müqavimət
Bu gün inqilabın bu həssas, mühüm və həlledici dövründə yaşayan, imamı, müharibəni, inqilabı görməmiş yeniyetmə və gəncləri elə imanlı yetişdirməliyik ki, düşmənlərin tamahı, əcnəbilərin təcavüzü, ABŞ-ın istismarçılığı, bu ölkəni və xalqı bir ömür talayıb oyuncağa çevirən müstəmləkəçi güclərin təsirləri qarşısında möhkəm dağ kim dayana bilsinlər.78
Dərs oxumaq, dərin düşüncə və düzgün xarakterlər
Biz siz şagirdlərə ümidvar olduğumuza görə inqilabın sabahına dair nikbinik. Siz təkcə dərs oxumaqla kifayətlənməməlisiniz. Sizin əsas işiniz təhsildir, lakin düzgün baxışın, dərin İslam düşüncəsinin, düzgün və dini xarakterlərin yanında. Sizi gələcək üçün yetişdirən amil budur.79
Quran təhsili
Allahın kitabı həqiqətən, xalqın həyatına girməli, onu öyrənmək, onun üzərində dərindən düşünmək hamıya, xüsusən də gənc və yeniyetmələrə adət olmalıdır.80
Quranın həyatverici şərbətini daddırmaq
Hamı Qurana eşq və hörmət bəsləyir, lakin az adamlar onu həmişə oxuyur və məzmunu haqqında düşünürlər. Bu nöqsanı aradan qaldırmaq üçün ilk növbədə gənc və yeniyetmələri Quranın mətni və tərcüməsi ilə tanış etmək, dadlı və həyatverici şərbətini onlara daddırmaq lazımdır.81
Elmsevərlik hissini gücləndirmək
Elmsevərlik İslam tərbiyələrindəndir. Əgər biz İslam əxlaqını təbliğ etmək istəsək, onda bu da var. Elmi dərəcə artımı da sizin əsas işlərinizdəndir. Buna diqqətli yanaşmaq lazımdır. Elmlərin bölgüsü, prioritetləri təyin etmək və bu gün, bu dövrdə, bu 5-10 ildə şagirdlərin daha çox hansı elmlərə yönəldilməsi sizin ixtisaslı işlərinizdəndir. Siz bunları daha yaxşı bilirsiniz.82
Gənc nəslin təlim-tərbiyəsinin öncəki nəsillə bağlılığı
Yaşlılar, valideynlər, tərbiyəçi və müəllimlər bilməlidirlər ki, bu nəslin təlim-tərbiyəsi nə yalnız rəsmi təlim-tərbiyədir, nə də ümumi təlim-tərbiyədən ayrıdır. Çünki bu iki nəsil bir-birinə bağlı və bir-birindən asılıdır. Yeni nəsil öncəki nəslin bütün siyasi, ictimai, iqtisadi və mədəni fəaliyyətlərinin təbii ortağıdır.83
Cəmiyyətdəki cərəyanların təsiri və onların fonunda durmaq
Nəzərə almaq lazımdır ki, gənclərə qayğı cəmiyyətin ümumi siyasi, iqtisadi və ictimai prosesindən ayrı olsa, yanlış və əsassız olar. Bu iş üçün proqram yazanlar, o cümlədən gənc və yeniyetmələrin özləri adətən, dayaz və ötəri olan hakim şəraitin təsirindən uzaq şəkildə öz mühüm və dəyərli işləri ilə məşğul olmalıdırlar.84
Özünəinam hissini gücləndirmək
Çalışmalıyıq ki, bizim şagirdlərimiz, tələbələrimiz, gənclərimiz özünəinam hissini qoruyub gücləndirsinlər, hadisələri özləri təhlil etsinlər, ölkə quruculuğunda və iqtisadiyyatda hansı yolla getməyin lazım olduğunu söyləyən xarici analitiklərə, yazarlara aldanmasınlar. Elmi məsələlər dünyanın harasında və kimin dilindən söylənsə, diqqətəlayiqdir, lakin qeyd-şərtsiz qəbul edilməməlidir.85
Mental, etik və hərbi özünüislah
Ölkə şagirdləri özlərini inqilab düşmənləri ilə uzunmüddətli mübarizəyə hazırlamalı, məktəblərdə mental, etik və hərbi özünüislahla məşğul olmalıdırlar. Bu gün düşmənlərin cinayətlərini öz gözlərinizlə görən siz uşaqlar bu nəsildən sonra düşmənlərlə mübarizə vəzifəsini öhdənizə götürəcəksiniz. Gərək öz inqilabınızı qorumaq üçün düşmənlə var gücünüzlə mübarizə aparasınız. İnqilabda şagirdlərin rolu olduqca böyük və dünya miqyasında misilsizdir.86
Bir yeniyetmənin təqvası
Bir yeniyetmə özünün peşə və iş mühitinə, vəziyyətinə xas təqva olmadan təhsil məqsədinə nail ola bilməz. O, səhvdən, nəfs meylindən, dəcəllikdən və onu öz fəaliyyətindən uzaqlaşdıran işlərdən çəkinməlidir. Bu onun təqvasıdır.87
Dərsi ciddi saymaq
Siz şagirdlər bu dəyərli gün, həftə və ayların qədrini bilin, dərsi ciddi və əhəmiyyətli sayın.
Bu ölkənin və xalqın gələcəyi üçün sizin kimi dəyərli və faydalı uşaqların varlığı həyati əhəmiyyətlidir. Siniflər elm, bilik nuru ilə işıqlanmalıdır.88
Yeniyetmələrin vəzifələri
Bütün dünyanın gənc nəsillərinə örnək
Bu arada dünyanın müasir sənaye sistemində gənc və yeniyetmələrin üsyankarlığına işarə vurmaq və çox əhəmiyyətli olan bir məqamı qeyd etmək zəruridir. Bizcə, gənclərin üsyankarlığı xəstə Qərb quruluşlarında gənc və yeniyetmələrin amalçı, həqiqətçi və araşdırıcı fitrətlərinin reaksiyasıdır. Bu reaksiya yanlış cığırlarla getsə də, kökü insani fitrətin Şərq və Qərbin naz-nemət içərisində olan israfçı və zalım rəhbərlərinin fəsad, zülm, ehtiras və acgözlüklərinə qarşı qəzəbindədir.
Fəsadlı dünya gənc və yeniyetmələrin fitrət səsini boğmaq üçün onların boş vaxtlarını cinsi, əxlaqi azğınlıq və aludəliklərlə doldurur. Bu isə həvəskar və uğurlu nəslə çox böyük xəyanətdir.
Burada İslam inqilabının yeni nəslinin üzərinə böyük bir vəzifə düşür. Bu nəsil elm, kamillik, iman, əxlaq, ixlas və fədakarlıq silahları ilə silahlanıb dünyanın bütün gənc nəsillərinə örnək olmalıdır.89
Ölkəyə dair məsuliyyət hissi
Yaxşı və dəyərli istedadlar, ölkənin gələcəyinə faydalı ola bilənlər çox məsuliyyət hiss etməli, ölkə və xalqlarına faydalı ola bildikləri üçün çox sevinməlidirlər.90
Nəhcül-bəlağəni öyrənmək
Əzizlər, Nəhcül-bəlağə ilə ünsiyyətdə olun. Nəhcül-bəlağə çox oyandırıcı, düşündürücü kitabdır. Yığıncaqlarınızda Nəhcül-bəlağə ilə, Əmirəlmömininin sözləri ilə ünsiyyət yaradın. Əgər Allah–Taala uğur versə və bir addım irəliyə getsəniz, o zaman zahiri baxımdan yalnız bir dua, əslində isə Nəhcül-bəlağə kimi dərs, hikmət, ibrət kitabı və insanın səadətli həyatının bələdçisi olan Səhifeyi-Səccadiyyə ilə məşğul olun.91
Təhsil mühitini İslama uyğunlaşdırmaq
Mən hər yerdə İslam birliklərini bəyənirəm, o cümlədən məktəblərdə, xüsusən də yuxarı siniflərdə. Məncə, onların əsas vəzifəsi məktəbdə İslam mühiti yaratmaqdır və bu daha çox yaxşı əxlaqla, ağılla və İslam əlamətlərindən istifadə etməklə mümkündür, zorla və acıdilliliklə yox.92
Şagirdin öz tərbiyəsinə çalışması
Soruşursunuz ki, şagirdlər bu barədə hansı rolu ifa edə bilərlər. Tərbiyə predmeti insandırsa, deməli, şagird öz tərbiyəsində ən mühüm rola malik ola bilər. Əgər bir gül kolunun tərbiyəsi, yetişdirilməsi üçün su, gübrə və hava kimi şərtlər təmin olunsa, iradəsiz olaraq inkişaf edər. İnsan isə belə deyil. Heyvani cəhəti daha çox olan insan yalnız uşaqlıq çağında öz istəyi olmadan tərbiyə olunur. Lakin ağıl və iradə əldə etdikdə, onun öz iradəsi tərbiyə işlərinə kömək edir və onu lazımi inkişafa çatdırır.
Buna əsasən, bir şagirdin öz tərbiyəsində rolu çox böyük əhəmiyyətə malikdir. Bu sahədə onun vəzifələri budur ki, düşünsün, qulaq assın, öyrənsin, əməl etsin və hamısından mühümü, öyrənmək üçün iradə göstərsin. Bu iradə onda qavrayış, dinləmə və düşünmə qabiliyyəti yaradır.93
Böyük insanlar sırasında
Biz bu gün cəmiyyətin, gələcəyin və tarixin şagirdlərimizə ehtiyacını nəzərə alaraq, onlardan hər şeydən çox, böyük insanlar olmağa qərar vermələrini istəyirik. Hər bir uşaq, yeniyetmə və gənc hər hansı bir mühitdə doğulmuş, hər hansı bir ailədə böyümüş olsa da, bu gün bir təhsil mərkəzində oxuyur. O gərək özünə təlqin etməklə təkcə öz ölkəsini və xalqını yox, bütün dünyanı öz təsiri altına salan dəyərli bir şəxsiyyət olacağına ümidvar olsun. Necə ki, bu gün “hə” və “yox” sözü bütün dünyanı düşündürən, hərəkətləri beynəlxalq məsələlərə təsir göstərən rəhbərimiz Xomeyn kəndlərinin birində orta səviyyəli bir ailədə dünyaya gəlmişdir. Bəlkə də heç kəs, o cümlədən özü də onu belə bir gələcəyin gözlədiyini güman etmirdi. Deməli, bütün uşaqlar belə bir gələcəyə ümidvar ola bilərlər. Biz onlardan istəyirik ki, iradəli olsunlar və məqsədli şəkildə dəyərli bir şəxsiyyətə çevrilməyə çalışsınlar. Çünki bu niyyətə sahib olub iradə ilə çalışsalar və buna hazır olsalar, öyrənmək, düşünmək, dərsi təkrarlamaq və vaxt ayırmaq işləri də baş tutacaq.94
Təhsillə yanaşı siyasi işlərdə iştirak
Siz əziz şagirdlər bilməlisiniz ki, sizin tərbiyə və təliminiz bu məmləkətin gələcək vəzifəsini müəyyənləşdirəcək. Siyasi işlərdə iştirak etməyin təhsillə və elmi inkişafla ziddiyyəti yoxdur.95
Dostları ilə paylaş: |