Uşaq, yenİyetmə və gənc Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında



Yüklə 1,49 Mb.
səhifə6/18
tarix23.02.2017
ölçüsü1,49 Mb.
#9438
1   2   3   4   5   6   7   8   9   ...   18

Özünü islah etmiş gənc

İslam birliklərindən olan siz əziz gənclərə də deyirəm: Sizin hər biriniz bir İslam qüvvəsisiniz. Özünüzü qoruyun, islah edin və inkişaf etdirin. Özünüzü universitetə, hövzəyə və ondan sonra İslam cəmiyyətinə hazırlayın ki, işıq kimi parlaya biləsiniz. Bu ölkənin hər hansı bir yerində olan hər bir İslam birliyi bir səngərdir.

9-11-ci sinif şagirdləri düşmənin hiylə və hücumunu zərərsizləşdirmək üçün bu səngəri qorumağı bacarmalıdırlar. Bu, bir mədəni və fikir səngəridir. Elə bir səngərdir ki, onda silah din, ağıl, elm, düşüncə və mədəniyyət silahıdır. Əgər bu səngərlər möhkəm olsa, düşmən nə hərbi, nə iqtisadi, nə siyasi, nə də ən təhlükəli olan mədəni hücumda uğur qazanmayacaq. Bu günə qədər düşmənin uğursuzluqları və məğlubiyyətləri də bu mömin və yaxşı gənclərin müxtəlif sahələrdə iştirakına görə olmuşdur. Bundan sonra da belə olacaq, günbəgün genişlənəcək.

Sizin və şagirdlərin hər biri qərar verib özlərini elə düzəltsinlər ki, universitetə, hövzəyə, yaxud hər hansı bir mərkəzə daxil olan gün orada bir çıraq kimi digərlərini işıqlandırsınlar. Allah-Taala möminlərin dilindən buyurur ki, bizi təqvalılar üçün imam et. Hər bir insan özündə bu qabiliyyəti yaratmalıdır. Hər hansı bir yerdə olsa, digərləri ona iqtida edə bilməlidirlər; təkcə camaat namazında yox, hətta əməldə, fikirdə, rəftarda iqtida.206


Gənclərin qəlbini ələ almaq

Gənclərin cəlb olunması üzərində təkid göstərməyimizin mənası bu deyil ki, gənclər nə desələr, siz qulaq asmalısınız. Mən bunu əsla tövsiyə etmirəm. Gənclər ixlaslı, mömin və zərif qüvvələrdir. Biz onların məhəbbətini, saflığını və imanlarını qorumalıyıq. Mənası bu deyil ki, onların sizin ixtisasınıza aid səhv sözlərini qəbul edəsiniz.

Təəssüf ki, bəzi yerlərdə bu hallar görünür. Bu onu göstərir ki, bəziləri şəraitin təsirinə düşürlər. Hətta bəzən bunu hiss edirlər də. Bu, böyük problemdir. Bir fikir, inam və ya üslub barədə yaradılmış şərait sizin zehniniz və üslubunuz üzərində birbaşa təsir buraxmamalıdır...

Təcrid etmək, qovmaq, üz çevirmək və üz turşutmaq yaxşı deyil. Amma bununla da razı deyilik ki, bir elm adamı təyin etdiyinin, fiqhi əsas və fətvalarının, yaxud təqlid etdiyi müctəhidin fətvasının, yaxud özü üçün qəti olan məsələlərin əksinə bir fikir irəli sürsün. Bu günah şübhəsiz, Allah tərəfindən məqbul və əfvediləsi olmaz.207



Təlim və tərbiyə sahəsi

Təlim və tərbiyənin fəlsəfəsi

Ən ağır işlərin ön xəttini tərbiyə etmək

Kadr yetişdirmək, xüsusən də yuxarı sinif müəllimi yetişdirmək olduqca böyük əhəmiyyətə malikdir. İndi bizim məktəblərimizdə inqilab övladları olan milyonlarla gənc və yeniyetmə var. Yaxın gələcəkdə, 40 il yox, 10-15 il sonra ölkə onların əlində olacaq; biri idarə işçisi, bir müdir, biri deputat, bir nazir olacaq. Məgər belə deyil?! Onlar öz dövrlərində ölkənin inqilab və İslam məqsədlərinə doğru prosesini daha üstün mərhələdə və daha öndə idarə etməyə borclu olacaqlar. Çünki dayanmaq və durğunluq olmamalıdır, onlar bizdən də yaxşı və öndə hərəkət etməlidirlər.

Onlar bugünkü məmurlardan yaxşı olmalı və öndə getməlidirlər. Halbuki nə inqilabı görüblər, nə də ondan öncəni. İnqilabın vəziyyəti ilə öncəki dövrün vəziyyətini müqayisə etmək imkanları yoxdur. O zamanın fəsad və tənəzzülünü, şəhvətpərəstliyini, rəzilliyini, passivliyini, asılılığını, fəxr hissinin olmamasını görməyiblər... O zaman iranlı heç bir qürur duymurdu, istifadə etdiyi məhsul xaricdən gəlirdi. Əgər daxildən olsaydı da, xaricin adına yazılırdı. Bütün işlərdə xaricilərn davamçısı idi. Beynəlxalq səviyyədə heç bir təşəbbüsü yox idi.

Uşaqlar bunları görməyiblər, imamı, müharibəni, Tehranın bombalanmasını görməyiblər. Belə bir halda bu böyük inqilab karvanını bizim çatdırdığımız yerdən alıb bir addım irəliyə aparmaq istəyirlər. Görün nə qədər çətindir! Bu işi kim görməlidir? Sizin tərbiyə etdikləriniz, bu müəllimlər. Bacararlar, yoxsa yox?

Yəni siz öz işinizə bu gözlə baxın. Bu gün gənc nəslin təlim-tərbiyəsində rolu olan hər bir şəxs dünənki mübarizlərin inqilabdan öncə keçirdiyi hissləri keçirməli, ən ağır işlərin ön xəttində durmalıdır. Bu şəkildə və bu ruhiyyə ilə işləməli, bilməlidir ki, üzərinə düşən işi görməsə, hər şey məhv ola bilər. Çünki bunlar uşaqları tərbiyə etməlidirlər.

Əlbəttə, işin başqa bir hissəsi ruhaniliyin, başqa bir hissəsi radio və televiziyanın, başqa bir hissəsi mətbuatın, siyasətçilərin və dövlət məmurlarının üzərinə düşür. Lakin çox həssas hissə sizə aiddir - Pedaqoji Universitetə və müəllim yetişdirən hər bir quruma. İşlərinizi bu həssaslıqla davam etdirin.208


Gənclik dövrünün tərbiyəsi

Bəzən qatar relsi kimi kiçik bir hərəkət böyük bir dönüş yaradır və məsələn, şərqə doğru gedən qatar yolunu dəyişib qərbə sarı hərəkət edir. Gənclik çağında da hadisələr, ictimai, ailəvi və tərbiyəvi amillər yolayıran kimi relsi elə dəyişir ki, yol tamamilə dəyişilir, şərqə doğru gedən qərbə sarı baş alır. Gəncliyin bu mərhələsi çox həssas çağdır. İnsan həddi-büluğ dövründən uzaqlaşdıqca, gəncliyin sonuna, 24-25 yaşlara yaxınlaşdıqca daha püxtələşir.209


Gənclik ulduzu

Gənclik çağı həyatın ən yaxşı və ən şirin dövrüdür. Dəqiq proqramlarla bu dövrdən istifadə etmək lazımdır.

Viktor Hüqo bir yerdə gənci ulduza bənzədir. Doğrudan da gənclik insanın ulduz kimi parlayan çağıdır. Bütün gözəlliklər o dövrdə insanda görünür və bacarıqlar formalaşır. Təcrübələrlə bağlı püxtələşmə və yetkinləşmə gənclikdən sonraya aid olsa da, istedad gənclik dövründən çiçəklənməyə başlayır. Hətta böyük mütəfəkkir və filosoflara baxsaq, görərik ki, ən ideal fikirləri gənclikdən sonraya aiddir, lakin ən çox fəaliyyətləri və onları həmin fikirlərə nail edən ən çox hazırlıqları gənclik dövrünə aiddir.210
Gənc ruhunun zərifliyi

Tərbiyədə gənc ruhunun zərifliyinə diqqət yetirmək lazımdır. Tərbiyəçilərin söz və əməllərinin birliyinə də diqqət olunmalıdır. Onların üsulları, şəxsi əməlləri, həmçinin ölkənin qayda-qanunlarının qorunması üzərində təkid göstərilməlidir.211


İslamda gəncin dəyəri

Qeyd etmək lazımdır ki, nurlu İslam şəriətində gənc və yeniyetməyə hətta dünyanın müasir hüquq normalarından da artıq əhəmiyyət və dəyər verilmişdir.212


İslam quruluşunu qorumaq üçün pak gənclər yetişdirmək

Bu universitetdə gənclərin hər hansı biri sizin ucbatınızdan Allah və din yolundan yayınsa, sabah sizin yaxanızı tutacaq. Məsuliyyət çox ağırdır, ürək yandırmaq lazımdır. Bu pak-pakizə gənci bizə tapşırıblar ki, tərbiyə olunsun və sabah İslam quruluşunu qoruya bilsin.213


Gənci dindar saxlamaq

Bu gün bizim inqilabımız təravət halında olduğundan cəmiyyətimizin gənci dindar təbiətlidir. Onu dindar saxlamaq, düzgün din hökmləri ilə məlumatlandırmaq və böyük enerjisini dinə xidmətə yönəltmək olar. Bu gün hamının bu böyük enerjiyə ehtiyacı var.214


Gənclərlə bağlı iş üzrə təşkilat yaratmaq

Gənclərin işlərinə nəzarət etməkdən və proqram hazırlamaqdan ötrü təşkilat yaradılmalıdır. Sonrakı mərhələdə isə bu təşkilat gənc qız və oğlanların məsuliyyət və vəzifə qəbul etməsinə şərait hazırlamalı, onlar üçün səmərəli istehsal peşələri açmalı, boş vaxtlarını keçirmək üçün təhsil fənlərinə və gələcək peşələrinə uyğun olan, onları veyilliyə və bikarlığa sürükləməyən yollar düşünməli, gənclərə məxsus problemlərin həlli üçün onların özlərindən kömək almalı, onları kollektiv işlərə cəlb etməli, onlara işin dəyərini öyrətməli, yaradıcı qüvvələrini, incəsənət zövqlərini, hər şeylə maraqlanma və yenilik hisslərini ideal istiqamətə yönəltməli, insan haqları və fərdi azadlıqlar barədə çıxışlar, müzakirələr, incəsənət sərgiləri, elm, tədqiqat və istirahət ekskursiyaları təşkil etməli, kollektiv fəaliyyət mərkəzləri, mədəni, dini, ictimai və idman klubları təsis etməli, puçluq, tüfeylilik, fəsad və aludəliyə qarşı ən kəsərli silah kimi gəncləri camaat namazına, ümumi dua və ibadətə alışdırmalı, onların inkişaf və tərəqqisinə kömək etməlidir. Bu məsələlərə kütləvi informasiya vasitələrinin köməyi ilə indidən başlamaq lazımdır. Bu həyati işdə hər növ səhlənkarlıq və zəiflik inqilabı məhv etmək deməkdir.215


Gəncin ağıllı, hikmətli, məhəbbətli və səmimi rəftarla hidayət olunması

Gənc istedadla dolu və çoxlu hüquqa malik bir insandır: ata-ana üzərində, məktəb üzərində, hökumət üzərində, müxtəlif sahələrin məsul şəxsləri üzərində hüquqlara malikdir. Onun inkişaf və təkamül şəraitini hazırlamaq, düzgün yolu seçə bilməsi üçün ona kömək etmək lazımdır. Bu köməyin böyük bir qismi rəftarla və əməllə mümkün olur. Danışmağın və sözün həmişə təsiri olmur. Bəzən təsirli olması mümkündür, lakin bəzən əməl sözü korlayır. Gənclərlə işləyənlər - o cümlədən İslam birliklərində olan siz əziz gənclər, yaxud tərbiyəvi işlərlə məşğul olan əzizlər çalışıb öz rəftarlarını ağıllı, müdrik, xeyirxah, səmimi və məhəbbətlə dolu etsinlər. Bu, harada və necə olsalar, onların pak duyğuları üzərinə xəta külü oturmuş olsa belə, gənclərin qəlblərini təhlükədən xilas edə bilər.216


Mömin və ayıq gənc yetişdirmək

Tərbiyəvi işlərlə məşğul olan əziz qardaş və bacılara deyirəm: Sizin bütün səyiniz müsəlman, mömin və ayıq gənc yetişdirmək olmalıdır.

Allah Şəhid Rəcai və Şəhid Bahünərə rəhmət eləsin! Məktəblərdə bu işi onlar başlatdılar. Xoşbəxtlikdən, bu gün Təlim və tərbiyə nazirliyinin yaxşı və imanlı rəhbərliyi var, bu məsələlərə əhəmiyyətli yanaşılır. Düzdür, bəziləri işləri pozurlar. Biz bunu görürük, xəbərsiz deyilik. Tərbiyəvi işlərlə məşğul olan siz əzizlərin məqsədi ilk növbədə gənci mömin, ayıq, dini məsələlərdə aydın, İslam maarifinə və İslam əməlinə sadiq yetişdirməkdir. Ölkənin gələcəyi belə təmin olunur. Gənclərin etiqadlarında şübhə yaratmaq istəyən düşmənlərin vəsvəsələrini ədavətli zümzümə sayın, işlərində uğur qazanmalarına qoymayan.217
Gənclərə qarşı ifratçı və təfritçi təmayüllər

Gənclər barədə ifratçı və təfritçi təmayüllər müşahidə olunur. Bəziləri gəncin şəxsiyyətini, iradəsini, tükənməz bacarıqlarını görməzdən gəlməyə adət etmişlər. Onu bilməməkdə, yaxud nəzərlərində bəyənilməz olan hər hansı bir məsələdə ittiham edirlər. Bu, səhvdir. Gənc fəallığın tərənnümü, istedadla dolu və dəyərli ehtiyata malikdir, onda gənclik fəallığı, gənclik qüvvəsi, gənclik istedadı və gənclik səbri var. O, möcüzələr yarada bilər. Bu etinasızlıq səhv və azğın bir rəftar və təsəvvürdür.

Bəziləri də gənci öz siyasi maraq və məqsədlərinə oyuncaq etməyə, onu alət kimi işlətməyə çalışır, özlərindən razı salmaq üçün ona lazım olanı yox, həqiqətdən kənar olsa belə, özlərini sevdirən sözləri deyirlər. Məqsəd siyasi və partiya işlərində müxtəlif və bəzən də müqəddəs olmayan məqsədlər üçün qoşun hazırlamaqdır. Bu da səhv, yanlış, xəyanət və ilahi neməti tələf etməkdir.218
Dindar və düşüncəli gənclər yetişdirmək

Gəncləri dindar, məsuliyyətli, öhdəlikli, əxlaqlı və düşünməyə alışqan yetişdirməlisiniz. Gərək fikirləşməyə, ölçüb-biçməyə və təhlil etməyə alışsınlar.219


Gənclərin düşüncə tərbiyəsi

İmam öz müraciətləri, çıxışları ilə insanları sözün həqiqi mənasında həm düşüncə, həm də mənəvi və əxlaqi baxımdan tərbiyə edirdi. İmam gəncləri yetişdirirdi, onlarda özünəinam hissi yaradırdı. O, əvvəldən gənclər üzərində xüsusi təkid göstərirdi.220


Gənclərin sağlam təfəkkürü və cəmiyyətin qurtuluşu

Bir xalqın ümumi gəncləri arasında sağlam və xilasedici təfəkkür yayılsa, dərinləşsə, o xalqın qurtuluşu qəti və qaçılmaz olar.221


Gəncin düşüncə üstünlüyü

Hər bir ölkənin ən yaxşı gəncləri fikir və düşüncə sahibi olanlardır. Prinsip etibarilə tələbələr arasında belələri daha çoxdur. Qeyri-tələbələr arasında da belə yaxşı gənclər var.222


Valideynin şəfqətli tapşırıqları

Valideynlərdən övladlarına tapşırıq verməmələrini gözləməyin. Hər bir gənc öz ata-anasının düşüncə yardımına ehtiyaclıdır. Düşünmək lazım deyil ki, onların belə köməkləri, ata və ana kimi şəfqətli tapşırıq və qadağaları gəncin yeniliyinin qarşısını alır. Xeyr, belə deyil.223


İşıqlı gənc

Bu gün dünyada gənc nəsil günü-gündən daha çox fəsada batır, bizim gənclərimiz isə günü-gündən daha pak, daha təmiz və daha işıqlı olurlar. Hegemon təbliğat isə Allaha yaxınlaşmağa, özlərini İslam və İslam hökmlərinə daha çox uyğunlaşdırmağa çalışan bu ölkənin, bu gənclərin, universitet, tələbə və müəllimlərin, xalqın müxtəlif təbəqələrinin İslamdan uzaqlaşdığını göstərməyə çalışır.224


Dünyaya bulaşmamaq

Siz gəncsiniz, heyfdir ki, bu pak, işıqlı və istedadlı qəlbləriniz ilahi zikr və məhəbbətdən başqa bir şeylə məşğul olsun. Dünyanı yalnız vasitə bilin. Dünya malı, onun imkanları, ev və məişət vasitədir, sevmək üçün deyil. Sevməyə layiq olan yalnız Allahın müqəddəs zatı və Onun məhəbbət dairəsində olan şəxslərdir.225



Gözəl həyat

Quranın şərafətli ayələrində mühüm bir məsələyə toxunulmuşdur. Biz bunu daim diqqətdə saxlamalıyıq. Bu, gözəl ilahi həyat uğrunda çalışmaqdan ibarətdir: "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin".226 Gözəl həyat yalnız yemək, ləzzət almaq və kef çəkmək deyil. Allahın və Peyğəmbərin insanları heyvani həyata dəvət etməməsi buna görədir ki, bütün heyvanlar yemək axtarır və ehtiraslarını təmin edirlər. Onlar qarınları və bir saat daha artıq yaşamaları üçün mübarizə aparırlar. Gözəl həyat Allah yolunda və uca məqsədlərə nail olmaq üçün yaşanan həyatdır. İnsanın uca məqsədi hansı yolla olursa-olsun qarnını doldurmaq deyil. Bu bir heyvanın özünə məqsəd seçə bildiyi ən kiçik məsələdir. İnsan üçün uca məqsəd isə haqqa qovuşmaqdan, Allah-Taalaya yaxınlaşmaqdan və ilahi əxlaqa yiyələnməkdən ibarətdir. Belə bir məqsədə çatmaq üçün insana maddi və mənəvi amillər lazımdır; yemək lazımdır, lakin məqsədə doğru hərəkət etmək üçün. İnsana rahat həyat lazım və zəruridir. İslam öz qanun-qaydaları ilə insanları rifaha və asayişə sövq edir, amma bu asayiş öz-özlüyündə məqsəd deyil. Məişət, qarın və maddiyyat problemi olmayan, lakin insaniyyətdən xəbərsiz olanlar var. Maddi sivilizasiyalar bəşəri belə həyata dəvət edir və təbii ki, yalan deyirlər.

...İslam quruluşunda bir insan yalnız qarnını doldurmaqla xoşbəxt olmur, maddi həyatın, rifah və təhlükəsizliyin təmin olunmasından əlavə, qəlbində paklıq, səmimilik, digər insanlara qarşı qardaşlıq və fədakarlıq, Allah-Taalaya qarşı bəndəlik və ixlas hissi də olmalıdır. İslam və digər ilahi dinlər insanlar üçün bunu istəyirlər. Deməli, məqsəd maddiyyatdan üstündür, lakin İslam xalqın maddi ehtiyaclarını da təmin edir. Yəni İslam cəmiyyətində bütün insanlar rifaha, asayişə, təhlükəsizliyə və rahat həyata malik olmalıdırlar. Bu nə maddi Qərb sivilizasiyasında var və olacaq, nə də sosialist və kommunist sivilizasiyasında və quruluşunda. Siz onun hansı taleyə düçar olduğunu gördünüz. Belə bir cəmiyyət üçün örnək erkən İslam çağıdır. Bundan ötrü İslam hökmləri yetər.

Biz İslam hökmlərinə əməl etsək və cəmiyyətimiz İslam inancını ilahi qayda-qanunlara əməllə birgə rəhbər tutsa, bəşəriyyətin tarix boyu istədiyi baş verəcək: mənəvi təkamül və inkişafla yanaşı maddi rifah və asayiş. İnsan heyvan kimi deyil ki, qarşısına ot atsınlar və bu ona bəs etsin. İnsan səfalı və mənəviyyatlı yaşamaq, bunlardan və Allaha bəndəlikdən mənəvi həzz almaq istəyir. Siz ibadət etdikdə, mənəvi halda bir dua oxuduqda, diqqətlə namaz qıldıqda, bir yoxsula kömək etdikdə bunlardan həzz alırsınız. Bu həzzi yeməklə duymaq olmur.

Hər bir imanlı insan öz həyatında Allaha bəndəliyin ləzzətini az-çox dadmışdır; bəziləri az, bəziləri çox. Belə insanlar ibadətdən, münacatdan, Allah qarşısında ağlamaqdan elə həzz alırlar ki, bundan ötrü bütün dünyanı verməyə razı olarlar. Ancaq maddi məsələlər insanı o haldan çıxarır. O hal bəzən yaranır. Mənəvi ləzzət həmin hallarda duyulur. Allahla və mənəvi məqsədlərlə tanış olmayanlar bu ləzzətin nə olduğunu bilmirlər. Bəzi insanlar maddi quruluşların uğursuz sayəsində bir ömür yaşayıblar, amma onlar üçün Allaha diqqət və mənəvi ləzzət halı bir an da yaranmayıb. Onlar mənim və sizin nə dediyimizi anlamırlar. İslam insanları elə ucaltmaq, qəlbləri elə işıqlandırmaq, bizdən pislikləri elə qoparıb tullamaq istəyir ki, həmin mənəvi ləzzəti yalnız ibadət zamanı yox, həyatımızın bütün anlarında, hətta işdə, dərsdə, cəbhədə, təlim-tərbiyə və quruculuq işlərində də hiss edək. "Daim namaz halında olanların xoş halına!" Onlar iş-güc zamanı da Allahladırlar, yeyib-içərkən də Allahı xatırlayırlar. Belə bir insandan ətrafa nur saçılır. Dünya belə insanlar yetişdirə bilsə, müharibə, zülm, haqsızlıq və çirkinliklərin kökü kəsilər. Gözəl həyat budur. Gözəl həyatın mənası bu deyil ki, bəzi şəxslər yalnız namaz qılsınlar, ibadət etsinlər, məişət və maddiyyat barədə isə əsla düşünməsinlər. Xeyr! Gözəl həyat dünya və axirətə malik olmaqdır. Gözəl həyat maddiyyat və mənəviyyatın hər ikisinə birgə yiyələnməkdir. Gözəl həyat odur ki, xalq çalışır, quruculuqla məşğul olur, sənayeni, ticarəti və əkinçiliyi rövnəqləndirir, elm və texnikaya yiyələnir, bütün cəhətlərdən müxtəlif inkişaflara nail olur. Amma bu halların hamısında onun qəlbi Allahladır, Onunla hər gün daha çox tanış olur.227
Uğurun şərtləri

Siz gənclərə tövsiyəm budur ki, gənc əvvəla, məsuliyyət hiss etməlidir. Yəni doğrudan da özünü vəzifəli bilməli, üzərinə missiya götürməli, hərəkət etməyə çalışmalı və hadisə dalğaları üzərində saman çöpü kimi olmamalıdır. İkincisi isə budur ki, imanla hərəkət etməlidir. İmanın bütün sahələrdə inkişafda, həmçinin bütün maneələr üzərində qələbədə çox əhəmiyyətli rolu var. Üçüncüsü isə bəsirət və ayıqlıq olmalıdır. Əgər gənclər özlərində bu üç xüsusiyyəti təmin etsələr, - sözsüz ki, bu, çox da asan deyil, amma tamamilə mümkündür - düşünürəm ki, dünya hansı vəziyyətdə olsa, əlaqələr inkişaf etsə, müxtəlif sivilizasiyalar meydana çıxsa, bir böyük güc sıradan çıxsa, yeni bir güc yaransa, İranın iqtisadi, siyasi və digər sahələrdə müxtəlif problemləri olsa, yaxud olmasa - bütün bu şəraitlərdə siz öz uğrunuzu təmin edə bilərsiniz. Çalışın mənim dediyim bu üç xüsusiyyətə yiyələnin. Baxın, mən "çalışın yiyələnin" deyirəmsə, önfərziyyəm budur ki, çalışmalar və onların nəticələri eyni deyil. Başqa bir önfərziyyəm də budur ki, kim çalışsa, nəhayət, uğur qazanacaq.

Mənim dediyim məsuliyyət hissi “əl çək” halının əksidir. Elə gənclər var ki, "bu işi gör" deyilsə, “əl çək” deyə cavab verirlər. Misal üçün, “qarşıda imtahanlar var”, deyir ki, əl çək. Bu “əl çək” gənclər üçün ən pis bəladır. Məsuliyyət hissi bu halı tərk etmək deməkdir.

İman da odur ki, insan doğrudan da mömincəsinə meydana atılsın. İmanınızı gücləndirməyə çalışın. Allaha şükür olsun ki, hamınızın ürəyi pak və təmizdir. Sizin qəlblərinizdə iman parlayır. Bu, hiss olunur. Eyni zamanda onu dərinləşdirməyə çalışın ki, hər bir hadisədə sarsılmasın. Yaxşı mütaliələrlə, uca insanlardan və yaxşı müəllimlərdən istifadə etməklə onu gücləndirin.

Özünüzdə ayıqlıq, təhlil qabiliyyəti - cəmiyyətdə baş verən hadisələrdən ümumi nəticə çıxarmaq qüvvəsi yaradın. Təhlil qabiliyyəti çox əhəmiyyətli amildir. Tarix boyu biz müsəlmanlar nə ziyan çəkmişiksə, təhlil qabliyyətinin zəifliyindən çəkmişik. Erkən İslam çağında çəkdiyimiz ziyanlar də belə olmuşdur, sonrakılar da. Düşmənin bizim ayıq olmamağımızdan və məlumatsızlığımızdan istifadə edib həqiqəti tərsinə göstərməsinə imkan verməyin.228
Elm və təhsil

Bəzi şeylər insanın ömrünün sonuna qədər faydalı olur, bəzi şeylər ömründən sonra, yəni sonrakı həyatda da, bəzi şeylər isə mühüm hadisələr zamanı. Siz on illərlə bu dünyada yaşayacaqsınız. Odur ki, özünüzü elm baxımından hazırlamalısınız. Elm insana ömrünün sonuna qədər faydalı amillərdəndir. Əgər elmin ardınca yaxşı və həmişəyaşar əməl də olsa, ölümdən sonra üçün də faydalı olar. Dərs oxumaq sizə ən vacib əməllərdəndir.229


Mütaliə mədəniyyəti

Mən görürəm ki, mövcud dərslər həcm və məzmun baxımından çox da ağır olmasa da, bizim bəzi gənclərimiz əlavə mütaliəyə vaxt ayırmırlar. Vaxtınızı ciddi işlərə sərf edin. Bəzi işlər əlavə, dərs, mütaliə və idman isə vacib işlərdir.230


Kitabla ünsiyyət

İndi din və elm hakimiyyətindən irəli gələn misilsiz fürsət yaranmışdır. Ölkənin elmi-mədəni inkişafı üçün bundan istifadə etmək lazımdır. Bu gün kitab oxumaq və elm öyrənmək təkcə milli yox, həm də dini baxımdan vacib əməldir. Hamıdan artıq gənc və yeniyetmələr bunu vacib saymalıdırlar. Baxmayaraq ki, kitabla ünsiyyət yayıldıqda kitab oxumaq bir vəzifə yox, şirin bir iş, qaçılmaz ehtiyac, şəxsiyyəti zənginləşdirmə vasitəsi hesab olunacaq və təkcə gənclər yox, bütün nəsil və təbəqələr rəğbətlə ona üz tutacaqlar.231


Fikir mübadiləsi

Müxalif fikrə dözmək

Üslub fərqlərindən çox da qorxmaq lazım deyil. Üslub fərqləri pis bir şey deyil. İndi misal üçün, iki siyasi xətt mövcuddursa, bir gəncin buna, o biri gəncin isə o birinə inanmasının eybi yoxdur...

Ayrısını inkar etmək haləti - yəni insanın ictimai məsələlərdə bir mövqe seçib "yüz faiz belə olmalıdır və bundan başqası doğru deyil" – deməsi düzgün və yaxşı hal deyil...

Mənim fikrimcə, insan qarşı tərəfin fikirlərinə dözməli və onun reaksiyasından sonra da düşünməlidir. Belə olsa, mənim fikrimcə, heç bir problem yaranmaz.232


Biçimli rəftar

Üslub fərqləri pis bir şey deyil... Zərərli olan düşüncəsiz və mütaliəsiz addım atmaq, cəld qərarlar çıxarmaq, coşmaq və mütaliəsiz işləməkdir. Mən əziz gəncləri bundan çəkindirirəm.

Gənc biçimsiz iş də görə bilər, biçimli iş də; yəni tamamilə düşüncə və fikirlə işləyə bilər.233
Siyasi baxışa malik olmaq

Universitetin siyasi mühit olması odur ki, tələbə dünya məsələlərindən, dünyada və öz ölkəsində baş verən hadisələrdən xəbərdar olsun. Belə olmasa, düşmən elmin yüksək zirvəsinə qalxmış çox dindar bir insanı, alimi çox ucuz qiymətə alıb öz qanadı altına salar.234


Düşüncə inkişafı və anlaşılmazlığın aradan qalxması

Çalışın sizin fikrinizə sərt müxalif olan şəxslə söhbət edin, fikir mübadiləsi aparın, anlaşın, zehninə kanal açın. Anlaşılmazlıq varsa, aradan qaldırılsın, bədgümanlıqdan pis inam yaranmışsa, təsir göstərin və qarşısını alın.235


Elm və dəyər

Elm səadət və ədalətin xidmətində

Mənim əzizlərim! Elm öyrənməkdə zərrə qədər də səhlənkarlıq etməyin, onu uca tutun. Elm sizin fərdi həyatınızı, xalqınızın və dünyanın həyatını gözəlləşdirə bilər. Necə ki, dünyanı viran da qoya bilər. Qərbin inkişaf etmiş elmi təəssüf ki, bu işi gördü və dünyanı xarabalığa çevirdi. Bu elm rifaha, səadətə və ədalətə səbəb ola bilər. Çox yaxşı olar ki, sizin elminiz olsun və ədalət tərəfdarı olan bir xalq kimi ədalət uğrunda çalışa, elmlə ədaləti yüksəldəsiniz. Deməli, birincisi elmdir. Dərs oxuyun, çalışın, müxtəlif sahələrdə elmi baxımdan özünüzü hazırlayın.236


Dinlə birgə elm öyrənmək

Mənim əzizlərim! Çalışın dini ruhiyyənizi və imanınızı gücləndirin. Elm o zaman işə yarayar ki, dinlə yanaşı olsun. Bəli, sizin dininiz var, bu dində mənəviyyat və paklıq var.237


Dini və siyasi dərklə birgə elm öyrənmək

Əziz gənclər! Gənclik dövrünün ən gözəl və ən faydalı fəsillərindən olan həyəcanlı təhsil çağı islami fəaliyyətlərlə, düzgün dini-siyasi dərk və biliyi artırmağa çalışmaqla keçsə, gənc nəsil ən üstün mənəvi sərvətlərdən birinə nail olar.238


Elm öyrənmək və imanı artırmaq

Siz öz həyatınızın bahar çağında elm öyrənməklə məşğulsunuz. Əvvəla, bunu mühüm sayın və bacardığınız qədər bundan bəhrələnin. İkincisi isə imanı gücləndirmək və mənəvi paklığı qoruma da gənclikdə daha asandır. Bunun üçün də lazımi səyinizi göstərin.239


Gənclərin universitetdə etikafı

Ölkəmizin ən böyük universiteti olan Tehran Universitetinin məscidində tələbələrin etikaf etməsi İslam Respublikası quruluşu və İran xalqı üçün doğrudan da bir fəxrdir. Bu, çox əhəmiyyətli və möhtəşəm hadisədir. Mən eşidəndə doğrudan da heyrətə gəldim. Bilirsiniz o məscid haradadır və o universitet kimlərin əli ilə yaradılıb?! Dindar tələbələrin o universitetdə, o məscidin içində etikaf etməsi onların qəbirdəki cəsədlərini lərzəyə gətirir. Onlar elə bilirdilər ki, universitet gələcəkdə bütün İran xalqını dindən ayırmağa bəs edəcək. İndi gənc tələbələr üç gün oruc halda universitetin məscidində oturur, etikaf edirlər. Bu, çox mühüm məsələdir. Bu işləri bacardığınız qədər artırın.240


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin