VERİLƏNLƏR BAZASININ KONSEPTUAL LAYİHƏLƏNDİRİLMƏSİ 5. Konseptual layihələndirmənin mahiyyəti
Verilənlər bazası tətbiq sahəsinin informasiya modelidir. Həmin modeldə informasiya sisteminin məqsədyönlü fəaliyyəti üçün tələb olunan faktlar (verilənlər) əks olunur. Verilənlər bazasının layihələndirməsi zamanı layihəçi bu faktları seçməli və təsvir etməlidir. Bununla da tətbiq sahəsinin sərhədləri müəyyənləşir. Sonradan seçilən VBİS vasitələri ilə verilənlər bazası reallaşdırılır.
VB-nin tətbiq sahəsi o vaxt müəyyənləşir ki, onun əhatə etdiyi obyektlər, onların xassələri və əlaqələri bəlli olsun. VB-nin layihələndirilməsi zamanı VB-də təsvir olunacaq obyektlər təyin olunur. Hər bir obyekt tipi üçün həmin tipdən olan obyektlər arasında əlaqələr müəyyənləşdirilir. Sonra həmin verilənlər haqqında VB-də hansı informasiyanın saxlanması və bu informasiyanın verilənlər vasitəsilə necə təsvir olunması məsələsinə baxılır. Gösətərilən məsələlərin həlli konseptual layihələndirmənin əsas mahiyyətini təşkil edir. Beləliklə, konseptual layihələndirmədə əsas məqsəd istifadəçilərin informasiya tələbləri əsasında VB-yə daxil edilən verilənləri müəyyənləşdirmək və onları seçilən VBİS-dən asılı olaraq təsvir etməkdən ibarətdir. Bu mərhələnin yerinə yetirilməsi nəticəsində tətbiq sahəsinin qlobal konseptual sxemi yaradılır. Buna verilənlər bazasının konseptual sxemi və ya informasiya-məntiqi (infoloji) sxem deyilir.
Beləliklə, konseptual layihələndirmə mərhələsində istifadəçilərin informasiya tələbləri sintez olunub, konseptual sxem formasında təsvir edilir. Burada əsas məsələ informasiya modelini elə təsvir etməkdən ibarətdir ki, o, həm istifadəçilər üçün, həm də VB-nin layihəçiləri üçün (o cümlədən, VB-nin administratoru üçün) əlverişli olsun.
Konseptual baxımdan obyekt dedikdə haqqında informasiya toplanan şəxs, müəssisə, avadanlıq, maddə, material, məhsul və s. nəzərdə tutulur. Obyektələrin seçilməsi informasiya sisteminin məqsəd və vəzifələri ilə təyin olunur. Obyektlər atomar (bölünməz) və tərkibli ola bilərlər. Eyni obyektə bir halda atomar, digər halda tərkibli kimi baxıla bilər. Tərkibli obyekt üçün daxili struktur, yəni onun tərkib hissələri müəyyənləşdirilməlidir. Tərkibli obyektin tərkib hissəsi də atomar və ya tərkibli ola bilər.
Hər bir obyekt konkret vaxt ərzində müəyyən vəziyyətlə xarakterizə olunur. Həmin vəziyyət məhdud sayda xassələr və əlaqələrlə təsvir olunur. Bu əlaqələr baxılan obyektin digər obyektlərlə münasibətini təyin edirlər. Obyektin xassələri qiyməti ədəd və ya sözlə ifadə olunan göstəricilərdir (məsələn, soyad, ad, tabel sayı, çəkisi, boyu və s.). Obyektin xassələri onun digər obyektlərlə əlaqələrindən asılı olmaya bilər, yəni lokal ola bilərlər. Əgər obyektin xassələri digər obyektlərlə əlaqələrdən asılıdırsa, belə xassələrə relyasiya xassələri deyilir. Obyektlər arasındakı əlaqələr əlaqəyə daxil olan obyektlərin sayından asılı olaraq: n = 2, 3,…, k dərəcəli ola bilər. Onlara uyğun olaraq binar, ternar, …, k-nar əlaqələr deyilir. Obyektlərin təsviri üsulunun əsas mahiyyəti oxşar obyektlərin qrup şəklində birləşdirilməsindən ibarətdir.
Dostları ilə paylaş: |