4. P. Sorokinin «qarşılıqlı təsir» nəzəriyyəsi P. Sorokinin fıkrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur. Bu, cəmiyyəti stratlara (təbəqələrə) ayırmağın aparıcı meyarını təşkil edir. Qarşılıqlı təsirlər birtərəfli, ikitərəfli, antaqonist və həmrəy xarakterli ola bilir. İnsanların stabil mövcud olan təşkilatları (sosial birlik, qrup tipli) elə bir yüksək inkişaf etmiş orqanizmə bənzəyir ki, onun «möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır».
Sorokinə görə, qarşılıqlı təsir mərkəzlərinin sıx funksional və yaxud səbəbiyyət qarşılıqlı asılılığı həmin qarşılıqlı təsiri xüsusi növ kollektiv vəhdətli hadisə kimi öyrənməyə imkanı verir. Funksional və ya səbəbiyyət əlaqələrinin olmadığı yerdə formal vəhdət özünü göstərir.
Fərdlərarası qarşılıqlı təsir və kollektiv vəhdət (birlik) sosial strukturun təhlilinin «birinci pilləsini»ni təşkil edir. «İkinci pillə» kollektiv birliklərin, real mövcud olan məcmuların, bölgülərin, çarpazlaşmaların, kumulyasiyaların, təbəqələşmələrin, bir sözlə, mürəkkəb sosial aqreqatların qarşılıqlı təsirini öyrənir.
Kollektiv birliklərin yaranması, qorunub saxlanılması və məhv olması amillərini kosmik, bioloji və sosialpsixoloji şərtlər təşkil edir.
Göründüyü kimi, cəmiyyətin sosial strukturu haqqında çoxsaylı nəzəriyyələr, konsepsiyalar, müxtəlif yanaşmalar formalaşmış, təkmilləşmiş və inkişaf etmişdir. Bu proses müasir dövrümüzdə də davam edir. Sosial strukturda baş verən mütərəqqi dəyişikliklər, inkişaf meylləri həmin nəzəriyyələrin daim təkmilləşməsini və yeniləşməsini şərtləndirir.
2. Sosial strukturun əsas tərkib hissələri
Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir. İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onların bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosialsinfı struktur adlandırılır. Sosial strukturun üçüncü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qrupları ehtiva edir.
Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, «sinif» termini elmi ədəbiyyata Gene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarında Fransada baş vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarından 1953-cü ilə kimi bu termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfı düşmən», «qolçomaq» və s.).
Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakıları ehtiva edən mühüm məna verirdi:
-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük insan qrupları kimi götürülür;
-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin təşkili) və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir;
-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir.
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfı fərqləri anlamaq üçün prinsipcə kifayət edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir.
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o bütün bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür.
Qeyd etmək lazımdır ki, marksizm tərəfındən cəmiyyətin strukturunun məhz sosial-sinfı struktur kimi şərhi istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-brindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyarına uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və təbəqələr arasındakı fərqlərin izahına mane olmur.
Müxtəlif tədqiqatçılar sinifləri təhlil edərkən onları böyük insan qrupu hesab edir, lakin onun əlamətlərini müxtəlif cür izah edirlər. Məsələn, görkəmli sosioloq P. Sorokinin fıkrincə, sinif - üç əsas əlamət baxımından fərqlənən (peşə, əmlak və hüquqi), öz zəmanəsi üçün tipik olan insanlar qrupudur. Sorokinin belə bir qeydi metodoloji baxımdan mümkündür ki, hər bir konkret tarixi şəraitdə sinfın əsas skeleti «əlavə göstəricilər, törəmə xassələr ilə tamamlanır». Peşə üzrə, təminata və hüquqa görə ümumilik eyni bir sinfə daxil olan insanların təhsil səviyyəsində, zövqlərində, simpatiyalarında və bütünlükdə həyat tərzində oxşar cəhətlərin olmasına gətirib çıxarır. Bu oxşarlıqlar sinfə sosial tip keyfiyyəti verir.
Elmi ədəbiyyatda belə bir tərifə də tez-tez rast gəlinir ki, sinif ümumi şəraitə və istehsal prosesindəki roluna görə birləşən, bunun nəticəsi kimi bölgü münasibətləri yaradan böyük sosial qrupdur. Bu əsas sosial-iqtisadi əlamətlərdən başqa, siniflər üçün həm də ikinci dərəcəli törəmə əlamətlər səciyyəvidir. Bunlara həyat tərzi, məişət, maraqlar, ictimai davranış, fəallıq, sosial-siyasi təşkilatçılıq, təhsil, mədəniyyət, şüur, ideologiya, ictimai psixologiya və s. daxildir. Bu əlamətlər sosial strukturun digər elementl rini də öyrənərkən nəzərə alınmalıdır.
Sosial qruplar ictimai istehsalda müəyyən yer tutan və obyektiv surətdə mövcud olan dayanıqlı insan kateqoriyalarıdır. Bu məsələni xüsusi fəsildə ətraflı şərh edəcəyik.
Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta ixtisas təhsili tələb edən və ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə məşğul olan insanların birliyidir. Ədəbiyyatda ziyalılar anlayışının geniş izahı da mövcuddur. Bu halda həmin qrupa zehni əməklə məşğul olan bütün işçilər daxil edilir: yəni həm ziyalı-mütəxəssislər, həm də yüksək təhsil tələb etməyən və mürəkkəb olmayan zehni əməklə məşğul olan qulluqçular -qeyri-mütəxəssislər (hesabdarlar, xəzinədarlar, katibə-makinaçılar, əmanət xəzinələrinin nəzarətçiləri və s.) bu kateqoriyaya aid edilirlər.
Ziyalıların cəmiyyətdəki rolu, yeri və strukturu onların aşağıdakı əsas funksiyaları yerinə yetirməsi ilə müəyyənləşdirilir:
maddi istehsalın elmi-texniki və iqtisadi təminatı;
istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayrı-ayrı altstrukturlarının peşəkarlıqla idarə edilməsi;
mənəvi mədəniyyətin inkişaf etdirilməsi;
insanların tərbiyəsi;
ölkənin zehni və fıziki sağlamlığının təminatı.
Ədəbiyyatda elmi-pedaqoji, mədəni-bədii, tibbi, idarəedici və hərbi ziyalıları fərqləndirirlər. Ziyalılar həm də ixtisas dərəcəsinə və sosial-demoqrafık əlamətlərinə görə təsnif edilirlər.
Qeyd etmək vacibdir ki, zehni və fıziki əmək işçiləri aşağıdakı göstəricilərə görə fərqlənirlər: 1) icra etdikləri işin məzmununa, fıziki və intellektual qüvvələrin sərfınin nisbətinə, əməyin mürəkkəblik dərəcəsinə və davametmə şəraitinə görə; 2) fıziki və zehni əmək işçilərinin mədəni-texniki səviyyəsinə (təhsilinə, ixtisas dərəcəsinə, peşə tərkibinə) görə;
3) mədəni və maddi rifahına, həyat şəraitinə görə də fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji araşdırmalarda sosial göstəricilər kimi istifadə etmək olar.
Sosial təbəqələr müəyyən sinfin, sosial qrupun hissələridir. Onların ayrılması və sosial siması mövcud istehsal üsulunun yetkinliyindən asılıdır. Məsələn, ziyalıların tərkibində təhsilin səviyyəsinə görə (orta və ali ixtisas, elmi dərəcəsi olanlar və olmayanlar və s.) təbəqələri, eləcə də, «praktikləri», ixtisas hazırlığı tələb etməyən zehni əməklə məşğul olan və müvafıq diplomu olmayan şəxsləri ayırmaq olar.
İşçilərin əməyin xarakteri və məzmunu meyarına görə təsnifatı onların peşəyə görə bölünməsinə, yəni sosial-peşə strukturunun formalaşmasına gətirib çıxarır. Bu əsasda aşağıdakı qruplar fərqləndirilir: zehni və fıziki əməklə, idarəetmə və icraetmə əməyi ilə, sənaye və kənd təsərrüfatı əməyi ilə məşğul olanlar, əmək qabiliyyətli əhali və ictimai istehsalla məşğul olmayanlar.
Sosial-peşə strukturu əməyin peşələr üzrə bölünməsinə, onun sahə strukturuna əsaslanır. İstehsalatın yüksək, orta və zəif səviyyədə inkişaf etmiş sahələrinin mövcudluğu işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyənləşdirir. Bu, konkret olaraq, sahələrin texniki inkişafının səviyyəsindən, əməyin mürəkkəblik dərəcəsindən, ixtisas səviyyəsindən, əmək şəraitindən və s. asılıdır.
Sosial strukturun mühüm bir səpkisini əhalinin sosial-demoqrafik göstəricilər üzrə bölünməsi təşkil edir. Bunlara qadınlar, kişilər, gənclər, pensiyaçılar, məktəblilər və b. daxildir. Sosial-demoqrafik qrupların ayrılması üçün meyarlar cins və yaş fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında sosial fərqlər olmasa da, siniflərə və qruplara bölünmüş cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Buna cəmiyyətdə kişilərin və qadınların, müxtəlif nəsillərin nümayəndələrinin fərqli, qeyri-bərabər vəziyyəti, qocaların, əmək veteranlarının, bir qayda olaraq, nisbətən ağır sosial vəziyyəti və s. dəlalət edir. Əhalinin yaş strukturunda qocalma prosesi yalnız bioloji, təkamül xarakterli bir proses deyildir. Qocalma iqtisadi fəallığın azalması, dövlətin ahıllara maddi-maliyyə xərcləri, ərzaq təminatı kimi problemlərlə bağlıdır.
Sosial-demoqrafık strukturun mühüm elementlərindən biri gənclərdir. Azərbaycanda gənclərin sosial strukturda xüsusi çəkisi xeyli artmışdır. Belə ki, 2006-cı ilin yanvar ayına olan məlumata görə, respublikamızın əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşına qədər olan əhali təşkil edir.2 Perspektivdə əhalinin yaş strukturunda bu prosesin getdikcə artması gözlənilir. Bu isə ölkəmizdə əmək qabiliyyətli əhalinin artmasını şərtləndirir.
Cəmiyyətin strukturunda insanların sosial-etnik birlikləri xüsusi yer tutur. Onların tərkibinə qəbilə, tayfa, xalq, millət daxildir (bu məsələlər xüsusi fəsildə təhlil ediləcəkdir).