Müşahidə və təcrübə.
Fiziki hərəkətləri öyrənən zaman 2 əsas tədqiqat metodu olan müşahidə və təcrübədən istifadə olunur. Sadə müşahidə zamanı tədqiqatçı hərəkəti olduğu kimi, onun gedişinə fikir vermədən öyrənir. Bu müşahidə zamanı hərəkət haqqında ümumi təsəvvür yaranır, yəni bədən hissələrinin hərəkəti, onun istiqaməti, amplitudası, sürəti, tempi, ritmi, əzələlərin gərginlik dərəcəsi və hərəkətlərin miqdarı haqqında qeyd edirlər. Sadə müşahidə vasitəsilə hakimlər gimnastika, akrobatika, suya tullanma, idman oyunları və s. üzrə aparılan yarışlarda bir sıra idman məşqələlərinin icra olunmalarının keyfiyyətini müəyyən edirlər. Müşahidə zamanı adi, stenoqrafiya və şərtli qeydlərdən istifadə olunur. Belə müşahidənin müsbət cəhəti adi çəraitdə (məsələn, yarışlarda) öyrənilən hərəkət haqqında lazımi məlumatları almaqdır, çünki bu zaman icra edici şəxsin müşahidə olunmasından xəbəri olmur. Mənfi cəhət isə, tədqiqatçı tərəfindən hərəkətə verilən qiymətin subyektivliyidir, bu zaman hərəkətin yolu, vaxtı, sürəti, əzələ qüvvəsi haqqında dəqiq, obyektiv məlumat almaq mümkün olmur, bu göstəricilər təxmini olaraq qəbul edilir.
Təcrübə, ya da qoyulmuş elmi təcrübə ən mühüm tədqiqat metodudur. Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqatçı öz fiziki hərəkətlərin icrası üçün elə şəraitlər yaradır ki, bunlar hərəkət texnikasının tədqiqatı üzrə qoyulmuş məsələni düzgün həll etmək mümkün olsun. Hər hansı bir təcrübə zamanı həm müşahidədən, həm də müxtəlif ölçü cihazlarından və foto – kino çəkilişlərindən istifadə olunur.
Dostları ilə paylaş: |