Merkantilizm iqtisadi məktəbin Q.Skaruffi (İtaliya), T.Man (İngiltərə), A.Monkretyen (Fransa), V.Staffor (İngiltərə), A.Serra (İtaliya) kimi müxtəlif ölkələrin nümayəndələri, ticarətin rolunun artdığı ilkin kapital yığımı dövrünün iqtisadi-nəzəri baxışlarının təkamülündə mühüm rol oynamışlar. Müxtəlif ölkələrdə yaşayıb fəaliyyət göstərdiklərindən, konkret şəraitlə bağlı onların mövqe və fikirlərində, şübhəsiz müəyyən fərqlər olmuşdur. Lakin merkantilistlərin bir sıra mühüm məsələlərdə birliyi, onları bu məktəbin nümayəndələri kimi səciyyələndirir.
Merkantilizm anlayışı, pul və ticarət, yaxud alverçi mənasını verir. Merkantilistlər tacirlər təbəqəsinin mənafe və maraqlarının müdafiəçisi kimi çıxış edərək, sərvətin mənbəyini ticarətdə görmüş, eyni zamanda sərvətlə pulu eyniləşdirmişdilər. Onların fikrincə, “sərvət puldur, pul isə qızıl və gümüşdür”. Pulu, qızılı ölkədə qoruyub sazlamaq, ixracı artırmaq, idxalı isə məhdudlaşdırmaq yolu ilə “aktiv ticarət balansı” ideyasını irəli sürən merkantilistlər, milli iqtisadiyyatın, habelə daxili bazarın dövlət himayəsinə ehtiyacı olduğunu göstərirdilər.
Maraqlıdır ki, iqtisad elminə və nəzəriyyəsinə “siyasi iqtisad” anlayışı (məfhumu) fransalı merkantilist Antuan Monkretyen tərəfindən gətirilmişdir. O qədim yunan sözləri olan “siyasət” və “iqtisadiyyat” anlayışlarını birləşdirərək, milli iqtisadiyyatın dirçəlişinə çağırış xarakterli əsərini “Siyasi iqtisad traktatı” (1615) adlandırmışdı. “Pul həyatın və müharibələrin nəbzidir”, yaxud “qızıl olduqca güclü dəmirdir” kimi fikirlərin müəllifi, eyni zamanda yazırdı ki, dövləti varlı edən qızıl və gümüş deyil, yaşayış üçün zəruri sayılan əşyaların (ərzaq, paltar) olmasıdır. Onun “insanların xoşbəxtliyi sərvətdə, sərvət isə əməkdədir” fikri, həmişə aktual olmaqla yanaşı, şübhəsiz merkantilist düşüncə tərzindən uzaqdır.
Ümumiyyətlə merkantilistlər ölkə iqtisadiyyatını (təsərrüfat həyatını) vahid sistem halında deyil, onun yalnız bir sahəsini - əmtəə tədavülü, mübadilə, alqı-satqı dairəsini tədqiq və təhlil etməklə, yaşadıqları dövrün konkret tələb, habelə sosial sifarişinə cavab axtarmaqla məhdudlaşmışlar.
Dostları ilə paylaş: |