Mühazirə mətnləri Bakı ­- 2015


Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf mərhələləri



Yüklə 0,93 Mb.
səhifə27/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

2.3. Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf mərhələləri
Azərbaycanın yerləşdiyi strateji əhəmiyyətli əlve­rişli mövqeyi, rəngarəng coğrafi-iqlim şəraiti, zəngin yer­üs­tü-yeraltı təbii sərvətləri, əməksevər əhalisinin təsər­rü­fatın müxtəlif sahələrində səylə çalışması, sənətkar­lıqla məşğul olması, yaxın-uzaq ölkələrlə ticarət əlaqələri apar­ması, bu ərazidə ən qədim dövrlərdən başlayaraq, tədricən qaynar iqtisadi həyatın formalaşmasına, mövcud istehsal münasi­bətlərinin səviyyəsinə uyğun ölkənin məhsuldar qüvvələ­rinin inkişafına müəyyən real imkanlar yaratmışdı.

Minillikləri əhatə etmiş qanlı-qadalı tarix boyunca aman­sız basqın və hücumlara, zorakı təzyiq və mənəvi təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili bir inam, tükənməz həyat enerjisi mənbəyi taparaq yeni­dən dirçəlmiş, əzəli varlığını, qanyaddaşı soykökünü, şə­rəf-­ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əz­mi ilə təsdiq etmişdir. Bütün dünyada olduğu kimi Azər­bay­canda da qədim zamanlardan başlayaraq, insanlar ya­şa­dıq­ları mühitin və cəmiyyətin təsərrüfat həyatına, ora­dakı iqtisadi əlaqə və münasibətlərin xarakterinə dair dü­şüncə və fikirlərini müxtəlif vasitələrlə ifadə etmişlər. Hələ eramızdan əvvəlki minilliklərdə, o dövrün konkret təsərrüfat həyatı, insanların əmək fəaliyyəti, onların məş­ğu­liyyəti, yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü, mü­ba­dilə münasibətləri öz əksini şifahi xalq ədəbiyyatı nümu­nələrdə, laylalarda, bayatılarda, qoşmalarda, atalar söz­lə­rin­də, nağıllarda, dastanlarda sadə bir şəkildə tapmışdır. Təsadüfi deyildir ki, xalqın tədricən formalaş­mış iqtisadi təfəkkür və fikir təkamülünün bu əvəzsiz mənbələri, qay­naqları onun “ilkin tarixi” kimi səciyyə­lən­dirilir.



Atəşpərəstlik dövründə Azərbaycan ərazisində geniş yayılmış zərdüştlük təlimi ideyalarında, cəmiyyətin iqtisa­di həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, böl­gü, mübadilə, təchizat məsələlərinə diqqət yetirilmişdir. “Avesta”, “Qurani-Kərim”, “Kitabi Dədə Qorqud” kimi ya­zılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti ilə bağlı əkinçilik, maldarlıq, bağçılıq-meyvəçilik habelə ti­carət, sələmçilik və vergilərə dair zəngin materiallar var­dır.

Orta əsrlər dövründə Azərbaycanda iqtisadi fikrin inkisafında Nizamülmülk (XI əsr), Nizami (Gəncəvi (XII əsr), Nəsrəddin Tusi (XIII əsr), İmaməddin Nə­si­mi (XIV əsr), Şah İsmayıl Xətai (XVI əsr). Məhəmməd Fizuli (XVI əsr), Molla Pənah Vaqif müəy­yən rol oy­na­mış­lar. Şair, dövlət xadimi, alimi kimi tanınmış bu gör­kəm­li şəxsiy­yət­lər yaşadıqları cəmiyyətin iqtisadi-sosial məsələlərinə to­xu­naraq, maraqlı fikirlər söyləmişlər.

Şərq və Qərb mənbələri ilə tanışlıq nəticəsində on­la­rın “Siyasətnamə”, “Xəmsə”, “Maliyyə haqqında trak­tat”, “Əxlaqi Nasiri” kimi əsərlərində, qəzəl və şerlə­rin­də ya­şa­­dıqları cəmiyyətin ictimai-iqtisadi məsələlərinə dair baxış­ları, tənqidi mülahizələri; haqsızlığa, ədalətsizliyə qarşı etirazları; ailə (ev təsərrüfatları), torpaq, mülkiyyət, müba­dilə, bölgü, büdcə, idarəetmə, məmur məsuliy­yəti haq­qın­da fikirləri; insan zəhmətinə, əmək bölgüsünə, qənaət­cil­liyə, qarşılıqlı faydalı ticarət əlaqələrinə, ölkənin abadlı­ğı­na, əhalinin peşə-sənət bacarığına, elm-təhsil işlərinə ver­dik­ləri yüksək qiymət; əmtəə-dəyər, pul-sərvət, borc-­sə­ləm anlayışına, yığım-xəzinə məsələlərinə, vergi-dövlət xərclərinə xüsusi diqqət yetirmələri; israfçılığa, möhtə­kir­liyə, haram qazanca qarşı sərt mövqeləri; hakimiyyətin ilk qayğısının insanların gələcəyi və rifahının yaxşılaş­dı­rıl­ması olduğu barəsindəki işıqlı düşüncələri, bizim gün­lə­rimizdə də aktual səslənir.

N.Tusinin təbirincə iqtisad elminin də daxil olduğu ictimaiyyət elmləri (ictimai elmlər) – “insan cəmiyyətində olan münasibətlər sistemidir” və hamının öyrənməyə səy etməli olduğu bir sahədir.

İqtisad elminin mövzusunu (predmetini) – “hamının xey­rinə olan (ictimai) əmək” kimi müəyyənləşdirən müəl­lif göstərmişdir ki, “insan öz ruzisini düşüncəsi, əmə­yi və bacarığı ilə əldə etdiyindən”, hər kəs yaxşı bacardığı, sev­di­yi peşə ilə məşğul olarsa “birgə əmək yaranar, xeyir artar, şər azalar”. Onun fikrincə, cəmiyyətdə elə şərait ya­ra­dılmalıdır ki, hərə öz imkanı və bacarığı dairəsində za­man və məkanın tələbindən asılı olaraq, ədalətlə öz bor­cunu yerinə yetirsin, hərənin haqqı özünə çatsın.



Nizamülmülk isə yazırdı ki, yalnız təsərrüfat həyatı­nın ciddi qayda-qanunlarına əməl olunan məmləkətdə “döv­lət güclənər, ölkədə bolluq olar”. Müəllifin fikrincə, ölkədə halal-harama fikir verilməsə, möhtəkirlik saxta­kar­lıq olarsa əhali, xüsusilə də “yoxsullar acınacaqlı və­ziy­yətə düşərlər”. Ölkədə hakimin sayğısızlığı qazının insafsızlığı üzündən yarana biləcək sosial narazılıq belə qiymətləndirilmişdir: “Atalar yaxşı deyiblər: ət iylənəndə ona duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir?” Öl­kə­nin və dövlətin həqiqi vəziyyətinin biliyin və yaxşı ənənələrinin səviyyəsi ilə ölçüldüyünü qeyd edən Niza­mü­mülk hakimlərı, dövlət xadimlərini elm adamları ilə otu­rub-­durmağa, işbilənlərlə məsləhətləşməyə, ağsaqqal­la­rın tövsiyələrinə qulaq asmağa çağırmışdı.

Bu mənada Nizami Gəncəvinin şah və xəlifələrin hökmranlıq etdiyi feodalizm dövründə özünüidarəyə, əda­lə­tə, qarşılıqlı hörmət münasibətlərinə əsaslanan ideal-­utopik cəmiyyət ideyasını irəli sürməsi, elmi uzaqgörənlik, habelə zəngin yaradıcılıq təxəyyülü kimi qiymətlən­di­ril­məlidir. Onun əsərlərindəki insan zəhmətinə, əmək fəaliy­yə­tinə, onun bölgüsünə, pula, sərvətə, kamil peşə-sənət sa­hi­bi olmağa, elmlərə yiyələnməyə, qənaətə, sadə yaşa­ma­ğa dair fikirləri, xalq müdrikliyindən qaynaqlanan iqtisadi təfəkkürün ifadəsi kimi dəyərləndirilməlidir. Şair insanın əmək fəaliyyətinin azad və sərbəst olması zəruriliyinə to­xu­naraq yazmışdı:

Hər kəs sənətində olmasa azad,

Dünya bu gedişlə olarmı abad?
“Həyat əməkdir”- əqidəsində olan müəllif, adamları insan edən, onları bütün canlılardan fərqləndirən halal zəhmətlə yaşamağa çağırmışdı:
Məşəl tək əlinin muzduyla dolan,

Şam kimi sən öz xəzinənlə yan.


“Sirlər xəzinəsi” əsərindəki sadə peşə sahibləri olan əkinçinin, kərpickəsənin, bağbanın timsalında, öz halal zəhməti ilə yaşayan bu əmək adamları, cəmiyyət həyatının əsl qurucuları, bünövrəsi kimi təsvir olunmuşlar. Şairin fikrincə, həyatda rahatlıq “daşdan çörək çıxaran” və “də­niz­dən dürr əldə edən” insanların, o cümlədən də daş­yo­na­nın, çobanın, əkinçinin, memarın, naqqaşın, əsgərin, ali­min, bənnanın gərgin əməyinin nəticəsidir.

“Hər peşəkar ancaq öz işini görməlidir”, “o vaxt ki, hər kəs öz bildiyi peşəsindən əl çəkər, abadlıq heçə enər”, “hər kəsin hünərinə görə iş verilməlidir”, “insan halına, bacarığına görə elə peşə seçməlidir ki, gördüyü işdən xə­ca­lət çəkməsin” mövqeyindən çıxış edən Nizami, ağıllı və düşünülmüş əmək bölgüsünə ölkənin sərvətinin artmasına, ölkədə məhsul bolluğu yaradılmasına, əhalinin dolanaca­ğı­nın yaxşılaşmasına təsir göstərən bir şərt kimi bax­mış­dır. O eyni zamanda məmləkətin və cəmiyyətin yaşan­ma­sı üçün ayrı-ayrı fiziki-zehni əmək fəaliyyəti növlərinin qar­şılıqlı əlaqəsi fikrini əsas tutmuşdur. Bu mənada müxtəlif peşə və sənətlərin bir-birini tamlayaraq, son nəticə eti­ba­rilə hamıya gərək olduğunu vurğulayan şair xatırlatmışdı:

Dünya bir tarladır, diqqətlə baxsaq,

Hamı bir-birinə cütçüdür ancaq.


Zəhmət - əmək “fəryad deyil, bir şadlıqdır” de­yən, nəsillərin zəruri istehsal fəaliyyətinin təkrar olunma­sı­nı “çox şey əkmişlər bizə, əkməliyik gənc nəslimizə” vəsiy­yətini edən və bu işi mənəvi insanlıq borcu kimi də­yər­ləndirən şair:

Dünyaya gəlmədik zövqə, işrətə,

Borcumuz qatlaşmaq hər cür zəhmətə -
inamı ilə “kamil palançılığı yarımçıq papaqçılıqdan” üstün tutmuş, həyatda və gündəlik dolanacaqda qənaətcil olma­ğı, hər işdə “nisbətlərə riayət etməyi”, “haqq-hesab bil­mə­yi”, “ölçü-biçi gözləməyi” tövsiyə etmiş, ədalətsiz vergi­lə­rə və rüşvətxorluğa qarşı çıxmış, “yetimlərin malına qəsd edilməsini” və “qocaların olub-qalanının çapılıb-­ta­lanma­sı­nı” qəzəblə lənətləmişdir. İnsanların əsl güc-qüvvətini, bə­şəriyyətin xoşbəxtliyini elmdə, bilikdə olduğunu və cə­miy­yətin bütün səylərinin ölkənin, onun əhalisinin xeyrinə yönəldilməsinin arzulayan mütəfəkkir sənətkar qəti bir əminliklə yazmışdı:
Qüvvət elmdədir, ayrı cür heç kəs,

Hər kəsə üstünlük göstərə bilməz.


Ümumbəşəri dəyərlərin varisləri kimi orta əsr Azər­baycan iqtisadi fikrinin nümayəndələri, müasir inteqrasiya və qloballaşma proseslərini sanki öz fəhmləri ilə dərk edə­rək bildirmişlər: “tədricən bir-birinə kömək edən insanları birləşdirən quruluşun yaranması zəruriyyəti meydana çı­xar, çünki insanlar öz təbiəti etibarilə inkişafa meyl edən bir varlıq kimi yaradıldığından məhz belə birləşməyə möh­­tacdırlar” (N.Tusi).

XIX əsrin əvvəllərində Azərbaycanın parçalanaraq Ru­siya tərəfindən işğalından başlayaraq, XX əs­rin ilk iyir­min­ci illərinə qədər olan dövrdə burda gedən ictimai-­si­ya­si iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır, H.B.Zərdabi, N.B.Və­zi­rov, C.Məmmədqulu­zadə, M.Ə.Sabir, M.Ə.Rə­­sul­zadə, N.Nərimanov, Ü.Hacıbəyli, Ə.Hüseynzadə ki­mi görkəmli simalarının yaradıcılığında tapmışdır. Onların bə­dii əsərlərində, mətbuatdakı yazılarında, publisist mə­qa­lə­lərində, müsahibələrində, çıxışlarında və əməli fəaliy­yət­lə­rində çar Rusiyasının müstəmləkə siyasəti, xalqın hü­quq­suz vəziyyəti, rəsmi məmurların rüşvətxorluğu, cəmiy­yətin sosial təbəqələşməsi, zəhmət adamı - fəhlənin, kənd­li­nin, sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq və hüquqlarının tapdalandığı, sələmçiliyin yaratdığı bə­la­lar, ölkənin səriştəsizliklə idarə olunması, əhalinin savad­sız­lığı, dini-xürafat mühitinin formalaşdırdığı həyat tər­­zinin nəticələri, milli qeyrət, vətəndaşlıq məsuliyyəti möv­qe­yindən tənqid edilmişdir. Eyni zamanda onlar Azər­bay­canın təsərrüfat həyatındakı canlanmanı, yeni iqtisadi mü­nasibətlərin özünə yol açmasını, ölkənin daxili-xarici iqti­sa­di əlaqələrinin genişlənməsini, xalqın iqtisadi-sosial və­ziy­­yətindəki dəyişiklikləri və ümumi inkişaf, habelə milli şüurun formalaşması istiqamətindəki obyektiv meyl­ləri düzgün dəyərləndirmişlər.

Bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə daxil olmuş Azərbaycan Xalq Cümhuriy­yə­tinin 1918-1920-ci illəri əhatə etmiş 23 aylıq hakimiyyəti dövrü, onun M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, H.B.Ağa­yev, H.B.Usubbəyov və digər xadimlərinin iq­ti­sa­di-sosial görüşləri, Musavat hökumətinin hazırladığı iqti­sa­di siyasət tədbirləri platforması, bu xəttin özünə­məx­sus xüsusiyyətləri, həyata keçirilən ilk uğurlu addımlar, xalqımızın iqtisadi fikir, habelə təfəkkürünün formalaşma­sı prosesində mühüm mərhələ olmuşdur.

Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkə­lə­rinin xüsusiyyətlərini nəzərə alan çevik iqtisadi siyasət taktikası, bir neçə variantda hazırlanmış aqrar proqramı, sə­na­yenin inkişaf yolları xətti, maliyyə-valyuta siyasəti, inflya­siyaya qarşı mübarizə üsulları, xarici ticarət əlaqələ­ri­nin genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tən­zim­lənməsi istiqamətindəki addımları, əhalinin həyat səviy­yə­sini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər sahələrdəki dün­­ya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi, Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsul­za­dənin “fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlal­dır” ideyasına söykənmişdir.

71 il (1920-1991) davam etmiş işğalçı bolşevik reji­mi şəraitində müəyyən istisnalarla Azərbaycanda iqtisad elmi və iqtisadi fikrin inkişafı, hakim ideologiya olmuş marksist-leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı iqtisadi müddəalarının öyrənilib tədqiq, habelə tədris olun­masına tabe edilmişdi. Lakin həyat sübut etdi ki, xü­su­si mülkiyyət hüququnu qadağan edən, sahibkarlıq-­biznes fəa­liy­yətinə yol verməyən, insanların iqtisadi maraq və təşəbbüslərini boğan, rəqabət prinsiplərinə əməl etməyən bir təsərrüfat sistemi məhvə məhkumdur.

Sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məh­du­diyyətlərinə baxmayaraq, Azərbaycanda iqtisad elminin nəzəri-praktik məsələlərinə dair Məmmədhəsən Vəlili (Ba­harlı), Bəkir Həsənbəyov, Həsən Dadaşov, Əliqulu Fə­rə­cov, Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Mədət Allahverdiyev, Muxtar Mustafayev, Ələsgər Qasımov, Mahmud Tağıyev, Yusif Məmmədov, Mirağa Musayev, Balaca Əbdürrəhmanov, Əbdülqafur Zər­gərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Və­li­yev, Ağayar Həsənov, habelə başqaları müxtəlif istiqa­mə­t­lərdə tədqiqatlar aparmış, monoqrafiyalar, dərsliklər, ki­tab­lar, məqalələr nəşr etdirmiş, iqtisadçı kadrların hazır­lanmasına xidmət göstərmişlər.

XX əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının si­ya­si-ictimai və iqtisadi-sosial sistem kimi iflasından son­ra imperiya ərazisində formalaşmış müstəqil dövlət­lər­dən biri olan Azərbaycan Respublikasında iqtisad elminin, o cümlədən də onun tərkib hissəsi sayılan iqtisadi nə­zə­riy­yə­nin, habelə təlimlər (fikir) tarixinin obyektiv sürətdə öyrənilib tədris olunmasına geniş imkanlar açılmışdır.

Sinfi mübarizə zəruriliyi, ideoloji təzyiq, inqilabi çevrilişlərin labüdlüyü konsepsiyalarından, mərkəzləşdiril­miş totalitar planlı sosialist sistemindən keçən bir ölkədə, müasir mərhələdə qarşıya çıxan mürəkkəb və ziddiyyətli problemləri, nisbətən qısa müddət ərzində daha az itki­lərlə, yüksək sosial-iqtisadi səmərəlilik meyarları ilə həll etmək üçün iqtisad elminin həm elmi-nəzəri, həm də əmə­li-­praktik axtarışlarına, tövsiyələrinə ciddi ehtiyac vardır.

Müstəqil Azərbaycan Respublikasının rastlaşdığı gün­dəlik cari qayğılar ilə hökmən məşğul olmaqla yanaşı, müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyət­lə­rin­dən yaradıcılıqla faydalanmaq əsasında milli iqtisadiy­yatı­mızın gələcək uzunmüddətli inkişaf perspektivtərini işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə kimi durmaqdadır.

İqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin yaxın, orta, uzunmüddətli inkişaf perspektivlərinin daxili-­xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini mil­li təhlükəsizlik, beynəlxalq iqtisadi-ticarət əlaqələri, istehsal-xidmət dairələrinin son səmərəliliyi baxımından, yal­nız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inki­şafı, alim-mütəxəssislərin peşəkar məsləhətləri təməlində aparmaq mümkündür.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin