2.2.İqtisad elminin formalaşması və müxtəlif məktəbləri
Dünya təsərrüfat və ictimai-siyasi həyatında XVI əsrin sonu və XVII əsrin əvvəlləri yeni meylləri ilə böyük bir tarixi dövrün başlanğıcı kimi səciyyələnir. Orta əsrlərin və feodalizm gerçəkliyinin ətalət, din, mövhumat pərdəsinə bürünmüş sosial-iqtisadi həyatı tədricən oyanıb canlanmağa yönəlmiş, eyni zamanda cəmiyyətdə, habelə ətraf aləmdə baş verən mürəkkəb hadisələrin daha obyektiv surətdə dərk olunub, qiymətləndirilməsi prosesi başlanmışdı.
Böyük coğrafi kəşflər, ictimai əmək bölgüsünün dərinləşməsi, əmtəə-pul münasibətlərinin inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, müstəmləkə sisteminin yaranması, ilkin kapital yığımı prosesinin sürətlənməsi, dünya (beynəlxalq) bazarın formalaşması, elm və texniki fikrin nailiyyətlərinin istehsala tədricən tətbiqi, bu yeni dövrün əlamətdar cəhətləri idi. Cəmiyyətin ictimai-iqtisadi həyatında baş verən bu kəmiyyət və keyfiyyət dəyisiklikləri nəticəsində, xüsusi mülkiyyətin müxtəlif növləri geniş yayılmağa başlamış sərbəst sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar açılmış, daxili-xarici bazarlarda rəqabət mübarizəsi gündəlik təsərrüfat münasibətlərinə daxil olmuşdu.
Yeni və daha mürəkkəb bir iqtisadi sistemin formalaşması əlamətləri, özünün ilk növbədə Qərbi Avropa ölkələrinin ictimai-iqtisadi həyatında göstərmişdir. Mütərəqqi cəhətləri ilə səciyyələnən və inkişaf etməkdə olan bu iqtisadi münasibətlər sistemi, onun mahiyyəti və fəaliyyətini araşdırıb təhlil edən xüsusi bir elm sahəsinin formalaşmasını irəli sürürdü. Ona görə də XVII əsrə qədər ümumi şəkildə müxtəlif elmlərin (fəlsəfə, tarix, politologiya, hüquq) daxilində inkişaf edən iqtisadi biliklər (fikirlər, ideyalar, təlimlər), artıq müstəqil bir elm sahəsi kimi formalaşmağa başladı. Sərbəst bazar (kapitalist) münasibətlərinin meydana çıxıb təşəkkül tapması, onun mahiyyəti, məqsədi, vəzifələri haqqında sistemləşdirilmiş biliklər kimi iqtisadi nəzəriyyənin məhz XVI-XVII əsrlərdə yaranmasını şərtləndirmiş və onun ilk məktəbi merkantilizm olmuşdur.
Dostları ilə paylaş: |