Mühazirə mətnləri Bakı ­- 2015


Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687), A.Smit (1723-1790), D.Rikardonun



Yüklə 0,93 Mb.
səhifə26/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687), A.Smit (1723-1790), D.Rikardonun (1772-1823) adları ilə bağlıdır. Bu iqtisadi məktəb İngiltərədə meydana çıxıb formalaşmış və davamçıları tərəfindən inkişaf etdirilərək, Qərbi Avropa, habelə dünyanın bir sıra ölkələrində geniş yayılmışdır. Klassik siyasi iqtisad məktəbinin İngiltərədə yaranması təsadüfü deyildi, çünki XVII-XIX əsrlərdə o, Avropanın və dünyanın ən yüksək inkişaf etmiş sənaye ölkəsi sayıldığından, “dünya emalatxanası” rolunu oyna­yır­dı. XVIII əsrin ikinci yarısından başlanmış “sənaye çevrilişi” və bu inqilabi prosesin elm-texnika, mütərəqqi texnologiya, istehsalın daha mükəmməl maddi-texniki ba­za­sı, ölkədə əl əməyinə əsaslanan manufaktura tipli is­teh­saldan iri maşınlı zavod-fabrik sənaye mərhələsinə keç­məyə imkan yaratmışdı. Şübhəsiz, belə bir yeni tarixi iq­ti­sa­di inkişaf dövründə, ölkənin təsərrüfat həyatını bir-­bi­rin­dən tədric olunmuş, yaxud əlaqəsiz (merkan­ti­list­lərin tica­rəti, fiziokratların isə əkinçiliyi) tədqiq edib, öyrənmələri özünü doğrulda bilməzdi. Cəmiyyətdə və iqtisadiyyatda getdikcə güclənən meyllər, istehsalın ayrı-ayrı sahələrində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ölkənin təsərrüfat həyatını bütöv sistem, yaxud tam halında öyrən­məyi irəli sürürdü.

Sərbəst bazar (kapitalist) iqtisadi münasibətləri sis­te­minin elmi nəzəriyyəsini formalaşdıran klassik məktəbin nümayəndələri, əmək - dəyər nəzəriyyəsi əsasında, insanın iqtisadi azadlığı, onun sərbəst surətdə öz qabiliyyətini real­laşdırılması, iqtisadi fəaliyyətin şəxsi maraq əsasında aparılması, rəqabət mübarizəsinə real şərait yaradılması məsələlərinə ciddi diqqət yetirmişdilər. U.Pettinin “sər­və­tin atası əmək, anası isə torpaqdır” obrazlı sözləri, klassik siyasi iqtisad məktəbinin ən mühüm xidməti sayılan əmək dəyər nəzəriyyəsinin yığcam ifadəsidir.



A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haq­qında tədqiqat” (1776) əsərində insanların iqtisadi marağı, onların sərbəstliyi, bazarda rəqabətə geniş yol verilməsi prinsiplərini irəli sürərək yazırdı ki, bazarı “görünməz əl” (tələb, təklif, qiymət, rəqabət mənasında) idarə edir. Çünki insan öz ətrafındakıların daimi yardımına ehtiyac duyduğu halda, bu yardımı yalnız onların xeyirxahlığında axtarması əbəsdir. A.Smitin fikrincə, bizim naharımız qəssabın və ya çörəkçinin xeyirxahlığından deyil, onların öz maraqlarına uyğun peşə-sənət məşğuliyyətləri (əmək fəaliyyətləri) ilə bağlıdır. Doğrudur, “hər bir fərd ictimai mənafeyi qoru­maq niyyətində olmadığı kimi, onu nə dərəcədə güddü­yü­nü də bilmir. O yalnız öz mənfəətini düşünür və bunu edər­­­kən, arzulamadığı (nəzərdə tutmadığı) məqsədlərə doğ­­ru bazarıngözəgörünməz əli” tərəfindən idarə olu­nur”. Ona görə də dövlətin vəzifəsi bazarın işinə qarışmaq yox, onun normal təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaq, ölkə vətəndaşlarının həyatını, azadlığını və iqti­sadi sərbəstliyini qorumaqdır. A.Smit ölkənin sərvətinin və milli gəlirinin artırılmasını, istehsalda çalışmaların sa­yı, habelə onların əmək məhsuldarlığı, peşə-sənət bacarığı qabiliyyəti kimi iki əsas amillə əlaqələndirmişdi.

D.Rikardonun “Siyasi iqtisadın və vergi qoyulma­sı­nın əsasları” (1817) əsərində A.Smitin insanların şəxsi maraq, fayda əldə etmək, bazarda sərbəst rəqabət haq­qın­da fikirləri daha da genişləndirilib inkişaf etdirilmişdir. O, iqtisadi nəzəriyyənin pul, onun tədavülü, kredit mü­na­si­bətləri, vergi məsələlərinə dair elmi-nəzəri, habelə kon­kret əməli fikirlər söyləmiş, beynəlxalq əmək bölgüsü və dün­ya ticarət əlaqələrinə, xüsusilə bu münasibətlərdə A.Smi­tin “mütləq üstünlüklər” nəzəriyyə­sinin davamı ki­mi özü­nün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazır­la­mışdır.

Marksist məktəb K.Marks (1818-1883) və F.Engel­­sin adı, habelə dünyanın müxtəlif ölkələrində bu təlimin davamçılarının inqilabı fəaliyyətləri ilə bağlıdır. Ümu­miy­yət­lə marksizm nəzəriyyəsinin və onun iqtisadi ideyala­rı­nın yaranması, XIX əsrin 30-40-ci illərindən başlayaraq Qərbi Avropa ölkələrində, ilk növbədə isə İngiltərədə iri maşınlı sənayenin inkişafı, cəmiyyətin kapitalistlərə və pro­letariata (fəhlələrə) bölünməsi, bu siniflər arasında iq­tisadı-siyasi mübarizəsinin kəskinləşməsi, gələcəkdə daha ədalətli bir quruluş (sosializm - kommunizm cəmiy­yəti) for­malaşması zəruriliyinə əsaslanmışdı.

Marksist məktəbin nümayəndələri yeni formalaşan fəhlə sinfini “kapitalizmin qəbirqazanı” adlandıraraq, onun siyasi hakimiyyəti ələ alacağını elmi-nəzəri cəhətdən əsas­landırıb, sübut etməyə çalışmışlar. Onların fikrincə, ye­ni qurulacaq cəmiyyətdə xüsusi mülkiyyət ləğv edilə­cək, istehsal vasitələri üzərində ictimai mülkiyyət bərqərar olacaq, rəqabət mübarizəsi aradan qaldırılacaq, işsizlik ol­mayacaq, ədalətli bölgü prinsipi həyata keçiriləcəkdir.

K.Marks və F.Engelsin “Kapital”, “Anti-Düring” “Tə­biətin dialektikası”, “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”, “İngiltərədə fəhlə sinfinin vəziyyəti” kimi əsərlərdə, kapitalizm cəmiyyətinin əsas iqtisadi qa­nununun “izafi dəyər” olduğu irəli sürülmüşdü. Bu qa­nun marksist iqtisadi təlimin “təməl daşı” adlandırılaraq, kapi­talistlərin bütün sərvətinin mənbəyinin fəhlələrin haqqı ödənilməmiş izafi əməyi olduğu göstərilmişdi. Marksist təliminə görə kapitalizm quruluşu tez-gec hökmən dağı­laraq, daha ədalətli kommunizm cəmiyyəti ilə əvəz oluna­caq və orada “hər kəs əməyinə, hər kəsə ehtiyacına görə” humanist prinsipi həyata keçiriləcəkdir. Bu ideyanın real­laş­dırılmasının mütəşəkkil hərəkətverici qüvvəsi və həll­edici inqilabi amili fəhlə sinfi olduğundan, bütün ölkələrin proletariatı kapitalistlərə (sahibkarlara) qarşı birləşərək, so­nadək mübarizə aparmalıdırlar. K.Marksın təbirincə, “pro­letariatın bu mübarizədə itirəcəyi yalnız onun zəncir­ləri, qazanacağı isə bütün dünya olacaqdır”.

Marksist nəzəriyyə gələcək sosializm və kommu­nizm cəmiyyətlərinin əslində necə olacağı barəsində aydın mənzərə yarada bilməsə də, lakin onun “bazar özbaşı­na­lığı”, “ədalətsizliyi”, “nizamsızlığı” kimi nöqsanlardan hök­­­mən azad olacağı əsaslandırmağa çalışmışdı. Bu nəzə­riy­yəyə görə proletar inqilabı ilk növbədə Qərbi Avropa­nın sənaye cəhətdən daha yüksək inkişaf etmiş bir sıra ölkəsində eyni vaxtda baş verməli idi.

Marksizmin müddəalarını öz ideologiyası, siyasi xət­ti və iqtisadi-sosial dəyişikliklər proqramı elan etmiş bol­şeviklər, V.İ.Leninin başçılığı ilə 1917-ci ilsə Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirdikdən sonra, bu təlimin prinsiplərini doqmatik, əzbərçi şəkildə tətbiq etməklə onu eybəcərləşdirmiş, əsassız təqiblər, kütləvi həbslər, məhkə­mə­siz sürgünlər təməlində totalitar diktatura tipli, inziba­ti-­amirlik sistemi yaratmışdılar. Lakin ölkənin təsərrüfat həyatının hədsiz dərəcədə mərkəzləşdirilməsi, elmi-tex­ni­ki nailiyyətlərdən səmərəli istifadə olunmaması, beynəl­xalq miqyasda rəqabət apara bilməməsi, əhalinin həyat sə­viy­yəsinin aşağı olması, insanları iqtisadi-siyasi hüquqla­rının pozulması, sovet rejiminin sivil dünyanın yaratdığı sərbəst bazar iqtisadi münasibətləri sisteminin işgüzar tə­şəb­büskarlıq prinsiplərinə uyğunlaşa bilməməsi, 1991-ci ildə Azərbaycan Respublikasının da işğal yolu ilə daxil edildiyi bu quruluşun dağılması ilə nəticələndi.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin