Neoliberalizm cərəyanının ümumi metodologiyası əsasında formalaşan Almaniyada Frayburq (V.Oyken, L.Erhad), İngiltərədə London (F.Hayek), ABŞ-da Çikaqo (M.Fridmen, L.Mizes), Fransada isə J.Ryufe və M.Allen adları ilə tanınmış müxtəlif məktəbləri göstərmək olar. Bütövlükdə onların iqtisadi baxışlarının əsasında azad sahibkarlıq fəaliyyəti və dövlətin ölkənin təsərrüfat həyatı işlərinə az qarışması prinsiplərinin zəruriliyi durmuşdu.
Onlar xüsusi mülkiyyəti sahibkarlıq fəaliyyətinin hüquqi əsası saymış, iqtisadiyyatda baş verən tənəzzül, durğunluq, işsizliyin səbəblərini azad rəqabətin yerini inhisarçılığın tutması ilə izah etmiş, dövlətin rolunu isə sahibkarları istiqamətləndirməkdə yox, onların işgüzar fəaliyyəti ilə bağlı qarşıya çıxan müxtəlif çətinliklərin aradan qaldırılmasında görmüşlər.
V.Oyken və onun tərəfdarları tərəfindən iqtisadi quruluşların: a)mərkəzdən idarə olunan; b) bazar təsərrüfatı kimi 2 tipinin təhlili əsasında, sosial yönümlü bazar iqtisadi modeli işlənib hazırlanmışdır. Bu ideya, ikinci dünya müharibəsindən sonra L.Erhadın bir siyasi xadim kimi xidmətləri sayəsində Qərbi Albaniyada həyata keçirilmişdir və “alman modeli” adlanır.
Neoliberalizmin L.Mizes (ABŞ) və F.Hayek kimi görkəmli nümayəndələri, mərkəzdən idarə olunan planlı so-sialist təsərrüfat sisteminin gələcəyi olmadığını qətiyyətlə bildirmiş, müasir dövrdə optimal iqtisadi inkişaf yolunun xüsusi mülkiyyətə, sərbəst mübadiləyə, rəqabət mübarizəsinə əsaslanan siyasətlə reallaşa biləcəyini söyləmişlər.
F.Hayek “Quldarlığa aparan yol” əsərində yazmışdır ki, iqtisadi azadlıqdan, bazar qiymətindən imtina edən quruluşu həyat diktaturaya və “iqtisadi quldarlığa” doğru aparır. Onun fikrincə, azadlıq dövlət tərəfindən “məhdudiyyətlərin və məcburiyyətlərin” ləğv edilməsi deməkdir. O, dövlətin iqtisadiyyata hədsiz qarışmasını, cəmiyyətdə insanların iqtisadi fəaliyyət azadlığının pozulması kimi qiymətləndirmiş və bu rolu yalnız əhalinin sosial müdafiəsi sahəsində zəruri saymışdır. Müəllif hesab edirdi ki, cəmiyyətin yenidən qurulmasının təşkili və onun inkişafı “plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül yolu ilə baş verir”. Ona görə də iqtisad elmi insanların mənafeyi naminə cəmiyyətin “iqtisadi ehtiyatlarından (resurslarından) daha səmərəli istifadə edilməsi problemlərinin tədqiqi ilə məşğul olmalıdır” .
J.Pyuef (Fransa), Keynsin iqtisadiyyatın dövlət tənzimlənməsi ideyasının əleyhinə çıxmış, azad bazar qiymətlərini iqtisadiyyatı tarazlayan amil hesab etmiş, iqtisadi hadisələrin kəmiyyət-keyfiyyət cəhətlərinin əlaqəli təhlilində riyazi modelləşdirmədən istifadə etmiş, əmək haqqının aşağı olmasının təkrar istehsal prosesini pozduğunu, işsizliyi artırdığını, sosial problemləri kəskinləşdiyini nəzərə çatdıraraq, cəmiyyətdə tarazlığın yaradılması naminə, sərbəst bazarla yanaşı, indikativ (tövsiyə) xarakterli planlarının olmasını da məqsədəuyğun saymışlar.
Dostları ilə paylaş: |