Təhsil sistemində psixoloji xidmət pedaqoji psixologiyanın formalaşma mərhələsində olan yeni sahələrindən biridir. Artıq son dövrlərdə tətbiqi pedaqoji, sosial psixologiya və şəxsiyyət psixologiyası kimi sahələr doğru olaraq ümumi bir adla – praktik psixologiya adlandırılır.
Praktik psixologiyanın konstruktiv nəzəriyyəsi praktik psixologiya → nəzəriyyə → praktik psixologiya silsiləsi üzrə inkişaf edir.
Təhsil sistemində psixoloji xidmət cəmiyyətinin inkişafının müasir mərhələsində və perspektivdə ən zəruri komponentlərindən biridir. Onun tətbiqinin məqsədəmüvafiqliyi hər bir uşağın fərdi xüsusiyyətlərinin, həyata yaradıcı münasibətinin inkişaf etdirilməsi tələbatı ilə müəyyənləşdirilir.
Müasir dövrdə bu vəzifələrin yerinə yetirilməsində təhsil sistemi xeyli çətinliklərlə qarşılaşır. Bu çətinliklərin yaranmasının başlıca səbəblərindən biri təlim və tərbiyə proseslərinin uşağın inkişafı, onun şəxsiyyətinin formalaşması haqqında mövcud biliklər kompleksinə zəif istinad edilməsi ilə əlaqədardır. Uzun illər boyu təlim – tərbiyə vəzifələrinin işlənib hazırlanmasında təhsil sisteminin rəhbər orqanları deklarativ şəkildə şagirdin şəxsiyyətinin formalaşdırılması zərurətini irəli sürsə də, əslində məktəblərin fəaliyyətinin nəticələri qiymətləndirilərkən, şagirdlərin psixoloji xarakteristikaları, psixi inkişaf göstəriciləri heç vaxt nəzəə alınmamışdır. Məktəblərdə təlim – tərbiyə işlərinin səmərəliliyi bir qayda olaraq bilik, bacarıq və vərdişlərin inkişaf səviyyəsi ilə müəyyənləşdilirmişdir. Bu meyar vacib, zəruri olsa da, müasir dövrdə kafi hesab edilə bilməz. Çünki bu göstəricilər uşağın şəxsi və psixi inkişafının tam mənzərəsini əks etdirməyindən, öyrənilmiş materialların şagirdin şəxsi sərvətinə çevrilmə vəziyyətini, mənimsənilmiş təlim materiallarının şagirdin təfəkkürünün və qabiliyyətinin gələcək inkişafına təsirini açmağa imkan vermir. Başqa sözlə desək, bu halda təlim – tərbiyə prosesinin özünün nə dərəcədə səmərəli olması məsələsi aydın olmur.
Təhsil sistemində psixoloji xidmət təhsil müəssisələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika, korreksiya, konsultasiya və s.məqsədləri üçün kompleks istifadəni nəzərdə tutan praktik fəaliyyət sistemidir.
Müasir dövrdə təhsil sistemi məktəb psixoloqlarının simasında pedaqoji, yaş və sosial psixologiya sahəsindəki yeni nailiyyətlərin gündəlik məktəb həyatına tətiqini reallaşdıran mütəxəssislərlə təmin olunmaqdadır.
Müasir təhsil sistemində geniş tətbiq olunan psixoloji xidmət haqqında konsepsiyalar içərisində İ.V.Dubrovina və L.M.Fridmanın konsepsiyaları özlərinin orijinallığı ilə fərqlənir. Onların konsepsiyalarının modifikasıyaları əsasında bir sıra digər konsepsiyalar da yaradılmışdır.
Dostları ilə paylaş: |