Eldar Həsənovun yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb
08.10.2015
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənovun 60 illik yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifəsini tutub. Ədliyyə general-leytenantıdır.
2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.
Eldar Həsənov elmi-pedaqoji fəaliyyətlə də müntəzəm məşğul olub, Bakıda hüquq üzrə namizədlik, Moskvada doktorluq dissertasiyası müdafiə edib. Professordur. 25 kitabın, 160-dan artıq elmi-publisistik məqalənin müəllifidir.
Novator.az xəbər verir ki, Eldar Həsənovun işıq üzü görən yeni kitabı “Balkanların dostluq körpüsü boyunca” adlanır. “Balkanların dostluq körpüsü boyunca” kitabı müəllifin bu qəbildən ilk işi deyil, bir neçə il əvvəl onun “Slavyan dənizindəki Latın adasında” adlı kitabı da çapdan çıxmışdı – Eldar Həsənov həmin kitabı uzun müddət səfir kimi çalışdığı Rumıniyadan yazmışdı. Yeni kitabında da Eldar Həsənov Azərbaycanın Qərbi Balkan ölkələri ilə qarşılıqlı münasibətlərini təhlil etməklə, həmçinin regionda əsrlər boyu baş vermiş hadisələri müasir dövrümüzədək araşdırmaqla oxuduqlarını, gördüklərini, yaşadıqlarını qələmə almağa, bölgənin zəngin tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən, tarixi memarlıq abidələrindən söz açmağa, düşüncələrini bölüşməyə çalışıb.
Kitabın girişində müəllif öz məramını belə açıqlayır: “Şübhə etmirəm ki, bu kitab vasitəsilə Balkanları tanıyandan sonra siz o torpaqları, o insanları sevəcəksiniz. İstədiyim budur ki, Balkanlardan uzaq ölkələrin adamları bu torpaqlara onu ürəkdən sevən bir əcnəbinin gözüylə baxa bilsinlər. Görsünlər ki, bu region Avropanın bir parçası olaraq nə kimi çətinliklərə sinə gərib, insanlar arasında inam və etimadın bərpası yolunda nə qədər əziyyətlərdən keçib. Balkan əhalisinin çəkdiyi əzablar dərin hörmət və ehtirama layiqdir!”
Giriş və xülasə də daxil olmaqla kitab səkkiz fəsildən ibarətdir.
Kitabın böyük bir bölümü Azərbaycanla Qərbi Balkan ölkələri arasındakı mədəni əlaqələrə, dostluq münasibətlərinə, iqtisadi-siyasi əməkdaşlığa həsr edilib. O cümlədən İkinci Dünya müharibəsində faşizmə qarşı yuqoslav partizanları ilə bir sırada mübarizə aparmış Mehdi Hüseynzadəyə xüsusi yer ayrılıb – əfsanəvi “Mixaylo”nun sloven kəndi Vitovedə həlak olduğu yerdən, həmçinin azərbaycanlı döyüşçülərdən formalaşdırılmış və Belqradın azadlığında müstəsna xidmətlər göstərmiş 223-cü Azərbaycan diviziyasından geniş söz açılır.
“Balkanların dostluq körpüsü boyunca” kitabında Eldar Həsənov yazır: “Mənim qənaətimə görə, ölkələrimizdə formalaşmış ictimai şüur milli və dini zəmində münaqişə yaratmağa yönəlik istənilən neqativ prosesin qarşısını almağa qadirdir. Millətlər arasında nifaq salmağa, ziddiyyətlər yaratmağa çalışan, işğal planları quran insanlar gec-tez tamamilə marjinallaşmağa və öz həmvətənləri tərəfindən ittiham edilməyə məhkumdur. Elə ona görə də Balkan və Cənub Qafqaz ölkələrinin gələcəyinə nikbin baxıram. Ölkələrimiz, xalqlarımız daha yaxşı gələcəyə layiqdir və bu yolda inamla addımlayırlar. Balkan ölkələrinə həsr olunmuş, böyük sevgiylə qələmə aldığım bu kitab da ümid edirəm ki, bizim bir-birimizi daha yaxşı başa düşməyimizə, deməli, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcək…”
Dostları ilə paylaş: |