Azərbaycanda ilk dəfə müəllimlərin reytinq sistemi işə düşüb
08.10.2015
Azərbaycanda ilk dəfə müəllimlərin reytinq sistemi işə düşüb. Yenilik Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) tətbiq edilib.
Diferensial əməkhaqqı sistemi adlanan yeni qaydalara əsasən, pedaqoji heyətin xidməti fəaliyyətin qiymətləndirilməsi xüsusi proqram təminatı vasitəsilə aparılacaq. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulub.
Fins.az-a açıqlama verən ADİU-nun rektoru professor Ədalət Muradovun sözlərinə görə, diferensial əməkhaqqı sistemində 1-ci 100-lüyə daxil olan müəllimlərə müəyyən əmsallar tətbiq olunacaq: “Məsələn, ilk 10-luğa daxil olan müəllimə 2 əmsalı tətbiq ediləcək. Bu o deməkdir ki, indi 1000 manat alan müəllimin maaşına 2000 manat əlavə olunacaq”.
Rektor qeyd edib ki, reytinq hazırlanarkən müəllimlərin həm tədris, həm elmi fəaliyyəti, həm də özünüinkişafı nəzərə alınacaq: “Müəllimlərin fəaliyyətini bu üç blok üzrə qiymətləndirmək üçün 100-dən çox indikator var. İndi biz bunu elektronlaşdırırıq.
Tələbələrin nəticələri tədris göstəricilərindən biridir. Eyni zamanda tələbələr arasında məmnunluq sorğusu da keçiriləcək. Sistem Azərbaycanda ilk dəfə tətbiq olunacaq və biz bunu patentləşdirmək istəyirik. Proqram təminatını “Ultra” şirkəti hazırlayıb”.
Dostları ilə paylaş: |