ABŞ və Avropa İttifaqı İntiqam Əliyevin azadlığa çıxmasını alqışlayıb
29.03.2016
ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasına münasibət bildirib. Azadliq.org-un məlumatına görə, departamentin sözçüsü Con Kirbi deyib ki, Birləşmiş Ştatlar Ali Məhkəmənin hüquqşünası şərti cəza ilə azad etməsini alqışlayır: “Daha öncə, martın 17-də 10-dan çox digər məhbus buraxılmışdı. Azərbaycan hökumətini fundamental azadlıqlardan istifadə etdiyinə görə həbsə atılmış digər şəxsləri də buraxmağa, buraxılanların hərəkət azadlığına məhdudiyyəti qaldırmağa çağırır, əlavə müsbət addımlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini İntiqam Əliyevin azad olunmasını müsbət irəliləyiş saydığını bəyan edib: “Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ay siyasi partiya, QHT və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir. Bu addımlar uzun müddətdir gözlənirdi. Avropa İttifaqı ümid edir ki, yeni həbs olunmuşların, siyasi səbəbdən ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin tam azadlığa buraxılması və reabilitasiyası ilə bu addımlar davam edəcək. Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır”. Xəbəri APA yayıb.
Martın 28-də Ali Məhkəmə Plenumunun qərarından bir neçə saat sonra hüquq müdafiəçisi İntiqam Əliyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hökmə görə, onun 3 il hər hansı vəzifə tutmaq hüququ da alınıb.
2016-cı ildə baş prokuror Zakir Qaralov İntiqam Əliyevin cəzasının dəyişdirilməsi ilə bağlı əlavə kassasiya qaydasında protest verib. Ali Məhkəmənin Plenumu martın 28-də protesti təmin edib. Nəticədə İntiqam Əliyevin 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.
Dostları ilə paylaş: |