Narkomanlığa düçar olan şəxslərin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə qanun qəbul edilir
29.03.2016
Martın 29-da Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişiklik layihələrinə baxılıb.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin Mülki Prosessual Məcəlləyə uyğun olaraq psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə isə sənədin 29.3-cü maddəsi yeni redaksiyada veriləcək. Bu maddədə deyilir: “Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxır”.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Dostları ilə paylaş: |