İtalyanların vergi yükü ilə bağlı araşdırma aparılıb
29.03.2016
Tutulan vergilərin məbləği üzrə İtaliya və Avropa İttifaqının göstəriciləri arasında müqayisə aparılıb. İtaliyada fəaliyyət göstərən kiçik biznes assosiasiyasının apardığı hesablamaya əsasən, bu ölkədə Avropa İttifaqının vergi dərəcələri və vergitutma qaydaları tətbiq olunsa, hər bir italiyalı ildə 557 avro (952 manat) pula qənaət etmiş olardı. Bu isə bütün ölkə üzrə 34 milyard avro (58,12 milyard manat) deməkdir.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, ölkədə nüfuz sahibi olan assosiasiya İtaliyanın Avropa səviyyəsində ümumi maliyyə nazirliyi yaratmaq ideyasını dəstəkləyir. Təklifə görə, bu nazirlik avro zonasına daxil olan 19 ölkənin vergi sisteminin uyğunlaşdırılmasına məsul olacaq.
İtaliya Avropa İttifaqında vergi yükü üzrə (ÜDM-in 43,6 faizi) beşinci yerdədir, avro zonasında isə orta vergi yükü göstəricisi 41,5 faizdir.
Hazırda ölkədə əsas vergilər əhəmiyyətli dərəcədə artıb. Hesablamalara görə, İtaliya vətəndaşları hər il Almaniya vətəndaşları ilə müqayisədə 1141avro (1950 manat), Niderland vətəndaşları ilə müqayisədə 1593 avro (2723 manat), İspaniya vətəndaşları ilə müqayisədə isə 2389 avro (4083 manat) artıq vergi ödəyirlər.
Dostları ilə paylaş: |