19 yanvar
Gün sakit başladı: müdafiə qurğularını möhkəmləndirdik və düşərgəni qaydaya saldıq. Migelin yüksək hərarəti var; malyariyaya çox oxşayır. Səhər mən də canımda əzginlik hiss edirdim, amma bu əzginlik başqa heç nəyə çevrilmədi.
Səhər saat səkkizdə çoklosla39 yüklənmiş və təpədən dırnağa qədər islanmış dörd əzabkeş gəlib çıxdı. Onlar gecəni titrəyə-titrəyə çömbəlib tonqalın ətrafında keçiriblər. Suyun səviyyəsi düşəndən sonra tüfəngi tapıb çıxarmağa cəhd edəcəyik.
Saat dördə yaxın, Rubio ilə Pedro artıq köhnə düşərgəyə yollanandan sonra El Mediko [Ernesto] gəlib çıxdı və rançoya polislərin tökülüşdüyünü xəbər verdi. Leytenant Fernandes40 və mülki geyimli daha dörd zabit kokain zavodunu aşkara çıxarmaq üçün kirələdikləri “cip”də rançoya gəliblər. Evi axtarıblar. Bizim xəlvətxanaya aparmağa imkan etmədiyimiz bəzi şübhəli şeylər, məsələn, fənərlər üçün karbid tapıblar. Loronun tapançasını müsadirə ediblər, amma “mauzer” tüfənginə və 22 kalibrli tapançaya dəyməyiblər. Halbuki əvvəlcə ona böyük hay-küylə Alqaranyasdan tutub aldıqları eyni ilə bu cür bir tapança göstəriblər. Hər şey haqqında məlumatları olduğu və buna görə də onlarla hesablaşmamız gərəkdiyi ilə bağlı xəbərdarlıq edərək çıxıb gediblər. Getməzdən əvvəl leytenant Fernandes Loronu kənara çəkib deyib: “Tapançanı Kamiridə geri alarsan. Amma orada qanun-qayda xırdalama, sadəcə, şəxsən mənə müraciət et”. Bundan başqa, o, hansısa “braziliyalı” haqqında sorğu-sual edib. Belə görünür ki, bizi Alqaranyas və valyeqrandeli satıb. Mən Loroya onlarla sərt danışmağı tapşırdım. Sonra Kamiriyə – guya tapançanın dalınca, əslində isə Kokonu axtarıb tapmaq üçün yollanmalıdı. (Onun azadlıqda olmasına şübhə edirəm.) Koko meşənin içi ilə mümkün qədər çox yol getməli idi.
Dostları ilə paylaş: |