Xi-xix əsrlərdə geyim formalarının analizi” mövzusunda magistr dissertasiyasi



Yüklə 4,92 Mb.
səhifə2/5
tarix31.01.2017
ölçüsü4,92 Mb.
#7159
1   2   3   4   5

II FƏSİL.AZƏRBAYCAN MİLLİ GEYİM FORMALARI.

2.1 Kişi və qadın geyim formaları.
Milli geyimlər xalqın etnoqrafik və bədii xüsusiyyətlərini özündə əks etdirir. Bu xüsusiyyət həm geyim və bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Geyimlər xalqlar arasındakı münasibətləri araşdırmaq, dövrləri təhlil etmək baxımından böyük əhəmiyyətə malikdir. Ölkədəki iqtisadi vəziyyət, inkişaf, çiçəklənmə geyimlərə də öz təsirini göstərirdi.

Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələri vardır. Orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığın inkişafı üçün şərait yaratmışdı. Azərbaycan XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik zonası hesab edilirdi. Şirvan əyaləti Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Səyyah Adam Oleari yazırdı: "Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir". Tafta, fata və darayı parçaları əsasən Şamaxıda istehsal olunurdu. Həmçinin burada tikilən zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına böyük tələbat vardı.

Ölkədə Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri hesab olundu. Gəncə ipək parça sənətkarlığının ən çox inkişaf etdiyi şəhərlərdən biri hesab olunurdu. Övliya Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Pambıq parça istehsalı Gəncə şəhərində olan sənətkarlıq sahələri içərisində böyük yer tuturdu. Təbriz şəhərində müxtəlif növlü parçalar istehsal edilirdi. Təbriz şəhəri yüksək keyfiyyətli məxmər, atlas, qumaş və keçə istehsalı üzrə xüsusilə seçilirdi. Burada istehsal edilmiş parçaların bir hissəsi başqa ölkələrə də ixrac olunurdu. Naxçıvanda toxucu sənətkarlar çoxlu miqdarda ucuz, lakin gözəl və yüksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Əsasən burada istehsal edilən rəngarəng çit parçalara böyük tələbat var idi.

Azərbaycan şəhərlərində XVII əsrdə parça istehsalı sahəsində müəyyən ixtisaslaşma yarandı ki, bu sonrakı əsrlərdə də davam etdi. Azərbaycanda istehsal olunan zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. kimi parçalar həmçinin başqa ölkələrədə ixrac edilirdi. Bu parçalardan bəziləri xalq arasında "Hacı mənə bax", "gecə-gündüz", "gendə dur", "alışdım yandım", "küçə mənə dar gəlir" və s. adları altında məşhur idi. Şübhəsiz ki, parça istehsalı xalqın mədəniyyətini, tarixini əks etdirən elementlərdən biridir. Parçaların naxışları və rəngləri xalqları bir-birindən ayırmağa kömək edirdi. Həmçinin geyimlər müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verir. Azərbaycanda əhali arasında əsasən qanovuz, darayı, mov, zərbaf, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalardan geniş istifadə olunurdu.

Qadın paltarları əsasən ipək parça və məxmərdən tikilirdi. Kişi geyimləri isə əksər hallarda mahuddan və evdə toxunan şal parçalardan tikilirdi. İstər qadın və istərsə də kişi alt paltarları (geyimləri) eyni parçalardan yəni- kətan və pambıq parçalardan hazırlanırdı. Lakin varlı ailələrdə alt köynəylərin də ipək parçadan tikilməsi hallarına da rast gəlinir.

XVI - XVII əsrləri əhatə edilən illərdə Azərbaycan milli geyimləri zəngin inkişaf yolu keçmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu dövrdə Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Bu dövrlərdə tikilən geyimlər şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını da özündə əks etdiridi.

XVI əsrdə Azərbaycan geyimləri içərisində ən diqqət çəkəni baş geyimləri hesab olunurdu. Tarixdən də bizə məlum olduğu kimi, XVI əsrdə azərbaycanlılar "qızılbaşlar" adlandırılırdılar. Çünki əhalinin əksər hissəsi başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, onun da ətrafına sarıq dolayardılar. Zadəganlar və rütbəli hərbi xidmətçilərin əmmamələri fərqlənirdi. Onlar əmmamələrin üstündən 12 qaş taxar və ya zərli xətlər çəkdirərdilər. Yüksək rütbəli əyanların qoyduqları baş geyimlərinin üstündən bəzən böyük və qiymətli bir qaş, onun da ətrafında nisbətən kiçik həcmli qaş-daş qoyulurdu. Bu qaşlar xüsusi mənalar ehtiva edirdilər. Burada böyük qaş Məhəmməd peyğəmbərə və ya Əliyə, kiçik qaşlar isə 12 imama işarə idi. Səfəvilər dövrünün baş geyimlərini məşhur özbək alimi Q.A.Puqaçenkova və alman alimi H.Hots tədqiq etmişdir. Onların tədqiqatlarında qeyd edilir ki, qızılbaşların baş geyimləri XVI yüzilin əvvəllərindən başlayaraq əsrin axırlarınadək bir neçə dəfə öz formasını dəyişmişdir. Onların qeydlərindən həmçinin aydın olur ki, XVI yüzilin başlanğıcından 1535-ci ilə qədər bu baş geyimlərindən istifadə edilsədə, XVI yüzilin ikinci yarısından isə bu baş geyimindən istifadə azalmağa başlamışdır. XVI əsrin axırlarınadək dəbdə olmuş bu tip baş geyimləri Təbriz, Naxçıvan, Şamaxı şəhərlərində də xüsusilə geniş yayılmışdı.

XVI əsrdə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələrdən də istifadə edilirdi. Bu dövrdə ən çox istifadə olunan əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə başlarına yaşıl rəngli əmmamə qoyardılar. XVI-XVII yüzilliklərdə Azərbaycanda çalma ilə yanaşı, həmçinin orijinal kiçik şlyapaya bənzər papaqlardan da istifadə olunurdu. XVI-XVII əsrlərdə Azərbaycanda bir sıra başqa formalı papaqlardan da istifadə edilirdi. Qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdı. Bunlardan əsasən maldarlıq və qoyunçuluqla məşğul olan insanlar istifadə edirdilər.

XVI-XVII yüzilliklərdə Azərbaycanda istifadə olunan qadın baş geyimləri də müxtəlifliyi ilə seçilirdi. Bizə məlum olan materiallara əsasən demək olar ki, Azərbaycanda bu dövrdə yeddi növ qadın baş geyimindən istifadə edilmişdir. Bunlara nümunə olaraq, gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar.

XVI-XVII əsrlərdə Azərbaycanda ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın sayılırdı. Araqçın əsasən iki cür olurdu: qadın və qız araqçınları. Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyinərdilər. Küçəyə çıxdıqları vaxt isə üstündən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə yalnız kiçik qızlara və yaşlı qadınlara icazə verilirdi.

XVI-XVII əsrlərdə Azərbaycanda üst geyimləri rəngarəng və müxtəlif formalarda olmuşdur. Bu dövrdə istifadə edilən üst geyimləri əsasən qədim geyim ənənələri əsasında hazırlanırdı. Lakin üst geyimlərində olan qədim detallar zamanla daha da zənginləşmiş, püxtələşmiş və dekorativləşmə istiqamətində inkişaf etmişdir. Dəyişiklikləri əsasən fərqli detallarda, naxış və bəzəklərdə görmək olar.

XVI-XVII əsrlərdə Azərbaycanda varlı təbəqəni təmsil edən kişilər daha zövqlü geyinərdilər. Onlar üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli olan xələt geyinərdilər. Bu xələtlər əsas etibarı ilə iki növə ayrılır. Birinci növ xələtlər əsasən çiyinə atmaqdan ötrü istifadə edilirdi. İkinci növ xələtlər isə əksinə olaraq ensiz və yarımqol olur, əyində isə nisbətən kip dayanırdı.

XVI-XVII əsrlərdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi olan - əbadan geniş istifadə edilirdi. Əvvəlki dövrlərdə geyinilən əbalarından fərqli olaraq, indikilər bədəndə kip oturur, qolları isə nisbətən dar olurdu. Bu dövrə aid olan miniatürlərdə biz əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyinin şahidi oluruq. Bu dövrə aid kişi şalvarlarının ayaqları dar olur, yuxarı getdikcə isə enlənirdi. Şalvarlar da üst köynəyin parçasından tikilirdi. Şalvarların rəngləri adətən göy və ya tünd-sarı olurdu.

Bu əsrlərdə kişilərin geyindikləri ayaqqabılar da müxtəlif formalı olmuşdur. Ən çox istifadə olunan kişi ayaqqabısı yumşaq dəridən tikilən, dabanı olmayan (bəzən də alçaqdabanlı) və uzunboğaz (yüngül) çəkmələr idi.

XVI-XVII əsrlərdə Azərbaycanda müxtəlif formalı qadın üst geyimlərindən istifadə edilmişdir. Lakin bu geyimlər öz biçimlərinə görə həmin dövrün kişi geyimlərini bənzəyirdilər. Kişilər kimi qadınlarında da (xüsusən varlı təbəqələr) çiyinlərinə saldıqları uzunqollu xələt bəzək üçün nəzərdə tutulmuşdu. Lakin qadın xələtləri kişilərə nisbətən daha sadə idi və az naxışlarla bəzənirdi. XVI-XVII əsrlərdə Azərbaycanda kütləvi şəkildə geyilən qadın geyimlərindən biri də dabana qədər uzanan şalvarlar idi. Bu şalvarlar kişi şalvarlarına bənzəyirdi. Yəni bu şalvarların ayaq tərəfi çox dar, yuxarısı isə enli olurdu.

XVIII əsrdə Azərbaycanda istifadə olunan geyimlər öz rəngarəngliyi ilə seçilirdi. Bu dövrdə Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, və s. bu kimi müstəqil xanlıqların əmələ gəlmişdi. Bu tarixi dövr geyimlərə də öz təsir göstərmişdir. Xanlıqların yaranması, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları əhalinin geyimin az da olsa dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik özünü geyimin biçimi və siluetində göstərmirdi. Əsasən geyimin tikildiyi parçalar və bəzəklər bir-birindən fərqlənirdi. XVIII əsrdə Azərbaycanda kişilər üst geyim kimi uzunqollu, bədənə kip oturan çuxa geyinirdilər. Çuxa əsasən qalın parçalardan tikilirdi. Sahibindən asılı olaraq çuxanın rəngi və boyu fərqli olurdu.

XVIII əsrdə əvvəlki dövrlərdən fərqli olaraq əbanı əsasən mollalar və hörmətli şəxslər geyinərdilər. XVIII əsrdə kişilərin ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox istifadə edilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu dövrlərdə varlılar arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr geyinənlər üstünlük təşkil edirdilər. Kəndlilər isə qədimdən XX əsrin əvvəllərinə qədər hələ də çarıqlardan istifadə edirdilər.

XVIII əsrə aid olan qadın geyimləri nisbətən daha gözəl və zövqlə tikilirdi. Bunun sübutu kimi Azərbaycanda olmuş səyyah marşal Fon Biberşteyn qeydlərini göstərə bilərik. O, bu ölkənin qadınlarının və onların geyimlərinin gözəlliyinə valeh olduğunu xüsusi qeyd edirdi.

XVIII əsrdə qadın üst geyimləri - üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Qadınların yaşından asılı olaraq onların geyindikləri köynəklərin rəngi fərqli olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, yaşlı qadınlar isə ağ və ya qara rəngli köynəklərdən istifadə edirdilər. Bu əsrdə çox istifadə olunan gözəl biçimli üst qadın geyimlərindən biri çəpkən hesab edilir. Çəpkən belə qədər bədənə kip biçilirdi və astarlı olurdu. Çəpkənin yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu bu da bədənin daha gözəl və mütənasib görünməsi üçün nəzərdə tutulmuşdu. Qadınlar arasında geniş yayılmış geyimlərdən biri də arxalıq idi. Arxalıq da çəpkən kimi idi. Astarlı olurdu və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırçınlı müxtəlif endə olan ətək tikilirdi. Bəzi arxalıqlar bir az fərqli yəni enli və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. Bu dövrə aid ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi. Varlı təbəqəyə məxsus qadınların qadın üst geyimlərindən biri kürdü hesab olunur. Kürdü sarıqlı və qolsuz tikilirdi. Kürdüdən qış fəslində istifadə edildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilirdi.

Bu dövrə məxsus qadın ayaqqabısı formaları bəzi kişi ayaqqabılarına bənzəyirdisə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə seçilirdilər. Nisbətən zəngin qadınların ayaqqabılarının üstünə tikmə salınırdı. İçərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi (belə qadın ayaqqabıları respublikamızın bir çox muzeylərində saxlanılır).

XVIII əsrə məxsus qadın baş geyimləri də əvvəlki dövrlərə nisbətən öz müxtəlifliyi və fərqliliyi ilə seçilir. Bu dövrün qadınlar saçlarını yığmaq üçün cuna və kətandan istifadə edərdilər. Bu həmçinin tərgötürən vasitə rolunu oynayırdı (Qəşbənd-Naxçıvanda). Sürüşməməsi üçün qüllabıdan - (çəngəl, boğazaltı) əsasən qızıldan hazırlanardı. Uclarına üstünə isə qarmaq yapışdırılmış qızıl pul bərkidilərdi. Cuna ağ rəngli pambıq parçadan hazırlanırdı. Çarqat isə narıncı, al çəhrayı rənglərdə və bəzən də saçaqlı olurdu. Kəlağayılarda əsas etibarı ilə əlvan rənglərinə üstünlük verilərdi. Kəlağayının üstündən ləçək bağlanmasına da təsadüf edilir. Bu dövrün qadınları eyni zamanda üç baş geyimi geyinərdilər: birinci cuna (və ya kətan), ikinci kələğayı, üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərbab). Soyuq havalarda isə bütün bu geyimlərin üstündən şal salardılar (tirmə şal, kəşmiri şal, təbii yundan əllə toxunmuş şal). Bu dövrdə ən çox istifadə olunan baş geyimlərindən biri araxçın hesab olunur. Lakin bu dövrə məxsus araxçınlar XVI-XVII əsrlərdən fərqli olaraq arxa tərəfdə hörük torbasının olmaması ilə seçilirdi.

XVIII əsrdə və sonralar Azərbaycanda "təsəkqabağı" adlı parçadan tikilmiş baş geyimi də geniş istifadə olunurdu. Bu baş geyiminin əsas fərqi onun dərzilər tərəfindən deyil,zərgərlər tərəfindən hazırlanması idi. Bu tip baş geyimlərindən əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı mahalında geniş istifadə edilirdi.

XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini səyahət edən vəmilli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V.V.Vereşşaqin və Q.Q.Qaqarinin əsərləri də xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan ərazisini tarixi-etnoqrafik zonaya şərti olaraq belə bölə bilərik: Quba-Xaçmaz, Abşeron, Lənkəran-Astara, Şamaxı, Qarabağ, Naxçıvan-Ordubad, Qəbələ-Oğuz, Şəki-Zaqatala, Gəncə və Şəmkir-Qazax zonaları. Bu tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimləri əsasən eyni idi. Bu da onların tarixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutdur. Bu zonalarda yaşayan əhalinin geyimlərində kiçik fərqlər gözə çarpırdı. Bu öz növbəsində Azərbaycanın vahid milli geyiminin lokal xüsusiyyətlərini özündə əks etdirirdi. Bu dövrlərdə istifadə edilən geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə yanaşı, onu daşıyan şəxsin yaşını, ailə və ictimai vəziyyətini də özündə əks etdiridi. Subay qızın və evli qadınların geyimlərində gözə çarpacaq qədər fərqlər vardır. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar isə bəzək əşyalarından daha az istifadə edirdilər.

Bu dövrlərə aid kişi geyimləri də qadın geyimləri kimi tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimləri də onun sahibinin hansı təbəqəyə məxsus olduğunu aydın göstərirdi.

Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilirdi. Gündəlik və iş geyimlərindən fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də bəzədilirdi.

XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan qadın geyimləri alt və üst paltarlardan ibarət idi.Xatırladaq ki, bu geyimlərdən XVIII əsrdədə istifadə olunurdu. Zaman keçdikcə bu geyimlər daha da təkmilləşmiş, müxtəlif detallarla zənginləşdirilmişdir. Qadın üst geyimləri əvvəlki illərdəki kimi üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi. Qadın üst köynəyinin qolu əsas etibarı ilə uzun, enli və düz olurdu. Qolun çiyinə tikilən hissəsi əksər hallarda düz, bəzi hallarda isə xırda qırçınlı olurdu. Qoltuğun altında isə adətən başqa rəngli parçadan xişdək qoyulardı. Köynəklər boyun hissəsindən bir düymə ilə düymələnirdi. Üst köynək adətən qanovuz və ya faydan tikilirdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə sarıma bafta tutulurdu. Köynəyin ətəyinə qabaq hissədə qızıl ətəklik, mədaxıl, qızıl və ya gümüş qulplu pul da tikilirdi.

Çəpkən - üst köynəyin üstündən geyilirdi. Çəpkən əvvəlki illərdəki kimi astarlı olub, belə qədər bədənə kip biçilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olardı.Çəpkənin əlçək ilə bitən qondarma qolları da olurdu. Bu qollar çiyindən aşağı boş sallanırdı. Bəzən bu qondarma qollara düymələr də tikilirdi. Çəpkən tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilərdi. Çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə, şahpəsənd və s. tutulurdu.

Arxalıq - bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olurdu: kişi və qadın. Arxalıq da çəpkən kimi əvvəlki illərdəki kimi astarlı olurdu və belə qədər bədənə kip biçilirdi. Arxalıqların qollarının da biçimləri müxtəlif olardı. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilirdi. Arxalıqların üçüncü forması lelüfər qollu olurdu. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı olub, açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilirdi. Arxalıqların yaxası adətən açıq olurdu. Bəzi hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnirdi. Bəzi arxalıqların yaxası düymələnmirdi.

Ləbbadə - sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadələrin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa yəni dirsəyə qədər olurdu. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilirdi. Yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi.

Eşmək - sırıqlı üst geyim növüdür. Eşməyin döşü və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilirdi. Eşmək tikmək üçün əsasən tirmə və məxmər parçalardan istifadə edirdilər. Eşməyin içinə, yaxasına, qolunun ağzına və ətəyinə xəz qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə və yaxasına müxtəlif bafta və zəncirlər də tikilirdi.

Kürdü - qolsuz və sırıqlı qadın geyimidir. Yaxası açıq olur. Yan tərəflərdə çapıqları vardır. Kürdü tirmə və məxmərdən tikilirdi. Yaxasına, ətəyinə və qoluna xəz tikilirdi. Kürdünün müxtəlif növləri vardır. Əhali arasında geniş yayılan geyimlərdən biri də Xorasan kürdüsü hesab olunur. Xorasandan gətirilən bu kürdülər əsasən tünd sarı rəngli dəridən hazırlanırdı, üzərinə həmin rəngli ipək sapla naxış tikilirdi.

Baharı - sırıqlı və astarlı qadın geyimidir. Bel hissəyə qədər bədənə kip oturan baharıya, xırda büzməli uzun ətək tikilirdi. Qolu düz və dirsəyə qədər olurdu. Yaxası açıq biçilirdi. Baharını əsasən məxmərdən tikərdilər. Baharının yaxasına, ətəyinə və qolunun ağzına müxtəlif bafta, köbə və zəncirlər tikilirdi.

Küləcə - belə qədər düz, ətəyi büzməli olan qadın üst geyim növüdür. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər olurdu. Qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən məxmər və tirmədən hazırlanırdı. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmələr də tikilirdi.

Azərbaycanlı qadınların geyindiyi tumanın uzunluğu, zonalara görə fərqlənirdi. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyinərdilər. Digər zonalarda isə tumanın (ətək)uzunluğu topuğa qədər idi. Tuman 112 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan ərsəyə gəlirdi. Üst tumandan başqa onun altından geyilən tumanlar ara tumanı adlanırdı. Tumanlar büzməli yaxud qırçınlı olurdular. Tumanların lifəsinə tumanbağı keçirilirdi. Tumanbağı keçə sapından toxunardı və iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çit, tirmə vəs hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə qoyuludu, müxtəlif baftalar, zəncirə və s. tutulurdu. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çahçurdan istifadə edərdilər. Çahçur müxtəlif ipək parçalardan tikilirdi. Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında müxtəlif çeşidli baftalar - sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. hazırlanardı. Bunlardan başqa qadın geyimlərinin yaxası boyunca qızıl va ya gümüşdən hazırlanmış qoza va katibi qoza düymələr də tikilirdi. Köynəyin ətəyinə tikmək üçün əsasən qızıldan kəsilmiş ətəklikdən və ya midaxıldən istifadə olunurdu. Bəzi hallarda köynəyin ətəyinə qızıl pullar da tikilərdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş istifadə olunurdu. Qadınlar adətən arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Bununla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlərdən də çox geniş istifadə edilirdi.

Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kəlağayı əsasən Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi.Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araxçın qoyardılar. Çox vaxt bu araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər.

Azərbaycanda çarşab bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Bu ərzilərdə evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdülər. Çarşab bir rəngli atlasdan hazırlanırdı. Dama-dama kecə parçadan və müxtəlif çeşidli ipək parçalardan tikilirdi. Çarşab örtən qadınlar bəziləri rübənddən də istifadə edirdilər.

Corablar- Azərbaycanda toxunmuş yun corablar ən geniş istifadə olunan geyimlərdən biri idi. Corablar adətən ipək və yun saplardan toxunurdu. Azərbaycanda toxunmuş corablar həm incə,həm də gözəl naxışlarına görə fərqlənirdi. Həmçinin onlar saplarının rənglərinə görə də seçilirdi. Corabların naxışları xalça, tikmə, basma parçalarda olan naxışların eyni idi. Corablar dizə qədər uzun və topuğa qədər qısa şəkildə toxunulurdu.

Ayaqqabılar- Azərbaycanda müxtəlif, rəngli ayaqqabılar çox geniş yayılmışdı. Başmaqlar istər qadın və istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı növü hesab olunurdu. Qadınlar üçün üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr hazırlanırdı. Kişi ayaqqabılarının hazırlanmasında aşılanmış və xam göndən istifadə olunurdu.Bu ayaqqabılar adətən bir rəngli və naxışsız olurdu. Şəhərlərdə isə kişilər başmaqçıların tikdikləri başmaq və ya nəleyin geyinirdilər. Kənd yerlərində isə əsasən xam göndən tikilmiş çarıqlar istifadə olunurdu. Çarıqların bağları adətən yun ipdən toxunulurdu.

Müxtəlif bəzək əşyaları geyimləri tamamlayır, onun milli xüsusiyyətini zənginləşdirir. Zərgərlər bəzək məmulatını qızıl və gümüşdən hazırlayırdılar. Bəzək əşyalarının hazırlanmasında qiymətli qaş-daşlardan: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə, əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik mərkəzləri əsasən Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri hesab edilirdi. Əhaliyə lazım olan hər cür zərgərlik əşyalar yerli zərgərlər tərəfindən hazırlanırdı. Dağıstanda Kubaçi zərgərlərinin istehsal etdikləri gümüşdən hazırlanmış qadın və kişi kəmərləri də Azərbaycanda geniş istifadə edilirdi. Azərbaycanda qadınlar bəzəkləri çox sevirdilər və onlardan geniş və böyük zövqlə istifadə edirdilər. Qadınların istifadə etdikləri bəzək əşyalarının dəsti imarət adlanırdı. Buraya müxtəlif çeşidli baş və döş bəzəkləri, üzüklər, sırğalar, kəmər, bazubənd və bilərziklər daxil idi.


2.2 Kişi geyimlərində forma, biçim və tikilişləri.

Ümumilikdə geyimlər kişi, qadın və uşaq geyimlərinə ayrılırdı. Bu geyimlər hamısı bir-biri ilə olduqca böyük oxşarlıq təşkil edirdi. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi. Lakin onlar bəzi xüsusiyyətləri və ölçlərinə görə fərqlənirdilər. Bütünlükdə oxşarlıq təşkil edən Azərbaycan milli geyimləri özlüyündə iki hissəyə ayrılırdı. Alt və üst geyimlərinə. Üst geyim çiyinüstü və bel geyimlərindən təşkil olunmuşdur. Çiyinüstü öz növbəsində üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, küdrü, eşmək və baharıdan ibarət idi.Kişi üst geyiminin əsas elementlərindən biri arxalıqdır. Arxalıqlar astarlı tikilir,bəzən kürək hissədə həndəsi fiqur formada sırıq sırınırdı. Lənkəran arxalığı Bakı arxalığından xarici görkəminə görə o qədər də fərqlənmir. Kənar tikişləri köbə ilə əhatələnib.Qolu kəsmə, düz və biləyə doğru daralandır. Kişi arxalıqlarının beli büzməli olurdu. Soyuq havalarda bir neçə arxalıq üst-üstə geyinilirdi. Arxalıqların uzun ətəklərini iş görərkən, ata minərkən qatlayıb kəmərə sancarmışlar.

Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi. Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən yaxası düyməli kürk hesab olunurdu. Ticarət mərkəzlərində və şəhərlərdə kişilərdən Xorasan kürkü geyənlər də vardı. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Dağlıq yerlərdə çobanlar qışda yapıncıya burunurdu.

Kişi baş geyiminə Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. Başı açıq gəzmək olmazdı. Ən geniş yayılmış kişi baş geyimləri müxtəlif biçimli dəri papaqlar hesabolunurdu: buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və başqaları. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araxçınlar çox geniş yayılmışdı. Yaşlı kişilər və qocalar papağın altından ağ bezdən sırıqlı təsək qoyurdular. Gecələr isə kişilər sırıqlı şəbkulah geyirdilər.

Döşlük. Köynəyin üstündən, yaxası açıq arxalığın altından geyinilən yaxası bağlı, qolsuz, əyinə kip tikilmiş geyim növüdür. Rahat geyinmək üçün boğazı tam boyun dövrəsi ölçüsünə kəsilmiş döşlüyün sağ çiynində dörd ədəd ilgək-düymə, sağ qoltuq altında, öndə və arxada isə qaytan tikilirdi.Yaxalıq,döşlük qədəkdən də tikilirmiş.
i:\foto\01.jpg

Şəkil.1 Kişi geyimi.

Canlıq və ya qolsuz. Buna “işdik” və ya “cılıqqa” (jiletka) da deyilir. İçərisinə yun düzməklə sırınmış isti geyim növü olub, əsasən kürkü əvəz edirdi. Bu geyim növündən imkansız ailələr, çöl-bayır geyimi kimi, ancaq üstündən başqa paltar geyinməklə istifadə edirdilər. Canlığı əvəz edən “yun köynək” (toxunma köynək, hörmə köynək) adlanan, yundan iki mil vasitəsi ilə toxunan isti çiyin geyimindən də istifadə edilirdi.

Qurşaq, kəmər. Qurşaq və kəmərlər bütün dövrlərdə oduğu kimi XIX əsrdə də kişi geyim kompleksində mühüm yer tuturdu. İrəvan azərbaycanlıların geyim dəstində eni 62, uzunluğu 242 sm olan qurşaq da sadalanır. Bu ağ-qara çiçəkli, qırmızı rəngli çitdən ibarətdir. Keçmişdə gümüş təkbəndlə yanaşı ipək və ya keçi arasında ge niş yayılmışdı. Kasıblar təkbənd əvəzinə arxalığın belinə qayış bağlayırdılar.

Şalvar.Kəmərbəstə kişi üst geyimi olmaqla dizlikdən formaca o qədərdə fərqlənmirdi.Əsas fərq onların materialında nəzərə çarpırdı. Bu məqsədlə mahud, birrəng ipək, şal parçalardan istifadə edilirdi. Şalvar bir qayda olaraq nifəli tikilir, nifənin hər iki tərəfindən bağ yeri qoyulurdu ki, bu da şalvarın hər iki üzünə geyilməsinə imkan yaratmaqla, tez dağılmasının qarşısını alırdı. Kars azərbaycanlıların şalvarı da eyni formada idi. Dinamik fiziki işlə məşğul olanlar şalvarın balağını corabın içərisinə qoyur, üstündən dolaq ilə sarıyırdılar.

Çuxa. Çuxa üst kişi geyimlərindəndir. Azərbaycanın bütün zonalarında arxalığın üstündən çuxa geyinilirdi. Azərbaycanda iki cür - vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı.

Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər Çuxa evdə toxunma “əl şalı”ndan və ya mahuddan tikilirdi.Çuxalar üsttikilirdi.Çuxalar üst geyimi kimi bəzəkli və yaraşıqlı olurdu. Birinci qrup çuxaların ön tərəfləfi düz və bütöv biçilir, kürək və yanları kəsmə olurdu. Ətəyin yan tayları bir neçə kahdan ibarət olur və yaxası bir-birinə çatmır. Çuxanın qolu dərin oyma formasında gövdəyə birləşir, uzun və düz olurdu. İkinci qrup çuxaların biçimi birinci qrupda olduğu kimidir. Onlardan yalnız qol biçiminə görə fərqlənir, enli, düz və biləyə qədər tikişlidir. Bu qrup çuxaların bəzilərinin yaxasında vəznələr qoyulub. Üçüncü qrup çuxalar əvvəlkilərdən kürək biçimi, qolunun aşağıya doğru genəlməsi, uzunluğu olmaması ilə fərqləni. Bunlar, həmçinin, yaxadan düymələnir.

Kürk.Kişi üst geyimi kimi kürk geniş yayılmışdı. Kürk isti geyim qrupuna mənsub olub soyuq vaxtlarda geyinilirdi. Kürk isti geyim qrupuna mənsub olub soyuq vaxtlarda geyinilirdi. Kürk xüsusilə Şirvanın maldar elatlarının məişətində mühüm yer tuturdu.

Yapıncı.Peşə səviyyəli geyim növü olub, maldarlıqla məşğul olan əhali arasında geniş yayılmışdı. Yapıncı keçə kimi, basma üsulu ilə həllac tərəfindən hazırlanırdı. Şirvan yapıncıları “saçaqlı” və “saçaqsız” olmaqla iki cür hazırlanırdı.

Baş geyimləri. Ənənəvi kişi baş geyimləri dəri, keçə, parça və.s dən hazırlanırdı.

XIX əsr kişi baş geyimləri içərisində papaq xüsusi yer tuturdu. İmkanlı kişilər, əsasən qaragül dərisindən papaq tikirdirirdilər ki, bu dərini də kənardan gətirirdilər. Buna “buxara” papaq deyilirdi: Şirvanda yerli dərini papaqların bir neçə növü məlum idi:


  1. Şiş papaq – bu konusvari idi, buna həmçinin “Zərnava papağı”, “molla papağı”, “Qəbələ papağı”, “Züllə papaq”,

  2. Şələ papaq – buna “yastı papaq”, “çoban papağı”, “yapba papaq”, “motal papaq”, “qırmızı papaq” da deyərdilər.

  3. Çapma papaq – bu papağın ortası uzunsov şəkildə çökək olurdu.

“Qələmi papaq” hündür olmaqla bütöv dəridən tikilirdi. Varlılara məxsus bu papağa “işkarı”, “qacarı”, “qoçu papağı” da deyilirdi.

i:\foto\04.jpg

Şəkil.2 Uşaq geyimi.

Şirvanda həmçinin araqçın, çəltari, başlıq da geyinilirdi. Başlıq, əsasən soyuq havalarda geynilirdi.

Qoca kişilər işləyən zaman başlarına sarıq bağlayardılar. Qərb zonası azərbaycanlıları müxtəlif formalı papaqlar, başlıq və sarıq geyinərmişlər. Varlı adamlar başlarına qaragül dərisindən “buxara papaq” da qoyarmışlar.

Dağıstan azərbaycanlıları qoyun dərisindən çevrilmiş kəsik konusa bənzər papaq geyinərdilər. Gürcüstan azərbaycanlıları başlıq, araqçın, təsgülah və müxtəlif papaqlar, qaragül dərisindən və qoyun dərisindən “motal papaq”, “çoban papağı” geyinərdilər. Muğan kişiləri arasında motal və ya şələ papaq, kopan papağı, sür papaq dəbdə olmuşdur. Kopan papaq xam qoyun dərisindən ucu şiş olub, qulaqların üstünü örtməklə tikilirdi. Sür papağı əsasən varlı kişilər geyinərdilər.İsti vaxtlarda varlı kişilər başlarına araxçın qoyar, yaxud “sarıq” bağlayardılar. Gecə yatanda başlarına “şəbkülah” (“gecə papağı”) geyinərdilər. İrəvanda yaşayan azərbaycanlı kişilər yay aylarında başlarına çalpaq qoyurdular. Çalpaq dörd ədəd üçkünc parçadan qara sapla xüsusi qaydada tikilir, aşağı hissəsinə 10sm qalınlığında güllü parça ilə qıraq verilirdi. Konus şəkilli bu çalpağın hündürlüyü 30sm-dən çox olurdu.


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin