LALƏ BƏXTİYAR. “SUFİ”. KİTABIN ÜZ CİLDİ
mövləvilik” əsərini də orada oxumuşdum. Ondan başqa o kitabxanada sufiliyə (təsəvvüfə) aid bir şəkilli kitab da tapdım. Bu, Lalə Bəxtiyarın, İran əsilli amerikalı şərqşünasın, ingilis dilində, Londonda nəşr etdiyi əsəri idi. Məncə, bu əhəmiyyətili bir kitabdır. Əsər sufi nəzəriyyəsi və əməliyyatı barəsində bəhs etməklə yanaşı, həmdə bir növ İslam sənəti kitabı səciyyəsini daşıyır. Müəllifin fikrinə görə müsəlman sənəti büsbütün İslam dini üzərində qurulub, sənətkarlar ondan ilham almış, ondan bəhrələnmişdirlər. Bu qadın həm də başqa bir məşhur İran əsilli amerikalı şərqşünas, Seyyid Hüseyn Nəsr ilə birgə elmi araşdırmalar aparmış, əsərlər yazmışdır.
Bir neçə il bundan qabaq Bəxtiyarın İnternet ünvanını tapıb ona bir məktub yazmaq fikrinə düşdüm. Ona müraciət edib demək istəyirdim ki, bu kitabı həm də rus dilində nəşr etmək yaxşı bir fikir, məsləhətli bir iş olar. Sonra mənim başım başqa işlərə qarışdı, bu məsələ yadımdan çıxdı. Və nəhayət, bu yaxınlarda mənə xəbər çatdı ki, o kitab elə mənim iştirakım olmadan da Moskvada, 2007-ci ildə, rus dilində çıxıb (Лале Бахтияр. «Суфий. Образы мистического поиска». Издательство «Эннеагон Пресс»). Rusiyada o kitaba, yaxşı rə’ylər verildi.
Daha sonra Bəxtiyarın Qur’anın fərqli bir tərcüməsinin çıxması barəsində səslər gəldi. Bə’zi adamlar, Amerikada çıxan və qadın oxucunun xoşuna gəlməsi üçün, üzü güllərlə bəzədilmiş bu kitabı tənqid etdilər, orada, ayələrin izahının, tərcüməsinin səhv, qeyri-ənənəvi olduğunu bildirdilər. Ondan başqa dedilər ki, müəllif nə bir İslam alimi, nə də ki, bir müsəlmandır. Eşitdiyimə görə onlar, həmdə, “ən-Nisa” surəsinin 34-cü ayəsinin tərcüməsinin doğru-düzgün olmadığı haqda danışırdılar. Bəxtiyarın fikrinə görə bu surədə ər arvadını “döyə bilər” kəlməsi yoxdur. Halbuki, bizim alimlər bütün İslam tarixi boyu, bu günə kimi, bu ayəni əsas tutaraq ərin (ona itaət etməyən, sözünə baxmayan) arvadını döyməsini məqbul sayırlar.
Mən bu məsələni belə başa düşürəm. Nə bizim peyğəmbərin (s.ə.s), nə də ki İmamların arvadlarını döyməsi halı bizə mə’lum deyil. Əgər arvad özünü yaxşı aparır, sözə baxırsa daha onu niyə döyəsən? Əgər birisi arvadını səbəbsiz döyürsə, deməli o adam əsəbi adamdır, xəstə adamdır – adam döymək onun xoşuna gəlir, ondan zövq alır. Heyvanı ona görə vururlar ki, o dil bilmir, söz başa düşmür. Bu ayənin mə’nası və hökmü odur ki, kişi ailənin böyüyüdür və bütün ailə üzvləri onun sözünə baxmalıdırlar, əmrinə tabe’ olmalıdırlar. Elə olmasa, ailədə, hərə öz bildiyi kimi hərəkət etsə, evdə nizam-e’tizam pozular, ailə dağılar.
Fəqət, indiki zəmanədə, dünyəvi qanunun hökm sürdüyü məkanda, əgər birisi arvadına əl qaldırsa və arvad hökumətə şikayət edib məhkəməni işə qatarsa o kişinin taleyi pis olacaq, dustaq həyatı sürəcək və axırda, yenə də, ailə dağılacaq.
Bu kitabxananın müdirəsi Mərkəzi Komitənin üzvü, Sovetin baş naziri olan Kosıqinin qızı idi. Kitabxananın qapısından içəri keçəndə, özünü elə zənn edirdin ki, bura daha artıq sovet ərazisi deyil, başqa yerdir, xaricdir. Oranın xüsusi bir ab-havası var idi, özünü orada çox asudə hiss edirdin. Görünür ora çox nüfuzlu bir məkan sayıldığına görə, orada işləyən qızlar, qadınlar hamısı seçmə-seçmə, həm çox yaraşıqlı, həm də ki, yuxarı təbəqədən olan xanımlar idilər. Bütün bunların səbəbini onda görürəm ki, Kosıqin bütün sovet başçıları arasında yeganə mədəni adam tə’siri bağışlayan şəxs idi. O müdirə də onun qızı idi.
Bu gün bə’zi adamlar, rişxəndlə sovetin kitabxanalarına lağ edirlər. Halbuki, sovetin vaxtında onlar kifayət qədər yaxşı vəziyyətdə idilər. Əksinə, bu gün Bakının kitabxanalarına dövlət tərəfindən lazımı diqqət verilmir. Məsələn, elə Axundov adına olan kitabxananı götürsək, o vaxt oranın xarici dillər şöbəsində xeyli miqdarda yaxşı kitablar var idi. Orada, ingiliscə iki fərqli tərcümədə Qur’an kitablarını tapdım. Birisinin tərcüməçisi bir ingilis keşişi olub ki, o, xaçpərəstlərin nöqteyi-nəzərindən yanaşaraq, Kitabın mə’nalarını təhrif olunmuş şəkildə oxucuya çatdırıb. Ümumiyyətlə, bütün qeyri müsəlman şərqşünaslar Qur’anı tərcümə etməyə təşəbbüs göstərəndə, işə bu cür yanaşırlar. Bizim din haqqında yalanlar danışmağı, iftira etməyi sevirlər.
Məsəl üçün təxminən qırx il bundan qabaq Qərbdə bir fitnəyə təşəbbüs göstərdilər. Fransada bir nəfər Məhəmməd peyğəmbərdən (s.ə.s.) və İmamlardan bir tarixi kitab yazıb dərc etdirmişdi. Qəzetlərdə oxumuşdum ki, Hindistan müsəlmanları o kitaba e’tiraz məqsədi ilə ayrı-ayrı şəhərlərdə, küçələrdə izdihamlı nümayişlər keçirdərək, hökumətdən o kitabın dükanlardan yığışdırılmasını, satışdan götürülməsini tələb etdilər. Onlara görə o kitabın müəllifi Peyğəmbərə (s.ə.s.) və İmamlara böhtan atıb, yalan danışıb, tarixi hadisələri qərəzli olaraq saxtalaşdırıb. Onun məqsədi İslamın ulu adamlarının təmiz adına ləkə salmaq, müsəlmanları təhqir etmək olub. Hindistan hökuməti müsəlmanların tələblərini qəbul edib kitabın satışını dayandırmışdı.
Qur’an tərcümələrindən başqa bu kitabxanada ingilis dilində Həzrəti-Rəsululllahın həyatından bəhs edən beş sayda kitab tapdım. Sovetin son çağlarında onlara altıncısı da əlavə olundu. Bu, tanınmış ingilis alimi Martin Linqsin “Hz.Məhəmmədin həyatı” kitabı idi. Bu axırıncısı İslam tarixinin ilk mənbələrinə əsasən yazılmışdı və o, “ingilis dilində yazılan Peyğəmbərin ən yaxşı tərcümeyi-halı” kimi tanınır. Linqs həyatının orta yaşlarında müsəlmanlığı qəbul edib, özünə Əbu Bəkr Siracəddin ləqəbini götürmüşdü.
O beş kitabı tapanda çaşıb qalmışdım ki, bunlardan hansını oxuyum? Kitabxananın qiraət otağında oturub oxumaq mənim üçün çox narahatlıq verən, əziyyətli bir iş idi. Çox tərəddüddən sonra nəhayət bir kitabı seçib oxudum. O vaxt hədislərin varlığından xəbərim yox idi. Ona görə kitab məndə güclü tə’sir buraxdı. Mən təəccüblənirdim ki, bu adam min dörd yüz il bundan qabaq olan keçən əhvalatları, hadisələri hər xırda təfsilatı ilə birlikdə haradan öyrənib yazıb?
Yalnız bə’zi məqamlar, Peyğəmbərin (s.ə.s.), İmam Hüseynin (ə.s.) və İmam Həsənin (ə.s.) həyat tərzindən yazdığı şeylər məndə şübhələr yaratmışdı. Ona görə ki, əgər bu şeylər həqiqətə uyğundursa, onda onlar, İslamın bu müqəddəs şəxsiyyətlərinin liqasına ləkə salmış olardı. Sonradan bu fikrə gəldim ki, bu tarixçi belə yazıbsa deməli doğrudur. Çünki mən o zaman hər yazılana inanırdım. Belə hesab edirdim ki, bir tarixçi yalan yaza bilməz, çünki, yazdığına cavabdehdir, dediyi sözə görə məsuliyyət daşıyır.
Otuz il sonra, Londonda yaşayanda, bir gün, Iran mədəniyyəti mərkəzinə getdim. Mərkəzin qapıçısı, Hindistan əsilli bir müsəlmanla, bir saata qədər, dini məsələlərə dair, ayaqüstü, söhbət etdim. Söhbət əsnasında bu kitab yadıma düşdü. Kitabda yazılan şübhə doğuran məqamlar barəsində danışdım. Bu məqamlardan biri o olub ki, bu fransız müəllifin yazdığına görə “İmam Həsən dörd yüz əlli dəfə arvad alıb-boşayıb”. Sonra yazıb ki, “onun gündə üç arvad alıb-boşamaq xasiyyəti var idi”. Bu hindistanlı müsəlman bunların hamısının yalan olduğunu söylədi. Onun cavabından sonra mən başa düşdüm ki, bu yaramaz fransız, tarixi həqiqətləri öz iftiraları, böhtan səciyyəsi daşıyan məlumatlarla qarışdırıb, oxucunu çaşdırmağa çalışmışdı. Halbuki mən onun yazdığı şeylərin həqiqət olduğunu hesab edirdim. Elə orada başa düşdüm ki, çox-çox il bundan qabaq xəbərlərdə eşitdiyim, Hindistan müsəlmanlarının e’tirazlarına səbəb olan pis kitab elə bu həmən, oxuduğum, Axundov kitabxanasında saxlanılan kitab olub. Elə görünür ki, bəxtimdən, beş kitabın arasından ən pisini seçmişdim.
Ancaq, başqa tərəfdən, bu kitab Hindistanda və başqa ölkələrdə satışı qadağan olunubsa, deməli, nadir kitab sayıla bilər. Yaxşı, pis, alimlər üçün, tarixçilərin istifadəsi üçün, onun kitabxanalarda saxlanması zəruri sayıla bilər. Bütün bunlardan belə çıxır ki, sovet hökuməti, kitabxanaları xarici dillərdə çıxan kitablarla tə’min edərək dil bilən düşüncəli, səviyyəli adamların o kitabları oxumağlarına imkan yaradırdı. Hökumət xarici dilləri bilməyən, az savadlı, şüursuz kütlənin bu kitabları oxumasını istəmirdi, bunu məsləhət bilmirdi.
Dostları ilə paylaş: |