İslam səNƏTİ


FƏLƏSTİN. QÜDS. MƏSCİDÜL-ƏQSA



Yüklə 11,59 Mb.
səhifə3/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   2   3   4   5   6   7   8   9   ...   50
(Səhihi Buxari)
İslamda Qur’andan sonra gələn ən vacib və ən mühüm yazılı abidələr hədislər məcmuəsi, toplusu olan kitablarıdır. Onlar Peyğəmbərin və onun ardıcıllarının gördükləri işlər və söylədikləri fikirlərlə bağlı rəvayətlərdir.

Bir Qərb ölkəsində, kitab dükanında mənə, kiçik ölçülü, müxtəsər “Səhih əl-Buxari” kitabı rast gəldi. İki dildə idi, ingilis və ərəb. Qeydlər də əlavə olunmuşdu. Kitabın qiymətinin ucuz olması məni təəccübləndirdi. Görünür, böyük sayda çap olduğuna görə kitabın qiymətini aşağı salmağa imkan tapıblar. Pakistan əsilli satıcıdan soruşdum ki, məni, ələlxüsus, hədisi-qüdsi olanlar maraqlandırır. O, məni başa saldı ki, onlar o biri hədislərin arasındadır, hamısı kitabın içindədir. Müxtəsər adlandırılması hədislərin məzmunun ixtisar olması demək deyil, təkrarların ixtisarı deməkdir. Yə’ni, geniş olanını, səkkiz cildəkini almaq, saxlamaq çətin şey olduğu halda bu cürəsi daha əlverişlidir. Çox sevincək, kitabı aldım. Satıcı da mənim sevinc hissi keçirtdiyimi, məmnun olduğumu görəndə, o da sevindi və gülümsədi. O kitabı evə, mehmanxanaya aparıb iki dildə olan mətnləri, bir-biri ilə tutuşdura-tutuşdura, iki-üç günə, həvəslə, axıra qədər oxudum.

Bir neçə səbəblərə görə bu cür hədis kitablarının, dünya tarixində, ədəbiyyatda tayı-bərabəri yoxdur. Bir səbəbi ondadır ki, üstündən min dörd yüz il keçmiş hadisələr, Həzrəti-Rəsulun və onun yaxınlarının, silahdaşlarının sözləri, əməlləri, fikirləri, bu hədis məcmuələri vasitəsi ilə e’tibarlı mənbələrdən günümüzə qədər gətirilib çatdırılmışdır. Təkcə elə bu səbəbə görə o qeyri-adı bir kitabdır, tayı-bərabəri yoxdur. Daha o biri səbəblərini sadalamağa ehtiyac yoxdur.

Bu yaxınlarda, dükanlarda, İmam Məhəmməd Buxarinin bu kitabının, bir cildə, Rusiyada çap olunmuş nəşrini də gördüm. Kitab, həm həcmcə nataraz idi, həm də ərəbcə olan mətni yox idi. Halbuki, ərəbcəsinin olmamağı bu nəşrin böyük qüsurudur.

Lap bu yaxınlarda Bakının bir kitab dükanında bu hədis məcmusunun bizim dilə tərcümə edilmiş kitabını gördüm. O, min nüsxə ilə çap edilmişdir.

***
Mənim kitab mövzusunun üzərində çox durmağım, uzun-uzadı danışmağımın səbəbi ondadır ki, bu həyatda kitabdan başqa heç kəsi dost saymamışam. Yə’ni, yeganə dostlarım kitablar olub. Həyatda nə xeyir görmüşəmsə kitablardan görmüşəm. Mənim müəllimlərim də, elə kitablar olub. Nə Bakıda yaşadığım dövrdə, nə də ki səyahətlərimdə dərin biliyi olan hikmətli, arif adama rast gəlməmişəm. Zəmanə belə adamları yetirə bilmir. Ancaq uzaq keçmişlərdə belə adamlar çox olub. Onlar qədim zamanlarda Babilistanda, Misirdə, Hindistanda, Çində və müsəlman dünyasında mövcud olublar. Bu gün isə biz onların biliyini, hikmət dolu sözlərini, fikirlərini təkcə, kitab vasitəsi ilə, oxumaqla əldə edə bilirik.

Fəqət kitab da var, kitab da var. Adamların səviyyələri olduğu kimi, kitabların da səviyyələri var. Hər bir kitabın, ağıllı, mə’nalı kitabın da, mə’nasız, axmaq kitabın da, öz müştərisi var.

Uşaq olanda kitabxanadan bizim milli nağıllarımızı alıb oxuyurdum. Məncə, onların dünyada tayı-bərabəri yoxdur. Ələlxüsus, sehrli nağılları sevirdim. Məhəbbət dastanları da xoşuma gəlirdi.

Yeniyetmə yaşında olanda dinə və əxlaqa aid bə’zi məsələlər məni çox narahat edirdi. Buna görə, fikrimdə, xəyalımda yaranan bu cür suallara cavab verə bilən, mənə yol göstərən, arif adam axtarırışında idim. Lakin mənə həyatın mə’nasının nə olduğunu başa sala bilən adamı tapa bilmirdim. Ətrafımda mənim müşküllatımı həll edə biləcək birisi yox idi.

O vaxt yazıçı olanları ağıllı bilirdim. Düşünürdüm ki, əgər bədii ədəbiyyat ustaları ilə görüşə bilsəm, onlar anlamadığım şeyləri mənə başa sala bilərdilər.

Sonralarda başa düşdüm ki, bədii əsər yüngül ədəbiyyat növünə aid olub, əyləncə üçün, oxuyub fikrini dağıtmaq üçün olan bir şeydir. Elə ki məncə, on səkkiz yaşdan sonra vaxtını bədii ədəbiyyat oxumağına sərf edən ağıldan kasıb, dərrakəsi zəif olan bir şəxsdir. Fəqət, uşağın, qadının bədii əsərləri oxumağı üzürlü sayıla bilər. Uşaqlıqda o cür əsərləri oxumağın, hətta, xeyri də var, çünki, uşaq onlardan yazıçılıq sənətinin sirlərini öyrənib, yazıçılıq peşəsini mənimsiyə bilər. Elə ki bu kitablarla tanış olduqdan sonra, gələcəkdə ciddi kitablar yazmaq istəyən bir fərd, bu ibtidai biliklərdən istifadə edə bilsin. Mənim demək istədiyim odur ki, dini, irfani, fəlsəfi, elmi və tarixi əsərləri, məşhurların tərcümeyi-hallarını oxumaqla təzə bir şey öyrənmək olar, bədii əsərlər isə uydurma hadisələr, həqiqətdə olmayan əhvalatlardır ki, onlar adamı xəyallar aləminə aparırlar. Qorxusu var ki, belə xəyallar aləminə qərq olan adam bütün ömrünü bu cür xülyalar içində keçirsin, bu uydurulmuş əhvalatların tilsimindən, zəhərindən canını qurtara bilməsin. Deyirlər ki, həqiqət acı, yalan isə şirindir. Həqiqətlə üzləşə bilməyən, həqiqətin acılığını qəbul etmək istəməyən zəif adam fikrini dağıtmaq üçün çarəni içkidə, nəşədə və ya da bədii ədəbiyyatda tapır.

Hələ gənc yaşımda anladım ki, bədii əsər yazan yazıçı, sıravi, adi adamlardan heç bir şeylə fərqlənməyən bir fərddir. Bu cür yazıçının, elə adamın mə’nəvi məsələlər barəsində heç bir anlayışı, biliyi yoxdur. Eləsi öz dərdinə dəva tapa bilməyəndə, özünün şəxsi həyatında qarşılaşdığı müşkülü çözə bilməyəndə, müşküllatını həll etməyi bacarmayanda, başqasına necə kömək edə bilər? Daha sonralarda anladım ki, mənim yolum din yoludur. Başa düşdüm ki, mənə gərəkən adam, məni narahat edən suallara cavab verə bilən dini və əhlaqi məsələləri mənim üçün həll edə bilən, hikmət və kəramət sahibi olan birisi olmalıdır.

Sovet İttifaqında rus bədii ədəbiyyatı geniş şəkildə təbliğ olunurdu. Ruslar, öz yazıçıları ilə hədsiz dərəcədə fəxr edirdilər. Onları Qərbi Avropa yazıçılarından üstün kimi göstərmək istəyirdilər. “Qərb ədəbiyyatından fərqli olaraq, rus ədəbiyyatı mə’nəvi, ruhani ədəbiyyatdır”, deyirdilər. Rusiyada bu fikrin ilk dəfə kim tərəfindən söylənməsini öyrənmək istədim, amma tapa bilmədim. Məncə bunu ilk dəfə deyən adam mason, dini-imanı olmayan birisi olub. Bu fikri söyləməklə o, rusları, vətəndaşları çaşdırmaq istəyirdi. Dünyəvi ədəbiyyat ruhani ola bilməz, çünki o, dünyəvi məsələlərlə məşğul olur. Yalnız müqəddəs kitablar, dini, irfani əsərlər ruhani ədəbiyyat növünə aid edilə bilər. Dünyəvi bədii ədəbiyyat isə, yüngül, puç, batil ədəbiyyat növündəndir.

Adamın sözü əməli ilə düz gəlməlidir. Necə deyərlər, əməlsiz sözdə fayda olmaz. Elə ki hər bir yazıçı və şair yazdığı sözə görə deyil həyat tərzinə görə qiymətləndirilməlidir. Paxıl, həyasız, şərəfsiz, ləyaqətsiz, namussuz və əxlaqsız adamda qafiyəli, gözəl şe’r qoşmaq və nəsr əsəri yazmaq qabiliyyəti ola bilər. Amma yazıçılıq bacarığı və şairlik iste’dadı, özü-özlüyündə, əməlisaleh olmayan adama, heç bir halda, bəraət qazandıra bilməz.

F.Dostoyevski rus yazıçısı olub. Həm çar vaxtı, həm də bu gün masonlara xidmət edən, ruhani, mə’nəvi ədəbiyyatı sevməyən dinsiz ədəbiyyatşünaslar, tənqidçilər Dostoyevskinin yazdığı kitabları tə’rifləyib dururlar, ədibin yazıçılıq məharətinə görə xalqın ona qibtə etməsini istəyirlər. Halbuki onun bir şəxs kimi həqiqi kimliyinin nə olduğunu bilmək üçün onun yazısısına, sözünə, kitabına deyil, həyat tərzinə baxmaq lazımdır. Dostoyevski qumarbaz adam olub. Qumarın xəstəsi olub. Yazdığı kitablardan qazandığı pulu Almanyanın qumarxanalarında xərcləyirdi. Bundan başqa onun işi əyyaşlıq olub ki, o, boş vaxtını Sankt-Peterburqun fahişəxanalarında keçirtməyi sevirdi. Dostoyevskidən soruşurdular ki, fahişələrin yanına nə üçün tez-tez gedirsən. O, bunun cavabında deyirdi, məni, belə qadınların bədənlərindən daha çox, onların təmiz qəlbləri maraqlandırır. İndi, bax bu cür adamdan oxuyucular, gənclər nə öyrənə bilərlər. Belə yazıçı onlara nə yol göstərə bilər. Qumardanmı, yoxsa fahişələrdənmi söz açacaq?

Rusiya dövləti üç sütun üzərində dururdu: çar sülaləsi, əyanlar və ruhanilər. Bu üç zümrə hakim təbəqəni təşkil edirdi. Bu hakim təbəqəyə müqabil olanlar isə Rusiyanın inqilabçıları idilər. Bunlar, bu üsyan tərəfdarları iki qismə bölünürdü. Birinci qism, burjua inqilabı tərəfdarları idilər. Elələrinə himayə edənlər Rusiyanın burjuaziyası, kapitalistləri olub ki, bunlar bu üç zümrəni kənar edib dövlətdə öz hakimiyyətlərini bərqərar etmək istəyirdilər. İkinci qisim, bolşeviklər, daha ifratçı inqilabçılar növündən idilər ki, bunlar cəmiyyətdə daha kəskin dəyişiklər etməyin tərəfdarları idilər. Bu, ikinci qisim isə Qərbin mason dairələri tərəfindən himayə olunurdu. Görünür ki, Qərbin təcavüzkar, cahangir dövlətləri niyyət, arzu edirdilər ki, bu ifratçı siyasi hərəkat vasitəsi ilə, inqilab vasitəsi ilə Rusiyanı güclü, vahid bir dövlət kimi yox etsinlər, onu, aradan aparsınlar.

İnqilabçılar, mason mahiyyətli dairələr hakimiyyətə gəlməklə dinsiz, imansız bir dünya, Yeni Dünya Nizamını qurmaq istəyirdilər. Bunlar bu məqsədə nail olmaq üçün, uzun illər ərzində, mətbuat vasitəsi ilə güclü təbliğat aparır, qara camaatın gözündə yuxarıda qeyd olunan üç hakim zümrəni nüfuzdan salmağa çalışırdılar.

Çar vaxtı, inqilabçılıq təmayüllü jurnalistlər, qəsdi-qərəzliklə, yazıçıları, bəstəkarları, şairləri, rəssamları, müğənniləri, artistləri, rəqqasları və başqa sənət adamlarını tərifləyir, onları, ictimaiyyətə Rusiyanın qabaqcıl adamları kimi təqdim edir, qələmə verirdilər. Yə’ni, onlar Rusiya əhalisini inandırmağa çalışırdılar ki, Köhnə Dünya Nizamında cəmiyyətin qabaqda gedənləri peyğəmbərlər, övliyalar və ruhanilər olublarsa, bu Yeni Dünya Nizamında isə daha onlar olmayacaqlar. Onların yerini sənət adamları tutacaq və elələri – artistlər, rəqqasələr, yazıçılar, müğənnilər, hoqqabazlar sizə rəhbərlik edəcək və sizi “işıqlı gələcəyə” aparacaqlar. Məsəl üçün, onlar yazıçı Qraf Tolstoyu tərifləyir, onun şəxsiyyətinin əhəmiyyətini şişirdir, onu cəmiyyətin gözündə nəhəng bir adam, millətə “məşəl tutan”, düzgün yol göstərən adam kimi qələmə verirdilər. Elə ki, axırda, bu adamın ruhi, daxili müvazinətini pozdular. Və nəticədə bu yazıçı məğrurlaşmağa, kibirli olmağa, özünü hamıdan üstün tutmağa, hamıdan ağıllı saymağa, az qala özünü peyğəmbər sanmağa başladı. Kibirli olmaq isə bir xəstəlik kimi bir şeydir. Tolstoy din məsələlərində də özünün biliyini din adamlarından, kilsə xadimlərinin biliyindən artıq olduğunu zənn etməyə başladı. Və, axırda, o, təzə bir din yaratmaq arzusuna düşdü.

Pravoslav kilsə rəhbərliyinin onu lənətləndirməsi, onu kafir e’lan etmə məsələsi din xadimlərini rus cəmiyyətinin gözündə nüfuzdan saldı. Tolstoyun pravoslav kilsəsi başçıları ilə kəllə-kəlləyə gəlməsi, o vaxtın Rusiyasında, onun hər sözünə qulaq verən cəmiyyətdə, böyük bir əks-səda yaratdı, beyinlərdə çalxalanmalara gətirib çıxartdı. Buna görə Tolstoyun bu hərəkətləri inqilabın önünü açan əsas amillərdən biri olub. Çox tarixçilər bunu belə dəyərləndirmişdilər.

O vaxt pravoslav keşişlər haray salırdılar, rusları Tolstoy kimilərinə uymamağa çağırırdılar. “Masonlar, düşmənlər bizim müqəddəs Rusiya dövlətini dağıtmaq istəyirlər”, deyirdilər. Ancaq camaat artıq nüfuzdan düşmüş din xadimlərinin sözünə baxmırdı, xəbərdarlıqlarını qulaq ardı edirdi. Rusiya dağıldı, rusların milli pravoslav dövləti bir dəfəlik getdi, əbədiyyətə qovuşdu.

Mənə görə Tolstoyun yazıları arasında yalnız “Hacı-Murad” dastanı diqqətə layiq bir əsərdir, ki bu, mənə görə, onun yazdığı bəlkə yeganə dəyərli kitabdır. O, bu kitabı otuz ilə yazıb tamamlamışdı. Əsər istilaçı rus ordusuna qarşı vuruşan Şeyx Şamilin silahdaşı və naibi Xacı Muradın tərcümeyi-halı mahiyyətini daşıyır. Bu bir yazıçının uydurması deyil, həqiqi bir əhvalat olduğu üçün və bir mücahidin həyatından, mübarizəsindən danışdığı üçün əməmiyyətli bir əsərdir.

Tolstoy Şimalı Qafqazda əsgərlik xidmətində olub. Bir xatirəsində yazırdı ki, orada o, rus ordusunun müsəlman əhaliyə qarşı törədikləri saysız-hesabsız hərbi cinayətlərinin şahidi olub. Yazıçıya görə bu hadisələr o qədər dəhşətli idi ki, bu təsəvvüredilməz vəhşilikləri qələmə almaq, sözlə təsvir etmək mümkün deyil.

O dövrdə, Qafqazda, bizdə də inqilab tərəfdarları olan dairələr mövcud idi. Bunların aralarında qələm adamları, üdaba çox idi ki, onlar müsəlmanları təhrik edir, üsyana çağırırdılar. Halbuki, bu inqilabın düsturunu yazanlar, xarici qüvvələr, Avropa masonları olub. Bu, yelbeyin, sadəlövh inteliqentlər inqilabı hazırlayanların məqsədlərinin, niyyətlərinin nə olduğunu, bilmirdilər.

“Köhnə kişilərin” söylədiklərinə görə Nikolay vaxtı, Rusiya güclü iqtisadı inkişaf dövründə idi. O vaxt, Qafqazda, müsəlmanlar böyük bir nüfuza malik idilər, hədsiz dərəcədə varlı olub, firavan həyat sürürdülər. Bizim millətin bədbəxtçilikləri, qətli-amlar, qırğınlar, aclıq və səfalət dövrü inqilabdan sonra başladı, onun sayəsində başladı. Necə deyirlər, ara qarışdı, məzhəb itdi. Müsəlman cəmiyyəti dağıldı, məhv oldu, aradan millət getdi. Masonlar, sionistlər və daşnaklar qazanc əldə etdilər, bizim millət isə, müsəlmanlar, itirdilər.

Mənim demək istədiyim odur ki, keçmişdə camaat Peyğəmbəri (s.ə.s.), İmamları, xəlifələri, övliyaları və ruhaniləri özlərinə rəhbər seçmişdilər. Padşahlar, sultanlar sarayda öz yanlarında din xadimlərini, şeyxləri saxlayıb, çətin vəziyyətlərdə, siyasi və dini məsələlərdə onlardan məsləhət alırdı. XX əsrdə isə inqilablar dünyanı sarsıtdı, Köhnə Dünya Nizamı pozuldu, dünya dəyişdi, hər şey alt-üst oldu, din adamları nüfuzdan düşdü. Elə ki bu gün camaat müğənnilərin, yazıçıların, şairlərin, artistlərin sözlərini rəhbər tutaraq onların pozğun həyat tərzini təqlid edir, onlara oxşamaq istəyirlər. Köhnə Dünya Nizamında meydan peyğəmbərlərin, övliyaların və ruhanilərin olduğu halda, bu günün Yeni Dünya Nizamında meydan yüngül adamların, sənət adamlarının: yazıçıların, artistlərin, rəqqasələrin, müğənnilərin, musiqiçilərin, təlxəklərin və hoqqabazlarındır.
***
Londonun türklər yaşayan məhəlləsində bir türk kitabxanası var. O şəhərdə yaşayanda, bir gün, ora getdim. Kitabxana böyük miqdarda marksist ədəbiyyatı ilə təchiz edilmişdi. Rəflərdə yüzlərlə Marks, Enqels, Lenin, Stalin və başqa inqilabçıların kitabları yer tutmuşdu. Müdirdən soruşdum ki, bu nə məsələdir. Dedi ki, oxuyucular elə bunları oxuyur, başqa şey oxumaq istəmirlər. Təklif etdim ki, əgər o, bu marksist ədəbiyyatını bir yerə yığıb yandırsa, savab iş görmüş olar. Müdir isə yox-yox, deyib başını buladı. Dedim ki, bunları oxuyanlar bizim düşmənlərimizdir. O isə, yox-yox onlar da bizim millətdir, deyə cavab verdi. Yə’ni ki, müdür, bunları oxuyan kürdləri, PKK-çıları nəzərdə tuturdu.

Sonra bu adamdan Koroğlu kitabını soruşdum. Türklərin Koroğlu dastanını bizimki ilə tutuşdurmaq istəyirdim. Türk isə dedi ki, bizdə Koroğlu kitabı yoxdur. Nə üçün yoxdur? Cavab verdi ki, bir-iki ay gözləyin onu Türkiyədən sifariş edərək gətizdirəcəyəm. Fəqət, ora dörd il sonra da Koroğlu kitabı ilə tə’min edilmədi.

O kitabxanada İbn Xaldunun iki cildlik “Müqəddimə” kitabını tapdım. Onu evə götürüb oxumaq istədiyimi bildirdim. Müdir çox təəccüb etdi ki, bu gün, bu qədimi kitabı oxumaq nəyə lazımdır. Ona cavab verdim ki, əslində, bu kitabı oxuyanı dəli saymaqdansa, bu gün Marksı, Lenini oxuyanı dəli saymaq lazımdır. Sonra əlavə edib dedim ki, bu gün Moskvada və ya Bakıda birisi kitabxanaya gedib Marksın, Leninin kitablarını oxumaq istəyirəm desə, onda oranın kitabxanaçıları onu dəli sayarlar.

Bu gün Qərbin, xaçpərəst ölkələrin alimləri, şərqşünasları, ürafası bu ərəbin, İbn Xaldunun kitablarını oxuyur, onun ağlına valeh olduqlarını bildirirlər, ondan çox şey öyrəndiklərini e’tiraf edirlər. Halbuki, müasir müsəlmanlar heç onun adını belə eşitməyiblər. Bu cür müsəlman müəlliflərin yazmış olduqları əsərlərin bir xəzinə olduğunu başa düşmürlər, onlara dəyər vermirlər, onları oxuyub faydalanmaq istəmirlər. Bu vəziyyəti ona oxşatmaq olar ki, birisi öz evində, yerin altında basdırılmış xəzinədən xəbəri olmayıb, gedib evin xaricində pul dilənir.

Ciddi kitablar vacib kitablardır. Ancaq onlar hər adamın tələblərini ödəyə bilmir. Hər kəs onları oxuyub başa düşmək, qiymət vermək qabiliyyətinə malik deyil. Müsəlman aləmində də həmçinin ədiblər var idi ki, onlar, qeyri-ciddi, əyləncə üçün olan əsərlər yazırdılar. Belə əsərlərin ən məşhuru kimi, yəqin ki, “Min bir gecə”ni (ərəbcə -- “Əlif leyla və leyla”) misal gətirmək olar. Deyilənə görə o kitabı Bağdadlı İran əsilli adamlar yazıblar. Bu kitab bütün dünyada məşhurdur. Qərb ölkələrində onun həm böyüklər üçün, həm də ki, ixtisarlı, uşaqlar üçün nəzərdə tutulan kütləvi nəşrləri vardı. Ancaq bu gün Qərbdə müsəlmanların əleyhinə güclü təbliğat getdiyindən ola bilər ki, artıq orada əsərin təzə nəşrlərini çıxartmırlar.

Mənim əlimə rus dilinə tərcümə edilmiş “Əcaibül-hind” adında bir kitab düşdü. O da İranlı əsilli müəllifin əsəri olub. Onu oxuyandan sonra başa düşdüm ki, “Min bir gecə” əsəri yaradılanda, yazılma tarixi daha qədim olan bu kitabdan istifadə olunmuşdu. Sindbadın səyahətləri əhvalatı və s. birinci dəfə bu kitabda yazılmışdı.

Sovet vaxtı, Amerikada ingilis dilində nəşr olunan və uşaqlar üçün nəzərdə tutulan şəkilli “Min bir gecə” kitabını tapdım və onu həvəslə oxudum. O, həm uşaq üçün, həm də böyük adam üçün maraqlı məlumatlar verən bir kitab, bir növ müsəlman həyatının məlumat kitabçası idi. Elə ki, mətndə hər hansı bir çətin söz işlədiləndə, kitabın haşiyəsində onun rəsmi verilirdi. Yə’ni, məsəl üçün, küncüd yazılanda, haşiyədə küncüd kolunun şəklini, rəsmini verirdilər. Kitabda yatağan (xəncər növü), kəcabə (dəvənin üstündə qurulan otaqcıq), əmmamə, dərviş, qəndil, yelkənli gəmi və s. nə olduğunu əyanı şəkildə görmək olardı. Mənim demək istədiyim odur ki, bu gün hər şeydə olduğu kimi kitab nəşrində də müsəlmanlar, xaçpərəstlərdən geridədirlər. Elə ki, hətta öz dininə və mədəniyyətlərinə aid olan ədəbiyyatın nəşrlərini Qərbdəki nəşrlərin səviyyəsinə gətirə bilmirlər.

Sovet vaxtı rus dilində bir kitab çıxmışdı --“İsfahanlı Hacı Babanın sərgüzəştləri”. Kitab Ceyms Moriyer tərəfindən yazılmışdı. Bu adam XIX əsrin əvvəllərində bir müddət İranda səfir işləmişdi. Müəllif, qabaqca, bildirdi ki, o, bu əsəri, İngiltərədə yaşayan bir isfahanlının, Hacı Babanın danışdığı əhvalatların əsasında yazmışdı. Lakin, kitab dünya şöhrəti qazandıqdan sonra, o, bunu danıb, əsərdəki əhvalatları özü tərəfindən uydurulduğuna israr edirdi. Ancaq İranda bu kitabın həqiqi bir əhvalat olmasına inanırlar. Onlar bir ingilisin iranlıların həyatını, məişətini bu qədər dərindən bildiyinə inanmırlar. Mən həmçinin belə düşünürəm ki, bu əsər uydurulan bir hekayə deyil, bir nəfər iranlının həyatı əsasında yazılmış, həqiqi bir tərcümeyi-haldır. Əsərdə Qacarlar dövrünün, İran həyatının canlı bir şəkildə təsvirləri verilmişdi.

Keçmiş səfirin, Londonda, İran haqqında bir kitab yazıb, nəşr etməsinin xəbəri şaha çatanda o, çox narahat olub, kitabın İranda fars dilinə tərcüməsini və nəşrini qadağan etmişdi. Şah elə hesab etmişdi ki, kitab İranın hökumət adamlarını məsxərəyə qoyur. Bu qadağa yüz il çəkdi.

Məşhur İran şairi və dilşünası Məliküş-şüara Behar bu kitabın fars dilinə tərcüməsi haqqında belə yazmışdı: “Hacı Baba” bir nəsr əsəri kimi, üslubunun incəliyinə və fikri kamilliyinə görə Sə’dinin “Gülüstan”ını xatırladır. Onu XIX əsrin İran nəsrinin şah əsəri kimi qəbul etmək olar”.

Londonda bu kitabın ilk, dörd cildlik nəşrinin satıldığını gördüm. Qiymətini soruşdum. Dedilər, 1000 “paund” (funt). Sonradan onun başqa nadir nəşrlərini də gördüm. Ən ucuzu, 40 “paund” (funt) idi. Böyük həcmli, gözəl, rəngli şəkilli kitab idi. Baha deyildi, almaq olardı. Mənim istədiyim ingilis dilində yazılmış əslini rus tərcüməsi ilə tutuşdurmaq idi.

1973-ci ildə Bakıda rus dilində, Məhəmməd ən-Nasavinin yazdığı “Sirat Cəlaləddin Mankburnı” adına bir tarixi kitab nəşr olunmuşdu. Əsər XIII əsrdə Xorəzmşah dövlətində, İranda və Qafqazda baş verən hadisələrdən, kafir tatarların İslam aləminə qarşı apardıqları müharibələrdən bəhs edir. Onun ərəbcədən tərcüməçisini Ziya Bünyatov etmişdi. Bu tarixi kitabdan daha yaxşısını, daha maraqlısını görməmişəm, oxumamışam.

Sonradan eşitdim ki, özbək xalqı o kitabı tərcümə etdiyinə görə Bünyatovu çox sevdi. Onlar bu alimin adını bu günə qədər böyük hörmətlə çəkirlər. Özbəklər deyirlər ki, sovetin təblığatçıları bizə kimliyimizi ututdurmağa çalışırdılar, özbəkləri kiçildirdilər, ancaq bu adam tariximizi, keçmişimizi bizə tanıtdı. Yə’ni ki sovet dövrünün təblığatı “Böyük rus xalqı” nın adını göylərə qədər ucaldır, rusların keçmiş tarixini ulu, şanlı bir tarix kimi göstərməyə çalışırdı. Bunun əksinə sovetin müsəlman xalqları isə heç bir müstəqil dövlətçiliyi, keçmişi, tarixi olmayan kiçik və az əhəmiyyətli tayfalar kimi qələmə verilirdilər. Halbuku özbəklərin Xorəzmşah dövləti o çağın İslam aləminin ən qüdrətli, güclü səltənəti hesab olunurdu. Odur ki, özbəklər öz şanlı keçmişi, ulu, müsəlman dövlətçiliyi tarixi ilə fəhr edə bilərlər.

Bü gün Bakıda bizim tariximiz hal-hazırkı “müstəqil” respublika tarixi ilə və Rəsulzadə dövrünün tarixi ilə məhdudlaşdırılmaq istənilir. Halbuki həqiqətdə bizim tarix İran dövlətinin tarixidir. Bizim tarix nə İran dövlətçiliyi tarixindən, nə də ki ümumi İslam tarixindən ayrı tutulmalıdır.

Avropa dillərinə də tərcümə edilmiş “Baburnamə” kitabı XV-XVI əsrlərdə yaşamış Hindistanda Moğol dövlətinin bir hökmdarı, baburilər sülaləsinin qurucüsu olan bir özbəyin yazdığı əsərdir. Moğol müsəlman dövlətinin çox şanlı bir tarixi var. Moğollar böyük bir mədəniyyət yaratmışlar. Özbəklər bu Moğolları da öz padşahları hesab edə bilərlər. Onlar fəhr edə bilərlər ki, Hindistandakı bu müsəlman dövlət bir özbək tərəfindən qurulmuşdu.

Ondan başqa, sovet vaxtı, rus dilində Usama bin Munqızın “Kitab əl-e’tibar” əsəri nəşr olmuşdu. Sonradan, Londonda mən onu kitabxanada tapıb ingiliscə də oxudum və gördüm ki, bu elə rusca oxuduğum tərcümənin eynidir. Bu kitab da bir neçə Avropa dilinə tərcümə edilmişdi. Usama XII əsrdə yaşayan ərəb əmiri, cəngavəri, alimi və şairi olub. Bu, onun yazmış olduğu xatirələridir, həyatı haqqında bəhs etdiyi kitabdır. Avropalıları maraqlandıran məsələ isə səlibçi müharibələrin, müsəlman torpaqlarına soxulan firənglərin bir ərəb tərəfindən kitabda necə təsvir olunduğu idi.

Bu kitaba şərh verən rus şərqşünas yazaraq oxucunun diqqətini ona çəkir ki, o çağın ərəbləri, müsəlmanları savadlı, mədəni, alicənab adamlar olduqları halda, Avropadan gələn səlibçilərin, firənglərin əmirləri, əyanları onun əksinə, savadsız, nadan, söz verib sözün üstündə durmayan, xain, ləyaqətsiz, mədəniyyətsiz və nanəcib adamlar olublar. Hətta, firəng padşahının, Şarlemanın belə savadı olmayıb. Sənədlərə qol çəkmək lazım gələndə, o, barmağını mürəkkəbə batırıb, onu kağıza basırdı. Bu, Avropadan gələnlər öz savadsızlıqları ilə fəxr edib, boş vaxtlarını yeyib-içmə və əyyaşlıq etməklə keçirirdilər. Məsəl üçün, bunun əksinə, Usamanın atası, bir şəhərin əmiri olaraq, boş vaxtında, bu iş ona xüsusi bir zövq verdiyi üçün, xəttatlıqla məşğul olurdu, gözəl hüsn-xətlə Qur’anın üzünü köçürürdü. Sonra bu kitablar əl-əl gəzirdi.

Usama müsəlman qoşununun ən qolu-güclü, qüvvəli cəngavəri hesab olunurdu. Döyüşün müqəddəratı da, çox vaxt belə cəngavərdən asılı idi. O dövrdə, hər iki tərəfdən bir cəngavər qabağa çıxıb, sonra üz-üzə gələrək, döyüşür və bununla hansı tərəfin udub-uduzması tə’yin olunurdu. Bunu, əsgərlərin boş yerə qırılmaması üçün edirdilər. O, həmişə, bu cür təkbətək döyüşlərdən qalib çıxırdı.

Kitabın bir yeri xüsusən xoşuma gəlmişdi. Usama Qüdsdə hökmranlıq edən firəng padşahına müraciət edərək, öz ailə üzvlərinin onun ərazisindən keçməsinə icazə almışdı. Lakin bu xaçpərəst onların əmin-amanlığını tə’min edəcəyinə söz verib, and içməsinə baxmayaraq, xaincəsinə, onların getdiyi gəmiyə hücum edib, Usamanın uzun illər ərzində topladığı var-yoxunu, bütün sərvətini talamışdı. Yalnızca, Usamanın arvad-uşağının oradan sağ qurtulması ona bir təsəlli vermişdir. Onun dediyinə görə, bu soyğunda itən dörd min cild nadir kitabın itirilməsi onu, o sərvətin itməsindən daha çox mə’yus etmişdi, onun qəlbində sağalmayan bir yara buraxmışdı.

Allah ona uzun bir ömür bəxş etmişdi. Vəfatından bir il əvvəl, artıq qocalanda və zəif düşəndə, bir xoş xəbər Usamanı sevindirmiş və həyatdan razı getməsinə səbəb olmuşdu. Bu, Misrin sultanı, Səlahəddinin səlibçılərin qoşunlarını darmadağın etməsi, Qüdsün təzədən müsəlmanların əlinə keçməsi xəbəri idi.

***





Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin