Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə34/41
tarix30.11.2016
ölçüsü4,06 Mb.
#514
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

Ədəbİyyat:
1. Banarlı Nihat Sami. Resimli türk edebiyyatı tarihi. Cilt I. İstanbul, 2001

2. Gülşeni Muhyi. Menakıb-ı İbrahim Gülşeni. (Hazırlayan Tahsin Yazıcı). Ankara, 1982

3. Himmet Konur. İbrahim Gülşeni hayatı, eserleri, tarikatı. İstanbul, 2000

4. İstanbul kütuphaneleri. Tarih-cografiya yazmaları kataloqu. İstanbul, 1943

5. Mehmet Rıhtım. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı, 2005

6. Mehmet Tahir Bursalı. Osmanlı müellifleri. Cilt I, 1972

7. Mezhepler ve tarikatlar ansiklopedisi. İstanbul, 1987

8. Musayeva Azadə. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı, problemlər, araşdırmalar. Bakı, 2002

9. Mustafa Koç. Osmanlıda Esperanto- İlk Yapma Dil Baleybelen- İlk Yapma Dilin kurucusu Muhyi-i Gülşeni, Osmanlı Kültür ve sanat, Cilt IX, Ankara, 1999.

10. Rahmi Serin. Halvetilik ve halvetiler. İstanbul, 1984

11. Türk dili ve edebiyyatı ansiklopedisi. Cilt III. İstanbul, 1979

12. Türkiye edebiyyatcılar ve kültür adamları ansiklopedisi. Ankara, 2007

13. Бертельс Э.Е. Суфизм и суфийская литература. Москва, 1965

14. Тримингем Дж.С.Суфийские ордены в исламе. Москва, 1989

15. Sufism and sufis in ottoman society. (Hazırlayan Ahmet Yaşar Ocak). Ankara, 2005
Rəxşəndə Kərİmova

(Əlyazmalar İnstitutu)
Əlyazma nüsxələrİndə xütbə
Xütbə nədir? Xütbə ərəb mənşəli söz olub, “xitabə” sözündəndir. İzahlı lüğətlərdə “cümə”, “bayram günlərində xitab etmək”, “müraciət etmək” anlamını verir. Sözün 2-ci mənası kitab və ya məqalənin ba­şın­da gözəl xətlə yazılmış müqəddimə deməkdir. Məntiq elmində beş növ nitq bəhsi vardır. Aristoteldən bizə çatmış bu fənlər məntiq alim­lərinin fikrincə, “sənaəti-xəms” (beş hünər və ya sənət) adlanır. Bu bəhs­­lərdən biri olan, ictimaiyyətdə son dərəcə əhəmiyyətli rol oynayan xütbə İsla­mın ilk dövrlərindən çox mühüm xüsusiyyətə malik olmuş­dur. İslam tarixinə görə ilk xütbə söyləyən şəxs Məhəmməd peyğəmbər (s) olmuş­dur. Tarixi mənbələrə əsasən ilk minbər xurma ağacından düzəldilib. Allah tərəfindən vəhy gəlmişdir ki, üç pillədən ibarət minbərin arxası qibləyə, üzü camaata qoyulsun, minbərdə əyləşəcək adam çıxış edərkən onun üzü adamlara, xütbə söyləyən adama qulaq asanların üzü isə qib­lə­yə olsun. Qadınlar arasında ilk xütbə oxuyan Peyğəmbərimizin (s) nə­vəsi Zeynəb (ə) olmuş və ilk dəfə Kufədə, İbn Zeyəddinin sarayında və Şam şəhərində (indiki Dəməşq) minbərin qarşısında dayanaraq xütbə oxumuşdur. Peyğəmbərdən sonrakı dövrlərdə xütbə xəlifə tərəfindən oxu­nar və namazı da qılınarmış. Daha sonralar isə yeni qaydalar tətbiq olu­naraq xütbə zamanı xəlifənin və sultanın adı çəkilməyə başlamışdı. İbn Xaldunun qeyd etdiyinə görə, xəlifənin adından ilk xütbə oxuyan şəxs Əlinin (ə) xilafəti dövründə Bəsrə valisi olan Abdullah ibn Abbas olmuşdur. Abbasilər dövründə islam torpaqlarının genişləndirilməsi, rəsmi işlərinin artması xəlifənin xalqdan uzaqlaşmasına və xütbə qa­nun­larının dəyişməsinə yol açdı. Din alimi xətib olaraq seçilmiş, xüt­bədə xəlifənin adı və ləqəbi zikr edilməyə başlamış və onun adına dua­lar edilməsi xilafətin simvoluna çevrilmişdi. Hakimiyyət dəyişikliyi za­manı yeni xəlifənin adına xilafətin mərkəzində və ölkənin digər yerlə­rin­də xütbə oxudulmuş və ilk xütbədə xətibə xələt geydirilmiş və mü­ka­fat verilmişdir.

Fiqh alimlərinin fikrincə, “Ey iman edənlər! Cümə günü namaz üçün azan oxunduğu zaman Allahı zikr etməyə tələsin ” (Cümə 62/9) ayəsində “Allahı zikr” kəlməsində məqsəd xütbədir. Həmçinin Rəsuli - Əkrəmin xütbəsiz cümə namazı qıldırmamasını diqqətə alaraq cümə xütbəsinin fərz olduğu bildirirlər. Cümə xütbəsi İslamda böyük və çox mühüm bir yer tutur. O, insanlarla həftəlik ünsiyyət, təlim, islami də­yər­lərə dəvətin davamiyyəti və cəmiyyətdəki fərdlərin bir-birinə bağlı­lı­ğı kimi çox önəmli rol oynayır. Fəzl bin Şazan Nişapuri İmam Rzaya (ə) istinad edərək söyləmişdir: “Xütbə ona görə cümə günündə qərarlaş­dı­rılıb ki, o gün islami baxışa əsasən cəmiyyətin toplandığı gündür. Gə­rək hamı cümə günü toplantısına qoşulsun. Bu göstərişdə hədəf Allahın moizə edən rəhbər vasitəsilə cəmiyyəti itaətə rəğbətləndirilməsi, günah­dan çəkindirməsi, camaata dini vəzifələrini anlatması, həqiqi məsləhət­lərini (xeyri-zərəri) deməsidir”. Cümə xütbəsinin səhih olması üçün onun cümə günü namazdan əvvəl deyilməsi, xütbə zamanı niyyət edil­mə­si, müəyyən qism kütlənin olması, rükunlarının ərəb dilində oxun­ması, həmçinin minbərdən oxunması, xətibin dəstəmazlı olması, xütbə­dən əvvəl bir surənin oxunması, xətibin səsini yüksəltməsi və ikinci xütbənin qısa olması şərtdir. Allahın Rəsulu “Namazın uzun, xütbənin qısa olmasını” buyurub. Ramazan və Qurban bayramlarında o, cümlə­dən yağışın yağmasına görə oxunan xütbələr sünnətdir. Ramazan və Qurban bayramlarının xütbəsi cümədən fərqli olaraq namazdan sonra oxunur və xütbəyə təkbir gətirilərək başlanır. Həcc ibadətinin yerinə yetirilməsi zamanı oxunan xütbələr də sünnətdir. Həzrət Əlinin (ə) “Nəhcul-bəlağə” kitabının bir qismi onun müxtəlif növ xütbələrindən ibarətdir. Orada müxtəlif bəlağətli moizələr, qəhrəmanlıq və ictimai möv­zuları əhatə edən xütbələr var.

AMEA-nın Əlyazmalar İnstitutunda xütbələrdən ibarət məcmuələr qorunub saxlanılır. B 4156/22662 şifrəsi altında mühafizə olunan əlyaz­ma 244 səhifədən ibarətdir. Müəllifi Şeyxulislam Qazi Zəkəriyyə olan bu məcmuədə xütbələr 155b-156a “Xutbətu-l İstisqa”, 156b-157a “Xut­bətu fi şəhri Şaban” , 157a-158a “Xutbətu -l eydi - l fitr” yer alır. Hüseyn əl Qədari tərəfindən h.1308-ci ildə (m.1890) köçürülmüş xüt­bələr sarımtıl rəngli Rus istehsalı olan kağızda qara mürəkkəblə ruqi xətti ilə köçürülmüşdür. Kağızın sağ tərəfində onu istehsal edən fab­rikin möhürü var. Möhürün ortasında şir şəkli, şəklin kənarlarında “Това­рещество Кувшинова № 4” sözləri yazılıb. Xütbənin və müəlli­fin adı, o cümlədən, yazılarda istifadə edilən hərəkələr qırmızı mürək­kəb­lə yazılıb. Əlyazmanın cildi kartondur, ölçüsü 19,5x23,5 sm-dir.

A 979/1426 şifrəsi altında mühafizə olunan əlyazmada xütbələr aşa­ğıdakı səhifələrdə yerləşir: 8b-13a “Xutbətu-l Cümə”, 13b-16b “Xut­bətu-l eydi-l fitr”, 16b-21b “Xutbətu-l eydi-l ədha”, 30b-32a “Xut­bətu-l Cümə”, 32b-34b “Xutbətu-l Cümə”, 38b-41a “Xutbətu-l Cümə fi şəhri Ramazanu-l mubarək”, 42a-45a “Xutbətu-l Cümə”, 49a-56a “Xut­bətu-l eydi-l ədha”. 1b-27b-yə qədər xütbələr nəsx xətt ilə qara mü­rək­kəblə sarı rəngli Avropa kağızında yazılıb. Başlıqlar və orta əsr mətn­şü­nas­lığında istifadə edilən şərti işarələr qırmızı mürəkkəblə ve­rilib. Şərq üsu­lu ilə səhifələnib. 30b-35a qədər olan hissə nəsx xətt ilə ya­zı­lıb. Başlıqlar və bəzi işarələr bənövşəyi rəngdədir. 35b-56a olan xütbə­lər iri nəsx xətt ilə yazılıb. Yazılı abidə cildsizdir, ölçüsü 19x 12 sm-dir.

A 687/1133 şifrəsi altında mühafizə olunan əlyazma məcmuədir. 84 sə­hi­fədən ibarət olan əlyazmada 73 b-78 a səhifələrində “Xutbətu-l eydi-l fitr”, 78b-81b səhifələrində “Xutbətu-l eydi-l ədha” yer alır. “Xut­­­bətu-l eydi-l ədha”nın sonu naqisdir. Mavi rəngli Avropa kağızına qara mürəkkəblə nəsx xətt ilə yazılıb. Başlıqlar, mətndə bəzi sözlər və işarələr qirmizı mürəkkəblə qeyd olunub. Əlyazma cildsizdir, ölçüsü 19x12 sm-dir.

A 886/25946 şifrəsi, “Xutbətu-l eyd-l Ramazan” adı altında qorunub saxlanılan əlyazma sarımtıl rəngli Rus istehsalı olan kağızda iri nəsx xətt ilə yazılıb. 19 səhifədən ibarət olan yazılı abidədə xütbənin adı və ya­zılmış bəzi sözlərin üzərindən qəhvəyi mürəkkəblə xətlər çəkilib. 1b-19a səhifələrini əhatə edən xütbə Avropa üsulu ilə səhifələnib. h.1282-ci ildə (m.1865) köçürülən əlyazmanın cildi yoxdur və ölçüsü 17,5x11 sm-dir.

Yuxarıda sadalanan əlyazmalardan əlavə Əlyazmalar İnstitutunda aşağıdakı şifrələr altında saxlanılan xütbələr vardır: A-195, A-688, A-694, A-718, A-761, A -772, A-820 A-879, A-892, A-927, A-951, A-996, A-1050, A-1089, B-215, B-725, B-1403, B-1925, B-2294, B-2320, B-4231, B-4738, B- 6409, B- 6729, C-385, C- 775, C- 901.
Yeganə Rəhnulla

(Əlyazmalar İnstitutu)

Raudət əl-bəhİyyə fİ şərh əl-ləmat



əd-dəməşqİyyə” əsərİnİn əlyazma nüsxələrİ
İslam aləmində fiqh bəhsinə aid yazılmış ən məşhur əsərlərdən biri Zeynəddin bin əl-Həsən bin Əli əl-Amilininروضة البهية فى شرح اللمعة الدمشقية”” “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsəridir. Bu şərh Cə­ma­ləddin əbu Abdulla bin Məkki bin Əhməd əl-Amili əl-Cəzzini əş-Şeyx əl-Əvvəl əl-Uləma əs-Səninin (ö.h.784/m.1382) “Əl-ləmat əd-dəməş­qiy­yə” əsərinə yazılmışdır. Bu əsərlər Orta əsrlərdə Azərbaycan məscid və mədrəsələrində tədris vəsaiti kimi istifadə olunmuşdur. Əsər şiə məz­həbinə aid müxtəlif şəri məsələləri əhatə edir. 51 kitabdan ibarət olan bu şərh iki cilddən ibarətdir. Birinci cildə 27 kitab daxildir. Onlar­dan “Kitabu təharət”, “Kitabu salat”, “Kitabu zəkat”, “Kitabu xums”, “Ki­ta­bu hacc”,“Kitabu nəzr”, “Kitabu mutacir” və s. qeyd etmək olar. İkinci cild isə 24 kitabı əhatə edir. Onlardan “Kitabu icarə”, “ Kitabu və­kalə”, “ Kitabu nikah”, “ Kitabu talaq” və s. göstərmək olar. Əsərin mü­əl­lifinə gəlincə, o, tanınmış İslam alimlərindən biridir. Zeynəddin Amili h.1078 (m.1667-68)-ci ildə həcc ziyarətindən qayıdan zaman Yə­məndəkən yolda vəfat etmişdir. O, “ Tarixi farsi”, “ Divan əş-şeir”, “ Mu­təvasitu-l-futuh beynə-l-mutun va-ş-şuruh fi ilmi-l-heyə”, Əl-Mə­nasiku-l-mərviyyə fi şarhi-l-isnə işriyyə əl-həciyyə”, “Risalə ət-təqiy­yə” və s. əsərlərin müəllifidir. AMEA Məhəmməd Füzuli adına Əlyaz­malar İnstitutunda Zeynəddin Amilinin “Raudət əl-bəhiyyə fi şərh əl-lə­mat əd-dəməşqiyyə” əsərinin əlyazma nüsxələri qorunub saxlanılır. Əlyazmalar institutunda 2 hissədən ibarət olan bu əsər həm bütöv şəkil­də bir cilddə, həm də ayrı-ayrı cildlənmiş şəkildə mühafizə olunur.

S-224/6177 şifrəsi altında qorunub saxlanılan bu əlyazma hər iki his­sə­ni əhatə edir. Şərh Avropa istehsalı olan sarımtıl rəngli, yarı ahər­lən­miş və filiqranli vərəqə qara mürəkkəblə nəsx xətti ilə köçürülüb. Əsərdə bəzi söz və ifadələr qırmızı mürəkkəblə yazılb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qırmızı və qara mürəkkəblə xətt çəkilib. Ha­şiyələrdə və sətirlərin arasında qeydlər var. Şərq üsulu ilə səhifələnən bu əlyazmanın cildi kartona keçirilmiş açıq qəhvəyi rəngli dəridir. Şərh katib əl-Əbdul Qasir tərəfindən h.1268/m.1852-ci ildə köçürülüb. Həc­mi 324 vərəq, ölçüsü isə 35x29 sm-dir.

S-732/9685 şifrəsi altında qorunub saxlanılan əsər Avropa isteh­sa­lı olan sarımtıl rəngli, nazik, yarı ahərlənmiş və filiqranlı vərəqə qara mü­rəkkəblə nəsx xətti ilə köçürülüb. Mətndə bəzi söz və ifadələr qır­mızı mürəkkəblə yazılıb. Haşiyələrdə müxtəlif istiqamətlərə yazılmış qeyd və izahlar var. Binonimlər və orta əsr mətnşünaslığında tətbiq olu­nan şərti işarələr qırmızı və qara mürəkkəblə verilib. Əsərin sonunda ko­lofonun içində müəllifin adı (Zeynəddin Amili) və əsərin yazılma tarixi (h.957/m.1550) qeyd olunub. Cildi kartona keçirilmiş açıq qəh­və­yi rəngli dəridir. Üzəri bir böyük və iki balaca basma medalyonla bə­zədilmişdir. Əlyazmanın həcmi 312 vərəq, ölçüsü isə 26x16 sm-dir.

D-413/10390 şifrəsi altında qorunub saxlanılan bu əsər Avropa is­tehsalı olan həm göyümtül və həm də sarımtıl rəngli, yarı ahərlənmiş, fi­liq­ranlı vərəqə qara mürəkkəblə nəstəliq xətti ilə köçürülüb. Sətirlərin arasında və haşiyələrdə qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Bəzi söz və ifadələrin üzərindən qara mürəkkəblə xətt çəkilib. Əsərin əvvəlində kitabın fehristi verilmişdir. Burada əsərə daxil olan 51 kitabın adı qara mürəkkəblə yazılıb. Əlyazmanın arasında Həzrət Abbasa yö­nəl­dilmiş ərizə var. Şərq üsulu ilə səhifələnən əlyazmanın cildi kartona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Həcmi 204 vərəq, ölçüsü isə 32,5x20,5 sm-dir.

Göstərilənlərdən başqa M-370/30763, S-423/21145 və D-618/10595 şifrələrində də əsərin digər nüsxələri qorunub saxlanı­lır. Əlyazmalar İns­titutunda “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsəri­nin birinci cildinin əlyazma nüsxələri tam hissəyə və ikinci cildə nisbə­tən daha çoxdur. D-96/3737 şifrəsi altında qorunub saxlanılan əsərin birinci hissəsi Avropa istehsalı olan sarımtıl rəngli, yarı ahərlənmiş və filiqranlı vərəqə qara mürəkkəblə nəsx xətti ilə köçürülüb. Bəzi söz və ifadələr qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi sözlərin üzərindən qır­mızı mürəkkəblə xətt çəkilib. Mətnin haşiyələrində və sətirlərin ara­sında müxtəlif istiqamətlərə qara və qırmızı mürəkkəblə yazılmış qeyd və izahlar var. Şərq üsulu ilə səhifələnən əsər kolofonla bitir. Əlyaz­ma­nın cildi kartona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Üzərinə xətlərlə bəzək vurulub. Əsərin katibi Həsən bin Məhəmməd, həcmi 304 vərəq və ölçüsü 32x20,5 sm-dir.

D - 149/11466 şifrəsi altında saxlanılan əsər Avropa istehsalı olan sarımtıl rəngli, nazik vərəqə qara mürəkkəblə şagird nəsxi ilə köçürü­lüb. Bəzi sözlər o cümlədən, əsərin adı və başlıqlar qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Mətnin haşiyələrində həm müxtəlif istiqamətlərə yazılmış qeyd və izahlar, həm də qırmızı mürəkkəblə yazılmış binonimlər var. Əl­yazmanın son səhifəsində kitabın fehristi verilmiş və burada 27 kita­bın adı yazılmışdır. Abidə Şərq üsulu ilə səhifələnib və əsərin sonu ko­lo­fonla bitir. Bu kitab vaxtı ilə məşhur Azərbaycan alimi və katibi Əb­dül­qəni Nuxəvi Xalisəqarizadənin kitabxanasına məxsus olmuşdur. Cil­di basma xətlərlə işlənmiş kartona keçirilmiş tünd qəhvəyi rəngli dəri­dir. Əsər h.1230/m.1814-cü ildə İsmayıl bin Mirzə Baba Təbrizi tərə­fin­dən köçürülmüşdür. Əlyazmanın həcmi 166 vərəq və ölçüsü 33,5x21 sm-dir.

D-713/10690 şifrəli əlyazmada bu əsər Avropa istehsalı olan sarım­tıl rəngli, filiqranlı və yarı ahərlənmiş vərəqə qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə köçürülüb. Vərəqlərdə D, R, A, C hərfləri qeyd olunub. Şərhdə bəzi sözlər o cümlədən, kitabların adları qırmızı mü­rək­kəblə yazılıb. Sətirlərin arasında və mətnin haşiyələrində müxtəlif istiqamətlərə qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Bəzi söz və ifadələrin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Haşiyələrdə bino­nimlər qara mürəkkəblə yazılıb. Şərq üsulu ilə səhifələnən əlyazma ko­lo­fonla bitir. Kitabın cildi açıq qəhvəyi rəngli kartona keçirilmiş dəridir. Üzərinə bir böyük və dörd balaca basma medalyon vurulub. Əsər İs­mayıl Xan Xəlil tərəfindən h.1316/m.1898-ci il Oktyabr ayının 20-də cü­mə günü köçürülmüşdür. Əlyazmanın həcmi 219 vərəq, ölçüsü isə 30,8x18sm-dir. “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-dəməşqiyyə” əsərinin birinci hissəsinin digər nüsxələri B-127/1745, B-3862/5487, S-2/8956, S-326/9279, S-360/9313, S-366/14103, S-478/22316, D-105/10082, D-170/10147, D-324/10301, D-339/20783, D-479/ 10456, D-761/10738, D-786 /10763, D-858/10835, D-863/10840, D-905/10882 şifrələrində də qorunub saxlanılır.

Əlyazmalar İnstitunda Zeynəddin Amilinin fiqhə aid olan bu əsərin ikinci cildi də qorunub saxlanılır. Onlardan D-616/10593 şifrəsi altında saxlanılan ikinci hissə Avropa istehsalı olan həm göy və həm də sarım­tıl rəngli filiqranlı vərəqə qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə köçürülüb. Mətndə bəzi söz və ifadələrin üzərindən qara və qırmızı rəngli mürəkkəblə xətt çəkilib. Sətirlərin arasında və haşiyələrdə müx­tə­lif istiqamətlərə qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Əsərdə fəsillərin adları qırmızı mürəkkəblə yazılıb. Əlyazmanın birinci səhifə­sin­də əsərin fehristi verilmişdir. Bu fehristə ikinci cildə daxil olan 24 kitabın adı qara mürəkkəblə yazılıb. Abidə Şərq üsulu ilə səhifələnib, cildi isə kartona keçirilmiş açıq qəhvəyi rəngli dəridir. Cildin kənarına basma çərçivə, ortasına isə bir böyük və iki balaca basma medalyon vu­rulub. Şərh Əli bin Kərbalayi Baba tərəfindən h. 1240/m.1824-cü il­də köçürülüb. Həcmi 200 vərəq, 33,5x21,5 sm-dir. D-756/10733 şifrəsi altında saxlanılan bu şərh Avropa istehsalı olan sarımtıl rəngli, nazik, filiqranlı vərəqə qara mürəkkəblə narın nəsx xətti ilə köçürülüb. Mətn qırmızı mürəkkəblə çərçivəyə salınıb. Əsərdə ikinci cildə daxil olan ki­tab­ların adları qırmızı mürəkkəblə yazılıb. Həmçinin bəzi söz və ifadə­lərin üzərindən qırmızı mürəkkəblə xətt çəkilib. Mətnin haşiyələrində və sətirlərin arasında qara mürəkkəblə nisbətən kiçik şriftlə yazılmış qeyd və izahlar var. O cümlədən, haşiyələrdə qırmızı mürəkkəblə nisbə­tən iri şriftlə yazılmış binonimlər var. Şərq üsulu ilə səhifələnən əsərin sonunda müəllifin və əsərin yazılma tarixi (h.957/ m.1550) qeyd olun­muş kolofon var. Bu kitab da vaxtı ilə məşhur Azərbaycan alimi və katibi Əbdülqəni Nuxəvi Xalisəqarizadənin kitabxanasına məxsus ol­muşdur. Cildi kartona keçirilmiş qəhvəyi rəngli dəridir. Üzərində bas­ma çərçivənin içində bir böyük və iki balaca basma medalyon var. Əl­yazma Ərdəbil şəhərində katib İbrahim bin Hüseyn tərəfindən h.1130/ m. 1717-ci ildə köçürülmüşdür. Həcmi 184 vərəq, ölçüsü 30x20,5 sm-dir.

D-860/10837 şifrəli əlyazma Avropa istehsalı olan sarımtıl rəngli yarı ahərlənmiş vərəqə qara mürəkkəblə narın nəsx xətti ilə köçürülüb. Əsərdə bəzi sözlər o cümlədən, kitabların adları nisbətən iri xətlə qır­mızı mürəkkəblə yazılıb. Həmçinin bəzi söz və ifadələrin üzərindən qır­mızı mürəkkəblə xətt çəkilib. Sətirlərin arasında və mətnin haşiyə­lərin­də qara mürəkkəblə yazılmış qeyd və izahlar var. Şərq üsulu ilə səhifə­lənən əlyazmanın birinci səhifəsində əsərin fehristi verilmişdir. Cildi kar­tona keçirilmiş tünd qəhvəyi rəngli dəridir. Əsərin katibi və tarixi qeyd olunmayıb. Həcmi 201 vərəq, ölçüsü isə 30x18,5 sm-dir.

Zeynəddin Amilinin “Raudət əl-bəhiyyə fi şərh əl-ləmat əd-də­məş­qiy­yə” əsərinin ikinci hissəsi qeyd olunan nüsxələrdən əlavə S-504/ 22804, D-400/20778, D-606/10583, D-613/10589 şifrələrində də müha­fi­zə olunur.



Ədəbİyyat:

1.K.Şərifli. Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarizadə kitabxanasının ka­taloqu.Bakı -2009

2.Каталог арабских рукописей института рукописей им. К.С.Ке­ке­лидзе Тбилиси-1978

3.اسما ئيل باشا البغدادى. هدية العا رفين أ سماالمؤلفين و اثا رالمصنفين. استانبول -1951

4. شيخ اقا بزرك الطهرانى . الذريعة الى تصانيف الشيعة. الجزءالحاد يعشر. تهران-1959

Könül Bağırova

(Əlyazmalar İnstitutu)
Azər Buzovnalının heca vəznlİ şeİrlərİ
Milli ədəbiyyatımız bütün dövrlərdə xalqın həyat tərzini, milli tari­xi­ni, düşüncə ve ideoloji fikrini, baş verən müxtəlif tarixi-ictimai hadi­sə­ləri, mədəni dəyişiklikləri dərindən və geniş şəkildə əks etdirmişdir. Bu mənada XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda və qon­şu regionlarda baş verən həm ictimai-siyasi, həm də mədəni inqilabların, yeniliklərə təkan verən proseslərin milli ədəbiyyatımızda əks olunması müxtəlif ədəbi istiqamətlərin, cərəyanların formalaş­ma­sı­na və müəyyənləşməsinə səbəb olmuşdur. Bu dövrdə bir sıra şair və ya­zıçılar mütərəqqi və bəşəri ideyalarla zəngin olan bədii irsləri ilə ədə­biy­yatımızda yeni cığırlar açırdılar. Bu dövrün yetişdirdiyi şairlərdən biri olan Azər Buzovnalının yaradıcılığının müxtəlif aspektlərdən – hə­yat və yaradıcılığı, tərcüməçilik fəaliyyəti, müxtəlif janrda yazdığı əsər­lə­rin xüsusiyyətləri, müxtəlif şəxslərin ədəbi mühitə qədəm qoyma­sın­dakı rolu və s. məsələlərin araşdırılması şairin yaşadığı dövrün ədəbi mü­hi­tinin tədqiqində xüsusi əhəmiyyət kəsb edir. Onun lirik yaradı­cı­lığı müxtəlif janrlara bölünərək tədqiq obyektinə çevrilə biləcək qədər zən­gin və rəngarəngdir. Şairin yaradıcılığının dolğun və əhatəli hissə­sini məhz onun lirik-aşiqanə məzmunlu şeirləri təşkil edir. Azər Buzov­nalı, lirikasının özülünü təşkil edən qəzəlləri ilə daha çox tanınsa da, şair klassik ədəbiyyatın təsiri ilə şeirlər yazan bəzi dövrdaş qələm əhlin­dən fərqli olaraq, yalnız məhəbbət mövzusu ilə kifayətlənməmiş, icti­mai-fəlsəfi, ümumbəşəri məzmunlu qəzəllər də qələmə alaraq dövrünün ak­tual problemlərini yaradıcılığında güzgü kimi əks etdirməyə müvəf­fəq olmuşdur.

Azər Buzovnalı klassik şeir örnəkləri ilə yanaşı heca vəznli şeirlər­də də öz bədii təxəyyülünü əks etdirmişdir. Klassik üslubda rəvan və axı­cı şeirlər müəllifi olan Azər heca vəznində yazdığı şeirlərdə həm tə­biət gözəlliklərini, saf məhəbbəti, həm də dövrünün ictimai-siyasi mən­zə­rəsini tərənnüm etmişdir. Həyatının müxtəlif dövrlərində, istər erkən gənc­lik çağlarında, istərsə də ömrünün ahıl yaşlarında şifahi xalq ədə­biy­yatının nümunələrindən, zəngin folklor irsimizdən təsirlənərək yaz­dığı heca vəznli şeirləri, qoşmaları mövzu və ideya baxımından müxtə­lifdir, rəngarəngdir. Belə ki, şair klassik poeziya nümunələri ilə öz şairanə məharətini nümayiş etdirməklə kifayətlənməmiş, həm də xalq ədə­biyyatı əsasında formalaşan janrlarda da qələmini sınayaraq şeirlər yazmışdır. Onun yaradıcılığının müəyyən dövrlərini tədqiq edən alim­lər­dən biri olan M. Sultanov bu haqda yazır: “Şair əsərlərini əsasən əruz vəznində yazmışdır, lakin onun heca vəznində də əsərləri yox deyildir. Xüsusən şairin vaqifanə qoşmaları öz səlistliyi və lirikliyi ilə nəzəri cəlb edir” (4, s.15). Şairin heca vəznli lirik yaradıcılığına toxunan A.Zey­nalzadə, erkən yaşlarından şeir yazmağa həvəs göstərən Azərin bir müddət xalq ədəbiyyatı səpkisində də qoşmalar yazdığını qeyd edir (4, s.275 ).

Ümumiyyətlə, müxtəlif dövrlərdə şairin həyat və yaradıcılığını, ədə­bi fəaliyyətinin müxtəlif istiqamətlərini araşdıran alimlər Azərin, əsa­sən, yaradıcılığının ilkin dövrlərində heca vəznli şeirlərə müraciət etdi­yini qeyd edirlər. Lakin şairin əlyazmalarını araşdırdığımız zaman öm­rü­nünün ahıl çağlarında da bu növ şeirlər qələmə aldığının şahidi olu­ruq. Belə ki, A.Buzovnalının AMEA M.Füzuli adına Əlyazmalar İnsti­tu­tundakı şəxsi fondunda qorunan avtoqraf şeir dəftərlərinin əksəriy­yə­tində şair hər bir şeir nümunəsinin altında qələmə aldığı tarixi qeyd et­mişdir ki, bu da onun təkcə gənc yaşlarında deyil, qocalıq dövründə də heca vəznli şeirlər yazdığını göstərir. Məsələn, fond 12, s.v. 9 şifrəsi al­tında qorunan “Könlüm istər danışasan, güləsən” misralı, “Gözəl qız”, “Yox-yox”, “Olsam da bir, olmasam da bir”, “Qocalıq” rədifli şeirlərin sonundakı tarixlər yuxarıda qeyd edilən fikirləri sübuta yetirir (1).

Onun əlyazmaları, nəşr edilən müxtəlif məzmunlu şeirləri ədəbiy­ya­tımızın müxtəlif janrlarına məxsus ənənələri əsərlərində vəhdət halında yaşadan, həm klassik, həm də şifahi xalq ədəbiyyatını əhatə edən bədii nümunələrdir. Şairin ideyalarının, təfəkkür tərzinin incə təcəssümü olan bu əsərləri XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında Azərbay­can ədəbi mühitinin əksidir. A.Buzovnalı heca vəznli şeirlərə müraciət etməklə çevrəsində cərəyan edən hadisələri, o cümlədən, cəmiyyətdəki müxtəlif ictimai-siyasi prosesləri, mənəvi hisslərini, aşiqin hicran və vü­sal dəmindəki duyğularını, dövrə və zəmanənin insanlarına qarşı içə­ri­sində tüğyan edən üsyanlarını dolğun şəkildə, xalqın anlaya biləcəyi dildə və qavrayacağı tərzdə canlandıra bilmişdir.

A.Buzovnalının qoşmalarında cəmiyyəti narahat edən məsələlər, ictimai fikirlər qüvvətli və aktualdır. Sadə dildə yazılmış qoşmalarda şair həm dövrünün insanlarını, həm də müxtəlif ictimai-siyasi dəyişik­lik­lər, mədəni inqilablar xaosunda yaşayan xalqın təmsilçisi olaraq öz arzularını, hisslərini də təsvir etmişdir. Bu baxımdan şairin xalq ədə­biy­ya­tının ən mükəmməl və praktik növü olan qoşma janrına müraciət et­məsi və bu janrda qələmini sınaması təsadüfi deyildir. Şair bu şeir nö­vün­dən istifadə edərək yaşadığı mühitin daha real mənzərəsini yarat­ma­ğa çalışırdı. Ədəbiyyatşünaslıqda qoşmanın lirik yaradıcılıq sferasında bədii üslub cəhətdən mövqeyi haqqında olan fikirləri ümumiləşdirərək P.Kərimov lirik poeziyanın yeni, realist istiqamətdə inkişaf etməsində klassik ədəbiyyatın kanonlarının, ənənəvi obraz-üslub sisteminin pozul­ma­sında, fərdi üslub konsepsiyasının bərqərar olmasında həyat hadisə­lə­rini, insan hisslərini hərtərəfli əks etdirməyə imkan verən, aşıq şeiri­nin ən universal və çevik janrı qoşmanın rolunun böyük olduğunu qeyd edir (3, s.201).

A.Buzovnalı heca vəzninin bütün meyarlarına, ölçülərinə riayət et­mə­yə çalışaraq gözəl sənət nümunələri yaratmışdır. Bu baxımdan onun fond 12, s.v. 9 şifrəsi altında saxlanılan qoşmalarından örnəkləri nəzər­dən keçirək:

Eşqü qismətim ruzi-əzəldən,

Dilşad olsam da bir, olmasam da bir.

Çəkdiyim cəfadır hər bir gözəldən,

Mütad olsam da bir, olmasam da bir.

Gözümün yaşilə bəslənən şəcər,

Verməyir hasili-kamına səmər,

Çəkdiyim zəhmətlər həp olur hədər,

Bu yolda hasilim tək əzab olur.

Məhəbbət mövzusunda yazan şair cananın ona verdiyi əzablardan, düşdüyü durumlardan, əhatəsindəki insanların onun sevgi yolundakı çəkdiyi əziyyətlərinə biganə qalmasından dərin təəssüf, həzin bir duyğu ilə bəhs edir. Ümumiyyətlə, onun məhəbbət hissləri ilə yoğrulan qoş­ma­­larının əsas lirik qəhrəmanı dərdli, lakin eşqinə, sevdasına sadiq, bə­zən bədbin, bəzən də eşq oduna yanmasından usanmayan, bununla fəxr edən bir aşiqdir. Azər o aşiqin timsalında həm də özünün daxili aləmini, mənəviyyatını və nəhayət, qəlbinin incə tellərini riqqətə gətirən ümid­lə­ri­ni, arzu və istəklərini oxucuya çatdırmış, onu düşünməyə sövq etmiş­dir.

Şairin qələmə aldığı müxtəlif məzmunlu qoşmalar həm qafiyə quru­luşu, həm də hecalarının, bəndlərinin müəyyən sayda olması, möhür­bənd­­lərin yazılması kimi şifahi xalq ədəbiyatının bu növünün ənənəvi xü­susiyyətlərini əks etdirmək baxımından da diqqəti cəlb edir.

Çoxların yaratmış təbiət qəşəng,

Hərəyə vermişdir bir tərzdə rəng,

Yarada bilməmiş bununla həmsəng,

Bir rəngi-digərdir mənim sevdiyim.


Eşqin şərərindən yaxıldı Kərəm,

Əslim, yüz Kərəmcə səni istərəm,

Əslini, Kərəmi yaxan Azərəm,

Atmazam mən, sən atsan daşın.

Şairin qoşmalarının mühüm hissəsi gözəlliyin təsvirinə həsr olun­muş­dur desək yanılmarıq. O həm özündən əvvəl, həm də dövrünün söz sə­nətkarlarının tez-tez müraciət etdikləri təşbehləri, simvolik obrazları, orijinal ibarələri, xarici və batini gözəlliyi əks etdirən epitetləri öz fərdi poetik dil üslubuna uyğunlaşdıraraq, şeirlərində ən yüksək zövqlə ifadə etmişdir. Şairin istifadə etdiyi “sərv boylu”, “şirin dəhən”, “simintən”, “ahu gözlü”, “kirpiyi ox”, “qaşı kaman” və s. ifadələr onun qoşmala­rı­nın əsas bədii təyinləri kimi şairin ruhunu oxşayan gözəlin daha qabarıq şəkildə insan təxəyyülündə canlanmasına rəvac verir:

Dedim qaşın kaman, kirpiyin oxdur,

Dedi, batil güman, öylə şey yoxdur.

Dedim sənin kimi gözəllər çoxdur,

Həpsi böylə şeymi, söylədi yox, yox.
Həsrətəm görməyə gül kimi üzün,

Tərlan tək baxışın, can alan gözün.

Şəkkər tək ləbindən səhdili sözün,

Görməkdir bir kürrə müddəa mənə.


Qaradır bəxtimtək sürməsiz gözü,

Ay kimi aydındır qarəsiz üzü,

Dirildir ölünü danışan sözü,

Bəs, ruhpərvərdir mənim sevdiyim.

A.Buzovnalı məşuqun daxili və xarici gözəlliyini daha dolğun təsvir etmək üçün onu təbiətin bənzərsiz varlıqlarının gözəlliyi ilə müqayisə edir, qələmə aldığı ifadələrlə hər bir varlığın öz incəlik və gözəlliyini qurban verməsi, hər bir yaradılışın yenidən təbiətə dönməsi ilə qarşı­laş­­dıraraq, sanki sevgilisinə həyatın fəlsəfəsini anladır, bir növ ibrət dərsi verməyə çalışır.

Yolunda başıma yağsa da daşlar,

Fərəhimdəndir axan gözümdən yaşlar,

Anlamaz bu zövqü sevdasız başlar,

Bu sevdadan xali olmasın başım.

Şairin heca vəznli şeirlərində cinas sözlərdən ibarət təcnislərə də rast gəlinir. Məlum olduğu kimi qafiyə təşkil edən sözlərin müxtəlif mənalar daşıması təcnisin əsas şərtlərindəndir və şeirdə belə qafiyyələri yaratmaq şairdən xüsusi istedad və yüksək sənətkarlıq tələb edir.

Könlüm istər danışasan, güləsən,

Bənzəyirsən iki açmış gülə sən...

Bu misralarda forma cəhətdən eyni olan, lakin intonasiyasına görə fərqlənən “güləsən” və “gülə sən” sözləri cinas qafiyə təşkil etmişdir.

X.Əlimirzəyev heca vəznli şeirlərin xüsusiyyətlərindən bəhs edər­kən qeyd edir ki, Azərbaycan ədəbiyyatı tarixində heca vəznində yazıl­mış şeir nümunələri təkcə mövzu, ideya, ictimai məzmun, poetik gözəl­lik cəhətdən deyil, həm forma şəkli xüsusiyyətlərinə görə olduqca zən­gin və rəngarəngdir. Həm şifahi, həm də yazılı ədəbiyyatımızda möv­cud olan iki hecadan tutmuş 16 hecaya qədər saysız-hesabsız şeir şə­killəri buna əyani misaldır” (2, s. 243 ). A.Buzovnalının ya­ra­dı­cı­lı­ğında da qoşma və təcnislərdən başqa müxtəif mövzuları əhatə edən 10-11 hecadan ibarət heca vəznində yazılmış örnəklərə də rast gəlinir. Şair bu şeir janrlarına müraciət etməklə, poeziyamızın ümumi inkişaf tarixində xüsusi yeri, əhəmiyyəti olan sənət inciləri yaratmaqla söz sənəti sa­hə­sində onların hər birinin bədii möhürünü vurmuşdur. Şair Azərbaycan ədəbiyyatı tarixində heca vəzninin sənətkarlıq xüsusiyyətlərindən bir ustad kimi bəhrələnmiş, lakin yaradıcılığında, əsasən, 11 hecalı şeir nü­mu­nələri yaratmışdır.

Açılsa naz ilə dərci-dəhəni,

Dür saçar ləbləri gəlincə sözə,

Axdırar qaməti sərvü çəməni,

Soldurar gülləri gəlsə yüz-yüzə.

Göründüyü kimi 11 hecadan ibarət müxtəlif məzmunlu şeirlərdə sevgili cananın məftunedici gözəlliyinin tərənnümü əks olunmuşdur. “Mən qaldım” rədifli şeirdə şair yaşadığı dövrü, ömrünün son günlərini, dost-tanışlarının onu və fani dünyanı tərk etməsini, pərişan halını, mə­yus­luğunu təsvir edir, digər tərəfdən vaxtilə səmimi münasibətdə ol­du­ğu qələm dostu, sirdaşı Səməd Mənsurun dünyasını dəyişməsini dərin hüznlə yad edərək yazır:

Az qalmış altmışa yetişsin yaşım,

Qocaman dağlar tək ağarmış başım,

Köçüb getdi bir-bir hamı sirdaşım,

Bu dar fənada tənha mən qaldım.
Dar oldu Mənsura bu dar fəna,

Tərk etdi dünyanı axır bivəfa,

Hicrində söz ilə hər sübhü məsa,

Çəkib ah eyləyən mənə mən qaldım.

Məlum olduğu kimi heca vəzninin əsas tələblərindən biri şeirin ahəngini tənzimləyən bölgüdür. Bədii sənətkarlıq xüsusiyyətlərini, bədii ədəbiyyatın ölçü və prinsiplərini öz yaradıcılığında mükəmməl şə­kildə əks etdirən şair bölgü sisteminə də xüsusi diqqət ayırmışdır. Onun 11 hecalı şeirləri 6-5, 5-6, 4-4-3 bölgü sistemində qələmə alınmışdır. “Qocalıq” rədifli bu şeir 11 hecalıdır, 4-4-3 bölgü sistemindədir.

Cavan şair sözüm yoxdur sözünə,

Qismət olmaz hər cavana qocalıq,

Qəm dünyanı qaraltmasın gözünə,

Gətirməsin səni cana qocalıq.

Ümumiyyətlə, Azər Buzovnalı nikbin ruhlu bir şair olmuşdur. Onun həm qəzəllərində, həm də heca vəznində yazılmış şeirlərində bunu duy­ma­maq qeyri-mümkündür. A.Buzovnalı yaradıcılığında ruh yüksəkliyi, həyata bağlılıq, hər bir qaranlıq gecənin sonunda sübh şəfəqlərinin var­lı­ğına ümid və inam əsas motivlərdəndir. Yuxarıda qeyd etdiyimiz “Qo­calıq” rədifli şeirində də o qocalığın hər insana nəsib olmadığını vur­ğulayır, yenə də özünün nikbin əhvali-ruhiyyəsini Allah tərəfindən ona bəxş edilən uzun ömrün timsalında yaşada bilir.

Yolunda başıma yağsa da daşlar,

Fərəhimdəndir axan gözümdən yaşlar,

Anlamaz bu zövqü sevdasız başlar,

Bu sevdadan xali olmasın başım.


Səni görüm şad xəndan olasan,

Qızılgül tək nə saralıb, solasan,

Mənim kimi sinnü salə dolasan,

Yaraşıqdı çün insana qocalıq.

Şair insan taleyinin şən çağı olan cavanlıqla, qəmli dövrü olan qo­ca­lığı qarçılaşdıraraq qüvvətli bədii təzad yaratmışdır:

Cavanlıq ki, ömrün bahar çağıdır,

İxtiyarlıq qış tək ona yağıdır,

Gənclik onun çiçəkli mehr bağıdır,

Bənzər qəmli bir zamana qocalıq.

Azər Buzovnalı Azərbaycan ədəbiyatı tarixində həm klassik, həm də heca vəznində yazdığı şeirləri ilə rəvan, emosional, fərdi dil üslubu ilə tanınan söz ustadlarındandır. Onun klassik üslubda yazdığı qəzəlləri heca vəznli şeirlərindən dil və üslub etibarilə fərqlənir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Fü­zuli, Şah İsmayıl Xətai və başqa söz sərkərdələrindən təsirlənib qələmə aldığı qəzəllərində ərəb-fars sözləri, söz birləşmələri, istilahlardan bəzi dövrdaş qələm dostlarından fərqli olaraq daha sadələşmiş şəkildə isti­fadə etməyə çalışmışdır. İzafət tərkibləri, alınma sözlər onun müasir döv­rün ədəbi mühitinin dil və üslub sistemindən uzaqlaşdırmamışdır. Əksinə onu dilimizi sadələşdirib, canlı xalq dilinin obrazlı ifadələrindən istifadə etmək yolu ilə zənginləşdirməsinə sövq etmişdir. Məsələn, şairin XIX əsrin sonlarında qələmə aldığı şeirlərinin dili ilə XX əsrin əvvəllərində yazdığı şeirlərin dil və üslubu arasında fərqlər var. Belə ki, yaradıcılığının ilkin dövrlərinə aid olan şeirlərində ərəb-fars sözləri, ifa­dələri daha çox istifadə olunurdusa, sonrakı dövrlərdə qələmə alınan poe­tik örnəklərdə isə sadə xalq dili üstünlük təşkil edirdi.

Lirik yaradıcılığını araşdırarkən görürük ki, Azər Buzovnalı milli ədəbi ənənələri və Azərbaycan dilinin zənginliklərini əsərlərində qaba­rıq şəkildə tərənnüm edərək özünün bədii söz sənətini lazımınca tanıt­mağa nail olmuşdur.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin