Doqquzuncu fəsil
Biz ilahi dərgaha qovuşmağı
yaşamaqdan üstün tutduq!
Rəfiqələrimdən biri mənə “Səndən payım” kitabını
hədiyyə etdi. Kitab bizim kimi bir həyata sahib ər-arvad,
daha doğrusu, şəhid və onun həyat yoldaşı barədə idi.
Şəhid Hacı Səttarın həyat yoldaşı ilə evlilik xatirələri, ilk
günlərində yoldaşının ondan utanması, şəhidin uzun-uzadı
ezamiyyətləri, ayrılıqlar, bir sözlə, Həmidlə yaşadığımız
hər şeyi o kitabda görürdüm. Kitabın hər səhifəsində
ucadan ağlayırdım. Kitabın axırına yaxınlaşdıqca daha çox
qorxurdum. Qorxurdum ki, birdən bizim həyatımızın sonu
da kitabdakı kimi olar.
Diqqətimi kitaba o qədər yönəltmişdim ki, hətta
Həmidin gəldiyini belə bilmədim. Başımın üstündə
dayanıb yaşlı üzümə tamaşa edirdi. Mənə bu qədər təsir
204
etdiyini görüb kitabı əlimdən aldı, gizlədib dedi: “Kitabın
qalan hissəsini oxumağa icazən yoxdur. Bura qədər
oxudun, bəsdir”. Boğazımda qəhər dedim: “Kitabda sanki
bizim həyatımız yazılıb. Qorxuram ki, bizim həyatımızın
axırı da ayrılıqla bitsin”.
O qədər kövrəlmişdim ki, bir neçə saat danışa
bilmədim. Həmid xarab olmuş şirəçəkəni düzəldirdi. Bu
işləri bacarırdı. Evdə bir şey xarab olanda özü düzəltməyə
çalışırdı, çox az hallarda təmirə verirdi. Mətbəxə keçib
başımı qatmağa çalışdım. Kitabda keçən hadisələri
zehnimdə canlandırıb, nişanlı vaxtlarımızda Həmidə “siz”
deyə müraciət etdiyim günləri xatırlayırdım. O zaman
adını belə deyə bilmirdim, indi isə hər şeyim olmuşdu və
mən onsuz bir an belə qala bilmirdim.
Telefonun zənginə diksindim. Universitetin Bəsic
qrupunun sədri idi. Universitetə yeni qəbul olmuş tələbələr
üçün nəzərdə tutulmuş səfərdə onunla getməyimi istəyirdi.
Ürəyim Həmiddə qalmışdı, onu tək qoymaq istəmirdim.
Ancaq digər tələbə yoldaşlarımın bu səfərə getmək
imkanları yox idi. Həmidin razılığını alandan sonra
oktyabrın 30-da tələbələrlə Ramsər istiqamətinə yola
düşdük. Səfərə çıxmazdan qabaq Həmidə yemək
hazırladım. Adətən, səfərə çıxanda ona iki-üç dəfə yeyə
biləcəyi qədər yemək bişirirdim.
Ramsərin havası buludlu idi, şiddətli yağış yağırdı.
Birgünlük dərsdən sonra tələbələri sahil kənarına
apardılar. Dəniz tufanlı idi. Tələbələrlə çoxlu şəkil
çəkdirdikdən sonra Pəhləvi sarayı muzeyinə getdik.
Portağal və naringi fəsli idi. Bəzi tələbələr dəcəllik edib
muzeyin qarşısındakı ağaclardan meyvə dərirdilər.
Həmidlə danışanda bildim ki, Qəzvin vilayətinin ilk
hərəm şəhidi olan Rəsul Purmuradın dəfnində iştirak
205
etmək üçün Haşimxan qəsəbəsinə gedib. Çox danışa
bilmədim. Ona tələbələrin Pəhləvi bağından meyvə
dərdiyini söyləyəndə dedi: “Əzizim, o meyvələrə dilini
belə vurma! Dövlət mülküdür. Allah bilir, o vaxt şah bu
bağ-bostanı hansı yazığa zülm edərək, kimin malını qəsb
edərək salıbdır. Qəzvinə qayıdanda sənə istədiyin qədər
portağal və naringi alacam.
Külçə sevdiyi üçün qayıdanda Həmidə külçə aldım.
Mən evə çatanda idman zalına getmişdi. Öz paltarlarını
yuyub ipdən asmışdı. Onun paltarlarını yumağıma razı
deyildi. Gəzmək paltarından tutmuş idman və hərbi
paltarlarına qədər hamısını özü yuyurdu. Aşağı mərtəbədə
qalanda mətbəxdə paltaryuyan maşını üçün kanalizasiya
borusu yox idi. İkinci mərtəbədə də mətbəx o qədər kiçik
idi ki, paltaryuyanın qapısını belə açmaq olmurdu. Buna
görə də, cehiz gətirdiyim paltaryuyan maşınından heç vaxt
istifadə edə bilmədim. Məcbur qalıb paltarları əllə
yuyurduq.
Bu ikigünlük ayrılıqdan sonra Həmidə dadlı bir pizza
bişirmək istəyirdim. Tez əşyalarımı yerbəyer edib mətbəxə
keçdim. Kəlləpaça və qarından başqa yemədiyi yemək yox
idi. Dediyinə görə, subay vaxtı pizzadan da qaçırmış.
Dostlarından biriylə yaxşı bişməmiş pizza yemişdi, elə o
gündən pizzadan qətiyyən xoşu gəlmirdi. Ona bişirdiyim
ilk pizza yadıma düşəndə məni gülmək tuturdu. İlk tikəni
gözlərini yumaraq yedi. Ancaq dadandan sonra xoşuna
gəldi və daha iştahla yeməyə başladı. O gündən sonra
pizza barədə fikri tamam dəyişdi. Hərdən belə deyirdi:
“Fərzanə, axşama pizza bişir. Bayırda yediyimizlə sənin
bişirdiyin arasında yerlə-göy qədər fərq var”.
Pizza üçün lazım olan ləvazimatları hazırlayanda çörək
qabının içində iki-üç kiloluq xəmir gördüm. Diqqətlə
206
baxanda anladım ki, Həmid qurumuş lavaşları suya qoyub.
Yəni lavaşa su səpmək əvəzinə suya salıb yumuş, sonra da
qatlayıb çörək qabına qoymuşdu.
Həmid qapının zəngini basan kimi pilləkənlərin
yarısına qədər düşdüm. Bir neçə dəqiqə gözləsəm də
yuxarı çıxmadı. Pəncərədən boylananda gördüm ki, ev
sahibinin oğluyla söhbət edir. Tez mətbəxə keçdim, ev
sahibinə vermək üçün bir neçə külçəni boşqaba qoydum.
Pilləkəndən qalxanda həmişə olduğu kimi, “ya Allah”
deməyə başladı.
Hal-əhval tutandan sonra səfər barədə danışdım. Hər
şeyi danışandan sonra soruşdum: “Ev yiyəsinin oğlu nə
deyirdi? Düzü, bir neçə külçəni boşqaba qoydum ki, aşağı
aparasan”. Əlində tutduğu kitabı göstərib dedi: “Ev
yiyəsinin oğlu əsgərlikdə olanda bu kitabı korpusun
kitabxanasından əmanət götürüb, ancaq sonra qaytarmaq
yadından çıxıb. Mənə verdi ki, aparıb kitabxanaya
qoyum”.
Ayətullah Dəstğeybin “Böyük günahlar” kitabı idi.
Həmidə dedim:
-Maraqlıdır, bu bizim mağazalarda axtardığımız kitab
deyil?! İndi ki tapmışıq, oturaq ikimiz də başdan-ayağa
oxuyaq.
-Xanım, bu kitabı oxuya bilmərik. Bunu biz əmanət
götürməmişdik, bizim adımıza yazılmayıb. Deməli,
oxumağa haqqımız çatmır. Bu, kitabxanaya aiddir, biz o
zaman oxuya bilərik ki, kitabxanadan öz adımıza
götürmüş olaq.
***
Telefonla anamla danışırdım. Bizə zabitlər evində
veriləcək ev barədə söhbət edirdik. Anam dedi:
207
-Yavaş-yavaş yeni ev üçün lazım olan əşyaları almağa
başlamalıyıq.
Sağollaşanda atam dəstəyi alıb həmişəki zarafatlarından
etdi, sonra dedi:
-Bu gün Suriyaya gedəcək hərbçilərin adlarını
gətirdilər. Həmidin adının üstündən xətt çəkdim. Bunu ona
elə de ki, narahat olmasın.
Dəstəyi qoyanda Həmidin sakitcə ağlamaq səsini
eşitdim. Otağa girəndə gördüm ki, “Səndən payım” kitabı
əlindədir. Bildim ki, kitabda keçən xatirələrə ağlayır.
Mənim gəldiyimi görüb kitabı bağladı və dedi:
-Düz deyirmişsən. Eynilə bizim həyatımıza bənzəyir.
Şəhid xanımları həqiqətən, özlərini fəda ediblər. Bir
qadının təkbaşına o qədər yükü daşıması çox çətindir.
İstəyirəm ki, Suriyaya gedəndən sonra mənə şəhadət
qismət olsa, sən də bu şəhid xanımı kimi səbirli və
mətanətli olasan.
Dostları Suriyaya gedəndən sonra başqa hərbçilərin də
getməsi məsələsi ortaya çıxmışdı. Həmidin belə getmək
istəyini görəndə içim-içimi yeyirdi ki, adının siyahıdan
silindiyini ona necə deyəcəm.
Fikrə daldığımı görüb səbəbini soruşdu. Bir qədər
mızıldayandan sonra dedim:
-Atam sənin adını siyahıdan silib. Mənə dedi ki, sənə
xəbər verim.
Bunu eşidəndə çox narahat oldu.
-Dayım gərək belə bir iş tutmasın. Mən Suriyaya
getməyi çox istəyirəm.
Bir-iki saat bir kəlmə də danışmadı. Hətta öncəki
günlərdə olduğu kimi, istirahət belə etmədi. Axşam idman
zalına getmək üçün geyindi. Evə qayıdanda atamla
danışdığını bildirdi. Nə danışdıqlarını bir-bir mənə dedi.
208
Məşqdən sonra atama yaxınlaşıb demişdi: “Dayı can, əgər
qismətimdə şəhadət varsa, Qəzvində də şəhid olaram.
Buna görə də mane olmayın, icazə verin, mən də gedim”.
Atam razı olmayıb demişdi: “Əgər getmək lazım olsa,
mənim və qardaşının şəraiti daha münasibdir. Sən hələ
cavansan, nə vaxt mənim və ya General Həmədaninin
yaşına çatsan, onda Suriyaya gedərsən”.
Həmin gecə Həmidin gözünə yuxu getmədi. Bilirdim
ki, bu dəfə də gedə bilməsə, ürəyi partlayacaq. Səhər
Həmidi
yola
salandan
sonra
atamgilə
getdim,
valideynlərimlə xeyli söhbət etdim, atamdan Həmidin
adını siyahıya əlavə etməsini istədim.
-Mən Həmidin Suriyaya getməsinə razıyam. Qoy nə
xeyirdirsə, o da olsun.
-Qızım, Həmid getsə, şəhid olacaq.
Anam da mənim tək qalacağımdan narahat halda dedi:
-Fərzanə, sənin göz yaşlarına dözməyə taqətim yoxdur.
Allah eləməmiş, bir şey olsa, sən dözə bilməyəcəksən.
-Dediklərinizin hamısını çox yaxşı başa düşürəm.
Əslində, mənim də ürəyimə damıb ki, getsə, şəhid olacaq.
Ancaq onun xoşbəxt olmasına mane ola bilmərəm. Xahiş
edirəm, siz də razılıq verin. Həmidin tək istəyi hərəm
müdafiəçisi olmaqdır. O, öz yolunu çoxdan seçib.
Atam mənim israrımı görüb razılaşdı. Qərara gəldik ki,
yeni siyahıya Həmidin adını da əlavə etsin.
Şənbə günü, 7 noyabr saat beşdə universitetdən evə
qayıtdım. Hava buludlu və tutqun idi. Otağın işıqları
yanmırdı. Həmid sobanın yanında adyala bürünüb yuxuya
getmişdi. Barmaqlarımın ucunda mətbəxə keçdim. Bir
qədər yeyəndən sonra Həmid oyandı, məni çağırıb dedi:
-Nə vaxt çatdın, xanım? Yeməyini ye, gəl bura, səninlə
işim var.
209
Danışıq tərzindən məsələnin nə olduğunu anladım.
Zarafata dedim:
-Yenə Suriyaya getmək istəyirsən, yoxsa Samirraya?
Hara getmək istəyirsənsə, get! Biz daha səndən əlimizi
üzmüşük.
Gülüb dedi:
-Zarafatsız, getməyimi istəyirsən? Səhər tezdən elan
etdilər ki, Suriyaya getmək istəyənlər qalsınlar. Çoxları
qaldı. Kimlərin pasportu olduğunu soruşdular. Mən əlimi
qaldırdım. Sonra kimlərin tibbi təlim keçdiyini soruşdular.
Yenə əlimi qaldırdım. Sonra kimlərin topla atəş açmağı
bacardığını soruşdular. Bu dəfə də əlimi qaldırdım.
-Nə lazımdırsa, hamısını eləmisən. Bircə bu qalır ki,
mən Quranı tutum, sən də altından keçəsən. Sənin bu əl
qaldırmaların bizim axırımıza çıxdı. Məgər öncəkilər
qayıtdılar ki, siz gedirsiz?
Adyalı qatlaya-qatlaya dedi:
-Biz postu təhvil alıb yerləşən kimi qayıdacaqlar.
Bir neçə ay öncədən universitetdən adımızı Kərbəla
ziyarətinə yazdırmışdıq. Həmid deyirdi: “Bundan əvvəl
Kərbəlaya gedəndə sənə çadra ala bilmədim. Bu dəfə
birlikdə gedək, özün seç, al”. Pasportumuzun müddəti
bitmək üzrə idi. Bir neçə gün sənəd işləri ilə məşğul olduq.
Bütün işləri yerinə yetirsək də pul işi düzəlmədi. Sanki
Həmidin qismətinə yazılmışdı ki, qardaşın ziyarəti üçün
aldığı pasportla bacının hərəmini müdafiə etməyə getsin.
Öncəki hərbçilərin getməsindən qırx gün keçirdi. Bunu
mənə şənbə günü dedi, iki gündən sonra da özünün
gedəcəyini bildirdi. Mən nə qədər iztirab keçirdimsə,
Həmid bir o qədər sevinc içində idi. Güzgünün qarşısında
dayanıb saqqalını daraya-daraya dedi:
210
-Dedilər ki, hərbçi formasında şəkil çəkdirməliyəm.
Gedim küçənin başında çəkdirim, qayıdıram.
Evdən çıxan kimi boğazımda düyünlənmiş qəhər acı
göz yaşlarına çevrildi. Nə edirdimsə, qəlbimi sakitləşdirə
bilmirdim. Həmidin gedişi mənimçün bir kabusa
çevrilmişdi. Bir tərəfdə imanım, digər tərəfdə hisslərim
dayanmışdı. Bir anın içində hisslərim mənə qalib gəlib,
“Qoyma getsin! Küs ondan! Qarşısını kəs! Tərslik et! Axı
nə mənası var ki, yolumuzun ilk addımlarında yoldaşın
gedib şəhid olsun?!” -deyirdi. Bütün bu fikirlər xora kimi
canıma düşmüşdü. Qəhərimi boğub, qiyamət günü
Əmirəlmömininin (ə) hüzurunda əliboş dayanacağımı
təsəvvür etdim; bir halda ki, bu dünyada heç nəyə nail
olmamış,
üstəlik,
yoldaşımın
getməsinin
qarşısını
almışam.
Yerlə göy arasında qalmışdım. İxtiyarsız göz yaşı
tökürdüm. Qəribə haldaydım. Bir tərəfdə qəhər və göz
yaşı, digər tərəfdə isə həvəs və eşq vardı. Sakitləşmək
üçün bir neçə rəfiqəmə və qohumuma zəng vurdum, ancaq
xeyri olmadı. Hətta bəziləri dedikləri sözlərlə yarama duz
səpdilər. Bəziləri belə nəticəyə gəlmişdilər ki, Həmid məni
sevmədiyi üçün Suriyaya gedir. Onlar deyirdilər: “Sənin
yerinə olsaq, onu getməyə qoymarıq. Əgər səni sevirsə,
qalacaq”.
Onlar bizim bir-birimizi nə qədər çox sevdiyimizi, əsl
aşiqlər olduğumuzu bilmirdilər. Düzdür, mən qərarsız
idim, qəlbimə söz keçirə bilmirdim, ancaq bütün bunlara
rəğmən, ərlərini haqqın müdafiəsinə qoymayıb tarixin
nifrətini qazanmış qadınlardan olmaq istəmirdim; həzrət
Zeynəbin (ə) yanında xəcalətli olmaq istəmirdim.
Yarım saat keçməmiş qayıdıb həvəslə şəkillərini
göstərdi. Bu onun çəkdirdiyi son şəkil idi, hərbi formada,
211
3×4 ölçüsündə çəkdirmişdi. Şəkili görəndə özümü güclə
saxladım. Onun göz yaşlarımı görməsini istəmirdim.
İstəmirdim ki, yol üstündə narahat olsun. Dərindən nəfəs
alıb boğazımda düyünlənmiş qəhəri, gözümdə yığışan göz
yaşlarını boğmağa çalışırdım. Ancaq qəlbində tufanlar
qopduğu halda özünü sakit göstərmək çox əzabvericidir!
Həmid gözlərimə baxanda ağladığımı hiss etdi.
Mehriban əlləri ilə çənəmi qaldırıb soruşdu:
-Əzizim, ağlamısan?! Axı danışmışdıq ki, mənə kömək
edəcəksən. Bu göz yaşları məni çıxılmaz vəziyyətə salır.
-Ciddi bir şey deyil. Televizorda şəhidlərlə bağlı veriliş
gedirdi, ona baxıb ağladım.
Təbəssüm edib dedim:
-Mən sənin seçiminə razıyam, Həmid. Get, ata-ananla
sağollaş. Çünki iki ay burda olmayacaqsan, onlardan
gizlədə bilmərəm.
Əlimdən tutub dedi:
-Ağlamayacağına söz verirsən? Çalışacam yarım saata
gedib-qayıdım.
-Tez qayıtmana ehtiyac yoxdur. Bir neçə saat da olsa,
ata-ananın yanında qal.
Evdən çıxanda saat altı olardı. Gedən kimi başımı
qarışdırmaq üçün mətbəxə keçdim. Çox gec gəldi. Saat
11-i keçmişdi. Bildim ki, bibim çox narahat olub. Evə
girən kimi soruşdum:
-Sağollaşdın? Bibi çox ağladı? Bəs, atan nə dedi?
Sakitcə dedi:
-Anam bir söz demədi. Ancaq ağladı.
Bundan öncə ezam olunanlar, adətən, getmələrini
valideynlərinə demirdilər. Buna görə təəccübləndim.
Bibimgil Həmidin Suriyaya getmək istədiyinə inana
bilmirdilər.
212
Ertəsi gün universitetə getmədim. Həmid işdən qayıdan
kimi dedi: “Gedək, sənin valideynlərinlə də sağollaşaq”.
Qapının ağzında, hələ motosikletdən düşməmiş zəng
vurub uçuşun ləğv olunduğunu söylədilər. Sevindiyimdən
uçmağa qalmışdım. Xəbər halımı dəyişdi, rahat oturub,
şam yeməyi yeyə bildim. Həmid isə yeməklə oynayırdı.
Xəbəri eşidəndən bəri çox narahat idi.
Anam da mənim kimi sevinirdi. Zarafata dedi:
-Həmid can, səfərin baş tutmasa da, nə vaxt Suriyaya
getmək istəsən, əvvəl qızımı boşa, sonra get.
Həmid uçuşun ləğv olunduğuna nə qədər narahat olsa
da, anamın bu sözünə gülüb dedi:
-Birincisi, bizim getməyimizin geci-tezi ola bilər,
amma baş tutmaması ola bilməz. İkincisi də hardan bilmək
olar ki, mən sağ-salamat qayıtmayacam. Mən təzə bəy
kimiyəm, gəlini əmanət qoyub cihada gedirəm.
Kənarda oturub danışıqlarına qulaq asırdım. Atama
dedim:
-Ata, eşidirsən nə deyirlər? Mən hələ ölməmişəm, biri
deyir təlaq ver, o biri də deyir vermirəm. Heç məni sayan
yoxdur.
Birinci gün işdən qayıdanda hərbi paltarını çıxarıb dedi:
-Xanım, zəhmət olmasa, bu etiketləri çıxar. Suriyaya
gedirik deyə, paltarımızda korpus etiketi olmamalıdır.
İŞİD bizim korpus döyüşçüsü olduğumuzu bilsə, heç
ölümüzə də rəhm eləməz.
Paltarları götürüb otağa keçdim. Etiketləri bir-bir
qopardım, yerini bir neçə dəfə ütülədim ki, bilinməsin.
Etiketləri götürüb dedim:
-Bunlar burda qalır. Söz ver ki, sağ-salamat
qayıdacaqsan, mən bunları yenidən paltarına tikəcəm.
Paltarı alıb dedi:
213
-Yaxşı bacarırsan ha! Zəhmət olmasa, köynəyin üst
düyməsini bir az yuxarıdan tik. Hərbi forma gərək boğazı
da örtsün.
Qara sapla düyməni bir az yuxarıdan tikdim. Baxıb
dedi:
-Bəs niyə qara sapla tikdin? Gərək yaşıl sapla tikəydin.
-Həmid can, çox fikir vermə! Bu köynək paltarın
altında qalacaq. Onsuz da görünmür.
Hərbi geyim məsələsində çox diqqətli idi. Korpusun
hərbi formasına xüsusi hörməti var idi.
Axşamçağı qardaşı bizə sağollaşmağa gəldi. Həsənlə
Suriyadakı vəziyyət barədə söhbət edirdilər. Həmid
qardaşı üçün nar dənələdi, ancaq ağa Həsən heç nə
yemədi. Qonağımız gedəndən sonra evi təmizləməyə
başladım. Həmin gün valideynlər, bacılar və Səid bizə
gəlməli idilər. Qonaqlar üçün banan, alma almışdıq.
Meyvələri böyük siniyə düzmüşdüm deyə, qonaqların
sayından az görünürdü. Həmid sinini görüb dedi: “Xanım,
gedim, bir-iki kilo banan alım, az olmasın”. Dedim: “Yox,
ehtiyac yoxdur. İnan, hələ bu da çoxdur. Sini böyükdür
deyə, belə görünür”. Bir neçə dəqiqə sonra yenə israr
etməyə başladı. O qədər qonaqpərvər idi ki, meyvələrin az
olmasına laqeyd qala bilmirdi. Sonda dözə bilməyib dedi:
“Xanım, mən o qədər həyəcan keçirdim ki, qarnım ağrıdı.
Gedim, iki kilo banan alım”.
Qayıdanda o qədər bananı nə edəcəyimi düşünürdüm.
Sini bananla dolu idi. Düz fikirləşmişdim. Qonaqlar
gedəndən sonra xeyli banan qaldı.
Həmidə dedim: “Həmid can, sən bir-iki günə gedirsən.
Mən bu qədər bananı nə edim?! Bu qədər bananla bir
qonaqlıq vermək olar”. Çoxlu banan qaldığını görsə də,
özünü o yerə vurmayıb dedi: “Heç nə olmaz, əzizim!
214
Özüm qəsdən çox aldım. Bananları tök çantana, anangilə
apar”.
Boşqabları yerləşdirdikdən sonra gözüm paltarlardan
çıxardığım etiketlərə sataşdı. Həmidin adı yazılmış etiketi
ovcumun içində sıxıb gözucu ona baxdım. Sakitcə işini
görürdü. Halım heç də yaxşı deyildi. Gecənin sakitliyi və
tənhalıq dərdi bütün vücudumu bürümüşdü. Həmiddən
ayrı qalmaq hissi hər an mənə əzab verirdi.
Həmin gecə qəribə həyəcan içində idim. Bir neçə dəfə
yuxudan ayılıb paltarlar olan tərəfə getdim. Gecənin
qaranlığında gözlərimi bağlayıb əlimi Həmidin hərbi
formasına sürtürdüm ki, tikiş izlərinin qalmadığına əmin
olum. Özümü düşmənin yerinə qoyur, düşünürdüm ki,
düşmən paltara əlini çəksə, etiketin tikiş yerini anlayar, ya
yox! Paltarı iyləyib, sakitcə ağlayırdım. Ürəyim bir an belə
sakitləşmirdi. Quran ayələrini zümzümə etməyə başladım.
Həmidimi qoruması üçün Allaha dua edirdim.
Tənhalıq hissi ikinci gün mənə daha ağır gəldi. Cümə
günü axşamüstü insana hücum edən sıxıntı kimi bir hiss
keçirirdim. Sanki nə əllərim işləyirdi, nə ürəyim. Bütün
evə qəm çökmüşdü. Yeganə səs saatın tıqqıltısı idi. Saatın
əqrəblərini Həmidin evə gəldiyi saata, saat üçün yarsına
çəkmək istəyirdim. Ancaq əqrəblər belə mənimlə tərslik
edir, yerindən tərpənmək bilmirdi. Həmid gec gələcəyini
bildirsə də, süfrəni hzırlamağa başladım. Süfrənin ortasına
bir ədəd gül qoydum. İnanmaq istəmirdim ki, bu günlər
Həmidlə keçirdiyim son günlərdir. Durmadan gözlərimi
yumub-açırdım ki, bəlkə həyatımda hər şeyin yolunda
olduğunu görəcəyəm. Qəlbimdə əsən tufanların səbəbi yox
idi. Digər ezamiyyətlər kimi, bu ezamiyyət də bir müddət
ayrılıqdan sonra bitəcək, Həmid yenə evimizə dönəcəkdi.
Öz-özümə təskinlik verirdim. Ancaq bir neçə dəqiqə sonra
215
sanki qəlbimin dərinliyindən kimsə hayqırıb deyirdi ki, bu
gedişin dönüşü yoxdur. Nə qədər ki Həmid evdə deyil,
doyunca ağlamaq istəyirdim. Göz yaşlarım bitmək
bilmirdi.
Həmin gün çox gec gəldi. Evə gələndə artıq axşam idi.
Hərbi formada, paltarı toz-torpaqlı idi. Ezamiyyət öncəsi
təlimlərinə qoşulmuşdu. İş yerindəki bütün şəxsi əşyalarını
gətirmişdi. Sanki ona ilham olunmuşdu. Ona dedim:
-Niyə bu qədər gec gəldin? Bunlar nədir, gətirmisən?
Gedib-qayıdacaqsan da! Bütün əşyalarını gətirməyə nə
lüzum var idi?
Əşyaları etiketləri qoyduğum arakəsmənin üstünə
qoyub dedi: “Xanım, əmin ol ki, mən bir də hərbi hissəyə
dönməyəcəm! Mən çox yuxu görmərəm, ancaq son
günlərdə bir yuxunu dəfələrlə görmüşəm. Yuxuda
görürdüm ki, hansısa bir yeri qoruyuram. Timsahlar məni
əhatəyə alıb tikə-tikə edirlər. Ancaq mən sonuna qədər
oradan tərpənmirəm. Hiss edirəm ki, bu yuxunun yozumu
xanım Zeynəbin (ə) hərəmini müdafiə etməkdir”.
Bu yuxunu öncədən mənə danışmışdı. İndi danışanda
isə yorğun, ancaq həvəsli gözləri bir başqa olmuşdu. Hər
gün keçdikcə bu gözlər daha da əlçatmaz olurdu.
-Nəsə xəbər var? Gözlərin tezliklə gedəcəyini deyir.
Səfər barədə bir söz demirlər?
Baxışlarını məndən çəkib otağa paltarını dəyişməyə
getdi.
-Gərək paltarlarımı yuyum. Ola bilsin, cümə axşamı
çıxdıq.
Bunu deyən kimi ürəyim əsdi. Uçuşun ləğv olunduğunu
eşidəndən sonra bir-iki gün də olsa, rahat nəfəs almışdım.
Bu xəbər isə məni yenə əzaba saldı. Soyduğum kartofları
216
mətbəxə qoyub, otağa keçdim. Çətin anlar idi. Durmadan
ağlamaq istəyirdim.
Paltarlarını yumağa güclə razı saldım. Yuduqca ürəyim
daha da əzab keçirirdi. Həmidin gözündən uzaqda
doyunca ağladım. Tez qurusun deyə, paltarları sobanın
yanına sərdim, sonra yemək bişirməyə başladım.
Kartofları hər qarışdıranda ruhum bədənimdən ayrılmaq
istəyirdi.
Həmidin ruhi vəziyyəti də yaxşı deyildi. Heç nə
demirdi, ancaq sükutunda bir dünya söz vardı. O, öz
yolunu seçmişdi. Ancaq sevən qəlbi sakit etmək olarmı?!
Bu ayrılığın çətin və əzabverici olduğunu bilə-bilə bir-
birimizdən ayrılacaqdıq. Bir neçə nəfərə zəng vurub
halallıq istədi. Yarımçıq işlərini tələsik bitirmək istəməsi,
dönüşü olmayan səfərə gedəcəyindən xəbər verirdi. Mənsə
yaralı və aşiq qəlbimə heç bir məlhəm tapa bilmirdim.
Bir neçə dəqiqədən sonra gəlib mətbəxdə oturdu.
Yemək bişirsəm də, onun ağır baxışlarını hiss edirdim.
Qəhər məni boğurdu. Özümü həmişəki kimi sakit
göstərməyə çalışırdım, ancaq baxışlarımız toqquşan kimi
özümü saxlaya bilmədim. Mən ağlayan kimi Həmidin də
gözlərindən yaş süzülməyə başladı.
Əlimdən tutdu, gözlərimin yaşını silə-silə titrək və
hüznlü səslə dedi: “Fərzanə, ürəyimi titrətdin, ancaq
imanımı əsla titrədə bilməyəcəksən!”
Bu cümləni deyən kimi yerimdə donub qaldım. Öz-
özümə dedim: “Nə edirsən, Fərzanə?! Axı sən lənətlənmiş
qadınlardan olmaq istəmirdin! Bəs niyə yoldaşının qəlbini
incidirsən?!”
Gözümü gözünə dikmişdim. Sakitcə əlimi çəkib dedim:
-Həmid, çox çətindir. Sənsiz mənim gecəm sabah
olmaz! Ancaq buna rəğmən, şeytanın qulu olmaq
217
istəmirəm.
Səni
İmam
Mehdiyə
(ə)
tapşırıram.
Aqibətimizin xeyirli olması üçün dua edəcəm.
Dodaqlarına təbəssüm qondu. Onun təbəssümü mənim
yaralı qəlbimin məlhəmi idi. Kaş bu təbəssümü çərçivəyə
salıb divardan asa biləydim, ruzigarın çətin günlərində ona
baxaraq imanımı qoruyaydım! Bu sözlər həm Həmidi
sakitləşdirdi, həm də mənim təlatümlər içində üzən
gəmimi sahilə çatdırdı. Mənə dedi:
-Nə tez yadından çıxdı! Sən həyatımızın ən şirin anında
mənim şəhid olmağım üçün dua etmişdin.
-Səninlə keçən hər anım şirin olub, hansını deyirsən?
-Yadındadır, əqd süfrəsi başında dedim ki, dua et,
arzum yerinə yetsin. Mən orada Allahdan tezliklə şəhid
olmağı istəmişdim. Sən də dedin ki, nə duam varsa, Allah
qəbul eləsin.
Zaman maşını ilə keçmişə qayıdan adam kimi eşq dolu
həmin günlərə getdim. Söhbət Həmidin şəxsiyyət
vəsiqəsini evdə unutduğu gündən gedirdi. Həmin gün çox
gec gəlmişdi, indi isə çox tez getmək istəyirdi. Bilmirdim
sevinməliyəm, yoxsa narahat olmalı. Görəsən, həmin gün
onun yanımda olmaması üçün dua etmişdim, yoxsa
göylərə çəkilib sevgilisinə qovuşması üçün?!
Şam yeməyini yeyib dedim: “Əzizim, yorğunsan, get,
duş al!” O, hamamdan çıxana qədər dediyi söz barədə
fikirləşdim. Bu söz məni tamamən alt-üst etmişdi. Əhli-
beyt hərəmini müdafiə etmək istəyən birisinin qəlbini
bundan artıq narahat etmək istəmirdim. Qərara gəldim ki,
daha da möhkəm olacam.
Həmid mavi rəngli hamam xalatını geyinib çıxdı.
Fikirləşdiyim kimi, A4 ölçülü kağızı götürüb dedim: “Ağa
can, sənin nə vaxt səfərə çıxacağın məlum deyil. Bəlkə də
218
sabah getdin. İndi ki hövsələn var, bir neçə sətir
vəsiyyətini yaz”.
Qərara gəldik ki, ayrı-ayrılıqda iki vəsiyyət yazsın.
Birini ümumi olaraq, dostlara, iş yoldaşlarına və xalqa,
digərini də xüsusi olaraq, ata-ana, bacı-qardaş və
qohumlara.
Yazmağa başladı. Yaxşı qələmi vardı. Hamamdan
yenicə çıxdığı üçün üz-gözündən su damırdı. Dedim:
-Həmid, sən Allah, oxunaqlı yaz, çox qarmaqarışıq
yazma. Sadə yaz ki, hamı rahat oxuya bilsin.
Başını qaldırıb güldü. Sonra da zarafata dedi:
-Əksinə, o qədər çətin yazmaq istəyirəm ki, oxuya
bilməyəsən. Çünki çox bilikli olduğunu iddia edirsən.
Vəsiyyətnaməsini
heç
bir
səhvsiz,
qaralamasız
birdəfəyə yazıb bir səhifəni doldurdu, mənə verib dedi:
“Oxu, gör, necədir?”
Yavaşca oxumağa başladım:
“Məhəmməd və ali-Məhəmmədə salam olsun! Mən
Həmid Hişmətullah oğlu Siyahkali Muradi bir neçə sətirdə
ürək sözlərimi yazmağı lazım bildim. İlk olaraq, bildirmək
istəyirəm ki, həzrət Zeynəbin (ə) hərəmini qorumağı
özümə vacib və bu pak ailənin yolunu getməyi səadət
bilirəm. Allahdan bu yolda qədəmlərimi möhkəm etməsini
təmənna edirəm...”
Gözlərimdən yaş süzüldü. Oxuduqca daha çox
ağlayırdım.
“...Bu məktubu oxuyan və ya eşidən hər kəsin yanında
xəcalətliyəm. Çünki İmam Mehdi (ə) və onun haqq naibi
olan İmam Xamenei yolunda qurban verməyə cəmi bircə
canım vardı”.
Göz yaşlarımı görüb dedi: “Olmadı ki, xanım! Ağlama.
Sən bu vəsiyyətnaməni möhkəm, sarsılmaz ruhiyyə ilə
219
oxumalısan. İndi isə qalx, möhkəm dayan! İstəyirəm ki,
ucadan oxuyasan. Təsəvvür et ki, insanların qarşısında
dayanıb şəhid vəsiyyətnaməsi oxuyursan”.
Həmin gecə vəsiyyətnaməni mənə on dəfə ucadan
oxutdurdu. Oxuyub bitirdikdən sonra şeir dəftərini istədi.
Həmin ilin aşura günü üçün şeir yazmışdı. Onun üç beytini
vəsiyyətnaməsinin axırına yazdı, sonda da tarixi qeyd etdi:
“10.11.2015”. Tarixin altından həmişə işlətdiyi cümləni
yazdı: “Kəfa bil-hilmi nasirən”. (Kömək üçün səbir etmək
kifayətdir!) Həmişə çətinlik yarananda və ya nədənsə
narahat olanda bu cümləni deyib sakitləşirdi.
Xüsusi vəsiyyətnaməni yazanda dedim: “Həmid, ola
bilsin, mən ana oldum. Bir neçə cümlə də uşağımızdan
yaz! Uşağımıza ad qoymaq istəyirsənsə, onu da qeyd elə”.
Həmişə söhbət uşaqdan düşəndə deyirdi: “Mən özüm əkiz
dünyaya gəldiyim üçün uşağım da əkiz olacaq. Fərzanə,
çoxlu alma ye ki, əkizlərimiz gözəl olsunlar”.
Vəsiyyətində Allah Rəsulunun (s) niyyətilə iki ad
yazdı: Məhəmmədhisam və Məhəmmədehsan. Çox
istəyirdi ki, övladı olanda məddahlığı öyrənsin, Quranı
əzbərləsin. Qız üçün də Əsma adını seçdi. O deyirdi:
“İstəyirəm ki, qiyamət günü qızımı xanım Fatimənin (ə)
kənizinin adıyla çağırsınlar”. Adları başqa bir vərəqə yazıb
Quranın arasına qoydu. Arxasına da belə yazmışdı: “İlahi!
Mənə saleh, sağlam, gözəl və zəkalı övlad nəsib et!”
Vəsiyyətin son sətirlərinə çatanda dedim: “Əzizim!
Şəhid xanımları, adətən, həyat yoldaşlarını doyunca görə
bilmədiklərindən gileylənirlər. Vəsiyyətnaməndə yaz ki,
mənə sənin cənazənlə yarım saat tək qalmağa icazə
versinlər”.
Özüm də inanmazdım ki, Həmidin şəhidlik məsələsi bu
qədər ciddi olacaq və mən hətta bu kimi şeylərin də fikrini
220
çəkəcəyəm. Bu sözləri dilimə necə gətirdiyimə inana
bilmirdim. Sanki bədənimə başqa bir şəxs girib mənim
dilimlə danışırdı. İş o yerə çatmışdı ki, hətta şəhadətindən
sonrasını belə düşündürdüm.
Xahişimi qəbul edib vəsiyyətnamənin sonunda yazdı:
“İcazə verin, həyat yoldaşım cənazəmin başında bir neçə
dəqiqə tək qalsın”. Vəsiyyətnaməni Quranın arasına
qoydu. Qəlbisınıq halda dedim: “Bunlar məndə əmanət
qalacaq. İnşallah, sağ-salamat qayıdıb qoyduğun yerdən
özün götürərsən”.
***
Üçüncü gün səhər işə gedəndə bir mən qaldım, bir də
Həmidin
vəsiyyətnaməsi.
Cümlə-cümlə
oxuyub
ağlayırdım. Sona çatanda yenə əvvəldən oxumağa
başlayırdım. Cümlələrin hər biri mənə rövzə kimi idi.
İşdən qayıdanda qəfəsdən azad olmaq istəyən quş kimi
sevinirdi. Dedi:
-Bu gün bir kağız verib dedilər ki, dəfn olunacağımız
yeri və şəhadət xəbərinizi elan edəcək şəxsin adını yazın.
Yazdım ki, vəsiyyətnaməmi xanımıma vermişəm. Dəfn
yerimə Nəcəfin Vadiüssalam məzarlığını yazmışdım,
ancaq sənə və anama verdiyim söz yadıma düşdü.
Düşündüm ki, məndən uzaq qalmağa dözə bilməzsiz.
Üstündən xətt çəkib, “Qəzvinin şəhidlər xiyabanı” yazdım.
Dərindən nəfəs alıb xırıltılı səslə dedim:
-Yaxşı elədin, yoxsa hər şeyimi satıb sənin yanında
qalmaq üçün Nəcəfə köçəcəkdim.
Mənim xahişimlə şəhadət xəbərini çatdıracaq şəxs kimi
atamın adını yazdı. Bilirdim ki, bu xəbəri gətirən kim olsa,
ona həmişə nifrət edəcəkdim, onu hər görəndə bu acı
xəbər yadıma düşəcəkdi. Atam isə başqaydı. Onun mənə
olan məhəbbəti bütün bunların fövqündə dururdu.
221
Nahardan sonra istirahət etmək istəyəndə dedi: “Məni
bir az tez oyadarsan, gedib ailələrimizlə sağollaşarıq”.
Həmişə olduğu kimi, qonaq otağında, sobanın yanında
uzanıb yuxuya getdi. Çox istəyirdim ki, başının üstündə
dayanıb saatlarla ona tamaşa edim; ancaq nə o günlər kimi
ki, saatın əqrəblərini irəli çəkib Həmidi tez görmək
istəyirdim, nə də bu anlar kimi ki, sanki əqrəblər bir-
biriylə yarışa girmişdi. Zaman olduqca tez keçirdi, mənsə
hələ Həmidlə tanış olduğum günlərin birinci pilləsində
qalmışdım...
Evdən çıxanda birinci atamgilə getdik. Evə girən kimi
anam ağlamağa başladı. Özümü sakit göstərmək mənə
dəhşətli dərəcədə çətin gəlirdi. Atama Həmidin adını
siyahıya daxil etməsini dediyim gün söz vermişdim ki,
sakit olacam. Sağollaşanda atam Həmidi göz yaşları içində
qucaqladı. Atamın dodaqaltı belə zümzümə etdiyini
eşidirdim: “Bilirəm ki, getsə, şəhid olacaq. Bilirəm ki,
getsə, bir də qayıtmayacaq”. Bunları deyib ağlayırdı.
Atamın zavallı halını görəndə dözə bilmədim. Başımı
Həmidin çiyninə qoyub səssizcə ağlamağa başladım. Hava
soyumuşdu. Ancaq mənə əzab verən havanın soyuqluğu
deyildi, Həmidin getməsinin sızıltısıydı.
Oradan qayınatamgilə getdik. Atamgildən bibimgilə
qədər ağladım. Üzümü Həmidin kürəyinə yaslayıb
ağlayırdım. Həmid dedi: “Əzizim, ağlama! Üzün islansa,
soyuqdan donacaqsan”. Bibimgilə çatanda üzümü yudum
ki, kimsə ağladığımı bilməsin.
Həmişəkindən fərqli olaraq, Həmid bu dəfə pilləkəni
yavaşca çıxdı. Bütün bacı-qardaşları oradaydı. Yalnız
Həsən yox idi. Bibim bizi görən kimi dedi: “Axır ki gəlib
çıxa bildiz. Çox narahat idim, Həmid!” Bibim elə bilirdi
ki, Həmidin getmək məsələsi ləğv olunub. Buna görə
222
sevinirdi. Həmid gözü ilə mənə işarə verdi ki, məsələni
danışım. Çadramı çıxarıb mətbəxə keçdim. Bibim yemək
bişirirdi. Məni görən kimi dedi: “Bozbaş bişirmişdim.
Həmid boşbaşı sevmədiyi üçün ona kotlet bişirirəm”.
Üz-üzə oturmuşduq. Göyərtiləri təmizləyəndə bibim
gözlərimin qızardığını görüb narahat halda soruşdu:
-Nə olub, Fərzanə can, ağlamısan? Gözlərin niyə
qızarıb?
Həmidin Suriyaya gedəcəyini söyləmək o qədər də asan
deyildi. Övlad nə qədər böyük olsa da, bir ana üçün
həmişə uşaqdır. Analar adi hallarda belə övladlarına görə
narahatdırlar, o ki qala vətəndən kilometrlərlə uzağa
düşmən üzərinə göndərəndə. Həmiddən ürək qoparmaq
mənə nə qədər çətin olsa da, bir ana üçün min dəfə artıq
çətin idi.
Bütün sözləri ölçüb-biçdikdən sonra dedim: “Düzünü
desəm, Həmid sabah gedir. Biz də sağollaşmağa
gəlmişik”.
Bibim bu sözü eşidən kimi ağlamağa başladı. Ona
yazığım gəlirdi. Nə qədər sakitləşdirməyə çalışsam da,
bacarmadım. Bibim ağlayanda mən sakitləşirdim, mən
ağlayanda da bibim məni sakitləşdirməyə çalışırdı.
Həmid bir neçə dəqiqədən bir mətbəxə gəlib deyirdi ki,
ağlamayın. Bibim ağlaya-ağlaya Həmidə dedi: “Necə
ürəyin gəlir hər şeyi qoyub gedəsən? Sən həyatını yeni
qurmusan. Bax, gör yoldaşın nə haldadır. Sən ki onu bu
qədər sevirsən, necə tək qoyub gedə bilirsən?!”
Həmid yanımızda oturdu. Həmişə olduğu kimi,
anasının alnından öpüb dedi: “Ay mənim mehriban anam!
Sən ki Quran müəlliməsisən. Bu qədər Quran öyrətmisən,
rövzə məclislərində olmusan. Mən oğlunam. Deyirsən ki,
mənə öyrətdiyin hər şeyi görməzdən gəlim?! Məgər
223
həmişə məclislərdə həzrət Zeynəb (ə) üçün ağlamırıq?!
Razı olarsanmı, həzrət Zeynəbə (ə), həzrət Rüqəyyəyə
qarşı yenidən hörmətsizlik etsinlər?!”
Bibim bu sözləri eşidəndə üzərinə su tökülən alov kimi
sakit oldu. Yaxşı bilirdim ki, ürəyində fırtınalar qopur,
ancaq bir söz demir.
Azan səsi gəldi. Həmid mətbəxdə dəstəmaz almağa
başladı. Nədənsə bir-bir bütün hərəkətlərini əzbərləmək
istəyirdim. İstəyirdim ki, saatlarla vaxtım olsun, onun
bütün sözlərini, rəftarlarını beynimə yazım. Həmin anlarda
onun mimikalarını, üzünün bütün cizgilərini, gözəl və
utancaq gözlərini, dağınıq saçını, daranmış və səliqəli
saqqalını, bir sözlə, hər şeyini dəqiqliklə xatırlayıram.
Namaz vaxtı səccadə üzərində oturmuşdum, məhəbbətlə
əlini başıma çəkib dedi:
-Alllah qəbul etsin, xanım!
Sonra həmişə olduğu kimi, zikrə başladı. Az hallarda
təsbehlə zikr edərdi. Adətən, barmaqlarıyla sayardı.
Fürsətdən istifadə edib bunun səbəbini soruşdum.
Barmaqlarını yaxınlaşdırıb dedi:
-İstəyirəm bu barmaqlar qiyamət günü şahidlik etsin ki,
mən bu dünyada Allahı çox zikr etmişəm.
Zarafata dedim:
-Bəsdir bu qədər zikr dedin! Mələklər yoruldular savab
yazmaqdan.
-Qiyamət günü hər kəsin bir sandıqçası olacaq. Dediyi
hər zikrə görə sandıqçaya bir huri qoyular, həmin huri də
zikr edən üçün bağışlanmaq istəyər.
Bu sözü eşidən kimi hirslənməyə başladım. Paltarını
çəkib dedim:
-Sən bu qədər hurini neyləyirsən belə?! Həmid, əgər o
biri dünyada huri arxasınca düşdüyünü görsəm, səni öz
224
əllərimlə boğaram. Elə edəcəm ki, səni cənnətdən atsınlar
bayıra!
Dəcəlliyi tutmuşdu.
-Biz kişilər cənnətə də getsək, siz arvadların əlindən
qurtula bilməyəcəyik. Sizin əlinizdən bizə orda da rahatlıq
yoxdur.
Bunu deyən kimi qaşlarımı çatıb, küsərcəsinə üzümü
çevirdim. Həmid halımı görən kimi gülüb dedi:
-Zarafat elədim, xanım! Bilirsən ki, ər-arvad arasında
olan küsülülük çox çəkməməlidir. Çünki Allah bunu
sevmir. Söz verirəm ki, orda da səni seçəcəyəm. Sən
olmasan, cənnətdə rahatlığım olmaz, cənnət mənə
cəhənnəm olar.
Həmid həyəcanlı olduğundan doğru-düzgün yemək
yeyə bilmədi. Son saatlarda daha da sevincək idi. Ondan
fərqli olaraq, mən narahat idim, dua edirdim ki, Həmidin
telefonuna zəng vurub səfərin ləğv olunduğunu desinlər.
Ancaq bu, baş vermədi.
Ata-anasının halı yaxşı olmadığından tez qalxdıq.
Sağollaşanda bibim Həmidin yoluna bir az qoz verdi.
Həmid onu qapıya qədər ötürən ata-anasını qucaqladı.
Qapıdan çıxanda arxamızca su tökdülər. Mən son bir neçə
ildə bu işi hər səhər görürdüm ki, Həmid sağ-salamat
qayıtsın.
***
Çamadanını yığmaq çox vaxt apardı. Bütün paltarlarını
bir-bir qatlayıb çamadana yığdım. Ancaq Həmid gələndə
paltarlarının çoxunu çamadandan götürüb şkafa qoydu.
Ona aldığım şokoladları da çamadandan götürüb,
yarızarafat-yarıgerçək dedi:
-Bu qədər paltar, yemək nəyə lazımdır?! İnan ki, sabah
dostlarım əllərində bircə paltarla gələndə məni bu
225
çamadanla, gözümdə də gün eynəyi ilə görüb mənə
güləcəklər. Mən çamadanla gedə bilmərəm. Əşyalarımı
balaca əl çantasına yığ.
Evdə cəmi bir əl çantası var idi, onu da idmana gedəndə
aparırdı. Dedim:
-Axı bu qədər əşyanı balaca çantaya necə sığdırım?!
Nə qədər desəm də, axırda çamadandan əlimi üzməyə
məcbur oldum. Çanta balaca olsa da, şokoladdan başqa
bütün əşyalarını yerləşdirə bildim. Qoyduğum bütün
əşyaların içindən sadəcə cib Quranından xoşu gəldi. Dedi:
-Bu Quran qoyduğun bütün əşyalara dəyər.
Özümün və valideynlərimizin telefon nömrələrini
kağıza yazıb əşyalarının arasına qoydum ki, lazım olsa,
əlaqə yarada bilsin. Ona qırmızı diş fırçası da qoymuşdum.
Özünün köhnə yaşıl fırçasını zibil qutusuna atmaq
istəyəndə əlindən tutub dedim: “Qoy səndən yadigar
qalsın!” Mənə baxıb güldü. Sanki ikimizin də ürəyinə
nələrsə dammışdı.
Çantanı hazırlayandan sonra xına düzəldib dedim:
-Həmid, düzü, bilmirəm nə vaxt gedəcəksən və nə vaxt
əməliyyatda olacaqsan. Ancaq istəyirəm ki, əməliyyat
gecəsi xına yaxan döyüşçülər kimi sənə də xına yaxaq.
Təəccüblə soruşdu:
-Xına niyə?
-Əgər sağ-salamat qayıtsan, heç, ancaq qismətində
şəhid olmaq varsa, indidən xınayaxdı edirəm ki,
şəhadətinin sabahısı toy günün olsun. Sənin xoşbəxtlik və
xeyirli aqibət günün hər kimiz üçün ən gözəl gündür.
Sobanın yanında, divanda oturdu. Üstünə ağ parça atıb
ayağının altına qəzet qoydum. Niyyət edib saçına,
saqqalına və ayaqlarına xına yaxdım. Başı xınalı-xınalı
telefonun kamerasını açıb dedim:
226
-Həmid, mənimçün, valideynlərinçün danış.
-Mən ata-anamın zəhmətlərinin əvəzini verə bilmərəm.
Cümlə axtarırdı. Zarafata dedim:
-Həmid, bir dəqiqə vaxtın var. Tez ol!
-Sənin ata-anan da mənə çox lütf edib. Ən böyük
lütfləri bu idi ki, öz qızlarını mənə verdilər. Sənin özün də
qəlbimin əzizisən. İnşallah, qayıdana qədər, səni
valideynlərinin yanında əmanət qoyuram.
Son günlərdə tez-tez deyirdi:
-Dayımdan çox utanıram. Çünki mən hər ezamiyyətə
gedəndə sən onlara getmək məcburiyyətində qalırsan. İndi
də deyəcəklər ki, bu qız gəlin getdi, ancaq bütün günü
atası evindədir.
Xına yaxandan sonra başına çalma bağladım, sonra
doyunca selfi çəkdirdik. Dedi:
-Fərzanə, əgər qayıtmasam, xatirələrimizi mütləq bir
yerə yazarsan.
-Bilmirəm, bəlkə də. Ancaq həqiqətən də yazmağa
hövsələm yoxdur.
Üzünü maqnitofonun yanındakı boş kasetlərə çevirib
dedi: “Bu kasetlərə yazarsan”. Onları məktəb illərində şeir
müsabiqəsində qazanmışdı.
Özümdən asılı olmayaraq, Hacı Mahmud Kəriminin o
günlərdə dilimdən düşməyən mərsiyəsini zümzümə
etməyə başladım. Bu, həzrət Zeynəbin (ə) İmam Hüseynlə
(ə) vida rövzəsi idi:
Dostları ilə paylaş: |