Alternativ (bərpa olunan) enerji mənbələrinin əsas inkişaf prinsipləri AEM və davamlı inkişaf (Dİ) arasında olan əlaqələrə həm qlobal, həm də regional və ya lokal xüsusiyyətləri özündə cəmləşdirən məqsədlər iyerarxiyası nöqteyi-nəzərindən baxıla bilər. Bu enerji mənbələri Dİ-nin: 1) sosial-iqtisadi inkişaf; 2) enerji resurslarına çıxış; 3) enerji təhlükəsizliyi və 4) iqlim dəyişikliyi və ətraf mühitə təsirin azaldılması kimi mühüm məqsədlərinə müsbət təsir göstərir. Lakin iqtisadi inkişaf səviyyəsindən asılı olaraq, müxtəlif ölkələr AEM-in inkişafına fərqli yanaşmaya və sosial-iqtisadi məqsədlərə malikdir. Məsələn, sənayeləşmiş ölkələrdə iş yerlərinin açılması və iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin aparılması AEM-in təşviqinə dəstək verən məqsədlərdən hesab olunur.
Alternativ (bərpa olunan) enerji mənbələrinin normativ-hüquqi çərçivədə inkişaf etdirilməsi Hazırda dünyanın demək olar ki, bütün ölkələri öz enerji ehtiyaclarını neft, təbii qaz və kömür kimi ənənəvi enerji mənbələri hesabına ödəyir. Ənənəvi enerji resursları tükənəndir, ətraf mühit üçün zərərlidir və bundan başqa, artan enerji qiymətləri iqtisadiyyata da mənfi təsir göstərir. Bunun əksinə, AEM ekoloji cəhətdən təmiz və tükənməzdir. Müxtəlif enerji mənbələrinə görə, AEM-i beş qrupa bölmək olar. Ən
qədim və geniş yayılmış mənbələrdən biri hidro-enerji hesab olunur. Hidro-enerji sadəcə sudan əldə edilən və elektrik enerjisinə çevrilən enerjidir. Bu enerji resursu bir çox metodlarla əldə edilə bilər, lakin sudan enerjinin istifadə edilməsinin ən çox yayılmış metodu hidro-elektrik stansiya bəndidir. Biokütlə enerjisi bütün üzvi materialların istifadəsi ilə alınan enerjidir. Biokütlə enerjisinin üstünlüyü ondadır ki, o, asanlıqla saxlanıla və enerjiyə tələbat yarandıqda istifadə oluna bilər. Geotermikenerji torpaqda yığılan istiliyi ifadə edir. Torpaq istiliklə iki mənbədən, planet və günəşin aktiv istilik zonasından təchiz edilir. Günəş enerjisi - Günəş işığından əldə edilən enerji mənbəyidir. Hazırda bir çox ölkələr günəş enerjisi texnologiyalarından istifadə edərək, enerjiyə olan ehtiyaclarının bir hissəsini ödəyirlər. Qeyd edə bilərik ki, yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Külək enerjisi – küləyi meydana gətirən hava axınının yaratdığı hərəkət
(kinetik) enerjisidir . Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Külək turbinləri həm quruda, həm də dənizdə quraşdırıla bilər.
Müxtəlif sənayeləşmiş ölkələrin təcrübəsi göstərir ki, düzgün siyasi-hüquqi bazanın və səmərəli idarəetmə sisteminin yaradılması AEM-in inkişafında və bu sahəyə böyük sərmayələrin cəlb olunmasında əvəzsiz rol oynayır. Bu baxımdan, müstəqil enerji istehsalçıları üçün sabit tariflərin, habelə açıq və şəffaf şəbəkəyə qoşulmanı təmin edən hüquqi çərçivənin yaradılması uğur üçün əsas faktorlardandır. Bundan əlavə, uzunmüddətli EESM-lər əsasında təyin edilmiş şəffaf və normal qiymətlər investorların cəlb olunması üçün ən mühüm amildir.
AEM-in səmərəli inkişafı üçün dəstək proqramları olduqca vacibdir. Dəstək proqramları birbaşa dəstək və dolayı dəstək kimi amilləri özündə cəmləşdirir: birbaşa dəstək (yaşıl tarif (feed-in tariff), kvota sistemi, maliyyə yardımı, yüngül kreditlər və fiskal stimullar); ənənəvi enerji mənbələrindən istifadənin azaldılmasına yönəldilmiş tədbirlər vasitəsilə - dolayı dəstək (təşviq proqramları çərçivəsində informasiyanın yayılması, ictimaiyyətə bu cür mənbələrdən istifadənin əhəmiyyətinin izahı və təmiz enerji texnologiyalarının müsbət imicinin formalaşdırılması). Əlverişli normativ-hüquqi bazanın yaradılması - səmərəli hüquqi baza olmadan bu sahənin inkişafı və rəqabətli bazarın yaradılması mümkünsüzdür. Hər bir ölkə özünə uyğun olan səmərəli normativ-hüquqi baza formalaşdırmalıdır. Bütün qanunlar və qərarlar sadə olmaqla yanaşı, bu sahəyə aid bütün məsələləri əks etdirməlidir.
Məsələn, bərpa olunan enerji mənbələri texnologiyalarının qurulması və işlədilməsi üçün lisenziyaların verilməsi.
AEM-ə dair dəstək siyasətinin əsas məqsədi bu cür mənbələrin inkişafına mane olan amilləri aradan qaldırmaq, bərpa olunan enerji mənbələri sənayesinin inkişafına təkan vermək, bərpa olunan enerji mənbələri bazarını yaratmaq, bu mənbələrin qiymət rəqabətliliyini artırmaq, ənənəvi enerji resurslarından istifadəni azaltmaqla enerji azadlığını dəstəkləmək və iqlim dəyişikliyi prosesinə müsbət təsir etməkdir.
AEM-in inkişafı üçün aşağıda göstərilən bazar siyasəti amilləri mövcuddur1 . Müxtəlif ölkələrin təcrübələrinə nəzər yetirilərsə, bu istiqamətdə hər bir ölkənin öz siyasətinin və təcrübəsinin mövcudluğunu görmək olar. Bu kontekstdə, qeyd edə bilərik ki, ilkin vəziyyətdən, ənənəvi enerji resurslarının və AEM texnologiyalarının qiymətlərindən asılı olaraq, dövlət ilkin mərhələdə bir siyasi alətdən istifadə etməklə bu istiqamətdə uğur əldə edə bilər və sonradan digər siyasi alətdən istifadəyə keçmək mümkündür.