Enerji subsidiyaları Ayrı-ayrı ölkələr üzrə enerji qiymətləri arasında olan kəskin fərqlər və qiymətlərin qeyri-sabitliyi, dolayısıyla qlobal güclər tərəfindən enerji qiymətlərinə beynəlxalq nəzarətin çətinliyi enerji subsidiyaları və bunların ləğvi məsələsini gündəmə gətirmişdir. Enerji subsidiyalarının enerji ixracatçı və idxalatçı ölkələr baxımından ayrı-ayrı qiymətləndirilməsi lazım olan fiskal problemlər, eyni zamanda enerji subsidiyalarının mövcudluğu ilə artan enerji istifadəsinin ortaya çıxarığı ekoloji fəsadlar bu məsələnin aktuallığını daha da artırır.
Enerji subsidiyalarının mövcud olması ölkənin fiskal yükünü artırır, belə ki, dövlət xərclərini böyüdür, dolayısıyla dövlət vergiləri və ya dövlət borcunu artırmağa məcbur edir. Bu isə nəticədə əhalinin aşağı gəlir qrupunun rifahına mənfi təsir edir.
Enerji subsidiyaları sadəcə ölkənin fiskal yükünü artırmır, həm də bazar mexanizmində mövcud problemlər səbəbindən özəl investisiyalara mane olmaqla kölgə iqtisadiyyatını artırır, resursların bölgüsünü əhalinin yüksək gəlir qrupunun xeyrinə dəyişir. Belə subsidiyalar fərdi və ölkə səviyyəsində
enerji istehlakını artırmaqla ekoloji problemləri dərinləşdirir. Hesablamalara əsasən subsidiyaların ləğv edilməsi dünya üzrə CO2 emissiyasını nə az, nə çox 13% azalda bilər.
Enerji subsidiyalarının təsnifatı və hesablanması Enerji subsidyalarının təsnifatı Klassik yanaşmada dövlət büdcəsinin kəsirini ixtisar etməyin bir yolu da ya aktivləri kəskin şəkildə azaltmaq, ya da gizli öhdəliklərin artırılmasıdır. Rasional dövlət uzun müddətli səmərəlilik üçün bir illik kəsir göstəriciləri ilə kifayətlənə bilməz. Dolayısıyla xalis aktivlərdəki inkişaf burada daha vacibdir. Əgər xalis aktiv dəyişməz qalarsa, büdcə kəsirinin azalmasından bəhs edilə bilməz. Büdcə kəsirinin klassik göstəricilərindən fərqli olaraq (bu yanaşma “axın konsepsiyası”nda öz əksini tapmışdır), alternativ konsepsiya - “aktuar kəsir” dövlət öhdəlikərinin dəyişməsi və pul bazası əsasında bu şəkildə ifadə edilə bilər:
Dta=(Bt-Bt-1)+(Mt-Mt-1) Burada D, t zamanı ərzində aktuar büdcə kəsiridir. B dövlət borcudur, M isə pul bazasıdır. Aktuar və klassik büdcə kəsiri arasındakkı fərq gizli kəsirdir. Karas və Misra tərəfindən 32 ölkə üçün gizli kəsir hesablanmışdır. Onlar böhranlara gizli kəsrin səbəb olduğunu iddia edirlər. Gizli dövlət kəsiri dövlət büdcəsində əks olunmayan müxtəlif dövlət fəaliyyətləri zamanı meydana gəlir. Məsələn, subsidiyalaşma - dövlət resurslarının özəl sektora və ya əhaliyə verilməsi bir nümunədir. Burada bir-birilə əlaqəli 3 fenomen fərqləndirilməlidir: