Elegiya
...Dedilər Akif Səməd Yazıçılar Birliyinin qarşısında ürəyini tutub və çöküb.
Ondan əvvəl deyirdilər Akif Səməd Yazıçılar Birliyinin sədri olmaq istəyir...
Ruhun şad olsun, axı sənin o binada bir də nə işin vardı! Bilmirsənmi o qaramat yüz ildi orda durub “biganələr oteli” kimi sakitcə parlaq ürəklərin partlamasına baxır. Sənə də baxdı, sevindi yəqin... heyf!
Hey deyirdilər: - Akif Səməd ipə-sapa yatmır, Akif Səməd elə danışır, Akif Səməd belə danışır, Akif Səməd o sözü dedi, Akif Səməd bu sözü dedi, Akif Səməd onu yazdı, Akif Səməd bunu yazdı…
...bir deyənin olmasın!
Amma demirdilər, axı Akif Səməd Söz adamıdı, kişi söz deyər! Və Akif Səməd ürək adamıdı, kişi sözü ürəklə deyər! Ölsə də deyər, öldürsələr də deyər…
Həmişə belə olub: Vətən qeyrəti çəkən, yurd qeyrəti şəkən, el-oba qeyrəti çəkən bütün böyük ürəklər həm də çoxlu dərd çəkib. Çəkib, çəkib və… bir gün qəflətən çöküb.
Qeyrətsiz, duyğusuz, hissiz, ruhsuz yaşamağa nə var ki! Akif kimi qeyrətli Söz adamı olub yaşamaq çətindir.
...Bir dəfə həmən qeyrətsiz, simasız, məsləksizlərdən söz düşəndə ədəbiyyat sahəsində çalışmayan, tamam ayrı peşə sahibi olan bir dostum qayıtdı ki: “Bəs elə bilirsən Akif Səməd kefdən içir?!”
Bu sözün həqiqət payı ən çox ordaydı ki, şair Akif Səmədi cəmiyyət artıq el dərdi, vətən dərdi, xalq dərdi çəkən qeyrətli bir ziyalı kimi tanıyıb qəbul edirdi.
...Neçə ay öncə mənə xoş bir sürpriz eləmişdi, rəhmətlik. Bir ay öncə isə özü zəng elədi. Dedi təzə kitabım çıxıb: “Özümə yol” (“Sus, sözünü söylə, - Danış, qanmasınlar, - Öləndə elə öl, - Heç inanmasınlar...” Qəribəydi, onun bu son kitabında ölüm-itim, qəm-qüssə, kədər, nisgil nə çoxuydu!...) Dedi görüşək, görüşdük, dərdləşdik. Dərdimiz bir imiş. Eyni olaylara eyni baxışırdıq. Amma biz hələ təzəcə tanış olurduq! Bağışladığı kitabının içində də elə beləcə səmimi tərzdə yazmışdı: “Yaxından tanımadığım, ancaq yaxşı tanıdığım Akif bəyə ürəklə. 07. 06. 2004” Dəqiq ifadə idi. Biz həqiqətən o görüşəcən bir-birimizi yaxından tanımırdıq, amma biz bir-birimizi çox yaxşı tanıyırdıq. Yazılardan, yaradıcılıqdan, çıxışlardan, mövqelərdən…
Həmən ilk və son görüşümüzdə təbii, daha çox bizi birləşdirən Ədəbiyyatdan danışdıq. Arada yurdun qayğılarından, dostlarından və düşmənlərindən də söz açdıq. Manqurtlardan, Kosmopolitlərdən, Moskov uşaqlarından, Ermənikimilərdən danışdıq. Paxıllardan, xəbislərdən, kinlilərdən – ortada gəzən nadanlıq təzahürlərindən danışdıq…
Heç fikir ayrılığımız olmadı.
AYB-nin qurultayından söz düşəndə ötəri gileyləndi: “… Çayxanada uşaqlar demişdilər sən namizədliyini irəli sür, biz sənə səs verəcəyik. Mən də kişi kimi sözümün üstündə durdum, amma onlar… səs vermədilər. Köhnələrin, kinlilərin, kifirlərin mənə lağ eləməsinə şərait yaratdılar. Üzümə bəh-bəh deyənlər altda əbləhlik elədilər...”
Bunları yana-yana dedi.
Nə isə... Sən daha bu çirkablardan yuxarıdasan, Akif Səməd.
Sən indi ulu Tanrının dərgahına doğru gedirsən. Oralarda parlaq insanlar üçün parıltı var, ziyalı adamlar üçün işıq var, saf ürəklər üçün nur var, paklıq var. Oralarda kinli adamların paxıllığı yoxdu, müştəbehlərin acı qəlyan tüstüsü, yaltaqların yalaq sifəti yoxdu… Oralarda “elitar” yekəxanalar, “sərrast baxışlı” korlar, “həssas qəlbli” köntöylər yoxdu… Onların hamısı Yerdə qaldı, Akif Səməd.
Sənsə belə bir Yerdə kişi kimi dözdün, yaşadın, Sözünü dedin və kişi kimi də zarımadan qəflətən çıxıb getdin...
O süfrə başında sənə söz verib sözündən qaçanlar indi yenə həmən çayxanada başqa birisinə söz verirlər...
Dad çəkdiyin Manqurtlar, Kosmopolitlər, Moskov uşaqları, Ermənikimilər yenə həmən mərtəbələrdə, həmən otaqlarda, həmən acılığı tüsdülədə-tüsdülədə partlatmağa parlaq ürəklər axtarırlar…
Vuruşduğun kinli “dühalar”, paxıl “klassiklər”, xəbis “elitarlar” yenə altdan-altdan qazırlar…
Zəhlən gedən yalaqlar yenə yalmanırlar…
Elə min il əvvəl gördüyün Yerdi bu yerlər.
Sənin ruhun üçün qiyməti olan nələrsə varsa - qoyub getdiyin yurdundu, oduna yandığın elin-ulusundu, özünə tərəf yol olan yazılarındı və qədrini bilən həqiqi dostlarındı, Akif Səməd… Ruhun şad olsun, bu nə qəzaydı belə!
(12 iyul 2004)
***
...Akif Əli bu elegiyanı qurultaydan bir-neçə ay sonra yazacaqdı.
Amma hələlik may ayıdır və o, katibliyin çox dirənişlərindən sonra nəhayət, əlacsız qalıb NK əməkdaşına verilmiş dəvətnamə listəsi ilə Muskomediyanın lojasında əyləşib AYB-nin primitiv “Ağ qurultay, qara qurultay” tamaşasını seyr etməkdə idi. Məlum səbəblərdən gözlənildiyi kimi də olmuşdu: AYB rəhbərliyi Akif Əlini qurultay nümayəndəsi “seçilməsini” istəməmişdi və o, qurultayın işinə yalnız müşahidəçi qonaq qismində qatılmalı olmuşdu.
Məlum səbəblər dedikdə bunlar nəzərdə tutulur: a) AYB rəhbərliyinin Nazim Hikmətin yubileyini dövlət səviyyəsində keçirməklə olaydan hərtərəfli bəhrələnmək planlarını pozan; b) AYB-yə dövlət büdcəsindən daxil olan məbləği açıqlamaqla AYB rəhbərliyinin sıravi üzvlərdən gizlətdiyi xəlvətləri aşkar edən; c) “düşmən” AYO-çuları dəstəkləməklə AYB-nin mövcud ədəbi siyasətinə “protiv” gedən; d) nəhayət, sədrin dahiliyini qəbul etməyən yazara mandat vermək olardımı? O mandat alardısa, nümayəndə kimi qatılacağı qurultayda bilmək olmaz daha nələr açıqlayıb katibliyin planlarını pozar, hətta sədrə alternativ ola bilərdi və s.
Axı bu şübhəli “nümayəndəlik” məsələsi hansı mübhəm prinsiplərlə aparılırdı ki, orada Akif Əliyə “növbə çatmırdı”? Və o hansı ədəb normasıdır ki, qurultaydan dərhal sonra guya ədəbiyyat yanğısı ilə səfalı Şamaxıya M.Ə.Sabirin hüzuruna yürüyən AYB rəhbərliyini - “M.Ə.Sabirin satira sənətkarlığı” mövzusunda elmi iş yazıb kitab çap etdirən filoloqun yazıçıların qurultayında iştirakına veto qoyur.
Hər halda bu məsələ demokratik prinsiplər baxımından izah tələb edir: necə olub ki, qurultaya nümayəndə “seçilənlərin” ən azı 70-80 faizi çağdaş ədəbi prosesdə iştirak etmədiyi və ümumiyyətlə yazıçı kimi tanınmadığı halda, ömrü boyu yazıb-yaradan, ədəbi prosesdə fəal iştirak edən, hətta bəzi məqamlarda prosesə istiqamət, təkan verən, daim ədbiyyatı təbliğ edən ədəbiyyatçı mandat “ala bilmədi”? Burada AYB rəhbərliyinin demoqoqcasına “yaradıcılıq məsələlərinə” əl atması da mümkün deyil, çünki çap məhsullarının sayına, sambalına, keyfiyyətinə, intensivliyinə, əhəmiyyətinə görə Akif Əli nümayəndə olanların əksəriyyətindən geri qalmır. Bəs onda AYB rəhbərliyinin seçim prinsipi nə olmuşdu? Əgər burda miskin qərəz yox idisə, Akif Əli yazı yazmaqdan başqa daha “nə etməli” idi ki, yazıçıların qurultayına “düşə” bilsin? Şəxsi qərəzlə ictimai təşkilat idarə olunurmu?!
Ora nə böyük kin yuvasıdır!
Yəqin Aydın Uluxanlı da nahaq deməz: «Yazıçılar Birliyinin binasına girəndə elə bil morqa girirsən...»
Nə isə…
Gənc postmodernistlər də daxil olmaqla bütün fərqli düşüncə sahibi olan istedadlı ədəbi qüvvələri asıb-kəsən AYB rəhbərliyi 1030 nəfər üzvündən 414-nün iştirakı ilə AYB-nin 11-ci basmaqəlib qurultayını keçirdi. Üzvlərinin cəmi 40,1%-nin iştirak etdiyi bu kvorumsuz, qeyri-legitim qurultayda sayın və tərkibin belə müəyyənləşdirilməsi konservativ AYB rəhbərliyinə müxalif olan demokratik düşüncəli azad yazarların, yeniləşmə tərəfdarlarının ora düşməməsi üçün klassik karnaval oyunları stilində yapılmış əsil fantasmaqorik məzhəkə idi.
Qurultay öncəsi katibliyin müasir dövr üçün yararsız iş üslubuna etiraz edən bir neçə gənc yazar AYB-ni tərk etdi: Şərif Ağayar, Zahir Əzəmət, Elnur Atanbəyli... Onlar hətta qurultay günü “canlı klassiklərin” əsərlərinin erməni qəbristanlığında dəfn mərasimini də keçirdilər...
“Ədəbiyyat qəzetinin” redaktor müavini Tehran Əlişanoğlu AYB-dən istefa verib: “Öz yaradıcılıq potensialımı bu qurum nəzdində, AYB çərçivəsində realizə etmək limiti tükənib - dedi. - Orada gedən proseslər qaneedici deyil. AYB total birlikdir.”
Yazıçı Şamo Arif isə: “Azərbaycan Yazıçılar Birliyinin XI qurultayında gördüklərim, eşitdiklərimdən sonra belə qənaətə gəldim ki, daha birliyin üzvlüyündə qalmağım, mənə mənəvi əzab-əziyyət verməkdən başqa heç nə gətirmir.” – deyə qurultaydan dərhal sonra, mayın 17-də istefa ərizəsini yazacaqdı. (“Alternativ”, 2 iyun 2004)
Qurultayın gedişində ən maraqlı hadisələrindən biri məşhur Türkiyə yazıçısı, postmodernist Orxan Pamukun iştirakı idi. Fasilə zamanı foyedə jurnalistlərin sorğularını cavablandırarkən Azərbaycan ədəbiyyatı konusunda imtahana çəkilməməsini, burada tanıdığı bir ismin olmadığını bildirmişdi. O hətta çaşqın-çaşqın: “Əslində burada nə baş verdiyini anlamağa çalışıram” – demişdi (necə ki bir vaxtlar Bakıya ilk dəfə konsert verməyə gətirilmiş İbrahim Tatlısəs Binə aeroportunda öz menecerindən: “Məni nereye gətirdiniz? Burası haradı?” – deyə sual etmişdi). Qurultaydan bir gün sonra isə AYB-də keçirilən görüş zamanı Orxan Pamuk artıq “Azərbaycan ədəbiyyatında Anarı tanıdığını” deməklə dünənki “siyasi səhvini” düzəltməyə çalışacaqdı. Yəni bir gecənin içində nə baş vermişdi? Orxan Pamuk Azərbaycan ədəbiyyatından niyə dahi Nizamini, Nəsimini, Sabiri, Cavidi yox, məhz “dahi” Anarı “tanımışdı”?..
Nə olmuşdu? Heç nə olmamışdı. Sadəcə qurultaydan sonra axşam Orxan Pamuk və Anarın müdafiəsi üçün qurultay öncəsi sifarişli bir “Əsrin adamı” oçerki yazıb İstanbuldan “525”-ci qəzetə (10.04.2004) göndərən və Orxan Pamuku Bakıya gətirən yazıçı-publisist İrfan Ülku “Avropa” otelində Anarın qələbə banketində iştirak etmişdilər. Elə oradaca Azərbaycan ədəbiyyatının “ən görkəmli nümayəndəsini”, AYB-nin stukturunu və funksiyalarını dərindən mənimsəyən dahi Orxan Pamuk səhərisi İçərişəhəri, Qız qalasını, Nizami adına Ədəbiyyat Muzeyini gəzdirilib, nəhayət, Natəvan klubunda ədəbi görüşə gətiriləndə artıq “Azərbaycan ədəbiyyatından Anarı tanıdığını” böyük xəcalət hissi ilə “etiraf etdi”. Üstəlik - “Türkiyədə AYB kimi bir qurum olmadığından əsərlərimi pirat üsulu ilə basıb satanlarla bacarmıram,” – deyə Anarın Yazıçılar Birliyinə saxta üzgörənlik də etdi.
Amma daha maraqlısı o oldu ki, Bakıda belə kövrək etiraflarda bulunmağı məşq edən Orxan Pamuk AYB qurultayından qayıtdıqdan sonra Türkiyədə “erməni soyqırımını” da göz yaşları içində etiraf etdi və məhkəməyə çəkildi.
İndi AYB-çilərin iki “Nazim Hikməti” var...
...Zülfüqar Xeyirxəbərin təbirincə desək, “qurultaydan daha çox komediya janrında yazılmış səhnə əsərini xatırladan XI qurultay da başa çatdı.” (“Şərq”, 18 may 2004) Əksərinin ədəbiyyata az dəxli olan üzvlərdən ibarət nümayəndələr hesabına keçirilən bu kvorumsuz qeyri-legitim qurultayda sədr yenə sədr seçildi, katiblər də katib...
Köhnə dəyirmançı köhnə dəyirmanda qaldı...
***
Akif ƏLİ. Йеня дя: Щяр шей жябщя цчцн, щяр шей гялябя цчцн!
«Âÿòÿíèìèç òÿùëöêÿ àëòûíäàäûр!
Òîрïàãëàрûìûç à÷ûã òÿæàâöçÿ ìÿрóç ãàëûá. ßí ìöàñèр ñèëàùëàрà ìàëèê åрìÿíè ùÿрáè
áèрëÿøìÿëÿрè, 70 èë Àçÿрáàéæàí ñÿрâÿòëÿрè ùåñàáûíà ïèéëÿíìèø рóñ-ñîâåò îрäóñó èëÿ áèрýÿ
Ãàрàáàüà ùöæóì åòìèøäèр. Êÿíäëÿрèìèç äàüûäûëûр, äèíæ ÿùàëèéÿ àìàíñûçæàñûíà äèâàí òóòóëóр, ãàäûíëàр, óøàãëàр, ãîæàëàр ãÿòëÿ éåòèрèëèрëÿр. Ãàрàáàü òîрïàüû îä òóòóá éàíûр. Ìèëëè
Îрäóìóçóí âÿ êþíöëëö þçöíöìöäàôèÿ äÿñòÿëÿрèíèí ãåéрÿòëè äþéöø÷öëÿрè ãóäóç äöøìÿíÿ ãàрøû èýèäëèêëÿ âóрóøóрëàр. Ùÿр ýöí íå÷ÿ-íå÷ÿ æÿíýàâÿр îüëóìóç Àíà Âÿòÿí óüрóíäà øÿùèä îëóр.
Ëàêèí ñèéàñè õàäèмëÿрèìèçèí êîрàôÿùìëèéè, äþâëÿò õàäèìëÿрèìèçèí æÿñàрÿòñèçëèéè, ùÿрáè ñòрóêòóрëàрûìûçûí áàøûïîçóãëóüó óæáàòûíäàí âÿçèééÿò ýöí-ýöíäÿí ýÿрýèíëÿøèр. Öìóìè ñÿрèøòÿñèçèëèéèí íÿòèæÿñèíäÿ "Åрìÿíèñòàí" реñïóáëèêàñû èëÿ äàü Ãàрàáàüû àрàñûíäàêû "äÿùëèç" ýåòäèêæÿ даралыр. Ùÿëÿ éöç èë þíæÿäÿí äöøìÿí æàí àòäûüû áó àрçóñóíà ÷àòìàã
öçрÿ èêÿí þç ìàíãóрòëàрûìûçûí, àрõàäàí çÿрáÿ âóрàíëàрûìûçûí äà êþíöëëö îëàрàã, "éàçûã" åрìÿíèëÿрÿ êè÷èê áèр "äÿùëèç" à÷ìàã ÷àüûрûøû, ìÿñÿëÿíè áåéíÿëõàëã àрåíàéà ÷ûõàрòìàã
æÿùäëÿрè – äöøìÿí äÿéèрìàíûíà ñó òþêìÿêäèр.
Áó ýöí ñþùáÿò Âÿòÿíèìèçèí õèëàñûíäàí ýåòäèéè çàìàíäà áöòöí õàëãûí, áöòöí äþâëÿò
àïàрàòûíûí, áöòöí èäàрÿ, ìöÿññèñÿ âÿ òÿøêèëàòëàрûí, ùÿр áèр ôÿрäèí éàëíûç âÿ éàëíûç áèр ãàéüûñû,
áèр àìàëû îëìàëûäûр: щяр шей жябщя цчцн, щяр шей гялябя цчцн!
Âàõòèëÿ ýåíèø Ðóñèéà ÷þëëÿрèíè àëìàí ôàøèçìèíäÿí õèëàñ åäÿí òöрê þâëàäëàрû áó ýöí þç òîрïàãëàрûìûçû åрìÿíè ôàøèçìèíäÿí ãîрóìàã ö÷öí àéàüà ãàëõìàëû, òàì ñÿôÿрáÿр îëìàëûäûр!
Áàøãà éîë - õÿéàíÿò éîëóäóр!»
(феврал 1992)
***
Qurultaydan bir müddət sonra xəbər yayıldı ki: “Moskvada Azərbaycan Yazıçılar Birliyinin sədri Anar haqqında kitab hazırlanır. Kitabın müəllifi Lyudmila Lavrova APA-ya açıqlamasında bildirib ki, yazıçının həyat və yaradıcılığından, eləcə də əsərlərindən bəhs edəcək toplu 2005-ci ilin ortalarında işıq üzü görəcək. Lavrovanın sözlərinə görə, kitabın məhz Anardan bəhs etməsinin səbəbi onun bir ədib kimi Rusiyada daha çox tanınmasıdır.” (“Ekspress”, 22 dekabr 2004) Məlumat onunla diqqəti cəlb etmirdi ki, Anar Rusiyada daha çox tanınır, bu onsuz da məlum məsələdir; ancaq onunla cəlb edirdi ki, sözügedən Lyudmila Lavrova may ayında AYB-nin XI qurultayının “qonaqları” arasında olan Lyudmila idi. Demək bu qonaq Azərbycan ədəbiyyatının yox, Anarın qonağı imiş, sadəcə “qonaqlıq” AYB-nin hesabına həyata keçirilirmiş. Bir güllə ilə bir neçə dovşan... Həqiqətən “təmənnasız millət fədaisinin” qurduğu qurultay tamaşasında heç bir epizod təsadüfi deyildi. Hər şey Moskvanın Ali ssenarist kurslarında öyrədildiyi kimi ölçülüb-biçilib-düzülmüşdü...
***
AYB-nin XI qurultayı nə qədər böyük həyəcanlar, çəkişmələr, gərginliklər içində gəlmişdisə, bir o qədər sakit, səssiz-küysüz, qalmaqalsız bir sükunət içində keçib getdi. Qurultayda səhhəti ilə bağlı iştirak edə bilməyən xalq şairləri Nəbi Xəzri ilə Məmməd Arazın heç “yada düşməməsini” ən böyük hörmətsizlik, qurultayı isə “simasızlığın və ikiüzlülüyün zirvəsi” adlandıran həssas şair Akif Səməd qurultaydan sonra AYB-nin “gözü qarşısında” bu haqsız dünyadan haqq dünyasına köçdü getdi...
Qurultay nümayəndəsi şair Vəli Xramçaylı AYB-nin qurultayını kolxoz iclasına bənzətdi: “Anar seçilmədi, təyin olundu. Belə seçki olmur. Alternativsiz seçki seçki deyil, təyinatdır. Lap raykom katibi kimi... Heç sovet dövründə də belə qeyri-demokratik və qeyri-dinamik qurultay keçirilməyib.”- dedi.
İndi sədr eyforik həzz içində qəzetlərdə müxtəlif pozlarda şəkillərini basdırırdı. Ona görə “eyforik” ki, hamı “Anar Yazıçılar Birliyindən getsə, ədəbiyyatdan silinəcək” – demişdi, Anar isə “Avropa” otelindəki Qələbə banketinin ertəsi günü yuxudan oyanıb dərhal AzTV-nin “Xəbərlər”ini açdı və AzərTAC-ın rəsmi məlumatını dinlədi: “2004-cü il mayın 17-də Dövlət Musiqili Komediya Teatrının binasında Azərbaycan yazarlarının 458 nümayəndəsindən 414-ünün iştirakı ilə növbəti XI qurultayı keçirilmiş, açıq səsvermə yolu ilə yazıçı Anar Yazıçılar Birliyinin sədri, şair Fikrət Qoca I katibi, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid katib seçilmişlər.”
Demək, o hələ bir müddət ədəbiyyatda qalmaqda davam edəcəkdi! Eyforiya üçün bundan tutarlı səbəb olardımı?
***
...Amma XI qurultaydan xeyli müddət ötəcək, yeni bir “növbədənkənar qurultay” söhbəti meydana çıxacaq, mətbuatda bu mövzuda fikirlər səslənəcək və hamını öz arşını ilə ölçən AYB sədri Anar (təbii ki, “və onun komandası”) hamını skleroz bilərək mətbuatda çıxış edib rəsmən 414 nəfərlə keçirildiyi bildirilən qurultaya legitimlik donu geydirməyə çalışacaqdı. Anarın sözçüsü bir yana, hətta Anarın özü də qızıl qırmızı: “Qurultay tam demokratik şəkildə seçilmiş 600-dən artıq nümayəndənin demokratik və açıq şəkildə səs verməsiylə məni yenidən bu vəzifəyə layiq bildi” (“Yeni Müsavat”, 24. 01. 2006) – deyəcəkdi.
Əgər adam hətta AzərTAC-ın rəsmi məlumatında göstərilmiş 414 rəqəmini gizlədərək, nümayəndələrin sayını “600-dən artıq” göstərirsə, demək ötən qurultayın saxta yolla seçildiyini özü də bilir və tarixi faktı korrektə etməyə çalışır. Amma biz hələ büdcə olaylarından bu qurumda rəqəmlərə qarşı manipulyasiya ehtirası olduğunu bildiyimizdən, bu “korrektəyə” də təəccüblənmirik. Vərdişliyə nə tövbə...
***
Qurultay üçün tezislər. Akif Əli qurultayda qonaq qismində deyil, rəsmi nümayəndə kimi iştirak etsəydi söz alıb düşündüyü bu tezislər ətrafında fikir-mülahizələrini bildirəcəkdi:
1) AYB-nin qurultayı ölkəmizin ictimai və mədəni həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdəndir. Çünki yazıçılar xalqın mənəviyyatını, ruhunu yaşadan, onu ifadə edən nadir sənət sahibləridir. Odur ki, dövlətin də yazıçılara həmişə diqqəti, qayğısı, yardımı olub. Azərbaycanın rəhbəri Heydər Əliyev özü təbiəti etibarilə mənəviyyatı dəyərləndirən şəxsiyyət olduğu üçün ziyalılara daim həssas və diqqətli idi. Məhz onun arzusu, istəyi ilə AYB və ədəbi-bədii qəzet-jurnallar dövlət büdcəsinə götürülüb. Müasir dövrdə AYB-nin qorunub saxlanması da məhz Heydər Əliyevin iradəsi, dövlətin bilavasitə köməyi ilə olub. Bunu kimsənin şücaəti kimi qələmə vermək olmaz!
Ancaq təəssüf ki, bu qurultay ölkə həyatında ictimai-mədəni hadisəyə çevrilmədi... Çünki bu qurultay Heydər Əliyevsiz keçdi...
2) AYB-nin strategiyasını müəyyən edən, onun fəaliyyətini istiqamətləndirən və idarəçiliyini həyata keçirən katiblik haqqında bir neçə söz. Kimlər idarə edir bu yaradıcılıq qurumunu.
AYB katibi Çingiz Abdullayev: “У нас действительно очень большой государственный бюджет”- deyir (“Бакрабочий”, 15.05.2004). Yəni - “biz dövlət büdcəsindən həqiqətən çox böyük vəsait alırıq”. Bu adi etiraf ona görə diqqəti cəlb edir ki, cəmi 15-20 gün əvvələ qədər AYB rəhbərliyi özünü az qala yazıq, kimsəsiz, məğmun, pulsuz-parasız və fəqir bir təşkilat kimi qələmə verirdi. Ehtiyacı olub müraciət edən üzvlərini isə qaba şəkildə kənara itələyirdi. Ancaq AYB-nin büdcəsi haqqında informasiya mətbuatda səslənəndən sonrakı ilk günlərdə AYB rəhbərliyi şok içində bunu qəti inkar etməyə, təkzib verməyə çalışır, öz unikal sözçüsü vasitəsilə çox maraqlı-məzəli çabalar göstərirdi. Nə hərbi, nə dövlət, nə kəşfiyyat sirri sayılmayan büdcənin açıqlanması ona görə ajiotaj yaratmışdı ki, bu vaxtadək AYB elitası tərəfindən sıravi üzvlərdən gizlədilirdi və müraciət edənlərə AYB tam imkansız bir ictimai qurum kimi qələmə verilirdi. İkili həyat yaşayan bu təşkilatın alt yapısında rəhbərliyin xımır-xımır dolanışıq keyfi vardısa, üst düzəndə kasıb təbəqəyə AYB-nin yalnız öz “dahi sədrinin” şücaəti hesabına birtəhər yaşadılması barədə görüntü göstərilirdi. Bu yalan artıq dağıdılıb (necə ki, iki il əvvəl AYB rəhbərliyinin müstəqil Azərbaycanda qoruyub saxlamaq istədiyi türk düşməni, vətən xaini, satqın Nazim Hikmət haqqında yalanlar darmadağın edilmişdi).
Adamın özünün etiraf etdiyi kimi, etnik mənşəcə konqlomerat tərkibli “Bakılı” millətinin nümayəndəsi, əqidəcə kommunist və məsləkcə kosmopoloit olan AYB katibi Ç.Abdullayevin qurultay öncəsi son müsahibəsi («Бакрабочий» qəzeti, 15 may 2004) Azərbaycanda öz millətini sevən bütün yazıçılara qarşı az qala patoloji nifrət və hiddətlə doludur. O rus-sovet şovinizminə xas düşüncə ilə cəmiyyətdə yeniləşmə istəyən bütün milli ruhlu yazarları “xunveybin” adlandırır, AYB rəhbərliyinə alternativ mövqedə dayananlara istehza edir... Hansı əsasla, hansı mənəvi haqla? Rusdilli oxucularına müraciət edib: “Biz burda mənəviyyatı və əxlaqı qoruyuruq”- deyən Ç.Abdullayevin hansı ölkənin, hansı millətin, hansı dilin ifadə etdiyi mənəvi dəyərlərin keşiyində durduğu maraqlıdır. Hər halda bu, bizim ölkəmiz, bizim millətimiz, bizim dilimiz deyildir. Və onun: “Biz uduzsaq bu, şəhərimizə, beynəlmiləl mədəniyyətimizə zərbə olacaq”- deməsi də bunu sübut edir. Baxın, Ç.Abdullayev deyir: ”...До 1995 года, когда только-только развалился Советский Союз…” (tərcüməsi: “1995-ci ildə Sovet İttifaqı hələ təzə-təzə dağılmağa başlayanadək...”). Fikir verin, hələ 1985-dən dağılmağa başlayan, 1990-91-ci illərdə artıq tamamilə darmadağın olmuş SSRİ-nin “1995-də hələ təzə dağılmağa başladığını” demək, heç də təsadüfi xronoloji səhv deyil. Bu ifadə həmin rus-sovet şovinizminin təzahürüdür. Çünki 1988-90 –cı illərdə Azərbaycanda gedən milli-azadlıq hərəkatını sinirə bilməyən, xalqın müsibətli günlərində onun yanında olmayan, torpaqları düşmən tapdağında qalmış yurda kömək etməyən, qaçqın və məcburi köçkünlərə yardımçı olmayan, xalqın türk soy-kökünün, türk dilinin, İslam dininin qayıdışına dözməyərək gah Ə.Vəzirovun, gah A.Mütəllibovun arxasında təsəlli tapan, sonra isə ölkədən qaçıb çıxıb gedən, haralardasa mücərrəd romanlar qoşmaqla proseslərin gedişinə boylanan və (Şura hökumətini) “bəlkə də qaytardılar” ümidi ilə yaşayan adamlar başqa nə cür düşünə bilər ki! Yalnız ara sakitləşəndə, sabitlik yarananda, 1995-də Azərbaycan artıq dönməz müstəqillik yoluna çıxandan sonra bütün ümidlərini itirib, əlacsız qalaraq, yavaş-yavaş qayıdıb öz kreslosundan yapışmağı qənimət sayanlar üçün əlbəttə ki SSRİ-nin tarixi 1995-də bitəcək!.. 1995-ə qədər isə SSRİ onlar üçün yaşayırdı. Bu gün də arzularının məskənidir... Bu cür əqidə ilə müasir Azərbaycanda humanitar, mədəni, ideoloji sahədə rəhbər kürsülər tutmaq, təkcə qurultay nümayəndələrini narahat etməli məsələ deyil.
“Yazıçılar Birliyinə Anarın dəvəti ilə gəlmişəm” deyn AYB katibi Çingiz Abdullayev (bax: “Ədəbiyyat qəzeti”, 20.02.2004) haqqında “Ədəbiyyat qəzeti”nin 21 aprel 2000 tarixli sayında bir məlumat dərc olunub: “Rusiyanın “Soverşenno sekretno” xidmətinə məxsus “Lisa” (“Üzlər”) adlı jurnalı ölkənin ən tanınmış beş biznesmen, aktyor, rejissor, siyasətçi və yazıçısı haqqında məqalə dərc etmişdir... Rusiyanın ən yaxşı beş yazıçısı arasında yerlərin bölüşməsi xüsusi sensasiyaya səbəb oldu... Birinci yeri... Çingiz Abdullayev tutdu.”
Fikir verin, “Ədəbiyyat qəzeti” redaksiyasının bəlkə də fərqinə varmadan fəxrlə yazdığı bu məlumat sübut edir ki, Anarın vaxtilə birbaşa AYB katibi postuna gətirdiyi Çingiz Abdullayevin nə Azərbaycana, nə də onun ədəbiyyatına heç bir aidiyyəti yoxdur və bu adam Rusiya ölkəsinin yazıçısıdır, rusların arasında tanınmışlardandır (bəlkə də Anar da onun məhz Moskva ilə belə sıx münasibətlərinə görə yanında saxlayır).
Çingiz Abdullayevin özü “Ədəbiyyat qəzeti”nin başqa bir sayında akademik Bəkir Nəbiyevə və professor Qəzənfər Paşayevə yazdığı Məktubunda belə deyir: “...Uzun illər ərzində mən Azərbaycanda heç olmasa bir dəfə də olsun əsərlərimin ciddi təhlili ilə rastlaşmamışam... Uzun illər mən Azərbaycanda kitablarıma qarşı heç bir ciddi rəylə qarşılaşmamışam...” Təsəvvür edin ki, bu adam AYB katibidir və onu bu vəzifəyə bir çox istedadlı qələm sahibini “yazıçı saymayan” AYB sədri Anar Rzayev təyin edib! Amma filoloq-alimlər bu katibin yazdıqlarına ciddi yanaşmırlar...Paradoksdur!
Çingiz Abdullayevin əqidəsi və dünyagörüşü xalqın çağdaş amallarından geridə qalması ilə fərqlənir. Tutduğu vəzifə və peşəsi etibarilə xalqa qabaqcıl ideya və ideallar aşılamalı olan bir adam az qala dövlət quruluşunu dəyişməyə çağırışlar edərək deyir (“Üç nöqtə” qəzeti, 25 yanvar 2003): “Sovet vaxtı necə ki sosializm tərəfdarıydım, indi də eləcə qalıram... Kapitalizmə, ümumiyyətlə, qanım qaynamır... M.Ə.Rəsulzadə deyirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz. Amma o bayraq cəmi 2 il qalxmışdı. Azərbaycanda isə 70 il ərzində xoşumuz gəlsə də, gəlməsə də xalqın hakimiyyəti bərqərar olmuşdu. Xalq doğrudan da o vaxtlar yaşaya bilirdi... Qətiyyən dəyişməmişəm. Hesab edirəm ki, bazar kapitalizmini Azərbaycanda xalq qəbul etmir. Bu cəmiyyət dəyişilməlidir, belə davam edə bilməz... O vaxtlar səviyyəsiz adamlar meydana çıxaraq qışqırırdılar, camaat da onlara qulaq asırdı. Biz 70 illik bir dövrdə belə şeylər görməmişdik, avantüristlər halımızdan istifadə edib meydan sulayırdılar... Biz bu gün keçmiş SSRİ-nin ehtiyatlarıyla yaşayırıq... 2-3 ziyalımız var ki, o, Azərbaycandan kənarda öz maaşı, qonorarı ilə dolana bilir: Rüstəm İbrahimbəyov, Tahir Salahov, Müslüm Maqomayev... mənim də qazancım xaricdə nəşr olunmuş kitablarımdandır... Bakıda kitablarım çox az çıxır, yaxşı da satılmır... Norveçdə çıxan kitabımda xəritə veriblər ki, Azərbaycan haradadır. Azərbaycanı orada tanımırlar...”
(O da maraqlıdır ki, oxuduğumuz parçada bütün aksentləri səhv, yanlış, yalan olan mətnin müəllifi Çingiz Abdullayevlə bu söhbət “jurnalist Elçin Qaliboğlu” imzası ilə “Üç nöqtə”də dərc edildikdən iki il sonra (!) demək olar ki eynilə “Etimad” qəzetinin 12 fevral 2005-ci il tarixli sayında da çapa verilmişdir.) “Cümhuriyyət” qəzetinin 8 mart 2003 tarixli sayındakı müsahibəsində yazıçı peşəsini aşağılayaraq: “...Mən çox istəyirdim ki, müstəntiq işləyim... Bəlkə də məni müstəntiq götürsəydilər, yəqin ki, yazıçı olmazdım... Yaxşı müstəntiq olmadığıma görə, yazıçı olmuşam... Yaxşı detektiv olmadığıma görə, yazıçı oldum” – deyən Çingiz Abdullayev daha sonra əlavə edir: “...Xaricdə işlədim. Afrikada, Asiyada oldum. Yaralanandan sonra Bakıya qayıtdım. Burada inzibati orqanlarda işlədim. Daha sonra Anar müəllimin təklifi ilə Yazıçılar İttifaqının katibi seçdilər və o vaxtdan bu vəzifədə işləyirəm. ...Peşəkar yazıçı kimi özümü 1994-cü ildən (?!-A.) hesab edirəm. 1991-ci ildə SSRİ dağılandan sonra sosial vəziyyət olduqca ağırlaşdı. O vaxt Yazıçılar İttifaqının katibi nazir səviyyəsində maaş alırdı. KQB-nin kuratoru idim, ancaq (?-A.) heç vaxt rüşvət almamışam... ...Həmişə solçu olmuşam və olacağam da. Sosial ədalət mütləq olmalıdır. Azərbaycan müstəqil olmamışdan öncə deyirdilər ki, vəziyyət yaxşı olacaq. Nə qədər akademik, incəsənət xadimi, yazıçı və rəssamlarımız var. Mənə deyin, 12 ildə müstəqil neftdən kim bir manat pul alıb? Kimə kömək eləmişik? Niyə bu qədər işsiz vətəndaşımız var...”
Təkcə qaçqın və məcburi köçkünlər üçün Neft Fondu hesabına yeni tikilən evləri, salınan qəsəbələri, yaxud mədəniyyət xadimlərinə verilən Prezident təqaüdlərini xatırlasaq, yəqin ki AYB katibi “seçiləndən” 7 il sonra “yazıçı” olmağa başlamış bu “solçu nazirin” nə qədər boş və mənasız söhbətlər etdiyinə əlavə şərh verməyə ehtiyac qalmaz.
Başqa bir müsahibəsində oxuyuruq: “...Təəssüflər olsun ki, Azərbaycanda Çingiz Aytmatov kimi yazıçılar yoxdur... Belə fikirləşirəm ki, Azərbaycan xalqı üçün XX əsr ən yaxşı əsr olub... Fikrimcə əgər biz 20-30-40 il də Sovet dövründə yaşasaydıq, daha da inkişaf edərdik... İndi ondan qorxuram ki, 20-30-40 ildən sonra biz 80-ci illərin səviyyəsinə çatmayaq... Ümumiyyətlə, mən özüm kosmopolit adamam... Mən azərbaycanlı Dronqonu elə vəziyyətlərdə qoyuram ki...” (“Ədalət”, 21 fevral 2004) və s. Məncə AYB katibinin bu cəfəng fikir-düşüncələrinin də filoloji yox, politoloji şərhə daha çox ehtiyacı var. Çünki dövlətdən maliyyələşən ideoloji, humanitar idarə rəhbərinin rəsmi dövlət xəttindən bu qədər kənara sapmaları nonsensdir. Amma bunu səlahiyyət sahiblərinin öhdəsinə buraxaraq Çingiz Abdullayevin kumiri başqa bir Çingizin (Aytmatov) çox yerinə düşən bir fikri ilə mövzunu qapadaq: “...İndi nəşriyyatlar daha çox avam təbəqəyə müraciət edən polis romanları yazanlara üstünlük verir.” (“525-ci qəzet”, 18 oktyabr 2003).
Ağıllı oxucu özü bilir hansı Çingiz haqlıdır...
3) AYB-nin digər həlledici fiquru sayılan şair Fikrət Qoca haqqında:
“Milli Məclisin komissiya sədri Zahid Qaralovun mədəni-maarif müəssisələrinin, peşə məktəblərinin, internatların, teatrların, o cümlədən, Yazıçılar Birliyinin də dövlət büdcəsindən maliyyələşdirilməməsi haqda verdiyi təklifə öz etirazını bildirən Yazıçılar Birliyinin katibi Fikrət Qoca fikirlərini belə açıqlayır:
- Bu fikri deyən adamlar Azərbaycan mədəniyyətinin yox, ümumiyyətlə dövlətçiliyinin əleyhinədir. ...deməli o adam dövlətçilikdən heç nə başa düşmür. ...Onu da unutmaq lazım deyil ki, ədəbiyyatın bir dəqiqə susmağı, xalqın bir əsrlik ömrünə bərabərdir.” (“Palitra”, 20 noyabr 2001). Halbuki büdcədən maliyyə almasına baxmayaraq AYB-də ədəbiyyat az qala 17 ildir susub.
“Üç nöqtə” qəzetində (29 yanvar 2003-cü il) AYB katibi Fikrət Qoca deyir: “YB-nin 800-ə yaxın üzvü var. ...YB-nin 800 üzvünün hər biri özünü dahi sayır.” Diqqət yetirin, 2003-cü ildir və AYB-nin 800 üzvü var. Cəmi bir il sonra - 2004-ün aprelində üzvlərin sayı artıq 1054-dür! Yəni bir ildə AYB-yə 250 (!) adam qəbul edilib. Bu – böyük bir saxtakarlıq prosesinin açıq-aydın göstəricisidir. 365 günə 250 yazıçı “istehsal edib” AYB-yə üzv qəbul etmək əsil “rekord göstəricidir”.
Fikrət Qoca şəstlə: “YB-nə cəmiyyətin qəbul etdiyi adam rəhbərlik etməlidir. Yazıçılar onu saymalıdır, ona inanmalıdır və nəhayət, ona hörmət etməlidir.” (“Ədalət”, 6 mart 2004) – deyir, amma təəssüf ki, bunun hələlik tam əksi olduğunu özü görə bilmir.
Yaxud “Aqil Abbas, Akif Səməd AYB sədrliyinə iddialıdırlar”-fikrinə 70 yaşlı Fikrət Qoca çılğıncasına belə reaksiya verir: “Gərək jurnalistlər ciddi işlə məşğul olsunlar və onları danışdıran hər kəs müsahibindən soruşmalıdır: sizə namizəd statusunu kim verib? Mənim dediklərimi hamı eşitsin ki, onlar küçədə namizədlik verib, elə küçəyə də rəhbərlik edənlərdir. Anar müəllimi qıcıqlandırmaq istəyirlər.” (“Ekspress”, 10 mart 2004) Bu təfəkkürlə XXI əsrdə yaradıcı təşkilata rəhbərlik etmək artıq o təşkilatın faciəsidir. Bu gün AYB-də əsil tragikomediya yaşanır.
Şair Fikrət Qoca xalq şairi Nəbi Xəzri haqqında da eyni qabalıqla (halbuki incə hisslər, duyğular peşəsi olan şairliklə kobud adamlara xas olan qabalıq bir-birini inkar edir) belə deyir: “Nəbi Xəzri uşaq deyil ki, qucağımıza alıb gəzdirək... qaçqın deyil ki, ona pul yığaq yardım edək, məşhur xalq şairidir.” (“Ekspress”, 16 aprel 2004) İstedadlı jurnalist Məlahət Rzayeva Fikrət Qocanın bu kobud nitqinə incə bir şərh yazmışdı: “...Biri isə “Nəbi Xəzri uşaq deyil ki, qucağımıza alıb gəzdirək” dedi... Bu, müdhiş bir cavabdır. Əgər bu cavabı kimsə bir başqası desəydi, belə müdhiş xarakter almazdı. Amma onu deyən Nəbi Xəzrinin həmkarıdır! Şairdir. Bu cavabın yiyəsi Fikrət Qocadır... Deməli Nəbi Xəzri Yazıçılar Birliyindən şikayət etdiyi üçün “qucaqda gəzdirilməyə” layiq deyil. O da AYB-nin qara siyahısındadır... Amma yaşlı bir insana “uşaq deyil ki, qucağımıza alıb gəzdirək” formasında kinayəli cavab vermək ən azı etikadan kənardır. Əgər o yaşlı insan üstəlik həmkar, söz ustası, Azərbaycanın müasir ədəbiyyat tarixində öz sözüylə yer qazanmış bir şairdirsə, onda Fikrət Qoca həm də günah qazanmış olur. ”(“Şərq”, 17 aprel 2004)
Baxın, olaydan bixəbər Fikrət Qoca guya AYB-nin təəssübünü çəkərək Nəbi Xəzri haqqında deyir ki, bizim imkanımız yoxdur, o özü hamıya kömək edə bilər...və s. Amma bir qədər öncə AYB-nin büdcədən maliyyələşdiyini etiraf edən Çingiz Abdullayevin əks fikirləri ilə tanış olduq. AYB sədri Anarın da oxşar “maliyyə etirafları” nəhayət üzə çıxdı (“525-ci qəzet”, 28 may 2004). O dedi: “Dövlət büdcəsindən Birliyə ayrılan maliyyənin hamısının dəqiq təyinatı var (halbuki əvvəllər büdcə söhbəti edilməzdi). Əlavə olaraq birinci mərtəbəni banka icarəyə vermişik (1991-ci ildə Türkiyə konsulluğu ilə Anarın bina konfliktini xatırlayaq). Oradan ayda iki min dollar alırıq və qəpiyinəcən də hara xərcləndiyi məlumdur. (Hara? Axı nə gənclər yardım görür, nə qocalar, nə xalq şairi, nə el yazarı. Bəs büdcədən gələn vəsait və + ayda 2000 $ hara gedir?)...”
Başqa bir maraqlı nüans. 5 yanvar 2005-ci il, saat 10.30-da “Lider” TV-də Səhər proqramının qonağı olan şair Fikrət Qocaya aparıcı dedi: -Fikrət müəllim, sizin yaşınıza irad tuturlar ki, o artıq qocalıb, AYB-də məsul vəzifədə işləyə bilməz...
Fikrət Qoca isə dərhal: -Əşi orda nə iş var ki!... YB-də sən deyən elə çox iş də yoxdur axı... – deyə cavab verdi və bu cavabı ilə o özünü də, öz təşkilatını da rüsvay etmiş oldu, çünki AYB-nin həqiqətən heç bir iş görməyən əhəmiyyətsiz qurum olduğunu vurğuladı (yeri gəlmişkən, xatırladaq ki, adətən Anar öz müsahibələrində öz personasına əhəmiyyətli görkəm vermək niyyəti ilə - “Əsas vaxtımı AYB alır, yaradıcılıqdan qalıram” – deyə gileylənirdi, amma sən demə, əslində orda elə də iş yoxmuş).
Bundan sonra aparıcı Fikrət Qocadan soruşdu: -Bax, tutalım, səhər-səhər işə gəldiniz, orda nə edirsiniz? Cavabında böyük “realist” Fikrət Qoca: - Heç nə, gəlib otururuq kabinetdə... Sonra da adamlar gəlib bizə müraciət edirlər, hərə öz dərdini-sərini danışır... Belə də.. Vaxt keçir....- dedi.
Onlar üçün sürünərək keçən vaxt ərzində isə AYB divarlarından kənarda ədəbi həyat qaynayır. Gənc ədəbiyyatçılar, istedadlı yazarlar onlara qayğı göstərilmədiyindən, biganəlikdən əsəbiləşir, milli ədəbiyyatımız naminə iş görmək istəsələr də onlara şəraitin yaradılmadığından şikayətlənir, nəticədə hökuməti mədəniyyətə laqeyd yanaşmada günahlandırırlar. Ancaq hökumət bu istiqamətə milyonlar yönəltsə də həmin vəsait təyinatı üzrə səmərəli istifadə olunmadığından gözə görünmür... O cümlədən, AYB divarlarının arasında sanki həyat dayanıb, tam sakit, soyuq, süst, ətürpədən bir durum əmələ gəlib (necə ki Aydın Uluxanlı demiş: «Yazıçılar Birliyinin binasına girəndə elə bil morqa girirsən...»)
4) AYB və gənclik haqqında. AYB rəhbərləri gənclər haqqında tez-tez belə deyirlər: “Onlar getsinlər yazılarını yazsınlar, dava döyməsinlər.” Və bunu elə bir əda ilə deyirlər ki, guya bunlar özlərinin maraq dairəsində olmayan hansısa bir adamın yazısını oxuyandırlar! Ya da oxuyub yaxşıya yaxşı deyəndirlər!.. Axı o “dava döyənlər” məhz yazdıqları yazılara etinasız, haqsız, ədalətsiz, ədəbsiz münasibət görməkdən bezib davaya qalxırlar... Əslində onların yazdıqları həm ədəbi-bədii, həm ictimai əhəmiyyətinə görə, həm xalqa, vətənə gərəkliyinə görə, həm yeni ruhuna görə bunların yazılarından nəinki geri qalır, əksinə qat-qat yüksəkdir. Təkcə bir “problemləri” var: AYB rəhbərinin nə özündən, nə valideynlərindən, nə qohum-əqrabasından və nə də dost-aşnalarından yazmırlar, yazmaq istəmirlər... Bax buna görə AYB-də “persona non-qrata” olublar. Yazdıqlarına qalanda isə - elə 2004-cü ildə AYO-nun yeni dərgisi işıq üzü görüb: “Yaquar yerişli zaman”. Bu maraqlı toplu onu göstərir ki, gənclər həqiqətən ciddi yaradıcılıqla məşğuldurlar: Aqşin, Elçin Alıoğlu, Seymur Baycan, Rasim Qaraca, Nərmin Kamal, Həmid Herisçi, Murad Köhnəqala, Azad Yaşar və b.
Bu gənclər haqlı olaraq Ç.Abdullayevin “ən bahalı son model kompüterdə yazaraq saniyədə klavişin yeddi düyməsini basması, yaxud Amerikada “ermənilərin acığına” (?) bir gecəsi üç min dollara olan oteldə qalması ilə qürrələnməkdənsə, bir cavan yazıçıya kompüter alıb verməsini, yaxud bir ədəbi mükafat təsis etməsini daha ağıllı iş” hesab edirlər. Belədə bir yandan sosial durumu gərgin olan gənc yazıçıların vəziyyəti göz önünə gəlir, digər yandan isə özünü baron kimi aparan AYB katibinin kruizləri. Bunlarmı dad-aman edirdilər ki, əşi, AYB kasıb təşkilatdır, işçilərimizin maaşını zorla veririk, xəstələrə, qocalara, cavanlara necə kömək edək?!
Gənclərə münasibət baxımından digər bir məlumat da maraq doğurur. Məlumatda deyilir: “Dünən Yazıçılar Birliyinin Natəvan klubunda ziyalılarla gənclərin görüşü keçirildi... Tədbirin təşkilatçısı Mühafizəkar Gənclər Təşkilatının rəhbəri Ənnağı Məmmədov çıxış etdi. “Bu gün Azərbaycan gəncliyinin ziyalıları dinləməyə ehtiyacı var...” – deyən Ə.Məmmədov qaranlıq məqama toxundu. O dedi ki, görüşümüzə Yazıçılar Birliyinin sədri yazıçı Anar da təşrif buyuracağına söz verib: “Lakin o, hələ gecikir. Yəqin gəlib çıxar.” Halbuki həmin an AYB-nin sədri Anar öz kabinetində idi. O, heç tədbirə qatılmadı da. Əslində AYB-nin rəhbərlərinin belə ögey münasibət göstərməsi həmin görüşə deyil, Azərbaycanın gəncliyinə qarşı idi. Onlar bu hərəkətləri ilə Azərbaycan gəncliyini boykot edirdilər. Həmin incə məqam bundan ibarətdir. Doğrudan, dəhşətli məqamdır. Gənclər səni dinləməyə gələ, sən də öz kabinetində qəlyan tüstülədəsən...” (“Həftə içi”, 7 mart 2003)
AYB rəhbərliyinin gəncliyə münasibəti bumu? İstedadlı gənc AYO-çuları və daha neçə-neçə istedadlı adamı AYB rəhbərliyi yaxına buraxmır, yazıçı saymır, üstəlik düşmən adlandırır. Hətta onlarla kitabı, yüzlərlə yazısı çıxan adamlara da yazıçı deməyə ağzında dili dönmür. Ancaq bunun müqabilində öz uşaqlarını var gücü ilə ədəbiyyata yamamağa çalışır (və bu “ədəbi pinəçilik” ardıcıl davam edir. Anarın heyranlarından olan “525-ci qəzet”-in 28 yanvar 2005 tarixli sayında Günel Anarqızının “Oğlun Qarabağ” kitabı haqqında Yardımlı rayonu Pestəsər kənd məktəbinin müəllimi Sabir Bəşirovun “Oğul qeyrəti ilə” adlı tərif məqaləsi bu sözlərlə bitirdi: “İlk kitabı ilə böyük ümidlər verən Günelə böyük ədəbiyyatın çətin yolunda yaradıcılıq uğurları arzulayıram.” Həmin qəzetin 2 dekabr 2005 tarixli sayında isə Sona Xəyal imzası ilə Tural Anaroğlunun “Tənha mələk” hekayələr kitabı haqqında danışılır, əsərlərin “fövqəladə məziyyətləri” açıqlanır, hətta “ədibin” yazdıqlarını oxuyarkən Bulqakovun, Mirzə Cəlilin, Haqverdiyevin, Əziz Nesinin, Mir Cəlalın göz önünə gəldiyi vurğulanır). Atalar düz deyib, utanmasan oynamağa nə var? Bu mənəvi baqajla, bu əda və iddialarla millətə vəkillik, ölkəyə öncüllük, AYB-yə rəhbərlik etmək – nə milləti yarıdar, nə ölkəni, nə də AYB-nin özünü...
5) Demokratik düzənə yox, totilatar quruluşa xas təfəkkürlə yaşayan Moskva uşaqları, Vəzirov-Mütəllibov dəstəkçiləri özlərini mütərəqqi, qabaqcıl, öndər şəxslər kimi təqdim etməyə çalışırlar. Alternativ mövqedə dayanan yazıçıları isə öz dillərində - “мракобесия” adlandırırlar... Bu – onların sınanmış metodudur: şər at, böhtan de, qara yax və öz adını rəqibə qoy. Bunu tez-tez və çoxlu-çoxlu et... Onda sən özün rahat olacaqsan, rəqibin isə qəhr olacaq!
Belə qeyri-səmimi flüger-adamlar haqqında açıq-aşkar sözü hələ 1997-ci ildə AYB-nin X qurultayı ərəfəsində Prezident Heydər Əliyevlə görüş zamanı yazıçı Əkrəm Əylisli və yazıçı-publisist Sirus Təbrizli demişdilər. Və o zaman müdrik Prezident - mən bu adamları onların öz vicdanına bağışlayıram, - cavabını vermişdi.
Amma bu adamlar “Vicdan susanda” romanını da yaxına buraxmırlar...
6) AYB rəhbərliyi alternativ fikir daşıyıcılarının qarşısına adətən belə bir “arqument” çıxarmaqdan həzz alırlar ki: “Narazılar sovet dövründə olduğu kimi Yazıçılar Birliyindən imtiyazlar gözləyən, ev, maşın, bağ, kitabının çapını istəyən və buna nail olmayan adamlardır...”
Ancaq yumşaq ifadə etsək, düz demirlər. AYB-dən narazılıq edən kimlərinsə umacağı ola bilər və o haqlıdır, çünki əgər müəyyən ehtiyaclarını ödəməyəcəksə və nə maddi, nə mənəvi stimul verməyərək dayaq durmayacaqsa, onda bu qurum nəyə lazımdır və onun üzvü olmağın əhəmiyyəti nədir? Ancaq eyni zamanda bir çoxlarının, xüsusən orta və yaşlı nəslin AYB-dən heç bir maddi təmənnası yoxdur. Yalnız ədəbiyyata sevgiləri, yaradıcılığa bağlantıları naminə orada olublar. O cümlədən, şəxsən mənim də AYB-dən umacağım yoxdur. Şükr, evim də var, maşınım da, kitablarım da... Ancaq mən AYB rəhbərliyindən ona görə narazıyam ki, onlar yaradıcılığa da biganədirlər, ictimai həyata da. Mənim vətənimdə mənim xalqımın çörəyini yeyib bu vətənə və bu xalqa xidmət etmirlər. Moskvaya xidmət edirlər, ata-analarına, oğul-uşaqlarına xidmət edirlər, özlərinə xidmət edirlər, ciblərinə xidmət edirlər, amma bu xalqa və bu vətənə xidmət etmirlər. Bu xalqın və bu vətənin yazarlarına xidmət etmirlər. Xalq yazıçısı və xalq şairi olsalar da, bu xalqın ən ağır, həlledici məqamlarında onun yanında olmurlar, qaçırlar, gedirlər, gizlənirlər, susurlar... və həmişə ara sakitləşəndən sonra üzə çıxıb ortalıqda gərdiş etməyə başlayırlar. “Bizi tənqid edənlər bizdən ev, maşın, mükafat umurlar” – deyib də camaatın gözünə kül üfürmək lazım deyil. Yazıçılar sizdən diqqət umurlar, cənablar, sayqı umurlar, sivil münasibət umurlar, postunuzun ranqına uyğun takt gözləyirlər...
7) Nəhayət, bir neçə kəlmə AYB sədri Anar Rzayev barəsində...”
...Burada düşüncə axarını dayandıraraq xatırladaq ki, əgər Akif Əli AYB-nin XI qurultayına mandatlı nümayəndə kimi qatılsaydı, təxminən bu tezislər ətrafında çıxış edib mülahizələrini qurultay iştirakçılarına çatdıracaqdı. Görünür AYB rəhbərləri də bunu bilirmiş…
***
Dostları ilə paylaş: |