Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə20/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   16   17   18   19   20   21   22   23   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

100 


yığılmış muncuq və zireh parçasından düzəldilmiş pul kisəsi də tapıldı - «Bu əşyaları biz sizə 

təqdim edirik, mənim generalım, həm də bax, bu üç açarı, qaralmış qızıl nişan üzüyünü və bu əlli 

sentavonu – beş onluq sentavonu. Buyurun, sayın, xahiş edirik! Bundan savayı orda heç nə 

tapılmadı!»  

Əgər o bilsəydi ki, cəmi bir neçə ildən sonra həmin bu taleyüklü çərşənbə günü baş verənləri 

unudacaq, bütün bu faciənin onun üçün bir qara qəpik əhəmiyyəti olmazdı, amma o gecə o, 

qəzəbdən hönkür-hönkür ağlaya-ağlaya, səhəri, adamyeyən itlərin ulaşması altında açdı, uzun 

müddət heç cür bu itlərə hansı növ cəza verəcəyini təyin edə bilmədi, çünki belə hesab edirdi ki, 

itlərin öldürülməsi, Letisiya ilə uşağın təkrar ölümüdü, çünki onlar hələ ki, bu heyvanların 

qarnındadılar; o, tərəvəz bazarının dəmir pavilyonunu sökdürüb yerində, səhləb çiçəkləri əkilmiş 

bağ saldırmağı, bağın ortasında, mərmər xaç ucaldılmasını əmr etdi, xaç, mayakdan uca və 

parlaq olmalıydı ki, gələcək nəsillər, generalın özünün, abidə sökülməmişdən çox-çox əvvəl 

unutduğu bu tarixi qadın barədə unutmasınlar; bu abidəni isə adi gecələrin birində partlatdılar və 

bu partlayış heç kimi təəccübləndirmədi; səhləb çiçəklərini isə donuzlar yedilər; bağ, durğun və 

üfunətli gölə çevrildi; lakin general bu mənzərəni heç vaxt görmədi, təkcə ona görə gömədi ki, 

öz sürücüsünə əmr vermişdi ki, maşını, lap dünyanın başına hərlənməli olsa da, bir vaxt tərəvəz 

bazarının yerləşdiyi o ərazidən sürməsin, həm də ona görə ki, nazirlikləri şüşəli binaya 

köçürəndən və sarayda bir ovuc xidmətçisiylə təmtək qalandan bəri o, ümumiyyətlə, şəhərə 

çıxmırdı; sarayda saraylıq əlaməti qalmamışdı, o, Letisiya Nasarenonun sarayda şahlıq iddiasıyla 

qurub düzəltdiyi nə vardısa, hamısını məhv eləməyi əmr etmişdi; bu hadisədən sonra o, 

generalitet üzrə ara-sıra xırda-xuruş göstərişlər verməklə, nazirlər kabinetinin, arada bir, qəliz 

məsələlər həll olunan və prezidentin rəyi tələb olunan iclaslarında iştirak etməklə vaxtını keçirir, 

qalan vaxtları, tək-tənha, kimsəsiz dəhlizlərdə, boş otaqlarda məqsədsiz-mənasız gəzib-dolaşırdı; 

bundan savayı, o, gecədən keçənədək, seybanın kölgəsində oturub, Baltimordan gətirdiyi 

konfetlərə qonaq eləyə-eləyə, çılpaq qadın şəkilləriylə dolu jurnallardan dürtüşdürə-dürtüşdürə, 

onu, xarici borclarını, ölkənin ərazi sularının hesabına ödəməyə razı salmağa çalışan səfir 

Uilsonun xəbis təşriflərinə də dözməli olurdu; o, səfirə doyunca danışmağa şərait yaradır, özü isə 

lazım olanlara qulaq asır, lazım olmayanları isə sadəcə, eşitmirdi; səfirin çərənləməsi həddindən 

artıq darıxdırıcı olanda isə o, bu mənasız söz axınını qulaqardına vurur, bunun əvəzinə, ara-sıra, 

yaxınlıqda yerləşən qızlar məktəbindən axıb gələn qızlar xorunun, yaşıl ağacda oturan qırmızı 

quş haqqında oxuduğu mahnılarna qulaq asırdı; hava qaralanda isə o, səfiri patiodan yola sala-

sala, qonağı başa salmağa cəhd edirdi ki, o ondan, bir dənizdən savayı, ürəyi nə istəyir, tələb 

eləyə bilər. – «Dənizsiz pəncərələr mənim nəyimə gərəkdi? Bu boyda tənha evdə dənizsiz mən 

nə edərəm? Sübh, yaxud, qürüb çağı dənizin, yanar bataqlığa oxşadığı mənzərəni görməsəm, 

necə yaşayaram? Dekabr gecələri mayakın yaşıl işığına məhəl qoymadan, sınıq şüşələrdən 

uğultuyla içəri dolan küləklərsiz necə yaşaya bilərəm? Mən – o adam ki, öz dumanlı səhralığını 

ataraq, qızdırmalı titrəmətdən üzülə-üzülə, özümü vətəndaş müharibəsinin alovuna, tərcümeyi-

halımda yazıldığı kimi, dərin vətənpərvərlik hissindən, yaxud, bəzilərinin hesab elədiyi kimi, 

fırıldaq məqsədi ilə, yaxud federalizm ideyaları uğrunda da yox, təkcə bu dənizi görmək üçün 

saldım! Qalan hər şey boş məsələdi, mənim əzizim, Uilson, odu ki, siz ayrı bir şey fikirləşin.» - 

deyə o, əlini yüngülcə səfirin çiyninə toxunduraraq, onunla xudahafizləşirdi. Səfiri yola salandan 

sonra isə geri – öz iqamətgahına qayıdır, bir vaxt rəsmi idarələrə mənsub olan boş kabinetlərin 

işıqlarını yandırırdı; günlərin bir günü isə axşamçağı o, sarayın dəhlizlərində, hansı təsadüf 

üzündənsə buralarda azıb qalan inəyə rast gəldi, onu pilləkənlərə sarı qovdu, heyvan, ayağı 

xalçanın dəlmə-deşiyinə ilişdiyindən kəllə-mayallaq aşıb, baş gözünü partlatdı və bununla da 

acından üzülən cüzamlı xəstələri ağlasığmaz dərəcədə sevindirdi; xəstələr cumub cəmdəyi 

bölüşdürdülər; Letisiya Nasarenonun ölümündən sonra bütün cüzamlılar və ifliclər, korlar geri 

qayıdaraq, əvvəlki kimi, bağda, qızılgül kollarının altında yaşayırdılar, yenə əvvəlki kimi, ondan 

bir çimdik şəfqət duzu dilənir, ulduzlu gecələrdə mahnılar oxuyurdular; o da onlara qoşulub: 

«Susanna, yanıma gəl, Susanna!» -nı oxuyurdu; axşamüstü saat beşdə isə tövlənin pəncərəsindən 

yola boylanıb mavi döşlükdə, qısa corablarda məktəbdən qayıdan hörüklü qızlara baxır, 

tamahdan nəfəsi darala-darala, əlcəkli barmaqlarını pəncərənin dəmir qəfəsində oynada-oynada 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

101 


onları yanına çağırırdı: «Ay qız - ay qız, bir bura gəl, gəl, səni əlləyim!» - deyirdi. «Vay dədə, 

vay! Biz ondan ilan gözlü iblisdən qaçan kimi qaçırdıq! O isə qızların qaçdığını görüb: «Anam 

mənim Bendisyon Alvarado, indiki qızlar necə də cavandı?!» - deyə fikirləşirdi; ona, özünə 

gülməkdən savayı, heç nəyə yaramadığını boynuna almaqdan savayı heç nə qalmırdı; daim 

nahara dəvət elədiyi səhiyyə naziri gözünün içinə baxıb nəbzini yoxlamaqla qane olmayıb, 

qocalıq sklerozunun qarşısını almaq, yaddaşının durğun kanallarını bağlamaq üçün ona sulu 

dərman yazanda isə o, onun ağzından vurub: «İşim-gücüm yoxdu, dərman içəcəyəm! – deyirdi. – 

Mən, bircə müharibə illəri tutulduğum titrətmə xəstəliyindən savayı heç bir xəstəliyə tutula 

bilmərəm!»  

Axır vaxtlar isə o, bütün dünyaya arxa çevirib, dünydan küsmüş adamlar kimi, təm-təkcə nahar 

eləməyə başlamışdı; böyük zəka sahibi, səfir Meyrilendin dediyinə görə, qədim Mərakeş kralları 

məhz bu cür nahar edirdilər; o, nahar vaxtı, dümdüz, başı dik oturmağa çalışır, çəngəli sol, bıçağı 

sağ əlində tutaraq keçmiş müəlliminin qoyduğu qayda-qanunla, tikəni yaxşı-yaxşı çeynəyə-

çeynəyə yeyirdi; sonra bütün sarayı başdan-başa gəzib dolaşaraq, bal gizlətdiyi gizli divar 

hücrələrini axtarır, tapdığı yeri ikicə saatdan sonra yenidən itirir və axtarışa təzədən başlayırdı; 

ordan bal əvəzinə, bir vaxt siqaret kimi büküb dəlmə-deşiyə soxduğu kağız bükmələrini tapırdı… 

çox-çox qədimlərdə, keçmiş dövrlərdə o, bu kağız zolaqlarını, artıq çox illər keçdiyindən və nə 

yazdığını unutduğu cümlələri yenidən yazmaq üçün kağızların haşiyələrindən qoparırdı: «Sabah 

çərşənbə axşamıdı…» - zolağın birində yazılmışdı, o birində isə: «Sənin ağ yaylığında qırmızı 

saplarla kiminsə adının baş hərfləri yazılıb, amma bu, sənin adın deyil, mənim hökmdarım…» - 

yazılmışdı; o, bundan heç nə anlamadı və o biri zolağı açıb oxudu: «Canım Letisiya Nasareno, 

gör bir sənsiz nə günlərə qalmışam…» - «Letisiya Nasareno» - bu ada o, demək olar, hər kağız 

zolağında təsadüf edirdi və heç cür başa düşə bilmirdi ki, özündən sonra bu qədər yazılı ah-uf, bu 

qədər dərd-qəm qoyub getmiş bu bədbəxt kimdi. - «Özü də mənim xəttimin bura nə dəxli var, 

lənət şeytana?» Bu onun xətti idi, özünü sakitləşdirmək üçün tualetlərin divarlarını: «Yaşasın 

general!» - yaza-yaza bəzəyən solaxayın təkrarolunmaz kalliqrafiyası idi. O, artıq öz zıqqılığına 

görə, səviyyəsinin, quru qoşun qüvvələrinin, yaxud dəniz donanmasının sıravi əsgərdən də aşağı 

düşməsinə görə, kağız zolaqlarında karandaşla yazılmış adından savayı heç nəyi qalmayan adi 

monastr rahibəsindən ötrü üzülməyinə görə əsəbiləşmirdi; sadəcə, bütün bunların, həmin o 

taleyüklü çərşənbə günündən sonra, adyutantların onun yazı stolunun üstünə qoyduğu əşyaları – 

Letisiyanın və uşağın şeylərinə əl vurmaqdan imtina etdiyindən sonra nə olduğunu xatırlamırdı; 

onda o, üzünü yana çevirib: «Bu çəkmələri aparın burdan, bu medalları da, ölənləri yadıma sala 

bilən nə varsa, yığışdırın burdan.» - demişdi. Odu ki, onlara aid bütün əşyaları Letisiyanın yataq 

otağına – onun bir vaxtlar ehtiraslı siesta saatlarını keçirdiyi otağa yığmışdılar. - «O otaqların 

bütün qapı-pəncərələrini mıxlayın ki, lənət şeytana, mən əmr eləsəm belə, heç kim ora girə 

bilməsin. Bu əmri verdikdən sonra o, uzun illər dəhşətli qıcolmalar içində qovrula-qovrula, 

Letisiyanı uşağıyla bir gəmirən itlərin ulaşmasına qulaq asır, hər hansı itlərin, dəri soyulan 

məntəqələrə göndərilməsinə ürək eləmir və yenə fikirləşirdi ki, onlara əzab vermək – əziz 

mərhumlarına əzab vermək deməkdi; günlərlə tor yelləncəyinə pərçim olub, doğmalarının 

qatillərini unutmağa çalışaraq, qəzəbini içində boğur, qatilləri evinin içində gördükcə, alçalıb 

təhqir olunurdusa da, bu miskin vəziyyətə o səbəbdən dözməyə məcbur olurdu ki, o günlər, hələ 

qatillərin boynunu sındırmaq gücü yox idi; o, əzizləri üçün təntənəli dəfn mərasimi təşkil etmədi, 

yanına başsağlığı verməyə gəlməyi də qadağan etmişdi; matəm elan etməmişdi – nəhəng 

seybanın kölgəsində, öz yelləncəyində, acığından dil-dodağını gəmirə-gəmirə, öz saatını – öz 

vaxt - vədəsini gözləmişdi; bir dəfə isə yaxın tanışlardan biri həmin seybanın altında, 

generalitetin rəyini ifadə edərək, ona, guya generalitetin, xalqın, bu dəhşətli faciəni sakit 

dözümlə keçirdiyinə görə fəxr etdiyini demişdi. «Hər yerdə sakitlik və səliqə-sahman hökm 

sürür. Onda o, azca seziləcək tərzdə gülümsünüb: «Axmaq-axmaq danışmayın, dostum! – dedi. – 

Elə ən pisi də odu ki, sakitlik və əminamanlıqdı! Demək, bu bədbəxt faciənin adamlara zərrə 

qədər də təsiri olmayıb!» O günlər o, bütün qəzetləri sətirbəsətir, soldan-sağa, sağdan-sola 

oxuyur, orda rəsmi xəbərlərdən savayı daha nə isə tapmağa çalışır, rədioqəbuledicini yanına 

qoydururdu ki, bircə vacib xəbəri belə ötürməsin və nəhayət, günlərin bir günü arzusuna çatdı – 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

102 


Verakurs radiostansiyasından Riobambaya qədər bütün radiostansiyalar xəbər verdi ki, milli 

təhlükəsizlik xidməti sui-qəsd təşkilatçılarının izinə düşüb. «Bəs necə, kərtənkələ uşağı!» - o öz-

özünə, dodaqaltı dedi, radio isə ardını xəbər verirdi ki, sui-qəsdin təşkilatçıları, şəhərkənarı 

fahişəxanaların birində, minomyotdan atəş açılan binada aşkar edilib. «Bax belə, - deyə o 

dərindən nəfəsini dərdi - yazıq insanlar!» Lakin bütün bunlardan sonra, o yenə donuq üzüylə, 

fikrindən keçənləri, azacıq da olsa, üzünə buraxmadan, öz tor yelləncəyində uzanıb qaldı və öz-

özünə: «Anam mənim, Bendisyon Alvarado, sən məni intiqam üçün qoru, əlimdən tut, mənə 

ilham ver!» - deyə-deyə yalvardı.  

O, anasının, onun yalvarışlarını eşidib xahişini yerinə yetirəcəyinə o qədər arxayın idi ki, tez bir 

zamanda özünü ələ alıb, dərd-qəm yükünü axır ki, bir kənara ata bildi. Bunu, baş qərargahdan 

onun yanına hesabata gələn ictimai asayişə məsul milli təhlükəsizlik zabitləri o dəqiqə hiss 

etdilər. «Mənim generalım, sui-qəsdin üç təşkilatçısının üçü də, ictimai asayişin mühafizə 

dəstələri ilə atışmada öldürüldülər, ikisi həbs edilib San-Xeronimo kameralarında yerləşdirilib!» 

O isə əlində meyvə şirəsi, öz tor yelləncəyində otura-otura: «Aha.» - dedi və sərrast atıcı əli ilə 

hamıya meyvə şirəsi süzdü. - «…O, həmişəkindən bir az da müdrik və həssas idi, o qədər həssas 

və diqqətcil idi ki, bizim ürəyimizdən keçənləri o dəqiqə hiss elədi və bizə siqaret çəkməyə icazə 

verdi. Bu, nə isə, ağlasığmaz bir şey idi… vəzifə başında siqaret çəkməyə icazə vermək!» «Bu 

ağacın altında biz hamımız bərabərik.» - o dedi və bazarda baş verən cinayətin necə qurulması və 

həyata keçirilməsi barədə, Şotlandiyadan, ayrı-ayrı partiyalarla səksən iki ov itinin gətirilməsi 

barədə, bu səksən iki itin iyirmi ikisinin müxtəlif səbəbdən ölməsi barədə, qalan altmışının 

cinayət məqsədi ilə təkcə Letisiya Nasarenonun boynundakı tülkü dərisinə yox, Letisiyanın 

özünə və uşağına qısqırdılması üçün xüsusi təlim keçməsi barədə ətraflı məruzəni sakitcə 

dinlədi. – «İtlərə bax, bu əşyaları iylədiblər, mənim generalım! Onlara saray 

çamaşırxanalarından oğurlanmış bax, bunları – Letisiya Nasarenonun korsajını, bax, bu yaylığı, 

bu corabları, uşağın bu mündirini iylədiblər, mənim generalım! Siz bu əşyaları tanıyırsız?» O, 

ona təqdim edilən əşyalara baxmadan, sakitcə: «Aha!» - dedi və diqqətlə izahatın ardına qulaq 

asdı: «Həmin bu altmış itə, hürmək lazım gəlməyəndə, susmağı öyrədibmişlər, onları insan ətinə 

dadandırıbmışlar, mənim generalım, Allahın işığına həsrət qoyub bağlı saxlayıbmışlar; onlarla 

bir neçə il, paytaxtdan yeddi mil aralıdakı baxımsız cin formasında təlim keçiribmişlər; bu 

fermada Letisiya Nasarenonun və uşağın boyu ölçüdə, onların geyimi geydirilmiş müqəvvaları 

tapılıb, bundan savayı itlərə, bu portretləri və qəzet foto-şəkillərini göstərərək, uşağı və 

Letisiyanı üzdən tanımağı öyrədibmişlər.» - deyə hərbçilər ona, səhifələrinə həmin şəkillər 

yapışdırılmış albomu göstərdilər ki, o, görülən işin dəyərini başa düşsün. - «Hərə öz xidməti 

borcunu yerinə yetirir, mənim generalım!» O isə, yenə onlara baxmadan bircə öz «Aha» - sını 

dedi və onda onlar ona, söhbətin ən vacib yerini açdılar; guman var ki, təşkilatçılar özbaşlarına 

hərəkət etmirdilər, onlar, mərkəzi xaricdə yerləşən hansısa gizli təşkilatın agentləri olublar. - 

«Bu, onların emblemidi, əla həzrətləri!» Və onlar ona, gizli təşkilatçıların emblemini – qaz lələyi 

ilə çarpazlanmış xəncər emblemini göstərdilər, o da: «Aha!» - dedi. Daha sonra onlar öz 

məruzələrinə davam edərək, bildirdilər ki, bütün təşkilatçılar, əvvəlki cinayətlərinə görə ədalət 

mühakiməsi orqanlarından gizlənən adamlardı. Sonra hərbçilər ona, bu adamların, polis 

məntəqələrindən yığılan cürbəcür foto-şəkilləri yapışdırılmış albomu göstərdilər: «Bax, bu üçü 

öldürülüb, bu ikisi isə həbs edilərək, San-Xeronimonun zirzəmilərində saxlanılır, mənim 

generalım! Onların taleyini necə həll etmək barədə qərarı siz verməlisiz! Bu, iyirmi səkkiz və 

iyirmi üç yaşlı Maurisio və Qumaro Ponse de Leon qardaşlarıdır. Onlardan biri, silahlı qüvvələr 

sıralarından qaçıb, daimi yaşayış yeri yoxdur, heç yerdə işləmir; o biri, kənd məktəbində 

dulusçuluqdan dərs deyir; bu adamı görəndə, həmin itlər sevincdən quyruqlarını hərləyir, bütün 

davranışlarıyla ona öz sədaqətlərini göstərirlər və bizcə bu, həmin o şəxsin günahkar olmasına 

şəksiz sübutdur, mənim generalım!» O, bu sözdən sonra da öz «aha»sını dedi, üstəlik günün 

nəticələri barədə rəsmi göstərişlərində, istintaqı aparan bu üç zabitin şərəfinə tərifli sözlər də 

qeyd etməyi unutmadı və onları: «Vətənə sədaqətli hərbi əsgər xidməti» medalı ilə təltif etdi; o, 

bu medalı zabitlərə şəxsən özü təqdim etdi və elə həmin təqdimat mərasimində də, Maurisio və 

Qumaro Ponse de Leon qardaşlarına güllələnmə hökmü kəsən hərbi məhkəməni yaratdı: «Əmr, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

103 


əla həzrətləri fikrini dəyişməzsə, oxunduğu dəqiqədən qırx səkkiz saat ərzində yerinə 

yetirilməlidir!»  

Bütün bu qırx səkkiz saatı o dərin fikirlər içində, öz tor yelləncəyində tək-tənha uzana-uzana, əfv 

barədə dünyanın dörd bir səmtinindən axıb gələn yalvarışlara kar vəziyyətdə qaldı; radioyla 

Millətlər İcmasında gedən mənasız çərənləmələrə, bir qisim ölkələrdə unvanına yağdırılan 

söyüşlərə, digər ölkələrdə təriflənib müdafiə edilməsinə qulaq asdı; sonra öz nazirlərini qəbul 

edib, rəhmdillik barədə danışanlara da, qəti qərar qəbul edilməsini tələb edənlərə də eyni diqqətlə 

qulaq asdı; yolunu azmış iki qoyunun taleyindən narahat olan Roma Papasının şəxsi göstərişiylə 

qəbuluna can atan nunsini qəbul etməkdən imtina etdi; bütün ölkənin, onun susmasından narahat 

olub təlaşa düşməsi barədə xəbərlərə, uzaqdan eşidilən güllə-baranın səsinə qulaq asan tək, 

dinməz-söyləməz qulaq asdı. - «On bir ölən, səksən iki yaralanan var, mənim generalım, gəmi 

tam yararsız vəziyyətdədi!» - «Yaxşı.» - deyə o, yataq otağının pəncərəsindən, limanın 

girəcəyində alovlanan tonqala baxa-baxa dedi. Bu, San-Xeronimo hərbi bazasında ölüm cəzası 

kəsilmiş qardaşlar üçün hökmün yerinə yetirilməsini gözlədikləri son gecənin başlanğıcı idi. 

Həmin o dəqiqələr ərzində o, onların foto-şəkildə gördüyü üzlərini – eyni qaşları, bir cüt su 

damlası tək, bir-birinə bənzəyən üzləri təsəvvürünə gətirdi; onları, qorxudan əsim-əsim titrəyən 

bədənləriylə, tənha, köməksiz üzlərlə, boğazlarında nömrə yazılmış lövhəciklərlə, ölümə 

məhkumlar kamerasının fasiləsiz, gur işığı altında təsəvvürünə gətirdi və hiss elədi ki, onların da 

fikri bu dəqiqə ona yönəlib, hiss elədi ki, onlar, əfv ediləcəklərinə ümid bəsləyir və Allaha 

yalvarırlar; onun bircə hərəkətindən belə nə edəcəyini müəyyən eləmək mümkün olmurdu; o, öz 

adi iş gününü həmişəki qaydada başa vurdu, yataq otağının qapısı ağzında, onun hər dəqiqə 

qəbul edə biləcəyi yeni qərarını ictimaiyyətə çatdırmaq üçün növbə çəkən növbətçi zabitlə 

görüşərkən, zabitə baxmadan, etinasızcız halda: «Gecəniz xeyrə qalsın, kapitan.» - dedi, 

lampasını qırmağa keçirib üç qıfılı, üç kilidi bağladı, üç zənciri çəkib üzü üstə döşəməyə uzandı 

və hökmün qəddarlığından nəfəsini içinə çəkib qaralan şəhərin küçələrində, ara-sıra həyətlərdə 

hürüşən itlərin səsini, sanitar maşınlarının sirenasını, hansısa şübhəli bayram şənliyində atılan 

fişənglərin və musiqinin səsini dinləyə-dinləyə, həssas bir yuxuya getdi; gecənin bir aləmi kilsə 

zənglərinin səsinə yuxudan ayıldı… sonra bu səsə ikinci dəfə ayıldı, üçüncü dəfə, pəncərələrin 

şüşələrini və dəmir çərçivələrini cırmaqlayan yağışın səsinə ayıldı, yerindən, qaban tərpənişinə 

bənzər dolama-dolaşıq, ağır bir hərəkətlə – əvvəl dalını qaldırıb qabaq ayaqlarına dirənərək, 

sonra başını qaldıraraq, ayağa qalxdı; beləcə, ağır qaban hərəkəti ilə ayağa qalxandan sonra 

zabitə əmr verdi ki, əvvəla itləri onun pəncərələri altından yığışdırıb hara istəyirlər aparsınlar ki, 

onların səsini bir daha eşitməsin, amma öldürməsinlər, heyvanlar qocalıb əldən düşənəcən, 

dövlətin hesabına saxlanılsın; ikinci əmr bu idi ki, Letisiya Nasarenonu və uşağı həmin o 

taleyüklü çərşənbə günü müşayət edən günahkar əsgərlər azad edilsin; üçüncü əmr – Maurisio və 

Qumaro de Leon qardaşlarının təcili surətdə edam edilməsi barədə idi; özü də hərbi-səhra 

məhkəməsinin qərarındakı kimi, güllələnmə yoluyla yox, dörd ata bağlanıb şaqqalanmaqla; 

Ponse de Leon qardaşları, əmrdə yazıldığı kimi, atlarla şaqqalandı, bədənlərinin ayrı-ayrı 

hissələri nəhəng matəm səltənətimizin ayrı-ayrı məhəllələrində gözəgörünən yerlərdən asıldı ki, 

camaatın canına vəlvələ salsın.  

«Yazıq uşaqlar…» - o, nəhəng fil ayaqlarını sürütləyə-sürütləyə öz-özünə deyirdi, sonra qəfildən 

ehtiraslı bir səslə özü-özünə: «Anam mənim, Bendisyon Alvarado, mənə kömək elə, əlimdən tut, 

apar! Mənə, bu günahsız qana görə qisas ala biləcək bir adam bəxş et.» - deyə yalvarırdı. Özü də 

gecə-gündüz belə bir adamı arzulayırdı; elə bir adamı ki, fitri güdmək qabiliyyətinə malik olsun. 

O, bu adamı öz sayıqlama xəyallarında təsəvvürünə də gətirmişdi; gizli bir həyəcanla onu, 

rastına çıxdığı adamların arasında - onların gözlərinin dərinliklərinə baş vura-vura tapmağa 

çalışır, ətrafındakıların səsinə diqqət kəsilib onu, səsinin hansısa bənzərsiz ahəngindən tanımaq 

istəyirdi; arada bir, öz içinə – qəlbinin səsinə də diqqət kəsilirdi, yaddaşının künc-bucağını 

eşələyə-eşələyə, onu orda da tapmaq ümidini üzmək üzrəydi ki, həmin bu adam onun gözləri 

qarşısında qəfil bir gözlənilməzliklə, öz ecazkar gözəlliyi ilə özü peyda oldu. - «Bu, mənim 

gözlərimin bu vaxta qədər görüb seçdiyi adamların ən bənzərsizi idi, anacan!» O, keçmiş 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

104 


zadəganlar sayağı geyimdəydi; əynində, ilgəklərinə qardeniyalar taxılmış Henri Poul frakı, 

Pekover şalvarı və parıldayan gümüşü parçadan jilet vardı; bu, buzov böyüklüyündə, adamgözlü, 

qaraqabaq dobermanıyla Avropanın ən kübar salonlarında parlamağa alışmış bir adam idi - 

«Xose İqnasio Saens de la Barra. - deyə o, özünü təqdim etdi – Qulluğunuzda olum, əla 

həzrətləri!» Bu, kübar cəmiyyətinin azad fikirli nümayəndələrindən sonuncusu, bizim vətəndaş 

müharibəsinin qasırğasında əriyib itən, federalist kaudilyosu ordusu tərəfindən darmadağın 

edilən vətən torpaqlarından, böyüklük iddiası, nəhəng, melonxolik torpaqları və fransız 

ləhcəsiylə bir silinmiş otuz yeddi yaşlı, yeddi xarici dil bilməsindən, Dovil müsabiqəsində 

qazandığı dörd ov prizindən savayı heç nəyi olmayan, əsil-nəcabətli, gözəl kapral idi; orta boylu, 

qədd-qamətli, dərisi dəmir rənginə çalan, saçları, bir kəkilini çıxmaqla, qara rənglə rənglənmiş 

bu iradəli adam, möhkəm dodaqlarıyla, son dərəcə iti, qətiyyətli baxışlarıyla salon salon 

qobelenlərində təsvir olunan idillik bahar peyzajlarının fonunda rəngli foto-şəkillər üçün poza 

qurmağı xoşlayırdı; kapralı görcək, əla həzrətləri sinəsi dolu rahat nəfəs dərdi: «Bu, odur! Mənə 

lazım olan adam - budu!» Və Xose İqnasio Saens de la Barra, bircə şərtini kəsdikdən sonra bizim 

generalın yanında xidmətə düzəldi: «Əla həzrətləri mənə səksən beş milyon peso həcmində pul 

vəsaiti ayırır ki, həmin bu məbləğ barədə mən, sizdən savayı, heç kimə tabe olmadığım kimi, 

sizdən savayı heç kəsə də hesabat vermirəm. Öz tərəfimdən də söz verirəm ki, iki il müddətinə 

sizə, Letisiya Nasarenonun və oğlunuzun əsil qatillərinin başlarını təqdim eləyəcəm!» Şərt qəbul 

olundu. – «Razıyam!» General, Xose İqnasio Saens de la Barranı qısa müddət ərzində bir çox 

sınaqlardan keçirərək, qəlbinin gizli labirintlərinə baş vurub, iradəsinin nə dərəcədə qüvvətli 

olmağına, sədaqətinə əmin oldu, onun, heç nəyi şişrtmədən iş gördüyünün şahidi oldu, 

xarakterinin ən zəif cəhətinin şahidi oldu və bu ən zəif cəhəti dəqiqləşdirdi; ən sonuncu sınaq - 

Xose İqnasio Saens de la Barranın, düşünəlməmiş bir cəsarətlə generalı udduğu amansız domino 

oyunları idi. «Bu, mənim görüb tanıdığım cəsur adamların ən cəsarətlisi idi, anam mənim!» O, 

son dərəcə səbrli idi, qəhvənin yetmiş iki dəmləmə üsulunu bilirdi, malyuskaların cinsini ayırd 

edirdi, not qrammatikasından, korların əlifbasından başı çıxırdı, o, uzun-uzadı, dinməz-söyləməz 

mənim gözlərimin içinə baxa bilirdi və mən, bu sakit baxışların altında bilmirdim, başımı hara 

soxub gizlədim; çeçələ barmağındakı saf sulu almazını işıldadan incə əl hərəkətlərinin qarşısında 

çaşıb özümü itirirdim; bilmirdim, onun qəddar və sayıq bir ədayla, ayağının altında mürgü vuran, 

arada bir dərisini – diri məxmər örtüyünü tərpədən nəhəng itinin əlindən canımı hara qoyum, 

losyon ətri qoxuyan bu adamın əlindən hara qaçım, bədən əzizləməkdən və ölümdən qorxmayan 

bu heyrətamiz gözəllik sahibinin əlindən hara qaçım və bir gün mənə, qətiyyən hərbçiyə 

oxşamadığımı, yalnız hansısa ali məqsədlərə görə hərbçi olduğumu deməyə bu adamın cürəti 

çatdı. - «Siz bu hərbçilərin tayı deyilsiz, general! Bu adamlar, xırda ambissiyalı, sıravi, primitiv 

adamlrdı. Onlar üçün rütbə hakimiyyətdən irəlidi, onlar idarə etməkdən çox, əmr verməyi 

xoşlayırlar, nəyə yox, kiməsə xidmət edirlər, odu ki, onları idarə eləmək o qədər asandı ki, 

xüsusən birinin arasını o biriylə vuranda.» - o dedi və mən, bircə əziz dostum, Allah ona rəhmət 

eləsin, Rodriqo de Aqiları çıxmaq şərtiylə, bütün idarəçilik dövrümdə heç kimə vermədiyim 

hüquqları verdiyim bu parlaq adamdan öz fikirlərimi heç cür gizlədə bilməyəcəyimi fikirləşib 

gülümsündüm. «Və beləcə, general öz-özlüyündə Xose İqnasio Saens de la Barranı öz daxili, 

gizli imperiyasının sahibi elan etdi. Bu, gizli repressiyalar və qətllər xidməti idi, bu xidmətin 

dəqiq yeri də məlum deyildi; bu proses bütün ölkə boyu gedirdi və eyni zamanda heç yerdə heç 

nə baş vermirdi, həm də hər şey elə bil irreal idi, çünki bu işlərə görə məsuliyyət daşıyan yox idi, 

lakin, həm də bütün olanlar mövcud həqiqət, bu dəhşətli fantastika həm də acı reallıq idi; o öz 

görünməz qüvvəsiylə, hələ ali hərbçilər onun yüksək səviyyəli sirayətedici qüvvəsini hiss 

edəndən çox-çox əvvəl, dövlətin digər reqressiv orqanlarını özünə tabe eləmişdi» - general özü 

də bu qorxulu proesesin nə ilə nəticələnəcəyini əvvəlcədən bilmirdi. - «Mən, şahzadə geyimli 

iblisin fitvasına uyub, bu acgöz adamyeyənin caynağına nə vaxt keçdiyimi hiss eləmədim.» 

Günlərin bir günü isə o, prezident sarayına, içi kokos qozuyla dolu qalın çuval gətirib gəldi və 

onu, əl-ayağa dolaşmasın deyə, bir kənara qoydurmağı əmr elədi. - «Bunu, lazımsız arxiv 

materilları yığılan şkafa soxun!» Çuvalı şkafa soxdular və bu barədə unutdular, üç gündən sonra 

isə, sarayın divarlarına hopub, buxar kimi güzgülərin üzünə çökən meyid iyindən nəfəs almaq 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin