Qəbuledilənlik
52. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) maddəsinə əsasən açıq-aşkar əsassız deyildir. O, daha sonra qeyd edir ki, şikayətlər hər hansı digər əsaslara görə də qəbul edilməyən deyildir. Buna görə də onlar qəbuledilən elan olunmalıdırlar.
B. Mahiyyət
-
Tərəflərin arqumentləri
53. Hökumət yerli məhkəmələrin ərizəçinin həbsi üçün kifayət qədər və yetərli səbəblər irəli sürdüyünü qeyd edərək ərizəçinin arqumentlərinə etiraz etdi. Hökumət daha sonra qeyd etdi ki, girov üçün ərizəçinin tələbi məhkəmələr tərəfindən lazımi qaydada nəzərdən keçirilib.
54. Ərizəçi bildirdi ki, yerli məhkəmələr onun həbsini əsaslandıra bilməmişlər. Xüsusilə də ərizəçi iddia etdi ki, məhkəmələr onun həbs olunmasına dair qərar qəbul edərkən onun şəxsi vəziyyətini qiymətləndirmədən, sadəcə müvafiq qanunun müddəalara istinad ediblər. Ərizəçi daha sonra vurğuladı ki, yerli məhkəmələr onun girov qoyulmaqla həbsdən azad olunmasına dair vəsatətini rədd edərkən hər hansı səbəb göstərməyiblər və həmin tələbi lazımi qaydada nəzərdən keçirməyiblər.
2. Məhkəmənin qiymətləndirməsi
55. Cinayət əməlində təqsirli bilinən şəxs, Dövlətin onun davamlı həbsini əsaslandıran “müvafiq və yetərli” səbəblər olduğu hallar istisna olmaqla, məhkəməyə qədər azad edilməlidir ( bax Smirnova Rusiyaya qarşı, N 46133/99 və 48183/99,§58, ECHR 2003-IX (çıxarışlar) və Khodorkovski Rusiyaya qarşı, N 5829/04, §182, 31 may 2011). Məhkəmənin presedent hüququna əsasən Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan prezumpsiya azad olmanın xeyrinədir. 5-ci maddənin 3-cü bəndinin ikinci hissəsi məhkəmə orqanlarına təqsirləndirilən şəxsin ağlabatan müddət ərzində məhkəməyə gətirilməsi və onun məhkəməyə qədər şərti azad olunması arasında seçim vermir. Məhkum olunana qədər, o, təqsirsiz hesab olunmalı və göstərilən maddənin məqsədi, əsasən, təqsirləndirilən şəxsin davamlı həbsinin ağlabatan olmadığı andan şərti olaraq azad olunmasını tələb etməkdən ibarətdir (bax MakKey Birləşmiş Krallığa qarşı [BP], № 543/03, § 41, AİHM 2006-X və Bıkov Rusiyaya qarşı [BP], № 4378/02, § 61, 10 mart 2009-cu il.)
56. Tutulan şəxsin cinayət əməlini törətməsinə əsaslı şübhənin olması həbsin davam etdirilməsinin qanuniliyi üçün sine qua non-dur, lakin müəyyən müddət keçdikdən sonra bu artıq kifayət etmir və bu halda Məhkəmə müəyyən etməlidir ki, məhkəmə orqanları tərəfindən təqdim olunan digər hallar azadlıqdan məhrum etməyə əsas verməkdə davam edir. Belə əsasların “müvafiq” və “yetərli” olduğu halda, Məhkəmə həmçinin qane olmalıdır ki, yerli orqanlar icraatın gedişində “xüsusi səy” göstərmişdir (bax: Labita İtaliyaya qarşı[BP], № 26772/95, § 153, AİHM 2000-IV).
57. Yerli məhkəmələr təqsirsizlik prezumpsiyası prinsipinə münasibətdə, şəxsi azadlığa hörmət prinsipindən kənara çıxmağa haqq qazandıran ictimai maraq tələblərinin mövcudluğunun lehinə və əleyhinə dəlalət edən bütün faktları araşdırmalı və azad edilmək barədə vəsatətlərə dair qərarlarında onları göstərməlidirlər (bax: Letelye Fransaya qarşı, 26 iyun 1991-ci il, § 35, A Seriyaları, № 207). Azad edilmənin lehinə və əleyhinə olan arqumentlər ümumi və ya mücərrəd olmamalıdır (bax: Klot Belçikaya qarşı, 12 dekabr 1991-ci il, § 44, A Seriyaları, № 225).
58. Konvensiyanın presedent hüququ şəxs cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (Stöqmüller Avstriyaya qarşı, 10 noyabr 1969-cu il, § 15, A Seriyaları, № 9); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (bax: Vemhoff Almaniyaya qarşı, 27 iyun 1968-ci il, § 14, A Seriyaları, № 7), digər cinayət əməlləri törədəcəyi riski (bax: Matznetter Avstriyaya qarşı, 10 noyabr 1969, § 9,A Seriyaları, № 10) və ya ictimai qaydanı pozması riski (bax: yuxarıda qeyd olunan Letelye, § 51).
59. Bununla bağlı olaraq, Məhkəmə bir daha qeyd edir ki, nəzərdə tutulan cəzanın ağırlığı istintaqdan gizlənmə riskinin qiymətləndirilməsində əhəmiyyətli element olsa da, ittihamların ağırlığı özlüyündə həbs qətimkan tədbirinin uzun müddət qüvvədə saxlanılmasına haqq qazandıra bilməz (bax: İliykov Bolqarıstana qarşı, № 33977/96, §§ 80-81, 26 iyul 2001). Bundan əlavə, həbsdə saxlanılmağa haqq qazandıra bilən istintaqdan gizlənmə riski yalnız nəzərdə tutulan cəzanın ağırlığı əsasında qiymətləndirilə bilməz. İstintaqdan gizlənmə riski onun mövcudluğunu ya təsdiq edən, ya da həmin riski məhkəməyəqədərki həbsə haqq qazandırılmasını mümkünsüz edən dərəcədə minimuma endirən bir sıra digər müvafiq amillərə istinad olunmaqla qiymətləndirilməlidir (bax: Pançenko Rusiyaya qarşı, № 45100/98, § 105, 8 fevral 2005-ci il və yuxarıda qeyd olunan Letelye, § 43).
60. Məhkəmə daha sonra qeyd etmişdir ki, 5-ci maddənin 3-cü bəndinə əsasən orqanlar şəxsin azad olunmasına və ya həbs olunmasına qərar verərkən onun məhkəmədə iştirakını təmin etmək üçün alternativ qətimkan tədbirlərini nəzərdən keçirməlidirlər. Həqiqətən, qeyd edilən maddə yalnız “ağlabatan müddətdə işinə baxılma və ya məhkəməyə qədər azad olunma” hüququnu müəyyən etmir, eyni zamanda “azad olunmanın məhkəmə prosesində iştirak etmək üçün təminatlarla şərtləndirilməsini” nəzərdə tutur ( bax Jablonski Polşaya qarşı, N33492/96, §83, 21 dekabr 2000). İstintaqdan gizlənmə riski girov və ya digər təminatlar vasitəsilə aradan qaldırıla bildiyi halda, təqsirləndirilən şəxs azadlığa buraxılmalıdır və belə alternativləri həmişə lazımi qaydada nəzərdən keçirtmək yerli hakimiyyət orqanlarının üzərinə düşür (bax mutatis mutandis, G.K Polşaya qarşı, 38816/97, §85, 20 yanvar 2004).
61. Hazırki işin hallarına qayıtdıqda isə, Məhkəmə təkrar edir ki, 5-ci maddənin 3-cü bəndinin məqsədləri üçün nəzərə alınan müddət təqsirləndirilən şəxsin həbs edildiyi gün başlayır və “yalnız birinci instansiya məhkəməsi tərəfindən belə olsa təqsirin müəyyən olunduğu gün” başa çatır (bax Kalaşnikov Rusiyaya qarşı, № 47095/99, § 110, AİHM 2002-VI və yuxarıda qeyd olunan Labita, § 147). Bu müddət, ərizəçinin həbs edildiyi 10 noyabr 2007-ci il tarixində başlayıb və birinci instansiya məhkəməsinin onu ittiham etdiyi 7 mart 2008-ci il tarixində başa çatıb. Belə ki, ərizəçinin məhkəməyə qədər həbsi ümumilikdə 3(üç) ay 27 (iyirmi yeddi) gün davam etmişdir.
62. Məhkəmə öncə qeyd edir ki, ərizəçinin həbsinin ümumi müddəti açıq-aşkar həddindən artıq deyil. Lakin o xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə hətta qısa müddətə olsa belə, məhkəməyəqədərki həbsə qeyd-şərtsiz icazə verən norma kimi baxıla bilməz. Qısalığından asılı olmayaraq, həbsin istənilən müddətinə haqq qazandırılması müvafiq orqanlar tərəfindən inandırıcı şəkildə nümayiş etdirilməlidir (bax Belçev Bolqarıstana qarşı, N39270/98, §82, 8 aprel 2004, Sarban Moldovaya qarşı, 3456/05, §97, 4 oktyabr 2005 və Kastravet Moldovaya qarşı, N23393/05, §33, 13 mart 2007). Hətta ərizəçinin tutulmasından bir neçə gün sonra onun həbs olunması barədə qərar qəbul edərkən yerli hakimiyyət orqanları artıq bu tədbirin tətbiq olunması üçün inandırıcı şəkildə öz əsaslarını göstərmək öhdəliyini daşıyırdılar (bax Patsuria Gürcüstana qarşı, N30779/04, §67, 6 noyabr 2007, və Georgi Nikolaşvili Gürcüstana qarşı, N37048/04, §75, 13 yanvar 2009). Bundan başqa, Məhkəmə daha öncə qeyd etmişdir ki, hətta məhkəməyəqədər həbsin ən erkən mərhələlərində belə, cinayətin əməlinin xarakteri və ya cinayətkarın şəxsi halları həbsin əsasssız hesab olunmasına səbəb olduqda və ya həbs olunma müvafiq və yetərli əsaslara malik olmadığı hallarda, məhkəmə baxışına qədər azad olunma imkanına hüquqi qiymət verilməlidir (bax yuxarıda qeyd olunan McKay §46).
63. Hazırkı işdə ərizəçinin həbs olunması barədə qərar 11 noyabr 2007-ci il tarixində Yasamal Rayon Məhkəməsinin tərəfindən qəbul edilib. Qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 22 noyabr 2007-ci il tarixində qüvvədə saxlanılıb.
64. Məhkəmə müəyyən etdi ki, birinci instansiya məhkəməsi ərizəçinin həbsinə aşağıdakılarla əsaslandırılmışdır: onun istintiqdan gizlənmək və ya ona mane olma riskinin olması, yenidən cinayət törətməsi ehtimalı və onun cəmiyyət üçün təhlükə yaratması faktı (bax 23-cü bənd). Bakı Apellyasiya Məhkəməsi cinayətin xarakterini və onun iki ildən artıq azadlıqdan məhrum etmə ilə cəzalandırılan az ağır cinayət törətməkdə ittiham olunması faktını qeyd etdi və həmçinin onun istintaqdan gizlənməsi və ya ona mane törədə bilməsi riskininin olduğunu təkrarladı (bax 25-ci bənd).
65. Məhkəmə bununla bağlı olaraq qeyd edir ki, həm Yasamal Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin həbsi üçün müxtəlif səbəbləri ümumi və şablon şəkildə, bu əsasları ərizəçiyə münasibətdə niyə müvafiq hesab etdikləri barədə heç bir səbəb göstərmədən təkrarlamaqla kifayətlənmişlər. Həmçinin onlar ərizəçi tərəfindən həbs qətimkan tədbiri əleyhinə irəli sürülən dəlillərə istinad etməyiblər. Onlar xüsusilə də, bu işə uyğun konkret faktlar qeyd etməkdə və onları müvafiq və kifayət qədər səbəblərlə əsaslandırmaqda uğursuz olublar ( bax Fərhad Əliyev Azərbaycana qarşı, no 37138/06, §190-194, 09 noyabr 2010 və Muradverdiyev Azərbaycana qarşı, no.16966/06, §87-91, 09 dekabr 2010).
66. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenumu 3 noyabr 2009-cu il tarixli qərarında aydın şəkildə müəyyən etmişdir ki, məhkəmələr məhkəməyəqədər həbsə dair qərar verdiyi zaman həbs olunma üçün ümumi əsaslara istinad yetərli əsaslandırılmış hesab oluna bilməz (bax 38-ci bənd). Yerli məhkəmələr təqsirləndirilən şəxsin həbs olunması və şəxsi vəziyyəti ilə əlaqədar istinad edilən hər bir əsası ətraflı şəkildə təsvir etmək və bu əsasın işə uyğunluğunu yoxlamaq öhdəliyi daşıyırlar.
67. Ərizəçinin girov qoyulmaqla həbsdən azad olunması tələbinə gəldikdə isə, Məhkəmə müəyyən etmişdir ki, Yasamal Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi bu tələbi rədd edən zaman Cinayət-Prosessual Məcəllənin 164.4-cü maddəsinə istinad etmişdir. Bu maddə müəyyən edir ki, məhkəmə girov qoyulmaqla həbsdən azad olunma tələbindən Cinayət-Prosessual Məcəllənin 155.1 və 155.2-ci maddələrində qeyd edilən hallardan hər hansısa birinin mövcud olduğu halda imtina edə bilər. (bax §27 və §29). Apellyasiya Məhkəməsi həmçinin ərizəçinin irəli sürdüyü dəlillərin onun azadlığa buraxılması üçün kifayət etmədiyi qərarına gəlmişdir.
68. Məhkəmə bununla əlaqədar qeyd edir ki, CPM-in 164-cü maddəsi az ağır cinayət törətməkdə ittiham edilən şəxsin azadlığa buraxılmasına əngəl törətmir, lakin CPM-in 155.1 və 155.2-ci maddələrində qeyd edilən hallardan hər hansı biri mövcud olduğu təqdirdə məhkəmənin girov qoyulmaqla şəxsin həbsdən azad olunması tələbini rədd edə biləcəyini nəzərdə tutur. Lakin bu maddəyə istinad edərək ərizəçinin tələbini rədd edən zaman, yerli məhkəmələr CPM-in 155.1 və 155.2-ci maddələrində qeyd edilən və, onların fikrincə, ərizəçinin işində mövcud olan hallardan heç birini ətraflı şəkildə təsvir etməyiblər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsi öz gəldiyi nəticəyə heç bir səbəb göstərmədən ümumi əsaslarla ərizəçinin girov qoyulmaqla azad olunması üçün təqdim etdiyi dəlilləri yetərli hesab etməmişdir, Məhkəmə müəyyən etdi ki, nə Bakı Apellyasiya Məhkəməsi, nə də Yasamal Rayon Məhkəməsi dəlilləri nəzərdən keçirməyiblər və hətta onları təkzib etməyə belə cəhd göstərməmişlər.
69. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, səlahiyyətli orqanlar ərizəçinin işinin xüsusi hallarını qeyd etmədən sadəcə standart formuladan istifadə etməklə həbsin tətbiqi üçün əsasları sadalayaraq, həmçinin onun girov qoyulmaqla azad olunma tələbini əsaslandırmaq üçün irəli sürdüyü dəlilləri lazımi qaydada yoxlamadan rədd edərək, ərizəçinin məhkəməyəqədər həbsinə haqq qazandırmaq üçün “müvafiq” və “yetərli” əsaslar göstərməkdə uğursuz olublar.
70. Müvafiq olaraq Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş verib.
III KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
71. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən, onun həbsi və girov qoyulmaqla azad olunması ilə bağlı yerli məhkəmələrin qərarlarının əsaslandırılmadığını qeyd edərək proseslərdəki ədalətsizlikdən şikayət etmişdir.
72. Məhkəmə qeyd edir ki, nə qədər ki ərizəçi onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və girov qoyulmaqla azad olunması ilə bağlı proseslərin ədalətsizlikdən şikayət etmişdir, onun bu şikayəti Konvensiyanın 5-ci maddəsinin 4-cü maddəsinə uyğun olaraq nəzərdən keçirilməlidir.
73. Lakin Məhkəmə hazırki işdə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə müvafiq ayrıca məsələ olmadığını hesab edir, belə ki, ərizəçinin həbsinə dair əsasların olmaması və onun girov qoyulmaqla azad olunmasına dair tələbinin rədd edilməsi ilə bağlı şikayəti Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən nəzərdən keçirilən məsələlər ilə eynidir. Buna görə də, Məhkəmə Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olan ərizənin bu hissəsini rədd edir.
IV KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
74. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Dostları ilə paylaş: |