BABURUN AXSİ KURQANINI ƏLƏ KEÇİRMƏ CƏHDİ
Axsidən Şeyx Bəyazid özünü bizə tərəfdar kimi göstərərək adam göndərməyə başladı və bizi israrla çağırdı. Bunun səbəbi məni hər cür hiylə ilə xanlardan ayırmaqdı. (110 b) Mən xanlardan ayrıldıqdan sonra onlar burada qala bilməzdilər. Bunu istəməsi böyük qardaşı Tənbəlin planı idi. Xanlardan ayrılıb bunlarla əməkdaşlığa getmək bizim üçün mümkün deyildi.
Onun bu arzusunu xanlara çatdırdım. Xanlar da oraya gedib hər hansı bir şəkildə Şeyx Bəyazidi əldə etməyimi uyğun gördüşlər. Belə hiyləgərlik bizim adət və üsulumuz deyildi. Özəlliklə arada bir əhd olsa, əhdi bu şəkildə pozmaq necə olar. Lakin ağlıma bu gəldi: hər hansı bir şəkildə Axsiyə girə bilsək, onda Şeyx Bəyazid Tənbəl ilə əlaqəsini kəsərək bizim tərəfimizə keçər, ya da iş tamam başqa səmtə yönələr və bizə də uyğun bir dövlət düşər. Biz də adam göndərdik.
Əhd və şərt bağlayıb bizim Axsiyə gəlməmizi istədi, biz də getdik. Qarşılamağa çıxdı. Kiçık qardaşım Nasir Mirzəni də yanında gətirmişdi. Bizi Axsi kurqanına götürdü. Dış kurqanda babamın imarətlərində mənə yer və məqam təyin etmişlər, oraya yerləşdim.
Tənbəl isə böyük qardaşı Bəy Tilbəni Şeybani xanın yanına göndərib itaətini bildirərək onun gəlməsini istəmişdi. O sırada Şeybani xanın gəlməkdə olduğunu bildirən məktubu alındı. Bu xəbər xanlara çatanda onlar qorxudan yerlərində qala bilməyərək Əndicandan getdilər.
Kiçık xan ədaləti və müsəlmanlığı ilə məşhur idi. Lakin Oş və Mərginan kimi onun idarəsinə girmiş olan kurqanlarda qoyduğu moğolları əhalini müdafiə etmək əvəzinə, tam əksinə, camaata əziyyət verir və pis rəftar (111 a) edirdilər. Xanlar Əndican üzərindən ayrıldıqdan sonra Oş və Mərginan əhalisi də hücum edərək kurqandakı moğolları tutub yağmaladı, qovub şəhərdən çıxardı.
Xanlar Xocənd çayını keçməyərək Mərginan və Kənd-Badam yoluyla qayıdıb çayı Xocənddən keçdilər. Tənbəl də xanların arxasından Mərginana gəldi. Mənsə bu vəziyyətdə qərarsız idim. Qalmaq üçün bunlara o qədər etimadım yox idi, bir zərurət olmadan Axsidən çıxmaq da yaxşı görünməzdi.
Bir sabah Cahangir Mirzə Tənbəldən ayrılaraq Mərginandan qaçıb gəldi. Mən hamamdaydım. Mirzə oraya gəldi, görüşdüm. O anda İbrahim bəy də həyəcanla içəri girdi, təlaşlı idi. Cahangir Mirzə ilə İbrahim bəy [Tağayi] dedilər: «Şeyx Bəyazidi yaxalayıb ərki ələ keçirməliyik». Gerçəkdən də, işin doğrusu bu idi. Ancaq mən «əhd elədik, indi bunu necə poza bilərik» deyə qarşı çıxdım. Şeyx Bəyazid ərkə getdi. Körpüyə adam qoymamız lazm idi, bunu da eləmədik. Belə səhvlər təcrübəsizlikdən oldu.
Dan ağararkən Tənbəl iki-üç min silahlı adamla gəlib körpüdən keçərək ərkə girdi. Əslində, mənim adamlarım çox deyildi. Üstəlik, Axsiyə girdikdən sonra bəziləri kurqanlara, bəziləri də valilik və təhsildarlıq üçün müxtəlif tərəflərə göndərilmişdi. Axsidə mənimlə birlikdə (111 b) yüzdən bir az artıq adam qalmışdı. Bu adamlarımla ata minib küçə başlarında igidləri təyin edib müharibə hazırlığı görməklə məşğul olarkən Tənbəl tərəfindən göndərilən Şeyx Bəyazid, Qənbər Əli [Sallax] və Məhəmməd Dost sülh haqqında danışmaq üçün tələsik gəldilər. Savaş üçün vəzifələndirilən igidləri yerlərində qoyub danışıq üçün atamın türbəsinə endim və Cahangir Mirzəni də oraya çağırtdırdım.
Məhəmməd Dost geri qayıtdı, Şeyx Bəyazid ilə Qənbər Əli bəy gəldilər. Türbənin güney tərəfindəki eyvanında danışığa başlamaq üzərə idik, sən demə, Cahangir Mirzə ilə İbrahim Çapıq [Tağayi] bunları yaxalamağı qərara almışlar.
Cahangir Mirzə əyilərək qulağıma belə dedi: «Bunları yaxalamaq lazımdır». Mən də «Təlaş etməyin; indi iş yaxalamaqdan keçdi. Görək, bəlkə sülh yolu ilə işi bir şeyə bənzədə bilərik» dedim, çünki onlar çox, biz isə azıq. Üstəlik, onlar bu üstün qüvvələri ilə ərkdə, biz isə zəif qüvvələrimizlə dış kurqanda idik. Şeyx Bəyazid ilə Qənbər Əli də bu toplantıda iştirak edirdilər.
Cahangir Mirzə də İbrahim bəyin tərəfinə baxıb onu dayandırmaq üçün işarə verdi. Amma o yanlış anladığı üçün, yoxsa anlamazlıqdan gəldiyi üçün, bilmirəm, tam tərsinə davranıb dərhal Şeyx Bəyazidi yaxaladı. Ətrafda duran igidlər də hər tərəfdən (112 a) yetişərək o iki adamı yaxaladılar. Artıq iş-işdən keçmişdi. Bu iki adamı birinə təhvil verib müharibə üçün atlara mindik.
Şəhərin bir tərəfi Cahangir Mirzənin məsuliyyətinə verildi. Mirzənin adamı az idi, buna görə öz adamlarımdan bir qismini ona köməyə verdim. Öncə oraya gedib hər tərəfə müharibə üçün adamlar təyin etdikdən sonra öz yerimə gəldim.
Şəhərin ortasında olduqca düz bir yer vardı. Orada bir dəstə igid qoymuşduq. Böyük bir atlı və piyada qrupu gəlib bunları oradan ataraq bir küçəyə sıxşdırmışdı. Bu vəziyyətdə ikən mən yetişdim və gələr-gəlməz dərhal atı oraya çapdım. Qarşı çıxmadan qaçdılar. Onları küçədən qovub düz yerə çıxararaq, qılıncla hücum edərkən atımm ayağına ox atdılar. Atım yıxılaraq məni düşmənin tam ortasında yerə saldı. Dərhal ayağa qalxıb bir ox atdım. Sahibqədəm Kahilin çox zəif bir atı vardı, özü atdan enib onu mənə verdi, mən də o ata mindim. Oraya adam təyin edib başqa bir küçə başına getdim. Atımın zəifliyini görən Sultan Məhəmməd Veys öz atını mənə verdi. O ata mindim.
Bu əsnada Qasım bəyin oğlu Qənbər Əli bəy də yaralı olaraq Cahangir Mirzənin yanından gəldi və dedi: «Artıq bir müddətdir ki, Cahangir (112 b) Mirzəni sıxışdırıb yerindən çıxardılar və Cahangir Mirzə şəhəri tərk etdi». Biz çaşıb qaldıq. Elə bu vaxt Bab kurqanında olan Seyid Qasım da yetişib gəldi. Bu çox vaxtsız bir gəliş idi. Belə bir zamanda elə möhkəm bir kurqanı əldən buraxmaq olardımı?
«Nə edək?» deyə İbrahim bəydən soruşdum. Bir az yarası vardı, ondan, yoxsa təlaşından, əməlli bir cavab verə bilmədi.
Bir an üçün «Körpüdən keçib sonra körpünü yıxaraq Əndicana doğru gedərik» deyə düşündüm. Baba Şirzad orada çox yaxşı hərəkət etdi və «Qapıdan da zorlayaraq çıxarıq» dedi. Baba Şirzadin sözüylə qapıya doğru yürüdük. Xoca Mir Miran da o əsnada cəsuranə sözlər söylədi.
Küçə arasından gedərkən, Seyid Qasım və Dost Nasir Baqi Hız ilə çarpışdılar. Mən, İbrahim bəy [Bəycik Tağayi] və Mirzəqulu Göyəldaş bir az irəlidə idik. Qapının qarşısına çıxanda Şeyx Bəyazidin köynəyin üstündən xirqə geymiş olduğu halda, üç-dörd atlı adamla birlikdə qapıdan girməkdə olduğunu gördüm. Kirişimdəki oxu çəkib atdım, boynundan yaraladım, amma çox yaxşı bir atış idi. Təlaşla qapıdan girər-girməz sağ tərəfə dönən küçədən qaçıb getdi. Biz də onun arxasından yürüdük.
Mirzəqulu Göyəldaş bir piyadaya (113 a) toppuz tutuzdurdu. Bu arada başqa bir piyada Mirzəqulu keçincə İbrahim bəyə ox çəkdi. İbrahim bəy «hey-hey» deyə bağıraraq sürətlə keçincə, əsgərin çox yaxın məsafədən qoltuğuma atdığı ox mənə dəydi, kalmık zirehimin ikiqat yarpağını parçaladı. Əsgər qaçdı, amma mən də arxasından oxumu atdım.
Bu əsada bir piyada da divarın üzərindən qaçırdı, oxumu atıb börkünü divara mıxladım. Börkü divarın kənarında qaldı, amma sarığı qoluna dolayaraq getdi. Bir atlı da mənim yanımdan Şeyx Bəyazidin qaçdığı küçəyə doğru qaçırdı. Qılıncımla başına arxadan vurdum. Az qaldı atdan düşsün, küçənin divarına söykənib düşmədi, güc-bəla ilə qaçıb qurtuldu.
Oradakı atlı və piyadaları qapıya doğru qovaraq qapını aldıq. Artıq tədbir zamanı keçmişdi, çünki ərkdəki iki-üç min silahlı adama qarşı dış kurqanda cəmisi yüz-iki yüz adam vardı. Cahangir Mirzəni az əvvəl qovub çıxarmışdılar və bizim adamlarımızın yarısı da onunla birlikdə çıxmışdı. Bu hala təcrübəsizlikdən düşməmizə baxmayaraq qapıda durub «Yaxındadırsa gəlsin, birlikdə gedək» deyə Cahangir Mirzənin dalınca adam göndərildi. Lakin artıq iş bu dərəcədən keçmişdi.
İbrahim bəyin atı zəif idi, yoxsa yaralı idi, bilmirəm, mənə «Atımın halı xarabdır» dedi. Məhəmməd Əli Mübəşşirin Süleyman adlı (113 b) adamı orada idi, heç kim ona heç nə demədiyi halda öz atından düşüb onu İbrahim bəyə verdi, çox mərdanə bir iş gördü.
Biz o qapıda durarkən Kül şikdarı1 olan Kiçık Əli çox cəsarət göstərdi. O zamanlar Sultan Məhəmməd Veysin xidmətindəydi. Oşda da iki dəfə yaxşı hərəkət etdi. Mirzənin dalınca gedən adam geri dönənə qədər qapıda qaldıq. Gedən adam gəlib Cahangirin bir müddət əvvəl çıxıb getmiş olduğu xəbərini gətirdi. Artıq durmaq zamanı keçmişdi. Biz də hərəkət etdik. Orada bu qədər durmağımızın heç bir da faydası yox idi. Yanımızda yanlızca iyirmi-otuz adam qalmışdı. Biz hərəkət etdikdən sonra arxamızdan bir çox zirehli adam gəlib yetişdi.
Biz tam xəndək körpüsündən keçmişdik ki, o körpünün şəhər tərəfinə də düşmənin adamları yetişdi. Qasım bəyin oğlu Həmzənin anasının atası [Qasım bəyin qaynatası] Bəndə Əli bəy oradan İbrahim bəyə bağıraraq dedi: «Həmişə yüksəkdən atır və inad edirdin, dur bir az qılınc oynadaq». İbrahim mənim yanımdaydı və «Gəl, qabağını nə kəsir!» deyə cavab verdi. Ağılsız adam belə bir məğlubiyyət anında da inad edirdi. Bu, inad edəcək zamanmıydı? Durmaq və gözləmək zamanı deyildi, tez yürüdük. Düşmən bizim arxamızdan adamlarımızı qıra-qıra dördnala gəlirdi.
BABURUN AXSİ KURQANINDAN QAÇMAŞI
Axsinin bir şeri məsafəsində Künbəd-Çəmən deyilən bir yer vardır. Oradan keçərkən İbrahim bəy mənə səsləndi. Dönüb geri baxdım: (114 a) Şeyx Bəyazidin bir çöhrəsi İbrahim bəyi oxla vurmuşdu. Cilovu çəkdim. Xanqulu Bəyanqulu yanımda idi. «İndi dönmə zamanıdırmı» dedi və cilovumu dartıb irəlilədi.
Səngə çatana qədər adamlarımızın çoxunu vurdular. Səng Axsidən iki şeri məsafədədir. Səng çayından keçəndən sonra arxamızda düşmənin adamları görünmədi və biz də Səng çayının sahilindən yuxarıya doğru yürüdük.
Bu vəziyyətdə səkkiz adam qalmışdıq: Dost Nasir, Qasım bəyin oğlu Qənbər Əli, Xanqulu Bəyanqulu, Mirzəqulu Göyəldaş, Şahım Nasir, Əbdülqüddüs Seydi Qara [Kuhbər], Xoca Hası və səkkizinci də mən idim.
Bu çayın yuxarısına doğru gedən yol olduqca yaxşı idi. Bu dərə ana yoldan uzaq və kimsəsizdi. Bu dərədən yuxarıya doğru yürüyəndən sonra çayı sağ tərəfimizdə buraxıb təkrar başqa bir quru dərəyə girdik. Ancaq ikindi namazı vaxtı bu dərədən düzlüyə çıxa bildik.
Düzlükdə uzaqdan bir qaraltı göründü. Yanımdakıları bir sığınaqda buraxıb özüm piyada olaraq bir təpəyə çıxıb ətrafa göz yetirdim, bir çox atlı arxamızdan sürətlə gəlib bir təpənin üzərinə çıxırdı. Çox və ya az olduqlarını dəqiqləşməyə vaxt yoxdu, atlara minərək yola düşdük. Təqib edənlər iyirmi-iyirmi beş olardı. Biz isə yuxarıda söylədiyim kimi, səkkiz adamdıq. Əgər o əsnada onların bu qədər adamdan ibarət olduğunu dəqiq bilsəydik, yaxşıca vuruşardıq. Biz bunların təqibçi olduğunu zənn etdik (114 b) və onların arxasından gələnlərin olacağını düşündük və bunun üçün dərhal yürüdük.
Qaçan düşmənin sayı çox belə olsa, dönüb sayı az olan təqibçiyə qarşı çıxa bilməz. Necə ki demişlər:
Səfi məğlubra huye bəsənd əst.
Yenilmiş düşmənə bir hey səsi kifayətdir.
Xanqulu belə bir təklifdə bulundu: «Bu iş belə olmaz, hamımızı ələ keçirəcəklər. Siz və Mirzə Kuh Göyəldaş atların arasından iki yaxşı at seçərək sürətlə gedin, bəlkə qurtula bilərsiniz». Söylədiyi yanlış deyildi. Savaş olmadığı üçün bəlkə bu şəkildə qurtulmaq mümkün olardı. Lakin içlərindən birini düşmən içində atsız qoymaq yaxşı deyildi. Amma yenə də axırda hamısı bir-bir düşmənin əlinə düşəcəkdi.
Mənim mindiyim at bir az süst idi. Xanqulu düşüb öz atını mənə verdi. Mən öz atımın üstündən sıçrayaraq ona mindim, Xanqulu da mənim atıma mindi. Bu zaman geridə qalmış olan Şahım Nasir ilə Əbdülqüddüs Seydi Qaranı vurub atdan saldılar. Xanqulu da geridə qaldı. Himayə və kömək zamanı deyildi. Atları son sürətlə çapırdıq. Atı vurulan geridə qalırdı. Dost [Nasir] bəyin atı da gücdən düşdü və geridə qaldı.
Bu mindiyim at da süstləşməyə başladı. Qənbər Əli enib atını verdi, mindim. Qənbər Əli də mənim atıma mindi və geridə qaldı. Xoca Hası topal bir adamdı, təpələrə doğru çəkildi.
Yalnızca Mirzəqulu Göyəldaş ilə mən qaldım. Atlarımızın dördnala çapmağa gücü (115 a) qalmamışdı, ancaq yenə də sürətlə gedirdik. Mirzəqulunun atı da süstləşməyə başladı. «Səni buraxıb hara gedim, yürü, ölümdə da, dirimdə də birlikdə olaq» dedim və bir müddət Mirzəquluya ayaq uyduraraq yürüdüm. Axırda Mirzəqulu dedi: «Mənim atım gücdən düşüb, yürüyə bilməz. Siz mənə görə yaxalanmayın, gedin. Bəlkə qurtula bildiniz». Bu mənə çox ağır gəldi. Mirzəqulu da geridə qaldı. Mən yalnız qaldım.
Düşməndən iki adam ortaya çıxdı. Birinin adı Baba Sayrami, digərinin adı isə Bəndə Əli idi. Mənə bir az daha yaxınlaşdılar. Atım heydən düşmüşdü, dağa qədər isə bir küruha yaxın məsafə vardı. Qarşıma bir daş yığını çıxdı. «Atım yorulub, dağ da bir az uzaq, hara gedə bilərəm ki? Oxdanımda iyirmi qədər ox var, bari enib bu daş yığınında oxlarım bitən qədər vuruşum» deyə bir an düşündüm. Sonra ağlıma «Bəlkə dağa yetişə bilərəm, dağa çıxdıqdan sonra bir qədər oxu belimə sancıb dağa dırmanaram» düşüncəsi gəldi. Çevikliyimə çox güvənirdim. Bu niyyətlə davam etdim. Atımın çabuq qoşacaq halı qalmamışdı. Bunlar da bir ox atımı məsafəyə qədər yaxınlaşdılar. Mən də oxumu atmağa qıymadım (1l5 b). Bunlar da çəkindilər və daha artıq yaxınlaşmadılar, amma bu şəkildə arxamdan gəlməyə davam etdilər.
Günəş batarkən dağa yaxınlaşdım. Anidən bağırdılar: «Belə hara gedirsiniz? Cahangir Mirzəni ələ keçirdilər. Nasir Mirzə də onların əlindədir».
Bu sözlərlə xeyli təlaşlandım, çünki hamımız düşmən əlinə düşsək, təhlükə ehtimali çox idi. Cavab vermədən dağa doğru yürüməyə davam etdim. Xeyli yol getmişdim ki, təkrar səslənməyə başladılar. Bu dəfə əvvəlkindən daha mülayim danışdılar. Atdan enərək səsləndilər. Bunların sözünə qulaq asmadan yürüməyə davam etdim.
Dərədən yuxarıya doğru gedirdim. Yatsı namazına qədər yürüdüm. Axırda bir ev böyüklüyündə bir daşın yanına çatdım. Daşın yanından dolandım. Uçurumlar başladı, at gedə bilmədi. Onlar da atdan endilər. Hörmət və sayğı göstərib daha mülayim olaraq sözə başladılar. «Gecə qaranlıq, yol da yox, belə hara gedirsiniz» dedilər, «Sultan Əhməd bəy sizi padşah edər» deyə and içdilər.
Mən də belə dedim: «Mənim ona güvənim yoxdur, oraya getmək mənim üçün mümkün deyil. Amma sizin mənə bir xidmət göstərmək niyyətiniz varsa, (116 a) illərcə arayıb tapa bilməyəcəyiniz xidmət budur: mənə xanların yanına gedən yolu göstərin. Sizə istədiyinizdən daha artıq iltifat və şəfqət göstərərəm. Bunu edə bilməsəniz, gəldiyiniz yolla qayıdın. Qoy mənə nə olursa-olsun. Bu da yaxşı bir xidmətdir».
«Kaş gəlməmiş olaydıq. Madam ki gəldik, sizi necə belə buraxıb gedək? Madam ki gəlmirsiniz, haraya getsəniz, xidmətinizdə olacağıq» dedilər.
«Elə isə sözünüzün doğruluğuna and için» dedim.
Quran üzərinə böyük and içdilər. Bundan sonra mənə də inam gəldi.
Mənə dərənin yaxınındakı sırtlardan bir dərə yolu göstərdilər.
«O zaman bu yolda qabağa siz keçin» dedim. Gərçi and içmişdilər, amma yenə onlara tam inanmırdım. Onları qabağıma qatıb arxalarından yürüdüm. Bir-iki küruh yol getdik, qabağımıza bir çay çıxdı.
«Geniş dərə yolu bu olmasın» dedim.
Buna ehtimal vermədilər və «O yol çox irəlidədir» dedilər, lakin geniş dərə yolu ora imiş və onlar mənə xəyanət edib gizləmişlər.
Gecə yarısına qədər yürüyüb təkrar bir çaya çatdıq, onlar «Biz səhv etmişik, geniş dərə yolu geridə qalıb» dedilər. «Elə isə nə edək?» dedim. «Önümüzdə Gavə yolu yaxındır, o yolla Fərkətə çıxmaq olar» dedilər (l16 b) və o yola girdilər. Gecənin üç pasına1 qədər yürüdük və Gavədən keçən Kərnan çayına gəldik.
«Siz burada gözləyin, mən gedib Gavə yoluna baxıb gəlim» dedi Baba Sayrami və bir müddət sonra gəlib belə söylədi: «Moğollardan bir neçə adam bu yola gəlib, buradan keçmək olmaz».
Bu sözü eşidərək əndişəyə düşdüm. Vilayət içində idik, sabah yaxınlaşmışdı və hədəfimiz də uzaqdı.
«Bir yerə götürün ki, gündüz orada gizlənib gecə olunca atlarımızla Xocənd çayını keçərək o tərəfdən Xocəndə doğru gedək» dedim.
«Burada bir təpə var, orada gizlənmək mümkündür» dedilər.
Bəndə Əli Kərnanın darğasıydı. «Atlarımızın və özümüzün boğazını düşünmək lazımdır. Mən Kərnana gedib nə tapa bilsəm gətirim» dedi. Oradan dönüb Kərnana doğru getdik. Kərnana bir küruh məsafədə dayandıq. Bəndə Əli getdi, biz də orada gözlədik. Sabah yaxınlaşırdı, o isə hələ də gəlmirdi. Çox təlaşa düşdük.
Dan yeri ağaranda Bəndə Əli tələsik gəldi. Üç çörək gətirmiş, lakin atlara heç bir şey gətirməmişdi. Hər birimiz bir çörəyi qoynumuza qoyub təlaşla dönərək təpənin üstünə çıxdıq. Atları bir dərədə bağlayıb hərəmiz bir tərəfə, yüksək bir yerə çıxıb ətrafa göz qoymağa başladıq.
Günortaya yaxın (117 a) Əhməd Quşçu dörd atlıyla birlikdə Gavədən Axsiyə doğru gedirdi. Bir an üçün Əhməd Quşçunu çağırıb vədlərlə şirnikdirərək atlarını almağı düşündüm, çünki atlarımız bütün gecə-gündüz savaş və qaçışda idi, üstəlik, yem də tapılmadığı üçün haldan düşmüşdülər. Lakin qəlbim narahat idi, onlara güvənə bilmədim.
Yanımdakılarla qərara qldıq ki, bu gecə onlar Kərnana gedəcək, gecə gizlincə girib atları çıxaracaqlar ki, bizi bir yerə qədər götürə bilsinlər.
Günorta olmuşdu, uzaqda, amma gözlə görünən bir yerdə, bir atın üstündəki bir şey günəş şüalarıyla parlayırdı. Nə olduğunu heç cür başa düşmədik. Sonra anladıq ki, o, Məhəmməd Bakir bəymiş. Axsidə bizimlə birlikdəydi. Axsidən çıxanda hərə bir tərəfə getmişdi, Məhəmməd Bakir Bəy də bu tərəfə gəlib gizlənərək yürüyürmüş.
Bəndə Əli ilə Sayrami dedilər ki, atlar iki gündür acdır. Ovaya enib atları ota salaq. Oradan atlara minərək ovaya endik və atlarımızı ota saldıq.
İkindi namazı vaxtı atlı bir adam bizim gizləndiyimiz təpəyə çıxırdu. Onu tanıdım və Gavənin böyüyü Qədirverdi olduğunu anladım. Yanımdakılara dedim ki, Qədirverdini çağırsınlar. Çağırdılar, o da gəldi. Görüşüb hal-əhval tutduqdan sonra inayət və şəfqət sözləri söyləyib, vədlərdə bulunub şirnikdirərək urğan, oraq, balta və suyu keçmək üçün lazım olan əsbabla birlikdə atlara yem, özümüzə yemək (117 b) və əgər mümkünsə at da gətirməsini söyləyib göndərdik, yatsı namazı vaxtında həmin yerə gəlməsini qərarlaşdırdıq.
Axşam namazı vaxtında atlı bir adam Kəman tərəfindən Gavəyə doğru keçib gedirdi. «Kimsən?» deyə soruşduq, o da bir ad deyib cavab verdi. Sən demə, bu adam Məhəmməd Bakir bəyin ta özü imiş. Günorta gördüyümüz yerdən ayrılmış və gizlənmək üçün başqa bir yerə gedirmiş. Səsini elə dəyişdirmişdi ki, illərlə mənim yanımda qalmasına baxmayaraq heç tanıya bilmədim. Onu tanıyıb özümüzə qoşsaydıq, yaxşı olardı. Onun keçib getməsinə çox üzüldük. Qədirverdi Gavaniyə vət etdiyimiz yerdə qala bilmədik.
Bəndə Əli belə dedi: «Kərnanın məhəllələrində kimsəsiz bağlar var. Heç kim ağlına gətirməz ki, biz orada olarıq. Oraya gedib Qədirverdiyə adam göndərək, oraya gəlsin».
Bu niyyətlə atlara minib Kərnanin məhəllərinə gəldik. Qışdı və çox soyuq idi. Əski bir quzu dərisi tapıb gətirdilər, geydim. Bir çanaq darı şorbası gətirdilər, içdim. Çox rahat oldum.
«Qədirverdiyə adam göndərdinmi?» deyə Bəndə Əlidən soruşdum.
«Göndərdim» dedi. Lakin bu alçaq həriflər onunla gizlicə danışaraq onu Axsiyə Tənbəlin yanına göndərmişlər.
Divarla çevrilmiş bir evə girdim və od qalayıb bir müddət yuxuya daldım. Bu həriflər nökərlik edib mənə təkrar belə dedilər: «Qədirverdidən xəbər almadan buradan hərəkət edə bilmərik. Bura məhəllə arasıdır, kənarda kimsəsiz bağlar var. Oraya (l18 a) getsək, heç kim bizim orada ola biləcəyimizi ağlına belə gətirə bilməz».
Gecə yansı ata minib kənar bağa getdim. Baba Sayrami divar üzərindən ətrafı gözətləyirdi. Günortaya yaxın divardan enib yanıma gələrək dedi: «Yusif darğa gəlir».
Buna çox üzüldüm və «Öyrən gör, mənim burada olduğumu bilərəkmi gəlir» dedim.
Çıxdı və danışdıqdan sonra gəlib belə dedi: «Yusif darğa deyir ki, Axsi qapısında qarşıma bir piyada çıxdı və padşahın Kərnanda filan yerdə olduğunu söylədi. Mən də başqaları bilmədən bu piyadanı müharibədə əlimə düşən Vəli Xəzinə[çi] ilə birlikdə bir yerə gizlədim, sonra da sizin yanınıza qoşdum. Bəylərin bu işdən xəbəri yoxdur».
«Sən nə düşünürsən?» deyə soruşdum.
«Bu adamlar hamısı da nökərlərinizdir, sizə nə eləyə bilərlər ki? Getmək lazımdır. Sizi padşah edəcəklər» dedi.
«Bu qədər qovğadan və savaşdan sonra necə etimad edib gedə bilərəm» dedim.
Biz belə danışarkən Yusif gəlib önümdə iki dizi üstünə çöküb dedi: «Sizdən nə gizlədim, bundan Sultan Əhməd bəyin xəbəri yoxdur. Şeyx Bəyazid bəy sizin xəbərinizi alıb məni göndərdi».
Belə deyincə mənə qəribə bir hal oldu. Dünyada can qorxusundan daha pis bir şey yox imiş. «Doğrusunu söylə, iş bir az başqa isə gedib abdəst alım» dedim.
Yusif and içdi, lakin onun andına kim inanar (l18 b). Özümdəki taqətsizliyi düşündüm. Qalxıb bağın bir guşəsinə gedib öz-özümə düşünərək, «İnsan min il də yaşasa, axırda öləcək» dedim:
Əgər səd sal mane, var ya ki ruz,
Bibayəd rəft əz in kahi diləfruz.
İstər yüz il, istər bir gün qal,
Bu könül aydınladan köşkü tərk edəcəksən.
Ölümü qəbul etdim. Bu bağdan bir su axırdı. Abdəst aldım. İki rükət namaz qıldım. Başımı münacata qoyub dilək dilərkən yuxuya dalmışım.
Röyamda Xoca Yəhyanın oğlu və Xoca Übeydullah həzrətlərinin nəvəsi olan Xoca Yaqub ağ və qara nişanlı bir ata minmiş olaraq izdihamlı bir camaatla birlikdə qarşıma çıxdı. Mənə belə dedi: «Qəm yeməyin, məni sizin yanınıza Xoca Əhrar göndərdi və dedi ki, biz ona kömək göndərib padşahlıq məqamına oturtmuşuq, bir yerdə çətinə düşsə, bizi göz önünə gətirib yad etsin, biz orada hazır olarıq. Bu anda belə şans hələ sizin tərəfinizdədir. Başınızı qaldırın və yuxudan oyanın». Bu vəziyyətdə sevinclə oyandım.
Yusif darğa və yanındakılar öz aralarında danışıb belə deyirdilər: «Bəhanələr tapıb hiylə eləyir, tutub bağlamaq lazımdır».
Bu sözü eşittim və «Siz belə danışırsınız, yaxınlaşın görüm, hansınız mənə yaxınlaşa bilərsiniz» dedim. Tam bu sözü söylərkən, bağın divarının dışından izdihamlı bir atlı qafiləsinin ayaq səsləri gəldi (119 a)
«Əgər bizimlə birlikdə Tənbəlin hüzuruna getsəydin, bizim işimiz düzələrdi. İndi isə sizi yaxalamaq üçün bu qədər adam gödərib» deyən Yusif darğa bu səslərin Tənbəlin göndərdiyi adamların səsi olduğunu təxmin etdi. Bunu eşidincə təlaşım lap artdı və nə edəcəyimi bilmədim.
O anda bu atlılar bağın qapısını aramaq üçün vaxt itirmədən əski divarın bir yerindən bir dəlik açaraq içəri girdilər. Baxdım ki, onlar mənə candan bağlı olan adamlarımdır. Qutlu Məhəmməd Barlas və Babayi-Pərgari yanlarında on beş və ya iyirmi adamla gəlib yetişmişdi. Yaxınlaşanda özlərini atlardan yerə atdılar və uzaqdan hörmətlə əyilib sayğı göstərərək ayaqlarıma qapandılar. O anda mənə qəribə bir hal oldu, sanki Allah mənə yenidən can vermişdi.
Mən gələnlərə «Bu Yusif darğanı və yanındakı xain hərifləri yaxalayıb bağlayın» dedim. Bu həriflər qaçmışdılar, amma onlardan birini bir yerdə yaxalayaraq bağlayıb gətirdilər.
«Siz hardan gəlirsiniz və necə xəbər aldınız?» deyə soruşdum.
Qutlu Məhəmməd Barlas belə anlatdı: «Axsidən qaçıb çıxarkən, sizdən ayrıldıqdan sonra Əndicana gəldim. Xanlar da Əndicana gəlmişdilər. Mən bir röya gördüm. Rüyamda Xoca Übeydullah mənə dedi ki, Babur padşah Kərnan (1l9 b) deyilən kənddədir, gedib onu gətirin. Padşahlıq məqamı ona verilmişdir. Bu röyanı gördükdən sonra sevinərək böyük və kiçik xana ərz etdim və dedim ki, mənim beş-altı kiçık qardaşım və oğlum var, bunlara bir neçə igid qoşun, mən də Kərnan tərəfinə gedib xəbər alım. Xanlar biz də onun o tərəfə getmiş olacağını düşünürük, deyərək yanıma on adam təyin etdilər və o tərəfə gedib yaxşıca araşdıraraq bir xəbər al, heç olmasa, o tərəfdə bir xəbər tapa bilərsən, dedilər. Biz belə danışarkən Babayi-Pərgari mən də gedib axtarım, dedi və o da iki igid kiçik qardaşı ilə birlikdə bizə qoşuldu. Bugün üçüncü gündür ki, yoldayıq. Əlhəmdülillah, sizi tapdıq».
Sonra isə dedilər ki, indi darhal ata minin və bu bağlananları da alaraq gedək. Burada durmaq yaxşı deyildir. Tənbəl sizin buraya gəldiyinizdən xəbər tutub. Tez buradan gedək və xanlara qoşulaq.
Dərhal ata minib Əndican tərəfinə yola çıxdıq. İki gündən bəri heç yemək yemirdım. Günorta namazı vaxtı bir qoyun taparaq gedib bir yerdə fasilə verdik və kabab bişirdilər. Bu kababdan doyunca yedim. Ondan sonra atlara minib beş günlük yolu iki gün və iki gecədə sürətlə gedib Əndicana girdik. Orada böyük və kiçik xan dayılarımla görüşdüm, başımdan keçənləri tam şəkildə onlara danışdım.
Dörd ay xanların yanında qaldım. Hər tərəfə (120 a) dağılan adamlarım yığıldılar. Üç yüzdən bir az artıq adam vardı. «Madam ki bu Fərqanə vilayətində yersiz və yurdsuz olaraq yaşamam lazımdır, mən də başımı alıb başqa bir tərəfə gedim» deyə düşündüm və məhərrəm ayında Xorasana getmək niyyətilə Fərqanə vilayətindən yola çıxdım1.
Dostları ilə paylaş: |