ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə15/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

XOSROV ŞAHIN ÖLÜMÜ
Xosrov şah Əhməd Qasım ilə birlikdə Əcərdən qaçıb Xorasan tərəfinə getmişdi. Yolda Bədi­üz­zaman Mirzə ilə Zünnun bəyə [Arğun] buluşub gö­rü­şərək birlikdə Herata gəlib Sultan Hüseyn [Bayqaral Mirzəyə sədaqət­lə­rini bildirdilər. Bunlar neçə il Mirzəyə düşmənçilik etmişdilər və hər cür ədəb­sizlik də bunlardan çıxmışdı. Bunların üzündən Mirzənin könlündə nə yara­lar vardı. Bax, bu adamların hamısı mənim üzümdən bu cür aşağılıq və səfil bir halda gedib Mirzəni gördü­lər.

Xosrov şahı adamlarından ayıraraq belə gücsüz halda qoymasaydım və Kabili Zünnunun oğlu Müqimin əlindən almasaydım, gedib Mirzəni gör­məzdilər. Bədiüzzaman Mirzə də bunların (155 b) əlində xəmir kimiydi və onların sö­zündən çıxa bilmirdi. Sultan Hüseyn Mirzə hamısını yaxşı qarşı­ladı və etmiş olduqları pisləri üzlərinə vurmaq bir yana, onlara ehsanlarda be­lə bulundu.

Xosrov şah bir müddət sonra «Gitsəm, o vilayətləri tamamilə ələ ke­çirərəm» deyə düşünərək öz vilayətlərinə getmək üçün izin istədi. Amma si­lahsız və hesabsız olaraq gəlmiş olduğu üçün bir bəhanə taparaq getməsinə izin vermədilər. Fürsət tapdıqca getmək üçün izin arzusunu təkrarladı. Çox israr edincə, Məhəmməd Bu­runduq [Barlas] gözəl bir cavab verərək «Otuz min əsgərin və bütün vilayətlərin əlində ikən nə etdin ki, indi beş yüz ada­mınla özbəklərin nəzarətində olan vilayətlərdə bir şey etmək istəyirsən» de­di. Bir neçə dəfə nəsihət edib məqbul sözlər söylədilər; lakin müqəddəratı təyin edilmiş olduğu üçün təsir etmədi. Çox israr edincə, axırda izin verdi­lər.

Üç-dörd yüz adamıyla birbaşa Dəhanə sərhəddin gəlib girdi. O zaman Nasir Mirzə dağın o biri tərəfinə keçmişdi. Gəlib Dəhanə civarında Nasir Mirzəni gördü. Bədəxşan əşrəfi yalnız Nasir Mirzəni istiəyir, Xosrov şahı istəmirdi.

Nasir Mirzənin qeyrətinə baxmayaraq Xosrov şah vəziyyəti anlayaraq Kuhistana getməyə razı olmadı. Xosrov şahın niyyəti Mirzəni vasitə (156 a) olaraq birlikdə götürüb vilayəti ələ keçirməkdi. Axırda dil tapa bilməyərək İş­kəmiş civarında hər iki tərəf səflər düzüb zirehlər geydilər, az qala vuruşa­caqdılar. Sonra bir-birlərindən ayrıldı­lar; Nasir Mirzə Bədəxşan tərəfinə get­di, Xosrov şah da bir sürü baldırı çılpaq sərsərini toplayıb yaxşı-pis minə yaxın adamla Qunduzu mühasirəyə almaq niyyətilə gəlib şəhər­dən bir-iki agac məsafədə yerləşən Xoca Çartağa endi.

Məhəmməd Şeybani xanın Əndicanda Sultan Əhməd Tənbəli də yanı­na alıb Hi­sar üzərinə yürüməsi ilə Xosrov şah da vilayətlərini vuruşmadan və qarşı çıxma­dan buraxıb çıxmış, Şeybani xan da Hisara gəlmişdi.

Hisarda Şirim Çöhrəylə bərabər bir dəstə yaxşı igid vardı. Bəylərinin vi­layətlərini buraxıb getməsinə baxmayaraq bunlar Hisarı təslim etmədilər. Şeybani xan Hisarın mühasirəsini Həmzə Sultan ilə Mehdi Sultana tapşırııb özü Qunduza getdi və Qunduz vilayətini kiçık qardaşı Mahmud Sultana verib orada durmadan Xarəzmə, [Sultan Hüseyn Mirzənin adamı] Çin Sufi­nin üstünə qoşun çəkdi. Heç Səmərqəndə çatmamışdı ki, kiçık qardaşı Mah­mud Sultan Qunduzda vəfat etmiş, bu­na görə Qunduzu Qənbər Bi Mərviyə vermişdi.

Xosrov şah gələndə Qunduzda Qənbər Bi [Mərvi] vardı. Qənbər Bi Həmzə Sultana və digər sultanlara ard-araa adamlar göndərib (156 b) on­lardan yardım istədi.

Həmzə Sultan da Amu-Dərya sahilindəki Saraya gəlib əsgərini oğul­larının və bəylərinin komandanlığında Qunduza göndərdi. Bunlar gələr-gəlməz dərhal Xosrov şahın qarşısına çıxdılar. Şişman hərif vuruşa bilmə­diyi kimi qaçmağı da bacarmadı. Elə o an­da Həmzə Sultanın adamlarının əli­nə düşdü. Bacısı oğlu Əhməd Qasımı, Şirim Çöhrəni və digər bəzi yaxşı igid­ləri öldürdülər. Xosrov şahı Qunduza gətirib boy­nunu vurdular və başını Xarəzmə Şeybani xanın hüzuruna göndərdilər.

Xosrov şahın dediyi kimi, o Qunduz civarına gələr-gəlməz mənim ya­nımdakı adamlarımın tövrləri bir az dəyişmişdi. Böyük bir qismi qalxıb Xo­ca-Rivaca və civa­rına getdi. Mənim yanımda olanların çoxu onun adamları idı. Moğollar [Xosrov şahı öldürərək] yaxşı hərəkət etdilər. Mənə qarşı bir­lik olanlar da bu xəbər gələr-gəlməz, oda su tökülmüş kimi sindilər.

KABİL - 911 (4 İYUN 1505 - 24 MAY 1506)
DOQQUZ YÜZ ON BİRİNCİ İLİN HADİSƏLƏRİ
BABURUN ANASININ ÖLÜMÜ VƏ BÖYÜK BİR ZƏLZƏLƏ
Məhərrəm ayında [=1505 iyun] anam Qutlu Nigar xanım qızdırma xəs­təliyinə tutuldu. Qan aldılar, bir xeyri olmadı. Seyid Təbib adında xora­sanlı bir həkim vardı, Xorasan üsuluna görə qarpız verdi. Əcəli gəlmişdi, al­tı gün sonra şənbə (157 a) günü Allahın rəhmətinə qovuşdu. [Ba­burun əmi­si] Uluğ bəyin dağ ətəyində saldırdığı Baği-Novruzi adlı bir bağ vardı. Va­ris­­lərinin iznini alaraq Qasım Göyəldaş ilə birlikdə bazar günü bu bağa gəti­rə­rək torpağa tapşırdıq.

Bu matəm əsnasında xan dayım Alaca xan ilə nənəm İsən Dövlət bə­yimin də vəfat etdikləri xəbərini gətirdilər. Xanımın ölümünün qırxıncı gü­nü yaxınlaşarkən xanların anası Şah bəyim, mənim xalam və Sultan Əhməd Mirzənin arvadı Mehrinigar xanım və Məhəmməd Hüseyn Gürgan Duğlat Xorasandan gəldilər. Matəm­lər təkrar təzələndi və ayrılıq atəşi sonsuz oldu. Matəm mərasimindən sonra fəqirlərə və miskinlərə aş verilib ölülə­rin ruhu­na dualar edildikdən sonra könülləri alıb matəm paltarını çıxardıq.

Bu önəmli işləri gördükdən sonra Baqi Çağanyaninin təkidiylə Qən­dəhara qoşun çəkdik. Yola çıxdıqdan sonra Quş-Nadir çayırına gəlib enən­də mənə qızdırma gəldi. Bu, qəribə bir xəstəlikdir. Xeyli əlləşərək məni çətin­liklə oyadırdılar, dərhal gözüm təkrar qapanır və yuxuya dalırdım. Dörd-beş gün sonra bir az yaxşılaşdım.

Bu zaman elə bir zəlzələ oldu ki, kurqan və bağ divarlarının böyük qismi yıxıldı. Şəhərdə və kəndlərdə bir çox ev yıxıldı, evlərin və divarların altın­da qalıb ölənlər çox (157 b) oldu. Pamğan kəndinin evləri tamamən yı­xıldı; yetmiş-səksən qədər yaxşı adam divar altında qalaraq öldü.

Pamğan ilə Biqdut arasında bir böyük daş atımı genişliyində olan bir tor­paq parşası bir ox atımı qədər aşağıya çökdü, yox olan toprağın yerində bulaqlar ortaya çıxdı. İstərqaçdan Meydana qədər -təxminən altı-yeddi ağac qədər bir məsafədir- torpaq elə yarılmışdı ki, bəzi tərəfində ərazi fil qədər yüksəlmiş və bəzi tərəfində də fil qədər çökmüşdü. Yarılan yerlərə bəzən bir adam sığardı.

Zəlzələ olanda bütün dağların başından toz buludları qopdu. Nurullah tənburçu qarşımda saz çalırdı. Bir sazı da vardı. O sırada hər iki sazını əlinə aldı. O qədər özündən keçdi ki, sazlar bir-birinə çarpdı.

Cahangir Mirzə təpədə, Uluğ bəy Mirzənin tikdirmiş olduğu imarət­lərdən biri­nin üst qatındakı eyvanda idi. Zəlzələ olunca, özünü aşağıya atdı, bir şey olmadı. Cahangir Mirzənin yaxınlarından biri də bu üst qatda idi, üst qatın damı üstünə yıxıldı. Lakin Allah qorudu və heç bir yerinə zərər dəy­mə­di.

Təpədəki evlərin çoxu yerlə bir oldu. O gün yer otuz üç dəfə tərpəndi. Təxminən bir ay hər gecə və hər gündüz yer iki-üç dəfə tərpənirdi. Bəylərə və sipahilərə əmr etdim ki, kurqanın bürc və divarının yıxıq və yarıqlarını tə­mir etsinlər. (158 a) İyirmi gün və ya bir ay ərzində kurqanın bütün qırıq və çat yerləri ciddiyyət və diqqətlə təmir edilərək tamamlandı.

Əvvəlcə Qəndəhar tərəfinə getmək üçün başladığımız səfər xəstəlik və zəlzələ üzündən bir az gecikmişdi. Xəstəliyi atlatdıqdan və kurqanı yenidən təmir etdir­dikdən sonra əvvəlki qərarımıza qayıtdıq.

Qəndəhar tərəfinə getmək, yoxsa axın etmək üçün dağ və ovaları do­laşmaq haqqın­da hələ bir qərara gəlməmişdik. Şənizin ətəyinə enəndə Ca­hangir Mirzə və bəyləri toplayıb məsləhətləşərək Qalat üzərinə yürüməyə qə­rar verdik. Cahangir Mirzə ilə Baqi Çağanyani bu yürüşdə daha artıq is­rar etdilər.

Yolun yarısına gələndə Şir Əli Çöhrə, Kiçık Baqi Divanə və digər bir neçə adamın qaçmaq niyyətində olduqlarını xəbər aldıq. Bunlar yaxalandı. Şir Əli Çöhrə həm mənim, həm də başqalarının yanında müxtəlif vilayətlər­də bir çox fitnəyə və pis əməllərə qarışdığı üçün edam edildi, digərlərinin isə at və silahlarını aldıqdan sonra sərbəst buraxdıq.

Qalata gələr-gəlməz, xüsusi bir silah və təchizat hazırlığı aparmadan hər tərəfdən hücuma keçdik. Çox şiddətli bir savaş oldu. Xoca Kəlanın bö­yük qardaşı Kiçık bəy çox cəsur bir igid idi. Əvvəllər də bəhs etdiyim kimi, mənim önümdə bir neçə dəfə qılıncla çarpışmışdı. Qalatın (158 b) cənub-qərb tərəfindəki bürcündən dırmanaraq divarın üstünə çıxanda gözünə nizə sapladılar, Qalatın zəbtindən bir-iki gün sonra bu yara üzündən öldü.

Şir Əli ilə qaçarkən yaxalanan Kiçık Baqi Divanə etdiyi qəbahəti ört-basdır etmək üçün qapıda kurqan divarının dibinə camənda aldığı daş ya­rasından orada öl­dü. Onların dışında bir-iki adam daha öldü.

Savaş ikindəyə qədər bu şəkildə davam etdi. İgidlər bir xeyli vuruşub sıxışdırdıqdan sonra süstləşməyə başlayanda içəridəkilər aman diləyib kur­qanı təslim etdilər.

Zünnun bəy Arğun Qalatı Müqimə vermişdi, burada Müqimin adam­larından Fərrux Arğun ilə Qara Bulud vardı. Onlar ox qılıflarıyla qılınclarını boyunlarına asaraq gəldilər. Günahlarını bağışladıq. Bu ailəyə əziyyət etmək niyyətində deyildim, çünki özbəklər kimi bir düşmənin yaxınımızda olduğu bir zamanda öz ara­mızda belə bir şey olsa, bunu uzaqdan və yaxından eşi­dənlər və görənlər nə deyərdilər.

Bu yürüş Cahangir Mirzə və Baqi bəyin israrları ilə keçirildiyi üçün Qalatı mühafizə vəzifəsini də Mirzənin öhdəsinə buraxdım, lakin o, qəbul et­mədi. Baqi də bu xüsusda yaxşı bir cavab verə bilmədi. Beləcə, Qalatı bu qədər müharibə ilə, zorla almağımız heç bir işə yaramadı.

Qalatdan günəyə doğru gedərək Sevasəng, Aladağ (159 a) və o civar­dakı əfqanların üstünə axın edib Kabilə döndük. Kabilə endiyim axşam mən kurqana getdim, çadır və atlar çarbağda idi. Xırılçı tayfasından bir oğru gə­lib mənim zirehli savaş atımı və xas bir xəncərimi çarbağdan oğurlamışdı.
BAQİ ÇAĞANYANİNİN ÖLÜMÜ
Baqi Çağanyaninin Amu sahilində gəlib bizə qoşulmasından bəri ya­nı­mızda on­dan daha etibarlı və daha nüfuzlu bir adam yoxdu. Hər söz və hər işdə onun rəyi hakim idi. Gərçi onun münasib bir xidməti və layiqli bir in­saniyyəti heç bir zaman gö­rünməmiş, tam tərsinə, ondan hər cür ədəbsizlik və pislik çıxmışdı. Xəsis, alçaq, qısqanç, pis qəlbli, dargörüşlü və əxlaqsız bir adamdı. Xəsisliyi o dərəcədə idi ki, Termizi buraxıb köç və malıyla bizə qoşulanda bəlkə də otuz-qırx minə qədər qoyunu vardı. Hər yurdda bu qo­yun sürüləri bizim önümüzdən keçdiyi, bizim igid və adamlarımız açlıqdan sıxıntı çəkdikləri halda, bizə tək bir qoyun belə vermədi. Nəhayət, Kahmər­də gələndə əlli qoyun verdi.

Məni padşah olaraq tanıdığı halda nağaranı1 öz qapısında çaldırırdı. Heç kimsə ilə dost deyildi və heç kimsəni sevmirdi. Kabilin bütün gəliri damğa rəsmindəndir. Damğa rəsmi, Kabilin valiliyi, (159 b) Pənchir, Kedi-Həzarə, Quşqaq və eşik ixtiyarlığı tamamən onun əlində idi. Bu qədər etibar gördüyü halda heç məmnun və mütəşəkkir deyildi.

Daha əvvəl də dediyimiz kimi, o qədər pis niyyətləri olduğu halda bun­­ları əsla diqqətə almadıq və etdiklərini üzünə vurmadıq. Daima nazlanıb getmək üçün izin istəyirdi. Lakin nazını çəkib səbəblər göstərərək bundan vaz keçirirdik. Bir-iki gün susur, sonra təkrar izin istəməyə başlayırdı. Axır­da nazı və izin istəməsi həddən aşdı, biz də onun əxlaq və hərəkət­lə­rin­dən bezdik və izin verdik.

İzin istədikdən sonra özü də peşman oldu. Canı sıxılmağa başladı, la­kin xeyri olmadı. Mənə adam göndərərək «Doqquz günah işləmədən məni sorğuya çəkməyəcəyi­ni şərt qoşmuşdu» deyə bildirdi. Mən də Molla Baba vasitəsilə on bir günahını tək-tək xatırladaraq cavab verdim. Axırda anladı, köç və malıyla birlikdə Hindistan tərəfinə getməsinə izin verildi.

Özünün bir neçə adamı onu Xeybərdən ötürüb geri gəldi. Baqi də ka­kiyani karvanına qoşularaq Nilabı keçdi.

O zamanlar Dərya xan oğlu Yar Hüseyn Keçə-Qutda olurdu. Kühet­də bizdən aldığı fərmanları dəstəvuz edərək yanına diləzaq və Yusif-zeyi qəbi­lə­lərindən bir dəstə əfqanı, cet və qücur qəbilələrindən bəzilərini də almışdı. Bütün işi-gücü xalqı soymaq və yol kəsməkdi. Baqinin gəldiyi eşidən kimi (160 a) yolunu kəsib Baqi ilə birlikdə gedənlərin hamısını yaxaladı. Baqini öldürdü və arvadını aldı. Düzdür, biz heç bir yamanlıq etmədən Baqini bu­rax­­­dıq, lakin öz yamanlığını əldən burax­madı və öz amalına giriftar oldu.

Tu bəd konəndən xudra bərgüzar süpar,

Ki ruzigər tura çakər əst kinə güzar.



Sana pislik edəni qədərə tapşır,

Çünki o sənin intiqam alan nökərindir.
TÜRKMƏN HƏZARƏSİ ÜZƏRİNƏ AXIN
Bu qış qar yağana qədər bir-iki dəfə həmin çarbağda qaldım. Biz Ka­bilə gəl­əndən sonra türkmən həzarəsi də hər cür ədəbsizlik etmiş, yolları bas­­mışdı. Onların üstünə axın etmək niyyətilə Uluğ bəy Mirzənin Bostan-saray adlı imarətinə gəldik və şaban ayında türkmən həzarəsinə axın etmək üçün oradan yola çıxdıq.

Dəreyi-Xoşun ağzında Cəngliyə axınçılar göndərdik. Bir dəstə həzarə­yə qarşı axın edildi. Dəreyi-Xoş yaxınlığında bir mağarada bir dəstə həzarə gizlənmişdi. Şeyx Dərviş Göyəldaş qazaxlıqların çoxunda mənimlə birlikdə olmuşdu və qurbəyilik1 rütbəsi ondaydı. Yayı qüvvətli çəkir, oxu yaxşı atır­dı. Qəflət göstərərək bu mağaranın ağzına çox yaxınlaşır və içəridən bir həzarə köksünə ox atır. Elə həmin gün və­fat etdi.

Türkmən həzarəsinin böyük qismi Dəreyi-Xoşda qışlamışdı. Onların üs­tünə hücum etdik. Dəreyi-Xoş gözəl bir dərədir. Dərənin ağzında yarım kü­ruh qədər bir bo­ğaz var. Yol dağın (l60 b) yamacındadır. Yolun aşağı tə­rə­fi əlli-alt­mış kari dik qayalıqdır, yuxarı tərəfində isə yol cığırdır. Atlılar bir-bir keçirlər. Bu boğazdan keçərək o gün günorta ilə ikindi arasına qədər yürüyüb adamlara ye­tişmədən bir yerdə düşərgə saldıq.

Həzarənin kök bir yük dəvəsini tapıb gətirdilər. Onu kəsib ətindən bir qədər kabab elədik, bir azını da güvəcdə bişirib yedik. O qədər ləzzətli dəvə əti heç bir zaman yeməmişdim. Bəziləri qoyun ətindən ayırd edə bilmədilər.

Ertəsi gün erkəndən qalxıb həzarələrin qışladığı yurdun üzərinə yürü­dük. Bir pəhər olmuşdu ki, irəlidən bir adam gəlib həzarələrin bir boğazda su keçidini ağac maneələrlə gücləndirərək əsgərin yolunu kəsib vuruşduq­larını söylədi. Bunu eşidincə dərhal hərəkət etdik.

Bir az getdik və həzarələrin yolu kəsib vuruşduqları yerə çatdıq. O qış möhkəm qar yağmışdı. Yolsuz yerdən yerimək çox çətin idi. Çayların sahil­ləri tamamən buz tutmuşdu. Buz və qar üzündən bu çayı yolsuz yerdən keç­mək qeyri-mümkün idi. Həzarələr də çoxlu ağac kəsərək çayın keçid yerini bağlamışdılar. Özləri isə çayın ətrafında atlı (161 a) və piyada olaraq ox atıb vuruşurdular.

Məhəmməd Əli Mübəşşir mənim yeni yüksətdiyim bəylərimdən idi. Çox cəsur, etibarlı və yaxşı bir igid idi. Zirehsiz olduğu halda irəlilə­yərək ağac maneələrin olduğu yola girdi. Böyründən oxla vurdular və dərhal öldü.

Oraya sürətlə gəldiyimizdən çoxumuzun zirehi yox idi. Bir-iki ox ya­nı­mızdan keçib yerə saplandı. Əhməd Yusif həyəcanlı bir şəkildə və sürəkli olaraq «Çılpaq halda belə bir müharibəyə girirsiniz, iki-üç oxun başınızın üs­tündən keçdiyini gördüm» deyirdi. Mən də ona «Cəsur olun, mənim ba­şım­dan belə şeylər çox keçmişdir» de­dim.

Bu əsnada sağ qol tərəfdən Qasım bəy suda bir keçid tapıb zirehli hal­da onların üstlərinə at saldı və həzarələr müqavimət edə bilmədən qaçdılar. Qarşıların­da olanlar isə onları atlarından sala-sala arxalarından təqib etdilər.

Qasım bəyə bu iş üçün mükafat olaraq Bəngəş verildi. Hatim qurbəyi də bu səfərdə fəna deyildi, buna görə Şeyx Dərviş Göyəldaşda olan qurbəyi rütbəsi Hatimə ehsan edildi. Kibəqulu Babaya isə bu yürüşdə şücaətlər gös­tərdiyi üçün bir kənd bağışlandı.

Sultanqulu Çanaq həzarələri təqib edirdi. Qar çox qalın olduğu üçün yoldan çıxmaq mümkün deyildi. Mən də bu igidlərlə birlikdə getdim. (161 b) Həzarələrin qışlaqlarının yaxınlığıında qoyun və at sürülərinə yetişdik. Şəxsən özüm dörd-beş yüzə qədər qoyun və iyirmi-iyirmi beş at yığdım. Ci­varda Sultanqulu və iki-üç adam daha vardı, bun­ları aramızda bölüşdürdük.

Axınlara iki dəfə şəxsən iştirak etdim. Biri budur. Bir dəfə də bu türk­mən həzarəsi Xorasandan gələndə axınçılarla gedib çoxlu qoyun və at gə­tir­mişdik.

Həzarələrin ailələri və uşaqları piyada halda qarlı təpələrə çıxdılar. Bir az ağır davrandıq. Vaxt da gec olmuşdu, bu səbəbdən geri dönüb həzarələrin evlərinə girdik. Bu qış qar hədsiz dərəcədə çox yağmışdı. Burada yoldan kə­narda qar atın tam sağ­rısına çıxırdı. Gecə növbəyə çıxanlar qarın çoxluğu üzündən sabaha qədər atın üstündə qalırdılar.

Ertəsi gün qayıdıb həzarələrin Dəreyi-Xoşun içindəki qışlağında qal­dıq. Oradan qalxıb Cəngliyə gəldik. Yarək Tağayi və bəziləri bir az geridə qalmışdılar. On­lara Şeyx Dərvişi oxla vuran həzarələri ələ keçirmələri əmr edildi. Qanları tutulmuş bu bədbəxtlər bir mağarada idilər. Oraya gedib tüs­tü buraxaraq yetmiş-səksən həzarəni ələ keçirdilər. Çoxu qılıncdan keçirildi.

Həzarə səfərindən dönüb Nicravdan vergi toplamaq niyyətilə Baranın alt tərəfindəki Aydoğdu civarına gəldik. Biz Aydoğdu civarında olanda Ca­hangir Mirzə də (162 a) Qəznədən mülazimətə1 gəldi. Bu zaman ramazan ayının on üçündə [=7 fevral 1506] şiddətli bir bel ağrısına tutuldum. O dərə­cədə ki, qırx günə qədər məni bir yandan digər yana bir adam çevirirdi.

Nicrav dərələrindən olan Picqan dərəsi və ələlxüsus da bu dərədəki Qeyn kəndi­nün böyüyü olan Hüseyn Qeyni ilə onun böyük və kiçık qardaş­ları quldurluq və həyasızlıqla məşhur və məruf idilər. Əsgər Cahangir Mir­zə­­nin komandanlığı altında oraya göndərildi. Qasım bəy də onunla birlikdə idi. Gedib təpəyə çıxdılar və quldurların möhkəmləndirdikləri yeri zorla ala­raq onları qorxutmaq üçün bir neçəsini edam etdilər.

Bu bel ağrısı üzündən xərək kimi bir şey düzəldib Baran sahilindən şəhərə qədər məni əldə daşıyaraq Bostan saraya gətirdilər. O qış bir neçə gün Bostan sarayda ol­dum. Bu xəstəlik yaxşılaşmadan üzümün sağ tərə­finə bir çiban çıxdı. Nəştər vurdular. Bu xəstəlik üçün müshil də içdim. Yaxşı­la­­şandan sonra çarbağa çıxdım.
CAHANGİR MİRZƏNİN SƏHV HƏRƏKƏTİ
Cahangir Mirzə ziyarətə gəldi. Əyyubun oğulları Yusif və Bəhlul Mir­zənin hüzuruna getdik­lərindən bəri onu fitnə-fəsada, şər işlərə sövq edirdi­lər. Bu dəfə Ca­han­gir Mirzənin əvvəlki kimi olmadığını gördüm.

Bir neçə gün sonra təpədən qalxıb silahlanaraq təcili Qəznəyə getdi. Na­ni kurqanı­nı alıb bir neçə adamı öldürərək əhalisini tamamən yağma­la­dı və bütün adamlarını (162 b) da yanında götürərək həzarə arasından Bam­yan tərəfinə getdi.

Allah bilir ki, məndən və mənim adamlarımdan belə bir küdurətə sə­bəb ola biləcək heç bir iş və söz vaqe olmamışdı. Sonradan anlaşıldı ki, get­məyə səbəb olaraq bu sözü bəhanə etmiş: Cahangir Mirzə Qəznədən gə­lər­kən Qasım bəy ilə digər bəzi bəylər onu qarşılamağa getmişlər. Mirzə bil­dir­çinin üstünə şahin buraxır. Quş bildirçini pəncələri arasına alarkən bildirçin özünü yerə atır. «Tutdumu, tutdumu?» deyə qışqırırlar. Qasım bəy də «Düş­məni belə zəif bir hala gətirdikdən sonra necə buraxar ki, əlbəttə, tutar» de­yir və bu söz Mirzəni rəncidə edir. Getməsi­nin səbəblərindən biri bu idi. Bir də bundan daha kiçık və önəmsiz bir sözü də bəhanə eləmişdi.

Qəznəni o vəziyyətə saldıqdan sonra həzarə arasından aymaqlara get­di. Ay­maqlar o zamanlar Nasir Mirzədən ayrılmış, lakin özbəklərə də qo­şul­ma­mışdılar, Yay, Əstər-Ab və civardakı yaylalarında olurdular.

Bu zaman Sultan Hüseyn Mirzə Məhəmməd Şeybani xanı dəf etməyi qəti surətdə qərara alaraq bütün oğullarını çağırtmış, Seyid Sultan Əli Həb­binin oğlu Seyid Əftalı göndərərək məni də dəvət etmişdi. Xorasan tərəfinə yürüş bizim üçün bir neçə baxım­dan çox gərəkliydi. Bunlardan biri budur: Sultan Hüseyn Mirzə kimi Teymur bəyin (163 a) yerinə keçmiş bir padşah ət­rafındakı və civarındakı oğullarını və bəyləri ça­ğırıb toplayaraq Şeybani xan kimi bir düşmənin üstünə hücum niyyətində olanda hər kəs ayaqla get­sə, bizim başla getməyimiz, onlar zopayla getsə, bizim daş­la getməyimiz lazım idi. Biri də bu idi: Cahangir Mirzə belə düşmənçilik və acıqla getdiyi üçün ya onun küdurətini dəf, ya da zərərlərini rəf etmək lazım idi.

Bu il Şeybani xan Xarəzmdə [Sultan Hüseyn Mirzənin adamı] Çin Su­fini on ay mühasirə etdikdən sonra yenərək aldı. Bu mühasirə zamanı çox mü­haribə oldu. Xarəzm igidləri fövqəladə cəsarət göstərdilər və heç bir xü­susda qüsur etmədilər. Ox atmaqda elə məharət göstərdilər ki, dəfələrlə qal­xanı, zirehi və bəzən də ikiqat zirehi oxla dəlmişdilər.

On ay boyunca mühasirə etdilər. Heç bir yerdən ümidləri qalmadı. Bə­zi igidləri cəsarətsizlik göstərərək özbəklərlə danışıb bunları kurqana çıxar­mış­lar. Çin Sufi də bunu xəbər alıb özü şəxsən gəlmiş, kurqana çıxanları vu­rub aşağı salmışdı. Ancaq öz çöhrəsi tərəfindən kürəyindən oxla vurula­raq öldürüldü. Vuruş­acaq adam qalmadı və kurqanı aldılar. Çin Sufi -Allah rəh­mət eləsin- cəsarətlə ölümün gözünə dik baxmaqda (163 b) bir an belə tə­rəddüd etməmişdi.

Şeybani xan da Xarəzmi Kibək Biyə verib özü Səmərqəndə gəldi.

Bu ilin sonlarında zilhiccə ayında [=1506 may] Sultan Hüseyn Mirzə Şey­bani xanın üzərinə qoşun çəkib Baba-İlahiyə gələndə Allahın rəhmətinə qovuşdu.
SULTAN HÜSEYN MİRZƏ
Doğumu nəsəbi: 842-ci ildə [=1438] Heratda [Teymur bəyin oğ­lu] Şahrux Mirzənin hökmdarlığı dönəmində [1405-1447] doğulmuşdu. Əmir Teymur oğlu Ömər Şeyx oğlu Bayqara oğlu Mənsurun oğlu idi. Mən­sur Mir­zə ilə Bayqara padşahlıq etməmişlər.

Anası Teymur bəyin nəvəsi Firuzə bəyimdi. Sultan Hüseyn Mir­zə [ana tərəfindən Teymur bəyin oğlu] Miranşah Mirzənin də nəvəsidir.

Sultan Hüseyn Mirzə ana və ata tərəfindən kərim və soylu bir pad­şah­dı. İki doğma qardaş və iki bacı idilər: Bayqara Mirzə, Sultan Hüseyn Mir­zə, Əkə bəyim və Əhməd xanla evli olan Büdəkə bəyim.

Bayqara Mirzə yaşca Sultan Hüseyn Mirzədən böyükdü, amma onun xidmətində idi. Divanda iştirak etməzdi, lakin divandan kənarda olanda eyni döşək üzərində otururdular. Kiçık qardaşı ona Bəlx vilayətini vermişdi, bir neçə il Bəlxdə hökm sürdü. Üç oğlu vardı: Sultan Məhəmməd Mirzə, Sultan Veys Mirzə və Sultan İskəndər Mirzə.

Əkə bəyim (164 a) [Sultan Hüseyn] Mirzənin böyük bacısı idi, onu Mi­ranşah Mirzənin nəvəsi olan Sultan Əhməd Mirzə almışdı. Kiçık Mirzə adlı bir oğlu vardı, əvvəllər dayısına mülazimət edirdi, sonra sipahiliyi bura­xıb kitab oxumaqla məşğul oldu, alim olduğunu söyləyirdilər. Kiçık Mirzə­nin şairliyi də vardı. Bu rübai onundur:

Ömri be səlah məstudəm xudra,

Dər şiveyi zöhd minəmudəm xudra,

Çün eşq aməd qədəm zöhdü, çi səlah,

Əlminnətülillah əz müdam xudra.
Bütün bir ömür özümü salahla öydüm,

Özümü zöhd yolunda göstərdim.

Eşq gəlincə zöhd nə imiş, salah nə imiş,

Allaha şükür olsun, özümü sınadım.

Mollanın [Mövlana Əbdürrəhman Cami] rübaisi ilə təvarüd1 olmuş­dur. Sonra həccə də getdi.

Büdəkə bəyim Mirzənin böyük bacısı idı. Qazaxlıqlar zamanı Əhməd xan Hacı Tarxana vermişdi. İki oğlu olmuşdu, onlar Herata gəlib bir müddət Mirzənin mülazimətində bulundular.

Şəkili və görkəmi: çəkik gözlü, şir əndamlı bir adamdı. Belindən aşa­ğısı incəydi. Yaşı çox və saqqalı ağarmış olduğu halda xoş rəngli, qır­mızı və yaşıl ipək paltar və qara quzu dərisindən börk, ya da qalpaq ge­yər­di. Bəzən bayram­larda kiçık sarığını yamyastı və səliqəsiz şəkildə üç də­fə dolayaraq vağ lələyi taxıb na­maza gedərdi.

Əxlaqı və xasiyyəti: taxta çıxanda xütbədə on iki imamın adını (164 b) oxutmağı dü­şünürmüş. Əlişir bəy [Nəvai] və digər bəziləri buna əngəl ol­muş­lar. Sonralar hər halı və hərəkəti əhli-sünnət və camaat məzhəbinə uy­ğun i­di. Məfsəl xəstəliyi üzündən namaz qıla bilmirdi. Oruc da tutmurdu. Zarafatcıl və xoş təbiətli bir adam idi. Xaraktercə bir az çılğın idi, sözü də məzacı kimiydi. Bəzi xüsuslarda şəriətə fövqəladə riayət edirdi: Bir dəfə oğullarından birini bir adamı öldürdüyü üçün qan dava­çılarının əlinə verib məh­kəməyə göndərmişdi.

Taxta çıxanda altı-yeddi il tövbəli idi. Ondan sonra özünü içkiyə ver­di. Qırx ilə yaxın Xorasanda padşahlıq etdi və günorta namazından sonra iç­mədiyi heç bir gün yoxdu, lakin sabahlar heç içməzdi. Oğulları, sipahiləri və şəhər əhalisi hamısı bu vəziyyətdəydi. Aşırı dərəcədə işrətə və fisqə düş­kün idilər.

Ürəkli və cəsur bir adamdı. Dəfələrlə şəxsən qılınc çalmışdır. Hətta hər müharibədə bir neçə dəfə qılınc çalmışdır. Teymur bəy nəslindən olan və Sultan Hüseyn Mirzə qədər qılınc çalmış heç kim məlum deyildir.

Şairliyi də vardı; bir divan tərtib etmişdi. Şeirlərini türkcə söyləyirdi. Təxəllüsü Hüseyni idi. Bəzi beytləri fəna deyildir, lakin divanı bütünlüklə eyni vəzndədir.

Yaş və səltənət baxımından böyük bir padşah olduğu halda, uşaqlar (165 a) kimi qoç bəsləyir, göyərçin saxlayır və xoruz döyüşdürürdü.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin