ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə11/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

MOĞOLLARIN TUĞ AÇMA MƏRASİMİ
Bir neçə gün sonra Tənbəl Ura-Təpəyə gəldi. Bu xəbəri alınca [Sultan Mah­mud] xan Daşkənddən qoşun yeritdi. Beşkənd ilə Sam-Sirək arasında sağ və sol qol səf­lərini nizamlayıb parad keçirtdi.

Moğol adəti üzrə tuğ açdılar. Xan atdan endi. Bir moğol doqquz tuğu xanın önündə sancıb bir öküzün qabaq ayaq sümüyünə uzun bir ağ bez bağ­layaraq əlin­də tutdu və üç parça uzun bezi üç tuğun quyruğundan az aşağı bağ­layıb tuğ dirəyi­nin altın­dan keçirdi. Bir bezin ucuna xan, bir tuğa bağla­nan bezin ucuna mən, bir bezin ucuna da [xanın oğlu] Sultan Məhəmməd Xanikə (100 b) basdı. O moğol öküzün bez bağlanan qabaq ayaq sümüyünü əlinə alıb moğolca nəsə dedi və tuğa baxıb işarə verdi. Xan və ətrafda du­ran­­ların hamısı tuğa qımız səpməyə başladılar, Bütün nəfirlər və davullar eyni anda birdən çaldı, səfdə düzülən əsgərlər hamısı bir­dən savaş nərəsi çək­­dilər. Bunu üç dəfə təkrar elədilər, sonra atlarına minib nərə çəkə-çəkə dü­şər­gənin ətrafında çapdılar.

Moğollar arasında Çingiz xanın yasası [tüzük] onun dövründəki kimi davam edir. Sağ və sol qollar, mərkəzlər atalarının zamanındakı kimi yerli-yerində durur. Sağ və sol qollarda kimin etibarı artıqsa o daha ziyadə baş tə­rəfdə durur.

Sağ qolda çıras ilə bəycik qəbilələrinin başa keçmə qovğası vardır. O za­man çırasın tümən bəyi Qaşqa Mahmuddu, çox cəsur bir igiddi. Tümən deyə məşhur olan Bəycik tüməninin tümən bəyi isə Əyyub Yaqubdu. Başa keçmək üçün mücadi­lə etdilər və bir-birlərinə qarşı qılınca sarıldılar. Axırda buna qərar verildi: biri sürək ovunda başda duracaq, digəri də səfdə başa keçəcək. Ertəsi sabah Sam-Sirək civarında sürək ovu keçirdilər. Oradan da Türək çarbağına gəldilər. (10l a)

İlk qəzəlimi o gün orada ikən tamamladım. O tamamlanan qəzəl bu­dur:

Canımdan özgə yari-vəfadar tapmadım,

Könlümdən özgə məhrəmi-əsrar tapmadım.

Bu qəzəl altı beytdən ibarətdir. Bundan sonra tamamlanan hər qəzəl eynən bu tərtib ilə yazıldı.

Buradan mənzil-mənzil Xocənd çayının kənarına gəldik. Bir gün gə­zin­­ti niy­yətilə suyu keçib yemək hazırladıq, igid və çöhrələri öz keflərinə bu­raxdıq. O gün mənim kəmərimin altın toqqasını oğurladılar. Ertəsi sabah Xanqulu Bəyanqulu ilə Sultan Məhəmməd Veys qaçıb Tənbəlin yanına get­dikləri üçün hər kəs düşündü ki, bu onların işidir, lakin bu, təhqiq edil­mədi.

Əhməd Qasım Kuhbər də izin alıb Ura-Təpəyə yola düşdü. Bir daha qa­yıt­madı və Tənbəlin yanına getdi.

FƏRQANƏ - 908 (7 İYUL 1502 - 26 İYUN 1503)
DOQQUZ YÜZ SƏKKİZİNCİ İLİN HADİSƏLƏRİ
Xanın bu yürüşü çox faydasız bir yürüşdü. Kurqan almadan və düşmə­nə hü­cum etmədən gedib gəldi. Daşkənddə olduğum o günlərdə çox əziyyət və səfa­lət çək­dim. Vilayət yox idi, vilayət əldə etmək ümidi də yox idi. Adam­­larımın çoxu da­ğıldı, qalan bir neçəsi də səfalət üzündən mənimlə qala bil­mədi. Xan da­yımın qapısı­na gedəndə bəzən bir, bəzən də iki adamla ge­dir­dim, yaxşı ki yad deyildilər, qohum idilər. (101 b) Xan dayımın hüzurun­dan Şah bəyimin yanına öz evim kimi başı açıq, ayağı yalın gedirdim.

Axırda belə qərarsızlıqdan və sərsərilikdən bezdim, «Belə sıxıntı için­də yaşa­maqdansa başımı alıb getmək daha yaxşıdır, belə səfalət və şikayətlə göz önündə dolaşmaqdansa ayağımın götürəcəyi yerə qədər getmək daha yaxşıdır» dedim. Xı­taya [şimali Çin] getməyi qərara aldım və başımı alıb çıx­mağa əzm etdim.

Uşaqlıqdan bəri Xıtay tərəfə getməyə həvəsim vardı, lakin səltənət və qo­hum­la­rım üzündən bu həvəsim heş cür gerçəkləşmirdi. İndi ki səltənət əl­dən çıxdı, anam da öz anasına və kiçık qardaşlarına qovuşdu, deməli, səya­hətə mane olan şey­lər aradan qalxdı və əski sıxıntılar qalmadı.

Xoca Əbülməkarimin vasitəsilə bu fikri xan dayıma çatdırdım, ancaq bu də­fə də Şeybani xan kimi bir düşmən ortaya çıxdı. Bunun zərəri türkə və moğola ey­ni nisbətdədir. Xalqın üzərində tam hakimiyyət qurmadan və çox böyümədən onun çarəsinə baxmaq lazım idi. Necə ki demişlər:

İmruz bekuş çü mitəvan kuşt,

Atəş ki bülənd şod cəhan suxt,

Məgər ki, ənh konəd kəmanra

Düşmən çü betir mitəvan duxt1.


Mümkünsə odu bugün söndür,

Atəş böyüsə dünyanı yaxar.

Bir oxla düşməni saxlamaq mümkünsə,

Yayını çəkməsinə imkan vermə.

Böyük xan (Sultan Mahmud xan) dayım ilə kiçık xan (Sultan Əhməd Xan) da­yım iyirmi dörd-iyirmi beş ildir bir-birlərini görməmişdilər. Mən isə onu heç gör­məmişdim. Görəsən, gedib kiçık xan dayımı görməyə və onun buraya gəlmə­si­nə vasitəçilik etməyimə icazə verərlərmi? Arzum bu idi.

Bu bəhanə ilə buradan (102 a) çıxa bilsəm Moğolistan və Turfana get­məmə heç bir maneə və qorxu qalmaz, öz yüyənim öz əlimdə olardı. Bu niy­yətimi başqa heç kim bilmirdi və heç kimə də söyləyə bilməzdim. Çünki anam­la bu mövzuda danışmaq mümkün deyildi, ətrafımda olan və başqa ümidlərlə mənə qoşularaq sə­falət çəkən bir neçə böyük və kiçik adamıma da belə şeyləri söyləməyin heç bir mə­nası yox idi.

Xoca Əbülməkarim bu sözü Şah bəyimə və xan dayıma söyləyincə on­lar da razı olurlar, ancaq elə fikirləşirlər ki, guya mən burada iltifat gör­mədiyim üçün get­məyə izin istəyirəm. Ona görə də bunu namus məsələsi sayıb izin verməkdə bir az ağır tərpəndilər.


BABURUN KİÇİK XAN DAYISININ DAŞKƏNDƏ GƏLMƏSİ
Bu əsnada kiçık dayımdan bir adam gələrək onun gerçəkdən gəlməkdə ol­du­ğu xəbərini gətirdi. Beləcə, bu niyyətim də gerçəkləşmədi. Sonra başqa bir adam gəlib kiçık xanın yaxınlaşdığını xəbər verəndə Şah bəyim, kiçık xan dayımın kiçık bacıları Sultan Nigar xanım və Dövlət Sultan xanım, mən, Sultan Məhəmməd Xa­nikə və Mirzə xan [Sultan Veys Mirzə] – hamı­mız kiçık xan dayımı qarşılamağa çıx­dıq.

Daşkəndlə Sayram arasında Yağa kəndi və başqa bir neçə kənd var. İbra­him Ata və İshaq Atanın qəbrləri oradadır. Bu kəndlərə qədər ge­tdik.

Kiçık xan dayımın nə zaman gələcəyini (102 b) dəqiq bilmədiyimiz üçün dü­şün­mədən ata minib sürətlə getdim. Birdən-birə xan qarşıma çıxdı. Atı qabağa sür­düm. Mən atdan enən vaxt kiçık xan dayım başa düşdü ki, bu mə­nəm. Çox dil­xor ol­du. Sən demə, onun bir yerdə düşərgə quraraq mənim­lə təntənəli bir şəraiddə görüşmək niyyəti varmış. Yaxınlaşıb atdan endim. Yer də münasib deyildi, üstəlik, diz çöküb yükünəcək zaman da qalmadı, yün­­gülcə yükünərək gedib görüşdüm. Canı sıxılıb əsəbiləşən dayım [oğul­ları] Sultan Səid xana və Baba xan sultana dər­hal at­dan enib mənimlə yükü­nərək görüşmələrini əmr etdi. Xanın oğulların­dan bu iki sultan da onunla gəlmişdi; on üç-on dörd yaşlarında idilər. Sultan­larla görüşüb atlanaraq Şah bəyimin yanına gəldik. Onlar gecə yarısına qədər oturub olub-bitən­lər və keçmiş hadisələr barəsində danışdılar.

Ertəsi sabah kiçık xan dayım mənə moğol adətinə görə təpədən-dır­nağa bir dəst paltar, öz kəmərini və yəhərli xas atını hədiyyə etdi. Moğol bör­kü sırmalı ip­lərlə işlənmiş, xalat zərli Çin atlasından tikilmiş, Çin kəməri isə əski üsulla düzəl­dilmişdi. Onun sol tərəfindən qadınların boyunlarına as­dıq­ları ənbərdan və kisə kimi şeylərdən üç-dörd dənə, sağ tərəfindən də bu­na bənzər üç-dörd şey asılmışdı.

Oradan Daşkəndə doğru hərəkət etdik. (103 a) Böyük xan dayım da Daş­­kənddən üç-dörd ağac qədər bəri gələrək pişvaza çıxmış və bir yerdə çadır­lar qu­rub oturmuşdu. Kiçık xan qarşıdan tərəfdən onun çadırına doğru gəldi, yaxınla­şın­ca xa­nın sol tərəfindən qövs cızaraq xanın önündə atdan endi və görüşü­ləcək yerə qədər doqquz dəfə hörmətlə yükünərək irəlilədi. Kiçık xan yaxınlaşınca böyük xan da oturduğu yerdən qalxdı, onlar görüş­dülər və qucaqlaşıb xeyli vaxt eləcə dur­du­lar. Qucaqlaşma bitdi, geri çəkilən kiçık xan yenə doqquz dəfə yükün­dü, hə­diy­yələrini təqdim edərkən də də­fələrlə hörmətlə diz çökdü. Son­ra gəlib oturdular.

Kiçık xanın adamları tamamən moğol adətinə görə geyinmişdilər. Mo­ğol bi­çi­mi börkləri, Çin atlasından işləməli paltarları, dana dərisindən moğol biçimi ya­şıl oxdanları və yəhərləri vardı, moğol atları üstündə onlara xas olan şəkildə süslü idilər. Kiçık xanın adamları çox deyildi, mindən artıq, iki mindən bir az azdı.

Kiçık xan dayım qəribə bir adamdı. Yaxşı qılınc çalan və cəsur idi. Si­lahlar içində ən çox qılınca etibar edirdi. «Şeşpər, toppuz, əmud, ay-balta1 və balta bir yerə dəysə, ancaq oraya təsir edər, amma qılınc dəydiyi yeri baş­dan-ayağa qədər kəsər» deyirdi. İti qılıncını heç zaman yanından ayır­mazdı, ya belindən asar, (103 b) ya da əlində tutardı. Əyalətdə böyüdüyü üçün bir az köntöy, danışığı da bir az qaba idi.

Bir az öncə bəhs etdiyim kimi, [onun ərməğan etdiyi] bu moğol paltarı ilə kiçık xan dayımla birlikdə gəldim. Xoca Əbülməkarim isə böyük xan da­yımla bir­likdə idi. Məni tanımadı, «Bu hansı sultandır?» deyə soruşdu. Mən ona cavab ver­dik­dən sonra məni tanıdı.

Daşkəndə gələr-gəlməz, xanlar Əndicana Sultan Əhməd Tənbəlin üs­tünə qo­şun çə­kə­rək Kəndirli keçidi yoluyla hərəkət etdilər. Ahəngəran ova­sına çatanda kiçık xanla məni daha irəli göndərdilər. Keçiddən keçib Zirkan və Kəman kənarın­da qo­­şuna baxış keçirdilər, təxminən otuz minə qədər əs­gər olduğu ortaya çıxdı.

Tənbəlin də öz qoşununu yığıb Axsiyə gəldiyi barədə xəbərlər alın­mağa baş­­la­­dı. Xanlar vəziyyəti müzakirə etdilər və mənim bir dəstə əsgərlə Xo­cənd ça­yını ke­­­çərək Oş və Özgənd tərəfinə gedib Tənbəli arxadan müha­sirəyə almağıma qərar verdilər.

Bu qərara uyğun olaraq Əyub Bəyciyi tüməniylə, Can Həsən Nari­ni narin­lə­ri ilə, Məhəmməd Duğlat Hisarı və [onun kiçık qardaşı] Sultan Hü­seyn Duğlatla Sultan Əhməd Mirzə Duğlatın özlərini -duğlat tüməni bun­larla deyildi- habelə Qən­bər Əlini mənə qoşdular, Sarıqbaş Mirzə İtərçini isə çərikbəyi təyin et­dilər.

Kernanda xanlardan ayrılıb Səkan civarından Xocənd çayını salla keçib Xu­kan (104 a) örçini Rabati-Çoban üzərindən yürüyərək Qubanı zəbt et­dikdən sonra, Alayluq örçini üzərindən sürətlə Oşa doğru hərəkət etdik. Sə­hər vaxtı qə­fildən Oş kurqanına girdik. Oş əhalisi müqavimət göstərmə­dən şəhəri təslim etdi. Vilayət xalqı, şübhəsiz, bizim gəlişimizi gözləyirdi. Tən­bəldən qorxduqları və bizim uzaq olduğumuz üçün bir şey edə bilmirdi. Oşu ələ keçirincə Əndicanın şərqindəki və cənubundakı dağların və ovaların xalqı tamamən bizim tərəfimizə keçdi.

Əskidən Fərqanə vilayətinin paytaxtı olan Özgəndin sərhəd boyunda yaxşı bir kurqanı var. Oranın əhalisi bizə tabe olmağı qəbul edərək adam gön­dərib ha­ki­miy­yətimiz altına girdi. Bir neçə gün sonra mərginanlılar da öz valilərini qo­varaq mənə tabe oldular. Əndicandan başqa Xocənd çayının Əndican tərəfində olan bütün kurqanları bizə qoşuldu.

O əsnada belə qarışıqlıqların yaşanmasına baxmayaraq Tənbəl hələ də bun­lara al­dırmadan Axsi ilə Kərnan arasında öz atlı və piyada qoşunu ilə xanlara qarşı ağac maneələr və xəndəklərlə yerini möhkəmləndirmiş halda dayanmışdı. Bir ne­çə dəfə o tərəflərdə kiçik çarpışmalar oldu, lakin hansı tə­rəfin qalib və ya məğ­lub oldu­ğu anlaşılmadı.

Əndican tərəfindəki əhali, (l04 b) kurqanlar və vilayətlər mənə tabe ol­duqla­rı üçün Əndican əhalisi də, əlbəttə ki, məni istəyir, lakin bir çarə tapa bilmirdi.
ÇİHİL-DOXTƏRANDA ANİ BASQIN
Bir gecə Əndicanın yaxınına gedib adam göndərərək şəhərin xocaları və başbilənləri ilə da­nışsaq bəlkə bizi bir tərəfdən içəri buraxarlar deyə dü­şündüm. Bu niyyətlə Oşdan qalxıb gecə yarısı Əndicandan bir küruh məsa­fədəki Çihil-Doxtəranın qarşısına gəldik. Qənbər Əli bəylə bəzi igidlər bir az irəli göndərildi. Onlar gizlicə kur­qana adam göndərib xocalar və başbi­lən­lərlə danışacaqdılar. Biz də göndərilən bəyləri bekləyərək at üzərin­də du­rurduq. Bəziləri mürgüləyirdi, bə­ziləri da dərin yuxuya dalmışdı.

Gecənin üçüncü pəhəri olmuşdu. Birdən-birə davul səsləri və savaş nərə­ləri duyuldu. Düşmənin az, ya çox olduğunu bilmədən qafil və yuxulu əsgər bir-bi­rinə baxmadan anidən qaçmağa başladı.

Mən əsgəri toplamağa vaxt tapmadan düşmənə doğru cumdum. Mir­şah Ko­çin, Baba Şirzad və Dost Nasir da mənimlə birlikdə hərəkət etdilər. Bi­zim bu dörd adamımızdan başqa bütün əsgərimiz qaçmağa davam etdi. Biz bir az irəliləyincə qarşı­mızdakılar ox atıb qışqırararaq üstümüzə cumdu­lar. Qaşqa atı olan biri mənim lap yaxınıma qədər gəldi. Onun atını oxla vur­dum, dərhal yerə yuvarlandı. Bun­dan sonra sanki bir az geri çəkilən kimi (105 a) oldular. Mənimlə birlikdə olan o üç adam belə de­dilər: «Qaranlıq gecədə düşmənin az və ya çox olduğu bilinmir. Əs­gə­rimizin də hamısı getdi. Biz dörd adam düşmənə nə edə bilərik. Yaxşısı budur ki, gedib dağılan adamlarımızı geri qaytarıb sonra vuruşaq».

Dərhal gedib əsgərə yetişdik. Lakin nə qədər vurub qamçılasaq, nə et­sək də əsgəri geri qaytara bilmədik. Bu dörd adamla təkrar dönüb ox atdıq. Bir az durdu­lar. Bir-iki dəfə bizim üç-dörd adamdan artıq olmadığımızı gör­­dük­ləri üçün təkrar əsgəri təqib etməyə və atdan salmağa başladılar. Bu şə­kildə üç-dörd dəfə gedib bizim adamları saxlamağa çalışdım, ancaq onlar da­yanmadılar. Belə olunca təkrar bu üç adamla qayıdıb ox ataraq düşməni qovdum. İki-üç adam əsgəri izləyərək Xarabuq və Bişamun qarşısındakı tə­pələrə qədər gəldik. Buraya çatanda qarşımıza Məhəmməd Əli Mübəşşir çıxdı. «Bunlar az­dır, gəlin üstlərinə at salaq « dedim. Du­rub at saldıq, onlar dayandılar. Dağıl­mış olan əsgər oradan-buradan gəlib bir yerə yığıldı. Bəzi yaxşı igidlər elə dağılmışdılar ki, gedib birbaş Oşa çatmışdılar. Bu işin əsli belə olmuşdur: Əyyub Bəycik tüməninə mənsub bir neçə moğol Oşda biz­dən ayrılıb yağmaçılıq etmək üçün Əndican civarına gəlmiş­miş. Bizim əsgə­rin gurultu­sunu eşidərək gizlicə bir az irəli gəlib öz parol­larını qışqırmışlar.

Bu parol iki cür olur. (105 b) Biri hər qəbilənin öz paroludur. Mə­sələn, bəzi qəbilələrin parolu dürdanə, bəzisininki toqqay, bəzisinin də lülü­dür [inci]. İkin­ci­si isə bütün əsgərə məxsus və sadəcə bir əməliyyat üçün işlən­mək üzərə iki sözü bir­ləşdirərək düzələn paroldur. Bu zaman qarşıla­şan­da biri bir sözü söyləyir, digəri də onun qarşılığı olan sözlə cavab verir. Bu şə­kildə dost düşməndən ayrılır, öz ada­mın yabançıdan seçilir.

Bu səfər parol olaraq Daşkənd və Sayram sözləri müəyyən edilmişdi. Daş­­kənd deyiləndə Sayram, Sayram deyiləndə isə Daşkənd deyilməli idi. Bu qarşılaş­mada Xoca Məhəmməd Əli [Kitabdar] bir az irəlidə imiş. Mo­ğollar «Daşkənd, Daşkənd» deyə gəlirlər. Xoca Məhəmməd Əli sart idi, hə­yə­cana qapılaraq o da «Daşkənd, Daşkənd» deyə cavab verir. Moğollar da onu düşmən sanaraq savaş nə­rə­si çəkərək davul çalıb ox atırlar. Bax, belə bir yanlışlıq üzündən perişan olduq və nəzərdə tutduğumuz plan gerçək­ləş­mədi. Təkrar qayıdıb Oşa gəldik.


BABURUN ƏNDİCANI ƏLƏ KEÇİRMƏ TƏŞƏBBÜSÜ
Beş-altı gün sonra dağ, ova və kurqanlar təkrar mənim əlimə keçdiyi üçün Tənbəl və onun tərəfdarları dilxor olub qətiyyətlərini itirdilər, əsgərləri üç-üç, dörd-dörd dağlara və ovalara qaçmağa başla­dılar. Onların içindən bizim tərəfə keçən bəziləri dedilər ki, Tənbəlin işləri xarabdır, bu üç-dörd gün içində tam pozulacaq və o, geri çəkilməyə məcbur olacaq».

Bu xəbər gəlincə Əndican üzərinə hərəkət etdik. Əndican kurqanında Tən­bəlin kiçık qardaşı Sultan Məhəmməd Kəlpük (Gülbəy) vardı. Tutluq yo­luyla gəlib Əndicanın güney tərəfinə, Xaqan arxına (106 a) günorta na­mazı vaxtı axınçı gön­dər­dik. Özüm də axınçıların arxasından Püşdə-Eyşin Xaqan arxı tərəfindəki ətə­yinə gəldim.

Kəşfiyyatçılar Sultan Məhəmməd Kəlpükün əmrindəki adamlarıyla bir­likdə şəhərin məhəllələrindən və bağlarından dışarı çıxaraq Püşdə-Eyşin ətə­yinə getdiyi­ni xəbər verdilər. Axınçılar hələ toplanmamışdı. Buna bax­ma­ya­raq dərhal düşmən tərəfinə hərəkət etdim.

Kəlpükün beş yüzdən artıq adamı vardı. Bizim adamlarımız ondan daha ar­tıq i­di, lakin əsgərimiz axına göndərilmişdi. Onunla qarşılaşanda biz də onlar qə­dər i­dik. Səf tutub nizama girməyi düşünmədən dördnala düşmən üstünə çapdıq. Yaxınlaşanda bizə müqavimət göstərə bilmədilər və bir-iki qılınc zərbəsindən sonra qaçıb dağıldılar. Onun adamlarını Xaqan qapısının ya­xınına qədər atdan sala-sala təqib etdik.

Düşməni məğlub edib məhəllələrin kənarına, Xoca-Kəttəyə çatanda ax­şam ol­muşdu. Tez qapıya yürümək niyyətindəydim. Amma yaşlı və təcrü­bəli böyük bəylərdən Dost bəyin atası Nasir bəy və Qənbər Əli bəy dedilər: «Artıq gecdir, qa­ranlıqda kurqana yaxın getmək ehtiyatsızlıq olar. Bir az geri çəkilib düşərgə qu­raq. Ertəsi sabah çarəsiz qalıb kurqanı necə olsa təs­lim edərlər». Bu təcrübəli bəy­lərin sözünə qulaq asaraq məhəllələrin kəna­rın­dan (l06 b) geri qayıtdıq. Qapıya qə­dər getmiş olsaydıq, heç şübhəsiz, kurqanı ələ keçirərdik.

Yatsı namazı vaxtı gəlib Xaqan arxından keçərək Rabati-Ruzaq kən­dinin ya­nında düşərgə qurduq. Tənbəlin nizamsız şəkildə qayıdıb Əndicana get­məkdə ol­duğu xəbəri gəlməsinə baxmayaraq təcrübəsizlik üzündən qəf­lətə düşdük. Xaqan ar­xı kimi möhkəm bir arxın kənarında düşərgə qurmaq ye­rinə, arxdan keçib Raba­ti-Ruzaq kəndinin yanında düz yerdə dayanmış, qa­ro­vul və çağdavul qoyma­dan yıxılıb yatmışdıq. Dan ağararkən əsgər şirin yuxuda idi. Qənbər Əli sürətlə gə­lib «Düşmən gəldi, qalxın!» deyə bağırdı. Belə dedi və durmadan keçib getdi.

Mən sülh dövründə belə daima paltarımı çıxarmadan yatırdım. Qal­xar-qalx­maz qılıncımı və oxdanımı bağlayıb dərhal atlandım. Tuğcunun tuğ bağla­ma­sına vaxt qalmadı, tuğu əlinə alaraq ata mindi. Düşmənin gəlməkdə olduğu tə­rəfə get­dik. Hərəkət edərkən yalnızca on-on beş adam idik. Bir ox atımı qədər yol keç­dik­dən son­ra düşmənin axınçısına yetişdik. Bu vaxt mə­nim yanımda ona qədər adam vardı. Sürətlə çapıb onlara çatdıq və ox atıb öndəki adamlarını ələ keçirərək yolumuza davam etdik. Təkrar bir ox atımı məsafə qədər təqib etdikdən sonra da mərkəzlərinə vardıq.

Sultan Əhməd Tənbəl yüzə qədər adamıyla (107 a) hərəkətsiz durur­du. Tən­bə­lin özü bir adamıyla birlikdə səfdən bir az irəlidəydi və «Vur, vur!» deyə hayqı­rırdı. Lakin adamlarının çoxu yan dönüb, qaçaq, yoxsa qaç­mayaq deyirmiş kimi dururdu. Bu əsnada yanımda üç adam qalmışdı; bunlar Dost Nasir, Mirzəqulu Gö­yəl­daş, Kərimdad Xudadad Türkməndi. Kaman­dakı oxu Tənbəlin dəbilqəsinə at­dım. Əlimi təkrar oxdana apardım və xan da­yı­mın verdiyi yaşıl boyalı, quşagir bir ox vardı, o çıxdı. Bunu atmaq istə­mə­dim. Bunu oxdana qoyana qədər bəlkə iki ox atacaq qədər zaman keçdi. Ka­mana təkrar bir ox yerləşdirərək bir az irə­li­lədim. Yanımdakı üç adam bir az geridə qaldı.

Qarşımdakı iki adamdan biri Tənbəl imiş, o da bir az irəli yürüdü. Ara­­­mız­da böyük bir yol vardı. Mən bu tərəfdən, o da qarşı tərəfdən yola gi­rərək yol üzə­rin­də qarşılaşdıq. Mənim sağ tərəfim düşmənə, Tənbəlin sağ tərəfi isə bizə çevril­mişdi. Tənbəlin at zirehindən başqa hər silahı tamamdı, mə­nimsə oxdanımla qı­lın­­cımdan başqa heç bir silahım yoxdu. Əlimdəki oxu atıb onun qalxanıyla ox qabını bir-birinə tikdim. Bu vəziyyətdə ikən onun oxu sağ buduma sancıldı. Ba­şımda dəbilqə vardı, Tənbəl başıma vurdu. Ba­şım qılınc zərbəsindən sərsəmləşdi (l07 b). Dəbilqənin bir teli belə qopmadı, lakin başımda dərin bir yara açıldı. Qılın­ca əl ata bilməmişdim, qınında idi, lakin çıxarmağa vaxt qalmadı. İzdihamlı düş­mən içində tək başıma qalmış­dım, gözləmə zamanı deyildi və yüyəni çevirdim. Bir qılınc zərbəsi də ox­dandakı oxlarıma dəymişdi. Yeddi-səkkiz addım geri dön­müşdüm ki, üç adam piyada olaraq mənə qoşuldu. Tənbəl məndən sonra Dost Nasirə də qı­lıncıyla hücum etmişmiş.

Bir ox atımı qədər dalımızca gəldilər.

Xaqan arxı böyük bir çaydır və dərindir. Hər yerindən keçilməz. Allah rast gə­tirdi və birbaş bu arxın bir keçidinə gəldik. Dost Nasirin atı bir az zəif idi, arxı ke­çən kimi yıxıldı. Durub onu ata mindirdik və Xarabuq ilə Fərqanə arasındakı təpə üzərindən Oşa doğru getdik. Bu təpəyə çıxanda Məzid Ta­ğayi də gəlib bizə qoşul­du. Onun da sağ ayağına, dizindən bir az aşağıya bir ox dəymişdi. Düzdür, dəlib keçməmişdi, ancaq Oşa gələnə qədər çox əziy­yət çəkdi.

Bu çarpışmada mənim yaxşı adamlarım həlak oldular. Nasir bəy, Mə­həm­məd Əli Mübəşşir, Xoca Məhəmməd Əli, Xosrov Göyəldaş və Numan Çöhrə bura­da öldülər. İgidlərdən də xeyli adam vuruldu.


BABURUN XAN DAYILARI İLƏ GÖRÜŞMƏSİ
Xanlar Tənbəlin arxasından gəlib Əndican civarına endilər. Böyük xan qo­ru­ğnun yanında (108 a) nənəm İsən Dövlət bəyimə məxsus Qoş-Ti­girmən adlı ba­ğa, kiçık xan isə Baba-Təvəkkül təkkəsinin yaxınına endi. İki gün sonra Oşdan gə­lib böyük xanı Qoş-Tigirməndə gördüm.

Xan o zaman mənim idarəmə girmiş olan yerləri kiçık xana vermişdi. Bəha­nə olaraq da mənə belə dedi: «Şeybani xan kimi bir düşmən Sə­mərqənd kimi bir şəhəri alıb böyüməkdədir. Bundan dolayı da kiçık xanı nə qədər uzaq yerdən gə­tirt­mişik. Burada barınacaq yeri yoxdur, öz vilayətləri uzaq­dadır. Başda Əndican olmaq üzərə Xocənd çayının güney tərəfindəki vila­yətləri kiçık xana vermək la­zımdır ki, orada yurdu olsun». Sonra da baş­da Axsi olmaq üzərə Xocənd çayının şimal tərəfindəki vilayətləri mənə ver­məyi vəd etdi və buranın işi bittikdən sonra Səmərqənd vilayətini də alıb mənə verəcəklərini əlavə etdi. Ondan sonra Fərqanə bütünlüklə kiçık xanın olacaqmış. Hər halda bu sözlər məni qandırmaq üçün de­yirdi. Bu işlər ol­duqdan sonra nə olacağı bəlli deyildi. Çarəsizlik üzündən istər-istəməz razı oldum.

Böyük xanın hüzurundan çıxıb ata minərək kiçık xanı görməyə get­diyim za­man Sallax deyə bilinən Qənbər Əli bəy mənə yaxınlaşdı və dedi: «Gördünüzmü, bugün mövcud vilayətləri aldılar. Bunlarla sizin işiniz irəli getməz. (108 b) Oş, Mərginan, Özgənd və idarənizə girmiş olan vilayət və əhali hələ əlinizdədir. Dər­hal gedib Oşa girərək kurqanları qapayın, Sultan Əhməd Tənbələ adam göndərib barışaraq moğolu vurub çıxarın və vila­yət­ləri iki qardaş paylaşın».

Mən də belə dedim: «Bu, mümkün deyil, xanlar mənim öz qohumla­rım­dır. Bun­lara xidmət etmək, Tənbələ padşahlıq etməkdən daha yaxşıdır». Qən­bər Əli bəy sözünün təsir etmədiyini görüncə peşman olub geri qayıtdı.

Gedib kiçık xan dayımı gördüm, ilk görüşümüzə onun xəbəri olmadan get­miş­dim, kiçık xan atdan enməyə macal tapmamış və biz xüsusi ehtiram olmadan görüşmüşdük. Bu dəfə bir az yaxınlaşınca qaçaraq çadır iplərinin yanına qədər çıx­dı. Ayağımdakı ox yarası üzündən əsaya söykənərək çətin­liklə yeriyirdim. Gə­lib mənimlə görüşdü, «Qardaşım, qəhrəman­sı­nızmış» deyə əlimdən tutdu və kömək edərək çadıra götürdü. Çadır bir az kiçık idi. Əyalətdə böyüdüyü üçün çadırı və yaşayış yeri səliqə­siz və qa­zaxlarınkı kimi idi. Qovun, üzüm və at ləvazimatı elə ça­dırının içində idi.

Kiçık xanın hüzurundan çıxıb öz qərargahıma gəldim. Xan yarama bax­ması üçün Atikə bəxşi adlı bir moğol cərrahını göndərmişdi. Moğollar yaxşı cərraha da bəxşi deyirlər. Atikə bəxşi cərrahlıqda fövqəladə mahir idi. İn­sanın beyni (109 a) çıxsa, müalicə edir, hər cür yara üçün köklərdən dər­hal bir dərman düzəldirdi. Bəzi yaralara mər­həm kimi dərman qoyur, bə­zilərinə də yemək üçün bir dərman verirdi.

Mənim budumun yarasına yandırılmış yun sürtməmi söylədi, fitil qoy­madı. Bir dəfə də kök kimi bir şey yedirtdi. Özünün dediyinə görə, bir dəfə birinin aya­ğının incə sümüyü qırılıb dörd barmaq qədər yeri tamamən parça-parça olmuşdu. Ətini yarıb sümüklərini tamamən çıxararaq yerinə dərmanı toz halında qoymuş və o dərman sümüyü əvəz etmişdi. Belə qəribə şey­lərdən çox danışdı. Vilayət cərrah­ları belə şeylər etməkdən acizdir.

Üç-dörd gün sonra Qənbər Əli söylədiyi sözlərdən xoflanaraq qaçdı və Ən­dicana getdi.


BABURUN AXSİ ÜZƏRİNƏ GÖNDƏRİLMƏSİ
Bir neçə gün sonra xanlar ittifaq edib Əyyub Bəyciyi tüməniylə, Can Həsən Barini barin tüməniylə və Sarıqbaş Mirzəni də çərikbəyi təyin edərək iki min qə­dər adamı­ yanıma qatıb məni Axsi tərəfinə göndərdilər.

Axsidə Tənbəlin kiçık qardaşı Şeyx Bəyazid bəy və Kasanda isə Şahbaz Karluq olurdu. O günlərdə Şahbaz gəlib Nevkənd kurqanının önün­də yer­ləş­miş­di.

Biçratanın qarşısından Xocənd çayını keçib Nevkəndə Şahbazin üzə­rinə axın etdik. Sabahdan bir az öncə Nevkəndə yaxınlaşanda (109 b) bəylər belə ərz etdilər: «Bu adam gəlişimizdən mütləq xəbər tutub, səfləri pozma­dan aydınlıqda getməmiz daha uyğun olar». Bir az yavaş yürüdük. Şahbazın xəbəri yoxmuş. Biz Nevkəndə yaxınlaşdığımız vaxt eşidib, tez qaçıb kur­qana girmişdi. Buna bənzər şeylər çox olur. Düşmən xəbərdar olmuşdur de­yə düşünənlər fürsəti qaçırırlar. Təcrübə bunu təsdıq edir. Deyirlər ki, iş qa­pıya gələndə qeyrət və diqqətdə qüsura yol vermək olmaz, son­rakı peş­man­lıq fayda verməz.

Dan ağarırkən kurqan ətrafında kiçık bir çarpışma oldu, lakin ciddi bir savaş olmadı. Sonra axın üçün Nevkənddən dağlara doğru, Bişharan tərəfinə getdik. Şahbaz Karluq fürsəti qənimət bilib Nevkəndi buraxdı və qaçıb Ka­sana getdi. Biz də qayıdıb Nevkəndə yerləşdik.

O günlərdə əsgərlər ətrafa bir neçə dəfə axın etdilər. Bir dəfə Axsinin kənd­­lərinə və bir dəfə də Kasana axın edildi. Şahbaz və Uzun Həsənin Mi­rim adlı oğullu­ğu onlara qarşı çıxdı, savaşdılar və yenildilər, Mirim orada öl­dü.

Axsinin möhkəm kurqanlarından biri də Bab kurqanıdır. Kurqan­dakı­lar Bab kurqanını qapadıb bizə adam göndərdilər. Seyid Qasım bir neçə igidlə birlikdə ora­ya göndərildi. (110 a) Onlar Axsinin yuxarı tərəfindəki kəndlərinin qarşısından çayı keçib Bab kurqanına girdilər.

Bir neçə gün sonra qəribə bir hadisə oldu. O günlərdə İbrahim Çapıq Tağayi, Əhməd Qasım Kuhbər və Qasım Xatikə Arğun Axsidə [Əhməd Tən­bəlin kiçık qar­daşı] Şeyx Bəyazidlə birlikdə olurdular. Tənbəl bu bəhs edilən adamlara iki yüzə qədər seçmə igid qoşaraq bir gecə ansızın Bab kur­qanı üzərinə göndərir.

Seyid Qasım qəflətə düşərək ehtiyat tədbirləri görməmişdi. Bunlar kur­­qana varıb nərdivanla yuxarı çıxaraq qapını ələ keçirir və xəndək kör­püsünü endirib yetmiş-səksən yaxşı silahlı igidi kurqana buraxırlar. Seyid Qasım ancaq o zaman bundan xəbər tutur. Gecə köynəyiylə qalxıb yanın­dakı beş-altı adamla birlikdə ox ataraq, vura-vura bunları dışarı çıxarır. Bir neçə adamın da başını kəsib göndərdi. Bu hadisədəki kimi bu cür qəflətə düş­mək komandanlıq baxımından çox böyük bir qəba­hət olsa da, az adamla silahlı bir çox igidi uğurla vurub çıxarmaq da bö­yük bir cəsarətdir.

Bu arada xan dayımlar Əndican kurqanının mühasirəsi ilə məşğul idi­lər. Kur­qan əhalisi onları kurqana yaxınlaşmağa qoymurdu. İgidlər at üzə­rin­də dışarı çıxıb vuruşdular.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin