ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə10/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

SƏRPÜL MEYDAN MÜHARİBƏSİ
Mənim Səmərqəndi aldığım zaman yanımda iki yüz qırx təcrübəli ada­mım (88 a) vardı. Beş-altı ay içində böyük Allahın yardımıyla sayıları o qədər artdı ki, Şey­bani xan kimi bir adamla, bir az sonra bəhs edəcəyim ki­mi, Sərpüldə bir meydan mü­haribəsi elədik.

Ətrafdakılardan və xandan [Baburun dayısı Sultan Mahmud xan] dörd və ya beş yüzə qədər adamla birlikdə Əyyub Bəycik, Qaşqa Mahmud və ba­rin­lər köməyə gəl­mişdi. Cahangir Mirzədən yüz və ya iki yüz adamla birlik­də Tənbəlin kiçık qar­daşı Xəlil də köməyə gəlmişdi.

Şeybani xanın etdiklərini və davranışlarını ən yaxşı bilən Sultan Hü­seyn Mir­zə kimi təcrübə sahibi bir padşahdan köməyimə heç kim gəlmədi. Bədiüzzaman Mirzədən də heç kim gəlmədi. Xosrov şah isə qorxudan adam göndərmədi, çünki yuxarıda bəhs edildiyi kimi, o, bu ailəyə çox pisliklər eləmişdi və bizdən möhkəmcə qorxurdu.

Şəvval ayında [=1501 aprel-may] Şeybani xan ilə savaşmaq niyyətilə hərəkət edərək Baği-nova çıxdım. Əsgər toplamaq və hazırlıq üçün burada beş-al­tı gün qal­dım. Oradan hərəkət edib bir neçə dəfə dincəldikdən sonra Sərpüldən keçərək ordu­gah qurduq. Ordugahın çevrəsini başdan-başa paya (88 b) və xəndəklər vasitəsilə qo­runaqlı bir hala gətirdik.

Şeybani xan da digər tərəfdən gəlib Xoca-Kardzən ətrafına endi. Ara­mız təx­minən bir ağacdı. Dörd-beş gün burada oturduq. Bizim adamlarımız və düşmənin adamları hər gün qarşı-qarşıya gəlib oxla vuruşurlardı. Bir gün düşmənin adamı bir az artıq izdihamla gəldi, xeyli müharibə oldu, lakin heç bir tərəf o birinə dov gələ bil­mədi. Bizim bir alay qədər adamımız çabucaq qa­yıdıb xəndəyə girmişdi. Bəziləri bu­­nun Seydi Qara bəyin alayı olduğunu söylədilər. Seyd Qara bəy sözünün əri olsa da, qılıncı bir az zəif idi.

O günlərdə Şeybani xan bir dəfə gəlib gecə basqıni elədi. Əsgərlərin ətrafı ağac maneələr və xəndəklə möhkəmləndirilib qorunaqlı hala gətiril­mişdi. Ona görə də düşmən heç nə edə bilmədi. Yalnızca xəndəyin o üzün­dən qışqıraraq bir az ox atıb geri dön­dü.

Mən müharibənin sürətləndirilməsini istəyirdim. Qənbər Əli də qeyrət edirdi. Baqi Tarxan min-iki min silahlı adamla Keşə enmiş və bir-iki günə qədər bizə qo­şulacaqdı. Seyid Məhəmməd Mirzə Duğlat da xan dayım tərə­findən köməyə gələrək min və ya min beş yüz adamla (89 a) Diyula enmiş­di, bizdən dörd ağac məsa­fədə idi və sabahadək bizə qatılacaqdı. Belə bir du­rumda müharibəni sürətləndirdik və vu­ruş­duq.

Be tündi səbk dəst bərdən be tiğ,

Be dəndan kəzd pəşt dəst diriğ1.

Hiddətlə əlini dərhal qılınca atan

Peşman olaraq əlinin arxasını dişləyər.

Mənim tələsməyimin səbəbi bu idi: müharibə günündə Zöhrə ulduzu arada idi. O gün sovuşsa, Zöhrə ulduzu2 on üç-on dörd gün qədər düşmənin arxasında olacaq­dı. Lakin bu düşüncələr yersiz imiş və lüzumsuz tələskənlik edilmiş.

Bir sabah müharibə niyyətilə silahlanaraq atlarımıza zireh taxdıq, sağ və sol qol­ları, mərkəz və irəli qol səflərini nizamlayaraq hərəkətə keçdik. Sağ qolda İbra­him Saru, İbrahim Cani, Əbülqasım Kuhbər və digər bəzi bəy­lər; sol qolda Məhəm­məd Məzid Tarxan, İbrahim Tarxan, Səmərqənd bəy­lərindən Sultan Hüseyn Arğun, Qara Barlas, Pir Əhməd və Xoca Hü­seyn, mərkəzdə Qasım bəy və bəzi yaxın içkilər; irəli qolda isə Qənbər Əli Sallax, Bəndə Əli, Xoca Əli, Mirşah Koçin, Seyid Qasım eşik-ağa, Bəndə Əlinin kiçık qardaşı Haldar və Qasım bəyin oğlu Qoç Heydər dur­muşdular. Di­gər mövcud yaxşı igidlərin və içkilərin hamısı də irəli qola daxil edil­mişdi.

Bizim səf halında hərəkətə keçməmizlə birlikdə düşmən da qarşı tə­rəfdən (89 b) səf halında qabağımıza çıxdı. Düşmənin sağ qolunda [Şey­bani xanın kiçık qardaşı] Mahmud Sultan, [Şeybani xanın bacısı oğlu] Cani bəy Sultan və [Şeybani xanın oğlu] Teymur Sultan, sol qolunda Həmzə Sul­tan, Mehdi Sultan və digər bəzi sultanlar du­rurdular.

Səflər bir-birinə yaxınlaşanda düşmənin sağ qolunun başı bizim arxa­mıza doğ­­ru yürüdü. Mən də üzümü onlara çevirdim. İrəli qolumuz isə -bü­tün təcrübəli və yaxşı qılınc çalan igidlərimiz irəli qola daxil idi- sağ tərə­fimizdə qaldı. Önü­müz­də heç adam qalmadı. Buna baxmayaraq bizə doğru gələn adamları vurub çevirərək mərkəzə sıxışdırdıq, iş artıq o dərəcəyə gəldi ki, Şeybani xanın bəzi yaşlı və böyük adamları «yürümək lazımdır, durmaq za­manı keçdi» demişlər, lakin o olduğu yerdə qalmışdı. Düşmənin sağ qolu bizim sol qolumuzu yenərək arxamıza doğru yürüdü. İrəli qol da sağ tərə­fi­mizdə qalınca önümüz açıq qaldı. Düşmən arxadan və öndən sı­xışdıraraq ox atmağa başladı.

Köməyə gəlmiş moğol əsgərlərinin savaşmağa heç niyyətləri yoxdu. Savaş­maq bir yana, bizim öz əsgərimizi yağmalayıb atdan salmağa başla­dı­lar. Yalnız bu­rada deyil, bədbəxt moğolun (90 a) adəti daima belədir. Qalib gəlsə də qənimət (ol­ca) alır, məğlub da olsa öz elini yağmalayıb qənimət alır.

Önümüzdəkilər neçə dəfə şiddətli şəkildə hücum etsələr də, hər dəfə onları ge­­ri oturt­duq. Önümüzdən bizi xeyli sıxışdırdılar. Arxamıza keçən adamlarsa gəlib bizim alaya ox atmağa başladılar. İrəlidən və arxadan sıxış­dıraraq əsgərimizi bir az sarsdı­lar. Özbəklərin savaşdakı böyük hünəri bu çe­virmə (tolğama) hərəkətidir. On­ların heç bir savaşı tolğamasız olmaz. Başqa bir hünərləri də budur ki, irəlidə və ar­xada bəy və nəfərlərin hamısı ox ataraq dördnala gəlir və döndükləri zaman da top­lu halda dördnala geri çəkilirlər.

Mənim yanımda on-on beş adam qalmışdı. Kuhək çayı yaxındı. Sağ qo­lun bir ucu çaya varmışdı. Biz də çaya doğru yürüdük. Çayın suyunun çə­kildiyi günlər idi. Çaya çatınca zirehli bir halda suya girdik. Çayın yarı­sın­dan çoxunu yürüyərək keç­dik. Qalan qismi dərindi. Bir ox atımı qədər ye­ri atları zirehli halda üzdürərək keç­dik. Suyu keçəndən sonra zirehləri at­dıq.

Suyun şimal tərəfinə keçincə düşmənin (90 b) təqibindən qurtulduq, lakin bu­ra­da da dağınıq adamlarımızı atdan salıb soyanlar bu uğursuz mo­ğol­lardı. İbrahim Tarxanı və başqa bir çox igidi moğollar yağmalayıb, at­dan salıb tələf etdilər.

Kuhək çayının şimal tərəfindən gəlib Külbə civarından keçdik, iki na­maz ara­sı Şeyxzadə darvazasından girərək ərkə gəldim.

Böyük bəylər, yaxşı igidlər və bir çox adam bu müharibədə tələf oldu. Burası qəribədir ki, bu savaşda İbrahim adlı üç böyük bəy, yəni İbrahim Tar­xan, İbrahim Saru və İbrahim Cani həlak oldu. Qasım bəyin böyük oğlu Əbül­qasım Kuhbər, Xu­daverdi Tuğçu, əvvəlcə də haqqında bir neçə dəfə bəhs edilən Sultan Əhməd Tənbə­lin kiçık qardaşı Xəlil də bu savaşda öldü.

Bəylərin bir qismi müxtəlif yönlərə qaçdılar. Bunların arasında Mə­həm­­məd Mə­zid Tarxan Hisar və Qunduz tərəfinə Xosrov şahın yanına getdi. Qənbər Əli Sal­lax moğol da çox inayət etdiyimiz bəylərimizdən idi və bu qədər inayət gördüyü hal­da belə bir zamanda sadiq qalmayıb Səmərqənddən köçünü də alaraq Xosrov şahın yanına getdi. (91 a) İçki və igidlərdən bəzi­lə­ri də, məsələn, Kərimdad Xuda­dad Türkmən, Canikə Göyəldaş və Molla Baba Pəşağari Ura-Təpə tərəfinə getdilər. O za­manlar Molla Baba xidmətdə deyildi, yalnızca qonaq olaraq yanımızda idi. Bəzi­ləri bizimlə bir­likdə Sə­mərqəndə girdilər. Bunların arasında Şirim Tağayi və adam­ları da vardı.

Məsləhətləşərək həyatı və ölümü Səmərqənd kurqanının içində görüb kurqanı gücləndirməyə qərar verdik. Anamla birlikdə böyük və kiçık bacı­la­rım da kurqanda ol­duqları halda Şirim Tağayi öz köçünü, ailəsini və adam­larını şəhərdən çıxarıb Ura-Təpəyə göndərdi. Özü kurqanda tək başına, yal­nızca bir neçə adamıyla qaldı. O, tək­cə bu dəfə deyil, belə çətin vəziyyət­lər­də həmişə zəiflik və sədaqətsizlik göstərmiş­dir.
BABURUN SƏMƏRQƏNDDƏ ŞEYBANİ XAN

TƏRƏFİNDƏN MÜHASİRƏYƏ ALINMASI
Ertəsi sabah Xoca Əbülməkarimi, Qasım bəyi, bəyləri, içkiləri və di­va­na çağ­rılacaq bütün igid­ləri dəvət etdik, məsləhətləşdik, kurqanı güclən­dirməyə, hə­yatı və ölümü kurqanın içində görməyə qərar verdik. Mən, Qa­sım bəy, ətrafım­­da­kı içki və igidlər ehtiyat qüvvətləri idik. Onun üçün şəhə­rin ortasında Uluğbəy Mirzənin məd­rəsəsinin damının üstünə (91 b) ağ bir çadır qurduraraq otur­dum. Di­gər bəylərə və igidlərə isə darvazalarda və ət­rafdakı divarlarda postlar tapşırıldı.

İki-üç gün sonra Şeybani xan gələrək kurqanın bir az uzağına endi. Mə­həllə və kəndlərin avam təbəqəsi bölük-bölük toplanaraq, salavat gətirib mədrəsə qapısı­na gəli­r və çarpışmaya çıxırdılar. Şeybani xan bunlara qarşı hə­rəkətə keçir, lakin kur­­qanın yaxınına gələ bilmirdi. Bir neçə gün bu şə­kildə keçdi. Ox və qılınc yarası görməyən, nizamlı bir meydan mühari­bə­si­nin və qarşılıqlı çarpeşmanın nə olduğu­nu bilməyən qara camaat bu du­rum­dan cəsarət alaraq daha uzaqlara çıxmağa başla­dı. Təcrübəli igidlər onların belə faydasız çıxışlarının qabağını almaq istəyəndə onlara həqarət eləməyə başladılar.

Bir gün Şeybani xan Ahənin qapısı tərəfinə hücum etdi. Qara camaat cəsarət al­dığı üçün hər zamanki kimi cürətkarlıq göstərərək ona qarşı uzağa çıxdı. Onla­rın arxasından bəzi igidlərlə süvari bölüyü çıxardım. Üşdür-Gər­dən tərəfinə göyəldaş­lardan və yaxın içkilərdən Noyan Göyəldaş, Qul Nəzər Tağayi, Məzid [Tağayi] və digər bir çoxları da çıxmışdı. Orada bir-iki özbək (92 a) bunların üstünə at sürdü və Qul Nəzər ilə qılınc-qılınca gəldi. Özbək­lər atdan endilər, şəhərin qara camaatını sı­xşdırıb qovaraq Ahənin darva­za­sına tıxdılar.

Qoç bəy ilə Mirşah Koçin isə Xoca Xızır məscidinin yanında qaldılar. Pi­yada­lar qovulduqdan sonra düşmənin irəlidəki atlıları Xoca Xızır məs­ci­dinə doğru top­lu bir həmlə etdilər. Qoç bəy bu irəliləyən özbəklərə qarşı çı­xa­raq çox yaxşı çarpışdı və böyük şücaət göstərdi. Bütün xalq bunlara baxıb durur, qaçanlar da qaçmağa davam edirdilər. Artıq ox atıb müqavimət et­məyin zamanı keçmiş kimiydi. Mən qapının üzərindən navək1 atırdım və ya­nımdakıların bəziləri də ox atırdılar. Özbəklər yuxa­rı­dan atılan oxlar üzün­dən Xoca Xızır məscidindən daha irəli gedə bilmədilər və ge­ri qayıtdılar.

Mühasirə boyu kurqan divarı üzərində hər gecə gəzirdik. Bəzən mən, bəzən Qasım bəy, bəzən də bəylərdən və içkilərdən biri dolaşırdı. Firuzə dar­vazasından Şeyx­zadə darvazasına qədər divar üzərində atla da gedilə bi­lirdi. Digər yerlərdə isə ancaq pi­yada (92 b) getmək mümkün idi. Bəziləri pi­yada dolaşırdılar və bir dövrə vurana qədər sabah olurdu.

Bir gün Şeybani xan Ahənin darvazası ilə Şeyxzadə darvazası arasına hücum etdi. Mən ehtiyatdaydım və müharibə orada olduğu üçün oraya gəl­dim. Qazuristan darvazası ilə Suzəngəran darvazası tərəfindən qorxumuz yox idi. O gün Şeyxzadə darvazası üstündən bir yüz başının atını navək oxu­yla dəqiq vurdum, dərhal öl­dü.

O ara düşmən bizi çox sıxşdırdı və Üşdür-Gərdən tərəfində divarın di­binə qə­dər gəldi. Biz burada savaşarkən, o tərəfdən tamamən qafil idik. Düş­mən iyir­mi beş- iyirmi altı nərdivan hazırlamış və hər nərdivanın eni iki-üç adamın yan-yana çı­xa biləcəyi qədər imış. Yeddi və ya səkkiz yüz yaxşı igi­di də bu nərdivanlarla Qa­zu­ris­tan darvazası ilə Suzəngəran darvazası qarşı­sında pusquda yerləşdirmiş və son­ra da digər tərəfdən hücum etmişlər. Əs­gə­rin hamısı bu tərəfdə çarpışmaqla uğ­ra­­şar­kən o postun boş qaldığı bir əs­nada pusqudakılar gizləndikləri yerdən çı­xıb (93 a) qa­ça-qaça bu nərdi­van­ları iki darvaza arasında, Məhəmməd Məzid Tar­xanın həyəti­nin qarşı­sına tuş gələn divara qoymuşlar. Ora Məhəmmədqulu Ko­çin ilə di­gər bəzi bəylərin postu idi və bu bəylər Məhəmməd Məzid Tarxanın həyə­tində idi­lər. Su­zən­­gəran darvazası Qara Barlasın postu, Qazuristan darva­za­sı isə Şirim Tağa­yi ilə böyük və kiçık qardaşlarının və Qutlu Xoca Göyəldaşın postu idi. Çar­pış­malar baş­qa tərəfdə meydana gəldiyi və postdakılar bu işdən xə­bərsiz ol­duqları üçün adam­ları da işlərini-güclərinə görmək üzrə evlərinə və ya ba­za­ra da­ğılmışdılar. Am­ma post bəyləri və qara camaatdan bir neçə adam öz yer­­lərində qalmışdı.

Qoç bəy, Məhəmmədqulu Koçin, Şah Sufi və digər bir igid onlara qar­şı çıxıb şü­­caət göstərdilər. Düşmənlərin bəziləri artıq divar üstünə çıxmışdı, di­gər­ləri də çıx­maqdaydı. Bu dörd adam qoşaraq yetişdilər və vuruşaraq düş­məni di­var­dan aşa­ğı düşürüb qaçırdılar. Aralarında ən yaxşı Qoç bəy çar­pışdı. Qoç bəyin xoşa gələn iş­lərindən biri də bu idi. Bu mühasirədə onun iki yaxşı əməli göründü.

Qara Barlas da Suzəngəran darvazası qərargahında tək qalmışdı, an­caq möh­kəm dayandı. Qutlu Xoca Göyəl­daşla Qul Nəzər Mirzə Qazuristan dar­vazasının ya­­­nındakı postda durmuşdular. Onlar da adamlarının az olma­sına baxmayaraq düş­mənə qarşı yaxşı ox atdılar.

Bir dəfə Qasım bəy igidləri başına yığıb özbəkləri Suzəngəran darva­za­sın­­dan Xoca Kəfşirə qədər sürdü, onlardan bir neçəsini ələ keçirib başla­rını kəsərək geri gəldi.

Taxıl yığımı zamanı idi, lakin heç kim yeni məhsulu toplaya bilmirdi. Mü­­ha­­sirə günləri uzandı. Əhali çox sıxıntı çəkdi. İş o həddə çatdı ki, kasıb­lar və mis­kin­lər it və eşşək əti yeməyə başladılar. Atların yemi də qurtardı. At­­lara ağac yar­pağı verilirdi. O zaman qazanılan təcrübədən anlaşıldı ki, at­lar üçün tut yarpağı ilə qaraağac yar­pağı bütün yarpaqlardan daha yaxşıdır. Bəziləri isə quru ağac­ları rəndələyərək yonqarını suda isladıb atlara verir­dilər.

Üç-dörd ay boyunca Şeybani xan kurqana yaxınlaşmadı, uzaqdan ətrafın­da do­laşıb durdu. Bir gecə heç gözlənməyən bir vaxtda gecə yarısına yaxın Firuzə dar­vazası tərəfinə gəlib davullar çalaraq savaş nərələri atdılar. Mən mədrəsədə (94 a) olurdum. Fövqəladə bir təlaş və qarışıqlıq oldu. Ondan son­ra da hər gecə gəlib davullar çalaraq, savaş nərələri atıb gurultu qoparır­dılar.

Mən ətrafa və civara nə qədər elçilər və adamlar göndərsəm də, heç kim­­dən kö­mək və yardım gəlmədi. Qüvvətli olduğumuz və heç bir ehtiyacı­mız olmadığı za­manlarda bizə yardım etməmiş olanlar belə bir zamanda heç köməyə gələrlərmi? Onlardan gələcək yardıma bel bağlayaraq qalanı qo­ru­maq mümkün deyil. Bir ata­lar sözü vardır: bir kurqanı gücləndirmək üçün bir baş, iki qol və iki ayaq lazım­dır. Baş sərkərdə, iki qol iki tərəfdən gələ­cək imdad və yardım, iki ayaq isə kur­qanın suyu və ərzağıdır.

Biz ətrafdakılardan imdad və yardım gözləyirdik, onların hər biri baş­qa bir fikirdə idi. Sultan Hüseyn Mirzə kimi cəsur və təcrübə sahibi bir pad­şah belə bizə yardım etmədiyi, hətta mənəvi yardım olaraq tək bir elçi gön­dər­mədiyi halda mü­ha­sirə zamanı Şeybani xana elçi olaraq Kəmaləddin Hü­seyn Qazürgehini göndərdi.

Tənbəl Əndicandan Beşkənd civarına gəldi. [Sultan Mahmud] xan isə Əh­məd bəyi və yanındakılalı Tənbələ qarşı qoydu. Bunlar Ləkləkan (94 b) və Türək çarbağı civarında qarşılaşdılar, lakin çarpışma olmadan ayrıl­dılar.

Sultan Mahmud xan savaş adamı deyildi. Sipahilikdən tamamən bixəbər idi. Tənbəl ilə qarşılaşdığı zaman xan qorxaq sözlərə və hərəkətlərə yol verir. Əhməd bəy qaba, lakin cəsur və sadiq bir adamdı. Çox sərt danı­şırdı. O deyir ki: «Bu Tən­bəl necə bir adamdır ki, bu qədər təlaş və tərəddüd göstərirsiniz. Gözünüz qor­xur­sa, gözünüzü bağlayıb yürüyək və qarşılaşaq».

FƏRQANƏ - 907 (17 İYUL 1501 - 7 İYUL 1502)
DOQQUZ YÜZ YEDDİNCİ İLİN HADİSƏLƏRİ
Mühasirə uzandı. Heç bir tərəfdən nə ərzaq, nə də kömək gəlmədi. Əs­gər və əhali ümidsizliyə düşərək bir-bir, iki-iki kurqanı qoyub qaçmağa baş­ladı. Şeybani xan əhalinin acizliyini anlayaraq gəlib Qari-aşiqan civarın­da lövbər saldı. Mən də Şeybani xanın qarşısına, Quyi-Payəndə yerləşən Mə­lik Mə­həm­məd Mirzənin ev­inə gəldim.

O günlərdə Uzun Həsənin qardaşı Xoca Hüseyn [bəy] on-on beş ada­mı ilə bir­­likdə gəlib kurqana girdi. Daha öncə (95 a) bəhs edildiyi kimi, Ca­hangir Mir­zənin bizə düşmən olmasına və bizim Səmərqənddən çıxmamıza o səbəb olmuşdu. Bu giriş çox cəsuranə bir giriş idi.

Əsgərin və şəhər əhalisinin darlığı və sıxıntısı arttı. Yaxın və mötəbər adam­ları­mız belə divardan atlılaraq qaçmağa başladılar. Bəylərimizdən, ün­lü adamla­rı­mız­dan və əski silahdaşlarımızdan təkcə Şeyx Veys ilə Veys La­ğari qalmışdı, on­lar da qaçdılar. Mən və yanımdakılar ümidlərimizi itirdik. Heç bir tə­rəf­dən ümid qalmadı. Ərzaq və taxıl da azdı, olanı da tükəndi. Heç bir tərəfdən nə ər­zaq, nə də taxıl gəlmədi.
BABURUN SƏMƏRQƏNDİ TƏRK ETMƏSİ
Bu sırada Şeybani xan ortaya barış sözünü atdı. Əgər hər hansı bir tə­rəf­dən ümid olsa, ya da taxıl gəlsəydi, barış sözünə kim qulaq asardı. Zə­ru­rət hasil oldu və barışa bənzər bir şey bağlayıb gecə yarısı Şeyxzadə dar­va­za­­sın­dan çıxdıq.

Validəm xanımı yanımda götürdüm. Ondan başqa iki qadın çıxdı, biri Biçkə Xəlifə, digəri Minqli Göyəldaş idi. Böyük bacım Xanzadə bəyim bu çı­xışda Şey­ba­ni xanın əlinə keçdi.

Qaranlıq gecədə, Soğdun böyük kanalları arasında dolaşaraq yolu­muzu itirib min bir əziyyətlə sabah tezdən Xoca-Didardan keçib sübh nama­zına yaxın (95 b) Qarbuğ dağına dırmandıq. Qarbuğ dağının şimalından və Xudaq kəndinin aşağısın­dan İlanotuna doğru hərəkət etdik.

Yolda gedərkən Qənbər Əli və Qasım bəylərlə at yarışdırdıq. Mənim atım on­ları keç­di. Onların nə qədər arxada qaldığını görmək üçün geriyə bax­­­dım. Sən de­mə, tapqır boşalıbşmış. Yəhər çevrildi və başı üstə yerə düş­düm. Düzdür, dərhal qalxıb ata mindim, ancaq axşama qədər özümə gələ bil­­mədim. Bu dünya və baş ve­rən hadisələr gözümə röya və xəyal kimi gö­rü­nürdü.

Axşam, namazı vaxtında İlanotunda dayanıb bir at kəsdik və ətini şişə çəkib kabab elədik. Atlara bir az dinclik verib təkrar hərəkət etdik. Dan at­mazdan bir az əvvəl Xəliliyyə kəndinə gəldik. Oradan Dizəkə keçdik. O za­man Dizəkdə Hafİz Məhəmməd bəy Duldayın oğlu Tahir Dulday olurdu. Yağ­lı ətlər, xas çörəklər, şi­rin qovunlar və yaxşı üzümlər bol idi. O qədər sı­xıntıdan belə bolluğa və o qədər fəlakətdən belə rahatlığa qovuşduq.

Vəhmü üsrətdən əmanə tapdıq,

Yeni can, təzə cahanə tapdıq.

Ölüm vəhmi ürəkdən çıxdı, aclığın (96 a) şiddəti boğazımızdan dəf ol­du. Hə­yatımızda heç bu qədər istirahət etməmişdik, rahatlığın və bolluğun də­yərini bu qə­dər bilməmişdik. Sıxıntılı bir həyatdan sonrakı istirahət və çə­tinliklərdən sonra­kı hüzur daha şirin və daha yaxşı imiş. Daha sonra dörd-beş dəfə daha belə sıxın­tıdan rahatlığa, çətinliklərdən hüzura qovuşmuşuq, bu, ilki idi. Beləcə, düşmən bə­lasından və aclıq afətindən qurtularaq bolluq və istirahətə çatdıq. Üç-dörd gün Di­zəkdə istirahət etdikdən sonra Ura-Təpə tərəfinə hərəkət etdik.

Pəşağar yoldan bir az qıraqda yerləşirdi. Bir müddət orada qaldığım üçün ke­çərkən gedib kəndi seyr etdim. Burada uzun müddət anam xanımın xid­mə­tində olan Atuna rast gəldim. Biz oradan çıxanda yük heyvanı tapıl­ma­­dığı üçün Səmər­qənddə qalmışdı. Görüşüb hal-əhval tutdum. Səmərqənd­dən buraya piyada gəldi­yini dedi. Anam xanımın kiçık bacısı Xubnigar xa­nım fani dünyaya vi­da et­miş­miş. Bunu mənə və xanıma Ura-Təpədə xəbər verdilər. Atamın anası da Əndi­canda vəfat (96 b) edibmiş, bunu da burada söylədilər. Xanım xan dayımın vəfatın­dan bəri öz ana­sını, kiçık bacı və qar­daşları olan Şah bəyim, Sultan Mahmud xan, Sul­tan Ni­gar xanım və Dövlət Sultan xanımları görməmişdi. Onlardan ayrıla­lı on-üç-on dörd il olmuşdu. Onlan görmək üçün Daşkəndə getdi.

Mən də Məhəmməd Hüseyn Mirzə ilə danışaraq Ura-Təpənin kəndlə­rin­­dən Dihkət deyilən yerdə qışlamağa qərar verdim. Əşyaları Dihkətdə qo­yub bir neçə gün sonra Şah bəyimi, xan dayımı və digər qohumlarımı gör­mək üçün mən də Daşkəndə yola düşdüm. Gedib Şah bəyim və xan dayımla gö­rü­şərək bir neçə gün orada qaldım. Anamın doğma böyük bacısı Mehrini­gar xanım da Səmərqənddən gəl­di. Anam xanım xəstələndi, çox ağır bir xəs­tə­lik­di və çox böyük təhlükə atlatdı.

[Xoca Übeydullahin böyük oğlu] Xocakə Xoca həzrətləri də Səmər­qənd­­dən çıxmışdı və indi Fərkətdə yaşayırdı. Fərkətə gedib Xocanı gördüm.

Xan dayımın mənə diqqət və inayət edərək bir vilayət və ya bir tümən verə­cəyini ümid edirdim. Ura-Təpəni vəd etdi, ancaq Məhəmməd Hüseyn Mirzə (97 a) vermədi. Özü vermədi, yoxsa yuxarıdan bir işarəmi oldu, onu an­lamadım.

Bir neçə gün sonra Dihkətə gəldik. Dihkət Ura Təpənin dağ ətəklə­rin­dəki kəndlərindən biridir və böyük bir dağın ətəyindədir. Bu dağı keçincə Mə­siha vila­yəti başlayır. Əhalisi sartdır, kəndlərdə yaşayır və türklər kimi at və qoyun sürü­ləri bəsləyirlər. Dihkətin qoyunlarının qırx min qədər olduğu təxmin edilir.

Bu kənddə kəndlilərin evlərinə yerləşdik. Mən kənd muxtarının evinə düş­düm. Altmış-yetmiş yaşında bir adamdı. Lakin anası hələ sağ idi. Çox yaşlı bir qa­dındı, yüz on bir yaşındaydı. Teymur bəy Hindistana girdiyi za­man bu qadının qo­humların­dan biri də o səfərə qatılmışdı, onları xatırlayır və anladırdı. Yalnız Dih­kətdə bu qadının özündən doğulan oğlan və qızların, nəvə və nəvələrinin nəvə­lə­rin­dən doxsan altı adam hələ həyatda idi, ölən­lərlə birlikdə iki yüz adam sayır­dılar. Nəvəsinin nəvələrindən biri iyirmi beş-iyirmi altı yaşlarında şəvəsaqqal bir igid idi.

Dihkətdə olduğum günlərdə ətrafdakı dağları daima piyada gəzəərək seyr edir­dim. Çox zaman yalın ayaq (97 b) gəzirdim. Yalın ayaq gəzməkdən ayaqlarım o hala gəlmişdi ki, dağı-daşı hiss eləmirdim. Belə bir gəzinti za­manı bir gün ikindi namazıyla axşam namazı arasında dar bir yoldan bir adam bir öküzlə gedirdi.

«Görəsən, bu yol hara gedir?» dedim.

«Öküzə baxın, yolun hara çıxacağı məlum olana qədər gözlərinizi on­dan ayır­madan yürüyün» deyə adam cavab verdi.

Bu sözü eşidən Xoca Əsədullah «Gav güm şavəd, çe kar qunəm?»1 de­yə zara­fat etdi.

Bu qış sipahilərdən bəziləri qazaxlıqlarda bizimlə ola bilmədilər, Ən­di­cana getmək üçün izin istədilər. Qasım bəy də «Madam ki bu adamlar ora­ya gedirlər, Cahangir Mirzəyə özəlliklə öz paltarlarınızdan bir şey gön­də­rin» deyə israr etdi. Bir samur sərpuşumu göndərdim. Qasım bəy «Tənbələ də bir şey göndərin, nə olar» deyə təkrar israr etdi. Gərçi buna razı deyildim, lakin Qasım bəyin israrı ilə Noyan Göyəldaşın Səmərqənddə özü üçün dü­zəl­tdir­diyi böyük yastı qılıncı alıb Tənbələ göndərdim. Mənim başıma də­yən qılınc bax bu qılıncdı. Gələn ilin hadisə­lərində bundan bəhs ediləcəkdir.

Bir neçə gün sonra nənəm İsən Dövlət (98 a) bəyim köçü, ailəsi və adam­la­rıyla birlikdə gəldi. Mən Səmərqənddən çıxanda onlar orada qalmış­dılar.

Bu qış ortasında Şeybani xan Xocənd çayını buz üzərindən keçərək Şahru­xiyyə və Beşkənd civarına axın etdi. Bunu xəbər alınca adamlarımızın azlığına bax­mayaraq onlara qarşı hərəkətə keçdik. Xocəndin aşağısındakı kəndlərin və Həşt-Yəkin qarşısına doğru yürüdük. Şiddətli soyuq vardı. Bu civarda Ha-Dərviş rüzgarı əksik olmaz, daima şiddətli əsər. Soyuq o dərə­cə­də qüvvətli idi ki, bu iki-üç gün içində burada iki-üç adam soyuqdan ölmüş­dü. Mənə qqsl zərurəti hasil oldu. Sahilləri tamamən buz tutmuş, lakin axın­tının qüvvəsindən ortası buz tutmamış bir kanal su­yu vardı. Bu suya girib qüsl etdim və on altı dəfə suya daldım. Suyun soyuqluğu mənə güclü təsir et­di.

Ertəsi sabah Xocənd çayını Xəslar qarşısında buz üzərindən keçib ge­cə yarısı Beşkəndə gəldik. Şeybani xan Şahruxiyyə civarına axın edib geri qa­yıtmışdı.

O vaxt Beşkənd Molla Heydərin oğlu Əbdülmənnanın əlində idi. [Mol­­la Hey­dərin] ondan daha kiçık, Mömin adında bir oğlu da vardı, işə ya­ramaz və dərbədər bir adamdı. Mən Səmərqənddə ikən yanıma gəlmişdi və çox ina­yət etmişdim. No­yan Göyəldaş Səmərqənddə (98 b) ona qarşı necə pis rəf­tar etmişdisə, bu namussuz ona kin bağlamışdı.

Özbək axınçılarının geri qayıtdığı xəbəri gəlincə, xanın yanına adam göndə­rə­rək Beşkənddən qalxıb Ahəngəran kəndlərində üç-dörd gün qaldıq. Səmərqənddəki aşnalığa görə Molla Heydərin oğlu Mömin Noyan Göyəl­daş, Əhməd Qasım [Kuh­bər] və başqa bir neçə adamı ziyafətə dəvət etdi. Mən Beşkənddən gedəndə bunlar Beşkənddə qaldılar. Mömin bunlara bir uçu­rumun kənarında ziyafət vermişdi. Biz gəlib Ahəngəran kəndlərindən Sam-Sirək deyilən kənddə dayandıq. Sabah Noyan Göyəldaşın uçu­rumdan sər­xoşluqla düşüb öldüyü xəbəri gəldi. Noyanın öz dayısı Haqnəzəri bir ne­çə adamla oraya göndərdim. Bunlar gedib Noyanı düşdüyü yerdə axtarıb tap­dılar və Beşkənddə dəfn edib geri qayıtdılar. Noyanın ölüsünü ziyafət veri­lən yerdən bir ox atımı qədər yüksəkdə olan bir uçurumun dibində tap­mışlar. Bəziləri Möminin Səmərqənddəki kinini unutmayaraq Noyana qəsd etdiyini dü­şündülər. Doğrusunu bilən olmadı. Bu mənə çox pis təsir elədi. Çox az adamın ölümünə belə yanmışam. Bir həftə-on gün qədər sürəkli (99 a) ağ­ladım. Ölüm tarixi «Vəfat şod Noyan»1 («Noyan vəfat etdi») şəklində təsbit edildi. Bir neçə gün sonra qayıdıb Dihkətə gəldim.

Yaz gələndə Şeybani xanın Ura-Təpə üzərinə hücum etməsi xəbəri alındı. Dihkət düz yerdə olduğu üçün Abbürdən keçidiylə Məsiha dağlarına çıxdıq. Məsihanın ən aşağıdakı kəndi Abbürdəndir. Bu kənddən bir az aşa­ğıda bir çeşmə, onun da başında bir məzar vardır. Bu çeşmədən yuxarı tərəf Məsihaya, aşağı tərəf isə Pəl­ğərə aiddir. Bu çeşmənin başındakı və kəna­rındakı daşı qazaraq bu üç beyti yaz­dım:

Şenidəm ki, Cəmşidi-fərrux sirişt,

Ba sərçeşmə bər sənge nəvişt:
Bər in çeşmə çün ma bəsa dəm zədənd,

Birəftənd ta çeşm bərhəm zədənd.


Giriftəm aləm be mərdiyü zur,

Və leykən nəburdəm ba xud be gur1.


Eşitdim ki, xoşxasiyyət Cəmşid

Bir çeşmənin başındakı bir daşa bunları yazmış:
«Bu çeşmədə bizdən əvvəl bir çoxları nəfəs aldılar;

Sonra göz açıb yumuncaya qədər köcüb getdilər.
İgidlik və qüvvətlə dünyayı zəbt etdik,

Lakin onu özümüzlə birlikdə gora apara bilmədik.

O dağlıq bölgədə beytlərin və digər şeylərin daşa qazılması bir adət­dir.

Biz Məsihada ikən şair Molla Hicri Hisar tərəfindən gəlib mənə səda­qə­tini bil­­dirdi. Bu mətləni o günlərdə söyləmişdim:

Təkəllüf hər necə surət tutulsa, ondan artıqsan,

Səni can derlər, əmma bitəkəllüf candan artıqsan.

Bir rəsim nə qədər zəhmətlə çəksələr də sən daha gözəlsən,

Sənə can deyirlər, lakin sən, şübhəsiz, candan artıqsan.

Şeybani xan Ura-Təpə civarına gələrək bir az ortalığı qarışdırıb geri döndü. O, Ura-Təpə (99 b) üzərində ikən ailəmi Məsihada qoyub adam­la­rı­mızın az və si­lahsız olmasına baxmayaraq Abbürdən keçidindən aşdıq və sa­bah axşam yaxında olaq və fürsəti qaçırmayaq deyə Dihkət civarına gəl­dik. Şeybani xan tələsik geri qayıtdı. Biz də təkrar keçidi aşaraq Məsihaya gəl­dik.

«Belə dağdan-dağa, işsiz-gücsüz, vilayətsiz və yersiz gəzmək fayda­sız­dır. Xanın yanına Daşkəndə gedəkmi» deyə düşündüm. Qasım bəy buna ra­zı ol­madı. O, yuxarıda bəhs etdiyim kimi, nizamı qorumaq və hamıya dərs vermək üçün Qara­bulaqda üç-dörd moğolu öldürmüşdü. Ehtimal ki, bu üz­dən oraya getməyə tərəd­düd etdi. Bir az israr etdik, olmadı. O öz adamlarını, qardaşlarını, köçünü alıb Hi­sara yollandı.

Biz Abbürdən keçidindən aşaraq xanın yanına Daşkəndə yola düşdük. O sı­ra­da [Sultan Əhməd] Tənbəl qoşun çəkib Ahəngəran vadisinə gəldi. Əsgərlərinin arasında Məhəmməd Hisari adı ilə də tanınan Məhəmməd Duğ­lat kiçık qardaşı Sultan Hüseyn Duğlat və Qənbər Əli Sallax ilə ittifaq edib Tənbələ qəsd etmək fik­­­rinə düşür. Tənbəl bu xəbər alınca orada qalma­ya­raq qaçıb xanın yanına getdi.

Biz Şahruxiyyəyə gələn gün qurban bayramıydı [=16 iyun 1502], la­kin ora­larda yubanmadan keçib xanın yanına Daşkəndə getdik.

Bir rübai söyləmişdim. Qafiyəsinə dair tərəddüdüm vardı. O zaman şe­ir (100 a) sənətini o qədər öyrənməmişdim. Xan təb sahibi bir adamdı, şe­ir söyləyir­di, gərçi uğurlu qəzəli çox deyildi. Bu rübaini xana söyləyib tə­rəd­düdümü ərz et­dim. Lakin könlümün arzu etdiyi biçimdə açıq bir cavab ala bilmədim. Hər halda o da şeir sənəti­iı az incələmişdi. O rübai budur:

Yad etməz imiş kişini qürbətdə kişi,

Şad etməz imiş könlünü möhnətdə kişi,

Könlüm bu qəriblikdə şad olmadı, ah,

Qürbətdə sevinməz ərmiş, əlbəttə, kişi.

Sonra öyrəndim ki, türk dilində bəzən t-d, ğ-k və q bir-birinin yerinə iş­lənir.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin