ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə7/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   2   3   4   5   6   7   8   9   10   ...   39

UZUN HƏSƏN VƏ ƏHMƏD TƏNBƏLİN

ƏNDİCANI MÜHASİRƏYƏ ALMASI
[Səmərqəndi mühasirə üçün] hərəkətə keçdiyimiz zaman Əndicanda Əli Dost Tağayini, Axsidə isə Uzun Həsəni qoymuşdum. Daha sonra Xoca [Mövlana] qazı da [Əndicana] getmişdi. Səmər­qənddən gedən əsgərdən də xeyli igid vardı. Xoca [Mövlana] qazı mühasirənin başlanğıc günlərində mə­nə olan hörmət və ilgisi dola­yısıyla on səkkiz min qoyununu kurqandakı igidlərə və bizimlə olan igidlərin köç­lə­rinə payladı.

Mühasirənin davam etdiyi günlərdə anamdan, Xoca qazıdan və orada­kı ca­ma­atdan sürəkli olaraq bu məzmunda məktublar gəlirdi: «Bizi elə bir mühasirə et­mişlər ki, gəlib qurtarmasanız, axırımız pis olacaq. Səmərqənd Əndicanın qüvvə­siylə alın­mışdır. (53 a) Əgər Əndican əldə qalsa və Allah da rast gətirsə, Səmər­qəndi ələ keçirmək hər zaman mümkün olar». Bu kimi məktublar bir-birini təqib et­di.

O vaxtlar bir dəfə xəstələnmış və təkrar yaxşılaşmışdım. Lakin özümə bax­ma­dığım üçün xəstəliyim təkrarlandı. Özü də bu dəfə çox fəna xəstələn­dim və elə oldu ki, dörd gün qədər dilim tutuldu. Ağzıma pambıqla su da­mız­dırırdılar. Mə­nimlə birlikdə qalan bəylər və igidlər sağalmağımdan ümid­lərini kəsərək öz əndi­şələri ilə uğraşmaya başladılar. Belə bir zamanda bəylər yanlış hərəkət etdilər və elçi sifətilə gəlib fəsad sözlər gətirən Uzun Həsənin adamına məni göstərib sonra da getməsinə izin verdilər. Dörd-beş gün sonra bir az yaxşılaşdım, lakin dilimdə hə­lə bir ağırlıq qalmışdı. Bir ne­çə gün sonra tamamən özümə gəldim.

Anamgilin, yəni anam və nənəm İsən Dövlət bəyimin, eləcə də usta­dım və pirim olan Xoca Möv­lana qazı da belə məktublar yazıb bu qədər is­rar edincə, insan buna qarşı dura bilərmi? Rəcəb ayının [=1498 mart] şənbə günü Əndicana getmək üzrə Səmərqənddən çıxdıq. Bu dəfə (53 b) Sə­mər­qənd şəhərində yüz gün padşahlıq etmişdim.

Yenə bir şənbə günü Xocəndə çatdım. Kimsə o gün mənə Əndicandan gələn xə­bərləri çatdı­rarkən Əli Dost Tağayinin Əndican qalasını tam yeddi gün öncə, yə­ni bizim Səmərqənddən çıxdı­ğımız şənbə günü müxaliflərə təslim etdiyini söylədi.

Təfsilat belədir: xəstə yatdığım günlərdə Uzun Həsənin adamına məni gös­tərmiş, sonra isə get­məsinə izin vermişdilər. Müxaliflər də Əndican kur­qanının mühasirəsi zamanı gedib «Padşahın dili tutulmuşdur; ağzına pambıqla su damız­dırırlar» demiş və bunu Əli Dostun hüzurunda and içərək təkrarlamışlar. Əli Dost o əsnada Xaqan qapısında imiş, bunu eşidincə ira­dəsi pozulmuş, müxa­lifləri dəvət edib qarşılıqlı müqavilə ilə qalanı onlara təslim etmişdir. Halbuki kurqanda ərzaq və döyüşçü kifayət qədərdi. Bu, yalnızca o münafiq, nankor və səfil adamın cəsa­rət­sizliyi idi, ona söylənən söz­ləri bəhanə etmişdi.

Əndicanı aldıqdan sonra mənim Xocəndə gəldiyimi eşidərək Mövlana qazı­nı ərk qapısında və şərəfsiz bir şəkildə asıb şəhid etdilər.

Xoca (54 a) Mövlana qazı əsl adı Abdullah olmasına baxmayaraq bu adla ta­nınmışdır. Nəsəbi ata tərəfdən Şeyx Bürhanəddin Qılınca, ana tərəf­dən isə Sul­tan İlig Maziyə çatır. Fərqanə vilayətində bu ailədən olanlar imam, şeyxülislam və qazı olaraq gəlmişlər. Xoca qazı isə Xoca Übeydullah həzrətlərinin müridi idi və onu o yetişdirmişdi. Xoca qazının vəli olmasına heç bir şübhəm yoxdur. Çünki onun ca­nına qıyanlardan çox qısa bir müddət içində heç bir əsər və əlamət qal­madı. Onun vəliliyinə bundan daha yaxşı bir dəlil olaraq nə göstərilə bilər ki? Xoca qa­zı qə­ribə bir adam idi, əsla qorx­mazdı. Onun qədər cəsur adam görünməmişdir. Bu özəllik də bir vəlilik də­lilidir. Başqa biri nə qədər cəsur olsa, da bir az təlaşa və yer­siz qor­xuya qa­pı­la bilər. Xocada nə təlaş, nə də yersiz qorxular əsla yox idi.

Xocanın ölümündən sonra onun nökər və çakərini, aymaq və adam­la­rının ha­mısını ələ keçirib mallarını yağmaladılar.

Əndican qurtarmaq istərkən Səmərqəndi əldən çıxarmışdım və Ən­dican da əldən getmişdi. Biz «Qafil əz inca randə və əz anca mandə» («Qafil buradan sü­rülmüş, oradan da məhrum olmuş») de­yi­lənə bənzədik. Bu mənə çox ağır gəldi, çün­ki padşah olduğumdan bəri adamlarımdan və vila­yətdən (54 b) bu cürə ayrıl­ma­mışdım. Özümü biləndən bəri bu qədər iztirab və mə­şəqqət çəkməmişdim.

Xocəndə çatanda bəzi münafiqlər Xəlifəni [Nizaməddin Əli Barlas] mənim yanımda görmək istəmədilər. Məhəmməd Hüseyn Mirzə və bəziləri o qədər cəhd elə­dilər ki, axırda Xəlifənin Daş­kəndə getməsinə izin verdim.

Qasım bəyi də Daşkəndə [Sultan Mahmud] xanın hüzuruna göndərib ondan Əndican üzərinə qoşun çəkməyi xahiş etdim. Xan da qoşun çəkərək Ahəngəran va­disindən gəlib Kəndirli keçidinin dibinə çatan vaxt mən də Xocənddən gəlib xan dayı­mı gördüm. Kəndirli keçidini aşaraq Axsi tərəfə en­dik. O tərəfdən müxaliflər də mövcud qüvvələrini toplayıb Axsi üzərinə gəl­dilər.

Bu arada Bab kurqanındakılar mənim tərəfimi tutaraq kurqanı qapat­dılar, lakin xanın bir az ləng tərpənməsi üzündən müxaliflər Bab kurqanını zorlayıb al­dılar. Xanın əxlaqı və xasiyyəti yaxşı idi, lakin sipahilik və sər­kərdəlik işindən heç başı çıxmırdı. Vəziyyət bu dərəcəyə gəldiyi əsnada ən çoxu bir mənzil daha yü­rüsəydi müharibə belə etmədən vilayət bizim ola­caq­dı. Amma xan belə bir za­man­da müxaliflərin hiylə­li sözlərinə və sülh haq­­qında nağılına qulaq verib (55 a) Xo­ca Əbülməkarim ilə birlikdə o za­man xanın eşik ağası və Tənbəlin böyük qardaşı olan Bəy Tilbəni elçi olaraq göndərdi. Müxaliflər də özərini qurtarmaq üçün bir ne­çə doğru və yalan söz­lər söylə­yib xana və aradakılara pul və rüşvət qəbul etdir­dilər. Xan da be­ləcə geri döndü.

Bəylər, içkilər və igidlərdən mənimlə qalanların çoxunun köçləri Ən­dicanda idi. Əndicanı almaqdan ümidlərini kəsdikləri üçün bəylərdən və igidlərdən yeddi-səkkiz yüz adam məndən tamamən ayrıldılar. Ayrılan bəy­lər Əli Dərviş Bəy, Əli Məzid Koçin, Məhəmməd Bakir bəy, Şeyx Abdullah eşik-ağa və Mirim Lağari idi. Mənimlə birlikdə qalıb qürbəti və möh­nəti se­çənlər isə təx­minən iki yüzdən bir az artıq və üç yüzdən bir az əskikdi. Qa­lan bəylər Qasım Koçin, Veys Lağari bəy, İb­rahim Saru Minqli bəy, Şirim (Mirim) Tağayi və Seydi (Se­yid) Qara bəylər; içki­lərdən Mir­şah Koçin, Se­yid Qasım eşik-aga Cəlayir, Qasım Əcəb, Məhəmməd Dost Əli Dost Tağayi, Mə­həmməd Əli Mübəşşir (münşi), Xudaverdi Tuğçu Moğol, Yarək Tağayi, Sultanqulu Babaqulu, Mir Veys, Şeyx Veys, (55 b) Yar Əli Bilal, Qa­sım Mir­axur və Heydər riqabdar idi. Bu halət mənə çox ağır gəldi və əlimdə ol­ma­dan ağladım.

Oradan Xocəndə gəldim. Mənimlə qalanların bir qisminin köçləri ilə birlik­də anamı və nənəmi də Xocəndə mənim yanıma göndərdilər.

O il ramazanı [=1498 aprel-may] Xocənddə keçirdik. Sonra da Sultan Mahmud xana adam gön­dərib kömək istəyərək Səmərqənd üzərinə hərəkət etdim. Oğ­lu Sultan Məhəmməd Xanikə ilə Əhməd bəyi dörd-beş min əs­gərlə Səmərqənd üstünə göndərən xanın özü də hərəkət edərək Ura-Təpəyə qədər gəldi. Orada xan ilə görüşdükdən sonra Yar-yaylaq yoluyla Səmər­qənd üzərinə hərə­kət etdim. Sultan Məhəmməd Sultan və Əhməd bəy isə başqa bir yoldan gələrək Yar-yaylağa mən­dən əvvəl çatmışdılar. Bürkə yay­la­ğı üzərindən keçərək bu­ranın darğasının mərkə­zi Səng­zara gəl­dim. Amma Sultan Məhəmməd Sultan ilə Əhməd bəy Şeybani xanın Şiraza və ətrafına hücum etdi­yini eşidib geri dönmüşlər. Bu üzdən mən də Xo­cən­də qayıt­ma­ğa məcbur oldum.

Madam ki səltənət davası və mülk əldə etmək məqsədi vardı, bir-iki dəfə iş uğursuz alındı deyə bundan vaz keçib qarşıdan baxmaq olmazdı. Ən­dican üzərinə xan ilə birlikdə yürüməyi düşünərək, ondan kömək istəmək üçün Daşkəndə (56 a) getdim. Şah bəyimi və qohumları görməyəli səkkiz il olmuşdu. Bu münasibətlə on­ları da gör­müş oldum. Bir neçə gün sonra yed­di-səkkiz yüzə qədər əs­gərlə bir­likdə Seyid Məhəmməd Mirzə Duğlat, Əy­yüb Bəycik və Can Həsən Barinə bizə kö­mək et­mək tapşırıldı. Bu köməkçi qüvvəni alıb Xocənddə durmadan sürətli bir yürüşlə Kən­di-Ba­damın sağın­dan keçib Xocənddən on, Kəndi-Badamdan üç ağac məsa­fədə olan Nə­sux kurqanına gəldik. Gecə nərdivan qo­yub basqınla kurqanı al­dıq.

Qovun mövsümü idi. Nəsuxda İsmail şeyxi deyilən bir qovun növü yetişir ki, qabı­ğı sarı, çəkir­dəyi az və mükəmməl bir qovundur. Çəkirdəyi alma çəkirdəyi qədər olur. İçi dörd barmaq qədərdir və qayət ləzzətlidir. O civarda başqa bir yer­də buna bənzər bir qovun yoxdur. Amma ertəsi sabah moğol bəyləri adamlarının az olduğunu və bir kur­qanı ələ keçirməklə işin yü­rüməyəcəyini söylədilər. Gerçəkdən də elə idi. Orada qalıb kurqanı güc­ləndirmə imkanı olma­dığı üçün təkrar Xocəndə gəl­dik.


XOSROV ŞAH VƏ BAYSUNQUR MİRZƏNİN

HİSARI SULTAN MƏSUD MİRZƏDƏN ALMASI
Bu il Xosrov şahla Baysunqur Mirzə birlikdə qoşun çəkərək Çağan­yana gəl­dilər və oranı hiylə ilə ələ keçirdilər. Sonra da Sultan Məsud Mir­zəyə elçi göndə­rərək (56 b) «Birlikdə Səmərqənd hücum edək, Səmərqəndi ala bilsək, qoy bir mir­zə Səmərqənddə, digər mirzə isə Hisarda otursun» de­yə təklif etdilər.

Sultan Məsud Mirzənin bəyləri, içkiləri və igidləri arasında məmnu­niy­­yət­siz­lik vardı. Bunun səbəbi bu idi: Şeyx Abdullah Barlas Baysunqur Mir­zənin yanından ayrılaraq Sultan Məsud Mirzə­nin yanına gedəndə Mir­zənin qaynatası olduğu üçün çox böyük inayət görmüşdü. Hisar kiçık bir vi­layət olsa da, min tümən fülus1 ülu­fə təyin edib Xutlan vilayətini ona ver­miş­di. Xutlan vilayə­tində Sul­tan Məsud Mir­­zənin bir çox bəylərinin və iç­ki­lərinin əraziləri vardı. Şeyx Abdullah bun­ların hamısını əlinə keçirdi, bü­tün eşik ixtiyarlığını özü və oğulları əllərinə aldılar. İn­ci­yənlər də qa­çıb Bay­sun­qur Mirzənin yanına gəlməyə başlamışdı.

Bu hiyləgər təkliflə Sultan Məsud Mirzəni aldadan Xosrov şah və Bay­­sun­qur Çağanyandan yürüyərək irəliləyib sübh çağı Hisar kurqanını mü­ha­sirəyə aldılar. Sultan Məsud Mirzə kurqanın dış məhəllələrində, atası­nın tikdirdiyi Dövlət Saray adlı bir sarayda idi. Kurqana girə bilməyərək qaçdı və Şeyx Abdullah Barlas ilə bir­likdə Xutlan tərəfinə çəkildi. Yarı yol­da Şeyx Abdul­lah Barlastan ayrılaraq Uyaç keçidindən keçib Sultan Hüseyn Mirzənin yanına getdi. (57 a)

Hisar vilayəti alındıqdan sonra Xosrov şah Baysunqur Mirzəni Hisar­da qo­yub Xutlanı da kiçık qardaşı Vəliyə verdi. Özü də bir neçə gün sonra mühasirə niy­yəti ilə Bəlx üzərinə yürüdü. Hərə­kətindən bir az öncə Nəzər Bahadır adlı bö­yük bir adamını üç-dörd min əsgərlə birlikdə Bəlx civa­rına göndərmişdi və üç-dörd gün sonra Baysunqur Mirzəni də yanına alaraq Bəl­xi mühasirə etdi. Bəlxdə [Sultan Hüseyn Mirzənin oğlu] İbrahim Hüseyn Mir­zə və Sultan Hüseyn Mirzənin bəylə­rindən də xeyli adam vardı.

Xosrov şah kiçık qardaşı Vəlini də xeyli əsgərlə birlikdə Şaburqanı mü­ha­­sirə edib o tərəfləri yağ­malaması üçün göndərmişdi. Amma Vəli Şa­bur­qanı yaxın­dan mühasirə etmədi və əlindəki qüvvə­ləri Zərdək çölündəki əha­liyə axın etməyə göndərdi. Bunlar Zərdək çölünə axın edib yüz mindən artıq qoyun və üç minə ya­xın dəvə gətirdilər. Vəli ondan sonra Sançarıq vi­la­yə­tinə hücum edib bölgəni yağ­malayaraq dağdakı bəzi bərkidilmiş yerləri ələ keçirdi, sonra gəlib Bəlxdə böyük qardaşına qoşuldu.

Bəlxi mühasirədə saxlayan Xosrov şah bir gün yuxarıda bəhs edilən Nəzər Ba­hadır adlı adamını Bəlxin su yollarını kəsmək üçün göndərdi. Am­ma Sultan Hüseyn [Bayqara] Mirzənin sevimli bəylərindən Tanrıverdi (57 b) Samançı bəy yet­miş-səksən igidlə içəridən çıxıb Nəzər Bahadırla qar­şılaşdı və başını kəsib qa­laya qayıtdı, fövqəladə cəsuranə hərəkət edərək bö­yük bir iş gördü.


SULTAN HÜSEYN MİRZƏYƏ QARŞI ÜSYANLAR
Həmin il Sultan Hüseyn Mirzə də Zünnun bəy Arğun və oğlu Şah Şü­canın dəf ­edilməsi üçün qoşun çəkib Büstə getmişdi. Çünki Zünnun bəy Ar­ğun Bədiüzzaman Mirzənin xidmətinə girib ona qızını vermiş və oğlu Şah Şü­ca ilə fitnə və fəsadla uğ­­raşmağa başlamışdılar. Büstü mühasirə edən Sul­tan Hüseyn Mirzə qoşuna heç bir yerdən ərzaq təmin edə bilmədi, amma ac­lıqdan çox sıxıntı çəkməyə başladıq­ları zaman Büst va­lisi kurqanı təslim et­di və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi.

Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təm­təraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi hal­da zəbt edə bil­mədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət alaraq düşmənçilik ya­­rat­mağa və fitnə çıxarmağa başladılar.

O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul olan oğ­­lu Məhəmməd Hüseyn Mirzənin dəf edilməsi üçün Məhəm­məd Vəli ko­man­­danlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı ola­raq göndərmiş və özü də Nişin çayırında qalmışdı. Bədiüzzaman Mirzə ilə Zünnunun [bəy Arğun] oğlu Şah İŞüca] bəy (58 a) qəfildən qoşun çəkərək Sultan Hüseyn Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə bilməyərək təslim etmək məc­buriyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin yanına gəlirdi, xoş bir təsa­düf əsəri olaraq, tam o gün yetişdi. Eyni zamanda Əstərabada gedən əsgər də gəlib eyni gün Mir­zəyə qoşuldu. Qarşı-qarşıya gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaş­madan qaçıb getdilər.

Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özü­nə kürə­kən edərək inayət və şəfqət göstərdi. Bu arada Xosrov şahın kiçık qardaşı Baqi Çağanyani də bu hadisədən bir az öncə gəlib Sultan Hüseyn Mirzənin xidmətinə girmişdi. Onun fitnələri üzündən Sultan Məsud Mirzə Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bə­hanə ilə Xosrov şahın yanına getdi.

Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada Mi­ran­şah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş, lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın ya­nına gəlmişdi.

Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu səfil və nankor adam kiçıkliyindən bəri böyüdüb bəy-atəkəsi olduğu Sul­tan Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qıl­madığı kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi.

Bir neçə südqardaşı, arxadaşı və sınanmış adamı Sultan Məsud Mir­zəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə getdilər. Amma oradakıların da pis niyyətdə olduqlarını gördülər, Keşdən qaçaraq Çarcu keçi­din­dən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər.

Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qə­dər yüz min dəfə lənət olsun. Xosrov şahın bu hərəkətindən xəbərdar olan­lar ona lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş ol­sun­lar.

Xosrov şah bu çirkin hərəkətindən sonra Baysunqur Mirzəni padşah edib Hi­sara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi qoşub onu da Bamyan tərəfinə göndərdi.

FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499)


DOQQUZ YÜZ DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ
Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nə­ticə ha­sil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin id­diası olan bir adam necə sakit dura bilər?

BABURUN XOCƏNDDƏN PƏŞAĞARA GETMƏSİ
Məhəmməd Hüseyn Gürgan Duğlat Ura-Təpədə idi. Səmərqənd üzə­rinə yü­rü­mək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq kəndlərin­dən olan Pəşağarı bu qışı orada qalmaq və Səmərqənd vilayətinə mümkün olduğu qədər hü­cum edə bilmək üçün müvəqqəti olaraq bizə ver­məsini Məhəmməd Hü­seyndən istədik. Bu kənd Xoca həzrətlərinə aid olan kəndlərdən idi, amma bu qarı­şıqlıqda ona keçmişdi. Məhəmməd Hüseyn Duğ­lat buna razı oldu.

Xocənddən Pəşağara hərəkət etdim. Zaminə yaxınlaşanda qızdırmaya tutul­dum. Buna baxmayaraq Zamindən hərəkət edib sürətlə dağ yolundan Ri­bati-Xoca üzərinə gəldim. Niyyətim qəfil basqın edərək nərdivanlarla çıxıb Şavdar tüməni­nin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi. Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum hal­da on üç-on dörd ağac yolu güclə və mə­şəqqətlə qət etdim.

Bir neçə gün sonra Yar-yaylaq kurqanlarını sözlə və ya zorla ələ ke­çirmək üçün bir neçə içki bəyləri və igidlərlə birlikdə İbrahim Saru, Veys Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yay­laq Seyid Yusif bəydə idi. Mən Səmərqənddən çıxdığım zaman o orada qalmış və Sultan Əli Mirzə də ona ina­yət et­miş, nəticədə Seyid Yusif bəy [Oğlaqçı] Yar-yaylaq kurqanlarının ələ keçi­rilib idarə edilməsi üçün kiçık qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hə­rəkətə keçəndə Siyal-qutun idarəsini əlində tutan Əhməd Yusif də o kurqanlarda idi. Bizim bəylər və igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vi­layətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yox­dur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə ki­çık qardaşından və oğlundan şübhələnərək onların Xorasana getmələrinə izin verdi.

Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca Yəhyanı göndərdilər. Özləri isə [Sultan Əli Mirzə] əsgərin təşviqiylə Şiraz və Kabüd civa­rına gəldi. Bizim mövcud sipahimiz iki yüzdən artıq, üç yüzdən azdı və hər tərəf­də qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfər­lərimizdə də tale bizə yar ol­ma­dı və Səmərqəndə əl uzatmaqdan da heç bir nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan (60 a) geri qayıtdıq.

Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya­rımdır adamlarımız və ailələrimizlə oradaydıq. Bu müddət ərzində oradakı müsəlman­lar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər. Oraya təkrar nə üz­lə getmək olar və oraya gedən insan nə edə bilərdi?

Varmağa nə məskən müyəssər,

Durmağa nə dövlət müqərrər.

Axırda belə tərəddüdlər içində Ura-Təpənin cənubundakı yaylalara get­­dik. Öz halımıza şaşmış bir vəziyyətdə gedəcək və qalacaq bir yer bil­mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki­mi vətənindən sürü­lə­rək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör­məyə gəldi. Haraya gedə­cəyimizi və nə edəcəyimizi soruşdurub mütəəssir oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.


BABURUN MƏRGİNANI YENİDƏN ƏLƏ KEÇİRMƏSİ
O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı görün­dü. Əli Dost Tağayinin Yulçuq adlı adamı imiş və bu xəbərlə göndərilmişdi: «Gərçi mə­nim tərəfimdən çox böyük günahlar işləndi, lakin ümid etdiyim kimi inayət edib günahla­rımı bağışlayaraq (60 b) buraya gəlsə, Mərgi­nanı təslim edərək ona elə bir qulluq və xidmətkarlıq edəcəyəm ki, günahım təmizlənib utancım keçsin».

Bu qədər şaşqın bir halda olduğum əsnada belə bir xəbər gəldiyinə görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal Mərginana doğru hərəkət etdim. Ora ilə Mərginanın arası təxminən iyirmi dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na­mazına qədər heç bir yer­­də durmadan yürüdük. Günorta namazı vaxtında Xocəndin Tənük-ab adlı kəndinə endik. Atlar dincini alıb yemləndikdən son­­ra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol getdik.

Sabahdan bir az əvvəl Mərginandan bir ağac məsafəyə gələndə Veys bəy ilə bir neçə adam tərəddüd edərək dedi: «Əli Dost necə pisliklər etmiş bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt ol­madan ona necə eti­mad edə bilərik?» Gerçəkdən də tərəddüdləri yersiz de­yildi. Bir az durduq və və­ziyyəti müzakirə etdik. Axırda buna qərar verdik: «Gərçi bu tərəddüdlər ye­rin­də­dir, lakin (6l a) bunu daha əvvəl düşünmək gərəkdi. Üç gün-üç gecə durub-din­cəl­mədən iyirmi dörd-iyirmi beş ağac yol yürüdük. Artıq nə adamlarda, nə də at­larda ta­qət qalmışdır. Buradan necə qa­­yıdaq, qayıtsaq belə hara gedək. Bu qədər gəl­dik­dən sonra gedəcəyimiz yerə varmaq lazımdır. Heç bir şey Tanrının təqdi­rin­dən baş­qa şəkildə ola bil­­­məz». Belə qərar verib qədərimizə razı olaraq yo­lumuza da­vam etdik.

Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost Tağa­yi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən sonra qapını açıb qapı arasında bağlılığını bildirdi. Əli Dostu gördükdən sonra kurqanın içində uyğun bir yerə endim. Mənimlə birlikdə olanlar bö­yük-kiçık iki yüz qırx adamdı.

Uzun Həsən və Sultan Əhməd Tənbəl vilayət əhalisinə çox zülm və pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gə­lişimiz­dən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər1 olanlar və Əli Dost bəyin adam­larından yüz nəfər Əndicanın cənub tərəfindəki dağ qəbilələ­rindən (61 b) aşpari­yan, turuq-şaran, çəgrək və bütün o civara bu ca­maatı xoşluqla və ya zorla itaətə gə­tirmələri üçün göndərildi. İbrahim Saru, Veys Lağari və Seydi Qara da yüz nəfə­rə yaxın bir qüvvə ilə Xocənd çayını keçərək o tərəfdəki kurqanlar­la dağ xalqla­rını, nə şəkildə olursa-olsun, bizə tabe etmək üçün Axsi tərəfinə göndərildi.

Bir neçə gün sonra yanlarına [Baburun kiçık qardaşı] Cahangir Mir­zəni də alan Uzun Həsən ilə Sultan Əhməd Tənbəl əlindəki sipahiləri və mo­ğolları topla­yıb Əndican və Axsinin əsgər ola bilə­cək adamlarını yığaraq, Mər­ginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərgi­na­nın məhəllələrinə gəl­dilər.

Qasım bəy, İbrahim Saru və Veys Lağari komandanlığı altında olan qüvvə­lər iki tərəfə göndərilmiş olduğu üçün mənim yanımda çox az qüvvə qalmışdı. Bu­na baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdı­lar və düşməni məhəllələrdən daha irərli buraxmadılar. O gün Xəlil Çöhrə dəs­tar-piç cəsur hərə­kət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar.

Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şa­ran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bi­zim haki­miyyətimiz altına girdi. [Düşmən tərəfindəki] sipahilər də bir-bir, iki-iki qaçıb bizə qoşulmağa baş­ladılar. İbrahim Saru və Veys Lağarinin baş­çılığı altıında olanlarsa Axsi tərəfinə gedib çayın qarşı sahilinə keçmiş­dilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi.

Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi bun­lar­dan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə adamları, oranın bəzi alt təbəqəsi də üsyan edərək şəhərin dış kurqanında olanları ərkə sı­ğınmağa məcbur elədilər, sonra İbrahim Saru, Veys Lagarı, Seydi Qara başçılığı al­tıında olan qüv­və­lərimizi Axsinin dış kurqanına ça­ğırdılar.

[Baburun dayısı] Sultan Mahmud (Məhəmməd) xan Heydər Göyəl­da­şın oğ­lu Bəndə Əli və bu sıralarda Şeybani xandan qaçıb xanın yanına gəl­miş olan Hacı Qazi Manqıtı barın tümən bəyləri ilə birlikdə bizə köməkçi təyin etmişdi. Onlar da tam bu əsnada gəldilər.

Uzun Həsən bundan xəbər tutub çox dilxor oldu və güvəndiyi (62 b) nökər­ləri ilə ən yaxşı igidlərini kömək üçün Axsi ərkinə göndərdi. Bunlar səhər vax­tı çay kənarına çatdılar. Bizim əsgərlə moğol əsgəri bunu xəbər alıb bir qisim adam­ları yalın atla sudan keçirdilər. Köməyəa gələnlər şaşıra­raq, gəmini yuxarıya doğru çəkə bilməyib olduğu yerdə buraxdılar. Gəmilər kurqan tərəfinə keçmədən aşa­ğı getdi. Bizim əsgərlə moğol əsgəri hər tərəf­dən yalın atla suya girməyə başladı. Gə­midə olanlar vuruşa bilmədi. [Uzun Həsənin adamlarından] Qarluğaç Bəxşi moğol­ların bəy oğullarından birini çəkib əlindən tutaraq qılıncla öldürdü. Lakin artıq iş işdən keçmişdi. Gəmi­dəkilərin çoxunun ölümünə onun bu hərəkəti səbəb oldu və su­da olanların hamısını yaxalayıb doğ­ra­dılar. Qarluğaç Bəxşi, Xəlil Divanə və Qazı Qulam Uzun Həsənin seçkin adamlarından idi. Bun­lardan yalnız Qazı Qulam qul­luq bəhanəsi ilə qurtula bildi. Digər seçkin igidlərindən olan Heydərqulu, Qu­­likə Kaşğari və bugün mənim yanımda da etibarlı olan Seyid Əli [xan] qur­­tuldular. Yetmiş-səksən seçkin igiddən yalnızca beş-altısı (63 a) qurtula bildi.

Düşmən bu xəbəri eşidincə Mərginan civarında qala bilməyib nizam­sız halda Əndicana doğru köç etdi. Bunlar Əndicanda Uzun Həsənin yeznəsi Nasir bəyi qoy­muşdular. Nasir bəy onun adamları arasında ikinci olmasa da, mütləq üçüncü də­rəcədə təcrübəli, cəsur bir adam idi. Bu işləri öyrənincə Ən­dican kurqanını bağla­dıb artıq onların məğlub olmağa üz tutduqlarını bil­dirərək mənə adam göndərdi.

Uzun Həsən Əndicana gələndə kurqanın bağlandığını öyrəndi və yez­nəsi ilə dil taba bilməyib köçünün olduğu Axsi tərəfə çəkildi. Sultan Əhməd Tənbəl isə öz vilayəti olan Oşa getdi. Cahangir Mirzənin içkilərindən və igid­­­­lərindən bir ne­çəsi Uzun Həsənin yanından qaçdılar və Tənbəl Oşa çat­madan gedib ona qoşuldular.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin