DOQQUZ YÜZ BİRİNCİ İLİN HADİSƏLƏRİ
SULTAN HÜSEYN MİRZƏNİN HİSARI
MÜHASİRƏ ETMƏSİ VƏ GERİ ÇƏKİLMƏSİ
Sultan Hüseyn [Bayqara] Mirzə qışda Xorasandan Hisara (33 a) qoşun çəkərək Termiz [çayının] qarşı sahilinə gəldi. Sultan Məsud Mirzə də əsgərini toplayaraq Termizin digər sahilinə gəlib yerləşdi. Xosrov şah Qunduz kurqanının müdafiəsini qüvvətləndirdi və kiçık qardaşı Vəlini qoşuna başçı qoyaraq Sultan Məsud Mirzənin yanına göndərdi. [Hər iki ordu] qışın xeyli hissəsini çay kənarında keçirdi və sudan keçə bilmədi.
Sultan Hüseyn Mirzə iş bilən və təcrübəli bir padşah idi. Qunduza doğru, çayın yuxarı tərəfinə getdi. Qarşısındakı əsgərin diqqətini yayındırıb Əbdüllətif Bəxşi komandanlığında beş-altı yüz seçmə adamını Kilif keçidinə göndərdi. Qarşı tərəfdəki əsgərlər bu işdən hali olana qədər Əbdüllətif Bəxşi adamlarıyla birlikdə Kilif keçidini keçərək çayın qarşı kənarını zəbt etdi. Bu barədə Sultan Məsud Mirzəyə xəbər çatanda Xosrov şahla Vəli dərhal onların üstünə hücum çəkməyi israrla təklif etdilər. Ancaq Sultan Məsud Mirzənin cəsarətsizliyindən və ya Vəlinin müxalifi olan Baqi Çağanyaninin fikrinə uymasından çayı keçən bu adamların üstünə getməyərək məğlub kimi Hisar tərəfinə qayıtdılar.
Sultan Hüseyn Mirzə çayı keçərək [oğulları] Bədiüzzaman Mirzə, İbrahim Hüseyn [Mirzə], Məhəmməd Vəli bəy və Zünnun bəy Arğunu Xosrov şahın üstünə ilqar1 olaraq göndərdi, Müzəffər [Hüseyn] Mirzə (33 b) ilə Məhəmməd Burunduq Barlası Xutlan üzərinə yolladı, özü isə Hisar üzərinə gəldi. Hisara yaxınlaşanda Hisardakılar bundan xəbərdar oldular.
Sultan Məsud Mirzə Hisarda qalmağa imkan tapa bilmədi və Kəmrud çayını yuxarı tərəfindəki Siprə-Tağ yolu ilə Səmərqəndə, kiçık qardaşı Baysunqur Mirzənin yanına getdi. Vəli də Xutlana doğru çəkildi. Hisar kurqanını isə Baqi Çağanyani, Mahmud Barlas və Qoç Bəyin babası Sultan Əhməd bəy gücləndirdi. Bir neçə il bundan əvvəl Şeybani xandan ayrılıb Sultan Mahmud Mirzənin xidmətinə girən Həmzə Sultan ilə Mehdi Sultan bütün özbəkləri ilə birlikdə, Məhəmməd Duğlat ilə Sultan Hüseyn Duğlat isə Hisar vilayətindəki moğollarla birlikdə bu qarışıqlıq zamanı Qara-Təkinə doğru çəkildilər. Sultan Hüseyn Mirzə bu xəbərləri eşidən kimi [oğlu] Əbülmöhsün Mirzə ilə bəzi igidlərini Sultan Məsud Mirzənin arxasından Kəmrud dərəsinin yuxarısına göndərdi. Dərəyə girdikləri vaxt arxadan çatdılar, ancaq heç bir şey eləyə bilmədilər. Mirzə bəy Frəngibaz [orada] qəhrəmancasına qılınc çaldı.
Sultan Hüseyn Mirzə əlavə olaraq İbrahim Tarxanı və Yaqub Əyyubu da bir qədər əsgərlə birlikdə Həmzə Sultanın və moğollarm üstünə Qara-Təkinə göndərmişdi. Bunlar da [onların] arxalarından yetişərək Qara-Təkində vuruşdular, Sultan Hüseyn Mirzənin (34 a) axınçılarını məğlub edərək bəylərin çoxunu ələ keçirdilər, ancaq təkrar azad elədilər.
Belə olduqda Həmzə Sultan, Mehdi Sultan, Həmzə Sultanın oğlu Mamaq Sultan, sonralar Məhəmməd Duğlat Hisari adıyla tanınacaq Məhəmməd Duğlat, Sultan Hüseyn Duğlat və bu sultanların idarəsindəki özbəklər ilə Hisar vilayətində yaşayan və Sultan Mahmud Mirzənin adamları olan moğollar bizim xidmətimizə girmək istəyərək ramazan ayında [=1946 may-iyun] Əndicana gəldilər. O zaman teymurilərin adətinə uyğun olaraq döşək üstündə otururdum. Həmzə Sultan, Mehdi Sultan və Mamaq Sultan gəlincə bunlara hörmət əlaməti olaraq ayağa qalxıb döşəkdən endim və onlarla görüşdüm. Sultanlara sağ tərəfimdə bağdaş qurdurdum. Məhəmməd Duğlat Hisarinin komandanlığındakı bütün moğollar gəldilər və xidmətimə girmək istədilər.
Sultan Hüseyn Mirzə gəlib Hisar kurqanını mühasirəyə aldı. Lağım açmaq, kurqana hücum etmək, daş atmaq və qazan1 qurmaq işləriylə gecə-gündüz durmadan uğraşırdı. Dörd-beş yerdə lağım açıldı. Şəhər tərəfindəki qapıda açılan lağım xeyli irəliləmişdi. Kurqan içində olanlar da öz lağımlarını açıb bu lağımı tapdılar və (34 b) yuxarıdan buraya tüstü buraxdılar. Amma Mirzənin adamları öz lağımlarını bağlayanda tüstü yuxarı, kurqanı qoruyanların özünə qayıtdı. Kurqanı qoruyanlar can hövlünə düşərək qaçdılar. Axırda su gətirib tökərək bayırdan girənləri lağımla qaçmağa məcbur etdilər. Bir dəfə də bir neçə ürəkli igid yuxarı çıxıb lağımın yanındakıları qaçırtdı.
Bir dəfə isə Mirzənin olduğu şimal tərəfdən qazan qurub çoxlu daş ataraq qalanın bir bürcünü zədələmişdilər. Yatsı namazı vaxtı bürc yıxıldı. Bəzi igidlər dərhal hücum etmək istədilər. Ancaq Mirzə gecə olduğu üçün izin vermədi. Kurqandakılar isə sabaha qədər bürcü tamamilə təmir etmişdilər. Ertəsi gün də müharibə olmadı. Bu iki-iki ay yarımda bütün iş lağım açmaq, qalacıqlar qurmaq və daş atmaqdan oyana keçmədi. Əsaslı bir savaş olmadı.
Bədiüzzaman Mirzənin idarəsində Xosrov şahın üstünə göndərilən qafilə Qunduzdan üç-dörd ağac qədər aşağıda bir yerə gələndə Xosrov şah bütün adamlarını döyüş qaydasında düzərək Qunduzdan çıxdı və ertəsi gün Bədiüzzaman Mirzənin əsgərinin üstünə yürüdü. O qədər mirzənin və sərdar bəyin (35 a) adamları Xosrov şahın adamlarının iki misli qədər olmasa da, bir yarım misli olduğu halda ehtiyat edərək səngərdən çıxmadılar. Xosrov şahın əsgəri yaxşı-pis, böyük-kiçık dörd-beş min qədər idi. Xosrov şah bu fani dünya üçün və bivəfa nökər-naibi üçün bunca zülm və ədalətsizliyi özünə adət etmiş, bunca böyük vilayətlər almış və bu qədər çox adam saxlamaq yolunu seçmiş (ömrünün sonuna doğru adamlarının sayı təqribən iyirmi-otuz minə çıxmışdı, torpaqları isə öz padşahının və mirzələrin torpağından daha çox idi) bir adam idi. Bu iş onun həyatında gördüyü yeganə iş oldu. Xosrov şah və onun tabeliyindəkilər bu iş sayəsində sərdarlıq və cəsarətdə nam qazandılar, səngərdən çıxmayanlar isə öz qorxaqlığı və cəsarətsizliyi ilə bədnam oldular.
Bədiüzzaman Mirzə oradan çəkilərək çox çətinliklə Taliqanın böyük bağına gəldi. Xosrov şah özü Qunduz kurqanında idi, kiçık qardaşı Vəlini isə Mirzəni narahat edəcək bəzi qarışıqlıqlar çıxarmaq üçün bir dəstə seçmə igidlə birlikdə İşkəmiş, Fülula və ətraf dağların ətəklərinə göndərmişdi. Mühib Əli Qurçu da bir dəstə yaxşı igidlə birlikdə gəlmişdi və Xutlan çayının (35 b) sahilində Bədiüzzaman Mirzənin adamlarının bir qismilə qarşılaşdı, onların bəzilərini atdan saldı, bir neçəsinin də başını kəsdi.
Sonra bu məğlubiyyətin qisasını almaq üçün Şeydim Əli Dərban, onun kiçık qardaşı [Sultan Baba] Qulu bəy və Bəhlul Əyyub bir dəstə yaxşı igidlə birlikdə gələrək Əmbər dağının ətəyindəki Xoca-Çəngəl civarında, Xorasan əsgərlərinin köçdüyü yerdə çarpışdılar; amma o biri tərəfdən bir çox adam yetişib Şeydim Əli, Qul Baba [Sultan Baba Qulu bəy] və bir dəstə yaxşı igidlərin hamısını ələ keçirdi.
Bu xəbər Sultan Hüseyn [Bayqara] Mirzəyə çatdı. Hisarın bahar yağmurları üzündən ordu da təhlükədə idi. Uzlaşma yolunu tutaraq içəridən Mahmud Barlas, dışarıdan isə Hacı Pir Bəkavul ilə böyük ağalar1 görüşdülər. Sultan Hüseyn Mirzə nə qədər sazəndə və xanəndə varsa hamısını yığıb Sultan Mahmud Mirzənin Xanzadə bəyimdən olan böyük qızını, yəni Sultan Əbu Səid Mirzənin qız nəvəsini [Bikə bəyimi] Payəndə Sultan bəyimdən olan [oğlu] Heydər Mirzə ilə evləndirərək Hisardan çəkildi və Qunduza doğru hərəkət etdi. Qunduza gəlincə bir az siyasət işlədərək buranı mühasirəyə almağa çalışdı. Axırda [oğlu] Bədiüzzaman Mirzənin araya girməsi ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz yerinə-yurduna qayıtdı.
Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişməsinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri qayıtması idi.
Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər oğlu] Müzəffər Hüseyn Mirzəyə verdi. Hər ikisini də Bəlx və Əstərabad üçün bir məclisdə yükündürdü1 və bu üzdən Bədiüzzaman Mirzə incidi. Neçə illərdən bəri davam edən düşmənçilik və fitnələrin səbəbi bu idi.
TARXANLARIN ÜSYANI
Həmin ramazan ayında Səmərqənddə tarxanların üsyanı vardı. Səbəbi də bu idi: Baysunqur Mirzə Hisar bəyləri və sipahiləri ilə o qədər səmimi və bərabər olduğu halda, Səmərqənd bəyləri və sipahiləri ilə belə deyildi. Şeyx Abdullah Barlas böyük və ixtiyar sahibi bir bəydi, oğulları Baysunqur Mirzə ilə o dərəcə yaxın və səmimi arxadaş idi ki, bunlan aşiq-məşuqa bənzədirdilər. Tarxan bəyləri ilə bəzi Səmərqənd bəyləri bu üzdən gücəndilər.
Dərviş Məhəmməd Tarxan Buxaradan gəldi və [Sultan Mahmud Mirzənin oğlu] Sultan Əli Mirzəni Qarşıdan gətirdib padşah elan edərək Baği-Nova gəldilər. Orada [Sultan Əlinin böyük qardaşı] Baysunqur Mirzə olurdu. Ona əsir kimi davranaraq (36 b) adamlarından və xilmətçilərindən ayırıb ərkə gətirdilər. Orada hər iki Mirzəni eyni yerdə oturtdular. İkindi namazına doğru Baysunqur Mirzəni Göy saraya çıxarmaq fikrində idilər.
Baysunqur Mirzə abdəst almaq bəhanəsi ilə Bostan-Sarayin şimal tərəfindəki imarətlərdən birinə girdi. Tarxanlar qapıda gözlədilər, o, Məhəmmədqulu Koçin və Həsən Şərbətçi Mirzə ilə birlikdə içəri girdi. Qismətdən, Mirzənin abdəst üçün girdiyi evin arxa tərəfində kərpiclə hörülmüş bir qapı varmış və həyətdən dışarı çıxırmış. Mirzə dərhal bu qapını yıxdı, ərkin Qatfər tərəfində qalanın içindən su kəməri yolu ilə keçdi, qala divarından aşağı atılaraq Xocakə Xocanın Xoca-Kəfşirdəki evinə gəldi. Abdəstxananın qapısında duranlar bir müddət sonra içəri girib Mirzənin qaçdığını gördülər. Ertəsi sabah tarxanlar toplanıb Xocakə Xocanın qapısına gəldilər, ancaq Xoca burada olmadığını söyləyərək Mirzəni təhvil vermədi. Bunlar da zorla ala bilmədilər. Xocaların mövqeyi o qədər yüksək idi ki, zorla almaq mümkün deyildi.
Bir-iki gün keçəndən sonra Xoca Əbülməkarim, Əhməd Hacı bəy, digər bəzi igidlər, sipahilər və bütün şəhər əhalisi hamısı birdən tarxanların üzərinə hücum çəkdilər. (37 a) Baysunqur Mirzəni Xocanın evindən gətirdilər və Sultan Əli Mirzə ilə tarxanları ərkdə mühasirəyə aldılar. İçəridəkilər ərki bir gün belə müdafiə edə bilmədilər. Məhəmməd Məzid Tarxan Dördyol qapısından çıxaraq Buxaraya getdi. Sultan Əli Mirzə ilə Dərviş Məhəmməd Tarxan yaxalandılar.
Baysunqur Mirzə Əhməd Hacı bəyin evindəydi. Dərviş Məhəmməd Tarxanı da oraya gətirdilər. Baysunqur Mirzə ona bir-iki sual verdi, ancaq Dərviş Məhəmməd Tarxan cavab verə bilmədi. Elə iş tutmamışdı ki, cavab verə bilsin. Edam edilməsini əmr etdi. Dərviş Məhəmməd Tarxan taqətsizliyindən dirəyə yapışdı. Ancaq dirəyə yapışmaqla onu buraxardılarmı? Edam etdilər. [Baysunqur Mirzə] Sultan Əli Mirzənin də Göy saraya çıxarılıb gözlərinə mil çəkilməsini əmr etdi.Teymur bəyin tikdirdiyi böyük imarətlərdən biri Göy saraydır. Səmərqəndin ərkindədir. Bu imarətin qəribə bir özəlliyi var. Teymur bəyin övladlarından biri üsyan edərək taxta çıxsa, taxta burada oturur. Taxt qovğası üzündən başını itirsə, yenə burada itirir. Hətta «filan şahzadəni Göy saraya çıxardılar» ifadəsi onun öldürüldüyü mənasına gəlir.
Sultan Əli Mirzəni Göy saraya çıxarıb gözlərinə mil çəkdilər. Lakin gözlərinə çəkilən milin Sultan Əli Mirzəyə zərəri toxunmadı. Cərrah bunu (37 b) bilə-bilə və ya istəməyərək etmişdi. Ancaq Sultan Əli Mirzə bunu dərhal bəlli etmədi və [Xoca Übeydullahın oğullarından] Xoca Yəhyanın evinə gəldi. İki-üç gün sonra isə qaçıb Buxaraya tarxanların yanına getdi. Bu üzdən də Xoca Übeydullahın övladları arasında təəssübkeşlik yarandı. Böyüyü böyüyünə yol göstərici olarkən kiçiyi də kiçiyinə qol-qanad gərdi. Bir neçə gün sonra Xoca Yəhya da Buxaraya getdi.
Baysunqur Mirzə Buxaraya qoşun çəkərək Sultan Əli Mirzənin üstünə yürüş etdi. Buxaraya yaxınlaşanda Sultan Əli Mirzə və tarxan bəyləri onun qarşısına çıxdılar. Yüngül bir çarpışma oldu. Üstünlük Sultan Əli Mirzə tərəfində qaldı, Baysunqur Mirzə məğlub oldu. Əhməd Hacı bəy və bir neçə yaxşı igid daha ələ keçirildi, çoxu öldürüldü. Əhməd Hacı bəyi Dərviş Məhəmməd Tarxanın qətl edilməsində ittiham edərək şərəfsizcəsinə öldürdülər. Sultan Əli Mirzə də Baysunqur Mirzənin arxasınca Səmərqəndə yürüdü.
BABURUN SƏMƏRQƏNDİ MÜHASİRƏYƏ ALMASI
Bu xəbər bizə şəvval ayında [=1496 iyun-iyul] Əndicanda çatdı. Həmin ay biz də Səmərqəndi ələ keçirmək üçün qoşuna hərəkət əmri verdik. Sultan Hüseyn [Bayqara] Mirzə Hisardan və Qunduzdan çəkilmişdi, Sultan Məsud Mirzə ilə Xosrov şahın ürəyi yerinə gəlmişdi. Bundan istifadə edən Sultan (38 a) Məsud Mirzə də Səmərqəndi almaq məqsədilə Şəhrisəbz üzərinə gəldi. Xosrov şah kiçık qardaşı Vəlini də Mirzə ilə birlikdə göndərdi. Üç-dörd ay boyunca Səmərqəndi bu şəkildə üç tərəfdən mühasirəyə aldıq.
Sultan Əli Mirzənin elçisi kimi Xoca Yəhya mənim yanıma gəldi və ittifaq quraraq vahid cəbhə yatarmağı təklif etdi. Görüşməyi qərara aldıq. Mən əsgərimlə Səmərqənddən iki-üç ağac daha aşağıda olan Soğd tərəfdən görüş yerinə getdim; o tərəfdən də Sultan Əli Mirzə əsgəriylə gəldi. Oradan dörd-beş adamla Sultan Əli Mirzə, buradan da dörd-beş adamla birlikdə mən Kuhək çayının ortasına gedərək at üstündə görüşüb danışdıqdan sonra onlar o tərəfə döndülər, mən də bu tərəfə gəldim. Molla Bənnai ilə Məhəmməd Salihi orada, Xoca Yəhyanın xidmətində gördüm. Məhəmməd Salihi yalnız bir dəfə orada ikən görmüşdüm. Ancaq Molla Bənnai sonralar mənim xidmətimdə də bir xeyli çalışdı. Sultan Əli Mirzə ilə görüşdükdən sonra qış yaxınlaşdığı və Səmərqənd əhalisi də ciddi sıxıntı çəkmədiyi üçün mən Əndicana qayıtdım, Sultan Əli Mirzə də Buxaraya getdi.
Sultan Məsud Mirzə Şeyx Abdullah Barlasın qızına möhkəm aşiq idi. Onunla evləndi və torpaq davasından vaz keçərək Hisara (38 b) döndü. Bəlkə də buraya gəlməsinin səbəbi o qız idi.
Mehdi Sultan Şiraz və Kənbay civarından qaçaraq Səmərqəndə getdi. Həmzə Sultan da izin alaraq Zamindən Səmərqəndə getdi.
FƏRQANƏ - 902 (9 SENTYABR 1496 – 30 AVQUST 1497)
DOQQUZ YÜZ İKİNCİ İLİN HADİSƏLƏRİ
Bu qış Baysunqur Mirzənin işləri hər yöndən yaxşı getdi. Əbdülkərim Eşrit Sultan Əli Mirzə tərəfindən Kufin civarına göndərilmişdi, Mehdi Sultan isə Baysunqur Mirzənin axınçılarına başçılıq edərək Səmərqənddən oraya gəldi və üstlərinə yürüdü. Əbdülkərim Eşrit ilə Mehdi Sultan qarşılaşdılar. Mehdi Sultan özünün çərkəz qılıncıyla Əbdülkərimin atını vurunca at yıxıldı. Əbdülkərim yerdən qalxmaq üzrə ikən Mehdi Sultan onun əlini biləyindən kəsib saldı. Onu əsir aldı və axınçılarını da möhkəm məğlub etdi.
Bu [Özbək] sultanlar Səmərqənddə işlərin pis və mirzələrin vəziyyətinin qarışıq olduğunu görüncə, ertəsi yaz Şeybani xanın yanına getdilər. Səmərqəndlilər isə bu durumdan cəsarət alaraq Sultan Əli Mirzəyə qarşı qoşun çəkdilər. Baysunqur Mirzə Sərpülə, Sultan Əli Mirzə də Xoca-Kardzənə gəldi. Bu əsnada Xoca Münir Uşinin təşviqi ilə Xoca Əbülməkarim, Əndican bəylərindən (39 a) Veys Lağari, Məhəmməd Bakir və digər bəzi igidləri, Mir Qasım Dulday və Baysunqur Mirzənin bir dəstə yaxınlarından ibarət axınçılarla birlikdə Buxara üzərinə göndərildi. Lakin Buxaradakılar onların gəldiyindən xəbərdar olunca heç bir şey elə bilmədən geri qayıtdılar.
BABURUN SƏMƏRQƏNDİ İKİNCİ DƏFƏ MÜHASİRƏ ETMƏSİ
Sultan Əli Mirzə ilə görüşəndə yazda onların Buxaradan, mənim isə Əndicandan gələrək Səmərqəndi mühasirəyə alacağımız qərarlaşdırılmışdı. Biz bu qərara uyğun olaraq ramazan ayında [=1497 may] Əndicandan hərəkət edərək Yar-yaylaq civarına gəldik və mirzələrin qarşıda olduqları xəbərini aldıq. Tolun Xoca Moğulu iki-üç yüz qazax1 igidlə birlikdə axınçı olaraq göndərdik. Bunlar yaxınlaşanda Baysunqur Mirzə gəlişimizi xəbər alaraq intizamsız şəkildə geri çəkildi. Bu igidlər o gecə onların ordugahına girərək bir çox adamını oxla vurdular və çoxlu qənimət gətirdilər.
İki gün sonra Şiraz kurqanına vardıq. Şiraz Qasım Duldayda idi. Darğa Şiraz kurqanını döyüşsüz təhvil verdi. Şiraz kurqanının idarəsi İbrahim Saruya tapşırıldı.
Ertəsi gün ramazan bayramı namazını orada qıldıqdan sonra Səmərqəndə yürüş edərək Abyar qoruğuna gəldik. O gün Qasım Dulday, Veys Lağari, Həsən Nəbirə, Sultan Məhəmməd Seyfəl (Dərviş) (39 b) və Sultan Məhəmməd Veys üç-dörd yüz adamla gəldilər və mənimlə görüşüb ehtiramla «Baysunqur Mirzə geri çəkiləndə biz də ondan ayrılıb padşahın xidmətinə gəldik» dedilər. Lakin sonra anlaşıldı ki, bunlar Şirazı müdafiə məqsədilə Baysunqur Mirzədən ayrılmışlar və Şiraz işi belə olunca çarəsiz qalıb bizim yanımıza gəlmişlər.
Qara-Bulaqda dayananda bizim tərəfə keçən və bəzi kəndlərdə sərkəşlik edən moğolları tutub gətirdilər. Qasım bəy ibrət üçün bunlardan iki-üç adamı parçalatdı. Dörd-beş il sonra, qazaxlıq günlərində Məsihadan [moğol xanı Sultan Mahmud] xanın hüzuruna gedərkən Qasım bəy bu üzdən bizdən ayrılaraq Hisara getdi.
Qara-Bulaqdan qalxıb çayı keçərək Yam qarşısında durduq. O gün bəzi içki2 bəylər xiyaban başında Baysunqur Mirzənin adamlarıyla çarpışdılar. Sultan Əhməd Tənbəlin boğazına nizə ilə vurdular, lakin atdan düşmədi. Xoca Kəlanın böyük qardaşı olan Hacəgi Molla Sədrin boynuna ox isabət etdi və yerindəcə Allahın rəhmətinə qovuşdu. Çox yaxşı bir igid idi. Atam da ona böyük iltifat göstərərək özünə möhürdar3 təyin eləmişdi. Elmlə (40 a) məşğul olurdu. Nəsri də gözəl idi. Quşçuluq və yadaçılıqdan da başı çıxırdı.
Biz Yam civarında ikən şəhərdən bir çox tüccar və tüccar olmayanlar çıxıb ordu bazarında ticarət edirdi. Bir gün ikindi namazı vaxtında ümumi bir qarışıqlıq çıxdı və bu müsəlmanların malları yağmalandı. Lakin qoşunda intizam çox güclü idi. Dərhal əhalinin malını, heç kimin tək bir şeyi belə gizləmədən geri verməsi əmr edildi. Ertəsi gün daha bir pəhər1 belə olmamışdı, qoşunda yağmanın ən kiçık parçası da qalmadı, kiçık bir ip parçasına, ya da iynə qırığına qədər hamısı sahiblərinə geri verildi.
Oradan qalxıb Səmərqənddən üç küruh2 məsafədə olan Xan Yurdunda dayandıq. Qırx-əlli gün bu yurdda oturduq. Burada olduğumuz müddət ərzində hər iki tərəfdən könüllü igidlər xiyabanda bir neçə dəfə yaxşıca çarpışdılar. Bir dəfə İbrahim Bəycik də [Tağayi] bu çarpışmalarda iştirak etdi və üzündən yaralandı. Bundan sonra ona İbrahim Çapıq deməyə başladılar.
Bir dəfə də xiyabanda, Məğaq körpüsündə Əbülqasım Kuhbər toppuz işlətdi. Bir dəfə də xiyabanda arx civarında bir çarpışma oldu və (40 b) Mirşah Koçin toppuzla vuruşdu. Ona elə vurdular ki, boynu yarısına qədər kəsildi və yalnızca böyük şahdamarı qaldı.
Xan Yurdunda olduğumuz zaman kurqandakılar adam göndərdilər və «Gecə Gari-Aşiqanə gəlin, kurqanı təslim edək» deyə hiylə qurdular. Buna inanaraq gecə hərəkət edib Məğaq körpüsünə gəldim. Qərarlaşdırılmış olan yerə bir dəstə yaxşı igid və piyada göndərildi. Məsələni anladıqları vaxt içəridəkilər bizim piyadalardan dörd-beşini əsir almışdılar. Bunlar çox qüvvətli piyadalar idi. Birinin adı Hacıydı və kiçıkliyindən bəri mənim xidmətimdə idi. Birinə də Mahmud Kundursəngək deyirdilər. Hamısını öldürdülər.
Bu yurdda olduğumuz zaman Səmərqəndin şəhər əhalisindən və əsnafdan o qədər çox adam dışarı çıxmışdı ki, ordugah artıq bir şəhər halına gəlmişdi. Şəhərlərdə nə axtarsan ordugahda tapardın.
Bu müddət ərzində Səmərqənd istisna olmaqla digər bütün kurqanların, dağların və ovaların hamısı bizə itaət etmişdi. Şavdar dağının ətəyindəki Örkət adlı bir kurqanı bəzi adamlar gücləndirmişdilər. Bu üzdən bu yurddan qalxıb Örkətə yürüş etmək lazım gəldi. Axırda bizə qarşı dayana bilməyəcəklərini anladıqları zaman da Xoca [Mövlana] qazını (41 a) minnətçi salıb itaət etdilər. Biz də onların xətalarını bağışlayaraq yenidən Səmərqəndin mühasirəsi ilə məşğul olduq.
SULTAN HÜSEYİN MİRZƏ İLƏ
BƏDİÜZZAMAN MİRZƏ ARASINDA ÇARPIŞMA
Bu il Sultan Hüseyn [Bayqara] Mirzə ilə [oğlu] Bədiüzzaman Mirzə arasındakı anlaşmazlıqlar bunları savaşa sürüklədi. Məsələ belə idi: keçən il Sultan Hüseyn Mirzənin Bəlxi Bədiüzzaman Mirzəyə, Əstərabadı isə Müzəffər Mirzəyə verərək onları yükündürdüyünü nəql etmişdik. O zamandan bugünə qədər bir çox elçilər gəlib getdi. Axırda Əlişir bəy [Nəvai] də elçi olaraq gəldi. Nə qədər çalışsalar da Bədiüzzaman Əstərabadı kiçık qardaşına verməyə razı olmadı və «Mənim oğlum Məhəmməd Mömin Mirzə sünnət olunanda, [babası] Sultan Hüseyn Mirzə oranı ona hədiyyə etmişdi» dedi.
Bir gün Əlişir bəylə Mirzə arasında bir söhbət oldu ki, bu, Mirzənin sürətli fəhminə, Əlişir bəyin də həssasiyyətinə bir dəlildir. Əlişir bəy bir çox məhrəm sözü Mirzəyə pıçıltıyla söylədi və «Bu sözləri unudun» dedi. Mirzə də dərhal «hansı sözləri?» deyə soruşanda, Əlişir bəy çox mütəəssir oldu və uzun-uzun ağladı.
Ata ilə oğul arasındakı bu dedi-qodular axırda belə nəticələndi: atası oğlu, oğlu da atası üzərinə Bəlx və Əstərabada qoşun yeritdi. Gürzüvan ətəyində yerləşən (41 b) Yekçıraq çayırına aşağıdan Sultan Hüseyn Mirzə yuxarıdan da [oğlu] Bədiüzzaman Mirzə gəldi. Ramazan başlanğıcında çərşənbə axşamı günü [=3 may 1497] Sultan Hüseyn Mirzənin bir neçə bəyi və bir dəstə süvarisi ilə birlikdə [digər oğlu] Əbülmöhsün Mirzə irəlilədi. Ciddi bir vuruşma olmadan Bədiüzzaman Mirzə məğlub oldu. Bir çox yaxşı igid əsir düşdü. Sultan Hüseyn Mirzə hamısının başını kəsdirdi. Yalnız burada deyil, hansı oğlu düşmən olaraq qarşısına çıxsa, məğlub etdi və əsir düşən adamlarının hamısının başlarını kəsdirdi. Nə eləsin, haqq onun tərəfində idi.
Bu mirzələr zövq və səfahətə o dərəcədə düşkün idilər ki, ataları kimi təcrübəli və ağıllı bir padşah onlara yarım günlük məsafəyə qədər yaxınlaşdığı və digər tərəfdən də ramazan kimi mübarək və əziz bir aya girməyə yalnızca bir gecə qaldığı halda, onlar atalarından çəkinmədən, Allahdan qorxmadan yalnızca şərab içib zövq və səfa sürməklə məşğul idilər. Şübhəsiz, belə hərəkət edən adamlar belə yenilgilərə uğrayar və belə insanların öhdəsindən hər kəs gələr.
Əstərabadın idarəsi neçə ildir Bədiüzzaman Mirzənin əlində idi. Ətrafındakılar və igidləri fövqəladə zövqə və süsə düşkün idilər. Altın və gümüş qab-qaşıqları və əşyaları hədsiz dərəcədə çoxalmışdı. Süslü geydirilmiş igidlərinin (42 a) və cins atlarının sayı-hesabı yox idi. Orada hamısını itirdi. Dağ yollarından qaçarkən, qayalıqlardan və uçurumlardan böyük çətinliklərlə endi, amma bir çox adamı bu uçurumlarda tələf oldu.
Sultan Hüseyn Mirzə oğlunu yendikdən sonra Bəlxə gəldi. Bədiüzzaman Mirzə Bəlxdə Şeyx Əli Tağayini qoymuşdu. O da çarəsiz qaldı və Sultan Hüseyn Mirzəyə itaət edərək Bəlxi təslim etdi. Sultan Hüseyn Mirzə Bəlxi [digər oğlu] İbrahim Hüseyn Mirzəyə verib Məhəmməd Vəli bəylə Şah Hüseyn Çöhrəni də onunla birlikdə qoydu və özü Xorasana geri qayıtdı.
Məğlub olan, malı-mülkü yağmalanan Bədiüzzaman Mirzə ətrafındakı igidləri, piyada və çılpaq adamlarıyla birlikdə Qunduza, Xosrov şahın yanına getdi. Xosrov şah ona yaxşı üz göstərdi. At və dəvələrlə birlikdə kiçık və böyük çadırlar, sipahilərə gərəkən təchizatı verərək, həm Mirzənin özünə, həm də başının adamlarına o qədər yaxşı rəftar və insaniyyət göstərdi ki, görənlər Mirzənin öncəki və bugünkü təchizatı arasındakı fərqin yalnızca süslü və yaldızlı alətlərin olmaması olduğunu söylədilər.
SULTAN MƏSUD MİRZƏ İLƏ
XOSROV ŞAH ARASINDAKI UYUŞMAZLIQ
Sultan Məsud Mirzə ilə Xosrov şah arasında birinin ölçüsüzlüyü, digərinin isə özünü böyük görməsindən uyuşmazlıq yarandı. Xosrov şah Vəli və Baqini [Çağanyanı] (42 b) Bədiüzzaman Mirzə ilə birlikdə Hisara Sultan Məsud Mirzənin üzərinə göndərdi. Lakin kurqana yaxınlaşa bilmədilər. Civardakı bölgədə hər iki tərəf bir-iki dəfə qılınc işlətdi. Bir dəfə də Mühib Əli Qurçu qafilədən ayrılaraq Hisarın şimal tərəfində yerləşən Quşxanaya gəlib yaxşı çarpışdı. Atdan yıxılıb ələ keçiriləcəyi zaman arxadaşları gəlib onu qurtardılar. Bir neçə gün sonra sülhə bənzər bir şey bağlayıb geri qayıtdılar.
Bundan bir neçə gün sonra Bədiüzzaman Mirzə dağ yolundan Qəndəhara və Zəmindavərə, Zünnun bəy Arğun ilə oğlu Şah Şüca Arğuna getdi. Zünnun bəy Arğun xəsis olduğu halda yaxşı münasibət göstərdi və bir dəfə də qırx min qoyun hədiyyə etdi. Qəribə bir təsadüfdür ki, Sultan Hüseyn Mirzənin [oğlu] Bədiüzzaman Mirzəni məğlub etdiyi eyni çərşənbə axşamı günündə [digər oğlu] Müzəffər Mirzə də [Bədiüzzamanın oğlu] Məhəmməd Mömin Mirzəni Əstərabadda məğlub etmişdi. Daha da qəribəsi budur ki, Çərşənbə adlı bir adam Məhəmməd Mömin Mirzəni əsir edərək gətirmişdi.
FƏRQANƏ - 903 (30 AVQUST 1497 – 19 AVQUST 1498)
Dostları ilə paylaş: |