MÜQİMİN GETMƏSİ VƏ VİLAYƏTİN
BƏYLƏR ARASINDA BÖLÜŞDÜRÜLMƏSİ
Kabilin alınmasından bir neçə gün sonra Müqim Qəndəhar tərəfinə getmək üçün izin istədi. Əhd və şərtlə gəlmiş olduğu üçün bütün adamları və malıyla birlikdə böyük qardaşının və bacısının yanına sağ-salamat getməsinə izin verildi. Müqimə izin verilmdikdən sonra Kabil vilayəti mirzələr və bütün qonaq bəylər arasında paylaşdırıldı.
Qəznə civarıyla birlikdə Cahangir Mirzəyə verildi. Nigənxar tüməni, Məndravər, Dəreyi-Nur, Nurgil və Çagan saray isə Nasir Mirzəyə verildi. Qazaxlıqlarda mənimlə birlikdə olub birlikdə gəldiyim bəylərin və igidlərin bəzilərinə (144 b) kənd və ərazi kimi şeylər verildi, heç kimə vilayət verilmədi. Yalnız bu dəfə deyil, tanrı təala bir dövlət verəndə hər zaman qonaqlar, yad bəylər və igidlər mənim əski silahdaşlarımdan və əndicanlılardan daha artıq və daha yaxşı iltifat görmüşlər. Buna baxmayaraq, qəribə bir taledir ki, məni hər zaman əski silahdaşlarımı və əndicanlıları başqalarından üstün tutmaqla suçlamışlar.
Bir məsəl vardır: «Düşmən nə deməz, düşə nə girməz». «Dərvazeyi-şəhr ra təvan bəst, nətvan dəhani müxalifan bəst»1.
Səmərqənd, Hisar və Qunduzdan çoxlu el və ulus Kabil vilayətinə gəlmişdi. Buna görə də «Kabil kiçık bir yerdir; qələmdən daha çox qılıncla idarə edilir. Bütün gələnlərə pul vermək mümkün deyil. Bu el və ulusun ailələrinə bir qədər yemək verək və əsgər axına çıxsın» fikri uyğun görüldü və buna qərar verib Kabil və Qəznə vilayətlərinə və civarına otuz min eşşək yükü2 qədər vergi kəsildi. Kabilin gəlirini və məhsulunu bilmədən bu qədər çox vergi kəsildiyi üçün vilayət çox ağır bir vəziyyətə düşdü.
Bu zamanlarda Baburi yazısını icad etdim.
Sultan Məsudi həzarəsinə xeyli qoyun və at vergisi kəsilib təhsildarlar göndərildi. Bir neçə gün sonra təhsildarlardan həzarələrin malı (145 a) verməyərək üsyan etdikləri xəbəri gəldi. Bundan bir müddət öncə onlar bir neçə dəfə Gərdiz və Qəznə yollarına basqın etmişlər. Bu üzdən Sultan Məsudi həzarəsinə axın etmək üzərə hərəkətə keçdik. Meydan yoluyla gəlib gecə Nırx keçidindən keçərək sabah namazı vaxtı Çetu civarında olan həzarələrə axın etdik, lakin istənilən nəticə alınmadı. Oradan Səngi-Surah yoluyla geri dönərkən Cahangir Mirzənin Qəznəyə getməsinə izin verildi. Kabilə gələndə Dərya xanın oğlu Yar Hüseyn Bxirə tərəfindən gəlib sədaqətini bildirdi. Bir neçə gün sonra əsgər səfərbər edildi və civarı bilən adamlar dəvət edilərək ətraf tədqiq olundu. Bəziləri Dəşti tövsiyə etdi, bəziləri Bəngəşi uyğun gördü, bəziləri də Hindistan üzərinə səfəri məsləhət bildi. Toplantının sonunda Hindistan səfərinə qərar verdik və şaban ayında [=1505 yanvar] günəş dəlv bürcündə ikən Hindistana getmək niyyətilə Kabildən yola çıxdıq. Badam-Çeşmə və Çigdəlik yoluyla altı mənzildən sonra Adinapura gəldik.
HİNDİSTANA İLK AXIN
İsti iqlim vilayətlərini və Hindistan civarını o zamana qədər heç görməmişdim. Nigənxara varınca başqa bir aləm meydana çıxdı. Otlar, ağaclar, heyvanlar, quşlar, əhalinin (145 b) adət-ənənəsi tamamilə başqa idi. Heyret etdik və həqiqətən də heyrət ediləcək dərəcədə idi.
Bir az əvvəl vilayətinə getmiş olan [Baburun kiçık qardaşı] Nasir Mirzə Adinapurda gəlib bizə sədaqətini bildirdi. Bu münasibətlə oraya getmiş olan aymaq və adamlarm hamısı qışı keçirmək üçün köç edib Ləmqanata gəlmişdi. Onların əsgərləri ilə geridə qalan əsgərləri gözləmək üçün bir-iki gün o civarda qaldıq. Onlar da bizə qoşuldqdan sonra gəlib Cuyi-Şahidən keçib aşağıda Quş-Künbəzdə düşərgə qurduq. Nasir Mirzə adamlarına vilayətindən bəzi şeylər gətirmək üçün iki-üç gün sonra gəlmək üzərə izin istəyərək orada qaldı. Quş-Künbəzdən qalxıb Gərm-Çeşməyə gələndə [əfqan qövmlərindən] kakiyaninin rəislərindən Pixi adlı birini yanıma gətirdilər. O buraya karvanla gəlmişdi. Yol və yer barədə yararlanmaq üzərə bu Pixli də bizimlə birlikdə qaldı.
Bir-iki mənzildə qaldıqdan sonra Xeyberdən keçib Cama endik. Körə-Kətri haqqında eşitmişdim. Ora yoqların və hindlərin məbədlərindən biri imiş. Uzaq yerlərdən gəlib burada saç və saqqallarını təraş edirlərmış. Cama enincə Biqramı seyr etmək üçün oraya getdim. Böyük bir ağaca çıxıb oradan Biqram civarını seyr etdim. Bələdçimiz Məlik Busəid Kəməri idi. Bir neçə dəfə Körə-Kətrini soruşdum, söyləmədi.
Dönüb qərargaha (146 a) gələndə Xoca Məhəmməd Eminə «Körə-Kətri Biqramın qarşısında idi, dar mağaralı və təhlükəli bir yer olduğu üçün söyləmədim» demişdi. Xoca onun hərəkətini bəyənmədiyi üçün dediklərini dərhal mənə söylədi. Gec olmuşdu, yol da uzaq idi. Gedə bilmədik.
KÜHETƏ VƏ DƏŞTƏ AXIN EDİLMƏSİ
Bu yurdda Sind çayının necə keçiləcəyi və hansı tərəfə gediləcəyi barədə danışıb məsləhətləşdik. Baqi Çağanyani çayı keçməzdən əvvəl buradan iki günlük məsafədə yerləşən, Kühet deyilən, əhalisi çox və zəngin olan yerə getmək təklifini irəli sürdü. Kabilli bir neçə adam gətirdi, onlar da onun sözünə qüvvət verdilər. Bu yerlər barədə əvvəllər heç nə eşitməmişdik. Etibar sahibi bir adam Kühet tərəfinə yürüməyi uyğun görərək, öz fikrini isbat etmək üzərə bir neçə şahid də gətirdiyi üçün çayı keçib Hindistana getmək fikrindən vaz keçdik və Camdan qalxıb Bare çayını keçərək Məhəmməd Pixin ətəyinə yaxın bir yerə endik.
O zamanlar kakiyani əfqanları Perşavərdə olurdular və əsgərdən qorxaraq bu dağın ətəklərinə çəkilmişdilər. Kakiyaninin böyüklərindən olan Xosrov Kakiyani bu yurdda ikən gəlib bizə sədaqətini bildirdi. Onu da Pixli ilə birlikdə yol və yer (146b) xüsusunda yararlanmamız üçün yanımızda götürdük.
Bu yurddan gecə yarısı qalxdıq və günəş doğarkən Məhəmməd-Pixi keçib günortaya yaxın Kühetə axın etdik. Xeyli öküz və camış ələ keçirildi. Əfqanlardan da bir çox əsir ələ keçdi. Əsirlərin hamısı sərbəst buraxıldı. Evlərində ərzaq da çox idi. Axınçılar Sind dəryası sahilinə qədər axına getdilər və ertəsi gün gəlib bizə qoşuldular. Baqi Çağanyaninin söylədiyinin tərsinə, əsgərin əlinə heç bir şey keçmədi. Baqi Bəy bu üzdən bir az utandı.
Kühetdə iki gecə qalıb axınçıları topladıqdan sonra hansı tərəfə getmək xüsusunda məşvərət etdik. Bəngəş ilə Bennu civarındakı əfqanların üstünə axın edilib Negar və ya Fərmül yoluyla qayıtmağı qərara aldıq. Kabildə gəlib mənim xidmətimə girən Dərya xan oğlu Yar Hüseyn belə bir xahişlə müraciət etdi: «Əgər diləzaq, Yusif-zey və kakiyanilərə [əfqan qəbilələri] mənə tabe olmaları haqqında fərman versəniz, onda mən padşahın qılıncını Sind çayının o tərəfinə apraram». İstədiyi fərmanları verərək onun Kühetdən getməsinə izin verdik.
Kühetdən qalxıb Həngü yoluyla yuxarı Bəngəş tərəfinə yürüdük. Kühet ilə (147 a) Həngü arasında bir dərə vardır. İki tərəfi dağdır və yol bu dərədən keçir. Qalxıb bu dərəyə girəndə Kühet və o civar əfqanlarının hamısı yığışaraq dərənin iki tərəfindəki dağın üzərinə çıxıb savaş nərəsi çəkərək gurultu qoparmağa başladı.
Məlik Busəid Kəməri bütün Əfqanistanı yaxşı tanıyırdı və bu səfərdə bələdçi o idi. O bir az irəlidə yolun sağında tək bir dağ olduğunu, əgər əfqanlar bu dağdan o dağa keçsələr, ora tək bir dağ olduğu üçün onları tam mühasirəyə alma imkanı olduğunu söylədi. Allah rast gətirdi və bu əfqanlar bizi təqib edərək o tək dağa çıxdılar, iki dağın arasındakı boyunu tutmaq üçün dərhal bir dəstə igid göndərildi. Digər əsgərlərə də hər iki tərəfdən olduqları yerdən yürümək əmri verildi.
Hər kəs olduğu yerdən yürüyüncə, onlar da vuruşa bilmədilər, qısa müddətdə yüz-yüz əlli əfqanı ələ keçirib bəzilərini diri olaraq, çoxunun da başını kəsərək gətirdilər.
Əfqanlar müharibədə aciz bir vəziyyətdə qalınca, düşmənlərinin qabağına dişləri arasına ot alaraq gəlirlər və bununla «mən sənin öküzünəm» demək istəyirlərmiş. Bu adəti orada (147 b) gördük. Aciz bir vəziyyətdə qalan əfqanlar, dişləri arasına ot alaraq gəldilər. Diri gətirilənlərin də boyunları vurdurularaq, endiyimiz yurdda kəsilən başlardan bir minarə düzəldildi.
Ertəsi sabah oradan qalxıb Həngüyə endik. O civardakı əfqanlar kiçık bir dağı səngər etmişdilər. Səngər kəlməsini Kabilə gəldiyimiz zaman eşitmişdik. Buradakı xalq dağı möhkəmləndirməyə səngər deyirmiş. Yetişən əsgər səngəri yıxaraq, yüz-iki yüz asi əfqanın başını kəsib gətirdi. Burada da kəsilən başlardan bir minarə düzəldildi.
Həngüdən qalxıb ertəsi gün yuxarı Bəngəşin ətəyində Til deyilən bir yerə getdik. Burada da əsgərlər ətrafdakı əfqanların üstünə axına getdi. Bir səngərdən bəzi axınçılar əliboş qayıtdılar.
Buradan qalxıb arada bir dincəldikdən sonra ertəsi sabah, dimdik bir enişdən enib çox uzun bir boğazdan keçərək Bennuya düşərgə qurduq.. Əsgərlər, dəvələr, atlar bu enişdə və boğazdan keçərkən fövqəladə çox əziyyət çəkdilər. Ələ keçən qənimət və öküzlərin də çoxu qaldı. Əsil yol sağ tərəfimizdə bir-iki küruh məsafədə imiş. Bu yol atlı yolu deyilmiş.
Çobanlar bəzən sürülərini bu yol və boğazdan (148 a) endirdikləri üçün bu yola usfənd-liyar [qoyun yolu] deyirlərmiş. Əfqan dilində yola liyar deyirlər. Bələdçimiz Məlik Busəid Kəməri idi və əsgərin çoxu yolun tərs çıxmasında onu günahkar sayırdı.
Bəngəş və Negar dağlarından keçincə dümdüz bir yerdə Bennu yerləşir. Şimalı Bəngəş və Negar dağlarıdır. Bəngəş çayı Bennuya çıxır. Bennu bu su sayəsində abaddır. Cənubu Çuparə və Sind çayıdır. Şərqi Dinqut, qərbi Bazar və ya Tak da dedikləri bir çöldür. Əfqan qəbilələrindən kurani, kivi, sur, İsa-heyl və niyazilər bu vilayəti əkirlər.
Bennuya enəndə ovadakı qəbilələrin şimal tərəfdəki dağlarda bir səngər qazdığı xəbər alındı. Cahangir Mirzə komandanlığında əsgər göndərildi. Kivi səngəri imiş, gedib qısa müddətdə səngəri alaraq, qətliam edib bir çox baş kəsib gətirdilər. Əsgərin əlinə xeyli ağ qumaş keçdi. Bennuda da kəsilən başlardan bir minarə düzəldildi.
Bu səngər ələ keçirildikdən sonra kivinin böyüklərindən Şadi xan adında biri dişləri arasına ot alaraq sədaqətlərini bildirməyə gəldi. Əsirlərin həyatını bağışladıq.
Kühetə axın edərkən Bəngəş və Bennu civarındakı əfqanlara axın etdikdən sonra Negar və ya Fərmül yoluyla (148 b) geri qayıtmaq qərara alınmışdı. Lakin Bennuya axın etdikdən sonra bu civarı bilən adamlar Dəştin yaxın olduğunu, əhalisinin çox, yolunun da yaxşı olduğunu və Fərmülə çıxdığını söylədilər.
Dəştə axın edib o yolla çıxmağa qərar verdik və ertəsi sabah oradan qalxıb bu çayın sahilində yerləşən İsa-heyl qəbiləsinin kəndinə gəldik.
İsa-heyllər gəlişimizi xəbər alaraq Çuparə dağlarına çəkilmişdilər. Bu kənddən qalxıb Çuparə dağlarının ətəyinə getdik. Axınçılar dağlara gedərək İsa-heyllərin bir səngərini yıxıb qoyun, heyvan və qumaş gətirdilər. O gecə İsa-heyl əfqanları bir gecə basqını elədilər, amma o səfər zamanı çox ehtiyat tədbirləri alınmışdı və heç bir şey edə bilmədilər.
Ehtiyat tədbirləri bu şəkildə alınırdı: sağ qol, sol qol, mərkəz və önçülərin hamısı öz yerində enir, hər qol silahlanaraq öz olduğu yerdən piyada ordugahın ətrafına və çadırlardan bir ox atımı qədər uzaq bir məsafəyə çıxıb gecələri orada keşik çəkirdi. Hər gecə bu şəkildə əsgər çıxarılırdı. İçkilərdən üçü-dördü sıra ilə hər axşam növbəyə çıxırdı. Mən də bir dəfə dolaşdım. Növbəyə çıxmayan adamların (149 a) burunlarını dəlib əsgərlərin arasında gəzdirirdik.
Sağ qolda Cahangir Mirzə, Baqi Çağanyani, Şirim Tağayi, Seyid Hüseyn Əkbər və digər bəzi bəylər; sol qolda Mirzə xan [Baburun əmisi oğlu Sultan Veys Mirzə], [Kabilin son hökmdan Uluğ bəy Mirzənin oğlu] Əbdürrəzzaq Mirzə, Qasım bəy və digər bəzi bəylər dururdu. Mərkəzdə böyük bəylərdən heç kimsə yoxdu; hamısı içki bəylərdi. Önçü qolunda Seyid Qasım eşik-ağa, Baba oğlu Allahquluverən və digər bəzi bəylər olurdu. Əsgər altı bölüyə ayrılmışdı, hər bölük bir gecə-gündüz ard-arda növbə tuturdu.
O ətəkdən qalxıb qərbə doğru yürüyərək, Dəşt ilə Bennu arasında susuz bir dərədə endik. Əsgərlər sel yatağını qazıb özləri və heyvanları üçün su götürdülər. Bir-bir yarım kari qazılsa, sel yatağından su çıxırdı. Yalnız bu sel yatağının deyil, Hindistanın bütün sel yataqlarının belə bir özəlliyi var: bir və ya bir yarım kari qazılsa, mütləq su çıxır. Allahın qüdrətinə bax! Hindistanda çaylardan başqa axarsu yoxdur. Sel yataqları axarsulara yaxındır.
Bu quru sel yatağından səhər vaxtı qalxdıq və ikindi vaxtı yüngül süvari dəstəsi Dəştin kəndlərinə çatdı. Axınçılar bir neçə kəndə axın edib heyvan, qumaş və ticarət atları gətirdilər. Bu gecə sabaha qədər və ertəsi gün günortaya qədər geridə qalan yük heyvanları, dəvələr və piyada əsgərlər (l49 b) gəlməyə davam etdi. Burada qaldığımız gün axınçılar gedib Dəştin kəndlərindən xeyli öküz və qoyun ələ keçirdilər, əfqan tüccarlarına rast gələrək xeyli ağ qumaş, ədviyyat, şəkər, şəkər qamışı, cins atlar və ticarət atları gətirdilər. Hindi Moğol əfqanlar arasında məşhur və mötəbər tüccarlardan olan Xoca Xızır Nuhanini atdan salaraq başını kəsib gətirdi.
Şirim Tağayi axınçıların arxasından getmişdi. Bir piyada əfqan onunla qarşılaşaraq, [döyüşdə] Şirim Tağayinin şəhadət barmağını kəsib saldı.
KABİLƏ QAYIDIŞ
Ertəsi gün qalxıb Dest kəndlərinə yaxın bir yerə, oradan da Gumel çayının sahilinə endik. Dəştdən Qəznə tərəfinə iki yol çıxır. Biri Səngi-Surah yoludur. Bu yol Bərkdən keçib Fərmülə gedir, o biri isə Gumel çayı sahilini təqib edərək Berkə çatmadan Fərmülə gedir. Bəziləri Gumel yolunu təriflədilər.
Biz Dəştdə ikən iki-üç gün boyunca aramsız yağış yağdı. Gumel çayı möhkəm daşdı və bir keçid taparaq təlaşla keçdik. Yolu bilən adamlar Gumel yolunda bu çayı bir neçə dəfə keçməmiz gərəkdiyini və su belə yüksək olsa keçilməsinin çətin olacağını dedilər. Onun üçün bu yolla bağlı tərəddüd etdik. Hələ qərar verməmişdık. Ertəsi gün «qalx!» davulları çalındıqdan sonra at üstündə (150 a) danışaraq hansı yoldan gedəcəyimizi qərarlaşdırmaq fikrindəydim.
Ramazan bayramı [=7 mart 1505] günü idi. Mən bayram qüslü ilə məşğul oldum. Cahangir Mirzə ilə bəylər danışmışlar. Bəziləri demiş ki, Dəştin qərb tərəfində Mehtər Süleyman dağı deyilən bir dağ, onun da Dəşt ilə Düki arasında bir çıxıntısı var. Bu çıxıntıdan sonra yol düzdür, amma bir-iki günlük qədər daha uzundur. O yoldan getməyə qərar verərək, çıxıntı yoluna girmişlər.
Mən qüslümü bitirincəyə qədər bütün əsgər çıxıntı yoluna doğru getmiş və böyük bir qismi də Gumel çayından keçmişdi. Bilinən yollar olmadığı üçün də yolun uzaq və ya yaxın olduğunu bilmədən bir yığın uydurma sözlərlə bu yola girdik.
Bayram namazı Gumel çayı sahilində qılındı. Novruz o bayrama yaxın olub fərqi bir-iki gündü. O münasibətlə bu qəzəli söyləmişdim:
Yeni ay yar üzü birlə görüb, el şadi-xürrəmlər,
Mana üzü qaşından ayrı bayram ayında qəmlər.
Yüzi-novruziyü vəsli-eydini, Babur, qənimət tut,
Ki bundan yaxşı olmaz, olsa yüz novruz bayramlar.
Gumel çayını keçdik və dağ ətəyini izləyərək günəyə doğru yürüdük. Bir-iki küruh getmişdik (150 b) ki, dağ ətəyindəki təpələrdə gözünü qan tutan bir neçə əfqan ortaya çıxdı. Atları dördnala çaparaq dərhal o tərəfə cumduq.
Əfqanlarm çoxu qaçdı, bəziləri isə dağ ətəyindəki xırda təpə və kəmərlərdə kor-koranə toplandı. Bir əfqan kiçık bir təpənin üstündə dururdu. Deyəsən, arxasında uçurum vardı, ona görə gedəcək yeri yox idi. Sultanqulu Çanaq zirehli bir halda oraya çıxıb vuruşaraq adamı ələ keçirdi. Bu mənim hüzurumda gördüyü bir işdi və bu iş onun etibar görüb yüksəlməsinə səbəb oldu.
Bir kəmərdə isə Qutlu Qədəm bir əfqanla vuruşub tudaşdı, on-on iki kari qədər bir yerdən birlikdə aşağıya düşdülər. Başını kəsib gətirdi.
Kəpə də bir dağın üstündə bir əfqanla əlbəyaxa olaraq dağ üstündən dağın yarısına qədər yuvarlanıb gəldi. O da onun başını kəsib gətirdi. Bu əfqanların bir çoxu əsir edilmişdi, hamısı sərbəst buraxıldı.
Dəştdən qalxıb Mehtər Süleyman dağının ətəyi ilə günəyə doğru yürüdük. Üç dəfə dincəldikdən sonra Sind çayının sahilində yerləşən, Multana tabe olan kəndlərdən birinə, Bilə deyilən kiçık bir qəsəbəyə çatdıq. Əsgərlər gəmilərə minib suyu keçdilər, bəziləri isə üzərək keçdilər. Bu kənd qarşısında bir ada vardı. (151 a) Geri qalan əhalinin bir qismi bu adada göründü. Əsgərin böyük bir qismi at və silahlarıyla suya girərək oraya keçdi. Bir neçə adamı su götürdü. Bunlar arasında mənim adamlarımdan Qul Anıqla Mehtər Fərraş, Cahangir Mirzənin adamlarından isə Kaymas Türkmən də vardı.
Bu adada əsgərin əlinə qumaş və ev əşyası kimi bəzi şeylər keçdi. O civar əhalisinin hamısı adadan gəmilərlə Sind çayının digər tərəfinə keçdilər. Adanın qarşısına keçənlərin bir qismi suyun genişliyinə güvənib qılınclarını əllərinə alıb oynadaraq istehza etməyə başladılar.
Adaya keçənlərdən Qul Bəyazid Bəqavul tək başına və yalın atla özünü onların qarşısından suya atdı. Adanın o tərəfindəki suyun genişliyi bu tərəfinkindən iki-üç misli qədər çox idi. Atını üzdürərək, o tərəfdəkilərin qarşısında bir ox atımı qədər məsafədə dayaz yerə çıxdı. Su atın böyrünə qədər gəlirdi. Özünə gəlmək üçün bir qədər durdu. Arxasından heç kim getmədi, getmə ehtimalı da yox idi. Oradan sürətlə bunların üstünə cumdu. Bir-iki ox atdılar, lakin heç bir şey edə bilməyib qaçdılar. Tək başına, yəhərsiz atla, köməksiz Sind çayı kimi bir çaydan at üzdürərək keçib düşməni qaçırdı və yerini aldı. Çox cəsuranə bir iş görmüşdü. Düşməni qaçırdıqdan sonra (151 b) əsgər o tərəfə keçdi və qənimət olaraq qumaş və heyvanlar gətirdi. Düzdür, bundan əvvəl də bir neçə dəfə də xidməti və cəsarəti görünmüşdü, etibar və iltifat göstərib aşçılıq1 rütbəsindən xassə bəkavul rütbəsinə yüksəltmişdim. Bu şücaətindən dolayı da ona çox inayət və ehsanlarda bulundum. Bu barədə irəlidə söz açılacaq. Gerçəkdən də inayət və ehsana layiq idi.
İki-üç mənzil boyunca Sind çayını sahildən izləyərək, çayın aşağısına doğru getdik. Əsgər axın edə-edə atlarını haldan saldı. Qənimət də axına dəyməzdi, hamısı öküzdən ibarətdi. Dəştdə ikən əsgərin əlinə qoyun və bəzi yerlərdə qumaş kimi şeylər keçmişdi, amma Dəşti keçdikdən sonra öküzdən başqa bir şey yox idi. Sind çayı sahilindəki mənzillərdə iş o dərəcəyə çatdı ki, bir qulluqçu üç-dörd yüz öküzü birdən gətirirdi. Çox olduğu üçün gətirirdilər, ancaq hər mənzildə bir o qədəri qalırdı.
Sind sahilini izləyərək üç mənzil gəldik. Üç mənzildən sonra Pir-Kanu məzarı qarşısında Sind çayından ayrılaraq Pir-Kanu məzarına gəlib dayandıq. Məzarın bəzi mücavirlərinə əziyyət verdikləri üçün əsgərlərdən birini ibrət olsun deyə parçalatdım. Bu məzar Hindistanda (152 a) fövqəladə mötəbər bir məzardır və Mehtər Süleyman dağına bitişik dağların ətəyində yerləşir.
Bu məzardan qalxıb keçid üzərinə endik. Oradan qalxıb Düki vilayətindəki çaya endik. O yurddan qalxanda isə Şah [Şüca] bəyin adamı və Sivinin valisi olan Fazil Göyəldaşın casusluq etməyə gəlmiş iyirmi qədər adamını tutub gətirdilər. O vaxtlar aramızda düşmənçilik olmadığı üçün atlarına və silahlarına toxunmadan sərbəst buraxdıq.
Ertəsi gün Düki kəndlərindən Çutali deyilən kəndin yaxınına endik. Sind çayının bir az o tərəfində və onun sahilində durmadan axın edildiyi halda at yemi və ot bol olduğu üçün atlar süstləşmirdi, lakin Sind çayından Pir-Kanu tərəfə doğru çıxanda ot heç tapılmır, ara-sıra iki-üç mənzildə bir az ot tapıla bilirdi. At yemi ise heç tapılmırdı. Bu yurdlardan etibarən əsgərin atları geri qalmağa başladı.
Çutalidən keçib endiyimiz yurdda yük heyvanı olmadığı üçün mənim öz çadırım da qaldı. Burada ikən bir gecə elə yağış yağdı ki, çadırda su topuğuma qədər çıxdı. Kilimləri bir yerə yığıb onların üstündə oturdum. O gecəni sabaha qədər bu cür sıxıntı içində keçirdim.
BİR İNTRİQANIN ORTAYA ÇIXARILMASI
İki mənzildən sonra Cahangir Mirzə gəlib qulağıma (152 b) gizli bir sözü olduğunu söylədi. Yalnız qaldıq. Mənə belə dedi: «Baqi Çağanyani mənim yanıma gəlib dedi ki, padşahı yeddi-səkkiz və ya on adamla Sind çayının o biri üzünə keçirək və sizi padşah edək».
«Bu fikirdə olan daha kimlər var?» deyə soruşdum.
«Mənə Baqi bəy indi söylədi, başqalarını bilmirəm» dedi.
«Daha başqaları varsa, onları da öyrənin. Bəlkə də Seyid Hüseyn Əkbər, Sultan Əli Çöhrə ilə Xosrov şaha mənsub bəy və igidlərdən də bəziləri vardır» dedim. Gerçəkdən də, Cahangir Mirzə bu dəfə fövqəladə yaxşı hərəkət etmiş və qardaşlığın gərəklərini yerinə yetirmişdi. Cahangir Mirzənin bu hərəkəti mən Kahmərddə ikən və o da bu bədbəxt hərifin azdırmalarına və fəsadına qapılmışkən ona qarşı elədiyim yaxşı hərəkətin cavabı idi.
O yurddan qalxıb təkrar bir yurda enəndə əsgər arasında atı işə yarayan adamlar Cahangir Mirzənin komandanlığına verilərək o civarda oturan əfqanlara axın etmək üçün göndərildi. Bu yurdlarda əsgərin atı daha çox geri qalmağa başladı. İki üç-yüz atın geri qaldığı günlər olurdu. Bir çox yaxşı adam atsız qaldı. Mənim yaxşı içkilərimdən olan Şah Mahmud Oğlaqçının atları tamamən geri qalıb özü də piyada gəldi. Qəznəyə qədər əsgərin atlarının vəziyyəti bu şəkildə davam etdi. Üç-dörd mənzildən sonra Cahangir Mirzə bəzi (153 a) əfqanlara axın edərək bir qədər qoyun gətirdi.
Bir-iki mənzildən sonra Abi-İstadəyə gəldik. Önümüzə böyük bir çay çıxdı. Çayın o tərəfindəki çöllər heç görünmürdü. Su sanki göylə birləşmiş kimi görünürdü. Sərabın o üzündəki dağlar və təpələr necə asılıymış kimi görünürsə, suyun o biri tərəfindəki dağlar və təpələr də yerlə göy arasında asılıymış kimi görünürdü. Burada yığılan sular Kəttəvaz vadisi, Zürmət vadisi, Qəznə çayı və Qarabağ çayırına yağan bahar yağışlarının selləri və yazda su daşanda suvarmadan artan sular imiş.
Abi-İstadəyə bir küruh yaxınlaşanda qəribə bir şey gördük: bu su ilə göy arasında şəfəqə bənzəyən qıpqırmızı bir şey görünür və təkrar yox olurdu. Yaxınlaşıncaya qədər bu vəziyyət davam etdi. O zaman anlaşıldı ki, bunlar bağlan [vəhşi qazlar] imiş. On min, iyirmi min deyil, daha çox qaz vardı. Bu qazlar uçub qanad açanda qırmızı tükləri bəzən görünür, bəzən də görünmürmüş. Yalnız bu quşlar deyil, burada hər növ çoxlu quş, suyun sahilində isə fövqəladə çoxlu quş yumurtası vardı.
Bu çayın sahilində quşların (153 b) yumurtalarını yığmağa gələn iki əfqan bizi görüncə özlərini suya atdılar. Bir neçə adam yarım küruha yaxın bir məsafəyə qədər gedib onları gətirdi. Su içində nə qədər irəliləsələr də, su yenə eyni dərinlikdə idi və atın qarnına qədər çıxırdı. Düz bir yer olduğu üçün hər halda suyu da dərin deyildi.
Kəttəvaz çölündən Abi-İstadəyə tökülən çayın sahilinə gəlib endik. Bu çay quruyan bir çaydır. Burada heç bir zaman su axmazdı. Neçə dəfə buradan keçsək də, bu çayda heç su görməmişdik. Amma bu dəfə bahar yağışları üzündən çaya o qədər su yığılmışdı ki, heç bir keçid tapa bilmədik. Düzdür, su çox geniş deyildi, lakin çox dərin idi. Bütün at və dəvələri üzdürərək keçdik. Əşyaların bir qismini urğanlarla bağlayıb suyun o tərəfindən çəkərək çıxardılar. Bu sudan keçib Köhnə Nani yoluyla və Sərdih bəndi üzərindən Qəznəyə gəldik. Cahangir Mirzə bizi bir-iki gün qonaq edib ziyafətlər verərək hədiyyələr təqdim etdi.
O il çayların çoxu daşmışdı. İş o yerə çatmışdı ki, Dih-Yaqub çayından keçid tapılmırdı. Bir göldə düzəltdirmiş olduğum gəmini gətirdərək Kəmərinin qarşısından Dih-Yaqub çayına endirtdim. Hər kəs qarşı tərəfə gəmi ilə keçdi. Oradan Secavənd keçidindən aşıb Kəməridən suyu gəmiylə keçərək zilhiccə ayında [=1505 may] (154 a) Kabilə gəldik.
Yusif bəy [Oğlaqçı] bundan bir neçə gün əvvəl qulunc xəstəliyindən Allahın rəhmətinə qovuşdu.
NASİR MİRZƏNİN XƏTASI
[Baburun ən kiçık qardaşı] Nasir Mirzə adamlarına vilayətlərindən bəzi əşyalarını gətirtmək və iki-üç gün sonra arxadan gəlmək üçün izin alıb Quş-Künbəzdə qalmışdı. Bizdən ayrılınca da Dəreyi-Nur xalqının sərkəşliyi üzündən əsgərini Dəreyi-Nur üzərinə göndərir.
Dəreyi-Nur kurqanının möhkəmliyi və ərazisinin çəltik tarlası olması dolayısıyla çətin keçilməsi haqqında əvvəlcə bəhs etmişdim. Bu əsgərin komandanı olan [Dərviş Məhəmməd] Fəzli isə əsgəri belə təhlükəli bir yolda və pis ərazidə ehtiyat tədbirləri almadan dağınıq bir halda axına göndərir. Dəreyi-Nur əhalisi çıxıb dağıniq haldakı axınçıları qovur, digərləri də qarşı çıxa bilməyərək qaçırlar. Xeyli adam, at və silahları da itirirlər. Fəzli kimi bir adamın komandanlıq etdiyi əsgərin halı belə olar. Bu üzdənmi, yoxsa könlündə pis bir niyyət vardı, ondanmı, bilmirəm, amma Nasir Mirzə bizim arxamızdan gəlmədi və orada qaldı.
Bir də Əyyubun [Bəycik] oğullarından Yusif ilə Bəhlul qədər şərir, fitnəkar, axmaq və kibirli adamlar yoxdur. Elingar tüməni Yusifə, Əlişəng isə Bəhlula verilmişdi. (l54 b) Bunlar da vilayətlərindən bəzi əşyalarını alıb Nasir Mirzə ilə birlikdə gələcəkdilər. Nasir Mirzə gəlmədiyi üçün bunlar da gəlmədilər. Bu qış Nasir Mirzənin içki və söhbət arxadaşları onlar idi. Yenə bu qış bir dəfə gedib tərkəlani əfqanlarına axın edirlər. Yaz gəlincə, Nigənxar və Ləmqanata gəlmiş olan bütün aymaq, el və ulusun ailə və mallarını oradan qaldırıb sürərək Baran sahilinə gəldilər.
Nasir Mirzə Baran və civarında olarkən bədəxşanlıların özbəkləri öldürərək özbəyə düşmən olduqları xəbəri gəldi.
Təfsilatı belədir: Şeybani xan Qunduzu Qənbər Biyə verib özü Xarəzmə getdi. Qənbər [Bi Mərvi] də Bədəxşan əhalisini öz tərəfinə çəkmək üçün Məhəmməd Məxduminin Mahmud adlı oğlunu Bədəxşana göndərdi. Ataları Bədəxşan şahlarının bəylərindən olan Mübarək şah da üsyan edib Məxduminin oğlunun və bir neçə özbəyin başını kəsdi. Əvvəlcə Şaf-divar deyə məşhur olan Qaleyi-Zəfəri kurqan edib möhkəmləndirdi. Ona Qaleyi-Zəfər adını o vermişdi. Xosrov şahın silahşoru olan və o zamanlar Həmləngan kurqanını əlində tutan Məhəmməd Qurçu da Rustakda Şeybani xanın sədrini bir neçə özbəklə birlikdə öldürüb Həmlənganı möhkəmləndirdi. (155 a) Ataları Bədəxşan şahların bəylərindən olan Zübeyr Raqi də Raqda üsyan etdi. Xosrov şahın qardaşı Vəlinin nökəri Cahangir Türkmən də bu qarışıqlıqda bəyindən ayrılaraq, qaçan ya da qalan bir neçə sipahi və aymağı toplayıb qorunaqlı bir tərəfə çəkilmişdi. Nasir Mirzə bu xəbərləri alınca, Bədəxşanı ələ keçirmək niyyətilə bir neçə axmaq və darqafalı adamın təşviqi ilə dağın digər tərəfindən gələn bütün dış elləri ailə və mallarıyla birlikdə alaraq Şibertu və Ab-Dərə yoluyla dağın digər tərəfinə keçdi.
Dostları ilə paylaş: |