ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12


Meydan müharibələri və digər döyüşləri



Yüklə 3,76 Mb.
səhifə16/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

Meydan müharibələri və digər döyüşləri: qazaxlıq zamanında bir də­fə atla Gürgan çayını üzərək keçib xeyli özbəyi möhkəm məğlub etdi.

Bir dəfə Sultan Əbu Səid Mirzə Məhəmməd Əli Bəxşinin başçılığı al­tında üç min adamı ilqar [axınçı] olaraq göndərmişdi, Sultan Hüseyn Mir­zə isə altmış igidlə gəlib onları dərhal məğlub etdi. Sultan Hüseyn Mirzənin yaxşı və parlaq işlərindən biri budur.

Bir dəfə Əstərabadda [Sultan Əbu Səid Mirzənin oğlu və Baburun əmi­­si] Sul­tan Mahmud Mirzə ilə vuruşaraq onu məğlub etdi.

Bir dəfə Əstərabadda soğdlu Hüseyn Türkmən oğlu Sadla vuruşaraq onu məğlub etdi.

Bir də taxtı aldıqdan sonra Çinaranda [Sultan Məhəmməd Mirzənin oğlu] Yadigar Məhəmməd Mirzə ilə vuruşaraq onu məğlub etdi.

Bir dəfə də Mürqab körpüsündən sürətlə gəlib Baği-Zağanda sərxoş yatan Yadigar Məhəmməd Mirzəni ələ keçirdi və beləcə Xorasana hakim ol­du.

Bir dəfə də Əndəxud və Şaburqan civarında yerləşən Çikməndə Sultan Mahmud Mirzə ilə vuruşaraq qalib gəldi.

Bir dəfə də [Baburun əmisi] Əba Bəkr Mirzə İraqtan qaraqoyunlu türk­­mənləri ilə birlikdə gəlib Təkanə və Xumarda [Baburun digər bir əmisi] Uluğ bəy Mirzəni məğlub edərək Kabili almışdı, amma sonra İraq üzündən Kabili buraxıb Xeybərdən aşaraq Xoşab ilə Multan civarından keçməklə Si­viyə çıxmış, ora­dan da gəlib Kirmanı almış, lakin orada da durmayaraq (165 b) Xorasan vilayətinə getmişdi, iştə o zaman Sultan Hüseyn Mirzə də sü­rətlə gedib oranı ələ keçirdi.

Bir dəfə də Püli-Çırağda oğullarından biri olan Bədiüzzaman Mirzəni yendi.

Bir dəfə də Halva-Çeşmədə iki oğlunu, yəni Əbülmöhsün Mirzə ilə Ki­­­bək [Məhəmməd Möhsün] Mirzəni yendi.

Bir dəfə də əsgər çəkib Qunduzu mühasirə etdi, lakin ala bilmə­dən ge­ri qayıtdı.

Bir dəfə də Hisarı mühasirə etdi, lakin onu da alammadan geri döndü.

Bir dəfə də Zünnunun [bəy Arğun] vilayəti üzərinə yürüdü. Büst valisi Büstü təslim etdi, başqa heç bir şey etmədi və ən axırda Büstü də buraxıb geri qayıtdı. Sultan Hüseyn Mirzə kimi cəsur və böyük bir padşah bu iki-üç səfərdə padşahlara xas əzmini yerinə yetirə bilmədən və heç bir işi tamam­laya bilmədən geri dönmək məcburiyyətində qaldı.

Bir dəfə də Nişin çayırında Zünnunun oğlu Şah [Şüca] bəy ilə birlikdə gələn oğ­lu Bədiüzzaman ilə vuruşdu və onu məğlub etdi. Orada qəribə bir təsadüf olmuşdu: Sultan Hüseyn Mirzənin yanında əsgəri az imiş və əsgəri­nin çoxunu Əstərabad civarina göndəribmiş. Əstərabada gedən əsgər tam bu savaş günündə gəlib ona qoşulur. Digər tərəfdən də Sultan Məsud Mirzə Hi­sarı [qardaşı] Baysunqur Mirzəyə təslim etmiş və Sultan Hüseyn Mir­zə­nin ya­nına gəlirmiş, o da tam o gün gəlib qoşulubmuş.



Torpaqları: Xorasan vilayəti idi. Şərqi Bəlx, qərbi Bistam (166 a) və Damğan, şimali Xarəzm, cənubu Qəndəhar və Sistandır. Herat kimi bir şə­hər əlinə keçdiyi halda gecə-gündüz işrət və fisqdən başqa işi yox idi, hətta ətrafında və məiyyətində olanlardan da işrət və fisqlə məşğul olmayan heç bir adam yox idi. Cahangirlik və sərkərdəliyin əziyyət və zəhmətini çəkmə­di­­yi üçün, təbii olaraq, adamları və vilayəti getdikcə azaldı.

Uşaqları: on dörd oğlu və bir qızı qalmışdı.

Bədiüzzaman Mirzə oğullarından ən böyüyü idi. Anası [Bikə Sultan bə­­yim] Səncər Mirzə Mərvinin qızıydı.

Şah Qərib Mirzə öz xidmətindəydi. Xarici görkəmi [topal idi, bədəni də yöndəm­siz idi] pis olduğu halda, təbiəti yaxşı idi. Vücudu zəif olsa da, sö­zü gözəldi. Qəribi təxəllüsü ilə yazırdı. Türkcə və farca şeirlər söyləyirdi, bir divan da tərtib etmişdi. Bu beyt onundur:

Dər güzər didəm pəriruye şodəm divaneəş,

Çist nami, u, koca başəd nədanəm xaneəş.

Yolda bir pəri üzlünü görüb divanəsi oldum,

Adı nədir və evi haradadır, bilmirəm.

Sultan Hüseyn Mirzə Heratın idarəsini bir müddət Şah Qərib Mirzəyə vermişdi. Atası həyatda ikən vəfat etdi. Uşağı olmadı.



Müzəffər [Hüseyn] Mirzə: Sultan Hüseyn Mirzənin ən çox sevdiyi oğ­luydu, ancaq seviləcək elə bir əxlaqı və hərəkəti yox idi. Oğullarının çoxu onu çox sevdiyi üçün atalarına düşmən oldular.

Bu iki oğlunun anası Sultan Əbu Səid Mirzənin cariyəsi olan Xədicə bəyim idi. (l66 b) Mirzədən Ağ bəyim adlı bir qızı da vardı.



Əbülmöhsün Mirzə və əsil adı Məhəmməd Möhsün olan Kibək Mir­zə: bu ikisinin anası Lətif Sultan ağaçə idi.

Əbu Turab Mirzə: əvvəllər onun çox fəzilətli olduğunu söyləyirdilər. Atasının xəstəliyi şiddətlənəndə başqa şeylər eşidərək kiçık qardaşı Məhəm­məd Hüseyn Mirzə ilə birlikdə qaçıb İraqa getdi. İraqda sipahiliyi buraxıb dər­vişliyə keçmişdir. Sonralar ondan bir xəbər alınmadı.

Söhrab Mirzə adlı bir oğlu vardı. Mən [özbək sultanları] Həmzə Sul­tan­la Meh­di Sultanın komandanlığında olan sultanları məğlub edib Hisarı alanda mənim yanımdaydı. Bir gözü kor idi. Qəribə və çirkin bir görkəmi var idi, əxlaqı da görün­üşü kimiydi. Bir çılğınlıq elədi, elə ona görə də ya­nımda qala bilməyib getdi. Əstərabad civarında çılğınlığı üzündən [Şah İs­mayılın vəziri və sərkərdəsi] Nəcmi Sani onu işkəncə ilə öldürdü.



Məhəmməd Hüseyn Mirzə: İraqda onu Şah İsmayıl ilə eyni yerə həbs etmişlər və elə o zaman onun müridi olmuş. Sonradan qatı bir rafizi1 ol­muş­du. Atası, böyük və kiçık qardaşları sünni olduğu halda o, rafızi idi. Əstər­abad­da batillik və xəta içində öldü. Onun olduqca cəsur və qəhrəman oldu­ğunu söyləyirlər, lakin belə söyləməyə layiq bir işi görünmədi.

Şairliyi də varmış. Bu beyt onundur:

Aludeyi-gərdi zi payi seyd ki gəşti,

Qərqi-əraqi dər dili-gərm ki qozeşti.



Toza bələnmisən, kimi ovlamaq üçün gəzib tozdun,

Tərə boğulmusan, kimin hərarətli könlündən keçdin.

Firidun (167 a) Hüseyn Mirzə: yayı qüvvətli çəkir, yaxşı ox atırmış. Çəkdiyi oxunun qırx batman olduğunu söyləyirlər. Olduqca cəsur adamdı, lakin savaşda bəxti yoxdu, girdiyi hər müharibədə məğlub oldu.

Ribati-Dudezdə Firidun Hüseyn Mirzə kiçık qardaşı İbn Hüseyn Mir­zə, Teymur Sultan və Übeyd Sultan ilə birlikdə Şeybani xanın ilqarıyla vu­­ruşdular və məğlub oldular. O zaman Firidun Hüseyn Mirzə çox igidliklər gös­tərmişdir.

Damğanda isə Firidun Hüseyn Mirzə ilə [böyük qardaşı Bədiüzzaman Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə Şeybani xanın əlinə düşdülər, am­ma o, ikisini də öldür­mədən buraxdı. Sonra Şah Məhəmməd Divanə Qalatı özbəklərə qarşı bərkidəndə oraya getdi, amma özbəklər Qalatı alanda o da on­­­ların əlinə keçdi və öldürüldü.

Sultan Hüseyn Mirzənin bu üç oğlu Minqli Bi ağaçə adlı bir özbək ca­ri­yəsindən doğulmuşdu.



Heydər Mirzə: anası Sultan Əbu Səid Mirzənin qızı Payəndə Sultan bə­yimdi. Atasının zamanında bir müddət Məşhəddə və Bəlxdə hökm sürdü. Sultan Hüseyn Mirzə Hisarı mühasirə edəndə Sultan Mahmud Mirzənin Xan­zadə bəyimdən do­ğulan qızını ona alıb barışaraq Hisarın mühasirəsin­dən vaz keçmişdir.

Həyatda qalan yeganə uşağı yalnızca Şad bəyim adlı qızıydı. Bu qız da­ha sonra Kabilə gəldi və Adil Sultana verildi.

Heydər Mirzə hələ atası həyatda ikən (l67 b) vəfat etdi.

Məhəmməd Məsum Mirzə: atası ona Qəndəharı vermişdi. Bu müna­si­bətlə [Baburun əmisi] Uluğ bəy Mirzənin bir qızını bu oğluna istədi və He­­rata gətirəndə böyük bir toy edib gözəl bir çadır qurdurdu. Düzdür, Qən­də­ha­rı ona vermişdi, ancaq yaxşı-pis hər şeyi Şah [Şüca] bəy Arğun edirdi və Məhəmməd Məsum Mirzənin heç bir etibarı və nüfuzu yoxdu. Buna görə də Qəndəharda qalmayıb Xorasana getdi, atası hələ həyatda ikən vəfat etdi.

Fərrux Hüseyn Mirzə: ona çox yaşamaq nəsib olmadı və kiçık qar­daşı İbra­him Hüseyn Mirzədən bir müddət əvvəl bu dünyadan köçdü.

İbrahim Hüseyn Mirzə: təbiəti pis deyildi, amma Herat şərabını aşırı bir şəkildə içdiyi üçün atası hələ sağkən öldü.

İbn Hüseyn MirzəMəhəmməd Qasım Mirzə: onlar haqqında irə­li­də bəhs ediləcəkdir.

Bu beş mirzənın anası cariyələrdən Papa ağaçə idi.

Sultanım bəyim: qızlarının ən böyüyü və anasını tək övladı idi. Anası Çöli bəyim azaq bəylərinin qızıydı. Çox söz bilir və sərbəst danışırdı. Atası onu böyük qardaşı Bayqara Mirzənin ortancıl oğlu Sultan Veys Mirzə ilə evləndirmiş, ondan bir qızı və bir oğlu olmuşdu. Qızını Şeybani sultanların­dan Yolbars Sultanın kiçık qardaşı İsənqulu Sultana vermişdilər. Oğlu Mə­həmməd Sultan Mirzədır və indi onu Qanuc vilayətinə hakim qoymuşam. O zaman Sultanım bəyim Kabildən (168 a) nəvəsini alıb [Hindistana] gələndə Nilabda vəfat etmişdi. Adamları onun cənazəsini alıb [Kabilə] döndülər; nə­vəsi mənim yanıma [Hindistana] gəldi.

[Sultan Hüseyn Mirzənin] Payəndə Sultan bəyimdən doğulan qızla­rı­nın ən böyüyü Ağ bəyimdi. Onu [Əbülqasım] Babur Mirzənin kiçık bacısı Bikə bəyimin nəvəsi Məhəmməd Qasım Arlata vermişdilər. Qaragöz bəyim adlı bir qızı ol­muş, bu qızı da [Baburun kiçık qardaşı] Nasir Mirzə almış­dı.

İkinci qızı Kiçık bəyim idi. Sultan Məsud Mirzə ona istəyirdi, amma bütün səyinə baxmayaraq [anası] Payəndə Sultan öz mülahizələrinə görə vermədi. Sonra Seyid Atanın [Xoca Əhməd Yəsəvi] nəslindən Molla Xoca­ya vermişdi.

Üçüncü qızı Bikə bəyimlə dördüncü qızı Ağa bəyimi kiçık bacısı Rə­biə Sultan bəyimin oğulları Babur Mirzə ilə Sultan Murad Mirzəyə ver­miş­di.

[Sultan Hüseyn Mirzənin] Minqli Bi ağaçədən iki qızı olmuşdu. Böyü­yünün adı Bayram Sultandı. Əndəxud seyidlərindən və Bayqara Mirzənin qız nəvəsi olan Se­yid Abdullah Mirzəyə vermişdilər. Seyid Bərkə adlı bir oğulları oldu. Mən Səmərqəndi alanda mənimlə birlikdəydi. Sonra Ürgənc tə­rəfə gedib səltənət davasın­a girişdi və qızılbaşlar tərəfindən Əstərabadda öl­dürüldü.

Digər qızının adı Fatma Sultandı. Teymur bəy nəslindən olan Yadigar Mirzəyə vermişdilər.

[Sultan Hüseyn Mirzənin] Papa ağaçədən üç qızı olmuşdu. Ən böyü­yü Sultan Nijad bəyimdi və Sultan Hüseyn Mirzənin böyük qardaşının [Bay­qara Mirzə] kiçık oğlu [Sultan] İskəndər Mirzəyə verilmişdi.

İkinci qızı Bəyim Sultandı; Sultan Məsud Mirzəyə gözünü (168 b) iti­rəndən sonra vermişdilər. Bir qızı və bir oğlu olmuşdu. Qızını Sultan Hü­seyn Mirzənin arvadı [və eyni zamanda Papa ağaçənin sütbacısı] Apağ bə­yim böyütmüşdü. Bu qız Heratdan Kabilə gəldi və Seyid Mirzə Apağa ve­rildi. Sultan Məsud Mirzə özbəklər tərəfindən öldürüldükdən sonra Bəyim Sultan oğlunu alıb Kəbəyə getdi. Bugünlərdə özünün və oğlunun Məkkədə olduqları xəbəri gəldi. Oğlu olduqca böyüyübmüş.

Üçüncü qızını da Əndəxud seyidlərindən və daha çox Seyid Mirzə de­yə bilinən birinə vermişdilər.

[Sultan Hüseyn Mirzənin] cariyəsindən də Ayşə Sultan adında bir qızı olmuşdu. Bu cariyə Həsən Şeyx Teymurun nəvəsi olan Zübeydə ağaçəydi. Bu qızı Şeybani sultanlarından Qasım Sultana vermişdilər və ondan Qasım Hüseyn [Sultan] adında bir oğlu olmuşdu. Bu oğlan Hindistanda mənim mü­lazimətimə gəldi, Rana Senqa ilə müharibəyə qoşuldu və ona Bedaun veril­di. [Ayşə Sultanı] Qasım Sultandan sonra onun qohumlarından olan Boran Sul­tan adında biri aldı və ondan da Abdullah adlı bir oğlu oldu, ki indi mə­nim mülazimətimdədir, yaşı kiçık olmasına baxmayaraq xidməti pis deyil.



Qadınları və cariyələri: ilk aldığı qadın Səncər Mirzə Mərvinin qızı Bikə Sultan bəyimdi. Bədiüzzaman Mirzə ondan olmuşdu. Çox deyingən idi və Sultan Hüseyn Mirzəyə çox əziyyət verirdi. Mirzə onun deyingənliyin­dən bezdi. Axırda bu­raxdı və ondan qurtuldu. Nə (169 a) eləsin, haqq Mir­zə­nin tərəfindəydi.

Zəni bəd dər sarayi-mərdi-niku,

Həm dər in aləm əst duzəxi-yu.1

Yaxşı kişinin evində pis bir arvadıı olsa,

Onun cəhənnəmi bu dünyada imiş.

Allah heç bir müsəlmanı bu bəlaya salmasın. Ya rəb, pis xasiyyətli və deyingən qadın yer üzündə qalmasın!

Çöli bəyim: azaq bəylərinin qızıydı. Sultanım bəyim ondan olmuşdu.

Şəhribanu bəyim: [Baburun babası] Sultan Əbu Səid Mirzənin qızıydı. Taxta çıxdıqdan sonra almışdı. Çikmən müharibəsində Mirzənin bütün ar­vadları məhfədən1 çıxıb ata minəndə o, kiçık qardaşına arxayın olduğu üçün məhfədən çıxmır və ata minmir2. Bunu Mirzəyə çatdırırlar. Bu üzdən Mirzə Şəhribanu bəyimi buraxdı və kiçık bacısı Payəndə Sultan bəyimi aldı. Öz­bək­lər Xorasanı al­dıqdan sonra Payəndə Sultan bəyim İraqa getdi və orada vəfat etdi.

Xədicə bəyim: Sultan Əbu Səid Mirzənin cariyəsiydi və Mirzədən Ağ bəyim adlı bir qızı vardı. İraqda Sultan Əbu Səid Mirzənin məğlubiyyə­tin­dən sonra Herata gəldi. Onu orada Sultan Hüseyn Mirzə aldı və çox sevdiyi üçün cariyəlik dərəcəsindən bəyimlik dərəcəsinə yüksəltdi. Sonralar fövqəl­adə nüfuz sahibi olmuşdu. [Bədiüzzaman Mirzənin oğlu] Məhəmməd Mö­min Mirzəni onun təhrikiylə öldürdülər.

Sultan Hüseyn Mirzənin öz oğullarıyla düşmən olmasının ən böyük sə­­bəbi də bu qadındır. Özünü çox ağıllı sayırdı, lakin ağılsız və çox danışan bir qadındı. Eyni zamanda rafızi imiş. [Sultan Hüseyn Mirzənin oğulları] Şah Qərib Mirzə ilə Müzəffər Hüseyn Mirzə (169 b) ondan doğulmuşdular.

Apağ bəyim: heç uşağı olmadı. Mirzənin ən çox sevdiyi arvadı Papa ağaçə Apağ bəyimin süd bacısıydi. Öz uşağı olmadığı üçün Papa ağaçənin oğulla­rına öz uşağı kimi baxırdı. Mirzə xəstə olduğu zamanlarda ona föv­qəladə yaxşı xidmət edirdi, arvadlarından heç biri o qədər xidmət edə bil­məzdi. Hindistana getdiyim il Heratdan gəldi. Mən də əlimdən gəldiyi qədər ona sayğı və hörmət göstər­dim. Çəndirini mühasirə etdiyim zaman Kabildə vəfat etdiyi xəbəri gəldi.

[Sultan Hüseyn Mirzənin] cariyələrindən biri də çərşənbehilərdən3 Lə­tif Sul­tan ağaçəydi; Əbülmöhsün Mirzə ilə Kibək [Məhəmməd Möhsün] Mir­zə ondan ol­muşdu.

Cariyələrindən biri də özbəklərdən Minqli Bi ağaçəydi; Əbu Turab Mirzə, Məhəmməd Hüseyn Mirzə və Firidun Hüseyn Mirzənin anasıydı və Şəhribanu bəyimin xidmətçilərindəndi. Onun iki qızı da vardı.

Cariyələrindən biri də Apağ bəyimin südbacısı olan Papa ağaçəydi. Mirzə onu görüb sevərək almışdı. Daha öncə söyləndiyi kimi, beş oğlu ilə dörd qızının anasıy­dı.

Cariyələrindən biri də Bəgi Sultan ağaçəydi. Ondan uşağı olmadı.

Bunlardan başqa da aşağı və əsil cariyələri vardı. Qadınlarından və ca­riyələrindən mötəbər olanları yuxarıda sayılanlardır.

Sultan Hüseyn Mirzə böyük bir padşah və Herat kimi islam şəhərinin padşahı olduğu halda, qəribədir ki, bu on dörd oğlundan ancaq üçü bic de­yildi. Pozğunluq onun özünə, (170 a) oğullarına və əhalisinə fövqəladə də­rə­cədə xas idi. Belə böyük bir ailədən yeddi-səkkiz il içində [Bədiüzzaman Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə istisna olmaqla, heç bir nam-nişan qalmaması məhz onların bu uğursuzluğundan irəli gəlmişdir.

Əmirləri:

Məhəmməd Burunduq Barlas: Çaku Barlas nəslindəndi. Çaku Bar­las oğlu Cahan Şah oğlu Burunduq oğlu Əli oğlu Məhəmməd Burunduq.

Əbülqasım Babur Mirzənin yanında bəydi. Ondan sonra Sultan Əbu Səid Mirzə də iltifat etdi və o da Kabili Cahangir Barlasla birlikdə ona verə­rək oğlu Uluğ bəy Mirzəyə atəkə təyin etdi.

Sultan Əbu Səid Mirzənin ölümündən sonra Uluğ bəy Mirzə barlas­lara qəsd etmə təşəbbüsündə bulundu. Bunlar da işi duyunca Mirzəni ələ keçirib el və ulusla­rını yanlarına alaraq Qunduz tərəfinə köç etdilər. Hindu­quş üzərinə gələndə Mirzəni heç incitmədən Kabil tərəfinə göndərib özləri də Xorasana Sultan Hüseyn Mirzənin yanına getdilər və o da onları xoş qar­şıladı.

Məhəmməd Burunduq fövqəladə bilgili bir adam və çox yaxşı bir sər­dardı. Quşa çox marağı vardı, o qədər ki, əgər bir quşu ölsə, ya itsə, oğul­la­rının adını söyləyərək «Kaş bu quş ölənə və ya itənə qədər filan öləydi və ya filanın boynu qırılaydı» deyirmiş.



Müzəffər Barlas: qazaxlıq zamanlarında Mirzənin yanındaydı. Bilmi­rəm, Mir­zəyə bunun nəyi xoş görünmüşdü ki, ona bu qədər çox iltifat gös­tərmişdi. Onun etibarı o dərəcədəydi ki, Sultan Hüseyn Mirzə qazaxlığında onunla belə şərt bağlamışdı: hər hansı bir vilayət ələ keçirilsə, üçdə ikisi Mirzənin (170 b), üçdə biri isə onun olacaqdı. Bu, qəribə bir şərtdir. Bir nö­kəri özü ilə ortaq eləmək padşahlıqla bir araya sığarmı? Kiçık qardaşla və oğulla da belə bir şərt bağlanmaz, harada qaldı ki, bir bəy özünün bir adamı ilə belə bir şey eləsin. Mirzə taxta çıxdıqdan sonra bu şərti bağladığına peş­man oldu, lakin fayda etmədi.

Bu qədər etibar gördüyü halda bu dar qafalı adam Mirzəyə qarşı çox tərbiyə­sizlik edirdi. Mirzənin fikriylə hərəkət etmirdi. Axırda, deyilənə görə, zəhər­lənmişdi. Doğrusunu Allah bilir.



Əlişir bəy Nəvai: əslində Mirzənin bəyi deyil, arxadaşıydı. Uşaqlıqda ey­ni məktəb oxumuş və yaxın dost olmuşlar.

Sultan Əbu Səid Mirzənin onu hansı qabahətindən dolayı Heratdan sür­­­düyünü bilmirəm, amma Səmərqəndə getdi və orada olduğu bir neçə il ər­zində [Sultan Məlik Kaşğarinin oğlu] Əhməd Hacı bəy ona havadarlıq və hamilik etdi.

Əlişir bəy məcazının nəzakəti ilə məşhurdur. Xalq onun nəzakətinin dövlətinin qürurundan irəli gəldiyini zənn edirdi, lakin elə deyilmiş, o bu özəlliyə fitrətdən sahib imiş. Səmərqənddə ikən də təbi belə nazikmiş.

Əlişir bəy misilsiz bir adamdı. Türk dililə o qədər çox şeir söyləmişdir ki, kimsə o qədər çox və gözəl söyləməmişdir. Altı məsnəvi yazmışdır, beşi Xəmsəyə bənzədilərək, biri də Məntiq üt-teyr vəznində və Lisan üt-teyr adın­dadır. Qəraib üs-siğər [Uşaqlıq çağının qəribəlikləri], Nəvadir üş-şəbab, [Gənclik çağının nadirəlikləri], Bədai ül-vəsət [Orta yaş çağının möcüzələri] və Fəvaid ül-kibər [Qocalığın faydalı öyüdləri] adında dörd qəzəl divanı tər­tib etmişdir. Rübailəri də vardır. Bunlardan başqa, bəzi əsərləri də vardır, la­kin bu söylənən­lərlə (171 a) müqayisədə daha aşağı və daha zəifdır.

Mövlana Əbdürrəhman Camini təqlid edərək məktublarını da topla­mış­­dır. Vəlha­sil, hər kəs və hər iş üçün bir məktub yazmış isə onları top­la­mış­dır. Bir də Mizan ül-övzan [Vəznlərin mizanları] adlı bir əruz risaləsi yaz­mışdır, ancaq bunun tənqid ediləcək tərəfi çoxdur. İyirmi dörd rübai vəz­nindən dördündə yanılmışdır. Bəzi bəhrlərin vəznlərində də yanılmışdır və bunlar əruz ilə məşğul olanlara məlumdur. Farsca bir divan da tərtib etmiş­dir. Farsca nəzmdə Fani təxəllüsünü işlətmişdir. Bəzi beytləri fəna deyildir; lakin çoxu zəif və dəyərsizdir.

Musiqidə də gözəl şeylər bəstələmişdir. Gözəl nəqşləri və gözəl piş­rovları var­dır.

Fəzl və hünər əhli üçün Əlişir bəy qədər öyrədici və qoruyucu başqa bir adamın da var olduğu heç eşidilməmişdir. Sazda məşhur olan ustad Qul-Məhəmməd, Şeyxi [Neyi] və Hüseyn Udi Əlişir bəyin tərbiyə və himayəsi ilə bu dərəcədə tərəqqi və şöhrət tapdılar. Ustad Behzad və Şah Müzəffər rəsmdə Əlişir bəyin qeyrət və ehtimamıyla bu dərəcə məşhur və məruf ol­dular. Bu qədər xeyirli işlərdə çox az kimsə bu dərəcə müvəffəq olmuşdur.

Oğulsuz-qızsız, arvadsız və ailəsiz olaraq bu dünyada təkbaşına və su­bay yaşa­dı. Əvvəllər möhürdardı. Orta yaşlarında bəy olub bir müddət Əs­tə­rabadda hökm sürdü. Sonralar sipahiliyi tərk etdi. Mirzədən heç bir şey al­mır­dı. Əksinə, özü hər il Mirzəyə xeyli miqdarda hədiyyələr verirdi. (l71 b)

Sultan Hüseyn Mirzə Əstərabad səfərindən qayıdanda onu qarşıla­ma­ğa gəldi. Mirzə ilə görüşdükdən sonra qalxmaq istəyəndə ona nəsə oldu, qal­xa bil­mədi. Qaldırıb əldə götürdülər. Həkimlər heç bir diaqnoz qoya bil­mə­dilər. Ertəsi gün Al­lahın rəhmətinə qovuşdu. Bu beyti halına uyğun düşür:

Bu dərd ilə ki, ölürmən, mərəz çü zahir əməs,

Təbiblər bu bəlaya nə çarə qılğaylar?

Zahir olmayan bu dərd ilə ölüb gedirəm,

Təbiblər bu bəlaya nə çarə edərlər?

Əhməd Təvəkkül Barlas: öncə bir müddət Qəndəhar hökuməti onun əlindəydi.

Vəli bəy: Hacı Seyfəddin Bəyin nəslindəndi. Nökərdi və Mirzənin bö­yük bəyiydi. Sultan Hüseyn Mirzə taxta keçdikdən sonra çox yaşamadı, dər­hal öldü. Müsə­üman, namazında, sadə və sadiq bir adamdı.

Həsən Şeyx Teymur: ona [Əbülqasım] Babur Mirzə etibar göstərib bəy­lik dərəcəsinə yüksəltmişdi.

Noyan bəy: atası Termiz seyidlərindən idi, anası tərəfdən həm Sul­tan Əbu Səid Mirzəyə, həm də Sultan Hüseyn Mirzəyə qohum idi. Sultan Əbu Səid Mirzə də ona etibar etmişdi. [Sultan Əbu Səid Mirzənin oğlu] Sul­tan Əhməd Mirzənin nəzdində də mötəbər bir bəydi. Sultan Hüseyn Mir­zə­nin nəzdində də çox etibar gördü. Zövqə, əyləncəyə və şəraba düşkün bir adam­dı. Onun xidmətində olduğu üçün Həsən Yaquba Həsən Noyan da de­yirdi­lər.

Cahangir Barlas: Kabildə bir müddət Məhəmməd Burunduq [Barlas] ilə birlikdə ortaq hökumət sürmüşdü. (172 a) Sonralar Sultan Hüseyn Mir­zə­nin yanına getdi və yaxşı qarşılandı. Hal və hərəkətləri zərif və xoşdu. Əy­lənməyi bacaran bir adamdı. Ov və quşun üsul və adabını yaxşı bildiyi üçün Sultan Hüseyn Mirzə belə işləri əksərən ona tapşırırdı. Bədiüzzaman Mirzə­nin müsahibiydi. Mirzənin müsahibliyini yad edib daim ondan bəhs edirdi.

Mirzə Əhməd Əli Farisi Barlas: gərçi şeir söyləməzdi, lakin zövq sahibi və şeirdən anlayan, zərif və qəribə bir adamdı.

Əbdülxaliq bəy: Şahrux Mirzənin çox etibar etdiyi bəylərindən olan Firuzşah bəy onun babasıdır, bu üzdən ona Əbdülxaliq Firuzşah deyirlər. Xa­rəzm bir müddət onun əlindəydi.

İbrahim Dulday: idarə işini və hökumət üsulunu yaxşı bilirdi. Mə­həm­məd Burunduqun bir tayı idi.

Zünnun bəy Arğun: cəsur bir adamdı. Gəncliyində Sultan Əbu Səid Mirzənin hüzurunda yaxşı qılınc çalmışdır. Ondan sonra da hər yerdə əli işə toxunmuşdur. Cəsarətinə söz yoxdu, lakin bir az dəlisovdu.

Bizim mirzələrin1 yanından ayrılaraq Sultan Hüseyn Mirzənin hüzu­ru­na getdi. Mirzə də ona Guru və Nəkdərini verdi. Yetmiş-səksən adamla o ci­varda çox yaxşı qılınc çaldı. Bir ovuc adamla (l 72 b) lap çox həzarəni və nəkdərini möhkəm məğlub etdi. Həzarələri və nəkdəriləri o qədər az adamla yola gətirən başqa adam olmamışdır. Bir müddət sonra Zəmindavəri də ona verdilər.

Oğlu Şah Şüca Arğun da lap kiçıkliyindən bəri atasıyla birlikdə sə­­fər­lərə qatılıb qılınc çaldı. Sultan Hüseyn Mirzə atasının acığına etibar edib Qən­dəharı atasıyla ortaq olaraq ona verdi. Sonra bu ata ilə oğul arasına düş­mən­çilik salıb fitnə çıxardılar.

Axırda mən Xosrov şahı ələ keçirib əsgər və adamlarından ayıraraq, Ka­bili də Zünnunun [bəy Arğun] kiçık oğlu Müqimdən aldığım il Zünnun ilə Xosrov şah mənim üzümdən çarəsiz qaldılar və axırda gedib Sultan Hü­seyn Mirzəni gördülər.

Sultan Hüseyn Mirzənin ölümündən sonra Zünnun daha da yüksəldi. He­ratın dağ ətəyindəki vilayətlərindən Evbəni və Çahçəranı ona verdilər. Bə­di­üzzaman Mirzə ilə Müzəffər Mirzə ortaq bir şəkildə padşah olduqları za­man Bədiüzzaman Mirzənin qapısında sahibi-ixtiyar o idi. Müzəffər Mir­zənin qapısında isə sahibi-ixtiyar Məhəmməd Burunduq idi.

Gərçi cəsarəti vardı, lakin bir az dəlsov və anlayışsız bir adamdı. Elə olmasay­dı, belə üzə gülməyə aldanaraq özünü alçaldardımı? Bunun təfsilatı belə­dir: Heratda belə etibar və iqdidarda ikən bir neçə şeyx və molla onun yanına gəlib deyirlər ki: «Kütub2 bizimlə münasibətdədir. Sənə Hizəbrullah [Allahın aslanı] ləqəbi verildi. Sən özbəkləri yenəcəksən». O da bu üzə gü­lücü sözlərə qapılaraq, boynuna fitə taxıb Allaha şü­kürlər et­mişdir.

Şeybani xan Badğis civarında (173 a) mirzələrin üstünə gəlib qüvvə­lərini birləş­dirməyə imkan vermədən onları məğlub edəndə Zünnun da bu sözə inanıb yüz-yüz əlli qədər adamla Qara-Ribatda Şeybani xana qarşı dur­du. Üstün qüvvətlər gəlincə bunları alıb götürdülər və Zünnunu öldür­dü­lər. Pak məzhəbli bir adamdı. Namazı tərk etməz, tez-tez də nafilə namaz­ları qı­lar­dı. Şahmata çox maraqlıydı. Başqaları bir əllə oynadıqları halda, o iki əllə və canı necə istəsə, elə oynayırdı. Təbiətində xəsislik və tamahkarlıq var­dı.

Dərviş Əli bəy: Əlişir bəyin doğma kiçık qardaşı idi. Bəlxin idarəsi bir müddət onda idı və yaxşı idarə etdi. Bacarıqsız və qabiliyyətsiz bir adam­ idi. Sultan Hüseyn Mirzə Qunduz və Hisar üzərinə ilk dəfə gələndə onun ba­carıqsızlığı üzündən uğur qazana bilmədi. Onu Bəlx hökumətindən əzl etdi­lər. Mən 916-cı ildə [=1510] Qunduza gələndə yanıma gəlmişdi; çaş­qın və bitkin bir halda idi. Bəylik qabiliyyətindən və el­çilik səlahiyyətin­dən uzaqdı. Hər halda Əlişir bəy sayəsində belə etibar görmüşdür.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin