YENƏ ÖMƏR ŞEYX MİRZƏNİN
QADINLARI VƏ CARİYƏLƏRİ HAQQINDA
Ömər Şeyx Mirzənin hərəmlərindən biri də Xoca Hüseyn bəyin qızı Ulus ağa idi. Ondan bir qızı oldu, ancaq kiçık yaşda öldü. İl-il yarım sonra Ulus ağanı hərəmdən çıxardılar.
Arvadlarından biri də moğol tümən bəylərindən [birinin qızı olan] Fatma Sultan ağa idi. Mirzə hamısından əvvəl bu Fatma Sultan ağanı almışdı.
Daha sonra aldığı Qaragöz bəyim isə çox sevimliydi. Mirzəyə xoş görünmək üçün nəsəbini Sultan Əbu Səid Mirzənin böyük qardaşı Mənuçöhr Mirzəyə qədər çıxartmışdılar.
Onun cariyələri də çox idi. Bunlardan biri Ümid ağaçə idi və Mirzədən əvvəl ölmüşdü. Mirzənin son günlərində aldığı iki cariyədən biri moğollardan Tün (Tərsün) Sultan, digəri isə Ağa Sultan idi.
Əmirləri: Xudaverdi Timurdaş, Herat hakimi Ağ Buğa bəyin böyük qardaşının nəslindəndir. Sultan Əbu Səid Mirzə Şahruxiyyədə Cuki Mirzəni mühasirə edəndə Fərqanə vilayətini Ömər Şeyx Mirzəyə vermiş və eşik ağası1 olaraq da bu Xudaverdi (13 a) Timurdaşı təyin edib göndərmişdi. Həmin dövrdə o, iyirmi beş yaşlarında idi. Yaşca cavan olsa da, idarəçilik qabiliyyəti çox yaxşı idi. Bir-iki il sonra İbrahim Bəycik [Tağayi] Oş tərəflərə hücum edəndə Xudaverdi Timurdaş onu arxadan təqib edərək döyüşdü, ancaq həm yenildi, həm də şəhid oldu.
O əsnada Sultan Əhməd Mirzə Ura-Təpənin Ağ-Qaçğay adlı yaylasında idi. Bu yayla Səmərqəndin on səkkiz ağac şərqindədir. Sultan Əbu Səid Mirzə isə Heratın on iki ağac şərqində yerləşən Baba-Xakidəydi. Bu xəbəri Əbdülvahab Şiğavul vasitəsilə Mirzəyə göndərdilər, buna görə yüz iyirmi altı ağaclıq məsafə dörd günə qət edildi.
Hafiz Məhəmməd bəy Dulday Sultan Məlik Kaşğarinin oğlu Əhməd Hacı bəyin kiçık qardaşıdır. Xudaverdi bəyin ölümündən sonra eşik ixtiyarı2 olaraq onu göndərmişdilər. Sultan Əbu Səid Mirzənin ölümündən sonra Əndican bəyləri ilə dil tapa bilmədiyi üçün Səmərqəndə gedərək [Sultan Əbu Səid Mirzənin oğlu] Sultan Əhməd Mirzənin xidmətinə girdi. Sultan Əhməd Mirzə Çirdə məğlub olduğu zaman [Hafiz Məhəmməd bəy Dulday] Ura-Təpədə idi. (13 b) Ömər Şeyx Mirzə Səmərqəndə getmək niyyətilə Ura-Təpə üzərinə gələndə Ura-Təpəni Mirzənin adamlarına təslim edib özü də onun xidmətinə girdi. Ömər Şeyx Mirzə də Əndicanın idarəsini ona tapşırdı. Sonra Sultan Mahmud xanın yanına getdi, o da [Sultan Veys] Mirzə xanın tərbiyəsini ona etibar edərək Dizakı da mülk olaraq verdi. Mən Kabili almazdan bir az əvvəl Məkkəyə getmək üçün Hindistan yoluyla səfərə çıxmış və yolda Allahın rəhmətinə qovuşmuşdur. Cah-cəlalı sevməyən, qaradinməz və sadə bir adamdı.
Başqa bir əmiri də Xoca Hüseyn bəy idi. O, şən, ancaq təmtəraq sevməyən bir adam idi. O zamanın adəti üzrə içki məclislərində yaxşı qoşma (qoşuq) söyləyirmiş.
Başqa bir əmiri Şeyx Məzid bəy idi, əvvəlcə mənə bəy-atəkə təyin edilmişdi. Onun vaxtında üsul-idarə və nizam-intizam çox yüksək idi. (Əbülqasım) Babur Mirzəyə də xidmət etmişdi. Ömər Şeyx Mirzənin yanında ondan böyük bəy yox idi. Fasiq bir adam və uşaqbaz idi.
Başqa bir əmiri olan Əli Məzid bəy koçinlərdən3 idi. Bir dəfə Axsidə və bir dəfə də Daşkənddə üsyan qaldırmışdı. Münafiq, fasiq, nankor və yaramaz bir adam idi.
Başqa bir əmiri Həsən Yaqub bəy isə təvazökar, xoş təbiətli, zirək və dəyərli bir adamdı. Bu beyt onundur:
Bazay, ey hüma ki, betutiyi-xətət,
Nəzdik şod ki, zağ bərəd üstüxani-mən.
Ey dövlət quşu, qayıt gəl, sənin tuti xəttin olmasa,
Qarğa mənim sümüyümü aparacaq.
Cəsur adam idi. Yaxşı ox atır, yaxşı çovqan (14 a) oynayır və eşşəkbeli sındırdıda yaxşı sıçrayırdı. Ömər Şeyx Mirzənin ölümündən sonra mənim qapımda sahibi-ixtiyar o idi. Dar görüşlü, kəmhövsələ və fitnəçi bir adam idi.
Başqa bir əmiri olan Qasım bəy də koçin idi, Əndicanın əski koçin bəylərindən idi. Həsən bəydən sonra mənim qapımda sahibi-ixtiyar o idi. Ömrünün sonuna qədər qüdrət və etibarı artdı, azalmadı. Cəsur bir adam idi. Bir dəfə Kasan tərəflərini çapıb talayan özbəkləri təqib edərək onları möhkəm əzdi. Ömər Şeyx Mirzənin məiyyətində qılınc çalmışdı. Yastı keçid müharibəsində də yaxşı vuruşmuşdu.
Qazaxlıq zamanımda Məsiha dağlarında ikən Sultan Mahmud xanın yanına getməyə qərar verdiyim zaman bizdən ayrılaraq Xosrov şahın yanına getdi. 910-cu ildə [=1504] Xosrov şahı ələ keçirib Kabildə Müqimi [Məhəmməd Müqim Arğun] mühasirəyə aldığım zaman Qasım bəy təkrar yanıma gəldi. Əvvəllər olduğu kimi ona yenə də diqqət və iltifat göstərdim.
Dəreyi-Xoşda türkmən xəzərləri1 üzərinə hücum etdiyimiz zaman [=1505] Qasım bəy qocalığına baxmayaraq cavanlardan daha yaxşı yürüdü. Buna görə də ona culdu [mükafat] olaraq Bəngiş vilayətini verdim. Sonra (14 b) Kabilə gəlincə, onu Hümayuna bəy-atəkə təyin etdim. Zəmindavər alındığı zaman [=1522] Allahın rəhmətinə qovuşdu.
Müsəlman, dindar, günahdan və haramdan qorxan bir adamdı. Şübhəli yeməkləri yeməzdi. Düşüncəli və tədbirli idi. Çox zarafatcıl idi. Savadsız olduğu halda çox xoş nüktələr söyləyirdi.
Başqa bir əmiri Babaqulu bəy Babaəli bəy oğlu idi. O, Şeyx Əli Bahadırın nəslindəndir. Şeyx Məzid bəy öləndən sonra onu mənə bəy-atəkə təyin etdilər. [Baburun əmisi] Sultan Əhməd Mirzə Əndicana qoşun çəkəndə Ura-Təpəni ona təslim edərək Əhməd Mirzəyə qoşuldu. [Baburun digər bir əmisi] Sultan Mahmud Mirzənin ölümündən sonra Səmərqənddən qaçıb gələrkən qarşısına Ura-Təpədən [Sultan Mahmud Mirzənin oğlu] Sultan Əli Mirzə çıxdı və müharibədə məğlub olaraq öldürüldü. İdarəsi və yarağı yaxşı idi. Əsgərinə yaxşı baxırdı. Namaz qılmaz, oruc tutmazdı. Zalım və kafirsayaq bir adamdı.
Başqa bir əmiri olan Əli Dost Tağayi sağarıçı tümən bəylərindən idi. Mənim anamın anası İsən Dövlət bəyimlə qohum idi. Ona Ömər Şeyx Mirzə zamanındakından daha çox iltifat etdim. Dedilər ki, bacarıqlı adamdır, ancaq neçə illər yanımda qaldığı halda əməlli-başlı bir işini görmədim desəm, (15 a) doğrudur. Sultan Əbu Səid Mirzənin xidmətində olduğu zamanlarda yada daşı1 ilə yağış yağdırdığını iddia edirdi. Quşbazdı. Əxlaqı və xasiyyəti pis idi. Paxıl, fitnəkar, namussuz, münafıq, özündən razı, sərt sözlü, soyuq üzlü bir adam idi.
Veys Lağari Səmərqəndin toxçu tayfasından idi. Ömər Şeyx Mirzənin son dövrlərində ən yaxın adamlarından olmuşdu. Mənimlə birlikdə qazaxlıqlarda oldu. Fikri və tədbiri çox yaxşı idi, ancaq bir az fitnəkar idi.
Mir Qiyas Tağayi Əli Dostun kiçık qardaşı idi. Moğolun soylu ailələri arasında Sultan Əbu Səid Mirzənin qapısında ondan daha irəli adam yox idi. Sultan Əbu Səid Mirzənin böyük möhürü onda idi. Ömər Şeyx Mirzənin son dövrlərində ən yaxın adamlarından biri olmuşdu. Veys Lağarinin çox yaxın dostu idi. Kasan Sultan Mahmud xana veriləndən sonra ömrünün sonuna qədər xanın xidmətində oldu. Xan da ona çox iltifat etmişdi. Gülərüz və zarafatçı bir adamdı. Fisqdən çəkinməzdi.
Başqa bir əmiri Əli Dərviş xorasanlıydı. Sultan Əbu Səid Mirzənin yanında Xorasan gənclər bölüyündə xidmət edirdi. Xorasan və Səmərqənd Sultan Əbu Səid Mirzənin idarəsinə (15 b) keçəndə bu iki paytaxtın işə yarayan igidlərini xassə bölüklərinə ayıraraq bunlara Xorasan çöhrə bölüyü və Səmərqənd çöhrə bölüyü adlarını vermişdi.
Mənim yanımda Səmərqənd önündə yaxşı çarpışdı. Cəsur bir adam idi. Nəstəliq yazısını əla yazırdı. Məddahlıq edirdi, təbiətcə həsədçi idi.
Başqa bir əmiri Qənbər Əli moğoldu və axtaçılardan idi2. Atası vilayətə girib bir neçə dəfə sallaxlıq etdiyi üçün Qənbər Əli Sallax da deyirdilər. Yunus xanın yanında əvvəlcə avtafaçı, sonra da bəy olmuşdu.
Ona mənim hüzurumda da çox iltifat göstərilmişdi. İşə başlayana qədər çox inamlı idi, ancaq işə başladığı vaxt yersiz qorxulara qapılırdı. Gəvəzə idi, dağınıq danışırdı. Məlumdur ki, gəvəzələr hətərən-pətərən danışırlar. Kəmhövsələ və beyinsiz bir adam idi.
Ömər Şeyx Mirzə vəfat etəndə mən Əndicanda, çarbağda3 idim. Bu xəbər Əndicana ramazan ayının beşində, çərşənbə axşamı günü [=10 iyun 1494] mənə çatdı. Çox mütəəssir oldum. Ata minib yanımdakı adamlarımla kurqana hərəkət etdim. Mirzə qapısına çatanda Şirim Tağayi atımın cilovunu tutub namazgah111 tərəfinə çəkdi. Hər halda belə düşünmüş olmalı idi: «Sultan Əhməd Mirzə böyük (16 a) bir padşahdır. Əgər çox əsgərlə gəlsə, bəylər məni və vilayəti ona təslim edərlər. Bu görə də onu [məni] Özgənd və Ala-Tağ ətəyinə doğru götürüm. Əgər vilayəti təslim etsələr, barı o, ələ keçmədən dayılarının yanına, Alaca xanın və ya Sultan Mahmud xanın yanına getsin».
Xoca Mövlana qazı (o, Sultan Əhməd qazının oğlu olub Şeyx Bürhanəddin Qılınc nəslindəndir; ana tərəfi isə Sultan İlig Maziyə gedib çıxır. Bunlar nəsillikcə o vilayətə müfti və şeyxülislam olmuşlar və daha sonra onlardan yenə bəhs ediləcək) və kurqanın içindəki bəylər bu xəbəri alınca, Ömər Şeyx Mirzənin yaxın adamı və bir qızının tərbiyəçisi olan Xoca Məhəmməd Dərzini yanımıza göndərdilər. Biz namazgaha yaxınlaşanda gəldi, könüllərdəki vəsvəsəni aldı və məni geri apardı. Ərkə endim. Xoca Mövlana qazı və bəylər gəlib vəziyyəti müzakirə etdilər. Kurqanın bürc və divarlarının gücləndirilməsiylə məşğul oldular. Mərginana və ətraf yerlərə göndərilmiş olan Həsən Yaqub, Qasım Koçin və digər bəzi bəylər bir-iki gün sonra gələrək bizə qoşuldular. Hamısı birlikdə qalanın mühafizəsi üçün böyük qeyrət (16 b) və enerji ilə çalışdılar.
Sultan Əhməd Mirzə Ura-Təpə, Xocənd və Mərginanı aldıqdan sonra Əndicandan dörd ağac məsafədə olan Kubaya gəldi. Bu zaman Əndicanın məşhur adamlarından Dərviş Gav adlı biri münasibətsiz sözlər söylədiyi üçün öldürüldü. Bu şiddətli hərəkətdən sonra bütün əhali yatışdırıldı.
Xoca [Mövlana] qazı və Xoca Hüseynin qardaşı Uzun Həsən elçi olaraq [Sultan Əhməd Mirzəyə] göndərildi. Söyləyəcəkləri söz bu idi: «Bu vilayətə onsuz da onun adamlarından biri təyin ediləcək. Mən onun həm öz adamı, həm də övladıyım. Bu iş mənə verilsə, məsələ daha yaxşı və daha asan həll edilmiş olar».
Sultan Əhməd Mirzə az danışan, sadə və həlim adam idi. Hər hansı bir sözü, ya da işi bəylərinin fikrini öyrənmədən həll etməzdi. Bəyləri mənim bu sözlərimi dinləmədilər və qaba bir şəkildə qarşılıq verərək üstümə gəlməyə davam etdilər. Tanrı təala öz kamil qüdrətilə hər işimi hər zaman, kimsəyə minnət etmədən və layiq olduğu şəkildə həll etdiyi üçün bu dəfə də onların önünə bir neçə maneə çıxardı. Onlar da bundan usandılar, peşman olub arzularına çatmadan geri qayıtdılar.
Bu maneələrdən biri budur: Kubanın bataqlı bir qara çayı var və onu körpü dışında başqa yerdən keçmək mümkün deyil. Çoxlu əsgər (l7 a) bir yerə gəlib bu körpüdə yığışdığı üçün bir çox at və dəvə bu qara çaya düşərək boğuldu. Bunlar üç-dörd il əvvəl Çir çayının keçidində də belə bir məğlubiyyətə uğramışdılar. Bu dəfə də o məğlubiyyəti xatırlayan əsgərlər vahiməyə düşdülər. Bir də o zaman elə bir at epidemiyası oldu ki, atlar ilxılarla qırılmağa başladı. Bir də bizim əsgərimizi və xalqı bir-birinə çox bağlı və əzmli gördülər, son nəfəslərinə və qüvvələrinə qədər mübarizə aparacaqlarını başa düşdülər. Axırda məcbur qalıb Əndicana bir ağac məsafədən Dərviş Məhəmməd Tarxanı göndərdilər. İçəridən Həsən Yaqub çıxdı, namazgah civarında sülhə bənzər bir şey bağlayıb çəkildilər.
Xocənd çayının şimal tərəfindən gələn Sultan Mahmud xan Axsini mühasirəyə aldı. [Baburun kiçık qardaşı] Cahangir Mirzə, eşik ağası Şeyx Abdullah və bəylərdən Əli Dərviş bəy, Mirzəqulu Göyəldaş, Məhəmməd Bakir bəy Axsidəydi. Veys Lağari və Mir Qiyas Tağayi də orada idi, lakin onlar digər bəylərdən şübhələnərək Veys Lağarinin vilayəti olan Kasana getdilər. Veys Lağari Nasir Mirzənin bəy-atəkəsiydi və bu buna görə də Nasir Mirzə Kasanda idi. [Sultan Mahmud] xan Axsi civarına gələndə bu bəylər xanın tərəfinə (17 b) keçərək Kasanı təslim etdilər. Mir Qiyas xanın xidmətində qaldı. Veys Lağari isə Nasir Mirzəni Sultan Əhməd Mirzəyə apardı və Məhəmməd Məzid Tarxana təhvil verdi.
Sultan Mahmud xan Axsi yaxınlarına gəlib bir neçə dəfə müharibə etsə də, heç bir şey əldə edə bilmədi. Axsidəki bəylər və igidlər böyük cəsarət göstərdilər. O əsnada Sultan Mahmud xan xəstələndi, zatən müharibədən də bezmişdi, odur ki, öz vilayətinə qayıtdı.
Əba Bəkr Duğlat Kaşğari heç kimə boyun əymədən neçə illərdi ki Kaşğarın və Xotənin hakimi idi. O da vilayət almaq həvəsinə düşdü, Özgənd yaxınlarına gəlib kurqan qurdu və vilayətdə qarışıqlıq çıxarmağa başladı. Xoca [Mövlana] qazıya və bütün bəylərə Kaşğarini dəf etmək tapşırıldı. Onlar yaxınlaşanda Kaşğari bu qoşunun qabağıdna dura bilməyəcəyini başa düşdü və araya Xoca qazını vasitəçi kimi qoyaraq min bir hiylə ilə qurtuldu.
Belə böyük hadisələr baş verən zaman Ömər Şeyx Mirzədən qalan bəylər və igidlər hər şeyə qatlanaraq cəsarətlə hərəkət elədilər. Ömər Şeyx Mirzənin anası [Şah] Sultan bəyim, Cahangir Mirzə, hərəmdəkilər və bəylər Axsidən Əndicana gəldilər. Matəm mərasimini yerinə yetirərək kasıb-kusuba və miskinlərə sədəqə payladılar. (18 a)
Bu ağır və önəmli işlərdən sonra qoşunun və vilayətin qaydaya salınması, idarəsi və nizamı ilə məşğul olduq. Əndicanın idarəsinə və eşik ixtiyarlığına Həsən Yaqubun təyin edilməsi qərara alındı. Oşa Qasım Koçin, Axsiyə və Mərginana Uzun Həsən və Əli Dost Tağayi təyin edildi. Ömər Şeyx Mirzənin digər bəy və igidlərinin hər birinin mövqeyinə uyğun bir vilayət, yer, müçə və çərgə1 verildi, vəzifələri müəyyənləşdirildi.
SULTAN ƏHMƏD MİRZƏ
Sultan Əhməd Mirzə geri qayıdanda iki-üç mənzildən sonra xəstələnib qızıl qızdırmaya tutuldu. Ura-Təpə tərəflərində, Ağ-Suya gəldiyi əsnada, 899-cu ilin şəvval ayının ortalarında (=1494 iyul) qırx dörd yaşında bu fani dünyaya vida etdi.
Doğumu və nəsəbi: Sultan Əbu Səid Mirzənin taxta çıxdığı il, yəni 855-ci ildə (=1451/2) doğuldu. Sultan Əbu Səid Mirzənin oğullarının ən böyüyü idi. Anası Orda Buğa Tarxanın qızı və Dərviş Məhəmməd Tarxanın böyük bacısı və Mirzənin mötəbər arvadı idi.
Xarici görkəmi: uzun boylu, qalın saqqallı, qırmızı üzlü və kök bir adamdı. Saqqalı yalnız çənəsində vardı, iki yanağı tüksüz idi. (18 b) Söhbəti çox xoşdu. Sarığını zamanın adətinə görə çar-piç sarıyır və ucunu da bir azca qabağa, qaşının üstünə sallayırdı.
Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən, təmiz etiqadlı bir adam idi. Beş rükət namazını qılır və içdiyi zamanlarda da namazını buraxmazdı. Xoca Übeydullah həzrətlərinin müridi idi. Hər zaman, xüsusilə xocanın söhbətlərində fövqəladə tərbiyəli idi. Dediklərinə görə, xocanın məclisində heç bir zaman dizini diziylə dəyişdirməmişdir. Bir dəfə xoca həzrətlərinin söhbətində, adətinin tərsinə, ayağını dəyişdirərək oturmuşdu. Mirzə qalxdıqdan sonra xoca həzrətlərinin əmriylə oturduğu yerə baxmışlar, orada bir sümük varmış.
Təhsil almamışdı, ümmi idi. Şəhərdə böyüdüyü halda, sadə və bəsit geyinirdi. Şeirdən nəsibi yox idi. Adildi. Xoca həzrətlərinin də hər işdə əli vardı, önəmli məsələlər əksər hallarda şəriət yoluyla həll edilirdi. Heç bir zaman verdiyi sözün və dediyinin tərsinə hərəkət etməzdi. Cəsur idi. Hərçənd ki, öz əliylə bir iş görməyə fürsəti olmadı, ancaq bəzi müharibələrdə cəsarət göstərdiyi söylənir.
Fövqəladə (19 a) dərəcədə gözəl ox atırdı. İlbasuna2 atdığı oxu və tir-gəzi az hallarda yan keçirdi. Balqabağı3 meydanın o biri ucundan rahatca vururdu. Sonralar kökələndə qırqovul və bildirçini piyazi4 ilə vurmağa başlamışdı və yenə çox azı hədəfə dəymirdi. Quşbaz bir adamdı, quşları çox və yaxşı ovlayırdı. Uluğ bəy Mirzədən sonra onun qədər quşbaz bir padşah yoxdur.
Fövqəladə dərəcədə həyalı idi. Deyilənə görə, tək olanda da, yaxın qohumlarının və adamlarının yanında da ayağını örtürmüş.
Möhkən içən idi. İçməyə başladığı zaman iyirmi-otuz gün dalbadal içir, içmədiyi zaman da iyirmi-otuz gün içmirdi. Bəzən içki məclislərində heç qalxmadan gecə-gündüz otururdu. Şərab içmədiyi günlərdə kefsiz olurdu. Təbiətində xəsislik vardı. Az danışan və yumşaq bir adamdı. İradəsi bəylərinin əlində idi.
Meydan müharibələri: Sultan Əhməd Mirzə dörd meydan müharibəsinə girdi. Bir dəfə Şeyx Camal Arğunun kiçık qardaşı Nemət Arğun ilə döyüşdü və Zamin ətrafındakı Azar-Düzündə qalib gəldi.
Bir dəfə də [qardaşı] Ömər Şeyx Mirzəyə Havasda qalib gəldi.
Bir dəfə Daşkənd civarındakı Çir çayının sahilində Sultan Mahmud xanla çarpışdı. Düzdür, bu meydan müharibəsi deyildi. (19 b) Moğol axınçılarının bir neçəsi onun qoşununun arxasından gəlib əsgərlərin xırda-xuruş əşyasını ələ keçirmişdi, bu qədər çox əsgər heç bir çarpışma olmadığı və düşmənlə qarşılaşmadığı halda vahiməyə qapıldı. Əsgərlərin çoxu Çir çayında boğuldu.
Bir dəfə də Heydər Göyəldaşla Yar-yaylaq ətrafında savaşdı və qalib gəldi.
Torpaqları: torpaqları Səmərqənd və Buxara idi. Buraları ona atası vermişdi. Şeyx Camalın Əbdülqüddüs tərəfindən öldürülməsindən sonra Daşkəndi, Şahruxiyyəni və Sayramı da almışdı. Bu yerləri bir müddət öz əlində saxladı, sonra Daşkəndi və Sayramı kiçık qardaşı Ömər Şeyx Mirzəyə vermişdi. Xocənd və Ura-Təpə də bir müddət Sultan Əhməd Mirzənin idarəsində qaldı.
Uşaqları: iki oğlu olmuş, ancaq kiçık ikən ölmüşdü. Beş qızı vardı, bunların dördü Qutuq bəyimdən idi. Onların ən böyüyü Qaragöz bəyim dedikləri Rəbiə Sultan bəyimdi və onu özü sağkən Sultan Mahmud xana vermişdi. Rəbiə bəyimin xandan Baba xan adlı çox yaxşı bir oğlu olmuşdu. Özbəklər Xocənddə Sultan Mahmud xanı şəhid edəndə onu və onun kimi bir neçə uşağı da öldürdülər. Sultan Mahmud xanın ölümündən sonra Rəbiə Sultan bəyim Cani bəy (20 a) Sultana ərə getdi.
İkinci qızı Ağ bəyim dedikləri Səlihə Sultan bəyim idi. Sultan Əhməd Mirzənin ölümündən sonra [qardaşı] Sultan Mahmud Mirzə toy edərək onu böyük oğlu Sultan Məsud Mirzəyə aldı. Sonra Şah bəyim və Mehrinigar xanımla birlikdə Kaşğara getdi.
Üçüncü qızı Ayşə Sultan bəyim idi. Mən beş yaşında ikən Səmərqəndə gələndə mənimlə nişanlamışdı. Sonra qazaxlıq zamanımda Xocəndə gəlmiş və orada evlənmişdim. Səmərqəndi ikinci dəfə alanda bir qızımız oldu, amma uşaq bir neçə gün sonra tələf oldu. Daşkənd məğlubiyyətindən bir az əvvəl böyük bacısının təhriki ilə məndən ayrıldı.
Dördüncü qızı Sultanım bəyimdi. Onu əvvəlcə Sultan Əli Mirzə, sonra Teymur Sultan, daha sonra isə Mehdi Sultan almışdı.
Qızlarının ən kiçiyi Məsumə Sultan bəyim idi. Anası arğunlardan Sultan Arğunun əmisi qızı Həbibə Sultan bəyim idi. Mən Xorasana gedəndə görmüş və xoşlandığım üçün elçi göndərmişdim, sonra Kabilə gətirdib evləndim. Bir qızımız oldu, amma onu doğanda Allahın rəhmətinə qovuşdu. Qıza anasının adı qoyuldu.
Qadınları və cariyələri: qadınlarının biri ilkin Sultan Əbu Səid Mirzənin istəmiş olduğu Mehrinigar xanımdı. Mehrinigar xanım Yunus xanın böyük qızı və anamın doğma bacısı idi. (20 b)
Biri də tarxanlardan idi və buna görə ona Tarxan bəyim deyirdilər.
Digəri isə Qutuq bəyimdi və Tarxan bəyimin südbacısı idi. Sultan Əhməd Mirzə onu sevərək almışdı. Fövqəladə sevimli, ancaq çox hökmlü bir qadın idi. Şərab içirdi. O sağ ikən Sultan Əhməd Mirzə başqa qadınların yanına getməzdi. Sonra onu öldürərək bədnamlıqdan qurtuldu.
Qadınlarından biri də Termiz xanzadələrindən Xanzadə bəyimdi. Mən beş yaşında Səmərqəndə Sultan Əhməd Mirzənin hüzuruna gələndə evlənmişdi. Hələ duvağı açılmamışdı. Türk adətincə, açmağımı buyurdular, mən də duvağı açdım.
Bir digəri də Əhməd Hacı bəyin nəvəsi Lətifə bəyim idi. Mirzədən sonra Həmzə Sultana ərə getmiş və ondan üç oğlu olmuşdu. Mən Həmzə Sultanın və Teymur Sultanın komandanlığındakı sultanları məğlub edib Hisarı alanda bu sultanzadələrlə birlikdə daha bir neçə sultanzadə əlimə keçmişdi. Hamısını azad elədim.
Qadınlarından biri də Sultan Arğunun əmisi qızı Həbibə Sultan bəyim idi.
Əmirləri: Cani bəy Dulday Sultan Məlik Kaşğarinin kiçık qardaşı idi. Sultan Əbu Səid Mirzə Səmərqəndin idarəsini və Sultan Əhməd Mirzə isə öz eşik ixtiyarlığını (21 a) ona vermişdi. Əxlaqı və xasiyyəti qəribə bir adammış. Haqqında qəribə rəvayətlər var. Məsələn, Səmərqənd hakimi ikən özbəklərdən bir elçi gəlibmiş. Bu elçi özbək ulusunda gücü-qüvvəti ilə məşhur imiş. Özbəklər qüvvətli adama bükə deyirlər. Cani bəy ona «Bükəsən? Əgər bükəsənsə, gəl güləşək» deyibmiş. Elçi nə qədər eləsə də, Cani bəy əl çəkməyibmiş. Nəhayət, güləşiblərmiş və Cani bəy onu yıxıbmış. Cəsur bir adam idi.
Başqa bir əmiri Əhməd Hacı bəy idi. O, Sultan Məlik Kaşğarinin oğlu idi. Sultan Əbu Səid Mirzə Heratın idarəsini bir müddət ona vermişdi. Əmisi Cani bəy öldükdən sonra onun payəsini də verib Səmərqəndə göndərdi. Xoş təbiətli və cəsur bir adam idı. Təxəllüsü Vəfai idi. Divanı var, şeirləri pis deyil. Bu beyt onundur:
Məstəm, ey möhtəsib1, imruz zi mən dəst bidar,
Ehtisabəm biqun an ruz ki, yabi huşyar.
Ey möhtəsib, sərxoşam, bugün məndən əl çək,
Məni ayıq vaxtımda sorğuya çək.
Mir Əlişir Nəvai Heratdan Səmərqəndə gələndə Əhməd Hacı bəylə bərabər olurdu. Sultan Hüseyn [Bayqara] Mirzə padşah olduqdan sonra o, Herata getdi və orada böyük iltifat gördü. Əhməd Hacı bəy gözəl cins atlar bəsləyir (21 b) və minirdi. Bu atlar əsasən özünün yetişdirdiyi atlar idi. Cəsur bir adamdı, ancaq komandanlığı cəsarəti kimi deyildi. Qayğısızdı. İşini-gücünü adamları idarə edirdi. Baysunqur Mirzə Buxarada Sultan Əli Mirzə ilə vuruşub məğlub olanda Əhməd Hacı bəy də əsir düşdü və Dərviş Məhəmməd Tarxanı öldürməkdə ittiham edilərək şərəfsiz bir şəkildə qətlə yetirildu.
Başqa bir əmiri Dərviş Məhəmməd Tarxan Orda Buğa Tarxanın oğlu və Sultan Əhməd Mirzə ilə Sultan Mahmud Mirzənin doğmaca dayısı idi. Mirzənin hüzurunda bütün bəylərin ən böyüyü və etibarlısı o idi. Müsəlman, həlim və dərviş bir adam idi. Daima Quran yazırdı, şahmatı çox və yaxşı oynayırdı. Quşçuluq elmini gözəl bilir və yaxşı quş ovlayırdı. Axırda Baysunqur Mirzə ilə Sultan Əli Mirzənin qovğasında qoca yaşında bədnamlıqla öldü.
Başqa bir əmiri Əbdüləli Tarxan idi. O, Dərviş Məhəmməd Tarxanın yaxın qohumlarından idi. Baqi Tarxanın anası olan Dərviş Məhəmməd Tarxanın kiçık bacısı onun arvadı idi. Dərviş Məhəmməd Tarxan törə və rütbə baxımından ondan böyük olsa da, bu firon onu nəzərə almırdı. Buxaranın idarəsi bir neçə il (22 a) onun əlində qaldı. Adamlarının sayı üç minə çatmışdı. Onları yaxşı saxlayır, qayğı göstərirdi. Bəxşişi, hədiyyələri, divan və iş yerləri, ziyafətləri və məclisləri padşahlarınkı kimiydi, idarədə müqtədir, ancaq zalım, fasiq və kibrli bir adam idi. Şeybani xan onun adamı deyildi, ancaq çox zaman onunla oturub-dururdu. Kiçık sultanzadələrin çoxu onun adamı olmuşdu. Şeybani xanın bu dərəcədə inkişafına və əski sülalələrin batmasına Əbdüləli Tarxan səbəb oldu.
Başqa bir əmiri Seyid Yusif Oğlaqçı idi. Babası moğoldan gəlmə idi. Atasını Uluğ bəy Mirzə yüksəltmişdi. Fikir və tədbiri olduqça yaxşı idi. Cəsarəti də vardı. Yaxşı qopuz çalırdı. Mən Kabilə gələndə, o mənim yanımdaydı. Ona iltifat göstərmişdim, gerçəkdən də buna layiq idi. Hindistan səfərinə çıxdığım ilk il Seyid Yusif bəyi Kabildə qoymuşdum. O zaman Allahın rəhmətinə qovuşdu.
Bir əmiri də Dərviş bəy idi. Teymur bəyin iltifat göstərdiyi İgü Teymur bəyin nəslindəndir. Xoca [Übeydullah] həzrətlərinin müridi idi. Musiqi elmini bilir, saz çalır və şeir (22 b) yazırdı. Sultan Əhməd Mirzə Çir çayı sahilində məğlub olanda Çir çayında boğuldu.
Başqa bir əmiri Məhəmməd Məzid Tarxan idi. O, Dərviş Məhəmməd Tarxanın doğma və kiçık qardaşı idi. Bir neçə il Türküstan [şəhərinin] hakimi oldu. Şeybani xan Türküstanı ondan aldı. Fikir və tədbiri yaxşı idi. Heç bir şeydən qorxmayan, fasiq bir adamdı. Səmərqəndi ikinci və üçüncü dəfə alanda mənim yanıma gəlmişdi. Mən də ona çox iltifat göstərmişdim. Göl-Məlik müharibəsində öldü.
Bir əmiri də Baqi Tarxan idi. Əbdüləli Tarxanın oğlu və Sultan Əhməd Mirzənin əmisi oğlu idi. Atasından sonra Buxaranı ona vermişdilər. Sultan Əli Mirzə zamanında çox yüksəlmiş, adamlarının sayı beş-altı minə çatmışdı. Sultan Əli Mirzəyə o qədər bağlı deyildi. Şeybani xan ilə Qaleyi-Dəbusidə vuruşaraq yenildi və Şeybani xan bu qələbədən sonra Buxara üzərinə hücuma keçərək oranı tutdu.
Quş ovuna çox müştaq idi. Yeddi yüz ov quşu olduğu söylənir. Diqqətəlayiq bir əxlaqı və xasiyyəti yoxdu. Bir zadəgan olaraq nemət içində böyümüşdü. Atasının Şeybani xana çox yaxşılığı dəymişdi, buna güvənərək onun hüzuruna getmişdi. Ancaq o haqq itirən və mürvətsiz adam bu yaxşılıqların əvəzində (23 a) ona heç nə etmədi, hörmət və iltifat göstərmədi. Həqir və etibarsız bir vəziyyətdə Axsi vilayətində vəfat etdi.
Başqa bir əmiri olan Sultan Hüseyn Arğun bir neçə dəfə Qaragöl hakimi olduğu üçün Sultan Hüseyn Qaragöli deyə anılırdı. Fikir və tədbiri çox yaxşı idi. Mənim yanımda da uzun müddət olmuşdu.
Dostları ilə paylaş: |