1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri
Tarixi tədqiqat metodları fənninin predmeti tarixi inkişafın istər ayrı-ayrı dövrlərində, yaxud konkret zaman kəsiyində, istərsə də ictimai inkişafın ilk mərhələlərindən başlayaraq bu günümüzədək davam edən bəşər tarixinin elmi-obyektiv müstəvidə hansı üsul və metodlarla tədqiq olunması problemləri ilə, o cümlədən ictimai hadisələri doğuran obyektiv və subyektiv səbəblərin daxili struktur mexanizmlərini, bu səbəbləri yaradan amillərin məkan və zaman xüsusiyyətlərini öyrənir. Məsələn erkən tunc dövründə ulu əcdadlarımızın tuncu kəşf etməsi təkcə həmin dövr üçün deyil, sonrakı dövrlərdə də metallurgiyanın inkişafında misilsiz rol oynadı, böyük önəm kəsb edən yeni xəlitənin kəşfi təbii ki, həmin ixtiraya təkan verən, onun həyata keçməsini reallaşdıran bir çox amillərlə sıx surətdə bağlı idi. Bəs hansı obyektiv amillər tuncun ixtirasına səbəb olmuşdur? Təbii ki, bu suala cavab tapmaq üçün sözün gedən dövrün məkan və zaman xüsusiyyətlərini diqqətlə nəzərdən keçirilməli, öyrənilməlidir. Məkan dedikdə təbii ki, ərazinin, daha doğrsu bu böyük kəşfin baş verdiyi ərazini, yaxud əraziləri nəzərdən keçirmək, təbii-geoloji xüsusiyyətlərinə, bu xüsusiyyətlərin erkən tunc dövründə yaşayan insanların zehni və fiziki imkanlarına, vərdiş və bacarıq potensialına nə dərəcədə uyğun olub, olmamasına xüsusi diqqət yetirmək lazımdır. Məhz bu kimi spesifik xüsusiyyətlərin öyrənilməsi sözügedən hadisənin zaman parametrlərini, qanunauyğunluqlarını kompleks şəkildə nəzərdən keçirməyə imkan verir. Belə ki, erkən tunc dövründən əvvəlki eneolit və neolit dövrlərində insanlar bir çox elmi-praktik nailiyyətlər əldə etmiş, neolit inqilabı dövründə daşları cilalayaraq deşməyi saxsı qablar hazırlamağı, toxuculuqla məşğul olmağı, o cümlədən eneolit dövründə daş əmək alətləri ilə yanaşı ilk metaldan- misdən istifadə etməyə başlamışdı. Bəs niyə insanın istifadə etdiyi ilk metal mis idi? Bu ilk növbədə istər aktiv seysmik zonalarda yerləşən cavan dağlarda, istərsə də geoloji baxımdan nisbətən qoca dağlarda, sabit platformaların sərhəd zolağındakı dağlarda mis yataqlarının zənginliyi ilə və eyni zamanda aşağı tempratur dərəcəsində - 600°-də əriməsi, asan emalı ilə bağlı idi.
Elmi idrak metodu dedikdə elmi tədqiqatı nizamlayan üçün zəruri olan üsul, fənd, üslub və qaydaların məcmuyu nəzərdə tutulur. Elmi metod dedikdə ilk növbədə elmi problemlərin araşdırılması üçün vacib olan zəruri problemlərin həlli məsələləri, həlli vacib elmi suallara cavab tapmaq üçün ən əlverişli yolların axtarılması nəzərdə tutulur. Belələiklə, elmi metod- elmi problemlərin həlli üçün yeni məlumatların əldə edilməsi deməkdir. Elmi idrak metodlarından istifadə zamanı tarixi yaddaş təkcə hadisələrin xronoloji düzünü şəklində təqdim edilmir, hadisələrin inkişaf dinamikası tarixi idrak, tarixi təfəkkür və tarixi düzgün dərk etmək zəminində öyrənilir, nəzərdən keçirilir, tədqiq edilir.
Elmi metodlar hər bir elmdə olduğu kimi ümumelmi və xüsusi metodlardan ibarətdir. Məntiqi aksiomalar, postulatlar və qanunauyğunluqlar ixtiyari ümumelmi, o cümlədən xüsusi tarixi idrak metodlarının əsaslarının işlənilib hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Ümumelmi və fəlsəfi paradiqmalar, konsepsiyalar ümumelmi metodlarla qarşılıqlı şəkildə fəailiyyət göstərərək zaman və məkan çərçivəsində onlarla bir yerdə inkişaf və intişar edir. İctimai idrakın kamilləşdirilməsində nəsillərin əvəz olunmasına böyük önəm kəsb edir.
Ümumelmi metodlar empirik (yunanca empiria tərcümə deməkdir) və nəzəri (yunanca theoreo nəzərdən keçirmək deməkdir) metodlardan ibarətdir. Empirik metodlar dedikdə: 1) Müşahidə - tədqiq edilən obyekti birbaşa müdaxilə etmədən passiv surətdə öyrənməkdən və həmin obyekt haqqında keyfiyyətli, dəyərli məlumatları toplamaqdan ibarətdi. 2) Ölçü götürmək – müşahidənin nəticələrindən bəhrələnərək kəmiyyətcə dəyərli məlumatların əldə edilməsi deməkdir. 3) Eksperiment – tədqiq edilən obyektə fəal surətdə müdaxilə edərək artıq baş vermiş dəyişikliklər və yaxud inkişaf dinamikası üzərində təcrübələr aparmaqdır. Eksperiment real və xəyali şəkildə ola bilər. Xəyali eksperimenti nəzəri model də adlandırırlar.
Tarixi tədqiqatın xüsusi metodları digər fənlərin tədqiqat metodlarından (sosiologiya, demoqrafiya, coğrafiya, iqtisadiyyat, psixologiya, riyaziyyat, linqvistika, kimya və d.) bəhrələnən xüsusi metodlardan və bir də tarixi idrakın öz içərisində intişar tapan xüsusi metoddan ibarətdir. Qədim salnamələrin, xronikaların, arxeoloji mənbələrin, keçmiş inzibati sənədlərin, tarixi şəxsiyyətlərin şəxsi yazışmalarının və digər bir-birinə bənzəməyən sənədlərin interpretasiyası zamanı xüsusi metodlardan istifadə edilir. Tarixçi hansı elmlərin tədqiqat metodlarından istifadə etsə də, o yenə də tarixi tədqiqat metodlarının prinsiplərini gözləyir, yaxud ona əməl edir, yəni o ya hər hansı bir tarixi hadisəni digər tarixi hadisələrlə müqayisə edir, ya da tiplogiya aparır, yaxud onların sistemli xüsusiyyətlərini öyrənir.
Dostları ilə paylaş: |