1.Maliyyə Münasibətləri
İqtisadiyyatın inzibati-amirlik sistemindən bazar münasibətlərinə keçilməsi yeni maliyyə münasibətlərinin yaranmasına, köhnə maliyyə kateqoriyaları və vasitələrinin yeni keyfiyyət qazanmasına, maliyyə ehtiyatlarının formalaşdırılması və istifadəsində yeni prinsiplərin tətbiqinə və maliyyə idarəçiliyinin yeni formalarının həyata keçirilməsinə səbəb olmuşdur.
İnzibati amirlik sistemində istehsal vasitələri, demək olar ki, tamamilə dövlət mülkiyyətində olur, təsərrüfat mexanizmi sərt, mərkəzləşdirilmiş iqtisadi planlaşdırmaya tabe edilir. Dövlət bütövlükdə iqtisadiyyatı inzibati yolla idarə etməyi öz üzərinə götürür, müəssisələrin sərbəstliyi, deməli, öz fəaliyyətinin yekununa məsuliyyəti də məhdud xarakter daşıyır.
Mərkəzləşdirilmiş idarəetmə sistemindən bazar iqtisadiyyatına keçid maliyyənin mövqeyinin, rolunun dəyişilməsinə səbəb olmuşdur. Maliyyə üstqurumla sıx qarşılıqlı əlaqəyə malik olsa da, iqtisadi bir kateqoriyadır və dövlətin fəaliyyətinin maddi əsasını təmin edir.
Maliyyə dövlətin ictimai təkrar istehsala müdaxilə etməsinə imkan verir. Dövlət maliyyədən istifadə etməklə yığıma, istehlaka və təsərrüfatçılığın digər tərəflərinə müəyyən təsir göstərə bilir.
Ölkəmizdə əsrin əvvəllərində xüsusi mülkiyyətin ləğv edilməsi və istehsal vasitələri üzərində dövlət mülkiyyətinin bərqərar olması baş vermişdi. Nəticədə maliyyə cəmiyyətdə öz aparıcı mövqeyini itirmiş və xalq təsərrüfatı planlaşdırılmasına münasibətdə tabe mövqe tutmuşdu. Hazırki dövr tamamilə əks mahiyyətlidir – mərkəzləşdirilmiş iqtisadiyyatdan azad bazar münasibətlərinə keçilir. Bazar münasibətlərinə keçid maliyyənin əhəmiyyətini daha da artırır, eyni zamanda bazar münasibətlərinin daha da dərinləşməsində maliyyə mühüm rol oynayır.
Buna aşağıdakılar vasitəsilə nail olunur:
- mülkiyyət formalarının müxtəlifliyinin təmin olunması;
- maliyyə münasibətlərinin demokratikləşdirilməsi;
- iqtisadiyyatda dövlət müdaxiləsinin maliyyə vasitələrinin inkişaf etdirilməsi.
Bu proseslər dialektik vəhdətdədir və səksəninci illərin axırlarından həyata keçirilməyə başlamışdır.
Dostları ilə paylaş: |