AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
NABAT CƏFƏROVA
OXU TƏLİMİNİN METODİKASI
ADPU-nun Elmi Şurasının
29 dekabr 2022-ci il tarixli iclasının
qərarına əsasən çap edilir (pr № 3)
Bakı-2023
E lmi redaktor: Xalıqov Fikrət Ramazan oğlu
Filologiya üzrə elmlər doktoru, professor
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası
Rəyçilər: Sayalı Sadıqova
AMEA RH yanında Terminologiya Komissiyasının sədr müavini, MEA-nın Dilçilik İnstitutunun Terminologiya
şöbəsinin müdiri fil.e.d., professor
Sevda Abbasova
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
ADPU-nun Azərbaycan dili və onun
tədrisi texnologiyası kafedrasının müdiri
Esmira Məmmədova
pedaqogika üzrə fəsəfə doktoru,
ADPU- nun Azərbaycan dili və onun tədrisi
texnologiyası kafedrasının baş müəllimi
Sima Quliyeva
filologiya üzrə fəsəfə doktoru, dosent,
MEA-nın Dilçilik İnstitutunun
Terminologiya şöbəsinin aparıcı elmi işçisi
N.B.Cəfərova. Oxu təliminin metodikası. Bakı-2023, ADPU-nəş. 308 s.
Dərsliyin hazırlanmasında əsas məqsəd ibtidai siniflərdə oxu təliminin təşkili üzrə işlərin məzmununu, təşkili yollarını müəyyənləşdirmək, strategiyalı oxu bacarığının yaradılmasına dair metodik hazırlıq, oxu dərslərində şagirdlərin müstəqillik və fəallığının təşkili, oxu təliminə inteqrativ yanaşmanın, dərs prosesinin səmərəliliyinin artırılmasına kömək edən texnologiyaların rolunu aşkara çıxarmaqdır.
Dərslik yeni proqram (kurikulum) və yeni texnologiyalar əsasında hazırlanmışdır. Dərslikdə ibtidai siniflərdə oxu təliminin təşkili üzrə işin məzmunu və metodik sistemi verilmiş, “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu)”nun (I-IV siniflər) məktəb təcrübəsindəki nəticələri izlənilmişdir.Dərslik ibtidai təlim üzrə bakalavr, magistr, ibtidai sinif müəllimləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
ÖN SÖZ
Şagird başqalarının hisslərini və düşüncələrini anlamaq üçün dinləməyə və oxumağa, hiss və düşüncələrini ifadə etmək üçün danışmağa və yazmağa müraciət edir. Dilin dörd əsas bacarıq sahəsi vardır: dinləmək, danışmaq, oxumaq və yazmaq. Bu bacarıqlar bir-biri ilə əlaqəlidir və hər birinin digərinə təsiri vardır.
İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi prosesində oxu bacarıq və vərdişlərinin necə inkişaf etdirilə biləcəyi, oxu mədəniyyətinin yaradılması istiqamətində hansı işlərin görüləcəyi son illərdə əhəmiyyətli bir araşdırma mövzusu olmuşdur. Bu sahədə aparılan araşdırmalarda oxu bacarıq və vərdişlərinin, oxu mədəniyyətinin, oxu sənətinin yaradılması istiqamətində səmərəli texnologiyalardan istifadənin əhəmiyyəti əsaslandırılır. Oxu bacarıqları cəmiyyətin mədəni quruluşu, oxu prosesində tətbiq ediləcək fəaliyyətlər, oxu bacarıqlarını inkişaf etdirmək üçün strategiya və texnikaların tətbiqi, müəllimlərin bu sahədə bilik və bacarıqlara sahib olması ilə bağlı bir sira amillərlə bağlıdır.
Müəllimin bütün fəaliyyəti ona yönəldilməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsi ilə bütün dünyanı qavramaq, gözəl söylənmiş bir hekayədən zövq almaqla bərabər, həm də uğur qapılarını öz həyatına açmaq olar.
Elə şagirdlər də var ki, bu məsələlərdə ciddi problemlərlə üzləşir. Həmin şagirdləri oxuya cəlb etmək və gələcəkdə “ömürboyunca öyrənənlər” olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazım gəlir. Elə ktablar ki, heç zaman oxudan xoşlanmayan şagirdi də ecazkar və qüdrətli söz dünyasından zövq almağa yönəltsin.
Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər müəllim tərəfindən diqqətlə təhlil edilib, seçilməlidir. Bu zaman müəlim sinifdəki şagirdlərin idrak səviyyəsini, əldə edilən nailiyyətəri və boşuqları nəzərə almalıdır. Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırar və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri, oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materiallarının da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın. Oxu strategiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəalyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra, artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar. Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə, oxuya belə bir münasibət formalaşıb. Əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxucular hesab edilirlər. Bu yanaşmada bir həqiqət olsa da, etiraf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyil. Bunun üçün əslində daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamanı idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, inteqrasiya etmək və dərk etmklə şagirdlər fəal düşünənlərə çevrilirlər.
Psixoloqlar hesab edirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədə qazanılır. Bu səbəbdən də valideynlər uşaqlara tez-tez kitab oxumalı, vaxtaşırı maraqlı kitablar almalıdırlar. Valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman uşaqlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. “Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi içində qısa maraqlı hekayələri olan kiçik kitablar alın çünki onlar məhz belə kitabları sevir”[35].
Bəzən belə fikirlər səslənir ki, texnoloji imkanların mövcudluğu, kompüter, telefon və s. kimi informasiya vasitələrinin sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Artıq şagirdlərdə yeni maraqlar, yeni axtarışlar formalaşmağa başlayır. Müasir dövrümüzün reallıqlarını nəzərə alsaq, bu yanaşmanın gerçəyə çox yaxın olduğunu görə bilərik, lakin kitabın mahiyyətini, faydasını və vacibliyini dərk etdikdə deyə bilərik ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə olduqca müsbət təsir göstərir. Buna necə nail olmalı? Müəllim bu barədə şagirdləri ilə söhbət aparır.
“Oxu nədir?”, “Yaxşı oxucu nə etməlidir?” Təlim zamanı şagirdərə mətn, əsər, kitab haqqında danışmaq deyil, oxu strategiyasından necə istifadə etdiyini nümayiş etdirmək lazımdır.
Bu zaman müəllimin vəzifələri və fəaliyyəti köklü şəkildə dəyişir. Müəllim mətnin oxusunu tapşırıb, sonra da onun necə oxunduğunu qiymətləndirən bir ekspert vəzifəsindən oxu prosesini təşkil edən, modelləşdirən bir köməkçiyə, məsləhətçiyə, yol göstərənə, çevrilir.
Dərslikdə oxu bacarığı, oxu vərdişi, mütaliə mədəniyyəti, kitabla rəftar qaydaları, oxunun metodları, əsas oxu formaları və sürətli oxu vərdişləri, kitabdan istifadə qaydalarına dair tövsiyələr, həmçinin oxu dərslərinin təşkilinə dair praktik dərs nümunələri, kitab haqqında hikmətli fikirlər verilmişdir.
Azərbaycanda da şəxsiyyətin ən önəmli maddi-mənəvi nemətlərindən biri sayılan kitab və kitaboxuma vərdişləri vacib amil kimi dəyərləndirilir. Belə ki, XXI əsrdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir.
Dostları ilə paylaş: |