Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 68,34 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü68,34 Kb.
#40121
  1   2   3
zahirova arzu ukrayna tarixi


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ




SƏRBƏST İŞ

Kafedra: Tarix və Fəlsəfə

Fənnin adı: Slavyan ölkələri tarixi 1

Mövzu: Müstəqil Ukrayna dövlətinin yaranması

Müəllim: Arif Əlizadə

Tələbə: Zahirova Arzu

Fakultə: Siyasi və ictimai elmlər

Qrup: 129 T



BAKI-2021

Mündəricat

  1. Müstəqil Ukrayna dövlətinin yaranması.

  2. Ukraynanın sosial - iqtisadi və mədəni inkişafı.

  3. Xarici siyasət.

  4. Ədəbiyyat siyahısı.



  1. Müstəqil Ukrayna dövlətinin yaranması

1985-ci ilin martında SSRİ dövlətinin sükanı arxasına keçən Sov.İKP-nin 54 yaşlı yeni Baş katibi M.S.Qorbaçov islahatın zəruriliyini başa düşərək sosialist cəmiyyətinin yeniləşməsi vəzifəsini irəli sürdü. Belə ki, elan edilən yenidənqurmanın obyektiv səbəbi sovet cəmiyyətinin yeniləşdirilməsinə olan tələbat idi. Ümumiyyətlə ən böyük Slavyan dövləti olan Rusiyanı üç dəfə yeniləşdirməyə cəhd edilmişdir. Birinci dəfə XX əsrin əvvəllərindəki “mütləqiyyət”, ikinci dəfə əsrin ortalarında “sosialist”, nəhayət üçüncü dəfə əsrin sonlarındakı “yenidənqurma” yeniləşdirilməsi SSRİ-yə daxil olan Ukraynada yenidənqurma siyasətinin öz xüsusiyyətləri var idi. Birinci növbədə respublikanın ictimai-siyasi həyatının liberallaşdırılması prosesi baş verdi. 1986-cı ildə 300 nəfərə yaxın siyasi məhbus, o cümlədən V.Çernovil, M.Qorin, L.Lukyanenko həbsdən azad edildi. USSR-nın Cinayət məcəlləsindən ideya və düşüncəsinə görə adamların təqib olunması maddəsi çıxarıldı. Bəyan edilən aşkarlıq siyasəti tədricən azad söz demək, fikrini ifadə etmək imkanına şərait yaratdı. Respublikanın həyatında ukrayna dilinə diqqət artdı.Y.Muşketik, B.Oleynik, D.Pavliçko kimi məşhur yazıçılar məktəblərdə məcburi ukrayna dilinin öyrənilməsini irəli sürdülər. 1989-cu ilin yazında Kiyevdə “Memorial” cəmiyyəti meydana gəldi. Yazıçıları, rəssamları, kinomatoqrafçıları, teatr xadimlərin birləşdirən bu cəmiyyət Ukraynada Stalin repressiyası qurbanlarına bəraət verilməsi məqsədilə fəaliyyət göstərirdi.

1988-ci ildə ölkədə Sov.İKP-yə qarşı müxatifət hərəkatının meydana çıxması ilə Ukraynada çoxpartiyalılıq formalaşmağa başladı. 1988-ci ilin payısıznda artıq “Narodnıy Rux yenidənqurma uğrunda” müstəqil birliyi yarandı. 1990-cı ilin mart-aprel aylarında USSR-in Ali Radasına keçirilən seçkilərdə Ruxun əsas qüvvə olduğu Ukrayna Demokratik bloku parlament müxalifəti olan Xalq Radasın təşkil etdilər. 1989-cu ilin payızında Ukrayna KP MK-nin birinci katibi V.Şerbitskini V.İvaşko əvəz etdi. Lakin respublikadakı siyasi islahatlar iqtisadi məsələləri əhatə etmədiyi üçün ölkədə sosial böhran dərinləşirdi. SSRİ-də olduğu kimi Ukraynada da yenidənqurma məqsədinə çatmadı, ancaq rəsmi senzuranın zəifləməsi Ukraynanın milli demokratik qüvvələrinə respublikanın sözdə elan edilən deyil, real hüquqlar uğrunda mübarizə aparmağa imkan yaratdı. (T.Ş.Baxşəliyev, “Slavyan ölkələri tarixi”, Bakı – 2016. (səh.137))

Ukrayna xalqının və onun önündə gedən ziyalıların mübarizəsi nəticəsində 1990-cı il iyulun 16-da USSR-in Ali Radası çox böyük tarixi əhəmiyyəti olan Ukraynanın dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamə ukrayna millətinin öz müqəddəratını təyin etmək hüququnu tanıyır və elan edir ki, dövlət ukraynalıların milli dövlətçiliyini müdafiə edib qorumalıdır. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır, USSR-nın Ali Radası onun adından çıxış etmək səlahiyyətinə malikdir. Sənəddə qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölünməsi prinsipindən bəhs edilir. Baş prokuror qanunların yerinə yetirilməsi üzərində nəzarət edir. Bəyannamə Ukrayna ərazisinin toxunulmazlığını və uzun illər susqunluqdan sonra insan hüquq və azadlıqlarını təsbit etdi. Müstəqilliyin iqtisadi bölməsində elan olundu ki, “torpaq, onun yeraltı, hava, su və təbii ehtiyacları ukrayna xalqının, yəni Ukraynanın bütün millətlərindən olan vətəndaşlarının mülkiyyətidir”.

Ukrayna öz silahlı qüvvələrini yaratmağı nəzərdə tuturdu. Ukrayna həm də nüvə silahını hazırlamamaq, yaymamaq, artırmamaq haqqında öz üzərinə öhdəlik götürürdü. Bəyannamə Ukraynanın gələcək xarici siyasətini, ilk növbədə ölkənin milli maraqlarını nəzərə almaqla bitərəflik siyasəti çərçivəsində nəzərdə tuturdu. Bəyannamə qəbul edildikdən dərhal sonra V.İvaşko istefaya getdi, 1990-cı il iyulun 18-də L.Krauçuk Ukrayna SSR Ali Radanın sədri seçildi.

Yenidənqurma siyasəti iqtisadi vəziyyəti düzəltmədi. Bundan başqa dəmir pərdənin qaldırılması sıravi sovet adamlarına öz həyat səviyyələrini qərbdəki ilə müqayisə etməyə imkan yaratdı. Məhz Ukrayna və Baltikyanı respublikalarda milli hərəkatlar belə meydana gəldi. Qafqaz və Orta Asiyanı milli zəmində münaqişələr bürüdü. M.S.Qorbaçovun yarımçıq islahatları nəticə vermədi, iqtisadiyyat gündən-günə çətinləşməyə başladı. Yeni tarixi şəraitdə, o cümlədən Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin dağılması Kommunist partiyasının nüfuzdan düşməsinə səbəb oldu. Xüsusilə qərb respublikalarında, o cümlədən Estoniya, Latviya, Litva və Ukraynada hakimiyyət kommunistlərin əlindən çıxmağa başladı.

Kommunist rəhbərliyinin mühafizəkar dairəsi SSRİ-ni və öz vəzifələrini xilas etmək məqsədilə son bir cəhd etdilər. 1991-ci il avqustun 19-da yeni hakimiyyət orqanı -Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) yaratdılar. Vitse-prezident G.İ.Yanayev televiziya ilə çıxış edərək bildirdi ki, M.S.Qorbaçov səhhətinə görə müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşdırılır. Moskvaya qoşun yeridildi. Müxalifət partiyalarının və bir çox kütləvi informasiya vasitələrinin fəaliyyəti qadağan edildi. DFVK-nin üzvləri güc tətbiq etməklə İttifaqın və Sovet dövlətinin dağılmasının qarşısını almağa cəhd etdilər. Bütün bunlar həm Moskvada, həm də milli respublikalarda ciddi etirazlara səbəb oldu. 1991-ci il avqust qiyamının baş tutmama-sında demokratik qüvvələr, Rusiya prezidenti B.N.Yeltsin və Qərbin sərt mövqeyi həlledici rol oynadı.

Bütün bu hadisələrin gedişində rəsmi Kiyev gözləmə mövqeyi tutdu. DFVK-nin hərəkətlərinə qarşı Ukraynanın demokratik qüvvələri, o cümlədən RUX və yeni siyasi partiyalar qətiyyətlə səslərini ucaltdılar. Ukrayna Ali Radasının müxalifətçi deputatları — Xalq Radası və demokratik təşkilatların nümayəndələri DFVK-nin fəaliyyətini konstitusiyaya zidd hərəkət kimi qiymətləndirərək Sov.İKP-nin qeyri-məhdud hakimiyyətinin bərpasına yönəldiyini elan etdilər. Xalq Radası Ali Radanın deputatlarını fövqəladə sessiyaya toplanmağa, hərbçiləri öz xalqını müdafiə etməyə, qiyamçıların göstərişlərini yerinə yetirməməyə çağırdı.

Ukrayna üçün bu hadisələr 1991-ci il avqustun 24-də Ukraynanın müstəqilliyinin bəyan edilməsi Aktının qəbul edilməsi ilə nəticələndi. Müstəqillik Aktında qeyd olunurdu ki, “Ukraynanın ərazisi bölünməz və toxunulmazdır. Bundan sonra Ukrayna ərazisində yalnız müstəsna olaraq Ukrayna Konstitusiyası və qanunları qüvvədədir”. 1991-ci il dekabrın 1-də Ukraynanın müstəqilliyini təstiq etmək məqsədilə ümumukrayna referendumu keçirildi. Referendumda iştirak edənlərin demək olar ki, 90,3 faizi Ukraynanın müstəqilliyinə “bəli” dedi. Həmin gün Ukraynada prezident seçkisi keçirildi, Leonid Kravçuk müstəqil ukraynanın ilk prezidenti seçildi. Dünyanın siyasi xəritəsində müstəqilliyə doğru mürəkkəb və ziddiyyətli yol qət edən yeni müstəqil demokratik dövlət — Ukrayna meydana gəldi. Müstəqil Ukraynanın prezidenti seçilən L.M.Kravçuk 1991-ci il dekabrın 5-də respublikanın 1922-ci il İttifaq müqaviləsindən çıxdığını elan etdi. SSRİ-nin kortəbii dağılması prosesi başladı. 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarusiyanın rəhbərləri Belovej qoruğunda görüşərək bəyan etdilər ki, onların respublikaları 1922-ci il İttifaq müqaviləsindən çıxaraq Müstəqil Dövlətlər Birliyi (MDB) yaradır. Belovej sazişin RSFSR-in prezidenti B.N.Yeltsin, USSR-in prezidenti L.M.Kravçuk və BSSR-in Ali Sovet sədri S.S.Şuşkeviç imzaladı. 1991-ci il dekabrın 21-də Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldaviya, RSFSR, Ermənistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan MDB-nin yaradılması haqqında Bəyannamə imzaladılar. 1991-ci il dekabrın 25-də mövcud olmayan dövlətin prezidenti M.S.Qorbaçov istefa verdi. Ertəsi gün SSRİ-nin Ali Soveti SSRİ-nin buraxılması faktını təsdiq edərək öz səlahiyyətlərini dayandırdığını elan etdi. (T.Ş.Baxşəliyev, “Slavyan ölkələri tarixi”, Bakı – 2016. (səh.139))

2001- ci ilin əvvəllərində Kiyevdə kütləvi antiprezident çıxışları başladı. Şəhər mərkəzində çadırlar quruldu və üç həftədən sonra məhkəmənin qərarı ilə sökülərkən həbslər aparıldı. Ölkəni regionların etiraz nümayişləri bürüdü. 2001-ci il martın 9-da T.Şevçenkonun doğum günü münasibətilə təşkil edilən tədbirdə Prezident İcra aparatının binası ətrafında müxalifətlə milis qüvvələri arasında toqquşma baş verdi. 200 nəfərə qədər adam, o cümlədən əsasən tələblər həbs olundu. Tələbələr sonradan azad edildi, müxalifətin 16 nəfər üzvü başda A.Şkil olmaqla bir ildən çox məhkəmə istintaqına məruz qaldı. Etiraz aksiyalarının təzyiqi altında hakimiyyət UTŞ-nın başçısı L.Derkaçı və Daxili işlər naziri Y.Kravçenkonu istefaya göndərməyə məcbur oldu. Aprelin 26-da Ali Rada prezidentə impiçment tətbiq etməyə səy göstərsə də buna nail ola bilmədi. Mart hadisələrindən sonra müxalifətin fəallığı azaldı, əhalinin böyük hissəsi etiraz aksiyalarında iştirak etmədi.

2001-ci ilin fevralında Ali Rada “Ukrayna xalq deputatlarının seçilməsi haqqında” Qanun qəbul etdi. Qanuna əsasən proporsional, yəni partiya siyahıları üzrə seçki sisteminə keçilirdi. Ancaq Prezident bunun üzərinə siyasi partiyalara mənsub olmayan vətəndaşların seçki hüququnun pozulması səbəbi ilə veto tətbiq etdi. Müxalifətin fikrinə görə isə majoritar sistem üzrə seçki keçirilən tək mandatlı dairələrdə inzibati orqanların seçkiyə nəzarət etməsi daha əlverişli idi. Prezidentlə Ali Rada razılığa gələ bilmədiklərindən növbəti seçki əvvəlki kimi qarışıq, yəni deputatların bir hissəsi tək mandatlı seçki dairəsi, digər hissəsi isə partiya siyahısı üzrə baş tutdu. 2002-ci ildəki seçki marafonunda 33 siyasi partiya və blok iştirak edirdi. Prezident yönümlü cəbhəni icra aparatının rəhbəri V.Litvinin başçılıq etdiyi “Vahid Ukrayna uğrunda” bloku təmsil edirdi. Baş nazir A.Kinaxın rəhbərliyi altında seçki siyahısında ikinci olan partiyalar da hakimiyyəti müdafiə edirdi. On siyasi partiya V.Yuşşenkonun “Bizim Ukrayna” blokunu yaradaraq konstruktiv müxalifəti təmsil edirdilər.

2010-cu il yanvarın 17-də Ukraynada prezident seçkiləri keçirildi, bu mərhələdə qalib aşkar edilmədi. Fevralın 7-də seçkilərin ikinci turu keçirildi, Viktor Yanukoviç baş naziri Yuliya Timoşenkonun üzərində 3% üstünlüklə qələbə qazandı. Prezidentin seçicilərin səslərinin 50%-dən daha az səs alması Ukrayna tarixində ilk dəfə baş verirdi. Nikolay Azarovun başçılığı ilə yeni hökumət martın 11-də yarandı. Aprelin 21-də Viktor Yanukoviçin və Dmitri Medvedevin arasında Ukrayna-Rusiya əlaqələri, iqtisadiyyat və humanitar məsələlərin əhəmiyyəti barəsində danışıqlar aparıldı. Bundan başqa Ukrayna ərazisindən Qara dənizə çıxış üçün orada rus donanmasının yerləşməsi və rus qazının Ukrayna üçün 30%, min kub metri 100 dollardan çox olmamaq şərti ilə verilməsi müzakirə olundu. Eyni zamanda Viktor Yanukoviç 2042-ci ilə qədər Sevastopolda Rusiya Federasiyasının Qara dəniz flotunun olmasının müddətinin uzadılması haqqında Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevlə Xarkov razılaşmasını imzaladı. 27 apreldə bu müqavilə Ukraynanın Ali Radası və Rusiya Federasiyasının Dövlət Duması tərəfindən təsdiq edildi.

2013-cü il noyabrın 16-da Vergi kodeksinə qarşı etiraz aksiyaları başlandı, ölkədə kütləvi mitinqlər və etirazlar keçirildi, Kiyevdə Nezalejnosti Meydanında çadır şəhərciyi salındı. Paytaxtda təxminən 20 min adamın iştirak etdiyi mitinqlər davam edirdi. Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında saziş bağlanması barədə danışıqlar 2007-ci ildən aparılırdı. Avropa İttifaqıyla Ukraynanın assosiasiyası haqqında razılaşma siyasət, ticarət, mədəniyyət və təhlükəsizliyin inkişafı sahəsində Ukrayna və Avropa İttifaqı arasında inteqrasiyanın dərinləşməsinə səbəb olan, Avropa ölkələrilə Ukrayna arasında əməkdaşlıq yaradan bir müqavilə idi. Lakin Ukrayna hakimiyyəti eyni zamanda Avrasiya İqtisadi Birliyinə üzv olmaq danışıqları aparırdı, bu isə Avropa İttifaqının qanunlarına zidd idi, çünki Ukrayna eyni zamanda həm Avropa İttifaqı, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi Birliyi ilə gömrüksüz ticarət əlaqələri saxlaya bilməzdi. Rusiya-Ukrayna əlaqələrində ciddi gərginlik 2013-cü ilin iyulu yarandı, əvvəlcə Rospotrebnadzor “Roşen” Ukrayna şirkətinin məhsullarının idxalını qadağan etdi, sonra isə Ukrayna mallarının Rusiya bazarına girməsinə gömrük çətinlikləri yaratdı. Vəziyyət yalnız sahibkarları deyil, həm də Ukrayna hakimiyyətində böyük narahatçılıq yaratdı, Ukraynadan ixrac olunan mallar Rusiya sərhəddində dayandırıldı. Ukraynanın həmçinin dövlət borcu artır, iqtisadiyyatda çətinliklər yaranırdı. Ukraynanın qızıl-valyuta etiyatları 20,6 milyard dollara qədər azaldı, dövlət borcu demək olar ki, 70 milyard dollar təşkil etdi. (T.Ş.Baxşəliyev, “Slavyan ölkələri tarixi”, Bakı – 2016. (səh.141-142))

Krım Muxtar Respublikasının və Sevastopol əhalisinin “Kiyevdə hakimiyyətin qeyri-qanuni dəyişdirilməsi və radikalların hakimiyyətə gəlməsinə” qarşı fevralın 23-27-də başlayan çıxışları zamanı Krım yarımadası faktiki olaraq Ukraynadan ayrıldı. 11 mart 2014-cü ildə Krım Muxtar Respublikasının və Sevastopol şəhər soveti Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Krım Muxtar Respublikasının separatçı rəhbərliyi tərəfindən planlaşdırılan “referendum” 2014-cü il martın 16-da təşkil olundu. Referenduma iki sual çıxarılmışdır: 1. “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı? 2. “Siz Krım Respublikasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”. 2014-cü ilin martın 16-da keçirilən referendumda rəsmi açıqlamalara görə Krımın Rusiyaya birləşdirilməsinə Krım əhalisinin 96,77%-i, Sevastopolun 95,6%-i səs vermişdi. İlkin nəticələrin açıqlanmasından sonra Krımdakı Rusiya tərəfdarları küçələrə çıxaraq “qələbə”ni qeyd etdilər. Referendumu boykot edən Krım tatarları isə nəticələri tanımayacaqlarını elan etdilər.

Referendumun nəticələrinin açıqlanmasından sonra ABŞ və Avropa ölkələrindən rəsmi münasibət bildirildi. Ağ Evdən verilən açıqlamada referendumun nəticələrinin tanınmadığı vurğulanaraq Rusiyanın bu hərəkətinin cavabsız qalmayacağı bildirildi. Avropa Parlamenti sədri, Joze Manuel Barosso da referendumun nəticəsini tanımadıqlarını bildirərək rus əsgərlərinin Krımdan çıxmasını tələb etdi. 2014-cü il martın 18-də Krım Respublikasının Dövlət Şurasının sədri Sergey Aksyonov və Sevastopolun Həyat fəaliyyətinin təminatı və idarəsinin təşkili üzrə koordinasiya şurasının Sədri Aleksey Çalıy Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə Krım Respublikasının Rusiya Federasiyasına qəbul edilməsi barəsində saziş imzaladı. Bunun ardınca Dövlət Duması və Federasiya Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edərək yarımadanı Krım Respublikası olaraq Federasiyanın inzibati ərazisinə daxil etdi. Beləliklə, Rusiya 1994-cü ildə Ukraynanın müstəqilliyi ilə bağlı Budapeşt Memorandumunu imzalasa da atdığı addımla bu prinsipləri pozaraq, beynəlxalq hüquq normalarının əksinə Ukraynanın daxili işlərinə müdaxilə edərək anneksiya (ilhaq) siyasətini həyata keçirdi.

2014-cü il mayın 25-də Ukraynada keçirilən prezident seçkilərində qələbə qazanan Pyotr Poroşenko iyunun 7-də and içərək rəsmi prezident vəzifəsini yerinə yetirməyə başladı. Ukrayna prezidenti P.Poroşenko andiçmə mərasimində bildirdi ki, “Krım Ukraynanın tərkib hissəsidir və bu məsələ ilə bağlı güzəşt ola bilməz”.

Müstəqil Ukrayna dövlətinin güclənməsinin və beynəlxalq nüfuzun artmasının əleyhinə olan rusiyapərəst qüvvələr ölkənin Cənubi-Şərq rayonlarında, o cümlədən Donetsk, Luqansk, Xarkov, Dnepropetrosk, Odessa kimi yerlərdə silahlanaraq muxtariyyət şüarı altında mərkəzi hakimiyyətə qarşı müharibəni genişləndirdilər.Ukraynanın Şərq rayonlarında məskunlaşan rus əhalisinin mənafeyini qorumaq adı altında Rusiya separatçı qüvvələrə hərtərəfli hərbi, maddi və mənəvi kömək edirdi. Rusiyadan aldığı müasir döyüş texnikası və mütəxəssis köməyi nəticəsində separatçılar Ukrayna hərbi hissələrinə ağır zərbələr vurdu. BMT-nin İnsan hüquqları komissiyasının məlumatına əsasən Ukraynanın Cənub-Şərqində qanlı münaqişə davam edəndən 2015-ci il martın 2-nə kimi 6 min nəfər həyatını itirb, 14,8 min nəfər isə yaralanıb. Bu elan olunmamış müharibəni dayandırmaq məqsədilə 2015-ci il fevralın 12-də Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna, Fransanın prezidentləri və Almaniyanın kansleri görüşdü.V.Putin, P.Poroşenko, F.Olland, A.Merkel, eyni zamanda özlərini müstəqil elan etmiş Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko və Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski arasında bütün gecə davam edən danışıqlardan sonra saziş imzalanmışdır. Normandiya dördlüyünün imzaladığı bu sənəd 2014-cü il sentyabrın 5-də qol çəkilən I Minsk müqaviləsinin şərtlərini əsasən təkrar edirdi. Müqavilənin maddələrinə əsasən fevralın 15-dən Ukraynanın Şərq rayonlarında atəşkəs elan edilir, 14 gün ərzində ağır texnika və xarici qoşunlar döyüş bölgələrindən geri çəkilir, hər iki tərəf arasında ən azı 50 km-lik aralıq ərazi yaradılırdı. Həmçinin Ukraynanın Konstitusiyasına ölkənin şərq rayonlarına xüsusi statusun verilməsilə bağlı əlavələr edilməsi nəzərdə tutulmuşdur. Lakin reallıq ondan ibarətdir ki, razılaşmaya baxmayaraq Ukraynanın şərqində gərginlik qalmaqla davam edir və zaman-zaman bölgədən atəş səsləri eşidilir. (T.Ş.Baxşəliyev, “Slavyan ölkələri tarixi”, Bakı – 2016. (səh.147))


  1. Yüklə 68,34 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin