AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/24
tarix04.12.2016
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

AZƏRBAYCAN RESPUBLİKASININ  
CİNAYƏT MƏCƏLLƏSİ  
MÜNDƏRİCAT  
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın) 
BÖLMƏLƏR (Fəsillər) 
ÜMUMI HİSSƏ 
I. 
CİNAYƏT QANUNU 
(1‐2) 
II. 
CİNAYƏT HAQQINDA 
(3‐8) 
III.  
CƏZA HAQQINDA 
(9‐10) 
IV.  
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ 
(11‐13) 
V. 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ 
(14) 
VI. 
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR 
(15)  
XÜSUSİ HİSSƏ  
VII.  SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (16‐17) 
VIII.   ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (18‐22) 
IX. 
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR (23-24) 
X.  
İ
CTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(25-30) 
XI. 
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(31‐34) 
XII.   HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (35) 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

ÜMUMİ HİSSƏ 
FƏSİLLƏR (Maddələr) 
I.   CİNAYƏT QANUNU 
1.  
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN 
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
 (1-9) 
2.  
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ
 (10-13) 
II.   CİNAYƏT HAQQINDA 
3.  
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI 
(14-18) 
4.  
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR 
(19-23) 
5.  
TƏQSİR 
(24-26) 
6.  
BAŞA ÇATMAYAN CİNAYƏT
 (27-30) 
7.  
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ 
(31-35) 
8.  
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
 (36-40) 
III.  CƏZA HAQQINDA 
9.  
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
 (41-57) 
10. 
CƏZANIN TƏYİN EDİLMƏSİ 
(58-71) 
IV.  CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ 
11. 
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ 
(72-75) 
12. 
CƏZADAN AZAD ETMƏ 
(76-80) 
13. 
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ 
(81-83) 
V.   YETKINLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ 
14. 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT 
MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ
 (84-92) 
VI.  TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR 
15. 
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
 (93-99) 
XÜSUSİ HİSSƏ 
VII.  SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CINAYƏTLƏR 
16. 
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 
(100-113) 
17. 
MÜHARİBƏ CİNAYƏTLƏRİ 
(114-119) 

VIII.  ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
18. 
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(120-143) 
19.  
ŞƏXSİYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN 
CİNAYƏTLƏR 
(144-148) 
20.  
ŞƏXSİYYƏTIN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(149-153) 
21.  
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(154-169) 
22.  
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(170-176) 
IX.  İQTISADİ SAHƏDƏ CİNAYƏTLƏR 
23. 
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(177-189) 
24. 
İQTİSADI FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR 
(190-213) 
X.  İCTIMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
25. 
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(214-233) 
26.  
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
 (234-241) 
27. 
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR 
(242-246) 
28. 
EKOLOJİ CİNAYƏTLƏR
 (247-261) 
29.  
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN 
İSTİSMARI QAYDALARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(262-270) 
30. 
KOMPÜTER İNFORMASİYASI SAHƏSİNDƏ CİNAYƏTLƏR 
(271-273) 
XI.  DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
31.  
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ  
TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(274-285) 
32. 
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(286-307) 
33.  
DÖVLƏT HAKİMİYYƏTİ, DÖVLƏT QULLUĞU MƏNAFEYİ VƏ YERLİ 
ÖZÜNÜİDARƏ ORQANLARINDA, HABELƏ DİGƏR KOMMERSİYA VƏ 
QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARINDA QULLUQ MƏNAFEYI 
ƏLEYHINƏ OLAN CINAYƏTLƏR 
(308-314) 
34. 
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(315-326) 
XII.  HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
35. 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(327-353) 

AZƏRBAYCAN RESPUBLİKASININ 
CİNAYƏT MƏCƏLLƏSİ 
ÜMUMİ HİSSƏ 
BİRİNCİ BÖLMƏ 
CİNAYƏT QANUNU 
1-ci fəsil 
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN 
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ 
Maddə 1. 
Azərbaycan Respublikasının cinayət qanunu 
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. 
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla 
qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. 
1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını 
nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. 
Maddə 2. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri 
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin 
təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, 
iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan 
Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə 
cinayətlərin qarşısını almaqdan ibarətdir. 
2.2. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 
cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli 
olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə 
tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli 
tədbirləri müəyyən edir. 
Maddə 3. 
Cinayət məsuliyyətinin əsasları 
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu 
əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 
Maddə 4. 
Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri 

Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və 
humanizm prinsiplərinə əsaslanır. 
Maddə 5. 
Qanunçuluq prinsipi 
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və 
digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. 
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. 
Maddə 6. 
Qanun qarşısında bərabərlik prinsipi 
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, 
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, 
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə 
mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. 
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət 
məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət 
məsuliyyətindən azad edilə bilməz. 
Maddə 7. 
Təqsirə görə məsuliyyət prinsipi 
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun 
nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və 
cəzalandırıla bilər. 
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
Maddə 8.
 Ədalət prinsipi 
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli 
tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun 
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun 
olmalıdır. 
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
Maddə 9. 
Humanizm prinsipi 
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. 
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər 
cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 
2-ci fəsil 
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ 
Maddə 10. 
Cinayət qanununun zamana görə qüvvəsi 

10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu 
əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə 
müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət 
məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 
10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun 
nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 
10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı 
aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür 
yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə 
minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə 
cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya 
ödənilməmiş şəxslərə şamil edilir. 
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza 
müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür 
ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 
Maddə 11. 
Cinayət  qanununun  Azərbaycan  Respublikası  ərazisində  törədilən 
cinayətlərə görə qüvvəsi 
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında 
cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam 
etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət 
sayılır. 
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava 
məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində 
törədilmiş cinayət sayılır. 
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan 
Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının 
hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava 
gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. 
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus 
olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə 
əsasında cinayət məsuliyyətinə cəlb edilir. 
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik 
nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti 
haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. 
Maddə 12. 
Cinayət  qanununun  Azərbaycan  Respublikası  ərazisindən kənarda 
törədilən cinayətlərə görə qüvvəsi 
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi 
yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda 
törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan 
Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən 

cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, 
bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından 
kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının 
maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu 
cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət 
məsuliyyətinə cəlb edilə bilərlər. 
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, 
terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz 
quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya 
qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya 
təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər 
cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı 
olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında 
cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. 
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının 
hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə 
cəlb edilirlər. 
12.5. Bu Məcəllənin 12.1—12.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan 
Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici 
dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. 
Maddə 13. 
Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) 
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları 
xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu 
Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir. 
13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan 
Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə 
cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi 
(ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan 
Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər. 
13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici 
dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət 
sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər. 
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş 
şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr 
tətbiq edilir. 
İKİNCİ BÖLMƏ 

CİNAYƏT HAQQINDA 
3-cü fəsil 
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI 
Maddə 14. 
Cinayət anlayışı 
14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət 
və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 
14.2. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) 
əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai 
təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya 
zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. 
Maddə 15. 
Cinayətlərin təsnifatı 
15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən 
və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, 
ağır və xüsusilə ağır cinayətlərə bölünür. 
15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum 
etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan 
törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı 
həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab 
olunur. 
15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş 
azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır 
cinayətlər hesab olunur. 
15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş 
azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır 
cinayətlər hesab olunur. 
15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə 
cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. 
Maddə 16. 
Cinayətlərin təkrar törədilməsi 
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən 
çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 
16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin 
törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin 
təkrar törədilməsi hesab edilir. 
16.3. Əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət 
məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs 
tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. 

Maddə 17. 
Cinayətlərin məcmusu 
17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin 
törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum 
olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad 
edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə 
müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 
17.2. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə 
tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. 
17.3. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu 
yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 
17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş 
cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq 
olunur. 
Maddə 18. 
Cinayətlərin residivi və onun növləri 
18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən 
qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 
18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 
18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına 
məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə 
cəzasına məhkum olunduqda; 
18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına 
məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. 
18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 
18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla 
üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən 
qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda
18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət 
törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs 
yenidən qəsdən ağır cinayət törətdikdə; 
18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum 
etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. 
18.4. Bu Məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş 
məhkumluqlar, habelə on səkkiz yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə 
məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. 
18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha 
sərt cəza tətbiq edilir. 
4-cü fəsil 
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR 

Maddə 19. 
Cinayət məsuliyyətinin ümumi şərtləri 
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət 
məsuliyyətinə cəlb edilir. 
Maddə 20. 
Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi 
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. 
20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az 
ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq 
hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama 
məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, 
ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları 
girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı 
maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya 
psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya 
yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. 
20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 
və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən 
tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir. 
Maddə 21. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə