Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
#16910
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 
QƏDİM FİNİKİYA 
 
Aralıq dənizinin  şərq sahilində Livan və Suriyanın sahil ərazisində  qədim finikiyalılar yaşayırdılar. 
Mesopotamiya və Misirdən gələn quru və dəniz yolları Finikiyadan keçirdi. Finikiyalıların ərazisi əkinçilik 
və maldarlıq üçün əlverişli olmadığı üçün onların əsas məşğuliyyəti dənizçilik və dəniz ticarəti idi. E.ə. II 
minilliyin sonu - I minilliyin əvvəlində finikiyalılar Aralıq dənizində ağalıq edirdilər. Finikiyalılar ən yaxşı 
gəmiqayıranlar və  dənizçilər idi. Onlar burada bitən sidr və palıd ağaclarından gəmi düzəldirdilər. Onlar 
Aralıq dənizi vasitəsilə üzüb ilk dəfə Atlantik okeanına çıxmışdılar. Sonra Avropa sahilləri ilə üzərək 
İngiltərənin cənub-qərbinə kimi gedib burada qalay mədəni tapmışlar. O vaxtı beynəlxalq ticarət 
finikiyalıların  əlində idi. Onlar Yunanıstan, Misir, Babilistan və s. ölkələrlə ticarət edirdilər. Finikiyalılar 
əsasən zeytun yağı, ağac, mis, tunc, mal-qara, taxıl və s. satırdılar. 
Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri 
ayrıca dövlətə çevrildi. Sidon, Tir, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Tir şəhər-dövlətinin yüksəlməsinə 
şərait yalatdı. Tir qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi. Dəniz 
ticarəti nəticəsində finikiyalılar Aralıq dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında 
məskunlaşmışdılar. Tir şəhəri tərəfindən e.ə. 825-ci ildə Karfagen şəhərinin  əsası qoyuldu Mənası “yeni 
şəhər” deməkdir. E.ə. VII-VI əsrlərdə Şimali Afrikada ən böyük dövlətlərdən biri olmuşdur. Uzun müddət 
Romaya qarşı müharibələr aparmış, e.ə. 146-cı ildə romalılar tərəfindən məğlub edilmiş  və onun yaratdığı 
sivilizasiya məhv olmuşdu. Finikiyalılar 22 samitdən ibarət  ən qədim  əlifba (e.ə. X-IX əsrlər) tərtib 
etmişdilər. Finikiya əlifbasını yəhudilər və aramilər qəbul etdilər, sonra isə yunanlar da bu əlifbanın əsasında 
öz əlifbalarını yaratdılar. Beləliklə, finikiyalılar əlifba sisteminin ilk nümunəsini yaratdılar. 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
89
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
90
 
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ 
 
Assuriya dövləti  İkiçayarasının  şimal hissəsində,  İraqın  ərazisində mövcud olmuşdur. Assuriyanın 
ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı 
qazıntılar və meşə materialları vardır. Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar 
mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər. 
Dəclə çayı sahilində  Aşşur (indiki Kilat-Şerkət) şəhəri salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt 
hesab olunurdu. Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ gəlmişdir. Assuriya əvvəlcə 
Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin 
başlanğıcında Ön Asiyada dəmirdən istifadə  təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm rol 
oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər qazanmışlar. 
E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120 
min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Assur çarlarını mühafizə edən daimi 
“çar cangüdənlər dəstəsi” var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla silahlanırdılar. Dağları 
aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış  və içərisinə hava doldurulmuş 
tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün 
xüsusi meydançalar var idi. Onların ordusunda xüsusi “mühəndislər” dəstəsi fəaliyyət göstərirdi. Onlar hərbi 
istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan 
(mancanaq), qala uçuran qurğulardan istifadə edirdi.  
Assuriyanın Paytaxtı  Nineviya  idi.  Bu  şəhər “Aslanlar yuvası” adlanırdı. Assuriya Mesopotamiyanı, 
Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.  
E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə 
Ninveiya şəhərini tutub dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını ələ keçirdilər. Assuriyanın varlığına son 
qoyuldu. Onun ərazisi Midiya və Babil padşahlıqları arasında bölüşdürüldü.  
Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur. Bunlardan ən irisi Aşşur  şəhər icması idi. 
Aşşur icmasının əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş  
ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin 
inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması sənətkarlıq əşyaları 
və müxtəlif metallardan ibarət xammal ilə alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son 
məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan ticarət məhəllələri vardı. Aşşur icması şərqə 
gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli  əhali mal mübadiləsi və alış-veriş 
edirdi. Aşşur şimala və şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı. 
Assuriyanın  ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud idi. Aşşurdan başqa, Arrapha şəhər 
icmasında da ticarət icması mövqe qazanmışdı.  İcmalar arasında  əmək bölgüsü vardı. Dəmirçi, dülgər, 
toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları  fəaliyyət göstərirdi.  İxtisaslaşmış ticarət 
icmaları bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar ticarət münasibətlərinin inkişafını 
ləngidirdi. 
Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında torpaq alınıb-satılırdı. Bunun nəticəsində 
varlı  və yoxsul ailələr meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara malik idi. Əsas qul 
mənbəyi uğurlu müharibələr idi. Lakin qədim və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı, 
çünki bu zaman müharibələr Assuriyanın dövlət, məbəd və  fərdi təsərrüfatlarını qul əməyi ilə  təmin edə 
bilmirdi. Məhz yeni Assur dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. Bununla yanaşı 
işğal olunmuş  ərazinin  əhalisinin Assuriyaya köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul 
əməyinə tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı. Fərdi təsərrüfata, yəni ev icmasına 
məxsus olan qul müəyyən müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı verilmişdi. Müstəqil 
becərmək üçün ona torpaq sahəsi ayrılırdı. Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və 
əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə birlikdə sata bilərdi. Lakin assur qanunları borc 
əsarətinə düşmüş adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti assuriyada geniş  tətbiq 
olunurdu. Borclu borcunu vaxtında qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında işləməli və 
borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan 
ibarət ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq sahəsi ilə birlikdə də satılırdılar. Orta 
dövr assur qanunları ev köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə tutmuşdular. Ev 
sahibəsinin qul və kəniz ilə münasibəti maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz azad 
adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və kənizin burnu və qulağı kəsilməli, oğurlanmış şey 
isə qaytarılmalıdır; adam öz arvadının da qulağını  kəsə bilər.  Əgər o, arvadına cəza verməzsə  və onun 
qulağını  kəsməzsə, onda qul və  kənizin qulağı  həmçinin kəsilməməli və onlar oğurlanmış  şeyi 
qaytarmamalıdırlar». 
Assur qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə qadına müstəqillik verilmirdi. Onun bütün 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
91
hərəkətləri kişinin nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi, 
yəni heç kəsə əl tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam hüquqa 
malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş  əşya oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu 
haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb 
qadınamı, kişiyəmi, yaxud hər hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı  və ev şeyini qəbul 
edənlər öldürülməlidirlər. 
Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı 
bir kəsəmi vermişsə, onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və ona cəza verə bilər, 
(oğurluq malını) adamın arvadından qəbul etmiş  şəxs isə malı qaytarmalıdır.  Ər arvadına verdiyi cəzanı 
(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir". 
Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. Qadının  şəxsiyyətini və namusunu qoruyan 
maddələr orta Assur qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd olunur: "Əgər azad 
adam  ərli qadına barmağını silkələsə  və onunla uşaq kimi rəftar etsə  və bu iş üzrə onu təqsirləndirib ifşa 
etsələr, onda onun barmağı kəsilməlidir. Əgər o, qadını öpübsə, onda onun aşağı dodağını baltanın tiyəsinə 
çəkib kəsmək lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi. 
Belə hallarda ailə icmasının bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir  ərdə 
olardısa, qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra 
qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi. Bəzən müəyyən  şərait nəzərə 
alınırdı və qadın borcu ödəməkdən azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də 
qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə 
xəyanət etmiş, yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada kəskin mülki bərabərsizlik 
mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki 
bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu.  İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir, 
sələmçilərdən asılı vəziyyətə düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını kənara satmağa 
məcbur olurdular. Onlar məcburi əməklə  məşğul olanlar dəstəsinə  mənsub idilər. Qullar və  məcburi əmək 
adamları istismar olunan sinfi təşkil edirdilər. 
Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi geniş  tətbiq olunurdu. Dövlət təsərrüfatı 
işğallar nəticəsində genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri ilə təmin edirdi. Belə 
adamlar yeni qulluq əyanları  təbəqəsini təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına 
çevrilirdilər. Onların mülkündə  işləyən qulların sayı 30-50 nəfərə çatırdı. Xırda torpaq sahibkarlığı da 
mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük torpaq sahələrinə 
malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi əmək adamları da işləyirdilər. 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
92
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
93
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
94
 
QƏDİM URARTU MƏDƏNİYYƏTİ 
 
Urartu Mesopotamiyadan şimalda, Şərqi Anadoluda (Türkiyə) Van gölü ətrafında meydana gəlmişdi. 
Urartu dağlıq ölkə idi. Dəclə, Fərat və Araz çayları öz mənbələrini bu ərazidən götürür. 
Urartu  əhalisinin tərkibi müxtəlif olmuşdur. Assurlar bu ölkəni Urartu, urartulular isə öz ölkələrini 
Biaynili adlandırırdılar. Assur hökmdarı I Salmanasar “Uruatri ölkələri” ifadəsini işlətmişdi. Uruatri adı 
tədricən Urartu adı ilə  əvəz olunmuşdu. Bu zaman xırda ölkələrin hakimləri vahid bir mərkəzdə 
birləşdirilmişdi. E.ə. IX əsrdə Assur hökmdarı II Assurnasirpal Urartu ölkəsinə yürüş  təşkil etmişdi. 
Urartulular ona güclü müqavimət göstərmişdilər. Urartunun dağlıq ərazisində, məhsuldar vadilərində, düzən 
torpaqlarında  əhali müxtəlif təsərrüfat işləri ilə  məşğul olurdu. Onların təsərrüfat həyatı haqqında mixi 
yazılar və arxeoloji materiallar məlumat verir. 
Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq və sənətkarlıqla məşğul olmuşlar. 
Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə xüsusi diqqət yetirilirdi. Van gölünün şimal 
hissəsində bir neçə qollara ayrılan suvarma kanalı  çəkilmişdi. Bunlardan biri Menua kanalı adlanırdı. Bu 
kanal vasitəsi ilə Van şəhəri içməli bulaq suyu ilə  təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş 
daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi yazılarda “Menua kanalı” sözləri aşkar 
edilmişdir. 
Menua işğal olunmuş  ərazilərdə yaşayış  məntəqələri saldırır və qalalar tikdirirdi. O, Urartunun baş 
allahı Haldinin şərəfinə qala tikdirmiş və onu “Haldi allahının şəhəri” adlandırmışdı. Burada üzüm tənəkləri 
saldırmış  və  həmin bağı “Menuanın üzümlüyü” adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı. 
Onun adı əşyalar üzərində “Menuanın malı” ifadəsi ilə həkk olunmuşdu.  
Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi və  təsərrüfat işlərində, habelə  hərbi 
yürüşlərdə istifadə edilirdi. At çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi.  
Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət sahələri inkişaf etmişdi. Urartu sənətkarları 
müxtəlif tunc məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox və s. istehsal edirdilər. 
Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur. Onlarda memarlıq, yazı  mədəniyyəti, 
incəsənət yüksək inkişaf etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını  mənimsəyərək Urartu dilinə 
uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü mətnlər-kitabələr həkk olunmuşdu. 
Arxeoloji qazıntılar zamanı Urartuya aid yazılı sənədlər aşkar edilmişdir. Urartulular istehkam və qala 
inşası sahəsində böyük təcrübə qazanmış və şəhərlər salmışlar. 
Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi. 
Haldi (səma allahı) Urartunun baş allahı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl qoyulmuşdu. Tufan, 
ildırım və yağış allahı Teyşeba, günəş allahı Şivini adlanırdı.  
Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal, zərgərlik məmulatlarının, möhürlərin üzərində 
müxtəlif rəsmlər təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə  işlənmiş “taxtda 
əyləşmiş  İlahəyə  səcdə edən qadın” təsviri Urartu zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin 
coğrafi şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla yanaşı, məhsuldar vadilər, aran torpaqları 
mövcud idi. Xüsusilə Haldi allahına ithaf edilmiş məbədlərin nüfuzu saxlanılırdı və təbliğ olunurdu. Urartu 
hökmdarları öz qələbələrini və abadlıq işlərini Haldi allahını adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir və 
qurban kəsilirdi.  İşğal olunmuş ölkələrdən gətirilmiş  qənimətin, mal-qaranın və  əsirlərin bir qismi məbəd 
təsərrüfatına bəxş edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik deyildilər. Urartu 
hökmdarları  məbəd tikintisinə diqqət verirdilər, lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar 
təsərrüfatlar hələ yaranmamışdı. 
 Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar təsərrüfatı mühüm mövqeyə malik olmuşdu. 
Dövlət təsərrüfatının geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var idi. Urartu 
hökmdarları işğal olunmuş ərazilərdə, eləcə də Urartunun özündə müxtəlif abadlıq işləri aparır, yeni qala və 
şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, Argiştihinili və Erebuni kimi qala-şəhərləri 
yüksək inkişaf səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri hesab edir, kanallar 
çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması 
hökmdarın göstərişi ilə həyata keçirilirdi. 
Yeni  şəhərlərə  işğal olunmuş ölkələrin  əhalisi köçürülürdü. Belə  əsirlər Cənubi Qafqazdan, Şimali 
Suriyadan və Mannadan gətirilirdi. Köçürülmüş  əhali  əsasən qul halına düşürdü. Qul əməyi dövlət 
təsərrüfatında tətbiq olunurdu. 
Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun təkmilləşdirilməsini tələb edirdi. Əsirlər 
Urartu ordusunda xidmətə  qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz edirdilər.  İşğal olunmuş 
ölkələrdə  hərbi və inzibati mərkəzlər yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin 
Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. 
Ölkədə atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini atlar təşkil edirdi. At ölkəyə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
95
qənimət kimi də gətirilirdi. Urartuda at çapma və oxatma yarışları keçirilirdi. 
Dövlətin  ərazisi canişinliklərə bölünmüşdü.  İşğal olunmuş torpaqlarda, xüsusilə  Cənubi Qafqazda 
canişinliklər yaradılmışdı. Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin hərbi qüvvələri və 
inzibati idarəsi vardı. Urartunun Cənubi Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə  şərait 
yaratdı. Burada xırda hökmdarlar bu və ya digər  ərazini idarə edirdilər. Urartunun Cənubi Qafqaza 
qəsbkarlığı buranın daxili inkişaf prosesini pozur və onların dövlət şəklində birləşməsini ləngidirdi. 
Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir göstərmişdi.  İkiçayarasından mixi yazı 
mənimsənilmiş  və Urartu dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala inşası sahəsində 
püxtələşmiş və şəhərsalma inşaat qaydalarını mənimsəmişdilər. 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
96
 
QƏDİM MİDİYA MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ 
Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində 
yaranmışdı. 
Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir. Bu adı ilk 
dəfə Midiya ərazisinə hücum edən və oranı talayan Assur hökmdarı III Salmanasar işlətmişdir. Midiya 
tayfaları haqqında ilk geniş  məlumatı yunan tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya 
ərazisində altı qəbilənin yaşadığını göstərmişdir. 
Mixi yazılarda Midiya sözü Maday, Matay, Amaday şəklində  işlənmişdir. Yunan mənbələri onu 
“Midiya” kimi qələmə almışdır. 
Midiya xırda vilayətlərdən (45-ə qədər) ibarət olmuşdur. Vilayətləri canişinlər idarə edirdi. Midiyalılar 
əkinçilik,  maldarlıq  və  sənətkarlıqla məşğul olurdular. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və 
sənətkarlıq idi. Metalişləmə  işi sənətlər içərisində daha çox seçilirdi. Midiya ərazisində  dəmir, qurğuşun, 
qızıl, neft və s. çıxarılırdı. “Midiya yağı” adlanan neftdən hərbi işdə də istifadə edilirdi. Neftli parçanı oxlara 
bağlayıb od vuraraq, düşmənin üzərinə, habelə yanğın törətmək üçün evlərin damına atırdılar. 
Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları, 
məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı. 
Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir. 
Midiya-Azərbaycan  əlaqələri Azərbaycanda (Urmiyada, Naxçıvanda, Qarabağda) tunc dövrünün 
boyalı qablar mədəniyyəti nümunələrində daha yaxşı izlənir. 
Əhali əyanlar, kahinlər, azad adamlar, sıravi icma üzvləri-kəndlilər və qullar kimi müxtəlif təbəqələrə 
ayrılırdı. Astiaq nəsli zadəganların hüquqlarmı məhdudlaşdırmağa çalışırdı. Bu əyanların narazılığına səbəb 
oldu. Tarixi rəvayətlər Astiaqı  qəddar hökmdar kimi tanıtmışdır. Astiaq hakimiyyətini itirməkdən həmişə 
ehtiyat edirmiş. O, hətta yeganə qızının övladının hakimiyyətə gəlməsini istəməmişdir. Bu məqsədlə qızını 
fars vilayətinin hökmdarı I Kambizə (Əhəməni nəslindən) ərə verir. Onun fikrincə, fars mənşəli nəvə Midiya 
taxt-tacına sahib ola bilməzdi. Astiaq yeni dünyaya gəlmiş nəvəsi Kirin öldürülməsi haqqında gizli göstəriş 
verir. Lakin uşaq təsadüfən sağ qalır. 
Astiaqın sarayında fars meylli qüvvələr artır. Onlar Kirin hakimiyyətə gəlməsinə çalışırlar. 
E.ə. 553-cü ildə fars vilayətində II Kir hakimiyyətə gəldi. O, Astiaqa qarşı üç il mübarizə apardı. E.ə. 
550-ci ildə  qələbə çaldı  və Ekbatana şəhərini tutdu. Midiya dövləti süqut etdi və  İran  Əhəməni (fars) 
dövlətinin tərkibinə qatıldı. 
Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur-Babil qayaüstü mixi yazılarından məlum 
olur ki, Midiyada   mədəniyyət   yüksək   inkişaf   etmişdi. Midiya əfsanələri  (“Astiaq  və Tomiris”) Midiya 
tarixinin öyrənilməsi üçün çox mühüm əhəmiyyətə malikdir. 
Midiyada memarlıq inkişaf etmişdi. Suz sarayları, Ekbatananı əhatə edən yeddi cərgə divarları, qırmızı 
kərpicdən tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir. 
Astiaqın  dövründə  zərdüştlük Midiyada rəsmi dövlət dini olmuşdur. 
Zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə 
şər ilə xeyir, yalan ilə  həqiqət arasında ölüm-dirim mübarizəsi gedir. Zərdüştlüyün təlimində  təkallahlılıq 
təzahür edir. O, Ahrumazdanı vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və şər arasında mübarizə 
gedir.  İnsanlar xeyir və  şəri seçməkdə  sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib 
gəlməlidir.  
 
 
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
97
 
QƏDİM MANNA DÖVLƏTİ 
 
E.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti yerləşirdi. 
Manna dağlıq ölkə idi. Ərazisindən müxtəlif çaylar axırdı. Urmiya gölünün suyu duzlu olduğundan 
suvarma üçün yararsız idi. Məhsuldar çay vadiləri sıx məskunlaşmışdı. Manna ərazisində çoxlu faydalı 
qazıntı yataqları (dəmir, mis, gümüş, qızıl, qurğuşun v. s.) vardı. Mannanın düzən və dağətəyi yerlərinin 
əhalisi  əkinçiliklə  məşğul olurdu. Arxeoloji qazıntılar zamanı bu ərazilərdə arpa, buğda və darı qalıqları 
tapılmışdır.  Əkinçilər torpağı  dəmir toxa və  xış ilə  şumlayırdılar. Taxılı  dəmir oraqla biçirdilər. Assuriya 
mixi yazılarında göstərilir ki, Mannada taxıl anbarları olmuşdur. Böyük anbarlar dövlətə, yaxud hökmdara 
məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı. Bağçılıq və üzümçülük 
də inkişaf etmişdi. Üzümdən şərab hazırlayırdılar. 
Mannalıların həyalında maldarlıq mühüm yer tuturdu. Atçılıq geniş yayılmışdı. Mannanın Subi 
vilayəti öz atları ilə xüsusilə  fərqlənirdi. Manna əhalisi oturaq həyat sürürdü. Yaz və yay aylarında mal-
qaranı, qoyun-quzunu dağlara aparırdılar. Bara (Sanqibuti) vilayətində hökmdar sürüləri saxlanılırdı. 
Təsərrüfatda dəvədən də istifadə edirdilər. 
E.ə. I minilliyin başlanğıcında Azərbaycanın cənubunda, Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin 
meydana gəlməsi üçün şərait  əmələ  gəlmişdi. E.ə. IX əsrdə burada Manna dövləti yarandı. Lakin həmin 
dövrdə Manna hələ bütün cənubi Azərbaycan torpağını əhatə edə bilməmişdi. Manna adına ilk dəfə e.ə. 843-
cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa 
adını bildirir. 
 E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən Zamua, Gilzan, Alateye, Surikas, 
Gizilbunda, Zikirtu, Andia və s. vilayətlər meydana gəlmişdi. Zamua ölkəsi Mannanın əsas hissəsini təşkil 
edirdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvəllər lullubilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin birinci 
yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər. Buna görə  də xarici hücumların qarşısını almaq 
mümkün olmurdu. Onların hər biri Assuriya ordusuna qarşı təkbaşına mübarizə aparmalı olur, yaxud xərac 
göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar. 
Mannaya qarşı Assuriya və Urartunun hücumları ara vermirdi. Manna hökmdarları ölkəni vahid 
mərkəzdə birləşdirib, xarici hücumların qarşısını almağa çalışırdılar.  
E.ə. IX əsrin sonu-VIII əsrin əvvəlində Manna güclü bir dövlətə çevrilmişdi. 
Mannanın  ərazisi  şimalda Araz çayına çatırdı, cənubda və  cənub-şərqdə Kaspi ölkəsi, Parsua və 
Midiya ilə həmsərhəd idi. İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlət olmuşdur. 
Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir, 
bununla da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya müttəfiq kimi baxır və 
onun siyasi üstünlüyünü tanıyırdı. Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan Mannaya 
əmin-amanlıq lazım idi. Başqa bir qrup isə Urartu ilə ittifaq tərəfdarı idi. Onların siyasəti Manna 
vilayətlərinin mərkəzi dövlət  ətrafında birləşməsinə mane olur, ölkənin parçalanmasına, torpaqlarının isə 
Urartu tərəfindən işğalına şərait yaradırdı. 
Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Hələ e.ə. III minillikdə onun ərazisində dövlət 
qurumları meydana gəlir. 
Dövləti hökmdar idarə edirdi. Hökmdar mütləq hakimiyyətə malik idi. E.ə. VIII əsrin ikinci yarısında 
hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə  qədim Azərbaycan türk sülaləsi başçılıq etmişdir. 
Manna mərkəzləşmiş dövlət idi. Ölkənin vilayətlərini canişinlər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə 
tabe idilər. Dövlətin idarə  işlərində müxtəlif  əyanlar və  məmurlar çalışırdılar. Məmurlar mixi qaynaqlarda 
əyan, ağsaqqal, məsləhətçi, başçı  və canişin adlandırılmışlar. Dövlətin idarəsində hakim ailənin üzvləri də 
iştirak edirdilər. Mannada ağsaqqallar şurası da fəaliyyət göstərirdi. Lakin bu şura hökmdardan asılı idi. 
Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq üçün qonşu Assuriyaya ilə diplomatik 
əlaqələr yaratmış və ölkənin ərazi bütövlüyünü saxlamağa müvəffəq olmuşdular.  
Ahşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan baş verdi. Üsyançılar Ahşerini öldürdülər. 
Hakimiyyətə Ahşerinin oğlu Ualli (e.ə. 650-630) gəldi və Assuriya ilə ittifaqı  bərpa etdi. Bundan sonra 
Manna Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və 
Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək etdi. Qaynaqlardan göründüyü 
kimi, e.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı. 
Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi. 
Mannan müstəqil dövlətçiliyinə son qoyuldu. 
Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın  ərazisində  zəngin dəmir filizi, o cümlədən 
qiymətli daş yataqları var idi. Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən bəzək şeyləri, qab-
qacaq və s. hazırlayırdılar.  İndiki Cənubi Azərbaycan  ərazisində, qədim Həsənli məskənində qazıntılar 
zamanı müxtəlif daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəliblərə tökərək oraq, toxa, balta, xəncər, 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
98
ox ucları, dəbilqə, bəzək  əşyaları  və s. hazırlayırdılar. Həsənli qızıl camı Azərbaycanın nadir qədim sənət 
əsəridir.  
E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin sənətkarlıq nümunələri tapılmışdır. 
Azərbaycanın cənubunda Sakkız  şəhəri yaxınlığında yerləşən bu abidədə  qızıl və gümüşdən hazırlanmış 
döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər, 
dəmir qılınclar və s. aşkar edilmişdir. 
Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə  sənətinin yüksək inkişaf etdiyini göstərir. 
Toxuculuq mühüm sənət sahəsi olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları 
toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də 
olmuşdur. Mannalıların geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. Döyüşçülər uzun və 
dizə çatan libas da geymişlər. 
Mannalılar qonşu ölkələrlə ticarət  əlaqələri yaratmışlar. Mannadan müxtəlif məhsullar və xammal 
ixrac edilirdi. 
Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya hücumların qarşısını almaq üçün qalalar və qala-
şəhərlər tikilmişdi. Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli qala divarları ilə əhatə olunmuşdu. 
Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdi. 
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Manna təsviri sənətinin gözəl 
nümunələridir. Həsənli qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur. 
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır. Müxtəlif 
əşyaların üzərində  şiri yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı  ətrafında keçi və 
qanadlı öküz təsvir edilmişdir. 
Mannalılar allahlara sitayiş etmişlər.  İbadət üçün tikilən xüsusi binalarda-məbədlərdə allahların 
heykəli qoyulurdu. Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr təsvir olunmuşdur. Manna 
əsatirlərində müxtəlif əfsanəvi varlıqlar (qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, 
qanadlı sfinks və s.) mühüm yer tuturdu. 
Həsənlidən tapılmış  qızıl camın üzərindəki təsvirlər mannalıların dini görüşləri ilə bağlı idi. Camın 
yuxarı hissəsində döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini təsəvvürlərinə uyğun 
olaraq allahları qanadlı çəkmişlər. Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək mümkün olur. 
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də 
olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı 
növünə aiddir. İşarələrin çoxluğu və müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur. 
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk 
tayfalarının yaşadığına dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir. 
Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. Aza adı türk mənşəli aca - “böyük qardaş” 
sözünü bildirir. Ullusunu adı türk dillərində  işlənən ul-lu-ulu- “böyük, ulu, əzəmətli” sözü və “sun” sifət 
şəkilçisinin birləşməsindən  əmələ  gəlmişdir, “ən böyük”, “ən ulu”, yaxud “ulu adam” mənası daşımışdır. 
Mannada  əhalinin  əsas dili ən qədim türk dili olmuşdur. E.ə. II minillikdə Azərbaycanın  ərazisində yerli 
türkdilli etnoslar yaşamışlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə