XVIII əsrin son rübündə (1775-1783) Böyük Britaniyanın Şimali Amerika ərazisindəki müstəmləkələrinin azadlıq mübarizəsi və müharibəsi nəticəsində yeni bir dövlət – Amerika Birləşmiş Ştatları meydana gəldi. Yeni yaranmış dövlətdə azadlıq hər kəsin qanuni hüququ elan edildi, bu məqam öz əksini qəbul olunmuş Konstitusiyada da tapdı, milli himndə səsləndi, amma tam azadlıqdan danışmaq hələ tez idi. Qanunvericilik söz, mətbuat, vicdan, toplantı və hərəkat azadlıqlarına təminat versə də, Cənub ştatlarında quldarların köləliyə malik olmaq hüququ qalmaqda davam edir, əhalinin bir qisminin – qadınların – hüquqları məhdud, digər qisminin - kölələrin isə ümumiyyətlə heç bir hüququ yox idi. Mövcud vəziyyətdən narazı olub, onunla barışmayanlar birinci növbədə kölələrin özləri idi. Bu vəziyyət ağdərililərin də bir qismini qane etmirdi. Onlar Konstitusiya aktındakı azadlıqlar barədə müddəalarla quldarlığın bir araya sığmadığını dərk edir və bundan narazılıqlarını bildirirdilər. Bu narazılıq ən müxtəlif şəkildə təzahür edirdi. Bura bilavasitə kölələrin qaçıb şimal ştatlarında özlərinə yer tapmasına yardım etmək, kənd və şəhərləri gəzərək quldarlığa qarşı təbliğat aparmaq, sırf abolisionist mətbu orqanları yaratmaqla quldarlığın məhvinə çalışmaq və s. formada özünü göstərirdi. Ölkədə bu və ya digər şəkildə abolisionizmə reaksiya verməyən adam tapmaq çox çətin idi. Bu hərəkatın nümayəndələri sırasında ən müxtəlif peşə sahibləri var idi. Amerika romantizmi məhz belə ictimai-siyasi və tarixi dövrdə yaranmış, inkişaf etmişdi.