İstinad müəllifin yararlandığı mətnin oxşar gedişlərindən istifadə edərək (2)
Ədəbiyyatlar arası oxşarlığın iki şəkli: Ədəbi təsir və tipologiya. Ədəbi təsir sferasına istinad (vasitəli və vasitəsiz), Reminisçençiya, alluziya (eyham), parodiya, təqlid, üslublaşdırma aiddir.
İstinad müəllifin yararlandığı mətnin oxşar gedişlərindən istifadə edərək, onu yeni yaranan mətnin bir hissəsinə çevirməsi və ya bədii informasiya daşıyan hər hansı bir mətndən hər hansı bir şəkildə yararlanmadır. Müəllif bu və ya başqa mətndən yararlanaraq yeni məna yaradır. İstinad açıq və gizli, dəqiq və qeyri-dəqiq, şüurlu və şüursuz ola bilər.
İstinad qaynaqları müxtəlif olur: konkret bir əsər, yazıçının yaradıcılığı, müəyyən mədəniyyət tipi, başqa dildə olan mədəniyyət (öz-özgə qarışdırması); sözsüz mətnlər (rəsm əsərləri, heykəltaraşlıq örnəkləri, musiqi əsərləri və s.). İstinadlar əsərdə müxtəlif funksiyalar daşıyır.
Reminisçençiya – bədii sistemin bir ünsürüdür. Bu terminlə yaxın mövzuda olan məlum bədii əsərlərin strukturundan, ayrı-ayrı ünsürlərindən istifadə nəzərdə tutulur. Reminisçensiya gizli istinad kimi özünü göstərir. Bununla yanaşı, istinad yaradıcı səciyyə daşıyır və bu mənada surətdən və plagiatdan fərqlənir.
Alluziya hər hansı bir əsərə analogiya və ya eyham məzmunu daşıyır. İstinadın bir formasıdır. Alluziya istinadın elə bir formasıdır ki, mətnin uyğun bir yerində işlədərkən ona yeni məna verilir. Məsələn: M.Araz “Tarixinə qara xətlə hicri, miladı, Qılıncların qan ağzıyla yazılmadımı” deməklə Azərbaycanın ərəblər və ruslar tərəfindən işğalına işarə edir.
Ədəbi təsir və ya mənimsəmənin şəkillərindən biri parodiyadır. Parodiya “ikiləşmə ideyası, yəni ikinci ideyanın işə salınmasıdır” (O.Freydenberq). Parodiya müəyyən üsulun mexanikləşməsi yolu ilə düzəlir. Yeni mətn mexanikləşən köhnə üsul ilə təşkil olunur.
Təqlid bir müəllifin başqa bir müəllifi əsas götürərək onun yaradıcılıq tərzini izləməsidir. Bu hadisə başqa bir müəllifdən asılı halda yaratmaq şəklində də izah oluna bilər. Üslublaşdırma başqa epoxaya, ədəbiyyata, ədəbi axına, müəllifə məxsus üslubu yeni ədəbi kontekstdə təkrar yaratmadır.
Tipoloji kateqoriyalar. Tipologiya əhəmiyyətli əlamətlərə görə qruplaşdırma, təsnif etmədir. Obyektlərin və hadisələrin yaxın cəhətlərinin üzə çıxarılması ilə məşğul olan elmlər bölməsidir.
Ədəbiyyatlar arası əlaqələrin nəzəri məslələri ilə məşğul olan V.M.Jirmunski ədəbi oxşarlıqların üç tipini (tarixi-tipoloji, tarixi-genetik və qarşılıqlı təsir) varlığından bəhs edir. Müəllif tarixi-tipoloji və qarşılıqlı mədəni təsirirn ədəbiyyatşünaslıq, tarixi-genetik tipin dilçilik və folklorşünaslıqda doğru olacağını söyləyir.
Müəllifə görə, ədəbiyyatlar arasında tarixi-tipoloji bənzəmə (konverqensiya) oxşarlıqların və fərqliliklərin müəyyənləşdirilməsini tələb edir. Tarixi-tipoloji bənzərlik, araşdırıcıya görə, ideya və psixoloji müstəvidə, motiv, süjet, personaj, vəziyyət, janr və üslub səviyyəsində özünü göstərə bilər.
O, tarixi-tipoloji varislik məsələsinə də toxunaraq göstərir ki, ictimai inkişafın qeyri-bərabər olması sayəsində müxtəlif ölkələrdə ədəbiyyatlar biri-birindən asılı şəkildə inkişaf edir. Bunun əksinə olaraq ədəbiyyatların sinxron nizamlı ardıcıllığını xalqalrın tarixi inkişafının oxşar cəhətləri ilə bağlayır. Burada söhbət intibah, barokko, klassizm, romantizm, realizm və s. ardıcıllığından gedir.
Müəllif göstərir ki, ədəbi axınların, üslubların dəyişməsi cəmiyyətdə baş verən ideoloji dəyişikliklər və ya yeni ideologiyanın bədii ifadəsi ilə bağlıdır. Ədəbi istiqamətin dəyişməsi həm içəridən, həm də kənardan olan təkanla bağlı ola bilər.
Müqayisəli ədəbiyyatşünaslıqda tipoloji kateqoriyalar aşağıdakılardan ibarətdir: ədəbi növlər və janrlar; ədəbi metodlar (gerçəkliyin əksi prinsipləri); dayanıqlı üslublar; pafosun növləri (qəhrəmanlıq, faciəvilik, dramatizm, romantika, sentimentallıq, komizm, yumor, satira və s.)
Ədəbiyyatların yayılması:
Bir xalqın ədəbiyyatı başqa bir xalqın içərsində yayılması üsullarına aşağıdakılar aiddir:
1.Kitab ticarəti.
2.Bir xalqın dilinin başqa xalq içərisində yayılması.
3.Bir xalqın ədəbiyyatının başqa bir xalq içərəsində yayılmasına himayədarlıq edən şəxslər.
4.Səyyahların getdikləri ölkələrdə onlara məlum olan ədəbiyatdan söz açması.
5.Müxtəlif xalqlardan təşkil olunan şəhərlərdə ədəbiyyatların mübadiləsi.
6.Şəxsi və mərkəzi kitabxanalarda saxlanan dünya ədəbiyyatı nümunələri və kitab mağazaları.
7.Başqa ədəbiyyatlara pərəstiş edən ədəbi cəmiyyətlər.
8.Jurnallar, nəşr olunan kitablar, ensiklopediyalar, lüğətlər.
9.Tərcümələr.