FƏSİL 1. KURSUN PREDMETİ. SOSİAL SAHƏLƏR VƏ ONLARIN İNKİŞAFI AMİLLƏRİ
§1. “Sosial sahələrin iqtisadiyyatı” kursunun predmeti, məqsəd və vəzifələri
§2. “Sosial sahələrin iqtisadiyyatı” fənninin funksiyaları və tədqiqat metodları
§3. Sosial infrastruktur və onun iqtisadi əhəmiyyəti
§4. Sosial sahələrin dinamikasını müəyyən edən amillər
§1. “Sosial sahələrin iqtisadiyyatı” kursunun predmeti, məqsəd və vəzifələri
Sosial sfera öz əhəmiyyətinə və əhatə dairəsinə görə cəmiyyətin inkişafında mühüm yerlərdən birini tutur. Sosial sferanın inkişafına nail olmadan, iqtisadiyyatın, ümumi anlamda isə cəmiyyətin davamlı inkişafına nail olmaq mümkün deyil. Belə ki, cəmiyyətin, eləcə də sosial sferanın inkişafı ilə iqtisadiyyatın inkişafı arasında birbaşa asılılıq vardır. Məhz bu asılılıq cəmiyyət üzvləri arasındakı sosial və iqtisadi münasibətləri təcəssüm etdirir. Bu münasibətlərin forması isə sosial sferaya daxil olan sahələrin inkişaf səviyyəsinə uyğun olur. Bu baxımdan sosial sferanın inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, cəmiyyət – iqtisadi, siyasi, hüquqi, mədəni-əxlaqi və s. münasibətlərin tənzimlənməsi funksiyasını həyata keçirən sosial institutların vəhdətdə olan sosial sistemidir. Cəmiyyət və sosial sistem anlayışlarını müəyyən dərəcədə eyniləşdirmək olar. Belə ki, iqtisadi ədəbiyyatlarda sosial sistem insanlar arasında davamlı əlaqə və münasibətlər kimi şərh edilir. İnsanlar bir-biri ilə davamlı əlaqə və münasibətlər qurmaqla öz tələbatlarını ödəməyə çalışırlar. Deməli, sosial sistem insanların maddi və mənəvi tələbatlarını ödəmək üçün davamlılığı, bütövlüyü, özünüinkişafı, mövcud sosial norma və dəyərləri, onların qarşılıqlı fəaliyyətini və bağlılığını təmin edir. Yəni sosial sistemin və ya cəmiyyətin inkişafı insanların birgə fəaliyyəti nəticəsində mümkündür. Beləliklə, sosial sahələrin inkişafı və səmərəli fəaliyyəti cəmiyyətin inkişafını təmin edir. Cəmiyyətin inkişafı isə sosial münasibətlərdən, başqa sözlə, onlara xidmət göstərən sahələrin, yəni sosial sferanın inkişaf səviyyəsindən asılıdır. Sosial münasibətlər – insanların həyatı, yaşayışı və inkişafı ilə bağlı olan münasibətlərin məcmusudur.
Beləliklə, sosial sfera anlayışını təhsil, səhiyyə, mədəniyyət, turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı və s. sahələrin məcmusu kimi başa düşmək olar. Sosial sfera - əhalinin sosial müdafiəsi və əhaliyə göstərilən xidmətdə zəmanətli sosial minimumların işlənilməsi və reallaşmasının kompleks inkişafına xidmət edir. Sosial sfera dedikdə insanın sosial tələbatlarının ödənilməsinə xidmət edən, onun həyatının təkrar istehsalını təmin edən fəaliyyət sahəsi başa düşülür. Onun struktur elementlərinə sosial infrastruktur sahələri, sosial və məişət xidməti sahələri, sosial sferanın idarəetmə orqanları və tənzimləmə mexanizmi, həmçinin, əhalinin istehlak davranışı mexanizmi daxildir.
Cəmiyyətin sosial sferası sosial proses subyektlərinin durmadan təkrar istehsalı zərurətindən doğan obyektiv təlabatın yaratdığı, cəmiyyətə məxsus bütöv və daim dəyişməkdə olan bir altsistemdir. Başqa sözlə, bu, insanın öz həyatını təkrar istehsal edən fəaliyyət sahəsidir, cəmiyyətin sosial funksiyasını həyata keçirən fazasıdır. Burada insanın sosial və vətəndaş hüquqları reallaşır. Onun fəaliyyət göstərməsi obyektiv qanunlarla müəyyənləşdirilir və sosial idarəçiliyin müəyyən prinsiplərinə əsaslanır.
Sosial sfera əşya, prosessual, ideya və insani cəhətli zəruri komponentlər dəstinə malikdir. Bu struktur vahidlərinin qarşılıqlı əlaqəsi, bu sistemə xas olan keyfiyyət xüsusiyyətlərini yaradır.
Beləliklə, sosial sahələrin iqtisadiyyatı fənninin obyektini bu sferanın strukturuna daxil olan bölmələr, fəaliyyət göstərən müəssisə və təşkilatlar, predmetini isə bu sahələrdə baş verən hadisə və proseslər, bu zaman yaranan münasıbətlər təşkil edir.
Sosial sahələrin iqtisadiyyatı elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə, turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı və digər sahələrdə yaranan iqtisadi münasibətlər sistemini tədqiq edir. Bu münasibətlərin səmərəliliyi isə sosial rifahın təmin olunması prosesində əmələ gəlir.
Sosial sferaya daxil olan sahələrin ümumi, oxşar cəhətləri vardır.
Əvvəla, sosial sferaya daxil olan sahələri xarakterizə edən göstəricilərlə həyat səviyyəsini səciyyələndirən əsas göstəricilər eyniyyət təşkil edir.
İkincisi, sosial sferaya daxil olan sahələr əsasən xidmət sahələrini əhatə edir.
Üçüncüsü, sosial sferaya daxil olan sahələr məcmu halda maddi və mənəvi dəyər yaradaraq, insan potensialının inkişafında əhəmiyyətli rol oynayır.
Bunlardan başqa, sosial sferaya daxil olan sahələr ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasının zəruri tərkib hissələri kimi çıxış edir. Sosial sferada meydana çıxan təhlükə birbaşa və dolayısı ilə milli iqtisadiyyata təsir edir. Deməli, milli iqtisadiyyatın təhlükəsizliyi sosial sferanın təhlükəsizliyindən asılıdır. Sözsüz ki, sosial təhlükəsizliyin təmin edilməsi üçün, iqtisadi mühitlə yanaşı, sosial mühit də yaradılmalıdır. Əks təqdirdə iqtisadi inkişafın dayanıqlığı qeyri-mümkün olar və sonda ölkə iqtisadiyyatı ciddi təhlükə ilə qarşılaşa bilər. Burada sosial mühit dedikdə - insanı əhatə edən ictimai, maddi və mənəvi şərait, onun mövcudluğu və fəaliyyətinin məcmusu başa düşülür. Əlbəttə burada sosial mühit dar mənada işlədilir və bilavasitə insan həyatı ilə bağlı olan sahə və qrupların fəaliyyəti, onların inkişafına yaradılan şərait kimi şərh olunur. Unutmaq lazım deyil ki, cəmiyyətdə baş verən bütün hadisələr (təbii hadisələr istisna olmaqla) məhz insanın əməyinin, biliyinin, bacarığının, dünyagörüşünün, mədəniyyətinin və s. nəticəsi olaraq meydana çıxır. Bu bilik, bacarıq, dünyagörüşü isə sosial sferaya daxil olan xidmət (elm, təhsil, mədəniyyət, səhiyyə və s.) sahələrində formalaşır və inkişaf edir.
Dostları ilə paylaş: |