GöZƏLLİK İnsanin daxiLİNDƏDİR



Yüklə 161 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü161 Kb.
#1361
  1   2   3   4

GÖZƏLLİK İNSANIN DAXİLİNDƏDİR

Professor Ağabəy Sultanov plastik əməliyyata marağın artmasının dəblə ayaqlaşmaq istəyindən irəli gəldiyini deyir

Nailə İSMAYILOVA, Güldiyar ƏSƏDOVA



Müasir dünyada plastik əməliyyat əksər insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Əgər bir neçə il əvvəl plastik əməliyyatın köməyi ilə xarici görünüşünü dəyişmək şou-biznes təmsilçilərinə və ya Hollivud ulduzlarına nəsib olurdusa, bu gün belə ənənə dağılmaqdadır. Yəqin sizin tanışlarınız arasında da xarici görünüşünü dəyişən və ya belə dəyişikliyi arzulayan, amma maddi problemlər üzündən hələlik bunu özünə rəva bilməyənlər kifayət qədərdir. Plastik cərrahiyyənin nə qədər inkişaf etdiyini öyrənmək üçün reklam çarxlarını izləmək, həmçinin də yerli və xarici mətbu orqanlarında mövzu ilə bağlı yazılmış məqalələri oxumaq kifayətdir. Xarici görünüşündə yaxşılığa doğru dəyişiklik etmək istəyənlərə nələr vəd edilmir - əyri burnu düzəltmək, dodaqları böyütmək və ya kiçiltmək, eybəcər qulaqları kiçiltmək, qırışları yox etmək, piy qatlarından xilas olmaq və s.
Bu yazıda biz belə əməliyyatların yarada biləcəyi fəsadlardan danışacağıq. Təəssüf ki, çox nadir hallarda cərrahlar əməliyyat öncəsi bu barədə xəstəni məlumatlandırırlar. Plastik cərrahiyyəyə razılaşanların əksəriyyəti bilmir ki, məhz bu əməliyyat onlarda psixi pozuntulara gətirib çıxara bilər. Müğənni və ya aktrisaların belə riskə getməklərini müəyyən mənada anlamaq olar. Ən azı ona görə ki, onların çörəyi məhz xarici görünüşün seyrçi tərəfindən qəbul olunmasından çıxır. Bəs, sıravi insanları plastik əməliyyatlara sövq edən nədir?
Kimsənin qəlbinə dəymək istəmədən qeyd edək ki, yeni burun və qulaqlar çox zaman uğurlu olmur. Hətta bir çoxları əməliyyatdan sonra alınan nəticədən razı qalmırlar. Günümüz üçün aktual olan məsələni şərh etmək üçün respublikanın baş psixiatrı Ağabəy Sultanova müraciət etdik.
Onun sözlərinə görə, son illər klinikaya müraciət edənlər arasında plastik əməliyyat keçirənlər çoxluq təşkil edirlər. Onlar nevroloji və psixoloji vəziyyətdə klinikaya yerləşdirilirlər. Professor deyir ki, əvvəllər qadınlar xarici görünüşlərində dəyişiklik etmək barədə düşünməyiblər. O hesab edir ki, bu gün çoxları xarici görünüşlərində dəyişiklik etməyi müasir dəbin tələblərindən sayır: "Lakin təbiət həddindən artıq rəngarəngdir və onun ən önəmli çalarları insanda öz əksini tapıb. İnsan orqanizminə cərrahiyyə yolu ilə edilən əlavələr çox zaman faciə ilə nəticələnir".
Müsahibimiz əlavə etdi ki, təbiət insanları müsbət və mənfi keyfiyyətləri də daxil olmaqla fərdi yaradır: "Ola bilsin ki, kiminsə burnu əyri və ya dikdir. Lakin biz bu sifətlərə öyrəşir və onları olduğu kimi sevirik. Cərrahi müdaxilə bizə doğma olan simanın dəyişməsi ilə nəticələnir. Digər tərəfdən hər bir orqan bu və ya digər genetik funksiyanın daşıyıcısıdır". Amerika təcrübəsindən nümunə gətirən professor qeyd edir ki, burada it burnunu düzəltmək üçün elmi tədqiqat institutu açmaq qərarına gəlir və bu məqsədlə amerikalı mətəxəssislər böyük məbləğdə vəsait sərf etməli olurlar. Lakin sonda heç bir nəticəyə nail ola bilmirlər.
Bu məqamda Ağabəy Sultanov Pavlovun bir kəlamını xatırladır: "Təbiəti aldatmaq olmaz". Professor deyir ki, təbiət üzərində aparılan bütün eksperimentlərin cəzasını təbiət özü verir. Təbiətdə baş verən kataklizmlər təbiət qanunlarına qarşı çıxan insanın cəzalandırılmasına işarədir. Professor bəzi hallarda, xüsusən də qəza nəticəsində yanmış bədənin, eybəcərləşmiş sifətin bərpası üçün plastik cərrahiyyənin qaçılmaz olduğunu deyir: "Amma 40-50 il problemsiz yaşayan insanın birdən-birə xarici görünüşündə dəyişiklik etmək fikrinə düşməsi bəzən onun psixikasındakı çatışmazlıqdan xəbər verir. Özünüz fikirləşin, bu illər ərzində burnu və ya qulağı ona mane olmayıb. Amma bu gün dəyişmək istəyir. Ən qəribəsi də ondadır ki, belə fikrə düşən qadınların əksəriyyəti artıq nənədir. Plastik əməliyyat edən tanınmış cərrahların birindən soruşurlar ki, niyə müasir qadınlar plastik cərrahiyyənin müdaxiləsini vacib bilirlər? O cavabında deyir ki, müasir qadınlar əksər hallarda bu addımı yaxın rəfiqələrinə özünün gözəl və cəlbedici olduğunu nümayiş etdirmək üçün atırlar, - deyir".
A.Sultanov təəssüf etdi ki, bu rəqabət yalnız rəfiqələrin yanında öyünmək üçündür. Həyat yoldaşı və sevimli insanlar bu məqamda ikinci plana keçirlər: "Onlar bu qadını olduğu kimi sevirlər. Həyat yoldaşı üçün qadının burnunun əyri və ya uzun olmasının heç bir əhəmiyyəti yoxdur. Lakin bu hal qadının rəfiqələrinin xoşuna gəlmədikdə bu, ciddi problemə çevrilir".
A.Sultanova görə, burunun və ya bədənin digər hissəsindəki qüsurları aradan qaldırmaqla siz öz daxili narahatlığınızı, eyni zamanda, partnyorunuzla yaşanan problemi aradan qaldıra bilməzsiniz. Bir çox qadınlar yanlış olaraq düşünürlər ki, belə qüsurları aradan qaldırmaqla onlar daha da sevimli olurlar. Amma nikahda gözəllik vacibdirmi? "Nadir hal deyil ki, həddindən artıq gözəl qadın öz xoşbəxtliyini tapa bilmir, amma onunla müqayisəyə belə gəlməyən başqa birisi xoşbəxt və sevimli qadındır. Həyatda belə faktlar istənilən qədərdir".
Professor bildirdi ki, bu günlərdə burnunda cərrahiyyə əməliyyatı keçirmiş qadınlardan biri rəhbərlik etdiyi klinikaya müraciət edib. "Bir müddət əvvəl əməliyyat nəticəsində onun burnunu çoxdan arzuladığı formaya salıblar. Lakin vaxt keçdikdən sonra o, yeni burnunu bəyənməyib və qərara alıb ki, burnunun əvvəlki formasını qaytarsın. Lakin əməliyyat edən cərrah deyib ki, burunun əvvəlki formasını xatırlamır və növbəti əməliyyatı etməkdən imtina edib. Bunu görən qadın burnunun əvvəlki formasını qaytarmaq ümidilə İsrailə yola düşüb. Nə qədər də təəccüblü olsa da, israilli həkim əməliyyatın uğurla aparıldığını və yenisinə ehtiyac olmadığını deyib. Lakin qadın inadla köhnə şəkillərini göstərərək burnunun əvvəlki formaya qaytarılmasını tələb edib. İsrailli həkim azərbaycanlı həmkarının işinə düzəliş etmək istəməyib. Geri qayıdan qadın normal qidalanmaqdan və yatmaqdan imtina edib. Ailəsini atıb. Beləliklə, öz ağrılı dünyası ilə baş-başa qalıb. Tibbi ədəbiyyatda buna dismorfofobiya - yəni dəyişməkdən qorxma deyillər". A.Sultanov əlavə etdi ki, hazırda həmin qadın Moskvadadır və ümid edir ki, burada həkimlər burnunun əvvəlki formasına qayıtmaqda ona kömək edəcəklər.
Müsahibimizin sözlərinə görə, insanların yetkin yaşlarında plastik əməliyyata razılaşması psixoloji dəyişikliklərə rəvac verir. Professor hesab edir ki, normal qadınlar belə "fədakarlığ"a getməzlər. Çünki belə əməliyyatların əksəriyyəti əks təsirlə - qanaxmalar, göyərmələrlə müşahidə olunur. Bəzi hallarda isə burun öz funksiyasını itirir. Ümumiyyətlə, A.Sultanov məhz bu orqanda aparılan əməliyyatları təhlükəli hesab edir. Onun sözlərinə görə, bununla da onlar həyatın dadını itirmiş olurlar.
Müsahibimizin sözlərinə görə, izafi piydən yaxa qurtarmaq və ya sifətini gəncləşdirmək həvəsinə düşən qadınlar bu əməliyyatın digər orqanlara necə mənfi təsir göstərdiyinin fərqinə varmırlar. Ən pisi də odur ki, belə əməliyyatlardan sonra, demək olar, heç kim nəticədən razı qalmır: "Azərbaycan şou-biznesinin bəzi nümayəndələri isə sifətlərini o qədər dartdırıblar ki, gülməyə belə icazə verilmir. Bəziləri isə özünü Viktor Hüqonun "Gülən adam" əsərinin qəhrəmanına bənzədib - gözlər bağlanmır, dodaqlar gülmür, dişlər isə həmişə görünür. Bir sözlə, üz-gözündən zəhrimar tökülür". Söhbət əsnasında A.Sultanov dedi ki, tanışlarından biri plastik əməliyyatdan sonra arıqlamağa başlayıb. Müsahibimiz bunu belə izah edir: "Çünki qidalandığı hər bir şey ona ot dadını xatırladır. Yəni o, təamların dadını hiss etmir".
Dahi Freyd deyirdi ki, insanlara hissetmə orqanları ona görə verilib ki, özlərinə etibar edilə biləcək lider seçə bilsinlər. Professor plastik əməliyyat ətrafındakı bugünkü ajiotajı dəblə uyğunlaşmaq istəyi ilə izah edir. Yetkin yaşlarında xarici görünüşündə dəyişiklik etmək istəyənlərə isə A.Sultanov bu qərarı verməzdən əvvəl psixoloqa müraciət etməyi məsləhət görür və təcrübəsindən nümunə gətirir.
Moskva Psixiatriya İnstitutunda çalışarkən burnunun uzun olmasından şikayət edən bir qadın A.Sultanovun qəbuluna gəlir. Qeyd edək ki, həmin qadının psixoloqa baş çəkməsini Moskva Gözəllik İnstitutunun mütəxəssisləri məsləhət görmüşdülər. Qadın deyir ki, burnun kölgəsi kitab oxuyarkən ona mane olur və bu səbəbdən də onun yaxından görməsində problemlər yaranıb. Professor onu əməliyyata girməkdən daşındırmaq istəyərkən o, "siz hesab edirsiniz ki, mən dəliyəm", - deyib. Əsəbiləşən qadın qapını çırpıb gedir. Sonradan isə təkidlə burnunu əməliyyat etdirir. Bir müddətdən sonra yenidən A.Sultanovun qəbul otağına gələn xəstəni professor çətinliklə tanıyır. Təəccüb ifadəsi həmişəlik bu xanımın üzündə həkk olunub. A.Sultanov deyir ki, söhbətə başlayan qadın narazılıq ifadə edir və deyir ki, əməliyyat kitab oxuyarkən qarşıya çıxan problemi çözməkdə ona kömək etməyib. Xanım burnunu çəkərək şikayət etdi ki, o, indi həmişə soyuqlayır. Belə ki, kitab oxuyan zaman vərəqləri çevirəndə onun burnunun altında külək gəzir və qısa burun onu artıq xilas etmir. Xəstəni dinləyən professor anlayır ki, onun psixikasında ciddi dəyişikliklər baş verib.
Söhbət zamanı müsahibimiz silikonun köməyi ilə bədənin müxtəlif yerlərində, o cümlədən də döşlərə edilən korreksiyalara toxundu. Dediyinə görə, həkimlər çox nadir hallarda xəstələri xəbərdarlıq edirlər ki, bu əməliyyatın gələcək fəsadları sonadək öyrənilməyib. Onun sözlərinə görə, insan orqanizminə yeridilən bu maddələr gələcəkdə onkoloji xəstələliklərin əsasını qoya bilər: "Bizə adətən yenicə əməliyyatdan çıxmış insanı göstərirlər. Amma beş ildən sonra onun orqanizmində nələrin dəyişəcəyini söyləmək çətindir". Elə buna görə də A.Sultanov plastik əməliyyata girməzdən əvvəl onun müsbət və mənfi tərəflərinin sonadək öyrənilməsini tövsiyə edir. O bu əməliyyatın sizin şüurunuzda dərin iz buraxacağını da istisna etmir: "Əgər siz müstəqil olaraq qərar verməkdə çətinlik çəkirsinizsə, onda peşəkarlara müraciət edin. Bir qədər çeynənmiş fikir olsa da, bundan sonra siz gözəlliyin insanın daxilində olmasına əmin olacaqsınız".







Yüklə 161 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin